Allah vergisi olan rejissor-aktyor
(Portret cizgiləri)
Nicat
Kazımov: “Mən artıq məşq prosesində bilirəm
ki, tamaşanın hansı səhnəsi
tamaşaçıda daha böyük maraq yaradacaq və onun
daha çox xoşuna gələcək”
Onu təxminən
2000-ci ildən tanıyıram. O vaxtlar mən,
Dağıstandan yenicə qayıtmışdım. 1997-ci ildə
Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru
vəzifəsindən ayrılandan sonra Dağıstana gedib,
orada Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasını
yaratmışdım. Üç il həmin kollektivə rəhbərlik
edəndən sonra Vətənə dönmüşdüm.
Teatr Xadimlər İttifaqının prezidenti, dostum, mərhum
Xalq artisti Həsənağa Turabovun təklifilə Xalq artisti
Yaşar Nuriyevlə Teatr Xadimləri İttifaqında
“Yaşar” adlı teatr yaratmışdıq. İlk
tamaşamız da Xalq yazıçısı Elçinin “Mən
sənin dayınam” müziklı idi. Həmin vaxtı bu
tamaşada oynayacaq aktyorlar yığırdıq. Dövlət
Gənc Tamaşaçılar Teatrının aktyoru, dostum, mərhum
Əməkdar artist Mübariz Əlixanoğlu dedi ki, “baş
rolu oynamağa bizdə çox istadadlı aktyor var, Nicat
Kazımov. Onu dəvət eləsəniz yaxşı oynayar”.
Həmin vaxtı artıq biz Dövlət Gənclər
Teatrının aktyoru, Xalq artisti Qurban İsmayılovu həmin
rolu oynamaq üçün bəyənmişdik.
... Amma həmin
vaxtı bəzi qara qüvvələr bu teatrı
açmağımıza imkan vermirdilər. “Arxalı köpək
qurd basar”,- deyib atalarımız. Beləliklə,
o qara qüvvəllər qalib gəldi və bizə “Yaşar”
Teatrını açmağa imkan vermədilər. O vaxtı
mən ən çox ona heyfisləndim ki, ətrafımıza
çox istedadlı aktyorlar, aktrisalar toplamışdıq və
bir-birindən maraqlı tamaşalar hazırlayacağdıq. Mən
bundan çox qeyzləndim və çox kəskin mübarizəyə
qalxdım. Həmin vaxtı ABA Televizya kanalı yenicə
açılmışdı. Mən onların “Kontra” adlı
verilişində Hüseynağa Atakişiyev, Cənnət Səlimova
ilə birlikdə çıxış elədik. Veriliş
canlı olduğuna görə kəsə bilmədilər və
biz də rejissorlara qarşı səlib yürüşlərindən
və sairədən tutarlı faktlarla ətraflı
danışdıq. Özü də çox kəskin
danışdıq. Bu verilişdən sonra Hüseynağa
Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər
Teatrına və Cənnət Səlimovanın Kamera
Teatrına qarşı münasibət yaxşılığa
doğru çox dəyişdi və məni də nazir Polad
Bülbüloğlu Xalq yazıçısı Elçinin təkidilə
yanına çağırdı. Polad Bülbüloğlu mənə
qarşı elədikləri bütün
haqsızlıqları- Sumqayıt Dövlət Musiqili-Dram
Teatrında bədii rəhbər-direktor olduğum vaxt mənə
qarşı olan qərəzli hücumları,
Dağıstanda yaratdığımız və bərpa elədiyimiz
Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri-direktoru
olmağa hazırlaşdığım vaxt bunun
qarşısını necə aldığını etiraf elədi
və səmimi boynuna aldı. Biz barışdıq. O, mənə
təkilf elədi ki, yenidən Sumqayıt teatrına bədii
rəhbər-direktor qayıdım. Mən etiraz elədim. Sonra
təklif elədi ki, gedib Gəncə Dövlət Dram
Teatrına rəhbərlik eləyim, amma mən yenə də
razılaşmadım. Dedim ki, sizin komandada rəhbər vəzifədə
işləmək istəmirəm. Yalnız quruluşçu
rejissor işləyəcəm. Onlar da beş ay öncədən
mənim Dövlət Gənclər Teatrının
quruluşçu rejissoru olmağımla bağlı əmr
verdilər.
Beləliklə, mən həmin
vaxtdan Dövlət Gənclər Teatrinda
quruluşçu rejissor kimi işləməyə
başladım. Həmin vaxtı dostumuz, Əməkdar incəsənət
xadimi Məhərrəm Bədirzadə Azərbaycan Dövlət
Televiziyasında Elçinin “ Mən sənin
dayınam” müziklına qurluş vermək istəyirdi. Bizim
tamaşada məşq edən aktyorların bir neçəsini
həmin tamaşada oynamağa dəvət elədi. O, bu
tamaşada baş rolu Nicat Kazımova verdi. İşlərin
gedişi ilə maraqlanırdım. Məhərrəm Bədirzadə
Nicatdan çox razılıq edirdi. Bu tamaşa televiziyada
göstəriləndə Nicat Kazımovun oyununu çox bəyəndim.
