Unudulmaz teatr
təşkilatçısı, sənət
fədaisi
Əlli ildən çoxdur ki, ədəbiyyat, incəsənət sahəsində çalışan, tanınmış yazıçı, rejissor, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İDRİSOĞLU “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar və teatr direktorları” adlı kitab üzərində işləyir. İnanırıq ki, bu kitab müəllif tərəfindən Milli Teatrımızın 150 illiyinə çox maraqlı və layiqli bir töhfə olacaq. Bu sayımızdan başlayaraq həmin kitabdan maraqlı yazıları çoxminli oxucularımızın ixtiyarına veririk.
1973-cü ildən fəaliyyət göstərən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının keçdiyi yol, bütöv bir sənətkar nəslinin yetişdiyi böyük tarix, sənət salnaməsi deməkdir. Lənkəran Dövlət Dram Teatrının yaradıcısı, 1973-1981-ci illərdə bu sənət ocağına rəhbərlik etmiş Məbud İbrahim oğlu İsmayılzadənin həmin salnamədə xüsusi yeri və böyük xidmətləri var.
Tanınmış mədəniyyət işçisi, istedadlı teatr rejissoru, böyük teatr təşkilatçısı, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə 1924-cü ilin mart yaının 24-də Zərdab rayonunda dünyaya gəlib. Çox çətin, ağır, məşəqqətli uşaqlıq illəri olub. Teatr sənətinə, ədəbiyyata həvəs onda çox erkən yaşlarında formalaşıb. Bütün mənalı ömrünü Azərbaycan incəsənətinə, mədəniyyətinə həsr etmiş Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. 24 yaşlı cavanı belə böyük təşkilata rəhbər təyin edənlər heç də yanılmayıblar. Çünki mədəniyyətin ən aparıcı sahələrindən biri olan bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim “Çinar”, “Şur” kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. O, respublikada ilk teatrlaşdırılmış kütləvi bayramların əsasını qoyub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış “Xalq yaradıcılığı bayramı”nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü” çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz Məbud İsmayılzadə olmuşdu. Eləcə də böyük dövlər xadimi Şıxəli Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə dövlət səviyyəsində 1967-ci ildə rəsmi keçirilən Novruz bayramının, 1970-ci illərin məhsul bayramlarının və sonrakı Novruz bayramı şənliklərinin də əsas təşkilatçılarından biri məhz Məbud İsmayılzadə olmuşdu. 1982-ci ildə Şuşada Vaqif poeziya günlərinin ssenari müəllifi və qurluşçu rejissoru da məhz Məbud İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı.
1960-cı illərdən bədnam qonşularımız ermənilər bizim “Sarı gəlin” mahnısını öz adlarına çıxıb, erməni dilində ifa edirdilər. Həmin vaxtı Məbud İsmayılzadə Azərbaycan Mərkəzi Komitəsi səviyyəsində məsələ qaldırıb ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır. O, bunu lazım olan sənədlərlə sübut edib. Və həmin vaxtdan bu mahnı azərbaycanlı müğənnilər tərəfindən ifa olunub.1990-cı ilin əvvəllərində ermənilər dünyaya car çəkdilər ki, guya “Sarı gəlin” onların mahnısıdır və biz azərbaycanlılar bu mahnısı onlardan oğurlamışıq. Bu vaxtı yenə də Məbud İsmayılzadə əlindəki tutarlı sənədləri Azərbaycan Mədəniyyət naziri Polad Bülbüloğluna təqdim etdi. Məhz bu tutarlı sənədlərlə Mədəniyyət Nazirliyi dünya xalqlarına sübut elədilər ki, ermənilər yalan deyir. Bu mahnı “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır.
