306 yaşlı şairin xatirəsinə

Azərbaycan xalqının əbədi sevgisi

 

Molla Pənah Vaqif ömrünün son illərini Qarabağ xanının vəziri olaraq Şuşada yaşamışdı. Vaqifin yaradıcılığının məhsuldar illəri məhz bu dövrə təsadüf edir.

 

1797-ci ildə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy hakimiyyətə gəldikdən sonra şairi oğlu Əli bəylə birlikdə edam etdirir. Camaat Vaqifi Şuşada böyük şərəflə dəfn edir. Məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

Deputat bildirib ki, Ulu Öndər, böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olanda həm poetik, həm də siyasi təfəkkürünə rəğbəti olan Molla Pənah Vaqifə 1982-ci ildə Qarabağın həmaili olan Şuşada heykəl qoydurdu. Şairin məzarı üstündə məqbərə-kompleks ucaldıldı. Məqbərə-kompleks Cıdır düzünə yaxın bir ərazidə inşa olunmuşdu. Dördkünc quruluşa malik idi. Türbə inşa edilərkən türbə relyef, arxitektura baxımından dağlıq massivə uyğunlaşdırılmışdı. Türbədə Vaqifin heykəltaraş Albert Mustafayevin hazırladığı büstü qoyulmuşdu.

“Vaqifin məqbərə-kompleksinin açılış mərasimində çıxış edən Ümummilli Lider Heydər Əliyev Şuşanı Azərbaycanın tarix və memarlıq abidəsi kimi dəyərləndirmişdi. 1982-ci il yanvarın 14-də keçirilən tədbirdə iştirak edən gənc şairlər Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsini təklif etmişdilər. Böyük tarixi şəxsiyyət təklifi müsbət qarşılamış, hətta "Mən özüm də gəlib iştirak edəcəyəm", – demişdi. Məhz Ulu Öndərimizin dəstəyi ilə Vaqif Poeziya Günləri Şuşanın işğalına qədər davam etdi.

Şuşa işğal olunanda ermənilər digər tikililər kimi türbəni də dağıtmışdılar. Vətən müharibəsində Zəfərimizdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada nəhəng bərpa və quruculuq işlərinə start verildi. Təsadüfi deyildir ki, Şuşada quruculuq işləri böyük Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin türbəsinin yenidən qurulması ilə başladı. 2021-ci il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfərində abidə-kompleksin yenidən qurulması barədə tapşırıq verdi. Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə inşa etdirdiyi məqbərənin eynisini İkinci Qarabağ müharibəsində qazanılan Zəfərimizdən sonra Prezident İlham Əliyev yenidən inşa etdirdi. Bu, dövlətimizin başçısının Azərbaycan mədəniyyətinə, incəsənətinə verdiyi dəyəri nümayiş etdirir”, - deyə S.Xasayeva qeyd edib.

Deputat vurğulayıb ki, 2021-ci il avqustun 29-da Vaqifin məqbərəsinin açılışında iştirak edən Prezident İlham Əliyevin çıxışında xüsusi məqamlara toxunaraq bildirdi ki, təxminən 40 il bundan əvvəl, şaxtalı-qarlı havada, o da atası ilə birgə Vaqifin məqbərəsinin açılışı günündə iştirak edib. İkinci dəfə isə Şuşaya 1982-ci ilin iyul ayında Vaqif Poeziya Günləri keçiriləndə gəlmişdim. Prezident İlham Əliyev dedi ki, biz ikinci dəfə Vaqifin məqbərəsinin açılışını qeyd edirik: Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı”.

S.Xasayevanın sözlərinə görə, Vaqifin adını daşıyan və tarixin müxtəlif dönəmlərində yaradılan məqbərə 306 yaşlı şairin xatirəsinə Azərbaycan xalqının əbədi sevgisini özündə təcəssüm etdirir.

“Molla Pənah Vaqif təxminən 1717-ci il aprelin 6-da Qazax mahalının Yuxarı Salahlı kəndində doğulub. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilib. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini bilir, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdi. Vaqif lirika, qoşma və qəzəl janrında mükəmməl əsərlərin müəllifidir.

Aprelin 6-sı Molla Pənah Vaqifin anım günüdür. Ruhu şad olsun”, - deyə Səbinə Xasayeva bildirib.

 

Səbinə Xasayeva

 

Azad Azərbaycan.- 2023.- 6 aprel.- S.4.