Azərbaycan kinosuna böyük
yeniliklər gətirən insan
(Esse)
(Rasim Ocaqovun 90 illik yubileyinə həsr etdiyim birinici yazı)
Dünyada
ilk kinofilmlər 1895-ci ildən çəkilməyə
başlayıb. Həmin vaxt bu, dünya insanları arasında
bir möcüzə təsiri bağışlayıb. O vaxtlar
artıq Bakı nefti dünyada tanınırdı və bu
neft bumuna görə ölkəmizə dünyanın hər
yerindən çoxlu insan işlməyə gəlirdi.
Bunların içərisində sənət adamları da
vardı. Və beləliklə də, dünya kino sənətinin
yaranmasından cəmi üç il sonra Azərbaycan
kinematoqrafıyasının tarixi başladı. Belə ki,
1898-ci il avqust ayının 2-dən məmləkətimizdə
kino çəkilişinə başlanıldı və bu da
kinomuzun yaranma tarixi kimi qaldı. İlk filmlər fotoqraf və
nasir Aleksandr Mişon tərəfindən çəkilmiş
xronika süjetləri –“Bibiheybətdə
neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”,
“Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi”
və sairə filmlər oldu. 1915-ci ildən isə kinoya maraq
daha da artdı və elə həmin il İbrahim bəy Musabəyovun
“Neft və milyonlar səltənətində” adlı romanı
əsasında Sankt-Peterburqdan dəvət olunan rejissor Boris
Svetlovun rəhbərliyilə bu kinofilm çəkildi. Baş
rolda Azərbaycan teatr tarixində peşəkar rejissuranın əsasını
qoyan Hüseyn Ərəblinski Lütfəli bəy
obrazını yaratdı. Bunun ardınca 1916-cı ildə
Üzeyir Hacıbəyovun “Arşın mal alan operettası”
çəkildi. 1919-cu ildəCümhuriyyətimizin bir illiyində
“Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə
təntənə” adlı tammetrajlı film ekranlarda
nümayiş olundu.
1923-cü
ildə və bu il 100 yaşı tamam olan Azərbaycan
Foto-Kino İdarəsi yaradıldı. 1925-ci ildə isə bu
təşkilatın nəzdində Azərbaycanın kino aləmində
milli rejissurasının əsasını qoyanlardan biri
Şamil Mahmudbəyovun təşəbbüsü ilə kino
sənayesi üçün mili aktyor və rejissor kadrları
hazırlayan studiya yaradıldı. Burada Cəfər
Cabbarlı, Abbas Mirzə Şərifzadə, Mikayıl
Mikayılov və başqaları dərs almağa və kino sənətini
dərindən öyrənməyə başladılar. Sonra isə
Azərbaycan kinosunda böyük işlər gördülər.
Beləliklə, bundan sonra bir-birindən maraqlı kinofilmlər
yaranmağa başladı. Beləliklə, insanların
dünyagörüşünü formalaşdıran, hər
bir xalqın tarixini, milli adət-ənənəsini
yaşadan, həyatın bütün sahələrinə
nüfuz edən kino sənəti bəşəriyyətin ən
böyük kəşfi hesab olundu. Kino yeganə sənət
növüdür ki, özündə mədəniyyətin
bir neçə sahəsini birləşdirir. Bu gün kino sənayesi
çox çətin və özündə 75-dən
artıq komponenti birləşdirən bir mexanizmdir. Kinonun bir
üstünlüyü də əyaniliyindədir, inandırma
gücünə və təsirə malik olmasındadır.
Artıq
125 illiyini qeyd elədiyimiz
Azərbaycan kinosu tarixində saysız rejissorlar, operatorlar
olub. “Balaxanıda neft fantanı” müəllifindən
tutmuş son “Dolu”, “Sübhün səfiri”, “Oğlan evi”,
“Toydan sonra”, “Qara volqa”, “Məhəllə” və sairə
kinofilmlərini çəkən rejissorlara və operatorlara qədər.
Son on-on beş ildə peşəkar filmlər çəkiblər.
