Adı tarixə qızıl hərflərlə yazılan böyük şəxsiyyət

 

Heydər Əliyev - 100

 

Paşa Qəlbinur: “Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı və siyasət elmi yaşayana, insanlıq qalana qədər Heydər Əliyev yaşayacaq”

 

Dahi Liderimiz, əbədiyaşar Heydər Əliyevi təkcə adi insanlar yox, ziyalılar daha çox sevirdi. Çünki o, ziyalılar üçün çox böyük işlər görmüşdü. Elm, təhsil, səhiyyə, ədəbiyyat, incəsənət xadimlərimizin dünyada tanınması üçün əvəzsiz xidmətləri olmuşdu. Onun haqqında fikir mübadiləsi aparmaq üçün dünya şöhrətli göz həkimi, professor, çox maraqlı şair, nasir Paşa Qəlbinurla həmsöhbət oldum. Paşa Qəlbinur hələ Sovetlərin vaxtından özünün çox unikal göz cərrahiyyə əməliiyatları ilə və bədii yazıları ilə çox tanınan insan idi. Öz yaşıdları və özündən yaşlılar arasında çox sevilirdi. Özünün dediyinə görə, “ulu öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva onun gələcəyinə böyük ümidlər bəsləyirdilər”.

Professor Paşa Qəlbinur da ona olan bu ümidləri doğruldurdu və dünya səhiyyəsində öz sözünü layiqincə deyirdi. Onun gözlə bağlı ixtira elədiyi Aktipol preparatı dünyada çox məşhur dərmanların siyahısına daxildir. Aktipol Ümumdünya Sərgilər Salonunun Böyük Qızıl medalına layiq görülüb. Dünyanın ən böyük oftalmoloq alimləri ona müsbət rəy veriblər, müxtəlif ölkələrin ödüllərinə layiq görülüb. Bu dərman Azərbaycanın, hətta bütün Müsəlman dünyasının yeganə dərmanıdır ki, dünya səviyyəsində istifadəsinə icazə verilib. Rusiya və Dünyanın bir çox ölkələrinin Farmakologiya Komitəsi o dərmanı rəsmi olaraq təsdiq edib. Bu preparat çoxşaxəli təsir mexanizminə malikdir, həm də viruslara qarşı təsir göstərir. Ən böyük təsiri isə COVİD-də təsdiq olunub. Dünyanın məşhur oftalmoloqları TƏSDİQ EDİBLƏR Kİ, COVİDİN MÜALİCƏSİNDƏ “AKTİPOL” ƏVƏZSİZ DƏRMAN preparatıdır. Çünki, COVİD virusu ağız, burun və gözdən keçir. Biz maska ilə ağzımızı və burnumuzu bağlasaq da, gözümüzü bağlaya bilmirdik. Dünyanın məşhur oftalmoloqları təsdiq ediblər ki, COVİD-in müalicəsində Paşa Qəlbinurun müəllifi olduğu “Aktipol” əvəzsiz dərmandır. Buna görə də ondan Amerika və Avropada pandemiya dövründə də istifadə olunub. Bu da, Azərbaycan xalqı üçün böyük fəxarətdir. Paşa Qəlbinur yeganə azərbaycanlıdır ki, hələ Sovetlərin vaxtında həkim kimi ümumittifaq Lenin komsomolu mükafatına layiq görülüb. O, təkcə həkim, ədəbi əsərlərin müəllifi yox, həm də siyasətçi kimi dünya xalqları arasında öz sözü və fikiri olan siyasətçi kimi də tanınırdı. Yəqin elə buna görə də bu gün Paşa Qəlbinur Dünya Azərbaycanlıları Konqresinin həmsədsridir və dünyada yaşayan azərbaycanlılar üçün bu sahədə də böyük işlər görür.

Paşa Qəlbinuru uşağından böyüyünə kimi bütün azərbaycanılar yaxşı tanıyır. Amma tarix üçün qısa da olsa onun haqqında arayış vermək istəyirəm.

