YAMAQ
(Hekayə)
(Əvvəli ötən
sayımızda)
Hələ
ki, özümlə mübarizə aparmaqda acizəm. Yəqin
ki, tezliklə keçib gedəcək...
-Mən
təklif edirəm ki, gəl bu şəkilləri və
vazanı buradan götürək. Yəqin ki, sonra Yasəmən
yavaş-yavaş sənin yadından çıxar.
-Sən
nə danışırsan? İstəyirsən ki, mənim elə
birdən-birə ürəyim partlasın? Bunu eləmək olmaz.
-Axı
belə də olmaz. Biz təzə ailə qurmuşuq. Mən də
səndən diqqət, qayğı, sevgi görmək istəyirəm.
Biz harasa yeməkxanaya, gəzməyə gedəndə sən
başqa adam olursan. Evə girən kimi, elə bil səni kimsə
dəyişdirir. Qaradinməz
olursan və ən azı iki saat stulda oturub, harasa uzaqlara
baxırsan. Bu da məni çox yorur. Artıq hər ikimiz
yetkin yaşındayıq. Ömrümüzün sonuna elə
də çox qalmayıb. Bəlkə elə mən də
sabah-biri gün həyata əlvida dedim. Sonra nə olacaq?
-İnanmıram
ki, Allah məni ikinci dəfə yarıyolda qoysun.
-Bunu
Allah yox, sən özün-özünü ikinci dəfə
yarı yolda qoymaq istəyirsən... Deyəsən buna da
çatacaqsan,-deyə Fəramuş doluxsunub ondan
uzaqlaşmışdı. Hətta onunla bir neçə gün
də danışmamışdı.
Artıq
altı ay idi ki, Məmmədəli ilə Fəramuş
xanım evli idilər. Amma qeydiyyata getməmişdilər.
Qohumlar isə onların artıq qanuni ər-arvad
olduqlarını fikirləşirdilər.
Bu
gün Fəramuş xanımın ad günü idi. Əlli beş yaşı
tamam olurdu. Ömrün qoşa beşinə qədəm
qoymuşdu Fəramuş xanım. Onlar bu ad gününü
restoranda keçirirdilər. Bura Fəramuş xanımın
iş yoldaşları, rəfiqələri, Məmmədəlinin
də dostları gəlmişdi. Ad günü çox
yaxşı keçdi. Fəramuş xanımın iş
yoldaşları və rəfiqələri belə bir yaraşıqlı,
ağıllı, savadlı kişi ilə ailə qurduğuna
görə ürəklərində onu qısqandılar
da. Ad günün bütün xərcini
Məmmədəli özü çəkmişdi.
Çünki yaxşı
memar-rəssam olduğuna görə tez-tez tikinti təşkilatlarından
ona müraciət edirdilər. Gördüyü işin
müqabilində ona yaxşı pul verirdilər. Ad
günü şənliyi düz dörd saat çəkdi.
Onlar çox şən evə gəldilər. Fəramuş
xanım 150 qram konyak
içmişdi. O, içki içən deyildi. Bu konyak ona təsir
eləmişdi. Bir az sərxoş görünürdü. Həkimlər
icazə verməsələr də Məmmədəli də
200 qram araq içmişdi. Fəramuş xanım vanna
otağına gedib, yuyunandan sonra Məmmədəlini yataq
otağına aparmaq istədi. Amma Məmmədəli evə
girəndə Yasəmənlə evliliklərinin 40 illiyi
yubileylərini qeyd edəndən sonra
evə gəlmələri yadına düşdü.
Onlar da bax, beləcə evə xoş əhval ruhiyyə ilə
gəlmişdilər. Məmmədəli birdən-birə
kövrəldi. Ümumiyyətlə
o, spirtli içkiyə alüdə deyildi. İçki içəndə
isə həyatının
ağır illəri yadına düşürdü və həmişə kövrəlirdi.
O, heç paltarını da
soyunmayıb, stulda oturdu. Fəravuş onu dəfələrlə
yataq otağına dəvət eləsə də Məmmədəli stuldan durmağa tələsmirdi. Bu
da elə bil ki, Fəramuşun bir qadın kimi heysiyyatına təsir
elədi və yerindən durub Məmmədəliyə
yaxınlaşdı.
