Zəhmətinin
uğurunu qazanan aktrisa
(Portret cizgiləri)
Gülər Nəbiyeva: “Sənət aləmi
daşlı-kəsəkli bir yoldur və bu yoldan da gərək
elə ustalıqla keçəsən ki, ayaqlarını
daşlar kəsməsin və beyinin tormuzlanmasın”
Belə
bir deyim var, ”Hər şeyi istedad həll eləmir. Əgər
istedad əlli faizdirsə, əlli faiz də zəhmət
olmalıdır. Yoxsa insan fikirləşdiyi arzuları
reallaşdıra bilməz”. Bax, sizə söhbət
açacağım aktrisa da bu uğurları həm
istedadı və həm də böyük, yorulmaz əməyi
sayəsində əldə edib. Amma heç vaxt özündən
razı deyil və həmişə də
axtarışdadır. Oynadığı hər bir rolda, dediyi
hər bir şeirdə və yazdığı ən
kiçik essedə böyük zəhmət, əziyyət
çəkir. Çünki mən, rejissor kimi quruluş
verdiyim tamaşalarda, onunla rolları üzərində işləyəndə
bunun tam şahidi olmuşam. O, həmişə roluna hazır
gəlib və məşqlərdə də böyük həvəslə
işləyib. Özü də təkcə mən yox,
bütün rejissorlar ondan həmişə razı
qalıblar. Ona görə də teatrda olan tamaşaların
çoxunda o, bir-birindən maraqlı rollar oynayır və həmişə
də zəhmətkeş aktrisa kimi
tamaşaçıların alqışlarını
qazanır. Bu istedadlı aktrisa, Əməkdar artist Gülər
xanım Nəbiyevadır. Onun haqqında, oynadığı
rollarla bağlı çox yazılıb və bundan sonra da
çox yazılacaq. Mən də bu portret cizgiləri
adlandırdığım yazımda onu bir daha sizə təqdim
edirəm, əziz oxucular. Kim bilir, bəlkə valideynləri
bir vaxtlar Cəfər Cabbarlının “Oqtay Eloğlu”
tamaşasına baxandan sonra, Oqtayın bacısı Gülərin
adını ona qoyublar? Ona görə qoyublar ki, özləri
də bilmədən Gülər teatr aləminə gəlsin...
Qısa
arayış: Gülər Nəbi qızı Nəbiyeva 1970-
ci il iyul ayının 15 də Yevlax rayonunun Yuxarı Bucaq kəndində
anadan olub . İlk təhsilini kəndin 8 illik məktəbində,
orta təhsilini isə Xaldan kənd kompleks orta məktəbində
alıb. Sovetlərin vaxtında Xaldan kənd kompleks orta məktəbi,
SSRİ miqyasında təhsil səviyyəsinə görə
çox tanınırdı. Hətta şagirdlərin ali məktəbə
qəbuluna görə SSRİ miqyasında
üçüncü məktəb idi. Bu məktəbi bitirənlərin
demək olar ki, hamısı ali məktəblərə daxil
olurdu. Şünki həmin vaxtı orada çox yüksək
maarif xadimi, böyük təşkilatçı insan Zahid
Şöyübov həmin məktəbin uzun illər direktoru
işləyirdi. Hətta məktəbin bu uğurlarına
görə dahi rəhbər Heydər Əliyev birinci hakimiyyəti
dövründə ora gəlib və bu məktəbin
uğurları ilə daha yaxından tanış olub. Gülər
xanım da məhz bu məktəbdə orta təhsil alıb.
Gülər xanın orta təhsilini başa vurandan sonra ali təhsilini
1989- cu ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunda ( indiki Dövlət Mədəniyyət və
İncəsənət Universitetində) dram və kino
aktyorluğu fakültəsində davam etdirib. 1994 cü ildə
qırmızı diplomla universitüti bitirib. Hələ
institutda oxuyarkən Bakı Kamera Teatrında 1992- ci ildən
işləməyə başlayıb. Bu da Gülər
xanımın peşəkar səhnə həyatının
başlanan maraqlı bir yolu olub. O, insitututu bitirdikdən
sonrada Bakı Kamera Teatrında işini davam etdirib. 2009-cu ildə
Kamera Teatrı Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı ilə birləşəndə,
öz işini bu teatrda davam etdirib. Bu gün də həmin
teatrın aparıcı aktrisalarından biridir.