Qısa arayış: Paşa İsmayıl oğlu Qəlbinur (Musayev) 1952-ci ilin 30-u mart tarixində anadan olub. Onların nəsil şəcərələrində yüz ildən artıqdır ki, çoxlu göz həkimi var. Paşa Qəlbinur da lap uşaq yaşlarından bu sənətin romantikliyini, gözəlliyini sevib və göz həkimi olub. Paşa müəllim də həmin sülalənin davamçılarından biridir. Babaları, dayısı göz həkimi olublar. Paşa müəllimin tələbəsi olan kiçik bacısı Sevinc Əkbərova da göz həkimidir. Tibb elmləri doktorudur. Moskva şəhərində yaşayır. Paşa Qəlbinurun övladlarının üçü də - oğlu və qızları göz həkimidir. Amma bütün qohumlarından fərqli olaraq Ulu Tanrı Paşa Qəlbinura şeir, nəsr dilində danışmaq istedadı, səlahiyyəti də verib. O, lap cavan yaşlarından şeirlər, nəsr əsərləri yazır. Çoxlu şeirləri, romanları, esseləri həm Azərbaycanda, həm də xarici ölklərdə - İngiltərədə, Rusiyada, Hollandiyada və başqa ölklərdə çap olunub.

Paşa Qəlbinur deyir ki, “biz, mən və həmyaşıdlarım elə bir zaman çərçivəsində dünyaya gəlmişik ki, dünyanın təlatümlər dövrünə düşdüyümüzdən siyasətçi olmasaq da, siyasətdə olmaq məcburiyyətində olmuşuq. Çünki Qarabağsız günlərimizdə əcnəbi ölklərdə həm elmi toplantılardakı səfərlərimizdə, həm də müstəqil mənada olduğumuz səfərlərimizdə, istəsək də, istəməsək də Qarabağ davasında olmuşuq. Öz haqqımızı dünya xalqlarına çatdırmaq, Qarabağın azərbaycanlıların olduğunu, ermənilərin ora gəlmə olduğunu məntiqi, siyasi fikirlərlə, siyasi baxışlarımızla sübut etməyə çalışmışıq. Dünya Azərbaycanlıları Konqresinin əvvəllər üzvü və indi də həmsədri kimi orada fəaliyyətdəyəm. İki qurultaydır ki, həm Belçikada və həm də İngiltərədə (Londonda) mən həmsədrlərdən biri kimi seçilmişəm. Xalqımızın haqq səsini də dünya xalqlarına lazım olan kimi çatdırıram. Həmsədr olmaq çox böyük və ağır yükdür. Mən də çalışıram əlimdən gələni edim ki, dünyada azərbaycanılar öz sözünü lazım olan yerlərdə layiqincə desinlər. Bilirsiniz ki, Sovet ideologiyası hər sahədə və tibb sahəsində də özünün mənfi möhürünü vururdu. Məsələn, həmin dövrdə genetika elmini demək olar ki, qadağan eləmişdilər. Dünyanın ən məşhur genetiklərini zindanlara atırdılar, öldürürdülər, başlarına min cürə işgəncələr gətirirdilər. Çünki genetika Sovetlərin yalan üstündə qurulan ideologiyasına zidd idi. Məsələn kardiocərrahiyyə mənfi münasibət sərgilənirdi. Çünki o vaxt Moskvada bir səhiyyə naziri var idi - Petrovski. O, ürək cərrahiyyəsinin əleyhinə idi. Ona görə də bu sahə çox geri qalırdı. Amma çox maraqlıdır ki, oftalmologiya bu siyasi basqılardan kənarda qalmışdı. Ona görə də SSRİ-də də bu sahə dünya, Avropa səviyyəsində inkişaf etməyə başladı. Bu da yəqin mənim seçdiyim sahənin mənim xeyrimə olan bir şansı idi. Mən də həmin vaxtlar Moskvada və sonradan başqa ölklərdə bu sahədə elmi işlərimi, həkim kimi fəaliyyətimi davam etdirdim.