Hətta həmin vaxtı eşitdim ki, Nicat bəy Dövlət
Gənc Tamaşaçılar Teatrında tamaşalara da
quruluş verir. Hətta onun quruluşunda Rəsul Rzanın
“Ana qaz” tamaşası Moskvada oynanılan vaxtı böyük
maraqla qarşılandığını da eşitmişdim.
Bax, elə həmin vaxtlardan da mən onu izləməyə başladım.
Eşitdim ki, Nicat Kazımov Əbdürrəhim bəy
Haqverdiyevin “Pəri cadü” tamaşasına quruluş verib. Bu
əsər çox çətin olduğundan və ən
istedadlı rejissorlar bu əsərə müraciət etməkdən
ehtiyat etdiyini bildiyimdən bu tamaşanın premyerasına
getdim və sözün həqiqi mənasında Nicat
Kazımovun bu quruluşu məni valeh elədi. Həmin
vaxtı bu tamaşa haqqında öz ürək sözlərimi
yazdım. Mətbuatda çap etdirdim. Bu tamaşa Mədəniyyət
Nazirliyinin ən böyük mükafatı olan “Zirvə”
mükafatına layiq görüldü. Deməli, mən
fikrimdə yanılmamışdım...
2009-cu ildən Dövlət Gənclər Teatrı, Dövlət Gənc
Tamaşaçılar Teatrı ilə birləşdiriləndən
sonra biz Nicat Kazımovla bir teatrda işləməyə
başladıq. Elə həmin vaxtdan da mən həm aktyor və
həm də rejissor kimi Nicat Kazımovu izləməyə
başladım. Onun quruluş veridyi hər tamaşadan və
oynadığı hər roldan sonra necə inkişaf etdiyini
gördüm və həmkarımın uğurlarına
sevindim. Və ən əsası da gördüm ki, o, təkcə
quruluşu rejissor deyil, həm də çox maraqlı
pedaqoqdur. Aktyorlarla çox yaxşı işləyir və onların
roldan-rola inkişafına bir pedaqoq kimi çox köməklik
edir. Deməli, o, çox yaxşı teatr rəhbəri,
baş rejissor ola bilər. Yəni bu vəzifələrçün
yetişmiş kadrdır.
Nicat Kazımova baxdıqca öz cavanlığımı
xatırlayıram... Onun yaşında mən teatrlara rəhbərlik
edirdim. Teatrlarda tamaşalara quruluş verirdim. Kütləvi
tamaşalar hazırlayırdım. Bədii
yaradıcılıqla və jurnalistika ilə məşğul
olurdum. Nicat bəy də çox enerjili insandır. Həm
tamaşalarda rol oynayır. Həm teatrda tamaşalar
hazırlayır. Həm ayrı-ayrı təşkilatlarda
kütləvi tamaşalara quruluş verir və həm də
üç ali məktəbdə - Dövlət Mədəniyyət
və İncəsənət Universitetində, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, həm də
Bakı Xareoqrafiya Akademiyasında aktyor və rejissor sənətindən
dərs deyir. Hər işini də yüksək peşəkarlıqla
yerinə yetirir. Budur, biz Nicat Kazımovla
qarşı-qarşıya əyləşmişik və onun sənət
aləmində keçən ömrünü vərəqləyirik.
- Salam Nicat bəy. Tale mənə
qismət elədi ki, sizin haqqınzda portret yazı yazım.
Bu yazı on il bundan qabaq da yazıla bilərdi, amma deməli,
Ulu Tanrı bu yazını yazmağı indi məsləhət
bildi. Bütün bu illərdə sizinlə bağlı
çoxlu yazılar oxumuşam və haqqınızda çəkilən
sənədli filmə da baxmışam. Hamısı
xoşuma gəlib.
-
Çox sağ olun ki, mənim yaradıcılığı
belə izləyirsiniz və mənim haqqımda yazmaq istəyirsiniz.
-
İlk öncə oxuculara
özünüz haqqında qısa məlumat verin.
- Mən
Nicat Mirəziz oğlu Kazımov Dəvəçidə,
indiki Şabranda 1972-ci ilin iyun ayının 17-də dünyaya
gəlmişəm. Atam həmin vaxtı polis işçisi və
sonradan dəmir yolu işçisi olub. Sonra biz
Sumqayıtın Hacı Zeynəlabdin qəsəbəsinə
köçmüşük. Mən Hacı Zeynalabdin qəsəbəsindəki
6 nömrəli tam orta məktəbi 1989-cu ildə bitirmişəm.
Ailədə dörd uçaq olmuşuq. 1991-ci ildə Mədəniyyət
və İncəsənət Universitetinin dram və kino
aktyorluğu fakültəsinə qəbul olmuşam.
1996-cı ildə magisr kimi bu ali məktəbi bitirmişəm.