- Salam
Gülər xanım. Sizə ənənəvi bir sual verim.
Necə oldu ki, siz aktrisa oldunuz?
- Salam. Mən
lap uşaq yaşlarımdan şeiri çox sevmişəm. Həmişə
də məktəbdə, evdə şeir deyirdim. Desəm ki,
bu mənim ayrılmaz bir dünyam olub, buna tam inanın. Elə
indi də şeirsiz həyatımı təsəvvür belə
eləyə bilmirəm. Demək olar hər gün şeir
oxuyuram və xoşuma gələnləri mənimsəyirəm.
Sinif rəhbərim Əliağa müəllim mənim bu
sevgimi görüb valideyinlərimlə danışıb
onları razı saldılar ki, mən sənədlərimi məhz
Azərbaycan Dövlət İncəsənət İnstitutuna
verim. (O vaxt belə adlanırdı.) Mən də sənədlərimi
aktyorluq fakültəsinə verdim və qəbul oldum. Beləliklə,
səhnə həyatıma başlayacağım maraqlı yol
belə oldu. Artıq otuz bir ildir ki, bu çətin,
ağır, məşəqqətli yol davam eləyir.
Açığı aktyorluq sənəti çox çətin
bir sənətdir və çox vaxt da rejissorlardan
asılı olursan. Amma mən bu sənətdə “öz
qurdumu öldürmək” üçün bədii qiraətlə
də məşğul oluram. Sevdiyim, çox xoşuma gələn,
zamanla səsləşən şeirləri mənimsəyib, tədbirlərdə
deyirəm və lentə də yazdırıram. Çox istərdim
ki, studiyalar özləri məni dəvət etsinlər və
özləri də bu şeirləri lentə yazsınlar.
İnanıram ki, tamaşaçılar tərəfindən də
maraqla qarşılanar. Açığı bədii qiraət
də bir dünyadır. Özü də çox çətin
bir sahədir. Çox aktyorlar bu sənətlə məşğul
olmurlar. Məşhur rus bədii qiraətçisi Vladimir
Yaxontov bu haqda belə deyirdi: “Səhnədə aktyorlarla
birlikdə rol oynamaq elə də çətin deyil.
Özün elə də istedadlı olmasan da tərəf
müqabillərin sənə köməklik edirlər və sən
bu rolu heç də pis oynamırsan. Amma səhnədə tək,
tamaşaçı ilə üz-üzə qalib, şeir, nəsr
əsəri söyləmək, bədii qiraətlə məşğul
olmaq aktyordan böyük istedad, böyük ustalıq və
tamaşaçının gözünə baxıb, onu öz
təsirinə salmaq ağlasığmaz istedad və
böyük peşəkarlıq tələb eləyir. Bunu
bacaran aktyor əsl Allah vergisidir”. Onu da vurğulayım ki, mənim
ali məktəbdə səhnə daışığı
müəllimim dostent Nadir Hüseynov olub. Mənə bədii
qiraəti o da çox sevdirib. O, çox istedadlı insan,
yaxşı pedaqoq, mükəmməl bədii qiraətçi
və hələ ali məktəbdə oxuduğu illərdə
1975-ci ildə SSRİ-də yüzlərlə bədii qiraətçinin
arasından Yaxontov adına ümumittifaq mükafatına layiq
görülmüş ilk azərbaycanlı aktyoru olub.
- Siz ali məktəbdə
yaxşı ustad dərsləri keçibsiniz. Çünki
Xalq artistləri Cənnət xanım Səlimovadan və
İrina xanım Perlovadan sənət dərsləri
almısınız. Bu haqda nə deyə bilərsiniz?
- Bəli.
Böyük həvsələ, sevgi ilə deyə bilərəm
ki, həyatda bəxti gətirən aktrisa olmuşam .
Çünki sənət müəllimlərim də, mənimlə
işləyən rejissorlar da mənə çox şeylər
öyrədiblər. Onlardan öyrəndiklərim hər zaman
yoluma işiq saçıb. Cənnət xanım təkcə
sənətçi deyil, həm də əsl insan
olmağımda çox böyük rol oynayıb. O, dünya
teatrlarında olan yeniliklərlədə hər vaxt bizi məlumatlandırırdı,
xəbərdar edirdi. O, təkcə bizə teatr sənətini
yox, həm də həyatı öyrədirdi. Həyatın
necə amansız olduğunu bütün
çılpaqlığı ilə bizə başa
salırdı. Ona görə də ali məktəbi bitirəndən
sonra çoxlu çətinliklərlə üzləşsəm
də, böyük səbrlə, dözümlə onlardan
çıxmağa çalışıram. Çox vaxt da mən
qalib gəlirəm. Çünki həyata və çətinliklərə
açıq gözlə baxıram. Heç nəyi
özümə problem eləmirəm. Bilirəm ki, sənət
aləmi daşlı-kəsəkli bir yoldur və bu yoldan da gərək
elə ustalıqla keçəsən ki, ayaqlarını
daşlar kəsməsin və beyinin tormuzlanmasın.
