Müasir düşüncəli teatr

rəhbəri olmağa layiq insan

 

(Portret cizgiləri)

  

Allahverdi Musayev: “Teatr rəhbəri kollektivin ən yaxın dostu, yeri gələndə valideyni olmalıdır və onların bütün problemlərinin həllinə lazım olan kimi köməklik etməlidir”

 

Allahverdi Əhməd oğlu Musayevlə söhbət eləyəndə onun təfəkkürünə heyran oldum. Və bir də ona sevindim ki, bu insan çox yaxşı teatr rəhbəri olmağa layiqdir. Çünki mən ömrümün 26 ilini Azərbaycanın ayrı-ayrı teatrlarına rəhbərlik etmişəm və ona görə hər bir insanla söhbət etdikdə onun nəyə qadir olduğun tez görürəm, başa düşürəm. Qərara gəldim ki, Allahverdi Musayevlə çoxminli oxucularımızı da yaxından tanış edim.

Qısa arayış: O, 1983-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1989-2000-ci illərdə kənd orta məktəbində təhsil alıb. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram və kino aktyorluğu fakültəsində Xalq artisti Əliabbas Qədirovun kursunu bitirib. 2005-2014-cü illərdə Qazax Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyib. Teatrın səhnəsində 20-dən çox tamaşada rol alıb. 2015-ci ildən adıçəkilən teatrın quruluşçu rejissoru vəzifəsində çalışır. 15-dən çox tamaşaya quruluş verib. Bundan əlavə, bu illər ərzində bir neçə kinofilm lentə alıb. HəmçininTəhsil Nazirliyinin təşəbbüsü ilə şagirdlərlə tamaşalar da qurub. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatının dövlət dəstəyi şurasının təklifi ilə adət-ənənələr haqqında maarifləndirmə tədbirləri çərçivəsində “Fidan” qısametrajlı kinofilmi, Azərbaycan Respublikası Gənclər Fondunun təklifi ilə “Şəhidliyin Adil Zirvəsi”, “Vətən Sərhəddən Başlayır” adlı qısa metrajlı kinofilmlər, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrand müsabiqəsinin qalibi olan “Məktəb və Teatr”layihəsi çərçivəsində Mirzə Fəfəli Axundovun “Sərgüzəşti-mərdi xəsis” əsərinə quruluş verib.

Allahverdi Musayev həddindən artıq çox təşkilatçı insandır. Yəni o, təkcə rejissor kimi yox, həm də bütün təşkilatı işlərdə Qazax Dövlət Dram Teatrına əlindən gələn köməkliyi eləyir. Məhz buna görə kollektiv də onu çox sevir. Belə təşkilatçı insan, maraqlı rejissorla çoxminli oxucularımızı daha yaxından tanış etmək məqsədilə onunla həmsöhbət olduq.

-Salam, Allahvedri bəy. Siz çox maraqlı aktyorsunuz və teatrda bir-birindən rəngarəng rollar oynayıbsınız. Həmin rollardan hansı sizin və tamaşaçıların daha çox xoşuna gəlib?

-Azərbaycan Dövlət İncəsənət Üniversitenin dram və kino aktyorluğu fakültəsini 2005-ci ildə bitirəndən sonra Qazax Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətimə başlamışam. Bu illər ərzində onlarla tamaşada rol almışam, bunların içərisində Mirzə Fətəli Axundovun "Xırs quldurbasan", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir", Süleyman Sani Axundovun "Tamahkar", Əhməd Orucoğlunun "Pul dəlisi",Vaqif Səmədoğlunun "İntihar", Firuz Mustafanın "Neytral zona", Rovşən Ağayevin "Bir gecənin nağılı"və digər tamaşalarda fərqli xarakterlər canlandırmışam. Təbii ki, çox rollar mənim və tamaşaçıların xoşuna gəlib, amma ən yaddaqalanı və özümündə sevdiyim obraz Vaqif Səmədoğlunun “İntihar” pyesində canlandırdığım Azər obrazı olub.

-Siz təkcə aktyorluqla kifayətlənməyib, həm də teatrda rejissor kimi tamaşalara maraqlı quruluşlar verdiyinizə görə, 2015-ci ildən quruluşçu rejissor kimi Qazax Dövlət Dram Teatrında əmək fəaliyyətinizi davam etdirirsiniz. Bu vaxta qədər hansı tamaşalara quruluş vermisiniz?