1991-ci ildən Dövlət Gənc Tamaşaçılar
Teatrında aktyor işləyirəm. Artıq 32 ildir ki, burada
çalışıram. Əvvəlcə aktyor kim əmək
fəaliyyətinə Pantamim Teatrında başlamışam.
Yəqin oxucular bilir ki, Pantamim Teatrı əvvəlcə
Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində
olan Pantamim Teatr-Studiyası idi. Bu Teatr-Studiyanın ilk
aktyorlarından biri də mən olmuşam. 1996-cı ildən
isə bütövlükdə Dövlət Gənc
Tamaşaçılar Teatrında işləməyə
başlamışam. Elə 1996-cı ildən də bu teatrda
tamaşalara quruluş verməyə başladım.
Hal-hazırda da burada quruluşçu rejissor vəzifəsində
çalışımağıma baxmayaraq, aktyor fəaliyyətimi
də tamamən dondurmamışam. Sağ olsun ölkə
başçımız İlham Əliyev mənə
2013-cü ildə Əməkdar artist fəxri adını
verib. Ailəliyəm. İki oğul övladım var.
Böyük oğlum Mirsənan Kazımlı Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin aktyorluq fakültəsini bitirib. Bizim teatrda aktyor
işləyir. İndi hal-hazırda Azərbaycan ordusunda xidmət
edir. Allah bütün əsgərlərimizi qorusun, mənim
oğlum da onların içərisində. Kiçik oğlum
Mirismayıl İnşaat- Memarlıq Universitetində dizayner
ixtisası üzrə təhsil alır. Dördüncü
kursda oxuyur.
- Necə oldu ki, siz aktyor və
sonra da rejissor oldunuz? Bu sahələr həm bir-birinə
yaxın, həm də bir-birindən uzaq sahələrdir. Bu
iki sahəni bir yerdə necə birləşdirə bilirsiniz və
hər ikisində də uğur qazanırsınız?
- Birincisi
onu deyim ki, əksər sənət adamları da mənim kimi
düşünür, əsasən də rejissorlar. Rejissorluq
təkcə peşə deyil. Həm də alın
yazısıdır. Bunu mən özümdən
götürürəm. Belə ki, mənim həyatıma
baxanda, həyatımı vərəqləyəndə bunun
alın yazısı olduğu görünür.
Çünki mən uşaq vaxtı aktyor olmaq istəmişəm.
Hətta altıncı sinifdə oxuyan vaxtdan bu barədə
düşünmüşəm. Səhnə üçün
alışıb-yanırdım. Açığı mən
səhnəni çox sevirəm. Pantamim Teatrından
çıxıb, yenidən Dövlət Gənc
Tamaşaçılar Teatrına qayıdanda orada kiçik
bir problem yarandı. Teatrın o vaxtkı direktoru Kamal
Əzizovla. Allah ona qəni-qəni rəhmət eləsin. O
vaxtı birdən-birə məndə belə bir fikir
yarandı ki, rejissor ola bilərəm. Düzdü institutda təhsil
alan vaxtı kurs tamaşalarının çoxunu mən
qururdum. Amma buna baxmayaraq rejissor olmaq istəmirdim.
Çünki rejissor kölgədə qalır. Səhnədə
görünən aktyor olur. Ona görə də mən istəyirdim
ki, səhnədə görünüm. O vaxt birdən-birə
ağzımdan çıxdı ki, “Kamal müəllim icazə
verin bir tamaşa hazırlayım. Xoşunuza gəlsə həm
tamaşanı qəbul eləyin və həm də məni
işə götürün. Xoşunuza gəlməsə nə
tamaşanı qəbul eləyin, nə də məni işə
götürməyin”. O, diqqətlə mənə baxıb,
özünə məxsus gülümsündü və dedi:
“Lap yaxşı. Sənə bir həftə vaxt verirəm. Bir
həftəyə bamaşa hazırla. Sonra söhbət edərəik”.
Mən həmin tamaşanı beş günə
hazırladım. Direktor Kamal Əzizov və baş rejissor
Ağakişi Kazımov gəlib bu tamaşaya baxdılar və
hər iksinin xoşuna gəldi. Məni işə
götürdülər. Allah hər ikisinə qəni-qəni
rəhmət eləsin. Və ondan sonra quruluş vermək
üçün hər il mənə bir-iki tamaşa verməyə
başladılar. Mən də xoşuma gələn əsərləri
hazırlamağa başladım. “Ələddinin sehirli
çırağı” tamaşasına görə 1998-ci ildə
rejissor kimi ilin “Ən yaxşı rejissoru”
mükafatını aldım. Həmin il ulu öndər Heydər
Əliyevlə görüşmüşdüm. 2002-ci ildə
“Ana qaz” və “Xeyir və Şər” tamaşalarım
çox maraqla qarşılanmışdı. Hətta Rəsul
Rzanın “Ana qaz” tamaşası Moskvada “Canlanan Nağıl”
festivalında çox böyük uğurla
qarşılanmışdı. Hətta həmin
tamaşanın video lentini Moskvada Rusiya Pantamima
Assosiasiyasının arxivində dərs vəsaiti kimi
saxlamışdılar. İndiyə qədər də
saxlayırlar. O vaxta qədər onlarla maraqlı tamaşa
hazırlamışdım. Amma 2007-ci ildə quruluş verdiyim
Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadü”
tamaşasından sonra və bu tamaşa Mədəniyyət
Nazirliyinin “Zirvə” mükafatına layiq görüləndə
belə qərara gəldim ki, artıq rejissura ilə ciddi və
peşəgarcasına məşğul olmalıyam. Ondan sonra
da rejissura ilə daha ciddi məşğul olmağa
başladım. Onu da gördüm ki, mənim quruluş
verdiyim tamaşalara ehtiyac var. Çünki mənim dünyaya
baxışım yalnız özümə məxsusdur.