-Bu nə
oyundu çıxarırsan,- deyə sərt nəzərlə
ona baxdı.
-Nə
oyun çıxarıram?
-Belə
çıxır ki, mən bu evdə yoxam.
-Niyə
ki...
-Bəs
onda niyə yataq otağına gəlmirsən?
-Heç
nəyə həvəsim yoxdur...
-Evi qəbiristanlığa
çevirməyin bəs deyil, hələ deyirsən ki,
heç nəyə həvəsim yoxdur? Yekə kişisən,
özünü baxça uşağı kimi aparırsan. Sənin
ağlın yerindədi? Gərək mən bu vazanı, şəkilləri
sındırım ki, sonra sən sakitləşəsən?
-Nə
dedin?
-Nə
eşitdin onu da dedim. Sən hələ məni
yaxşı tanımırsan.
Bu
sözlərdən sonra elə bil ki, birdən-birə Fəramuşun
beyni çöndü və əli ilə vazanı möhkəm
vurub yerə saldı. Vaza çilik-çilik oldu. Məmmədəlini birdən-birə elə bil ki, cərəyan
vurdu. Fəramuş xanımın isə əsəbiliyi dəlilik
həddinə çatdı.
-Bunu gözləyirdin?! Saqqallı uşaq. Sənin
yataqda elə bir kişiliyin də
yoxdur. Yasəmən sənin nəyini sevirmiş. İmpotent...
O, əsəbi
paltarlarını geyindi. Evindən gətirdiyi
paltarlarını və bu gün ona ad günündə verilən hədiyyələri əsəbi
çemodana yığıb Məmmədəlinin evinin açarını
qapının ağzındakı ayaqqabıları
yığan yerə atdı.
-Buyur, bu
sənin evinin açarı, bu sən, bu də sənin sevimli
arvadın Yasəmən,-deyə söyə-söyə mənzildən
çıxdı. Pilləkənlərdən onu səsi
eşidilirdi. Arvad sevən olub mənimçün.
Tüpürüm sənin kimi
kişiyə. Cındır oğlu, cındır.
Fəramuş
əsəbləşəndə, hirsini cilovlaya bilmirdi. Ərindən
ayrılandan sonra da o, əsəbləşmişdi. Gedib
üç aylıq uşağı da
götürtmüşdü. O, bundan sonra bir neçə
kişi ilə yaşasa da daha
uşağı olmamışdı.
Məmmədəli
eli bil ki, oturduğu stula mıxlanmışdı. Bir anda nə
baş verdiyini yadına salmaq istəyirdi, amma bacarmadı. Birdən-birə
onu soyuq tər basdı. Kürəyindən, sol tərəfdən bir yanğı
hiss elədi. Başa düşdü ki, ürəyində
problem yaranıb. Cabir həkim ona tapşırmışdı
ki, belə bir şey hiss eləsən əvvəlcə dilini
altına bir müalicəvi dərman qoy və yerinə uzan.
O, cibindən dərmanı çıxarıb, dilinin
altına qoydu. Amma kürəyinin ağrısı
azalmadı. Tez digər dərmanı çıxardıb,
dilinin altına qoydu. Ağrı yenə də keçmədi.
Ayağa durub yataq otağına keçmək istədi.
