Nəsr əsərləri nə deməkdir və onların hansı janrları var? - (Araşdırmalarım silsiləsindən)

 

Bu gün məmləkətimizdə nasirlərin, şairlərin, jurnalistlərin sayı durmadan artır. Hamı yazır. Amma çoxları, çox vaxt nə yazdıqlarını belə bilmirlər və beyninə ilk nə gəlirsə həmin janrı da ora yazır. Oxuyanda görürsən ki, bu yazının bu janra heç bir aidiyyəti yoxdur. Deməli, bu yazını yazanın janrlardan xəbəri yoxdur. Çünki bizə redaksiyaya belə yazılar çox gəlir və biz məcbur olub, onların janrını dəyişirik. Bəzən müəlliflər bizimlə razılaşmır. Bilmədkiləri məsələni israla bizə sübut eləmək istəyirlər... Ona görə də belə qərara gəldim ki, nəsr əsərlərilə bağlı həmin yazarlara ətraflı bir məlumatı verim ki, bunları oxuyub, heç olmasa nə yazdıqlarını və hansı janrda yazdıqlarını bilsinlər.

İlk öncə gəlin dəqiq bilək ki, nəsr əsərləri nə deməkdir? Nəsr - ərəb dilində hərfi mənada vəzni, qafiyəsi və rədifi olmayan bədii əsər deməkdi. Nəsr poetikasından bəhs edən ədəbiyyatşünaslar hətta nəsr dilini adi danışıq dili və insanlar arasında gündəlik yazışmaların dili ilə eyniləşdirirlər. Bir sıra nəzəriyyəçilər isə bu fikirdədirlər ki, nəsr əsərlərinin özünün də öz mürəkkəb-daxili və ritmik-struktur qanunauyğunluqları var. Hər bir yazar da bunları mükəmməl bilməlidir.

Nəsr dili konkret müəllif ideyasının, poetik məzmunun ardıcıl şəkildə dərkində məqsədyönlü surətdə işlədilən bir dildir. Nəsrdə sətirlərin uzun və qısalığından, sadə və mürəkkəbliyindən asılı olmayaraq bədii sistemlilik, ardıcıl məntiq, oxunaqlılıq, sözaltı məna və ən əsası ritm olmalıdır. Nəsr dilində yazılan ədəbiyyat müxtəlif olur: roman, povest, hekayə, novella, pritça, oçerk, memuar, esse, elegiya və sairə. İndi gəlin onları bir-bir, yəni bu janrları dəqiq öyrənək.

 

Roman

Roman- sözü fransız, ispan, italyan və sairə dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılırdısa da, sonralar roman xüsusi janr kimi formalaşdı. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin “Abşeron” və “Qara daşlar” romanları birlikdə dilogiya təşkil edir. Məhəmməd Səid Ordubadinin “Gizli Bakı”, “Döyüşən şəhər” və “Dünya dəyişir” romanları isə trilogiya sayılır.

Dilogiya və trilogiyaların hər hissəsi müstəqil roman sayılır və hər birinin də, bir qayda olaraq, öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları az-çox eyni mövzu və eyni obrazlar birləşdirir. Tarixi şəxsiyyətlərlə, onların həyat və fəaliyyətinin təsviri ilə bağlı olan romanlara tarixi roman deyilir. Məhəmməd Səid Ordubadinin Cənubi Azərbaycandakı inqilabi hərəkatdan bəhs edən “Dumanlı Təbriz”, Yusif Vəzr Çəmənzəminlinin Molla Pınah Vaqifdən bəhs edən “İki od arasında” (və yaxud "Qan içində"), İsa Hüseynovun İmadəddin Nəsimidən bəhs edən “Məhşər” bədii əsərləri çox oxunaqlı və maraqlı tarixi roman nümunələridir.

 

Qəhrəmanların duyğu və düşüncələrinin, daxili hiss-həyəcanlarının ifadəsinə geniş yer verən, hadisələri qəhrəmanların davranışında əks etdirən romanlar psixoloji romanlar adlanır. Buna misal olaraq, Yusif Səmədoğlunun “Qətl günü” əsəri məhz psixoloji romandır.