Tamaşaçılara da mənim o baxışım
maraqlıdır. Görürdüm ki, mənim quruluş
verdiyim tamaşalara axın çox böyükdür. Deməli,
belə çıxır ki, bu rejissura işi məndə
alınır. Əgər alınırsa niyə bu işlə
daha ciddi məşğul olmayım? Yadınıza gəlirsə
1996-cı ilə kimi Dövlət Gənc Tamaşaçılar
Teatrınına tamaşaçı az gəlirdi. Mən həmin
il “Tık-tık və tuk-tuk” tamaşasını
hazırlayandan sonra tamaşaçılar daha çox gəlməyə
başladı. Həttə bilet üstündə teatrın
qarşısında yaxşı mənada dava gedirdi. Yəni
teatr artıq kassadan bilet satmağa başladı. Eləcə
də ondan sonra quruluş verdiyim “Cənnətin üç
alması”, rus dilində hazırladığım “Koşkin
dom” çox maraqla qarşılandı. Hətta
Marşakın “Koşkin dom” tamaşasından sonra balaca
tamaşaçılar daha Rus Dram Teatrına yox, bizim teatra gəlməyə
başladılar. 2007-ci ildə “Pəri cadü” tamaşam Mədəniyyəy
Nazirliyinin ilk dəfə təsisi etdiyi “Zirvə”
mükafatına layiq görüləndə, fikirləşdim
ki, rejissura ilə daha ciddi məşğul olmaq
lazımdı. Beləliklə, Ukraynada təkmilləşdirmə,
ixtisas dəyişmə kursu keçdim. Onu da vurğulayım
ki, quruluş verdiyim hər tamaşa mənim üçün
yuxarıya qalxmağa, daha böyük zirvələr fəth
etməyə bir pillə inkişaf deməkdir. Quruluş
verdiyim hər tamaşamda mən nə isə öyrənirəm.
Bizim sənətin zirvəsi yoxdur. Biz səhnədən gedənə,
ölənə qədər inkişaf etməyə məcburuq.
Bu sənətdə yerində saymaq, dayanmaq olmaz.
- Rejissura çox çətin sahədir. Siz quruluş verdiyiniz
tamaşalar üzərində necə işləyirsiniz? Və
aktyorlarla necə işləyirsiniz ki, hər biri maraqlı,
peşəkar rollar oynayır.
- Əvvəlki
sualda bu sualın bir hissəsinə cavab vermişəm. Mən
bir əsəri oxuyanda, əgər əsər məni tutursa,
mən o andaca həmin əsərin tamaşasını
görürəm və tamaşaçı necə
qarşılayacağını duyuram. Yəni bir vəh deyilən
bir şey var. Mənə o vəh gəlir və Böyük
Tanrı mənə yardımçı olur. Artıq həmin
andaca mənim üçün həmin pyesi işləmək
çox rahat olur və mən bilirəm nə istəyirəm
və tamaşaçıya nə demək istəyəcəm.
Aktyorlarla daha çox onların dostu, onlara məhrəm olan
bir insan və pedaqoq kimi davranıram. Həmin tamaşanı
hazırladıqca mən onlardan, onlar məndən öyrənir.
Ümumilikdə isə birlikdə pyesdə olan hadisləri,
sözlərin alt qatını daha mükəmməl öyrənirik.
Mən artıq məşq prosesində bilirəm ki,
tamaşanın hansı səhnəsi tamaşaçıda
daha böyük maraq yaradacaq və onun daha çox xoşuna gələcək.
Hansı yerlərdə tamaşaçı kövrələcək,
hansı yerdə dərindən düşünəcək,
güləcək, ağlayacaq. Çünki
tamaşalarımın son məşqlərinə mən
rejissor kimi yox, sırf tamaşaçı kimi baxıram.
- Hər teatrın repertuarı onun güzgüsüdü.
Hansı teatrın yaxşı repertuarı varsa, həmin teatr
da tamaşaçılar tərəfindən sevilir. Siz rejissor
kimi pyesləri seçəndə nəyə daha çox
fikir verirsiniz?