Bacarmadı. Hiss elədi ki, yerə yıxılacaq və yenidən
tez stulda oturdu. Sonra tez telefonla Təcili Yardıma zəng vurdu
və infarkt keçirdiyini bildirdi. Həm də dedi ki,
qapı açıqdır. Məmmədəlinin bəxtindən
Təcili Yardım maşını tez gəldi. Amma həmin
vaxt Məmmədəli çox halsız vəziyyətdə
idi. Hiss edirdi ki, huşunu itirir. Evə girən həkimlər
onu stulun üstündə çox pis vəziyyətdə
gördülər. Köməkləşib onu yatağa
uzatdılar. Cəld nəbzini yoxladılar. Təzyiqi çox
yüksək idi. İynə vurub təzyiqini aşağı
saldılar. Yenidən həkim ona dərman verdi və ürəyinin
kardioqramını çıxardı. Arxa divarda həqiqətən
böyük problem görünürdü. Bu vəziyyətdə
onu evdə saxlamaq olmazdı. Məmmədəlinin
xahişi ilə qapını bağladılar və onu xərəyə
uzandırıb, çətinliklə də olsa beş mərtəbəli
binanın ikinci mərtəbəsindən
düşürüb, təcili
xəstəxanaya, kardiologiya şöbəsinə gətirdilər. Həmin gün
kardiologiya şöbəsində növbətçi Pirayə
həkim idi. O, ən yaxşı ürək həkimi
sayılırdı. Pirayə həkim Məmmədəlinin
yenidən ürəyinin kardioqramını
çıxartdı. Onun vəziyyəti həqiqətən də
pis idi.
-Ananız
namaz üstə imiş.Yaxşı ki, sizi vaxtında bura
çatdırıblar. Siqaret çəkirsiniz?
-Əvvəllər
çəkməmişəm. Amma həyat yoldaşım iki
il bundan qabaq vəfat eləyib, sonra siqaret çəkməyə
başlamışam.
-Siqaret
çəkmək həyat yoldaşınızı yenidən
sizə qaytarıb?
-Xeyr.
-Amma həmin
siqaret sizi bura, kardioloji şöbəyə gətirib. Hiss
olunur ki, siz həm də çox əsəb keçiribsiniz.
-Elədi.
Keçirmişəm.
-Nədən
belə əsəb keçiribsiniz?
-Heç.
Boş şeydi.
O, həkimə
heç nə demək istəmədi. Pirayə həkim onu təcili
reanimasiya şöbəsinə yerləşdirdi və tibb
bacılarına dərman siyahısı yazdı ki, bunları
təcili ona vurmaq lazımdır.
-Doktor
bilirəm ki, sizdə dərman olmur. Xahiş edirəm kimisə
göndərin alıb gətirsin. Buyurun, bu da pul,-deyə o,
cibindən beş yüz manat pul çıxarıb Pirayə
həkimə vermək istədi. Bu pullar Fəramuşun ad
gününə verdiyi pullardan qalmışdı.
-Deyəsən
hazırlıqlı gəlmisiniz,-deyə Pirayə həkim
gülümsündü. Siz ürəyinizin müalicəsi ilə
gərək bir il bundan qabaq çox ciddi məşğul
olaydınız.
-Mənim
ürəyimi kardioloq Cabir Məcidli müəlicə eləyirdi.
-Cabir həkim
çox yaxşı kardioloqdu. Yəqin onun dediklərinə
lazım olan kimi qulaq asmayıbsız.
-Bəli.
Qulaq ardına vurmuşam. Onun dediyi dərmanların
çoxunu qəbul etməmişəm. Amma sizdən xahiş
edirəm, mənə köməklik eləyin. Mən hələ
yaşamaq istəyirəm...
-Bizim millət
belədi də. Ölüm
ayağında gəlir ki, mənə köməklik eləyin,-
deyə Pirayə həkim onun üzünə
gülümsündü. Arxayın olun, əlimizdən gələni
edəcəyik. --Xatirə qızım, bu pulları
götürün, çatışmayan nə dərmanlar
varsa alıb gətizdirin.
-Oldu,
Pirayə həkim,-deyə tibb bacısı pulları
götürdü.
Həmin gecə
Məmmədəlinin vəziyyəti bir neçə dəfə
pis oldu. Amma Pirayə həkim onu bu kritik vəziyyətlərdən
çıxartdı. Məmmədəli səhərə
yaxın yuxuya getdi. Amma Pirayə həkim səhərə kimi
gözlərini yummadı. Səhəri günü Pirayə həkim
Məmmədəlinin telefonu ilə bacısı Mətanətə
zəng vurdu. Elə həmin gün bacısı Mətanət
rayondan gəldi. O, yol boyu Fəramuş xanıma bir neçə
dəfə zəng vursa da o,
telefonu götürmədi. Mətanət xəstəxanaya
gəldi. Qardaşı ilə reanimasiya otağında
görüşdü. Amma onlara danışmağa icazə
vermədilər. Axşam Pirayə həkim gəldi. Mətanətdən
Məmmədəlinin həyat
yoldaşının iki il bundan qabaq dünyasını dəyişdiyini
və onun yenidən altı ay
bundan qabaq ikinci dəfə evləndiyini
öyrəndi.