 

Povest

Povest - rus dilində danışıq, təhkiyə, nağıl etmək mənasında işlənən “povestvovanie” sözündəndir. Povestə bəzən böyük hekayə də deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Dünya ədəbiyyatında maraqlı povestlər həddindən artıq çoxdur. Bu povestlərdən Nobel mükafatı alanlar da çoxdur. Azərbaycan ədəbiyyatında povestin ilk nümunəsi Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” əsəri sayılır. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Əli Vəliyevin “Gülşən”, Mehdi Hüseynin “Kin”, Mir Cəlalın “Dağlar dilə gəldi” və sairə əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab etmək olar.

 

Hekayə

Hekayə - povestdən fərqli olaraq, epik növün həcm etibarilə kiçik bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” əsərləri hekayənin çox səciyyəvi, gözəl nümunələridir. Hekayə janrının gözlənilməz finalla bitən forması novelladır. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy”, “Poçt qutusu”, Əbdürrəhim bəy Haqverdiyevin “Bomba”, Mir Calalın “Badamın ləzzəti” hekayələri yaxşı novella nümunəsi sayıla bilər.

 

Hekayə, nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir. Müstəqil mənzum hekayə ədəbiyyatımıza Məhəmməd Əmaninin yaradıcılığı ilə gəlmişdir. İngilis şərqşünası Ç. Riyo iddia edir ki, Məhəmməd Əmani I Şah Təhmasib və I Şah Abbas dövründə yaşayıb, türk əmiri olub, Səfəvi sarayına yaxın şair, nasir kimi tanınıb. Məhəmməd Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603) üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin, nəsr əsərlərinin bir qismini bu yürüşlərə həsr edib. Həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazıb.Qasım bəy Zakirin də nəzmlə yazılan maraqlı hekayələri var.

 

Novella

Novella - povestin, hekayənin bir növüdür. Yəni bu povesti, hekayəni maraqlı edən cəhətlərdən biri də onun gözlənilməz sonluqla bitməsidir. Məhz belə əsərlər novella adlanır. Dünya ədəbiyyatında novella janrıdna yazılan əsərlər çoxdur. Azərbaycan ədəbiyyatında buna misal olaraq, gözəl nümunə kimi Cəlil Məmmədquluzadənin “Poç qutusu”, “Qurbanəli bəy”, Əbdurrəhim bəy Haqverdiyevin “Bomba” əsərlərini misal göstərə bilərik. Mir Cəlalın “Badamın ləzzəti” novellasında məlum olur ki, sözü gedən badam heç də meyvə deyilmiş, bir nənənin adı imiş. Deməli, bu novelladır.

 

Pritça

Pritça ədəbi janr olmaqla, kiçik və orta həcmli nəsr nümunəsidir. Pritçada fikir üstüörtülü şəkildə, mətnaltı, dolayısıyla oxucuya çatdırılır.

Pritça kiməsə, nəyəsə ünvanlana, müraciət oluna, yaxud da təhlil, araşdırma səciyyəsi daşıya bilər. Təkcə insanlarla bağlı yox, həm də heyvanların, quşların, ağacaların, otların, çiçəklərin, təbiətin dili ilə yazılan pritçalar daha çoxdur. Pritça insanlara bir dərs vermək, həyatda onları daha çox düşündürmək rolu da oynayır. Bu gün dünya ədəbiyyatında pritça ən çox yazılan və oxunan janrlardan biridir.

 

Oçerk

Oçerk- epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Bir növ sənədli hekayə də adlana bilər. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəmanın adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma bu janrda yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə əlbəttə, bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Daha doğrusu bu janrla demək olar ki, yaxınlıq, eynilik təşkil edir. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaradıblar.

 

Publisistika

Publisistika- (latınca publicus - istimai sözündəndir) - cəmiyyətin mövcud həyatının aktual problemlərinə və hadisələrinə həsr olunmuş əsərlər növüdür. İctimai düşüncənin plüralizmi, o cümlədən həyatın kəskin problemləri ətrafında ortaya çıxan bədii bir ifadə vasitəsi olaraq mühüm siyasi və ideoloji rol oynayır.