-Mən
pyes seçərkən bu əsər ilk öncə mənimçün
maraqlı olmalıdır. Hərdən elə olur ki,
görürəm pyes çox maraqlıdı. Amma
düşünürəm ki, tamaşaçı
üçün maraqsız olacaq. Yəni elə əsrlər
var ki, sırf teatrdan bəhs eləyir. Bu pyeslər də
yalnız teatr adamları üçün çox
maraqlıdır. Amma geniş tamaşaçı kütləsi
üçün maraqlı olmayacaq. Ona görə də mən
pyes seçəndə ilk öncə özümə və
sonra da tamaşaçıya maraqlı olan əsəri
seçirəm. Onlara daha çox üstünlük verirəm.
Və fikirləşirəm ki, mən bu pyeslə
tamaşaçıya nə deyəcəm.
Tamaşaçıya deməyə sözüm varmı? Bu
pyes bu günlə səsləşirmi? Bu günün problemlərini
özündə əks etdirə biləcəkmi? Misal
üçün mənim sonuncu hazırladığım
tamaşalardan biri Anton Pavloviç Çexovun “Qağayı”
pyesidi. Əvvəllər düşünmürdüm ki, nə
vaxtsa Çexovun dramaturgiyasına müraciət edəcəm.
Amma pandemiya zamanı mən pyesi oxuyanda gördüm ki, bu
günkü günlə çox uyğundu. Bugünkü
günlə çox səsləşir və həmin əsəri
götürüb, tamaşaya hazırladım. Çox
böyük uğurla da tearımızda tamaşası gedir.
Tamaşaçılar da böyük həvəslə həmin
tamaşaya baxırlar.
- Sizin quruluş verdiyiniz tamaşalar çox peşəkar
tamaşalardır. Azərbaycandan kənara çıxanda da
yüksək səviyyədə qarşılanır. Sizin
dünya teatrlarına bir aktyor-rejissor kimi münasibətiniz
necədi?
- Mənim
dünya teatrına münasibətim çox
yaxşıdı. Amma bu o demək deyil ki, mən Azərbaycan
teatrını dünya teatrından aşağı səviyyədə
hesab eləyirəm. Əsla yox. Mən bir çox Avropa teatr fesfivallarında
istər iştirakçı və istərsə də
münsif kimi iştirak etmişəm. Və sizə deyim ki,
dünyanın ən qabaqcıl teatrlarında belə çox
zəif tamaşalara rast gəlmək olur. Eləcə də zəif
bildiyimz bir teatrda çox maraqlı, peşəkar tamaşa
görmək mümkündür. Avropa teatrlarıdı deyibən,
hər şey yaxşıdı, hər şey gözəldi,
hər şey ecazkardı deyən bir şey yoxdur. Sadəcə
bu günkü gündə biz tamaşaçını nəzərə
almalıyıq. Nəzərə almalıyıq ki,
bugünkü tamaşaçı 1990-cı illərdə olan
tamaşaçı deyil. Çünki 90-cı illərdə
nə internet, nə feyzbuk, nə istaqram, nə yutub, nə
tik-tok, nə başqa vasitələr, sosial şəbəkələr
yox idi. İnternet vasitəsilə dünyanın hər yerində
çəkilən kinofilmə və hazılanan tamaşaya
baxmaq imkanı yox idi. Amma bugünkü
tamaşaçının dünyada baş verən
bütün yeniiklərə çatmaq imkanı çox
böyükdür. Və belə bir dövrdə
tamaşaçı özünün rahat hiss elədiyi vaxtda
o, evdə oturub, internetlə və telefonunda nəyəsə
baxa bilər. Yəni, onu teatra gəlməyə məcbur eləmək-
bu, çox çətindi. Bününçün teatrda elə
əsərlər hazırlamaq və həmin əsərlərə
elə maraqlı quruluş vermək lazımdır ki, o
tamaşaçı teara gəlmək istəsin. Bu, əlbəttə,
çox çətindi amma mümkündü. Çünki
ilk növbədə teatr canlı sənətdi. Və
tamaşaçı o nəfəsi hiss eləməyə gəlir
teatra. Tamaşaçı bizim milli baxışımız
vasitəsilə Avropa əsərlərini görmək istəyir.
Və bizim fikrimizi bilmək istəyir ki, biz necə
düşünürük. Biz nəyi göstərmək istəyirik
və nəyi göstəririk.
-
2023-cü ilin aprel
ayının 11-12-də Heydər Əliyev Mərkəzində
Teatr Forumu olanda siz orada çox maraqlı
çıxış elədiniz. Çox istərdim ki, həmin
fikirlərinizi çoxminli oxucularımıza qısa formada
deyəsiniz.