-Bəs
ikinci həyat yoldaşı hardadır,-deyə Pirayə
soruşdu.
-Bilmirəm.
Ona bütün günü bir neçə dəfə zəng
vurmuşam, amma telefonumu açmayıb. Votsapına səs
göndərmişəm ki, Məmmədəli xəstənanadadır.
Səsə qulaq asıb, amma cavab verməyib. Sabah evinə
gedib, öyrənim görüm nə olub.
-Getmək
lazım deyil. Əgər telefonda yazdığınızı
oxuyub və heç bir cavab
yazmayıbsa onda aralarında nə isə olub. Qoy Məmmədəli
müəllim özünə gəlsin, ondan soruşarıq.
Mətanət
onunla razılaşdı.
Fəramuş
xanım evinə gələndən sonra səhərə qədər
əsəb gərginliyi keçirmişdi. Mətanətin səs yazısından Məmmədəlinin xəstəxananın
kardioloji şöbəsinə düşdüyünü eşidəndə bir qədər
peşman olsa da, amma özünə haqq
qazandırırdı. Bir gündən sonra isə
özünü toparlayıb, xəstəxanaya gəldi. Mətanət
yemək bişirmək üçün Məmmədəligilə
getmişidi. O, reanimasiya şöbəsinə
yaxınlaşıb, Məmmədəlinin burada olduğunu
öyrəndi. Tibb bacısına dedi ki, onun gəldiyini Məmmədəliyə
desinlər. Fikirləşdi ki, Məmmədəli elədiyi səhvdən
peşimançılıq keçirib və bura
düşüb. İndi Fəramuşdan üzr istəyəcək.
Amma tibb bacısı gəlib belə dedi:
- Məmmədəli
müəllim deyir ki, o qadın burdan elə getsin ki, bir də
buralara gəlməsin.
Məmmədəlinin
bu sözləri elə bil ki, ildırım kimi Fəramuşun
başına çaxdı. O, xəstəxanadan
çıxdı və fikirləşdi ki, onunla nikaha getməməkdə
düz hərəkət eləyib. Amma özünü bir
şeyə görə söydü və heyifsiləndi ki, ailə
qurandan sonra onun ətrafında olan kişilər ondan
uzaqlaşıb. Gərək o,
Məmmədəli ilə ailə qurmayaydı və beləcə
kefini çəkməli idi.
... Məmmədəlini
on gündən sonra reanimasiya otağından
çıxarıb, ona ayrıca bir təkadamlıq otaq verdilər.
Pirayə xanım hər axşam növbədə olurdu və
demək olar ki, bütün boş vaxtlarında Məmmədəlinin
yanına gəlirdi. Artıq Məmmədəlinin geniş
infarkt olmaq qorxusu keçib getmişdi. Amma Pirayə həkim
fikirləşirdi ki, kiçik infarkt
yenidən geniş infarkta çevrilə bilər. Ona
görə də Məmmədəliyə siqaret çəkməyə
qəti icazə verilmirdi və tibb bacılarının da ona
nəzarəti böyük idi. Onun uşaqları da
atalarının xəstəxanaya düşdüyünü
bilib gəlmişdilər. Məmmədəli
Fəramuşla olan hadisəni həm həkimə və həm
də bacısına demişdi. Oğlu Arif Almaniyadan həmin
Çex vazasından alıb gətirmişdi. Üstünə
də əvvəlki şəkillərdən vurdurmuşdu.
Vazanı gətirib xəstəxanada atasına göstərmişdi.
Məmmədəli yeni vazanı görəndə
hönkür-hönkür ağlamışdı və həm
də ürəyi sakitləşmişdi ki, həmin vazanın sınmasına o, davam gətirə bilməzdi.