Publisistika termini ilk dəfə XIX əsrdə yaranıb və uzun müddət sosial ədəbiyyat mənasında işlənib. Hal-hazırda isə jurnalistikanın hər janrı publisistika adlanır. Publisistikanın məqsədi həyatı əks etdirmək, tədqiq etmək, onun haqqında kütləni düşündürərək, inandıracaq formada danışmaqdır. Bundan ötrü əlbəttə, hər cümlənin sonunda nida qoymaqla hər şey bitmir. Stil nə qədər fərdi olsa da, material nə qədər düzgün qurulsa da müəllifin publisistik mövqeyi, şəxsi peşəkarlığı, dərin savadı, dünyagörüşü olmadan bu sahədə uğur qazanmaq mümkün deyil.

Publisistik yazılar yazan, publisistika ilə məşğul olan şəxsə publisist deyilir.

Publisistik üslubun xüsusiyyətləri çoxdur. Bunlar-siyasətdən tutmuş, elmdən, təhsildən, tarixdən tutmuş, məişət, təbiət məsələlərinə qədər hər sahəni əhatə eləyə bilər. Ən əsası budur ki, bu janrda yazanlar həmin sahələri mükəmməl bilsinlər.

 

Aforizm

Aforizm- (yunan sözüdür αφορισμός, aphorismos)- qısa kəlam, ümumiləşdirilmiş, bitkin, dərin mənalı fikir, hikmətli söz deməkdir. Dünya dahilərinin, səmavi insanların çox maraqlı və insanı düşündürən, ona yol göstərən, həyat kredosu olan aforizmləri, maraqlı kəlamları çoxdur. Bunlara çox vaxt sözdən yaranan qısa incilər deyilir. Aforizm yazmaq da yazıçıdan çox böyük bilik, həyatı dərindən dərk etmək kimi böyük xüsusiyyətlər və orijinallıq tələb eləyir.

 

Esse nədir?

 

Esse fransız sözüdür. Essenin mənası təcrübə, sınaq, oçerk deməkdir. Essenin ilk nümunəsini fransız yazıçısı və filosofu Mişei de Monten yazmışdır. Esse ədəbiyyatda bir janr olub, müəllifin hər hansı bir mövzu ilə bağlı düşüncələrini və hissələrini şərh edən kiçik bir bədii nümunədir. Essenin dili həm danışıq dilinə yaxın, həm də obrazlı olur. Esse müxtəlif xarakterlidir: nəqli, təsviredici, tədqiqat, mühakimə və sairə xarakterlərdə.

Esselər müəllifin hər hansı bir mövzu ilə bağlı duyğularını, düşüncələrini, ideyalarını, baxışlarını oxucuya çatdırmaq üçün dəqiq mühakimə yürütmədən, səmimi dildə yazdığı bədii mətnlərdir. Eyni zamanda, qədim zamanlarda bu tip yazılara, “Qələm təcrübəsi” deyilirdi . Esseni ağlına gələ biləcək bir çox fərqli mövzudan bəhs edən yazı növü kimi də ifadə etmək mümkündür.

Maraqlıdır. Gəlin görək bəs esse yazmaq nə üçün lazımdır?

Esse fikirlərini obrazlı ifadə etmək üçün yazılan ilk yazıdır. Esse yazarkən müstəqil şəkildə yaradıcılıqla məşğul olursan. Çünki bu zaman daha məhsuldar düşünmək olur. Esse müəllifləri geniş üfüqlərə, unikal, dərin və ümumi biliyə malik olmalıdırlar. Digər tərəfdən, o, özünün olduğu kimi başqalarının da fikrinə hörmət etməlidir. Müəllif məşğul olduğu mövzunu səmimi üslubdan istifadə edərək danışır. Esselərdə; Müəllifin heç bir fikri kiməsə sübut etməyə ehtiyacı yoxdur və bu, heç lazım da deyil. O, istədiyi mövzuda esse yaza bilər,

 

Elegiya

 