- Bu Teatr
Forumunu keçirtdiklərinə görə mən ilk öncə
Mədəniyyət Nazirliyinə təşəkkür eləyirəm
ki, biz teatr işçilərini bir araya yığdı. Bizim
doğru olan, olmayan fikirlərimizi, təkliflərimizi
eşitmək istədi. Inanıram ki, orada söylənilən
fikirlər teatrımızın gələcək
inkişafı üçün istifadə olunacaq və
dediyimiz həmin problemlər öz həllini tapacaq. Mənim
çıxışım isə əsasən kadr
hazırlığı ilə bağlı oldu. Mən o
platformada, paneldə çıxış eləyirdim. İlk
növbədə kadr hazırlığına diqqət yetirmək
lazımdır ki, Mədəniyyət və İncəsənət
Universitetini bitirib teatra işləməyə gələn gənc
aktyorlar sırf peşəkar vərdişlərinə yiylənmiş
kimi gəlməlidirlər. Teatrların maddi-texniki bazasına
mütləq baxılmalıdır. Teatr texnikası heç
olmasa 5-10 ildən bir yenilənməlidir. Dəyişilməlidi.
Müasir tələblərə
uyğunlaşdırılmalıdı. Və aydın məsələdi
ki, teatrın repertuarına teatra rəhbərlik eləyən
şəxslər çox maraqlı olmalıdırlar.
Əslində mən çox geniş formada
çıxış eləmişdim.
Çıxışım 7 səhifədən çox idi.
Onları burada qısa dedim. Amma Azərbaycan teatrının
problemlərini siz də, mən də və bütün teatr
işçiləri çox yaxşı bilir. Və
düşünürəm ki, teatra lazım olan adamlar
vaxtında öz qiymətlərini almalıdı. Gənc nəsil
də görsün ki, böyük təcrübəsi və
istedadı olan insanlar öz layiqli qiymətlərini
vaxtında alırlar. Belə olsa onlar da düşünəcəklər
ki, vaxtında öz qiymətlərini ala biləcəklər.
Teatr işçilərinin əmək haqlarına yenidən
baxılmalıdı. Onlara lazım olan kimi əmək
haqqı vermək lazımdır ki, onlar da böyük həvəslə
işləsinlər və maraqlı rollar oynasınlar. Ailəsi
çətin durumda yaşayan sənətçidən
şedevr rol gözləmək çox çətindir.
- Siz teatrdan əlavə
həm də bir neçə ali məktəbdə müəllim
işləyirsiniz. Bu işlər sizi yormur ki?
- Mən
Mədəniyyət və İncəsənət Universitetində
aktyor sənətindən, Üzeyr Hacıbəli adına
Bakı Musiqi Akademiyasında opera sənətindən, Bakı
Xoreoqrafiya Akademiyasında isə rejissor və aktyor sənətindən
dərs deyirəm. Çalışıram ki, hər
üç ali məktəbdə əlimdən gələni
edim ki, taləbələrim məndən razı qalsın.
Yaxşı tələbə yetişdirən çox
savadlı müəllimlərə ehtiyac böyükdür.
-Siz təkcə aktyor-rejissor deyilsiniz. Həm
də yaxşı baletmeystersiniz. Bir-birindən maraqlı
ssenarilər yazmaq qabiliyyətinə də maliksiniz.Həm
də maraqlı teatrlaşdırılmış tamaşalar
hazırlayırsınız. Bilirsiniz ki,
teatrlaşdırılmış tamaşalar rejissordan həddindən
artıq çox böyük istedad, bacarıq və ən əsası
da böyük təşkilatçılıq tələb eləyir.
Bunu öz təcrübəmdən bilirəm. Çünki mən
də 60-dan çox teatrlaşdırılmış
tamaşalara quruluş vermişəm. Bu işləri görəndə
həmin teatrlaşdırılmış tamaşada hansı cəhətləri
daha yüksək səviyyədə qabardırsınız?
Kütləvi tamaşalar hazırlamaq sizə çətin
deyil ki?
- Kütləvi
tamaşalar hazırlamaq teatr tamaşası hazırlamaq kimi
rejissor sənətinin bir qoludur. Bir sahəsidir. Mənimçün
kütləvi tamaşa hazırlamaq çox rahatdır.
İlk dəfə mənə Gənclər və İdman
Nazirliyindən “Tarixin canlı səhifələri” adlı
layihə təklif olunanda qorxmuşdum ki, bunu necə
hazırlamaq olar? Həmin layihəni biz yaxşı
hazırladıq. İndi hər dəfə belə təklif
olanda məndə yenə də bir qorxu olur, amma
çalışıram ki, bu işin öhdəsindən
peşəkarcasına gəlim. Böyük Britaniyanın
kraliçası İkinci Yelezavetanın doğum törənlərilə
bağlı İngiltərədə keçiriləcək
Vindzor Kral Atçılıq şousunda Azərbaycan heyyətinin
nömrəsini hazırlamaq üçün təklif alanda da
qorxmuşdum. Çünki atlarla işləmək lazım
idi. Amma mən qorxsam da çətinlikdən
çıxış yolu tapmağı sevirəm. Qısa bir
müddətə öz beynimdə qururam ki, nə etməliyəm
və necə etməliyəm. Bunu biləndən sonra mənimçün
çox rahat olur. Çünki mənim çox yaxşı
komandam var. Assitentlərim, işlədiyim xareoqraflar, rəssam,
bəstəkar, səsyazma studiyası, musiqi tərtibatı və
ən əsası aktyorlarım var. Texniki işləri görən,
tryukları icra eləyən komandamız var. Ümumiyyətlə,
çox yaxşı komandam var və bu neçə illərin
ərzində onlarla işləyirəm. Bir-birimizdən
öyrənə-öyrənə bu səviyyəyə gəlib
çata bilmişik. Ona görə də bizim komandanın
qarşısında heç bir çətin iş olmur. Sadəcə
sifarişçinin nə istədiyini biləndən sonra ki,
bu tədbir hara üçündür və nə
olmalıdır böyük həvəslə işləyirik.