- Bir
vaxtlar Cənnət xanımın yaratdığı Kamera
Teatrı çox məşhur idi. Siz də bu teatrın ilk
aktrisalarından biri olubsunuz. Bu teatr haqqında nə deyə
bilərsiniz?
-Kamera
Teatrı bizə, orada işləyən aktyorlara, aktrisalara desəm
ki, çox şeyləri öyrətdi, buna inanın. Birinci
bizim çoxumuz ali məktəb skamiyasında ilk dəfə
böyük sənət dünyasına atılırdıq.
Bu keşməkeşli sənət dünyasında çox
şeyi bilmirdik. Hətta dahi dramaturqların çox ilə,
onların iç dünyası, böyük
yaradıcılığı ilə tanış deyildik. Biz, məhz
o teatrda Mirzə Fətəli Axundov düyasından başlayaraq,
Mirzə Cəlilə , Fyodor Dostayevskiyə, Ulyam Şekspirlə
tanışlığa, Aleksandr Puşkinin “Daş
qonağı”yla yol gəlmək, Şillerllə “Məkr və
məhəbbət” dən danışmaq,... İbsenin
“Kabuslar”ına çevrilmək, Hüseyn Cavidin “Şeyx Sənan”ının
sevgi dünyasına səyahət etmək, Cəfər
Cabbarlının “Aydın”ı ilə söhbət edib, bir
sevginin tarixini öyrənmək və sairələr və
sairə çox şeyləri dərindən öyrəndik.
Aktyor sənətinin sirrlərilə daha yaxından
tanış olduq... Təvazökarlıqdan uzaq olsa da, məncə
biz, Kamera Teatrında bir aktyor, aktrisa kimi çox şeylər
deyə bildik. Ən əsası özümüzü sənət
dünyasında tapdıq. Con Steynberqin “Sən məni atmazsan
ki?”,- deyib Ezopla yola başlamaq ....vəəəə vəəəə...
Bu teatrda
Xalq artisti İrina xanım Perlovanın rejissorluq etdiyi
tamaşalarda oynamaq isə bir başqa dünya idi. Onun
seçdiyi əsərin iç dünyasını sevdirmək
bacarığı, aktyorla işləmək üslubu çox
maraqlı idi. Allah İrina xanıma qəni-qəni rəhmət
eləsin və Cənnat xanımın canını sağ eləsin.
Onların hər ikisinin bizim üzərimizdə böyük
zəhməti, əziyyəti olub.
-
Artıq on dord ildir ki, Dövlət Gənc
Tamaşaçılar Teatrında işləyirsiniz. Bu
müddətdə teatrda hansı işləri
görübsünüz? Ümumiyyətlə, Dövlət Gənc
Tamaşaçılar Teatrı və kollektivi haqqında
fikirləriniz necədəir? Dövlət Gənc
Tamaşaçılar Teatrı ilə Kamera Teatrı birləşəndə
bu, sizə necə təsir elədi?
-
Ümumiyyətlə, aktyor dünyasında bəzən bir
teatrda yox bir çox teatrlarla əməkdaşlıq etmək
çox gözəl yaradıcılıq uğurlarına səbəb
olur. Bu, bütün dünyada belədir. Mən yüzlərlə
aktyorların, aktrisaların adını saya bilərəm ki,
onlar təkcə bir teatrda yox, onlarla teatrlarda işləməklə
çox püxtələşiblər və böyük
uğurlar qazanıblar. Ən əsası odur ki, gərək
heç bir aktyor, aktrisa özündən müştəbeh
olmasın və gecə-gündüz öz üzərində
çalışsın. Çünki dahi Stanislavski
özü deyib ki, “əgər istedad 5 faizdirsə, 5 faiz də
zəhmət olmalıdır ki, aktyorun işi tamalansın və
o, səhnədə istədiyini eləyə bilsin”.