Dünyada COVİD-19 pandemiyası vaxtı bu xəstəlikə bağlı mübarizədə, gözün herpes-virus xəstəliklərinə qarşı, radiasiya zamanı radio-protektor kimi, işıqların, televiziya, monitorlar, mobil telefonların yaratdığı, “quru göz” xəstəliklərində də tətbiq olunan mənim ixtira elədiyim Aktipol dərmanından yüksək səviyyədə istifadə olunur. Biz həmin dərmanı bacım və tələbəm Sevinc Əkbərova ilə birlikdə kəşf eləmişik və kliniki təbabbətə tətbiq etmişik. Bu dərman Rusiya Formakopiya Komitəsinin və bir sıra xarici ölkələrin rəsmi təsdiq elədiyi dərman preparatı kimi istifadə olunur. Xoşdur ki, bu dərman Azərbaycanın adı ilə bağlıdır”.

- Doktor, siz dünya səviyyəli göz həkmisiniz. Gözün hansı müalicə üsulları ilə məşğul olursunuz?

- Mən oftalmo mikro-cərraham. Məşhur müəllimlərim - professor Ümnisə xanım Musabəylidən, akademik Zərifə xanım Əliyevadan, professor Zəhra xanım Quliyevadan, Moskvada akademik Mixail Mixailoviç Krasnovdan aldığım böyük təcrübəni tətbiq edirəm. Eləcə də dünyanın böyük oftalmoloqlarından öyrəndiklərimi bacardığım kimi öz tələbələrimə öyrədirəm. Həkimlik mənim peşəmdir. Amma şairlik, nasirlik mənim taleyimdi. Onları axtarmamışam. Onlar gəlib məni tapıblar. Çünki bizim ailədə mən, qardaşım, bacım orta məktəbi medalla bitirsək də onlar hər ikisi həkim olub, dissertasiyalar müdafiə ediblər ancaq şeir yazmırlar.Yeganə mən ədəbi yaradıcılıqla mışğul oluram. Dünya Azərbaycanlıları Konqresində həmsədr olmağım da mənim ürəyimcədi. Sevinirəm ki, millətimizin taleyüklü məsələlərinin dünyada həll olunmasında mən də kiçik də olsa öz əməyimi sərf edirəm.

- Paşa müəllim. Siz dünya şöhrətli bir insansınız. Başqa vaxtlarda doğulsaydınız belə məşhur ola bilrdinizmi?