Ola bilər ki, çəkdikləri filmlər arasında indiyə
qədər sevilənləri var. Amma həmin rejissorları
ustad adlandırmaq olmaz, çünki özlərindən sonra
nə onların yolunu davam etdirən rejissor var, nə də kəşf
etdikləri aktyor. Onlar əsasən hazır “məhsullardan”
yararlanıb filmlərini çəkiblər, vəssalam. Amma
elələri də olub ki, assisentlik ediblər, operator kimi
çalışblar və sonralar kino tariximizdə əvəzsiz
rejissorlar olublar. Onların kəşf etdikləri aktyorlar,
aktrisalar isə məhz kinomuzun inciləri hesab olunur.
Haqqında söhbət açacağımız
rejissor Rasim Ocaqov məhz belə
rejissorlardandır. O, yalnız kinofilm çəkməklə
işini bitirmiş hesab etmirdi. Həm film çəkirdi, həm
də Azərbaycan kinosu üçün peşəkar kadrlar
yetişdirirdi. Onun kəşf edib Azərbaycan kinosuna bəxş
etdiyi aktyorlara, aktrisalara, operatorlara, kino rəssamlarına və
ümumiyyətlə, bu sahədə çalışan
peşəkarlara hələ də çox böyük ehtiyac
var.
Rasim Ocaqov təbiətcə qaraqabaq, başıaşağı, az danışan
insan idi. Həmişə düşüncəli, fikirli
görkəmi vardı. Onu həmişə barmaqlarının
arasında siqaret çəkən və nə isə
düşünən görürdük. Özü heç
vaxt insanlarla ünsiyyətə can atmırdı. Amma onunla
ünsiyyət qurmaq da çətin deyildi. Elə ki, səni
tanıdı, düşüncən və fikrin xoşuna gəldi
məmnuniyyətlə söhbət edər, isinişərdi.
Məhz buna görə onun həm kinossenartistlər, həm
rejissorlar, həm operatorlar, həm aktyorlar və həm də
başqa sənət adamları arsında çoxlu
dostları vardı. Bu istedadlı şəxslə bir dəfə
təmasda olan, söhbət edən insan onun böyük
ziyalı və çox müdrik insan olduğunu görür
və həmişə onunla ünsiyyətdə olmaq istəyirdi.
Rasim Mirqasım oğlu Ocaqov 22 noyabr 1933-cü ildə Şəkidə
dünyaya gəlmişdi. Həmin vaxtlar Şəki Azərbaycanın
ən mədəni, elmin, ədəbiyyatın, incəsənətin
çox inkişaf etdiyi yerlərdən biri idi. Heç təsadüfü
deyil ki, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli
Axundzadə və ədəbiyyatımıza, elmimizə, incəsənətimizə
onlarla tanınmış sima bəxş edən Şəki
böyük ziyalılar yurdu sayılırdı. Şəki
Teatrının yaranma tarixi də çox maraqlıdır. Belə
ki, görkəmli maarifçi və yazıçı Rəşid
bəy Əfəndiyev 1877-ci ildə Tiflisdə Mirzə Fətəli
Axunzadə ilə görüşüb.
Dahi dramaturq ona vətəni
Şəkidə komediyalarından birinin
oynanılmasını arzuladığını bildirib. 1879-cu
ildə gənc Rəşid bəy böyük mütəfəkkirin
arzusunu həyata keçirərək barama anbarında Mirzə
Fətəli Axundzadənin “Hacı Qara” komediyasını
Şəki ziyalıları ilə birlikdə tamaşaya
hazırlayıb. Hacı Qara rolunu Rəşid bəy Əfəndiyev
özü oynamışdı. Beləliklə, həmin vaxtdan
Şəkidə peşəkar teatrın təməli
qoyulmuşdu. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə
Mirzə Ələkbər Sabir adına Dövlət Dram
Teatrı fəaliyyət göstərmişdi. O vaxt
SSRİ-nin rəhbəri İosif Stalinin bic siyasətli əmrilə
Azərbaycanda əksər dövlət teatrları maliyyə
problemi adı ilə bağlandığına görə
Şəki teatrı da bağlanmışdı. 1959-1975-ci illərdə
isə bu teatr Xalq teatrı kimi fəaliyyət göstərmişdi
və 1975-ci ildə yenidən Dövlət Dram Teatrı bərpa
olundu və az müddət ərzində böyük
uğurlar qazandı. 1930-50-ci illərin demək olar ki,
bütün uşaqlarının həyata, yaratmağa
maraqları çox böyük idi. Rasim Ocaqovun da uşaq
yaşlarından teatra və foto sənətinə
marağı hədsiz olub. Həvəskar foto şəkillər
çəksə də arzusu geoloq olmaq idi. Həmin vaxtlar bir
dəfə Şəkiyə sənədli film çəkən
qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan
Rasim peşəkarların necə işlədiklərini
görmək üçün yanlarına gedir. Möcüzəli
kino aləmi onu özünə cəlb edir. O, artıq geoloq
olmağı yox, məhz fotoqraf sənətini dərindən
öyrənməyi qərara alır.