Məbud İsmayılzadə Respublika Xalq Yaradıcılığına rəhbərlik etdiyi 20 il müddətində Azərbaycan ədəbiyyat, incəsənət işçiləri üçün də çox böyük işlər görmüşdü. Həmin vaxtı rejissorlar, bəstəkarlar və başqa sənət adamları çox çətin dolanırdılar. O, rejissorları məcbur edirdi ki, nəsr əsərlərini səhnələşdirib və ya özləri də pyeslər yazıb, Xalq Yaradıcılığı Evinə versinlər. Bu əsərlərə görə onlara lazım olan qədər qonarar verilirdi. Eləcə də bəstəkarlar öz əsərlərini bu təşkilata satmaqla yaxşı qonarar alırdılar. Dramaturqlar da öz pyeslərini bu təşkilata satmaqla yüksək səviyyədə qonarar alırdılar.
Həmin vaxtı məşhur bəstəkar, dünya şöhrətli “Cücələrim” mahnısının müəllifi Qənbər Hüseynli bəzi bədxah adamların ucbatından həbs olunmuşdu. O, həbsdən azad olunandan sonra heç yerdə işə götürmürdülər. Məbud İsmayılzadə heç bir təpkiyə baxmayaraq Qənbər Hüseynlini işə götürüb, rayon Xalq Yaradıcılığı Evinin rəhbəri təyin elədi. Bax, bu yüksək kişilik əməllərinə, keyfiyyətinə görə bəzi bədxah adamlar onun haqqında danoslar yazdılar. Azərbaycan mədəniyyətinə düşmənçilik elədilər. Məhz buna görə hansısa bədxahlar Məbud İsmayılzadəyə keçmiş ittifaq səviyyəli bu maraqlı işilərini davam etdirməyə imkan vermədilər. Həmin haqsızlıqlara görən Məbud müəllim öz ərizəsi ilə işdən çıxdı. Sonra 1972-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışdı.
1973-cü ildə Lənkəranda yeni Dövlət Dram Teatrının açılması və bu teatra kimin rəhbər təyin olunması haqqında məsələ qalxanda, Mədəniyyət Nazirliyinin rəhbərliyi Məbud İsmayılzadənin adı üzərində dayandı. Çünki uzun illər aparıcı rəhbər vəzifədə işləmiş və özünün də sənəti rejissorluq olan Məbud müəllimdən yaxşı kadr fikirləşib tapmaq olmazdı. Yeni yaranan teatrı yaşatmaq və respublikada tanıtmağı yalnız onun kimi böyük təcrübəsi olan rəhbər bacarardı.
Beləliklə, 1973-cü ildə Məbud İsmayılzadə teatrın ilk bədii rəhbəri və direktoru oldu. Bununla da onun həyatının ikinci və daha maraqlı dövrü başladı. Teatrın ilk tamaşalarından olan Nazim Hikmətin “Bayramın birinci günü” səhnə əsərinə özü maraqlı quruluş verdi. Əlbəttə, yeni yaranan teatrın qayğıları da həddindən artıq çox idi. İlk növbədə, teatr üçün ayrılmış mədəniyyət evi binasını peşəkar teatr məkanına uyğunlaşdırmaq lazım idi. Buna görə böyük vəsait, texnika, lazım olan materialları tapıb gətirmək xüsusi təşkilatçılıq tələb edirdi. Ali məktəbi bitirən bir qrup gənc mütəxəssisin Lənkəran teatrına işləməyə gəlməsi həm sevindirici idi, həm də böyük məsuliyyət tələb edirdi. Onların mənzillə təmin olunması, sosial problemlərinin həlli və sairə lazım idi. Bütün bu çətinliklər də məhz onun üzərinə düşürdü. Məbud müəllim həmin vaxt Lənkəran rayonunun partiya komitəsinin birinci katibi işləmiş, teatr sənətinə, mədəniyyətə böyük marağı olan İsa Məmmədovun və respublikanın mədəniyyət naziri, dəyərli ziyalı Zakir Bağırovun yaxından köməkliyi sayəsində bu məsələlərin hamısını həll etdi. Aktyorlar hamısı mənzillə təmin olundular. Lənkəranda həmin vaxt peşəkar teatrın açılması Cənub bölgəsi üçün çox böyük bayram və tarixi hadisə idi. Bu teatrın bütün tamaşaları təkcə Lənkəranda yox, bütövlükdə Cənub bölgəsində və eləcə də Azərbaycanın başqa yerlərində həmişə anşlaqla keçirdi. Hətta Lənkəranda hər bir kənd və təşkilat üçün ayrıca gün ayrılmışdı ki, onlar hansı günlər tamaşalara gələ bilərlər. Həmin günlər insanlar böyük bayrama gələn kimi, gül dəstələri ilə tamaşalara gəlirdilər.