- Çox maraqlı sualdır. Elə bil mənim ürəyimi oxudunuz. Bəli. Hər bir insan, əsl ziyalı özü-özünə suallar verir və çalışır ki, bu suallara da elə özü cavab tapsın. Mən tez-tez özüm-özümə sual verirəm ki, hansı vaxtda, dövrdə doğulsaydım yaxşı olardı? Sonra da özüm-özümə cavab vermişəm ki, əgər mənə bir neçə dövrü desəydilər, iki vaxtın üzərində dayanardım. Biri Şah İsmayıl Xətainin dövrünü və bir də indiki dövrü seçərdim. İndki dövr üzərində daha möhkəm dayanıram. Çünki indiki dövr dahi Heydər Əliyev dövrüdür. Azərbaycanın qızıl dövrü sayıla bilər. Çünki bu dövrdə başqa sahələr kimi elm, təhsil, səhiyyə daha çox inkişaf edib. Oftalmologiya isə daha çox inkişaf edib və çox yüksək səviyyədədi. Elə götürək yüz il əvvəli. Axı oftalmologiya belə inkişaf etməmişdi. Elə götürək məşhur bəstəkar İohann Sebastyan Baxın dövrünü. Həmin vaxtı onun gözündə mirvari suyu, katarakt olub. Avropanın bir nömrəli göz cərrahı Teylor onun gözündə əməliyyat eləyib. O vaxtı heç bir dərman, antibiotik yox idi. Göyərçinin qandını kəsib, gözünün üstünə qoyub, sarıyıb. Yaranı açanda orada çoxlu fəsadlar yaranıb və beləliklə, dünya şöhrətli bəstəkar ayrı-ayrı fəsadlarla, əzablarla bir neçə aya dünyasını dəyişib. Amma indiki dövrdə katarakt, gözə mirvari suyu gəlməsi ən adi cərrahiyə üsullarından biri sayılır. Deməli, mən İohann Sebastyan Baxın dövründə yaşasaydım bir həkim kimi çox çarəsiz olardım. Bəlkə də ədəbiyyat sahəsində nələrsə edərdim. Eləcə də Şah İsmayıl Xətainin dövründə böyük sərkərdələrimiz və böyük imperiyamız olsada, səhiyyə çox geri qalırdı. Elə onun özünü adi bir xəstəlikdən müalicə eləyə bilmədilər və 37 yaşında dünyasını dəyişdi. Amma indi ürəkdə, beyində, gözdə və sairə insan orqanlarında çox ağır, inanılmaz əməliyyatlar aparılır və hamısı da müsbət nəticələr verir. Hətta müasir göz xəstəliklərində biz indi elə nadir əməliyyatlar eləyirik ki, uşaq yaşlarından heç görməyən adam görməyə başlayır. Bu gün nano texnologiyalar sahəsində elə təkcə gözlə bağlı böyük inqilablar olur. Məhz bu mənada mən Allahımdan çox razıyam ki, indiki dövrdə doğulmuşam və yaşamışam.Təbii ki, hər dövrün çətinlikləri, səfası və cəfası olub. Heydər Əliyev dövrü, epoxası da böyük bir, uğurlu dövr idi. İndi onun davamçısı möhtərəm prezidentimiz İlham Əliyev də həmin epoxanı böyük uğurla davam etdirir. Onun da böyük bəhrələrini Azərbaycan xalqı görür. Baxmayaraq ki, biz saysız düşmənlərin əhatəsindəyik, bizi sevməyən qövmlərin, millətlərin, dövlətlərin, ideologiyaların, inacların əhatəsində olsaq da lazım olan kimi inkişaf edirik. Bu da ölkə başçımızın böyük siyasətinin, ağlının və zəhmətinin nəticəsidir.

- Professor, yaxşı mənada çox maraqlı bir məsələni qabartdınız. Və bu dövrün əsasını ulu öndər Heydər Əliyevin qoyduğunu vurğuladınız. İndi də dahi Liderimizin 100 illik yubileyi ərəfəsindəyik. Bilirik ki, sizin onunla yaxın əlaqələriniz çox olub və sizin inkifafınızda da onun xidmətləri az olmayıb. Bu haqda nə deyə bilrərsiniz?

