Sözün, nəğmənin ilahi
gücünü yaşadan sənətkar
"İlahidən pay yoxsa, dəyərli
bir sənət nümunəsi yaratmaq mümkün deyil"
Müğənni, bəstəkar Zəka Vilayətoğlu ilə müsahibə:
-Salam Zəka
müəllim. Xoş
gördük. Redaksiyamıza
xoş gəldiniz. Sizə ənənəvi olaraq bir sual
verəcəm. Zəka
Vilayətoğlu kimdir?
-Salam! Xoş gördük, Günel xanım! Təşəkkür edirəm!
Zəka Vilayətoğlu mənim çox yaxşı tanıdığım adamdır. Bütün yaxşı və zəif, bəzən heç xoşlanmadığım cəhətləri ilə mənə doğma olan birisidir. Musiqiyə, sözə könül vermiş, özünü onlarsız heç cür təsəvvür edə bilməyən sadə bir sənət adamıdır, Zəka Vilayətoğlu! Elini, obasını, xalqımızı, vətənimizi candan sevən bir vətən övladıdır!
-Sizi ən çox müğənni kimi tanıyırıq. Özü də sevilən müğənni. Amma həm də şair, yazıçı, bəstəkar fəaliyyətiniz də var. Bu barədə oxucularımıza məlumat verərdiniz.
Çox şadam ki, məni bir müğənni kimi tanıyır və dəyərləndirirsiniz! Sənət adamı üçün bundan gözəl nə ola bilər?! Əgər bilsəydim ki, səsimin, ifalarımın, nəğmələrimin, insanlar üçün bir dəyəri yoxdur, həmən bu işdən vaz keçər, nə vaxtımı itirər, nə də insanları incidərdim. Amma illər boyu hər yerdə məni tanıyanların sevgi və sayğısına tuş gəldikcə ruhum qanadlanıb, ürəyim, sözlə ifadəolunmaz dərəcədə fərəhlə döyünüb.
Şairliyə, yazıçılığa, bəstəkarlığa gəldikdə isə, bu da Tanrının mənə bir lütfü, bir ənamıdır, desəm, yanılmaram. Amma bu lütf, bu ənam hansı xidmətimə görədir, deyə bilmərəm. Tanrı hər yaratdığına mütləq mənada xoş olan nələrsə bəxş edir. Adi halımda mən özümü şair, yazıçı, bəstəkar hesab etmirəm. Olur ki, ruhumda, qəlbimdə bir sükunət hiss edirəm. Sanki fırtınadan, təlatümdən yorulub, sakitləşmiş bir dəniz sakitliyi yaranır ruhumda, qəlbimdə. Şairlikdən, yazıçılıqdan xəbər verə biləcək bir sözün çırpıntısını belə hiss etmirəm. Qısası, hər şey İlahinin qüdrətinə, hikmətinə bağlıdır. Bəstəkarlıq da həmçinin. Mahnı bəstələyərkən mətnlərdən çox şey asılı olur. Yaxşı mətnlər könlümü oxşayınca musiqisi çox rahat bəstələnir.
-Zəka müəllim, bildiyimiz qədər çoxlu sayda bəstələriniz
var. Ümumiyyətlə,
bütün bunlar sizin üçün bir məktəbdi, yoxsa Allah vergisi?
Bəli, düz vurğuladınız çoxlu sayda bəstələrim var. Ədəbi aləmdə tanınmış şairlərin şeirlərinə və digə şeirlərə mahnı bəstələmiş və ifa etmişəm. Az öncə qeyd etdiyim kimi, bunlar hamısı Allah vergisidir. İlahidən pay yoxsa, dəyərli bir sənət nümunəsi yaratmaq mümkün deyil. Təbii ki, hər bir istedadın yetişməsində məktəbin rolu böyükdür. Bu məktəb əyani şəkildə də ola bilər, qiyabi şəkildə də. Yəni müəllim, ustad yanına dərs almağa getmədən, geniş mütaliə, zəhmət və gərgin axtarışlar nəticəsində püxtələşmək, öz cığırını, öz yolunu açmaq mümkündür. Bir şərtlə hər şeyi şüurlu şəkildə edəsən. Əks halda təqlidçilik baş verir və açılmış, keçilmiş yolla getməyə məcbur olursan.
-Deyərdim
ki, yerin, yurdun da burda payı var. Siz Vətənimizin dilbər
guşəsi Gədəbəydənsiniz. O dağların
havası sizin ruhunuza hopub. Elə deyilmi?