Desəm ki, həmin vaxtlar Cənub bölgəsi teatr sahəsində intibah dövrünü yaşayırdı, yəqin ki, yanılmaram. Çünki mən özüm həmin vaxtlar bu teatrın tamaşalarına baxanda, bu bayramın şahidi olmuşam. Bütün bunların da əsas təşkilatçısı, əsas aparıcı rəhbəri məhz Məbud müəllim idi. Ona görə də belə bir deyim var ki, teatrın ən böyük uğuru ilk növbədə ona rəhbərlik edən şəxsiyyətdən asılı olur. Yəni teatr rəhbəri ilk növbədə yüksək təşkilatçı və böyük şəxsiyyət olmalıdır.
Məbud müəllim Bakıda işini, vəzifəsini qoyub əyalətə, bu teatra rəhbərlik etməyə gedəndə də onu yalnız bir şey maraqlandırırdı. Teatrı respublikada və ondan kənarlarda tanıtmaq. Həmin vaxtlar bizim onunla bu haqda bir neçə dəfə söhbətimiz də olmuşdu. Mən onun təmkininə, hər sözünü ölçüb-biçib danışmasına, ağıllı məsləhətlər verməsinə heyran olmuşdum. O, teatra rəhbərlik etdiyi səkkiz ildə də bu böyük işi çox uğurla görə bildi. Həmin səkkiz ildə artıq Lənkəran Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biri oldu. Təkcə Azərbaycan yox, dünya klassiklərinin və müasirlərinin ən maraqlı əsərləri bu teatrın repertuarını bəzədi. Çox görkəmli aktyorlar, aktrisalar, rejissorlar bu teatrda yetişdi. Eləcə də Azərbaycanın tanınmış rejissorları bu teatrın səhnəsində maraqlı tamaşalar hazırladılar. Hətta həmin bölgədən olan ziyalılar bu teatrın premyeralarına baxmaq üçün Bakıdan Lənkərana gedirdilər. Həmin vaxtlar teatr haqqında tez-tez respublika qəzetlərində yazılır və Azərbaycan televiziyasında maraqlı verilişlər göstərilirdi. Mənim müəllimim, SSRİ Xalq artisti, Sənətşünaslıq doktoru, professor, Azərbaycanda özünün teatr məktəbini yaratmış Mehdi Məmmədov, 1978-ci ildə Lənkəran teatrının tamaşalarına baxandan sonra belə yazmışdı: “ Lənkəran Dövlət Dram Teatrı yaşca balaca olsa da, repertuar səviyyəsinə görə daha dolğun, daha mənalıdır. Sözün əsl mənasında bu teatra qibtə edirəm. Bütün akademik teatrlar bu teatrdan öyrənməlidir”. Azərbaycan teatrının görkəmli şəxsiyyətlərindən olan Mehdi Məmmədovun 1978-ci ildə dediyi bu sözlər Məbud İsmayılzadənin əməyinə verilən ən yaxşı qiymət idi.
Gördüyü bu uğurlu işlərə görə Məbud müəllimi dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçmişdilər. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmiş, 1979-cu ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.