-Rejissor sənətinə olan marağım teatrın səhnəsində bir neçə əsərə quruluş verməyimə səbəb oldu. İlk tamaşam İsgəndər Coşqunun "Ana laylası" oldu və tamaşaçıların rəğbətini qazandı. Ondan sonra özümü digər tamaşalarda da sınamaq qərarına gəldim və teatrda quruluşçu rejissor vəzifəsində fəaliyyətimə davam elədim. Müxtəlif illərdə Nəcəf bəy Vəzirovun "Bəxtsiz cavan", Elçin Hüseynbəylinin “İmperator”, Əhməd Orucoğlunun "Pul dəlisi”, “Qulluqçu axtarıram ", Con Stenyberqin "Adamlar və Siçanlar",Viktor Hüqonun "Bir edam məhkumunun son günü", Slavomir Mirojikin "Mühacirlər", Əli Əmirlinin "Varlı Qadın" pyeslərinə və sairəyə quruluş vermişəm. Mən bir rejissor kimi, oxuduğum pyesin bu günkü günlə səslənməsinə və tamaşaçının xoşuna gəlməsinə daha çox önəm verirəm və həmin əsəri hazırlayıram. Ona görə də bu tamaşalara tamaşaçı daha çox gəlir. Rejissor müdrik insan olmalıdr. Müdrikliklə bağlı məşhur qədim Yunan dramaturqu Sofokol belə deyib: ”Müdriklik- xoşbəxtliyin doğma anasıdır”.

-Siz həddindən hədsiz enerjili insansınız və özünü rejissor kimi kinofilmlər çəkməkdə də sınamısınız və bu işləriniz də çox uğurlu alınıb. Çəkdiyiniz bir neçə kinofilm mükafatlara layiq görülüb. Bu kinofilmlərin hansında siz bir rejissor kimi özünüzü daha yaxşı təsdiq edibsiniz?

-Bildiyiniz kimi, bölgədə olan teatr kollektivləri bir qədər gözdən uzaq düşüblər. İncəsənətin bütün sahələri kimi teatr və kino sənəti də paytaxtda daha çox inkişaf edib və bu, regionda fəlaliyyət göstərən bir rejissor kimi məni çox narahat edirdi. Məhz buna görə də yerli kadrlarla büdcəmizə uyğun qısa filmlər çəkmək qərarına gəldim. Nəzərə alsaq ki, görüdüyümüz işlər məhdud texniki və maddi imkanlarla ərsəyə gəlib, fikrimcə uğurlu hesab etmək olar, tamaşaçı rəyini YouTube izlənmələrı ilə nəzərə alsaq, "Fidan" qısametrajlı filmim daha uğurlu sayıla bilər. Amma daha çox bəyəndiyim və mənə doğma gələn isə Qazax rayonunun uzun illər müharibə şəraitində yaşamış Quşçu Ayrım kəndində çəkdiyim "Vətən sərhəddən başlayır" filmimdir. Bu filmdə öz usaqlığımı, müharibə dovündə keçirdiyim məşəqqətli günləri xatırladım. Orada döyüşən və kəndi qoruyan insanlar əsl igidlər olub. Məşhur filosof Polibi deyib ki, “ İgidliyə görə verilən qiymət ən şərəfli mükafatdır”.

- Siz çox təşkilatçı insansınız və teatrda bütün təşkilati işlərdə, hətta tamaşaların təşkil olunmasında, tamaşaçılarla böyük ünsiyyətin qurulmasında da xeyli iş görürsünüz. Məhz buna görə də kollektiv sizi çox sevir. Sizin fikrinizcə, bu gün teatr direktoru hansı işləri görməlidir ki, teatra tamaşaçı marağı artsın və kollektiv teatr rəhbərini daha çox sevsin?

