ƏN BÖYÜK SƏHV

 

(Novella)

 

Həyatdan vaxtsız getmiş sənət dostlarıma ithaf edirəm.

 

Müəllif

 

Rəşidin ölüm xəbəri yaman sarsıtdı məni... Atanı övlad itkisi, qardaşı qardaş faciəsi yandıran kimi. Heç belə sarsılmamışdım...

Tez-tez əlimdəki qəzetə, ordakı gülümsər üzə baxır, onun ölümünə inana bilmirdim. Nekroloqdakı hər sətri dəfələrlə oxusam da, oxuduğuma heç cürə inanmırdım...Axı o, sağlam, özünə fikir verən idi. Gələcəyə böyük ümidlə baxan, çoxlu arzularla yaşayan nikbin insan idi.

Qəzet köhnə idi. Keçən həftənin. Mənim yarım aylıq başqa respublikaya qastrola gedib-gəlməyimlə dostlarımdan biri həyatdan köçüb. Mən isə onu heç son mənzilə yola sala bilməmişəm. Bunu özümə heç cürə bağışlaya bilmirdim.

... Bəs indi Gülər xanımı necə tapıb ondan üzr istəyim? Ona başsağlığı verim. Axı, altı ay bundan qabaq dostumgil təzə mənzilə köçmüşdülər. Taleyə bax ki, işimin çoxluğundan bu münasibətlə təşkil elədikləri qonaqlığa da gedə bilməmişdim. Özümü yaman danlayırdım: “Hələ sənə bu da azdı, Mətin. Həmişə deyirsən, işim çoxdu, vaxtım yoxdu... Görəsən biz niyə beləyik? Dostluq adlı varlığın böyüklüyünü o zaman başa düşürük ki, onda da gec olur”...

... İki yolun kəsişdiyi yerdə taksidən düşdüm. Əlimdəki kağıza yazılmış ünvana bir baxdım. Deməli, on iki nömrəli ev bu binanın arxasındakı olmalıdı. Fikrimi dəqiqləşdirmək üçün söyüd ağacının altında dayanmış cavan oğlanla qıza yaxınlaşıb soruşdum. Yanılmamışdım. Onlar da mənim fıkrimi təsdiq elədilər. Asfalt döşənmiş kiçik cığırla həyətə yollandım.

Bu vaxt ürəyimdən nələr keçmədi... Nələr düşünmədim... Kino lenti kimi kadrlar bir-birini əvəz elədi. Bir kadrda dayandı...

On il bundan qabaq, avqust ayının axırları, diplom tamaşası hazırladığım vaxt, hər gün onu görməyə, fıkrimi onunla bölüşməyə tələsirdim. Onda Rəşid ailəsilə birlikdə Bakının İçəri şəhərində kirayənişin yaşayırdı. Darısqal otaqda saatlarla mübahisələr edər, yeni tamaşanın tərtibatı üçün variantlar axtarardıq. Mənim rejissor kimi quruluş verdiyim diplom tamaşamın səhnə tərtibatını Rəşid verirdi. İstedadlı, özü mənim kimi gənc olan yaşıdlarının hörmətləakademikadlandırdıqları professional teatr rəssamı idi Rəşid Səma...

İlk birgə işimiz çox uğurlu oldu. Bu uğurlu işin xoş səs-küyünü tamaşa haqqında mətbuatda maraqlı ressenziyaların çap olunduğunu görən, teatr rəhbərliyi məni neyçünsə işə götürmədi, təyinatımı başqa teatra verdilər. Rəşid teatr rəhbərliyilə düz gəlmədiyinə görə işdən çıxdı. Təzə işlədiyim teatrda da bir neçə dəfə istədim ki, rejissoru olduğum tamaşaların tərtibatını, quruluşunu ona verəm, burda da baş rejissor , direktor mane oldular. qədər birgə işləmək istədiyimiz pyeslər vardı Rəşid Səma ilə. Əfsus, macal olmadı. Ürəyimizdə qaldı arzularımız...

- Ay əmi, bir az yavas. Ayağının altına bax.

Bu sözlərdən diksindim. Fikirdən ayrıldım. Bir addım sol tərəfdə ala gözlü, sarışın, totuq qızcığaz kiçik asfalt yolun üstündə oturub mənə baxırdı. Sir-sifəti, üst-başı tamam təbaşirə bulaşmışdı. Elə bil un ələnmişdi üstünə.

- Qaç o tərəfə. Səkili pozma, - deyə qızcığaz bu dəfə acıqla mənə baxdı. Ala gözlərində narazılıq elə aydın görünürdü ki. Bu sözləri yerimdə dondurdu məni.