O vaxtlar Məbud müəllimin özünün yaxşı işinə, təşkilatçılığına və böyük ziyalılığına görə Azərbaycanın Cənub bölgəsindəki ziyalılar, tanınmış insanlar, rəhbər vəzifəli işçilər arasında çox böyük hörməti vardı. İmkanlı adamlar, kolxoz, sovxoz direktorları, təşkilat rəhbərləri Məbud İsmayılzadəyə olan böyük hörmətlərinə və onun xahişinə görə teatr işçilərinə maddi cəhətdən də çox köməklik edirdilər. Belə ki, həmin vaxtı əmək haqqı az olan bütün aktyorlar, aktrisalar həmin təşəkilatlar tərəfindən işə götürülürdü və onlara əlavə əmək haqqı verilirdi ki, güzəranları yaxşı olsun.
Beləliklə, Məbud İbrahim oğlu İsmayılzadə Lənkəran Dövlət Dram Teatrı üçün səkkiz ildə səksən illik iş gördü. Artıq bu illərdə teatr Azərbaycan teatr aləmində özünün layiqli yerini tapdı. Və sübut etdi ki, yaşamağa və bundan sonra da peşəkar fəaliyyət göstərməyə layiqdir.
Teatrdakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edildi. Məbud müəllim uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi çoxlu işlər gördü. Bir-birindən maraqlı teatrlaşdırılmış konsert tamaşaları hazırladı. Bu tamaşa-konsertlərlə təkcə respublikamızda yox, həm də Sovetlər Birliyində və xarici ölkələrdə çoxlu maraqlı çıxışlar elədi. Həmin konsertlər haqqında da maraqlı yazılar çap olundu və Azərbaycan Dövlət Televiziyasında verilişlər verildi. Məbud İsmayılzadənin həm bədii rəhbər və həm də rejissor kimi işi layiqincə qeyd olundu. O, burada da çoxlu müğənnilərin, musiqiçilərin yetişməsində böyük əmək sərf elədi.
Məbud İsmayılzadə həmişə cavanlara çox inanırdı və çalışırdı ki, onlar özlərinə inansın və öz işlərinə maraqla yanaşsınlar. Belə bir maraqlı hadisə mənimlə də olmuşdu. O, Lənkəranda işlədiyi vaxtlar mən Sumqayıt Dövlət Dram Teatrında aktyor və Sumqayıt şəhərində yaratdığım “Ümid” Teatr-Studiyasının rəhbəri idim. Özüm əslən Masallıdan olduğuma görə rayona gedəndə Lənkəran Dövlət Dram Teatrında işləyən tələbə dostlarıma gedib baş çəkir və onların oynadığı tamaşalara baxırdım. Məbud müəlliimlə də tanışlığımız həmin vaxtdan yaranmışdı. O, Bakıda Azərbaycan Konsert Birliyinin bədii rəhbəri olanda dəflərlə görüşmüdük. Mənə təşkilatı işləri qurmaqda çoxlu məsləhətlər də verirdi. Həm də istəyirdi ki, mən Azərbaycan Konsert Birliyində müğənnilərlə teatrlaşdırılmış tamaşalar hazırlayım. Çünki mən həmin vaxtı artıq Moskvda A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda musiqili teatrar rejissorluğu fakültəsində qiyabi təhsil alırdım. Amma Sumqayıtda işim çox olduğundan buna razılıq vermirdim. Bir dəfə Məbud müəllimlə görüşəndə belə dedi:
-Rəşid müəllim Mahnı Teatrının açılışı üçün bizdən ssenari və rejissor istəyir. Yaxşı ki, sən gəlibsən. Get teatrın açılışını hazırla. Elə ssenarini də özün yazarsan. Məbud müəllim mənim yazıçılıq, ssenari yazmaq qabiliyyətimin olduğunu bilrdi. Çünki hələ Lənkəranda işlədiyi vaxt onun haqqında “Əsl teatr direktoru” adlı sənədli hekayə yazmışdım və xoşuna gəlmişdi. Onu da vurğulayım ki, bizim Məbud İsmayılzadə ilə isti münasibətimiz o, haqq dünyasına qovuşana qədər davam elədi.
