Onun kimi olmaq mümkün deyil
Redaksiyadan
Azərbaycan kino tarixində əvəzsiz operator, rejissor, ssenarist olan, kinomuzun inkişafı üçün böyük, tarixi işlər görən, Azərbaycanın və Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Rasim Mirqasım oğlu Ocaqovun 2023-cü ilin noyabr ayının 22-də 90 illik yubileyidi. Əlbəttə, bu yubiley dövlət səviyyəsində yüksək formada keçiriləcək. Çünki belə fenomen sənətkarları heç vaxt unutmaq olmaz. Xalqımız onları daha yaxşı tanımalıdır.
Azərbaycan Milli Kinosunun 125 illiyi və Rasim Mirqasım oğlu Ocaqovun 90 illik yubileyi ilə əlaqədar avqust
ayından başlayaraq,
saytımızın səhifələrində məşhur rejissor, operator, ssenarist Rasim müəllimə
həsr olunmuş yazıları çap edirik. Bütün yazarlardan və sənət adamlarından xahiş edirik ki, Rasim Ocaqovla
bağlı yazılarını, xatirələrini bizim saytın emailinə, ya
da Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun
emailinə-agalar-idrisoglu@mail.ru göndərsinlər və biz həmin yazıları çap
edək.
Ağır
təbiətli, qaraqabaq, ürəyitəmiz, zəhmətkeş
və vicdanlı insan
Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Rasim Ocaqov kinomotoqrafiyada maraqlı yaradıcılıq yolu keçsə də, Azərbaycan tamaşaçılarının sevdiyi və dönə-dönə izlədiyi filmlərə imza atsa da, ən əsası tamaşaçı üçün danışmağa sözü çox olsa da, jurnalistlərə müsahibə verməyi o qədər də xoşlamırdı. "Hələ yeni işim yoxdur, nə danışacam? Köhnə söhbətləri nə qədər demək olar”,- deyərək, mətbuat işçilərindən bir qədər kənar gəzirdi. Hərçənd, bir dəfə "şeytanın qıçını qırıb” uzun müddətlik susqunluqdan sonra ”Kaspi” qəzetinə
müsahibə verdi. Mən
də həmin söhbəti yazıya köçürtdüm.
Onun söhbəti də sırf nostalji hisslərə köklənmişdi.
Rasim Ocaqovun kamerası
Rasim Mirqasım oğlu Ocaqov 1933-cü ildə Şəkidə dünyaya gəlib. Uşaqlıqdan foto ilə maraqlanır və həvəskar şəkillər çəkirdi. Arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlib. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün onların yanına gedib. Sirli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alıb. Rasim Ocaqov orta məktəbi bitirdikdən sonra Moskvaya gedib. Dünya şöhrətli Moskva Ümumittifaq Kino İnstitutuna daxil olan gənc rasim, 1951-1956-cı illərdə kinooperatorluq fakültəsində dərs alıb.
B.Qolovnya və L.Kosmatov kimi sənətkarların emalatxanası ona kino aləminin möcüzəli sirlərini açıb. 1956-cı ildən "Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi çalışmağa başlayan Rasim Ocaqov, ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. 1958-ci ildə çəkdiyi “Onun böyük ürəyi” filmi isə Rasim Ocaqovun ilk sərbəst işi idi. Kinofilm Sumqayıt metallurqlarının çox ağır, məşəqqətli həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdı. İnsanların od püskürən soba qarşısındakı gərgin anları, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılıb ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır.
Bu filmdə Rasim
Ocaqov həm də özünü
psixoloji anların ustası kimi təsdiq etdi. O cümlədən, “Bir cənub
şəhərində”, “Bizim
küçə” kinofilmləri onun
kamerası və uşaqgörən təxəyyülü ilə
çəkilib. “Əsl dost”, “Mən rəqs
edəcəyəm”, “Sən niyə susursan?”
və “Skripkanın sərgüzəşti” kinofilmlərindəki
işi ilə Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yatmağa
müvəffəq olub. Ancaq
o, içində kinoya
aşıb-daşan sevgisinə, yaradıcılıq arzusuna təkcə kameradakı işi ilə cavab tapa bilmirdi. Məhz buna görə Rasim Ocaqov rejissor kimi özü film çəkmək istəyir. Bu arzu ilə Mirzağa
Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rejissorluq
fakültəsinə daxil olub,
bu təhsil ocağını bitirsə də,
kino çəkmək arzusunu
tezliklə həyata keçirməyə və
reallaşdıra bilməyib.Ona kinofilm
çəkməyi həvalə etmirdilər. Bir gün “Azərbaycanfilm”in
rəhbəri onu çağıraraq “sənə
Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan,
rejissor olacaqsan, bacarmasan, kino üzünə
həsrət qalacaqsan”,- deyir.