Özü də bu gün dünyada teatr sənəti, kino sənəti
çox inkişaf eləyib. Ona görə də gərək
biz, dünya kino və teatr sənətini mükəmməl
bilməliyik. Bu sənət dünyasında nələr olur,
nələr baş verir, gərək onlardan tam xəbərdar
olaq. Hər bir aktyor rol üzərində işləyəndə
özünün rejissoru olmalıdır. Yaşlı, təcrübəli
aktyorlardan, aktrisalardan çox şey öyrənməlidir.
Çünki onların hər biri, bir məktəbdir. Əgər
belə olmasa onda uğur qazanmaq olmaz.
Biz də
Kamera Teatrının aktyorları, Dövlət Gənc
Tamaşaçılar Teatrı ilə birləşəndən
sonra, böyük təcrübəsi olan bu teatrın
yaşlı, istedadlı aktyorlarından çox şey
öyrəndik və bu maraqlı, məşəqqətli
yolun başlanğıcında səhnə məhəbbətimizi
bərabərləşdirdik və yaradıcılıq
işlərimizi uğurla, sevgiylə davam etdiririk. Mən
çox şadam ki, bu teatrda işləyirəm. Hər
gün də teatra böyük sevgi ilə, həvəslə
gəlirəm. Və bilirəm ki, orada hər gün sənətlə
bağlı bir yeni nə isə öyrənəcəm.
- Siz təksə
teatrda aktrisa kimi çalışmırsınız və həm
də bədii qiraətlə, dublyajla məşğul
olursunuz. Seriallara çəkilirsiniz. Bu işləri pul
qazanmaq üçün edirsiniz, ya bu işlərə də həvəsiniz
var?
- Bəli,
sənətimi sevirəm hansı sahəsi olur olsun aktyor
işi harda varsa mən orda olmalıyam. Çünki bu mənim
sənətimdi, sevgimdi onları bölmək istəməzdim.
Sadəcə işimlə məşğul olmaq istəyirəm.
Həm də dublyajda, seriallarda başqa akjtyorlar və
aktrisalarla tərəf müqabili oluram və onlardan da sənətlə
bağlı çox şeylər öyrənirəm.
Ümumiyyətlə, hər bir sənət adamı,
ömürünün sonuna qədər öyrənməlidir.
Çünki sənət danyasının tavanı yoxdur. Sənət
dünyası göylərin dərinliklərinə qədər
dərindir və ucadır. Və dünyada əsrlər, qərinələr
boyu heç bir sənət adamı bunu axıra qədər
fəth eləyə bilməyib.
- Siz bədii
yaradısılıqla da məşgul olursunuz.
Yazılarınız mənim xoşuma gəlir. Esselər
yazırsınız və özünüz də onları
peşəkarcasına səsləndirirsiniz. Söyləyirsiniz.
Bədii yaradıcılıqla məşğul olmaq sizdə
necə yarandı?
-Mən
belə desəm ki, hələ uşaq yaşlarından
cızma qara edirdim hərdən hisslər öz məcrasından
çıxıb sətirlərə tökülmək, ordan
nəsə demək istəyir və mən də dünyamda
baş verən bu selin heç vaxt qarşısını
almaq istəməmişəm. Bu, mənə xüsusi zövq
verirdi. Və beynimdəki, daxilimdəki sözlər, misralar vərəqdə
öz yerini tapıb, yaşamaq hüququ qazanıb. Buna da
çox sevinirəm ki, onları yazıya köçürə
bilirəm. Çünki yazılan, qalır.
- 2023-cü ilin noyabr ayının 1-4 tarixlərində Bakıda Türksoy Beynəlxalq Teatr Festivalı keçirildi. Bu, çox böyük təqdirəlayiq və tarixi hadisə oldu. Yəqin ki, mən bu haqda gələcəkdə çox geniş yazacam. Bir aktrisa kimi buna və ayrı-ayrı türkdilli ölkələrin göstərdiyi tamaşalara sizin münasibətiniz necədir?