Oğlundan xahiş eləmişdi ki, vazanı elə burada
onun yatdığı otaqda qoysun. Xəstəxanadan
çıxandan sonra evə apararlar. Çünki
bütün günü boş olan vaxtı o, vazada olan Yasəmənin
şəkli ilə danışırdı. Bu vaza Pirayə
xanımın da xoşuna gəlmişdi və Məmmədəliyə
hörməti bir az da artmışdı. Pirayə həkimin həyat yoldaşı üç
il idi ki, dünyasını dəyişmişdi. O da həyat
yoldaşı ilə çox mehriban
yaşamışdılar. Onun həyat yoldaşı cərrah
idi və onunla bu xəstəxanada işləyirdilər. Elə
burada da tanış olub, ailə
həyatı qurmuşdular. Onların qızı və
oğlu da hər ikisi həkim idi və elə bu xəstəxanada
işləyirdilər. Pirayənin vaza məsələsini
onların yanında danışması uşaqlarında maraq
yaratmışdı və gəlib Məmmədəli ilə
tanış olmuşdular. Həm də Məmmədəlinin onların anaları Pirayə həkimin
rəsm əsərini yüksək peşəkarlıqla işləməsi də onlarda bu
insan haqqında xoş təəssürat
yaratmışdı. Məmmədəlinin
uşaqlarının da Pirayə həkimə böyük məhəbbəti
yaranmışdı.
Məmmədəli
qırx gün xəstəxanada yatandan sonra oradan
çıxdı. Amma bu müddətdə Pirayə həkimlə
onların bir doğmalığı yaranmışdı.
Artıq hər şey haqqında söhbət eləyirdilər.
Və elə bil ki, onlar bir-birini görməyəndə
darıxırdılar. Pirayənin oğlu Arif çox baməzə
oğlan idi. Hərdən anasına sataşıb deyirdi:
-Məmmədəli
müəllimlə siz bir-birinizə çox
yaraşırsınız.
-Qələt
eləmə. Mənim həyatımda dədənizi əvəz
eləyə biləcək kişi heç vaxt olmaz,-deyə
Pirayənin bu sözlər ürəyincə olsa da oğluna
bozarırdı.
Məmmədəli
xəstəxanada olduğu axırıncı gecə Pirayə
həkimə demişdi:
-Doktor, mən
elə bilirəm ki, biz bundan sonra sizinlə dost
olacağıq. Çünki siz məni yenidən həyata
qaytarıbsız. Bundan sonrakı ömrümü siz mənə
bağışlayıbsız.
-Elə
deməyin. Ömrü verən Allahdır. Biz sadəcə
olaraq onun yerdəki elçiləriyik.
Bacardığımızı eləyirik. Xəstələrin
şəfa tapması bizim mükafatımızdır.
-Amma
bundan sonra bilin ki, siz mənim xilaskarımsınız. Əgər
icazə versəniz, tez-tez gəlib sizi burada görmək istəyirəm.
-Çox
şad olaram.
-Sabah yox, biri gün mənim ad
günümdür. Altmış altı yaşım tamam olur.
-A... Nə
yaxşı. Sizi əvvəlcədən təbrik edirəm.
-Mən
çox istəyirəm ki, siz də həmin ad günümdə
iştirak edəsiniz. Elə ikimiz olacağıq.
-Bəs
bacılarınız gəlməyəcək?
-Xeyr.
Heç xəstəxanadan çıxmağımı da
onlara deməmişəm. Rayonda qayğıları
çoxdur.
-Əgər
dəvət edirsinizsə gələrəm,-deyə Pirayə
həkim ona baxıb gülümsündü.
Məmmədəli
ayağa durub onun alnından öpdü.
-Təklifimi
qəbul elədiyinizə görə çox sağ olun.
İki
gündən sonra Məmmədəli yeməkxanadan lazım
olan bütün şeyləri alıb evə gətirdi. O, istəyirdi
ki, ad gününü elə evdə qeyd etsinlər. Pirayə
həkim gəldi. Qapının yanında gözləri divarda
asılmış şəkillərə, yazıya və vazaya sataşdı. Çox
maraqla onlara baxdı. Və sonra Məmmədəli müəllimə
baxıb
gülümsündü.