Burada həm də mütaliə böyük rol oynayır. Mən
hər bir sahə ilə bağlı yaxşı mütaliə
edirəm. Min şükür ki, mənim quruluş verdiyim
heç bir tədbir, heç bir kütləvi tamaşa
uğursuz alınmayıb. Allah bəd nəzərdən
qorusun. Gördüyüm işlər istər
tamaşaçı və istərsə də
sifarişçilər tərəfindən bəyənilib. Mənimçün
bu sahələrdə heç bir çətinlik yoxdur. Əgər
yeni bir iş də təklif etsələr, ona bir-iki gün
vaxt sərf edib, onu həzm eləyəndən sonra hər
şey rahat olacaq.
- Azərbaycan teatrını
dünya səviyyəsinə
çıxarmaq üçün bir rejissor-aktyor kimi hansı
təklifləri vermək istərdiniz?
- Mən
teatrları bölmək istəmirəm. Mənimçün
bir teatr var, o da Azərbaycan teatrıdır. Çünki biz
ölkəni tərk eləyib, başqa ölkəyə gedəndə
demirlər filan teatr gəlib. Deyirlər Azərbaycan teatrı
gəlib. Ona görə də bütün Azərbaycan
teatrlarının uğuru da, uğursuzluğu da
hamımızındır. Amma Dövlət Gənc
Tamaşaçılar Teatrı mənimçün doğma
evim kimidi. Onun kollektivi mənim doğma ailə üzvlərimdi.
Bzim teatr çox isti teatrdı. Yəni biz bir-birimizə
çox məhrəmik. Mən demirəm başqa teatrlarda
mehribançılıq yoxdur. Akademik Milli Dram Teatrında
tamaşalar hazırlayıram və oranın da kollektivi mənə
çox doğmadı. Amma Dövlət Gənc
Tamaşaçılar Teatrının kollektivi daha
doğmadır. Mən bu tetara gələndə 19
yaşım vardı. İndi artıq 51 yaşım var. Mən
bu teatrda böyümüşəm. Bu teatrda bütün
uğurlarıma imza atmışam. Bu teatr həm mənim evim
və həm də sənət məktəbim olub. Gənclik
vaxtlarımda gecələrlə teatrda qalmışam və məşq
eləmişəm. Mən həyatımın 32 ilini bu teatrda
keçirmişəm. Bir neçə il bundan əvvəl
teatrdan getmək fikrinə düşmüşdüm. Və ərizə
yazmaq istəyirdim ki, teatrdan çıxım. O məqsədlə
tearra gəldim və pilləkənləri qalxanda fikirləşdim
ki, görəsən mən bu pilləkənlərsiz, bu
divarlarsız, bu səhnəsiz, bu tamaşaçı salonsuz,
o qrim otaqsız, o dəhlizlərsiz qala bilərəm? Qəti
qərara gəldim ki, qala bilmərəm. Buranın pisi də,
yaxşısı da mənimçün çox
doğmadır. Teatrın indiki rəhbərliyi Naidə
xanım İsmayılzadə ilə çox yaxşı
münasibətdəyəm. Ondan çox razıyam.
Cavanların və yaşı artıq qırxa
çatanların hamısına mən bir övladım kimi
baxıram. Onların çoxunun övladları mənə
“Nicat baba” deyirlər. Mən baba rütbəsini, baba
adını artıq otuz yaşım olandan qazanmışam.
Bizm kollektiv xeyirdə, şərdə hər zaman bir-birinin
arxasında, yanında durmağı bacaran bir kollektivdi. Bizim
kollektiv çox gözəl və həm də çətin
bir kollektivdi. Çünki respublikada ən böyük aktyor
heyyəti olan teatr bizim kollektivdi. Bizdə 84 aktyor
çalışır. Bu, çox böyük
ansambıldı. Onlarla işləmək heç də asan
deyil. Biz rejissorlar, siz, mən və başqa rejissorlar
çalışırıq onların hamısına rollar verək
ki, onlar tamaşalarda oynasınlar. Hər roldan-rola püxtələşsinlər.
Peşəkarlıqlarını artırsınlar. Mən bir
şeyi bilirəm ki, teatrı sevib, orada işləmək
lazımdır. Teatra xəyanət edib, orada işləmək
olmaz. Mən bu vaxta qədər teatra xəyanət etməmişəm
və etməyəcəm də. Teatra sevgi ilə yanaşsaq ,
Azərbaycan teatrı günbə-gün inkişaf edəcək,
günbə-gün irəliyə doğru gedəcək və
dünya teatrları arasında öz sözünün layiqincə
deyəcək.