Orta məktəbi bitirdikdən
sonra Moskvaya gedir. 1951-ci ildə Moskva
Ümumittifaq Dövlət Kino İnstitutunun kinooperatorluq
fakültəsinə daxil olur və həmin dövrdə
Sovetlər Birliyində məşhur olan, B.Qolovnya və
L.Kosmatovun emalatxanasında təhsil alır. 1956-cı ildə
bu ali məktəbi bitirən Rasim Ocaqov elə həmin ildən
də “Azərbaycanfilm” kinostudiyasında
quruluşçu-operator kimi çalışmağa
başlayır. Beləliklə, elə həmin ildən o,
filmlərdə operator kimi çalışır. İlk
operator işi isə rejissor Əjdər İbrahimovla olub. Tele
mənə qismət eləmişdi ki, mən də Moskvada
oxuduğum illərdə Əjdər İbrahimovla
tanış olmuşdum və onun sənət aləmi və
Azərbaycanla, şəxsən Ulu Öndərlə
bağlı maraqlı söhbətlərini eşitmişdim.
Dahi Heydər Əliyev onu bir sənətkar kimi çox
sevirdi. Əslən azərbaycanlı olan və Aşqabadda
dünyaya gələn, Aşqabad Teatr Məktəbini,
Ümumittifaq Dövlət Kino İnstitutunun rejissorluq
fakültəsində Sergey Yutkeviçin və Mixail Rommun
sinfində təhsil almışdı. Vyetnam kinosunun
yaranmasında böyük işlər görmüşdü.
Sonralar Sovet kinosunda böyük simalardan biri olan Əjdər
İbrahimovun cavan bir operatorla çəkdiyi çox cavabdehli
və çətin iş olan “Onun böyük ürəyi”
kinofilminə baş operator kimi dəvət etməsi çox
maraqlı idi. Həmin vaxt söhbətlərimizdə Əjdər
müəllim Rasim Ocaqovla bağlı maraqlı bir fikir
demişdi: “Rasimin ilk operator işi 1957-ci ildə çəkilən
“Bir məhəlləli iki oğlan” kinofilmində olmuşdu. Mən
bu kinofilmə İ.Turinlə birgə quruluş verdik. Bu
kinofilmin ssenari müəllifləri Nazim Hikmət və Anna
Begiçeva idi. O, həmin "Bir məhəlləli iki
oğlan" filmində ikinci operator olsa da (filmdə baş
operator Marqarita Pilixina olub) mənim onun oradakı operator
işindən çox xoşum gəldi və belə qərara
gəldim ki, ssenari müəllifi İmran Qasımov olan “Onun
böyük ürəyi” kinofilmini məhz onunla çəkim.
Rasim mənim ümidlərimi doğrultdu”. Beləliklə,
“Onun böyük ürəyi” kinofilmi Ocaqovun ilk sərbəst
işi idi. 1958-ci ildə Bakı kinostudiyasında
quruluşçu rejissoru Əjdər İbrahimov olan və
lentə alınmış bu filmdə Rasim Ocaqov həm də
özünü psixoloji anların ustası kimi təsdiq etdi.
Bu film Sumqayıt metallurqlarının həyatına həsr
olunmuşdu. Həmin vaxt operator Rasim Ocaqovun işi haqqında
mətbuatda belə maraqlı cümlələr
yazılmışdı: “Filmə baxanda hiss edirsən ki, bu
ağır peşə adamlarının ekran həyatı
operatorun kamerası ilə romantik və cəzbedici bir formaya
salınıb. İnsanların od püskürən soba
qarşısındakı gərgin anları, bəzən
romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri
elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən
onun yaradıcılarının istedadına heyran qalır”.