- Bu vaxta kimi çox beynəlxalq festivallarda iştirak etmişəm və hər zamanda Azərbaycan aktyorlarının dünya aktyorlarından heç də zəif olduğunu yox, hətta iş olsa onlardan da üstün sənət əsərləri göstərə bilər qənaətinə gəlmişəm. Bizim çox istedadlı aktyorlarımız, aktrisalarımız var. Sadəcə bəzən səhnədə bəzən də kinoda öz sözlərini demək imkanı olmur. Çünki işləmək istəsək də o imkan yaranmır. I Türksoy festivalında iştirak edən bütün teatrların tamaşasına baxa bilmədim . Buna çox təssüflənirəm . Amma baxdıqlarım çox maraqlı işlər idi. Əlbəttə, başqa xalqlarında sənət dünyasına səyahət etmək, onları izləmək çox tərifəlayiqdi. Belə bir anı bizə yaşatdıqları üçün Azərbaycan Mədəniyyət Nazirliyinə və Türksoyun rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Türkdilli xalqaları elmlə, təhsillə, ədəbiyyat, sənət dünyası və idman yarışları ilə birləşdirmək daha tez olar. Bütün türkdilli xalqlar da bu arzu ilə yaşayır. Axı dünyada 200 milyondan çox türkdilli xalq var. Bu, çox böyük qüvvədir. Biz birləşə bilsək, dünyada öz sözümüzü layiqincə deyə bilərik. XXI əsri türk dilli xalqraın əsiri edə bilərik.
- Bilirəm ki, siz mütaliəni çox sevirsiniz. Azərbaycan və dünya teatrları ilə çox maraqlanırsızıniz. Azərbaycan və dünya teatrına sizin münasibətiniz necədir? Necə etmək lazımdır ki, Azərbaycan teatrları dünya teatrları arasında öz sözünün layiqincə deyə bilsin?
- Buna görə ilk öncə teatrlarda hazırlanan tamaşalara dövlət səviyyəsində böyük miqdarda maliyyə ayrılmalıdır. Rejissorlar çox yüksək, peşəkar dramaturgiyası olan əsərləri hazırlamalıdır. Deməli, aktyor gözəl əsərlə, yaxşı rejissor işiylə öz bacarığını göstərə bilər və biz də həmin əsərləri dünya səhnəsində oynaya bilərik. Əlbəttə, dünya ölklərində keçirilən festivallara da maliyyə xərci dövlət tərəfindən olmalıdır. Çünki teatrların özlərinin elə də böyük gəlirləri yoxdur.
- Siz çox vətənpərvər ziyalısınınız. Həmişə sizinlə təmasda olanda mən bunu görürəm. Qarabağ müharibəsindəki qələbəmiz haqqında nə deyə bilərsiniz?
-Qələbənin sevincini yaşamaq gözəl bir hissdi. Mənim həmin 44 gündə vəzifəm arxa cəbhədə analara dəstək olmaq olub. Mən, vətənpərvərlik şeirləri səsləndirməklə onlara bir dəstək olmaq istəyirdim. Çalışdım ki, əlimdən gələni eləyim. Amma bu gözəl, qələbə anını bizə yaşadanların borcundan heç vaxt çıxa bilməyəcəyik. Çünki onların yaşadıqlarının bir hissəsini biz sənət adamları səhnədə oynayarkən o ağırlığın yükündən belimiz bükülür, əsgərlərimizsə o anları canlı yaşayıblar . Bu üç ildə bir çox filmlərdə şəhid analarını oynadım. Bununla qürur duyuram. Çox söz demək olar, amma sözlər belə acizdi onların etdikləri qəhrəmanlıqların, igidliklərin qabağında. Ali Baş Komandanımıza, əsgərlərimizə minnətdaram ki, bu sevinci bizə yaşatdılar. Bu 44 gün ərzində və 2023-cü ilin 19 sentyabr tarixindəki bir günlük lokal xarakterli döyüşdə dualarımızda ancaq Vətən oğullarına sevgimiz olub. Allh şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və şəhid ailələrinə can sağlığı arzulayıram. Nə yaxşı ki, Bizim Vətənin belə igidləri var. Fəxr edirəm ki, belə bir Vətənin vətəndaşıyam. Dahi Sseronun belə bir kəlamı var: “Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə- “Vətən” sözündə birləşmişdir”. Xalqımızın böyük sərkərdəsi, dahi şairi Şah İsmayıl Xətainin isə bu kəlamını bütün azərbaycanlılar bilməli və əbədi yaddaşlarında saxlamalıdır: “Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: - ana dilimizi - vicdanımızı - Vətənimizi”.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı-
rejissor
Azad
Azərbaycan.- 2023.- 7 dekabr, ¹40.- S.6.