- Mən ilk öncə bir məsələni vurğulayım ki, əbədiyaşar prezidentimiz Heydər Əliyevin istedadlı cavanlara inamı çox idi və çalışırdı ki, onlar inkişaf etsin. Bilirsiniz ki, bütün dünyanın qəbul elədiyi məşhur Eynşteyinin belə bir maraqlı kəlamı var ki, Cənubu Afrikanın Yohannesburq şəhərindəki universitetin qapısına yazılıb: “Bir ölkəni, bir milləti məhv etmək üçün heç də onu atom və başqa silahlarla məhv etmək lazım deyil. Onun təhsilini məhv eləsəniz, həmin milləti, dövləti tam sıradan çıxara bilərsiniz”. Ona görə də Azərbaycan təhsilinin inkişafı və dünyada tanınması bütün varlığı və bütün gücü ilə Heydər Əliyevin daxilində vardı. Çünki o da belə bir maraqlı kəlam deyirdi: “Mən dünyada müəllimdən və müəllimlikdən böyük sənət tanımıram”. Mən onunla olan təmaslarımda bu fikirin lazım olan böyük nümunələrini görmüşəm. Başda dostum professor Eldar Abbasov və başqa professor, gözəl mütəxəssislər olan dostlarım olmaqla çoxlu sayda azərbaycan oğullarının Moskvada və SSRİ-nin başqa-başqa yerlərində təhsil almasında məhz Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O, istəyirdi ki, azərbaycanlı oğulları yaxşı təhsil alıb və yaxşı da mütəxəsis olub, Vətənə qayıtsınlar. O, Azərbaycana rəhbərlik elədiyi vaxt Moskvaya gedəndə vaxt tapıb bizlərlə görüşür və qayğılarımızla maraqlanırdı. Moskvada işləyən vaxtlarda da bu məsələ diqqətində idi. Çünki Ulu Öndər bilirdi ki, bu gənclər Azərbaycanın gələcək taleyidi. Biz onunla görüşəndə bütün ruhumuzla bunu hiss edirdik. Ulu Öndərimiz həmin vaxtı bu böyük imperiyanın üç başçısından biri olanda belə vaxt tapıb, azərbaycanlı gənclərin inkişafına köməklik edirdi. Bununla bağlı maraqlı bir misal deyim. Həmin vaxtı SSRİ səviyyəsində ilk azərbaycanlı gənc həkim kimi mənə ümumittifaq Lenin komsomolu mükafatı vermişdilər. Onu da vurğulayım ki, həmin imperiya dövründə bu mükafatı cəmi iki nəfər göz həkimi alıb. Onun biri mənəm və biri də Moskvada bir xanım idi. Həmin vaxtı bilirsiniz ki, mobil telefonlar yox idi. Mən evdə olanda bir dəfə telefon zəng çaldı. Yarı azərbaycan, yarı rus ləhcəsilə bir nəfər zəng vurub dedi ki, evdə olun. Beş-on dəqiqədən sonra sizinlə SSRİ Nazirlər Sovetinin birinci müavini, yoldaş Heydər Əliyev danışacaq. Açığı mən çaşıb qaldım və bir az da inanmadım. Fikirləşdim ki, dostlarımdan, tay-tuşlarımdan kimsə mənimlə zarafat eləyir. Amma heç beş dəqiqə keçməmiş yenə də telefondan zəng gəldi. Dəstəyi götürdüm. Gördüm ki, həqiqətən də danışan Ulu Öndərimiz Heydər Əliyevdir. Mənim haqqımda xoş sözlər dedi. Mükafat almağım münasibətilə təbrik elədi və onu da dedi ki, “bu mükafata layiq görülmək üçün SSRİ Elmlər Akademiyasının Prezidiumu səs verir. Bil ki, bu, böyük mükafatdır”. Təvazökarlıqdan uzaq olsa da mənim haqqımda çox xoş sözlər dedi. Onları mən burada demək istəmirəm. O vaxt mən tibb elmləri namizədi idim və bir neçə mükafat almışdım. Amma belə böyük mükafat almamışdım....

Çox əfsus ki, Ulu Öndərimiz Qorbaçovun həsədinə tuş gəldi. Həmin vaxtı Büro üzvlüyündən və vəzifəsində istefa verməli oldu.

- Azərbaycan Yazıçılar Birliyinin qurultayında siz onunla yan-yana oturub və söhbət də etmisiniz. Bu haqda nə deyə bilrəsiniz?