- Tamaşaçını teatra
gətirmək üçün hansı təklifləri
vermək istərdiniz?
- Mən
tamaşaçılardan narazı deyiləm. Bizim teatrda
oynanılan bütün tamaşalara tamaşaçı
çox gəlir. Teatrımızın tamaşaları
anşlaqla keçir. Əgər teatrda rejissorlar, aktyorlar
sifarişlə yox, sevərək öz işlərilə məşğul
olurlarsa, onda onaların tamaşalarına tamaşaçı
gələcək. Çünki tamaşaçının da
həmin sevgiyə böyük ehtiyacı var.
- Nicat
bəyin əlli yaşı tamam oldu. Siz artıq 51 yaşa
keçdiniz. Bu illərdən keçmişə boylananda nə
fikirləşirsiniz? Nələri səhv, nələri
düzgün elədiyinizi düşünürsünüz?
- Bəli.
Artıq 51 yaşım tamam oldu. Arxaya boylananda da mən
heç nədən narazı deyiləm. Aydın məsələdi
ki, elədiyim səhflərim də olub. Hərdən
düşünürəm ki, gərək onları etməyəydim.
Amma nə yaxşı ki, onları da eləmişəm.
Çünki səhflərimdən öyrənmişəm.
İnsanlar həyat yolunda səhflər edə-edə, öyrənə-öyrənə
irəli gedirlər. Mən səhflərimdən nəticə
çıxarmağı bacaran adamam. Çalışmışam
ki, həyatda düzgün olum. Ola bilər kimə
qarşısa haqsızlıq eləmişəm. Bu, ola bilər.
Amma mən onu düz bildiyimə görə eləmişəm
və onu haqsızlıq hesab eləməmişəm. Ən
azından çalışıram ki, bu dünyada diriykən
özümə rəhmət qazanım. Hər
addımımı da ona görə atmağa
çalışıram. Həyat yenidən gəlsəydim, yəqin
ki, heç nəyi dəyişməzdim. Səhflərim də,
düzlərim də, uğurlarım da, uğursuzluqlarım
da mənimdi. Hələ ki, Allah verən ömrü
yaşayıram. Və fikirləşirəm ki, bundan sonra daha
nələr eləyəcəm. Sadəcə heç vaxt
lazımsız olmaq istəməmişəm. Həmişə
özümün lazımlı olduğumu bilmək istəyirəm.
Min şükür ki, deyəsən hələ lazımam.
İnsan unudulanda çox dəhşətli olur. Böyük
italiya mütəfəkkiri Modilyaninin belə bir kəlamə
var: “Həyat insanlara verilən bir hədiyyədir. Bəziləri
onu başa düşür və bacardıqları qədər
uğurlara imza atırlar. Bəziləri bacarmır və
heç nə düşünmədən yaşayırlar”.
-
Müsahibəyə görə təşəkkür edirəm.
Ağalar
İDRİSOĞLU,
Əməkdar
incəsənət xadimi,
yazıçı-rejissor
P. S.
Biz Nicat bəylə rejissor otağından çıxdıq.
Həmin gün Nicat Kazımovun quruluşunda, İlqar Fəhminin
“Balaca kişilər” tamaşasının premyerası idi. Mən
tamaşaçı zalına getdim. Nicat bəy isə səhnənin
arxasına keçdi ki, bu tamaşasını idarə eləsin.
Bu tamaşa 44 günlük Vətən müharibəsinə
həsr olunan tamaşa idi. Nicat Kazımov başda olmaqla bu
tamaşada oynayan bütün aktyorlar elə bil ki,
tamaşaçılara bir imtahan verirdilər. Zalda çoxlu
şəhid anaları və qazilər əyləşmişdi.
Hamı tamaşaya çox maraqla baxırdı. Mən bu
tamaşaya rejissor kimi yox, tamaşaçı kimi
baxırdım. Çünki tamaşanın quruluşçu
rejissoru Nicat Kazımov elə peşəkar qurluş
vermişdi və aktyorlar elə peşəkar
oynayırdılar ki, məni tamaşaçı olmağa məcbur
elədilər. Tamaşa çox böyük uğurla
oynanıldı. Tamaşadan sonra şəhid anaların və
qazilərin gözü yaşlı səhnəyə
çıxması da özü bir maraqlı tamaşa oldu.
Bir daha inandım ki, Nicat Kazımov yüksək peşəkar
rejissor kimi tamaşaçıların nəbzini çox
yaxşı tuta bilir. O, sənətinin aşiqi olan bir sənətkardır.
Belə sənətçiləri isə qorumaq və onlara
daha böyük cavabdehli işlər tapşırmaq
lazımdır.
Azad
Azərbaycan.- 2023.- 13 iyul.- S.5.