Ayrıca kino adası - Rasim Ocaqov
Redaksiyadan
Azərbaycan kino tarixində
əvəzsiz operator, rejissor,
ssenarist olan, kinomuzun inkişafı üçün böyük,
tarixi işlər görən, Azərbaycanın
və Çeçen-İnquş
Respublikasının Əməkdar
incəsənət xadimi,
Azərbaycanın Xalq
artisti, SSRİ və Azərbaycan Respublikasının
dövlət mükafatları
laureatı Rasim Mirqasım oğlu Ocaqovun 2023-cü ilin noyabr ayının 22-də
90 illik yubileyidi. Əlbəttə, bu yubiley dövlət səviyyəsində
yüksək formada keçiriləcək. Çünki belə fenomen sənətkarları heç
vaxt unutmaq olmaz. Xalqımız onları daha
yaxşı tanımalıdır.
Azərbaycan Milli Kinosunun 125
illiyi və Rasim Mirqasım oğlu Ocaqovun 90 illik yubileyi ilə əlaqədar avqust ayından başlayaraq, saytımızın
səhifələrində məşhur
rejissor, operator, ssenarist
Rasim müəllimə
həsr olunmuş yazıları çap edirik. Bütün yazarlardan və
sənət adamlarından
xahiş edirik ki, Rasim Ocaqovla
bağlı yazılarını,
xatirələrini bizim
saytın emailinə, ya da Əməkdar
incəsənət xadimi,
yazıçı-rejissor Ağalar
İdrisoğlunun emailinə-agalar-idrisoglu@mail.ru
göndərsinlər və
biz həmin yazıları
çap edək.
Şəfiqə Məmmədova: “Rasim
Ocaqov Milli Kinomuzun simvoludur”
Azərbaycan Milli Teatrımızın,
Milli Kinomuzun karifeylərindən biri, çox böyük sənətkar, Azərbaycan
incəsənətinə öz
adını qızıl
hərflərlə yazmış,
gözəl pedaqoq, yüksək təşkilatçı
insan, Xalq artisti Şəfiqə xanım Məmmədova teatr və kino
aləmində çoxlu
rejissorlarla işləyib.
Amma bu rejissorlardan elələri var ki, Şəfiqə xanım onları həmişə böyük
hörmətlə yad
edir. Bu rejissorlardan
biri də Xalq artisti Rasim
Ocaqovdur.
Şəfiqə xanım onun haqqında mətbuatda belə bir maraqlı
müsahibə verib. Biz həmin
müsahibəni bəzi
əlavələrlə çap
edirik:
“Bir vaxtlar Azərbaycan
Milli Kinosunun özündə elə bil ayrıca “kino adası” vardı - “Ocaqovun kinosu” var idi,
var və o həmişə yaşayacaq
adadır. Sanki özü üçün
yaratmışdı o aləmi,
o kino dünyasını
Rasim Ocaqov. Öz ssenaristləri ilə, öz sevimli aktyorları ilə, öz bəstəkarları
ilə, yaradıcı
heyəti ilə və bu aləm
sözün əsl mənasında onun əsl həyatı idi. O, başqa həyatı özü üçün istəmirdi.
Çünki bu həyat onu yaxşı mənada əsir eləmişdi.
Və mən özümü xoşbəxt
insan sayıram ki, Rasimin sənət
aləmində, onun kinosunda var idim. Mən onun
ən şöhrətli,
ən uğurlu filmlərində çəkilmişəm.
Bir yerdə yaşadıq o uğurları - “İstintaq”
filminə görə
SSRİ Dövlət Mükafatına,
“Ad günü” filminə
görə isə Azərbaycan Dövlət Mükafatına laiq görüldük. Bu filmlər mənim həyatımda, taleyimdə
ən bəxtəvər
və gözəl illər kimi yadda qalacaq.
Rasim Ocaqov öz aktyorlarını çox sevirdi. Onun üçün
filmin uğurunu şərtləndirən əsas
amil aktyor ansambılının bütövlüyü
idi.
Heç bir məsələdə kompromislərə getməzdi.
Dosluqda çox
möhkəm, vəfalı
və sədaqətli
insan idi.
Rasim Ocaqov mənalı və gözəl həyat yaşadı. Düz yaşadı! Heç nədə gözü
yox idi. Azərbaycan Milli Kinosu idi onun
varlığı, həyatı,
amalı.
Kamera, çəkiliş
meydançası və
öz dünyası -
bunlar idi onun dövləti, varı. O da bu varlığı, çəkdiyi
filmləri öz xalqına miras qoyub gedib. Xalqımız da həmişə yaşadır onun adını. Elə çəkdiyi kinofilmlər
də Rasim Ocaqovu əbədi yaşadacaq!
Hansısa tədbirdə çıxış
edəndə etiraf elədim ki, “ Mən səhnədə
və çəkiliş
meydançasında çox
xoşbəxt və azad idim”. Kamera qarşısında
isə çətin məqamlarda azad və xoşbəxt olmaq, yaşamaq, yaratmaq hissini mənə Rasim Ocaqov bəxş edib. Binlar üçün mən Rasimə minnətdaram! Minnətdaram
onun mənə olan böyük hörmətinə görə,
diqqətinə görə,
sevimli aktrisası olmağıma görə
və çox uzun illər davam edən dostluğumuza görə.
Ömrünün son aylarında bir yerdə idik həmişə. Demək olar hər gün İttifaqımızda
görüşürdük. Hansısa səbəblərdən çəkilişləri
dayandırmışdı. Çox narahat idi. Özünə yer tapmırdı.
Nəhayət bir gün çox ehtiyatla soruşdum: “Rasim, nədir səni incidən, səni belə narahat edən?” Üzümə baxdı və
susdu. Sonra çox inandırıcı
və məyus şəkildə cavab verdi:
- Şəfiqə xanım. Çəkmirəm, deməli yaşamıram. Mən belə yaşaya bilmirəm. Mən belə yaşamaq istəmirəm.
Elə də oldu... Rasim yaşamadı... Sənət
dünyasına, dostlarına, həmkarlarına “əlvida” dedi.
Azərbaycan Milli Kinomuza elə bir böyük itki üz vermişdir ki, bu günə kimi biz onun ağrısını çəkməkdəyik. Azərbaycan kinosu “həyatın dibinə” yuvarlanıb…İndi “həyatın dibindən” çıxarmağa yollar axtarırıq…
Ömrünü Azərbaycan
kinosuna həsr elədi Rasim
Ocaqov və özü
ilə kinomuzun təkrarsız
epoxasını da apardı. Artıq bu gün Rasim
Ocaqov Milli Kinomuzun bir
simvolikasıdır!
Çox əfsus ki, Azərbaycan Milli Kinosun 125 illiyini onsuz keçirtdik. Amma mən inanıram ki,
2023-cü ilin avqust
ayının 2-də Azərbaycan Milli Kinomuzun 125 illiyini Nizami Kino Mərkəzində
ketirdiyimiz vaxtı bütün
kino karifeylərimizin ruhu
kimi Rasim Ocaqovun da ruhu
orada idi və bizi maraqla seyr
edirdi. Bizə xeyir-dua
verirdi…
Şəfiqə
MƏMMƏDOVA,
Xalq artisti, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının sədri,
SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı,
professor.
Azad Azərbaycan 2023- 10 avqust.- S.7.