-Teatrda işlədiyim ilk günlərdən teatrın ən kiçik ugurunu belə öz uğurum hesab etmişəm, ona görə görülən hər bir işdə özümü tam səfərbər edirəm. Mənim üçün kollektivlə işləməyi bacarmaq əsas göstəricidir. Çünki teatr kollektiv sənətdir və teatrda uğur qazanmaq üçün sağlam kollektiv formalaşdırılmalıdır. O ki qaldı tamaşaçıya, rayonda, bölgədə tamaşaçı cəlb etmək üçün rayon sakinlərini yaxşı tanımalısan, onların zövqünə bələd olmalısan ki, teatra tamaşaçı cəlb edə biləsən. Bunun üçün də rayon strukturu rəhbərləri ilə, kollektivlərlərlə qarşılıqlı əməkdaşlıq və şəxsi münasibət vacib şərtdir. Çox sevinirəm ki, mən bunu hələ cavanlıq illərimdən qazanmışam. Özüm Qazax rayonundan olduğuma görə, gənclik illərimdən rayonda keçirilən hər bir mədəni və kütləvi işlərdə iştirak etmişəm. Lazım olduqda kütləvi tədbirlərə quruluş vermişəm və yeri gələndə həmin tədbirlərdə özüm də çıxış etmişəm. Məhz buna görə də hər bir məktəb direktoru, müəssisə rəhbərləri, hərbi hissələrin komandirlərilə və ən əsası da rayon rəhbərliyilə çox yaxşı münasibətdəyəm. Ona görə də teatrın tamaşalarını təşkil etməkdə kimə müraciət etsəm, böyük istəklə bu işə razılaşırlar. Bir də onu vurğulayım ki, cənab Rəcəb Babaşov Qazax rayonu İcra Hakimiyyətinin başçısı olandan sonra, rayonun ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, idmanının inkişafına çox böyük fikir verir. Onun sayəsində tamaşalarımız mütəmadi təşkil olunur. Əlbəttə, bu gün teatr rəhbəri olan insan müasir dünya teatrları haqqında böyük bilgiyə malik olmalıdır. Teatra rəhbərlik etmək üçün özünün orijinal fikirləri hökmən lazımdır. Tamaşaların təşkilində müasir marketinq formalarından bacarıqla istifadə etməyi bacarmalıdır. Teatrda çalışan rejissorların, aktyorların, aktrisaların və teatrın tamaşalarının mətbuat, televiziyalar vasitəsilə yüksək təbliğatını qurmalıdır ki, tamaşaçılar həmin rejissorlara, aktyorlara, aktrisalara və ən əsası da yüksək peşəkar tamaşalara özləri maraqlanıb gəlsinlər. Hər tamaşadan sonra izləyicilərlə müzakirə təşkil etmək lazımdır. Həm də müasir tamaşaçı nə düşünür və teatrda hansı tamaşaları görmək istəyir, onların bu arzularını da öyrənmək lazımdır.

Bəli, bugünkü tamaşaçılar 1990-cı illərin tamaşaçıları deyil. Çünki artıq sosial şəbəkələr və başqa vasitələr olduğuna görə tamaşaçı istəsə onlar vasitəsilə elə evində oturub, dünya ölklərinin maraqlı tamaşalarına baxa bilər. İndi bizim təxəyyülümüz və təşkilatçılığımız elə yüksək və orijinal olmalıdır ki, həmin tamaşaçıları biz teatra gətirək. Teatr rəhbəri kollektivin ən yaxın dostu, yeri gələndə valideyni olmalıdır və onların bütün problemlərinin həllinə hərtərəfli kömək etməlidir. Bax, uzun illərdir ki, teatrımızn aktyorlarına, aktrisalaraına fəxri adlar və Prezident mükafatı verilmir. Bu işdə mən ilk öncə teatrın keçmiş direktorlarını günahkar hesab edirəm. Əgər onlar istəsəydilər və israrlı olsaydılar, Qazax Dövlət Dram Teatrına Mədəniyyət Nazirliyinin münasaibəti yaxşı olardı və bütün bu məsələlər də müsbət həll edilərdi. Mixail Lomonosovun belə bir maqalı kəlamı var: “Kiçik işi görə bilməyən böyüyü bacarmaz”. Mənim yuxarıda dediyim məsələ də çox kiçik işdir. Sabiq direktorlar da bunu edə bilərdilər. Teatrın rəhbəri həmişə intriqadan uzaq olmalıdır. Dahi Bomarşenin belə bir kəlamı var: “İntriqa, fitnə-fəsad gec-tez onu başlayanı məhv edir”.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Azad Azərbaycan.- 2023.- 20 iyul.- S.7.