O, Rəşid müəllimə zəng vurub dedi ki, “Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində oxuyan Ağalar adlı bir cavan oğlan var. Siz də bizdən rejissor istəmişdiniz. Göndərim gəlsin yanınıza söhbət edin. İnanıram fikirləri xoşunuza gələcək”.
Rəşid müəllim də dedi ki, qoy gəlsin söhbət eləyək.
Əlbəttə, Rəşid Behbudov kimi, dahi şəxsiyyətlə işləməyi hamı arzu edirdi. Bu da mənim üşün bir şans idi düşmüşdü. Çox sevindim. Azərbaycan Dövlət Konsert Birliyindən çıxıb, təcili Mahnı Teatrına gəldim. Orada hələ də təmir işləri gedirdi. Bu işlər də çox uzanırdı...
... Yol boyu Mahnı Teatrına gələndə fikirləşirdim ki, doğrudanmı mən dahi müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovla tamaşa işləyə bilərəm? Beləliklə, teatra gəldim. Rəşid müəllim foyedə idi. Binanın təmir işlərinin gedişinə baxırdı və öz təkliflərini verirdi. Mən növbətçiyə kim olduğumu dedim və o da gəlib dedi ki, Rəşid müəllim sizi gözləyir. Biz elə foyedə onunla görüşdük. Məni çox mehriban qarşıladı. Çox həyəcanlı idim. Çünki ilk dəfə idi ki, onunla belə yaxından tanış olurdum. Məni kabinetinə dəvət elədi. İlk sözü belə oldu.
-Moskvada təhsil alırsan?
-Bəli.
-Azərbaycanlısan?
-Bəli, Rəşid müəllim.
O, gülümsündü.
- Fikirləşdim ki, yəhudisən. Çünki azərbaycanlıların çoxu belə yüksək səviyyəli ali məktəbdə oxumaqdansa ticarət sahəsində təhsil almağı xoşlayırlar. Dövlət Teatr Sənəti İnstitutunu bu vaxta qədər neçə nəfər bitirib?
-Cəmi doqquz nəfər. Mən onuncuyam.
-İndi sən teatrın açılışına bizimlə nə hazırlamaq istəyərdin?
Artıq mən yolboyu nə
hazırlayacağımı fikirləşmişdim. Dedim:
-Rəşid
müəllim səhnədə bir fayton olacaq. Düzdür
sizin səhnənin kruqu yoxdur. Bu kruqu şariklər üzərində
düzəltmək olar. Kruq fırlandıqca səhnədəki
ayrı-ayrı ölklərin atrubutlarının yanında
dayanır və siz də həmin ölkənin
mahnısını ifa edirsiniz. Özü də siz
manhıları ifa etdiyiniz vaxt həmin ölkələrin rəqsələr
də olacaq. Hətta cavan müğənnilər də yeri gələndə
həmin mahnıdan bəzi sözləri oxuyacaqlar. İdeya da
belədir. Dahi müğənni Rəşid Behbudov öz
mahnıları ilə dünyanı fəth edir.
-Maraqlıdr.
Bəs ssenarini kim yazacaq?
-Əgər
icazə versəniz ssenarini də özüm yazaram.
-Bu sahədə
səriştən var?
-Bəli
bir neçə pyesin, ondan çox ssenarinin, iyirmidən
çox hekayənin və əllidən çox məqalənin
müəllifiyəm.
-Yox, deyəsən
sən həqiqətən də yəhudisən,- deyə o,
özünəməxsus güldü. Neçə
yaşın var?
-Otuz iki.
-Məndən
sənə vəsiyyət. Bu işlərdən möhkəm
yapış. Bizdə cavanların çoxu təmbəldir. Mən
var qüvvəmi sərf edirəm ki, onları peşəkar
müğənni kimi yetişdirim. Doğrudur, bəziləri
məndən inciyir. Amma sonra görürlər ki, düz deyirəm.
