Səbaildə "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib

 

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 31-də Beynəlxalq Muğam Mərkəzində YAP Səbail rayon təşkilatı tərəfindən tədbir keçirilib. Əvvəlcə rayon ərazisində yerləşən Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra Səbail rayonunda yerləşən "Şəhidlər" abidə kompleksi ziyarət edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, ümummilli lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənib və xalqının, dövlətinin inkişafı üçün yorulmaz fəaliyyət göstərib: "Xalqının tələbini geri çevirməyən ulu öndər Heydər Əliyev ən çətin anda ölkəmizə rəhbərlik etmək məsuliyyətini qəbul etdi. Çünki Ulu Öndəri xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızıl hərflərlə yazan böyük xilaskar, bütün bir xalqı öz ətrafında birləşdirən və gələcəyə aparan öndər idi".

Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov söyləyib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra müasir Azərbaycan tarixinin şanlı səhifələri yazılmağa başladı.

Ümummilli Liderin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətlər Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsində mühüm rol oynadı.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək vurğulayıb ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.

YAP Səbail rayon təşkilatı "Parlament prospekti 1" ərazi partiya təşkilatının sədri Adil Vəliyev çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyət dönəmlərində ölkəmiz ancaq yeni uğurlar və irəliləyişlər əldə edib.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə başa çatıb.

 

Bilman

Azad Azərbaycan.- 2023.- 1 iyun.- S.4.