Elegiya- Yunan sözüdür. Mənası qəmli şikayət deməkdir . Bu, həm ədəbi janrda və həm də musiqidə var. Ә d ә b i y y a t d a – meditativ vә emosional mәzmunlu (adәtәn də kәdәrli məzmunlu olur) orta uzunluqlu şeir və nəsr formasında olur. Bu, çox vaxt birinci şәxsin dilindәn deyilir vә qarışıq kompozisiyalı olur. Antik yunan ədəbiyyatında bu, lirik şeir növü idi. Adətən, şadlıq və kədər hisslərinin üzvi surətdə birləşdiyi elegiyalar olduğu kimi, şairin, nasirin yalnız qəmli düşüncələrini ifadə edən elegiyalar da var. Qədim Yunanıstanda bu şeirin ən təsirli nümunələrini Arxilox və Kallimax yaradıblar. Latın şairlərindən Ovidi və Katull, rus şairlərindən V.Trednakovski, K. Batyuşkin, V. Jukovski, A. Puşkin, M. Lermontov, N. Nekrasov, A. Blok və başqaları da elegiya yaradıblar. Bu janrın formasında, həcmində və qafiyə, söz quruluşunda möhkəm və aydın bir mürəkkəblik olmasa da, antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə çox vaxt 8-20 misradan (iki beş bənddən) ibarət olub. Amma sonralar nəsr formasında yazılan elegiyalar daha geniş olub. Mirzə Fətəli Axundzadənin Aleksandr Puşkinin ölümünə həsr etdiyi əsər də elegiya sayıla bilər. Bu gün Azərbaycanda şəhidlərlə, onların qəhrəmanlığı ilə bağlı elegiyalar daha çox yazılır.

Elegiya musiqidә isə kәdәrli, seyrçi, ovqat yaradan әsәrdir. Borodinin “Uzaq Vәtәnin sahillәri üçün” romansı, Massnenin fortepiano vә violonçelin müşayiәti ilә sәslənən “Elegiya”sı buna misal ola bilər. Bәzәn elegiya janrında sırf instrumental pyeslәr dә yazılır . Bunlara misal olaraq Fikrət Әmirovun “12 miniatür” silsilәsindәn “Elegiya”sı, Tofiq Bakıxanovun “Violonçel ilә orkestr üçün elegiya”sı bu qəbildən olan əsərlərdir.

 

Xatirə və ya Memuar

Xatirə, yaxud memuar da, oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə və memurda həcm məhdudiyyəti də yoxdur. Xatirə və ya memuar həcmcə oçerkdən xeyli böyük də ola bilər. Cəlil MəmmədquIuzadənin “Xatiratım”, Abdulla Şaiqin”Keçmiş günlər”, Ömər Faiq Nemanzadənin “Xatirələrim”, Süleyman Rüstəmin “Unudulmaz müəllim”, Mehdi Hüseynin “Bir ay, bir gün”, Anarın “Sizsiz” əsərləri xatirə nümunələridir.

Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər. Bu da yazarın öz düşüncəsi, həyatı necə dərk etməsi, həyata münasibəti, həyat təcrübəsilə olur.

 

Pamflet

Panflet- ingilis sözüdür. Həcmcə böyük olmayan, konkret, əsasən, sosial-siyasi ifşa xarakterli publisistik əsərdir. Pamflet termini qədim yunan-latın sözü olub “pan” və ya “pam” sözündən olub, “vsyo” yəni “phleqo” – dilimizdə olan “yandırıram”, “alovlandırıram” sözünün mənasını verir.

Pamfletdə yaramaz ictimai quruluş, ayrı-ayrı şəxslərin, yaxud müəyyən siyasi partiyaların, qrupun, müəssisənin cinayətkar fəaliyyəti və sairə kəskin satira atəşinə tutulur. Pamfletə yaxın publisistik əsərlər hələ antik dövrdən məlum olsa da, janr kimi əsasən renesas-intibah dövründə formalaşıb. Bu janrı məşhurlaşdıranlar isə Rotterdamlı Erazm, Urix van Hutten, Fransua Rable və başqaları olub.