Beləcə Hüseyn
Seyidzadənin çəkdiyi “Gəncəbasarlı
qisasçı” kinofilmi Rasim
Ocaqova həvalə olunub.
Tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə
o, qəhrəmanların
ifaçılarını dəyişir, ssenarini
yenidən işləyir. Qatır Məmməd obrazını
isə görkəmli aktyor Şahmar Ələkbərova
tapşırır. Film ekranlara
çıxanda isə müəyyən iradlar
deyilsə də, bütövlükdə ekran
əsərinin uğurlu olması mətbuatda
geniş qeyd edilib. Bununla da Rasim Ocaqovun
rejissorluğu yolunda
yaşıl işıq yanıb. Rasim Ocaqovun həyat hadisələrini, ətrafındakıları
kameranın ştativindən dəqiq görüb-göstərmək
bacarığı ona rejissorluq
fəaliyyətində də uğur
qazandırıb.
Rasim Ocağovun rejissor kimi ikinci işi Xalq yazıçısı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” kinofilmi olub. Film öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib.
“İstintaq”, “Özgə ömür”, “Park”, “Təhminə”, “Bağlı qapı”, “Həm ticarət, həm ziyarət”, “Ölsəm, bağışla” kinofilmləri Rasim Ocaqovun filmoqrafiyasının incisinə, tamaşaçıların sevimli filmlərinə çevrilib. Rejissorun sonuncu filmi isə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkdiyi “Otel otağı” olub.
Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərib, milyonların rəğbətini qazanıb. Rasim Ocaqovun hər filmi aktyorlar üçün yeni bir məktəb idi. Çünki aktyorlarla fərdi işləmək bacarığı onun filmlərində koloritli üslubda təqdim olunurdu. O, həyatı boyu müasiri olduğu zamanın və insanların mikroaləmini ekranlara məqsədyönlü şəkildə gətirməkdə, filmlərində bədii-estetik dəyərləri yüksək səviyyədə təqdim etməkdə israrlı idi və bunu da edirdi. Bacarırdı. Onun ekranda yaratdığı personajlar həyatiliyinə, təbiiliyinə görə düşüncələrimizin bir hissəsində kök
sala bilirdilər.
Bəxtim onda gətirib
ki... Rasim Ocaqovun öz
aktyor komandası vardı - onlarla işləməyi xoşlayırdı.
Mənim öz qrupum
vardı. Eyni adamlarla
işləyirdim. Mən onlara,
onlar da mənə öyrəşmişdilər.
Bilirdilər ki, çox
tələbkaram. Kinofilm elədir
ki, qurtarandan sonra təzəsini çəkmədinsə, onlar
işləmək üçün
başqa qruplara gedirlər. Amma o adamlarla
ki, işləmişəm,
indi də onları sevirəm.
Onlar mənimçün indi
də doğmadır.
Allah qoysa, yenə
film çəkməyə başlasam, yenə öz qrupumu yaradacağam”- deyə
"Kaspi” qəzetinə
müsahibəsində demişdi.
Rejissor kimi çəkdiyi filmlərin uğurundan razı idi Rasim
Ocaqov: “On iki bədii film çəkmişəm,
heç birindən utanmıram. Məndə sifarişli filmlər
heç vaxt olmayıb. İstədiyim şeyləri çəkmişəm”.
1990-cı ildən "Ocaq” studiyasını yaradan Rasim Ocaqov
öz sevimli işini müstəqil davam etdirməyə başlayır.
Son illər Rasim
Ocaqovu Azərbaycan kinosunun vəziyyəti çox narahat edirdi. Rejissor kinodakı
keçirdiyi illərindən
söz düşəndə
1960-70 və ya 80-ci illəri xatırlayırdı
və deyirdi: “Mənim bəxtim onda gətirib ki, Azərbaycan kinosunun yaxşı illərində
işləmişəm. O vaxtlar
Azərbaycan kinosunun
ən yaxşı dövrü idi. Atmosfer tamamilə ayrı cür idi. Günlər də tez uçub gedirdi. Axır illər ki, kinoda çətinliklər
oldu, elə bil günlər də yavaş-yavaş getməyə başladı.
İndi məndə istər-istəməz sovet dövrünün xiffəti
var. Düzdür, o dövrün
pis tərəfləri
də vardı.
Amma yaxşı tərəfi daha çox idi... Hər şey arxada qaldı... Əgər 40-50 yaşım
olsaydı,
deyərdim ki, hələ hər şey irəlidədir.
Ancaq qabaqda heç bir ümid yeri yoxdur” ,- deyə
ümidsizliyə də
qapılırdı Rasim
Ocaqov.