Doğrudan da, tamaşaçı filmə operatorun
gözü ilə baxırdı. Məşhur kino sənətkarlarının
belə bir dəyərli deyimi var: “Əgər kinooperator
duyumlu, texniki cəhətdən mükəmməldirsə, deməli,
filmin baxımlılığı təmin olunur”.
Həmin
vaxt Rüstəm İbrahimbəyovun ssenarisi əsasında
çəkilən “Bir cənub şəhərində” filmi məhz
Rasim Ocaqovun peşəkar baxışı və kamerası ilə
çəkilib. Məzh buna görə “Bir cənub şəhərində”
filmini kino aləmində çox vaxt quruluşçu rejissor
Eldar Quliyevin yox, operator Rasim Ocaqovun filmi hesab edirlər. O, bəzən
heç rejissorla məsləhətləşmədən
çəkilişləri aparır, sonradan bu kadrlara birgə
tamaşa edəndə rejissorlar onun işinə qibtə
edirdilər. “Onun böyük ürəyi”, “Əsl dost”, “Bizim
küçə”, “Mən rəqs edəcəyəm”, “Sən
niyə susursan?” və “Skripkanın sərgüzəşti”
filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin
ən layiqli nümunələrini yaratmışdı. Və
onun bu işlərinə keçmiş Sovetlər Birliyinin
ayrı-ayrı kinostudiyalarında çalışan ən məşhur
operatorlar belə qibtə edirdilər.
“Mən rəqs edəcəm” kinofilmində
operator kimi işi daha mükəmməldir. Bu kinofilmdə
oynayan baş rolun ifaçısı, məşhur rəqqas və
baletmeystr Mahmud Esambayevin rəqs hərəkətlərini və
sfətinin mimikasını Rasim Ocaqov çox böyük
ustalıqla lentə almışdı. Eləcə də bu
kinofilmə çəkilən və həmin vaxtlar Sovetlər
Birliyində Ulyam Şekspirin “Otello” tamaşasında Otellonun ən
mahir ifaçılarından biri sayılan və baş qəhrəmanın
atasını oynayan Txabsayevin baxışlarını, sifətindəki
mimikaları da Rasim Ocaqovun kamerası böyük ustalıqla
ekranda canlandırırdı. Txabsayevlə Azərbaycan Teatr Cəmiyyətində
olan görüşdə, mən hələ Azərbaycan
Dövlət İncəsənət İnstitutunun tələbəsi
idim. Həmin görüşdə Txabsayev Rasim Ocaqov
haqqında maraqlı fikirlər demişdi və onu öz
işinin ustası adlandırmışdı. Heç təsadüfi
deyil ki, 1964-cü ildə bu işinə görə Rasim
Ocaqova Çeçen-İnquş Respublikasının Əməkdar
incəsənət xadimi fəxri adı verilmişdi.
Azərbaycan
kinosuna öz dəsti-xətti ilə gələn rejissor
Bir
gün Rasim Ocaqov hiss edir ki, onun içində
aşıb-daşan yaradıcılıq istəyi var, kamera və
operatorluq işi ilə kifayətlənmir və o, rejissor kimi
özü kinofilmini çəkmək istəyir. Məzh bu
arzu ilə Mirzağa Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun rejissorluq fakültəsinə
daxil olur və burada tanınmış rejissorlardan bu sənətin
sirrlərini daha mükəmməl öyrənməyə
başlayır. Əslində o, bu işi artıq kinofilmlərdə
operator olan vaxt, çalışdığı rejissorlardan
öyrənmişdi. Amma bir qədər də təkmilləşərək
rejissor diplomu almaq üçün oxuyurdu. Beləliklə, o,
artıq ali təhsilli rejissor diplomu da aldı. Rasim Ocaqovun
böyüklüyü onda idi ki, kim onun yerinə olsaydı
deyərdi ki, “mən Moskva Dövlət Kinomatoqrafiya
İnstitutunu bitirmişəm və operator kimi diplomum var.Nəyimə
lazımdır ki, yenidən Azərbaycan Dövlət İncəsənət
İnstitutunu bitirmək?” Bu, yəqin ki, onun özünə
qarşı böyük cavabdehliyindən irəli gəlirdi.