Heç
şübhəsiz! İnsan övladı dünyaya gələrkən
ilk gördüyü anası, sonra atası, daha sonra
doğulduğu mühit olur. Zənnimcə, insan, zahiri
görünüşşcə ata-anasına oxşasa da, daxilən,
mənəvi baxımdan, daha çox doğulduğu, boy
atdığı mühitə bənzəyir. Necə ki mənim
doğulduğum mühitin insanlarının böyük əksəriyyəti
qəlbən, ruhən saza bağlıdırlar. Çünki
onlar gözlərini dünyaya açandan, ana laylası ilə
yanaşı saz musiqiləri dinləyib, sazın sədaları
altında boy atıblar. Bir sözlə, mənim həyatımda,
yaradıcılığımda doğulub, boy
atdığım ulu yurdumuzun, gözəl təbiətimizin
rolu çox-çox böyükdür. Mən dağları
anam qədər sevirəm. Dağlar mənə
saflığı, ucalığı öyrətdi. Əlbəttə,
deyə bilmərəm, o öyrəndiklərimə əməl
edə bildim, ya yox... Bildiyim bir bu ki, dağlara,
doğulduğum yurdun gözəl təbiətinə candan
bağlıyam. Hansı ki, hər dağlarla görüşə
gedəndə gözlərim dolur, kövrəlirəm.
Qollarıma, qucağıma sığsa, doğma anam kimi
qucaqlayıb daş üzündən öpər,
bağrıma basaram.
Dağların
görüşünə getdiyim günlərin birində anidən
ruhumda cilvələnən bir şeirimi sizinlə
bölüşmək istəyirəm:
Nə
zamandır, görməmişdim,
Dağları
gördüm, ağladım!
Hər
daşına, qayasına
Üzümü
sürtdüm, ağladım!
Daşyarpızı
qoxusuna,
Quşların
şən oxuşuna,
Bayıldım,
düşdüm ovsuna,
Gülünü
dərdim, ağladım!
Bu daş
vətən, bu dağ vətən,
Bu
çağlayan bulaq vətən
Yaxın
vətən, uzaq vətən,
Sevincim, dərdim,
ağladım!
Bir
qüdrətdi, əzəmətdi,
Mənə
ucalıq öyrətdi,
Zəka,
bu nə məhəbbətdi,
Könlümü
verdim, ağladım!
-Sənət
aləmində sözünüzü yetərincə deyə
bimisiniz, yoxsa hələ planlarınız var? Yəni bəstəkar,
müğənni kimi...
Hələ
sözüm çoxdur. Mahnılarım çoxdur. Sadəcə
təbliğatı zəifdir. Bəzən görürsən,
çox adi, çox bəsit bir mahnını o qədər təbliğ
edirlər ki, artıq sənin də beynində gün ərzində
səslənməyə başlayır. Çoxluq da elə zənn
edir, elə ən yaxşı mahnı budur və beləcə
insanların zövqü olduqca korlanır. Amma ruhdan
düşmürəm. Nə qədər ki enerjim, həvəsim
var, yeni nəğmələr yazıb oxuyacağam.
İnanıram, sabah, birigün və ya mən həyatda
olmayanda kimlərsə yazdığım mahnılardan birini,
bir neçəsini yada salacaq, işığa
çıxaracaq. Heç nəyin boşuna yaranmadığına
güclü bir inamım var...
-Ədəbi
sahədə necə, qələminiz susmayıb ki?.. Oxucularımızı yeni əsərlərinizlə
nə vaxt sevindirəcəksiniz?
Ədəbi
sahədə də axtarışlar davam edir. Ara-sıra
şeirlər yazıram. Könlümcə olanını
sosial şəbəkələrdə paylaşıram. Nəsrdə
isə,.. çoxdandır bir roman üzərində işləyirəm.
Ümid edirəm, 2024-də kitab halında oxuculara təqdim edəcəm.
Keçək bir az ictimai mövzuya. Son zamanlar,
şair, bəstəkar, müğənni çoxalıb. Amma
keyfiyyət aşağıdır. Bir sənətkar kimi buna
baxışınız?
Bu,
bütün sahələrdə belədir. Sadəcə
şair, müğənni, bəstəkar üzdə
olanlardır deyə, onlar tez nəzərə
çarpırlar. Əlbəttə, bu, heç də ürəkaçan
deyil. Azadlıq gözəl nemətdir, amma musiqidə, ədəbiyyatda
yaranan bu azadlıq, cilovsuz, yəhər-yüyənsiz xəfkir
ata bənzəyir. Dəlicəsinə hara gəldi, necə gəldi
çapır, belindəki adamın daşa-qayaya
çırpılıb tikə-parça olacağının
fərqinə də varmır. Bax, beləcə, miusiqimizdə
və ədəbiyyatımızda baş verən bu cür
azğın azadlıq ruhumuzu, qəlbimizi tikə-parça
etməkdədir. İnsanlarımızın zövqü günbəgün
korlanır, bəsit, bəzən ədəbsiz nümunələrə
meyl edənlərin sayı günbəgün artır.
Bunların arasından seçilmək, boy göstərmək
müşkülə çevrilir.
-Bəziləri
ağlına nə gəldi edir və zamanın üzərinə
buraxır. Zamanı yükləyən bu cahil təbəqə
sizin kimi sənət adamının vaxtını,
zamanını əlindən almırmı?
Hər kəsin
bir ömür payı olduğu kimi, bir ömür vaxtı da
olur. Bu qiymətli vaxtdan hərə bir cür istifadə edir.