Axı mən Rəşid Behbudov kimi elə-belə, asan yolla
yetişməmişəm.
Beləliklə,
biz onunla razılaşdıq ki, iki gündən sonra
tamaşanın rejissor palnını gətirim. Rejissor
planını gətirdim. Oxudu. Əsasən xoşuna gəldi
və çoxlu maraqlı təkliflər verdi. Onun
böyük təfəkkürünə, rejissorluq
bacarığına heyran oldum. Bir həftədən sonra tam
işlənmiş rejissor palnını və ssenarini gətirdim.
Xoşuna gəldi. Amma məşqlərə başlamaq
olmurdu. Çünki təmir işləri çox
uzanırdı. İki aydan sonra mən Moskvaya sessiyaya getdim. Həmin
vaxtı təmir işlərinin çoxu artıq
tamamlanmışdı. Mən də Moskvada sessiyada olduğuma
görə və dərslərimiz iki ay davam etdiyindən Rəşid
müəllim Moskvadan rejissor dəvət elədi.
O, mənim
əsas fikrimi saxlamaqla və özü də çoxlu,
maraqlı fikirlər əlavə etməklə, maraqlı bir
tamaşa hazırlamışdı.
...
Yuxarıda yazdığım kimi fəxri təqaüdə
çıxan Məbud İsmayılzadə teatr aləmindən
ayrılmadı və Nazim Hikmətin 100 illik yubileyi ərəfəsində
Şuşa Dövlət Musiqili-Dram Teatrında dramaturqun
“Bayramın birinci günü” tamaşasına çox maraqlı
quruluş verdi. Kollektiv onun bu maraqlı işindən çox
razı qaldı. Məbud müəllim həmin teatrda yeni
tamaşalar hazırlamağı planlaşdırırdı.
Əfsus ki, amansız əcəl buna imkan vermədi.
Məbud
İbrahim oğlu İsmayılzadə 2004-cü il sentyabr
ayının 17-də Haqqın dərgahına qovuşdu. Haqq
dünyasına köçdü. Əfsus ki, indi belə
kişlər çox azdır...
Cəmi 8
il Lənkəran Dövlət Dram Teatrına rəhbərlik
edən Məbud İsmayılzadə bu gün də həmin
bölgədə və ümumiyyətlə, Azərbaycan
teatr tarixində, incəsənətində çox yüksək
təşkilatçı teatr rəhbərlərindən biri
kimi xatırlanır. Belə xatırlanan və yad edilən
teatr rəhbərləri isə əfsus ki, çox azdır.
Çünki teatr cəmiyyətin kiçildilmiş modeli deməkdir.
Bu modelə rəhbərlik etmək çətin və
çox məsul işdir. Bu işi də hər rəhbər
bacarmır.
Vaxtilə
böyük fransız yazıçısı, filosofu, tənqidçi
və maarifçisi, “Qeyri- qanuni oğul”, “Ailənin atası”
kimi maraqlı pyeslərin müəllifi Deni Didro cəmi 16 ay
teatra rəhbərlik etdikdən və işdən
çıxandan sonra belə deyib: “Müharibədə zəfər
qazanmaq olar. Buna görə orduda rəhbərliyi gücləndirmək
və əsgərləri, zabitləri döyüşə səfərbər
etmək, onlarda cəsurluğu, qorxmazlığı gücləndirmək
kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə,
yüksək təşkilatçılıqla, səbrlə,
insanlarda inam yaratmaqla xalqı öz ardınca aparmaq və
ölkə rəhbəri də olmaq olar. Amma kiçik bir
teatra yaxşı rəhbərlik etmək çox çətindir.
Hətta desəm ki, dəhşətdir, bu daha doğru olar”.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi,
yazıçı-rejissor
Azad Azərbaycan.- 2023.- 6 aprel.- S.7.