Və həmişə hər işində peşəkarlığa
xüsusi önəm verirdi, həm də çox məsuliyyətli
insan idi. Rejissor kimi ali təhsil almasına baxmayaraq, bu arzusunu
reallaşdıra bilmirdi. Beləliklə, iki il kino çəkmək
istəyini həyata keçirə bilməyib və ona film
verməyiblər. Bir gün “Azərbaycanfilm”in rəhbərliyi
onu çağırıb və deyib ki, “sənə
Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək
üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan
kino üzünə rejissor kimi ömürlük həsrət
qalacaqsan”. Əlbəttə, belə qəti fikri hər insan qəbul
etməzdi. Çünki bu kinofilm Sovetlər Birliyi rəhbərlərinin
“qara siyahısına” düşmüşdü. Onu yenidən
işləmək elə də asan deyildi. Həm də bu
kinofilmi artıq rejissor kimi Sovetlər Birliyində öz
sözünü demiş, “O olmasın, bu olsun” (“Məşədi
İbad”) kimi kinofilmi çəkmiş məşhur rejissor
Hüseyn Seyidzadə çəkmişdi. Amma Rasim Ocaqovun
özünə inamı çox olduğuna görə
kinostudiyanın rəhbərliyinin sözlərilə
razılaşıb. Beləliklə, rejissor kimi ilk işi
1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı
qisasçı" (“Qatır Məmməd”) filmini tamamlamaq
olur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən
filmdə o, qəhrəmanların ifaçılarını dəyişir,
ssenarini yenidən işləyir. Qatır Məmmədin
obrazını isə aktyor kimi çox sevdiyi Şahmar Ələkbərova
tapşırır. Beləliklə, rejissor artıq hazır
bir filmi “söküb” yenidən “toxuyur”. Baş rolu- Qatır Məmmədi
məhz Rasim Ocaqovun çox çətinliklə təsdiq
etdirdiyi, həmin vaxt kino sahəsində öz
sözünü demiş Şahmar Ələkbərov yüksək
səviyyədə oynayır. Kinofilmdə dəyişdiyi bəzi
obrazların ifaçıları da yaxşı oynayır.
Artıq ayrılan vəsait xərclənmişdi, ayrılan
plyonka işlənmişdi, çəkilən çəkilmişdi.
Deməli, min bir əziyyətlə filmi yenidən ərsəyə
gətirmək rejissordan çox böyük məharət və
peşəkarlıq tələb eləyirdi. Bu çox çətin
və reallaşması ağır olan işi Rasim Ocaqov
yüksək peşəkarlıqla gördü. Moskvada bu
kinofilmə yenidən baxış oldu və filmi
nümayişə buraxdılar. Ekranlara çıxanda isə
müəyyən iradlar deyilsə də, bütövlükdə
kinofilmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Və
o da vurğulandı ki, “Azərbaycan kinosunda operator kimi
böyük işlər görmüş Rasim Ocaqov öz dəsti-xətti
olan bir rejissor kimi dəkino aləminə, dünyasınagəldi”.
Beləliklə, həmin vaxtdan
Rasim Ocaqovun rejissorluq fəaliyyəti
başladı. 1973-cü ildən isə artıq “Azərbaycanfilm”
kinostudiyasında quruluşçu-rejissor kimi
çalışmağa başladı. Bir-birindən peşəkar,
maraqlı kinofilmləri ekrana çıxdı. Bunlardan- “Ad
günü”, “Bağlı qapı”, “İstintaq”, “Tütək
səsi”, “Özgə ömür”, “Park” “Təhminə”, “Həm
ticarət, həm ziyarət”, “Ölsəm, bağışla”
kinofilmləri Rasim Ocaqovun yaradıcılığının
məhsulu kimi Azərbaycan kinosunu təkcə Sovetlər
Birliyində yox, dünyada tanıtdı. Sonuncu filmi “Otel
otağı” oldu. Yenə insan mənəviyyatı, insanın
iç dünyası bu kinofilmin əsasını təşkil
etdi. Ümumiyyətlə, hər kinofilmin bütöv bir
fikir, dərin qatlı tutarlı söz olması Rasim Ocaqov
yaradıcılığının məğzi idi.