Ayağımın altına baxdım. Təbaşirlə çəkilmiş bir şəklin üstündə durmuşdum. Tez bir neçə addım kənara çəkildim. Maraqla dil-dil ötən qızcığaza baxdım. Bu dörd, ya da beş yaşlarında girdəsifət, iti ala gözlü, xurmayı saçlı qızcığaz mənə kimi isə xatırladırdı. Ancaq kimi... Heç cür yadıma sala bilmirdim. Totuq sifətli qızcığaz diqqətlə baxdığımı görüb, baxışlarımdan qorxan kimi oldu. Tez başını aşağı salıb əlindəki təbaşirlə işinə davam elədi. O, təzə salınmış asfaltın üstündə çəkdiyi şəkili qurtarmaq üzrə idi. Şəkildə bir kişi bir uşaq təsvir olunmuşdu. Kişinin bir əlində çamadan, bir əlində isə bükülü bir bağlama vardı. O, əllərini irəli uzatmışdı. Uşaq isə iki əlini geniş açaraq ona sarı qaçırdı. Əlində çamadan bağlama tutan kişi mənə tanış gəlirdi. “Rəşidpıçıltı ilə dodaqlarımın arasından çıxan bu sözlə dizlərimin bükülməsi bir oldu. Qızcığaz bu adı eşitdiyindənmi, ya mənim şəklə diqqətlə baxdığımdan, həvəsləndi.

- Əmi, siz mənim atamı tanıyırsız?- deyə maraqla üzümə baxdı.

Gözlərim doldu. Qəhərləndim. Tez özümü ələ almağa çalışdım. Başımladedim. Qızın qollarından tutdum. Kirpiklərini qırpmadan üzümə baxdı. Rəşidə çox oxşayırdı. Lap çox. Yadıma düşdü. Rəşid deyərdi: “Mənim bir şeytan qızım var. Gərək səni onunla tanış eləyim. Bəlkə tamaşaya hazırladığın pyeslərdə sənə xırda uşaq rolu oynayan qız lazım oldu. Lap bülbül kimi dil-dil ötür. Özü mənim davamçım olacaq. Hələ indidən elə şəkillər çəkir... Əsl istedaddı ey...”

- Qızım, sənin adın nədi?

- Rəsidə.

- Neçə yaşın var?

- Bes.

Dililə dediyinə inanmırmış kimi əlilə də beş göstərdi. Başa düşdüm ki, “ş” hərfıni deyə bilmir.

- Məni tanıyırsan Rəşidə? Mətin əmiyəm. Üç il bundan qabaq sizə gəlmişdim. O vaxt səhv etmirəmsə, sən kənddə nənəngildə idin.

Rəşidə təbaşirli əllərini dodaqlarına yaxınlaşdırdı. Üzümə diqqətlə baxıb gülümsündü. Başı ilə əvvəlcə “yox”, sonra “hə” işarəsi elədi. Gözləri yumuldu. Lap Rəşid güləndə olduğu kimi. Şirin gülüşü vardı.

- Tanıdım. Sizi televizolda görmüsəm. Atam göstəlib, anam da...

Mən gülümsünməyə çalışdım. Bacarmadım. Ayağa durdum. Onun da qolundan tutub asfaltın üstündən qaldırdım. Üst-başının tozunu, təbaşirini çırpdım. Dəsmalımı çıxarıb üzünün, əllərinin təbaşirini sildim. Üzümə baxıb yenə gülümsündü.

- Anan evdədimi, Rəşidə?

- Anam evdədi, atam yox. Anam deyil ki, atam uzağa gedib. Gələndə mənim üçün, bax, bu qədər kukla, qələm, albom, səkil alıb gətiləcək.

O əllərini geniş açdı. Harasa, ümidlə uzaqlara baxdı. Artıq özümü saxlaya bilmədim. Kövrəldim... Gözlərimin yaşını uşaq görməsin deyə, üzümü kənara çevirdim. Xırıltılı, sızıltılı səslə dedim:

- Rəşidə, gəl gedək. Sizə gedirəm.

- Atam gələndə gələcəksən?

Sual o qədər gözlənilməz oldu ki, bilmədim nə cavab verim. O iti ala gözlər deyəsən heç bu sualma cavab da istəmirdi. Yəqin ona görə də totuq əlini mənə uzatdı. Biz kiçik cığırla evə sarı addımladıq.

Uşaqla evə yaxınlaşdıqca, birdən beynimdə elə bil fırtına, təlatüm baş verirdi. Bu fırtınanın içərisində isə ağlı-qaralı bir işıq siqnal kimi tez-tez yanıb-sönür və məni içimdən yeyir, yaman narahat edirdi. Bu ağlı-qaralı işıq siqnalı məni məcbur edirdi ki, otuz altı illik həyatıma bir də nəzər salım...

Rəşid öz arzularının hamısını həyata keçirə bilmədisə, gələcəkdə onun arzularını çin edə biləcək Rəşidə kimi qızı var. Bəs sənin kimin var, Mətin? Bu günə kimi evlənməmisən ki, teatr aləmində böyük arzularına yetişməkdə ailə sənə mane olar. Neçəsini gözü yolda qoymusan... Hər dəfə evlənmək məqamı gələndə bir bəhanə ilə onları özündən uzaqlaşdırmısan. Bu səfil həyat, doğrudanmı, səni yormayıb?.. Nə vaxta qədər belə yaşayacaqsan?.. Nə vaxta qədər bir çiçəkdən o birisinə qonacaqsan?..

Həyatda ən böyük səhv etdiyimi indi başa düşürdüm...

Bu səhvim isə məni daha çox yandırırdı...

 

Ağdam şəhəri

may, 1986-cı il.

 

AĞALAR İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Azad Azərbaycan.- 2023.- 27 iyul.- S.8.