- Bəli, həmin qurultayda mən arxa sıralarda oturmuşdum. Yanımda mərum şairimiz Məmməd Aslan və başqaları oturmuşdu. Bir də gördüm ki, Xəlil Rza ilə Heydər Əliyev zala daxil oldular və mənim yanımdakı boş yerdə əyləşdilər. Ulu Öndər yanımda oturdu və mənimlə görüşdü. Mən ona bir daha vaxtının azlığına və məsul vəzifəsinə baxmayaraq o zaman layiq görüldüyüm mükafat münasibəti ilə məni təbrik etdiyinə görə təşəkkürümü bildirdim və dedim ki, “artıq kafedra müdiriyəm. Həmin mükafatı alanda Azərbaycan rəhbərliyi məni təbrik eləmədi, amma siz Moskvadan məni təbrik elədiniz. Buna görə çox sağ olun. Sizə dərin təşəkkürümü bildirirəm”. O, özünəməxsuz şəkildə gülümsündü və dedi: “Hər adam bir cür olur. Elə şeylərə fikir vermə”. Çoxlu xoş söhbət elədik. Fasilə vaxtı müxtəlif insanlar, məşhur yazıçılar, qələm əhli onun ətrafına toplaşdı. Həmin vaxtı bir nəfər də ona yaxınlaşdı. Özünü təqdim etdi və dedi: “Filan vaxtı mən həbs olunmuşam. 12 il həbs cəzası çəkmişəm. Deyim ki, siz həmin vaxtı çox düz hərəkət eləmisiniz. Qoy buradakı adamlar da bilsin ki, mənim günahım vardı, layiq olduğum cəzanı çəkmişəm. Amma mən sizinlə fəxr eləyirəm. Nə yaxşı ki, siz varsınız. Baxmayaraq ki, siz indi vəzifədə deyilsiniz, amma yenə də bizim böyüyümüzsünüz”. Heydər Əliyevin yanında həmin vaxtı otuzdan çox adam vardı. Hətta doğmaları da yanında idi. Hamı onun haqqında xoş sözlər deyirdi. Amma bu hadisə daha sensasiyyalı olduğuna görə bunu dedim. Bütün bunlar da dahi rəhbərin portret cizgiləridir ki, indi mən sizə deyirəm.

- Müəlliminiz, akademik Zərifə xanımın da sizə böyük inamı və hörməti olub. Bu haqda nə deyə bilərsiniz?

- Mən Moskvada aspiranturada və doktoranturada oxuyan illərdə elmi rəhbərim akademik Mixail Mixailoviç Krasnov idi. Ümumittifaq Göz Xəstəlikləri İnstitutunda, Birinci Moskva Tibb Akadeniyasında akademik Krasnovun rəhbərliyi ilə həmin vaxtı oftalmologiya ilə bağlı bir məşhur “Vestnik Oftalmologii” (“Oftalmologiya Xəbərləri”) adlı elmi dərgi-jurnal çap olunurdu. Bu jurnal dünyada ən yüksək reytinqli dərgilərdən biri sayılırdı. Zərifə xanım da həmin jurnalın redaksiya heyyətinin üzvü idi. Hər 2-3 aydan bir həmin jurnalla bağlı orada toplantılar olurdu. Mən də aspirant kimi orada iştirak edirdim. Akademik Zərifə xanım da orada olurdu. Hər görüşümüzdə də mənə deyirdi ki, “Heydər Əliyeviç səni çox izləyir. Həmişə deyir ki, məndən Paşaya salam de”.