İlk
məhəbbətini sevdiyi sənətdə tapan insan
Rasim
Ocaqovun yəqin ki, ağlına gəlmirdi ki, elə ilk məhəbbətini
də məhz kino sahəsində işlədiyi vaxt tapacaq. Bu
maraqlı məhəbbət dastanı belə yarandı. Rasim
Ocaqov “Onun böyük ürəyi” filmində Rəna
obrazını canlandıran Sveta xanım Cavadovaya aşiq olur.
Bu film aktrisanın çəkildiyi ilk və sonuncu film olur.
Sveta xanımCavadova ilə ailə həyatı quran rejissor onu
sənətdən ömürlük uzaqlaşdırır. Beləliklə,
orta məktəbdən tapıb bu filmdə Rəna roluna dəvət
etdiyi Sveta xanım Cavadovaya aşiq olması filmlər çəkməyə
Rasim Ocaqovun bir müddət ara verməsinə səbəb
oldu. Orta məktəbi qurtaran ərəfədə kinoya
çəkilməsi ilə bu aləmin möcüzəliyinə
vurulub ondan ayrılmayacağını zənn edən gənc
qız özü də bilmirdi ki, gənc operator da ona vurulub və
onu bu sahəyə gətirdiyi kimi də ayırmağa çalışacaq.
Bu sevgi onların evliliyi, Sveta xanımın isə kinoya həmişəlik
“əlvida” deməsi ilə sona yetir. Onlar çox mehriban ailə
qururlar.
Müstəqil
respublikanın ilk kino-studiyası
Artıq
Sovetlər Birliyində Mixail Qorbaçovun “yenidənqurma”
oyunu ilə bir çökmə, dağılma
başlamışdı. Kinofilmlər çəkməyə
pul ayrılmırdı. Kino sənayesi də artıq
çökürdü. Bunu ilk görənlərdən biri də
məhz Rasim Ocaqov oldu. Rasim Ocaqov filmlərini çəkməklə
məşğul olsa da, maliyyə
çatışmazlığını hiss etdiyinə görə
1990-cı ildə “Ocaq” studiyasını yaratdı və
öz sevimli işini bu müstəqil studiyada davam etdirməyə
başladı. O, Azərbaycanın elə rejissorlarından idi
ki, yalnız içindən keçənləri,
yaşadıqlarını ortaya qoyurdu. Ona görə də
çəkdiyi filmlər sevilir və illər sonra da
tamaşaçıya təsirsiz ötüşmürdü və
bu gün də aktualdır.
Səhhətindəki problemlərdən
əziyyət çəksə
də Rasim Ocaqovonu yıxan siqareti atmırdı. Daha
doğrusu, ata bilmirdi. Və gülə-gülə deyirdi ki,
“onun hər qullabı beynimdə yaranan bir süjetdən
çıxır”. Rasim Ocaqova sual verən jurnalistlərə
deyirdi ki, “müharibə filmləri çəkə bilmirəm,
çünki onu yaşamamışam”. Amma onun çəkdiyi
“Tütək səsi” kinofilmi Böyük Vətən
Müharibəsi dövründə arxa cəbhənin ən dəhşətli
hadisəsinə həsr olunmuşdu və
tamaşaçıların iliyinə qədər işləyirdi.
Artıq
Azərbaycan Kinematoqrafçılar
İttifaqında işləyəndə
isə Rasim Ocaqov daha kinofilm çəkmirdi.
Düşünürdü ki, “kimsə, işi olmayan rejissor
çəksin, onun artıq işi var və kifayət qədər
də film çəkib”. Həm də çoxlu aktyor, aktrisa
yetişdirib. Özü deməsə də hamı bilir ki,
Hacı İsmayılov, Fəxrəddin Manafov. Şükufə
Yusupova və başqa sənətkarlar məhz onun aktyor
tapıntılarıdır. Hətta indiyə qədər
operator Kənan Məmmədov Rasim Ocaqov məktəbindən
bəhrələndiyini deyir.