Əlbəttə hər ağlına gələni cəmiyyətə
sırıyıb vaxtı, zamanı gərək
bulandırmaya, çirkləndirməyəsən. Öz
ömür vaxtından səmərəli istifadə edənlər
ağıllı adamlardır. Yəni bu səmərə tək
onun özü üçün deyil, cəmiyyət, xalq, vətən
üçündür və belə olan halda insan xoşbəxt
olur. Vaxtın önəmi, dəyəri mənim
üçün olduqca böyükdür. Hər yeni
mahnı, şeir, hekayə yaznda, elə bilirəm,
ömrüm on il də uzanır. Ona görə də
vaxtımı səmərəli işlərə sərf etməyə
çalışıram. Bəzən bu vaxtın arasına həyasızcasına
soxulanlar da olub, vaxtımı oğurlayıb. Buna çox təəssüflənmişəm.
Gərək gərəksiz işlərə, gərəksiz
adamlara vaxt sərf etməyəsən.
-Mən
sizdən müsahibə götürəcəyim haqda anam Nəcibə
İlkinə deyəndə,
sizi çox təriflədi. Hətta çox şeyləri
ondan öyrəndim. Zaman, deyəsən, anam kimi, sizin kimi dəyərli
qələm adamlarına az işləyir?
Bu işdə
zamanın heç bir günahı yoxdur.
Yaşadığım illər boyunca bir həqiqəti dərk
etdim ki, sən özün cəfa çəkib alaq
otlarının arasından boy göstərməsən, dik
dayanmasan kimsə səninlə ilgilənməyəcək. Bu,
heç çoxlarının marağında da deyil. Hərdən
də fikirləşirəm ki, axı mənimlə
maraqlanmağa, mənim işimi, sənətimi dəyərləndirməyə,
nə bilim təbliğ etməyə bir kimsə borclu deyil. Bu
yöndə kimsənin bir öhdəliyi də yoxdur. Hə
olsun, mən müğənniyəm, yazıçıyam,
şair, bəstəkaram. Olsun, lap yaxşı. Bundan kimə nə?..
Və beləcə öz hücrəmə çəkilib
kimsədən diqqət, qayğı ummadan, gözləmədən
öz xoşbəxt yaradıcı həyatımı
yaşamağa davam edirəm. Gözəl olan budur.
Yaradıcılıq nümunələrim hər kimin
könlünü xoş edər, ruhunu qidalandırar, bu da məni
rahat edər. Həyat budur, yaşamaq budur, gözəllik
budur!
-Hər
halda C.Novruz
demişkən "Sağlığında qiymət verin
insanlara" fikri sizə də
şamil olunur. Dəyərinizi
almaq sizin haqqınızdır.
Düz deyilmi?
Sizin kimi
qiymət, dəyər verən insanlar var olsun. Yada salır,
diqqət göstərirsiniz. Bu, mənim ən gözəl
mükafatımdır. Sizin kimi insanların varlığı,
sənət adamlarının varlığı deməkdir. Siz
olmadan sənət adamı kim üçün yaradar, kim
üçün yaşayar? Dünyada ən ağrılı
və ən çətin və ən qorxulu şey bir
insanın, yalnız özü üçün
yaşamasıdır. Sizin dediyiniz o böyük dəyərə
gəldikdə isə, düşünürəm, hələ
ki mən o böyük dəyərə layiq elə bir iş
görməmişəm. Hələ vaxta var, hələ həyat
davam edir!..
-Zəka
müəllim söz, musiqi eyni yol gedir. Ayrılmaz dostdrular.
Əsas sizin onlara olan sevginiz və bu sevgidən yaranan əsərlərdir.
İstər musiqiçi kimi, istər şair, yazıçı
kimi onlarla yol getmək çətinlik törətmir ki, sizə?
Müsahibələrimin
birində demişdim: Söz və musiqi mənim ruhumun
qanadlarıdır. O qanadlarla ruhum fəzalara uçur. O
qanadlar olmadan özümü yerə
çırpılmış gərəksiz bir əşya kimi
hiss edərəm.
-Sonda
ailənizdə yolunuzu davam edən kimsə varmı?
Davam etdirən
yoxdur. Özüm istəmədim. Oğlum Əli və
Toğrul musiqiyə çox bağlıdırlar. Amma istəyirəm
ciddi, savadlı elm adamları olsunlar. Əli bu il on birinci sinfi
bitirdi. Tələbə adını qazanacağı
günü həyəcanla gözləyirik. Toğrul isə
bu il səkkizinci sinifdə oxuyacaq. Humanitar fənnlərə
marağı böyükdür. Güclü fantaziyası var.
Gələcəkdə yazıçı olacağından
şübhələnirəm. Olsun! Etirazım yoxdur. Bununla
yanaşı ciddi elm adamı olmağını istəyirəm.
Maraqlı
müsahibə üçün çox sağ olun Zəka
müəllim. Sizə işinizdə və həyatınızda
uğurlar diləyirəm.
Günel Əhmədqızı
Azad Azərbaycan.-
2023.- 31 avqust.-S.5.