-Çox
sağ olun, Məmmədəli müəllim. Siz indi mənim
gözümdə bir az da böyüdünüz. Siz əsl
kişisiz. İcazə verin sizi
öpüm.
-Çox
şad olaram,-deyə Məmmədəli üzünü ona
yaxınlaşdırdı.
Pirayə
həkim onun üzündən öpdü. Məmmədəli
də özünü saxlaya
bilməyib onun çöhrəsindən öpdü. O, Pirayə
həkimə ayaqqabılarını, pencəyini soyunmağa
köməklik elədi. Onlar otağa keçəndə Pirayə
stolun üstündə yeməklərin
düzüldüyünü
görüb dedi:
-Siz
artıq hər şeyi tam hazırlayıbsınız ki. Bəs
mənə nə qalır?
-Sizə
də mənimlə qarşı-qarşıya əyləşib
çörək yemək və söhbət etmək
qalır.
Onlar hər
ikisi gülümsündü və süfrə arxasına
keçdilər. Çörək yedilər. Çox söhbət
etdilər. Bu söhbətləri o qədər maraqlı oldu
ki, elə bil bir-birini yarı sözdən başa
düşürdülər. Arada bir-iki dəfə Məmmədəli
Pirayə xanımı qucaqlayıb öpdü və o da
gülümsünərək heç nə demədi.
... Həmin
axşam Pirayə həkim gecə
növbəsinə getmədi. Öz yerinə başqa həkimdən
xahiş elədi ki, növbəyə getsin. O, həmin gecə
Məmmədəlinin qolları arasında şirin yuxuya getdi.
Ərinin ölümündən
üç il keçəndən sonra ilk dəfə idi
ki, o, kişi ilə təmasda olurdu və bundan çox məmnun
idi. Fikirləşirdi ki, bu da yəqin xəstələrin duası ilə
Allahın ona göndərdiyi
qismətidi...
Pirayə
səhər yuxudan duranda Məmmədəlini evdə görmədi. O, kağız
yazıb qoymuşdu ki, mağazaya gedib, indi gələcək.
Elə bu vaxt Məmmədəli gəldi. Onun əlində bir
dəstə qızıl gül, bir sünü qızıl
gül və Pirayənin çəkdiyi rəsm əsərinin çərçivəyə
salınmış surəti
vardı. O, bu şəkili
xəstəxanada olanda telefonuna çəkmişdi və
indi gedib fotoatelyedə surətini çıxarıb, çərçivəyə
saldırmışdı.
-Bu
güllər sənindir, yavrum. Bu süni gül vazada olan
güllərin içində olacaq və bu çərçivədəki
şəkil də orada, şəkillərin arasında yuxarıdan asılacaq.
Bu
sözləri eşidən Pirayə onu qucaqlayıb
öpdü.
-Çox
sağ ol, əzizim. Bundan sonra bil ki, sən etibarlı əldəsən.
Çalışacam əlimdən
gələni eləyim ki, ürəyin bundan sonra sənə vəfasızlıq
eləməsin. Uzun illər sağlam döyünsün. Sən
xeyirxah insansan. İnanmıram ki, böyük, geniş ürəyin
indən belə sənə dönük çıxsın.
Məmmədəli səliqə ilə divara mismar vurub
şəkli asdı. Süni gülü də qırx
gülün ortasına qoydu. Bu gül o biri güllərdən
bir az böyük görünsə də amma yamaq təsiri
bağışlamırdı. Əslində güllərin
çələngi kimi görünürdü. Pirayənin
portreti də elə bil əvvəlcədən bura üçün
düşünülübmüş. Bunları görən
Pirayə çox sevindi və başını Məmmmədəlinin geniş sinəsinə
qoydu. Onun belə vəziyyəti qartalın balasının
özünü qoruması üçün qoynuna
qısılmasını xatırladırdı... Və o, Məmmədəliyə
böyük sevgi ilə baxırdı. Bu baxış və ala gözlər Məmmədəliyə
Yasəməni xatırladırdı...
AĞALAR
İDRİSOĞLU
Azad Azərbaycan.- 2022.- 24 noyabr.-
S.7.