Bundan sonra Rasim Ocaqov
olmayacaq
Rasim Ocağovun filmlərində
rol alan
aktyorlar bu gün onun kimi
rejissorların olmamağını
milli kinomuz üçün böyük
itki hesab edirlər:
- Rasim Ocaqovun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı,
psixologiyası, həyatdakı
mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin
mənəvi keyfiyyətlərinin
təhlil obyektinə çevirmək idi. O, çəkdiyi
filmlərdəki personajları
yalnız tamaşaçıya
təqdim etmək məqsədi güdmürdü.
Müxtəlif fonlu çəkilişləri ilə
həm naturanın əhəmiyyətini, dekorasiyaların
uyğunluğunu, personajların
xarakterik sifətlərində
əks olunan hadisələrin dəqiq ünvanını tamaşaçıya
çatdırıb, onu
kinonun ibrətamiz, dəyərli keyfiyyətlərinə
heyran qoyurdu,- deyən Xalq artisti, hamımızın
sevimlisi, Azərbaycan kinosunda çox böyük işlər görən Rasim Balayev bir neçə
filmində rol aldığı Rasim Ocaqovu böyük sənətkar kimi xatırlayır: “Rasim Ocaqov Azərbaycanın ən görkəmli rejissorlarından biridir. O,
milli kino tarixində öz dəsti-xətti olan, yaratdığı əsərlərlə
Azərbaycan tamaşaçısının
qəlbində yaşayan
sənətkardır. Rasim Ocaqov
çox ciddi, intizamlı, ədalətli
insan idi. Azərbaycanın bir neçə
ustad sənətkarları
olub, mən deyərdim ki, onların içərisində
əsl vətəndaş
sənətkarlardan biri
də Rasim Ocaqov idi. Çox xoşbəxtəm ki, onun dörd kinofilmində çəkilmişəm.
Rollarımın bəzisi əsas,
bəzisi isə epizodik rollar olub.
Rasim Ocaqov kinonu dərindən bilən, sevən bir sənətkar idi. Aramızda yaş fərqinə baxmayaraq, onunla dostluğumuz da vardı. Hələ lap ilk işindən o, operator kimi məni “Ömrün ilk günü” filminə çəkib. Ondan sonra Rasim Ocaqova “Qatır Məmməd” filmini verdilər, mən də orada çəkildim. O vaxtdan biz dostluq edirdik və axırıncı illərdə də bir yerdə işləyirdik”.
Aktyor Rasim Balayev, Rasim Ocağovu əvəzolunmaz insan adlandırır: “Rasim Ocaqov kimi olmaq qətiyyən mümkün deyil. Rasim Ocaqovun özünəməxsusluğu, öz dünyagörüşü, öz baxışı, öz düşüncə tərzi vardı.
Çox əfsus ki, bundan sonra ikinci
Rasim Ocaqov olmayacaq. İndi gənclərin hansının
istedadlı, hansının
istedadsız olduğunu
bilmirəm. Hələlik, adamın gözünə
qabarıq dəyən
adamları görə
bilmirəm. Amma yəqin
ki, yetişməlidir.
Çünki həyatın qanunauyğunluğu
var - zaman öz sənətkarını
yetişdirir. Ola bilsin
ki, bəzən müəyyən sənət
növlərində bir
az durğunluq
olur, obyektiv və subyektiv səbəblər üzündən
bir az tənəzzül
baş verir.
Bu da yəqin ki, müvəqqətidir.Tarixdə
belə hallar baş verib vəverir. İncəsənətin bütün növlərində
bu cür hadisələrə rast gəlmək mümkündür.
Məsələn, bir
neçə il bundan əvvəl muğam sənəti ölkəmizdə
arxa plana keçmişdi. Bildiyiniz kimi, indi muğam
sənətinə yüksək
diqqət və qayğı göstərilir.
İstedadların yetişməsi üçün
şərait yaradılır.
Bu, çox amillərlə
bağlıdır. Mən inanıram
ki, zaman öz sənətkarını
yetişdirəcək. Ancaq bütün hallarda, Rasim Ocaqov olmaq
mümkün deyil”.
Rasim Ocaqov “Günəşin kələfi” adlı kinofilmini çəkmək
haqda düşünürdü.
Baş rolda sevimli aktyoru
Fəxrəddin Manafov
olacaqdı. Kinofilmin ssenarisini
də oxumağa ona vermişdi. Amma qəfil ürək tutması tanınmış rejissorun
bu müqəddəs məqsədinin qarşısına
sədd çəkdi...
Rasim Ocaqov 2006-cı il iyulun
12-də, 73 yaşında həyatdan
köçdü. Ancaq
kino tariximizdə bir-birindən maraqlı, baxımlı filmləri, onu yaxından tanıyan, bir komandada çalışan
insanların yaddaşında
isə ağır təbiətli, qaraqabaq, ürəyitəmiz, zəhmətkeş
və vicdanlı insan kimi qaldı...
Təranə
MƏHƏRRƏMOVA
Azad Azərbaycan 2023- 10 avqust.- S.7.