Yadıma
gəlir ki, 1986-cı ildə SSRİ dövlətlərindən
olan Ukrayna və Moldova teatrlarının Kişinyov şəhərində
festivalı keçirilirdi. Həmin tədbirdə jürinin
üzvi kimi Azərbaycandan dramaturq Kamal Aslanov və mən
göndərilmişdim. Orada təxminən iyirmi teatrın
tamaşalarına baxdıq. Moldovadan jüri üzvlərindən
biri İsa Hüseynovun “Tütək səsi” və
"Saz" povestlərinin motivləri əsasında Rasim Ocaqovun ekranlaşdırdığı
“Tütək səsi”
kinofilmində Cəbrayıl
obrazını çox maraqlı yaratmış moldov aktyoru
Mixay Volontir idi. Elə ilk gündən bizim onunla çox
yaxşı ünsiyyətimiz yarandı və biz bir neçə
dəfə şəkillər də çəkdirdik. Həmin
şəkillər mənim arxivimdədir. Bu münasibəti də
yaradan elə məhz Mixay Volontir özü oldu. Çünki
o, biləndə biz Azərbaycandan gəlmişik, Kamal Aslanova
və mənə yaxınlaşdı. Əlbəttə, biz
onun artıq Sovetlər Birliyində Budulay rolundan sonra çox
məşhur olduğunu bilirdik. O, “Tütək səsi”
kinofilminə çəkildiyi vaxt özünün ən
gözəl illərindən biri hesab etdiyini dedi. Və həm
də onu vurğuladı ki, “mən Rasim Ocaqovun vasitəsilə
sizin milləti çox sevdim və çəkiliş
vaxtı azərbaycanlıların necə qonaqpərvər
olduğunu gördüm. Ən əsası isə Rasim Ocaqov
kimi sizin çox istedadlı rejissorunuzla, İsfəndiyar
kişini oynayan Məmmədrza Şeyxzamanov və
Qılınc Qurban rolunu oynayan Yusif Vəliyev kimi
aktyorlarınızla tərəf müqabili oldum. Onların hər
üçünün yüksək peşəkarlığını
sevdim”.
Böyük rus aktyoru, Rusiya Teatr Xadimləri İttifaqının
prezidenti Aleksandr Kalyaqinlə Moskvada A.V.Lunaçarski
adına Dövlət Teatr Sənəti İnstitutunun
rejissorluq fakültəsində təhsil aldığım illərdə
tanış olmuşdum. O, təkcə yaxşı aktyor
deyildi və həm də çox savadlı, yüksək təfəkkürlü,
böyük ziyalı, yaxşı teatr rəhbəri idi. O
vaxt Aleksandr Kalyaqin Rasim Ocaqov haqqında belə bir maraqlı
fikir demişdi: “Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun
çəkdiyi kinofilmlərini götürsək, canlı
varlıq olan kino tam yarıçılpaq qalar”.
Bu, həqiqətən də belədir. O, təkcə kinofilmlər çəkməyib
və həm də Azərbaycan kinosuna çoxlu yenilik gətirib.
Bu xidmətlərinə görə də 1964-cü ildə
Çeçen-İnquş Respublikasının Əməkdar
incəsənət xadimi, 1967-ci ildə Azərbaycanın
Əməkdar incəsənt xadimi, 1982-ci ildə Xalq artisti fəxri
adlarını alıb. Rasim Ocaqov 1980-ci ildə Azərbaycanın
və 1981-ci ildə SSRİ-nin dövlət
mükafatlarına layiq görülüb. Böyük Azərbaycan
rejissoru, gözəl pedaqoq, çoxlu Azərbaycan
aktyorlarını kəşf edən Rasim Ocaqov 7 iyul
2006-cı ildə 73 yaşında ürək
çatışmazlığından dünyasını dəyişib.
Özündən sonra kino tariximizdə böyük bir məktəb
qoyub gedib.
Bir
sözlə, xalqımız belə klassik sənətkarı
ilə həmişə fəxr eləyə bilər.
Ağalar
İDRİSOĞLU,
Əməkdar
incəsənət xadimi,
yazıçı,
rejissor, dramaturq
SSRİ
dramaturqları laureatı
Azad Azərbaycan.-
2023.- 3 avqust.- S.4.