Təsəvvür edirsinizmi? Dünya şöhrətli belə bir insanın, cavan aspiranta belə yüksək münasibət bildirməsi mənim üçün çox böyük qiymət idi. Mən Zərifə xanım haqqında esse yazmışam və orada ürək sözlərimi həm onun haqqında və həm də Ulu Öndərimiz haqqında demişəm. İndi Ulu Öndərin 100 illik yubileyini keçiririk. Baxmayaraq ki, o, 2003-cü ildə haqq dünyasına qovuşub, amma həmin vaxtdan onun ölümsüz həyatı başlayıb. Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı və siyasət elmi yaşayana, insanlıq qalana qədər Heydər Əliyev yaşayacaq. Belə bir insanla təmasda olmağımla fəxr edirəm. Mən yuxarıda dediyim kimi Şah İsmayıl Xətai dövründə yaşamaq istəməzdim, amma onunla danışmaq, təmasda olmaq istərdim. Ulu Öndərlə təmasda olduğum dövrdə həmin hissləri keçirmişəm. Belə götürəndə biz Yer kürəsində 60 milyonluq xalq olsaq da dünyada olan yüz milyonlarla və milyarddan çox əhalisi olan xalqlar arasında çox kiçiyik. Amma belə bir balaca xalq dünyanın bir nömrəli dahi filosof və şairi olan Nizami Gəncəvini yetişdirib.Yəni xalqın əhalisinin çoxluğu elə də vacib əlamət deyil. Hərçənd ki, fəlsəfədə - kəmiyyət keyfiyyətə transformasiya olur, - deyirlər. Amma həyatda bu Allahın əmri ilə belədir ki, bəzən kiçik xalqların çox böyük övladları dünyaya gəlirlər. Onlar dünya elminə, təbabətinə, fəlsəfəsinə, ədəbiyyatına, siyasətinə, dünyanın düzümünə öz böyüklüklərilə, istedadları, zəhmətləri ilə təsir edirlər. Ulu öndər Heydər Əliyev də həmin şəxsiyyətlərdən biridir ki, Azərbaycan xalqının taleyində müstəsna rol oynayıb, oynayır və oynayancaq. Dünyanın siyasətində, dünyanın durumunda böyük çətinliklərdən keçməklə öz sözünü deyib.

Adi bir missal: Marqaret Tetçerlə görüşdə çox böyük ustalıqla, siyasətlə bizim xeyrimizə olmayan müqaviləni imzalamaqdan necə boyun qaçırması, böyük siyasətlə özünün fikirlərini deməsi nəticəsində Marqaret Tetçer məcbur olub onunla razılaşdı. Əgər o sənəd siyasi görüşlərdə, sammitlərdə imzalansaydı, indi bizim 44 günlük Vətən müharibəmiz də olmazdı və biz qalib gələ bilməzdik. İndi yenə də Qarabağ ermənilərin əlində olacaqdı. Həmin vaxtı bütün dünyanın aparıcı siyasətçiləri dahi Rəhbərimizə təzyiq elədi ki, həmin sənədi imzalasın, amma o, imzalamadı. İmzalasaydı biz artıq tələyə düşəcəydik. Dahi Heydər Əliyevin bütün fikirləri, adi bir baxışı, duruşu bütün zamanlar üçün bir örnəkdir. Onun həyatı, fəaliyyəti yüksək səviyyədə öyrənilməli və tədris olunmalıdır. Elə onun dediyi aforizmlərin özü çox böyük bir elmdir. Onlardan birini misal gətirmək istəyirəm: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur”.

Görün, nə qədər fəlsəfi, dünyavi və dərin aforizmdir. Onun yüzdən çox belə aforizmləri inanıram ki, dünya xalqları arasında yayılacaq və maraqla oxunacaq.Və həm də bu qoca dünyada yaşayacaq. Məhz buna görə də Ulu Öndər bütün zamanlarda diridi, fəaliyyətdədir, var və var olacaq. Fiziki ömrü Böyük Tanrı hər adam üçün lazım olan qədər yazıb. Amma bu ölməzlik hər adama nəsib olmur. O, Ölməzlik nəsib olan Azərbaycanın böyük oğullarından biri də və birinciləri sırasında məhz ulu öndərimz Heydər Əliyevdir. O, deyirdi ki, “azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”.

Dahi rəhbər bu azadlığı və istiqlaliyyəti bizim üçün qoyub getdi və biz də onu nəyin bahasına olursa-olsun qorumalıyıq.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Azad Azərbaycan.- 2023.- 13 aprel.- S.5.