Karl Marks, Vladimir Lenin siyasi pamfletin klassik nümunələrini yaradıblar. Maksim Qorkinin, Vladimir Mayakovskinin, İlya Erenburqun faşizmi və imperializmi ifşa edən pamfletləri çox məşhurdur.

Satirik publisistikanın bu janrı ən az öyrənilmiş olsa da, bu sahədə ilk tədqiqatlar 1920-1930-cu illərdə meydana çıxıb. Pamflet- hadisələri satirik təsvir üsulları və obrazlı təsvir vasitələrinin köməyi ilə əks etdirir. Buradan da belə məntiqi bir sual meydana çıxır: əgər pamfletin əksetdirmə üsulu varsa, bu janrın özü hadisələri əksetdirmə üsuluna çevrilə bilərmi? Məhz bu mənada pamfletin həm janr, həm də üsul kimi müəyyənləşdirilməsi məntiqsiz görünür. Pamfletdəki obraz ümumiləşdirmənin miqyasına, siyasi əhəmiyyətinə görə daha geniş plana malikdir, çünki əsas məqsəd təkcə şəxsiyyəti ifşa etmək deyil, həmçinin onu meydana çıxaran qüvvələri, quruluşları və cəmiyyəti bu əsas üzərində mühakimə etmək məqsədi daşıyır. Ona görə də panflet yazan müəllif, oxucunu öz ardınca yaxşı apara bilir. Əgər o, həqiqətən böyük istedada və dərin savada, ağıla malikdirsə.

 

Monoloq

Monoloq-yunan sözüdür. Mənası bir nəfərin nitq söyləməsi deməkdir. Yəni tək bir personaj tərəfindən təqdim olunan əksər hallarda birbaşa, bəzən də fikirlərini səslə, maraqlı sözaltı məna ilə ifadə etmək üçün təqdim olunan nitq növüdür. Həmin şəxs tərəfindən başqa bir xarakterə və ya auditoriyaya müraciət edilir. Monoloqlar dramatik mediada (pyeslər, filmlər və sairə), eləcə də poeziya kimi dramatik olmayan mediada geniş yayılıb.

Monoloqlar soliloqlar[ (özünə ünvanlanmış nitq), apostroflar (nidalı ritorik nitq fiquru) və apartda (ictimaiyyətə yönəlmiş monoloqlar və ya iradlar mənasını verən teatr terminidir) daxil olmaqla bir sıra digər ədəbi formalarla çox oxşardır. Yazıçılar tərəfində ayrıca yazılan monoloqlar da çoxdur. Bununla belə, bu formaların hər biri arasında fərqlər var. Keçmiş Sovetlərin dövründə satirik, yumoristik, qrotesk monoloqlar yazan -İvan Bunin, İlf-Petrov, Mixail Bulqakov, Vladimir Nabokov, Vasili Şukşin, Mixail Jvanetski, Mixail Zadornov kimi maraqlı və məşhur yazıçılar vardı. Onlar bu monoloqları ilə Sovetlər quruluşunu ifşa edirdilər.

 

Pyes nədir?

Pyes- fransız sözüsür. Mənası - hissə, parça, əsər deməkdir. Bu, sənhədə göstərilmək üçün yazılmış dram əsəridir.

Dram əsərləri yazmaq bütün janrlardan çox çətindir. Buna görə yazıçıdan ilk öncə səhnəni, teatrı və insan psixologiyasını çox yaxşı bilmək tələb olunur. İkinci bu yaradıclıqda Allah vergisi daha çox tələb olunur. Strukturuna, quruluşuna görə pyes obrazların dialoq və monloloqlardan və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dram, komediya və faciə. Bəzən isə “üç hissəli dialoq”, “pyes-parabola”, pyes-qrotesk və sairə növlər də mövcud olur.

 

Pyesin növləri

Komediya

Komediyalar yumor üçün nəzərdə tutulmuş tamaşalardır. Komediyalarda hazırcavab, qeyri-adi personajlar, qəribə halların sayı çox olur. Bəzi komediyalar cəmiyyətin bütün qrupları üçün deyil, müəyyən yaş qrupları üçün nəzərdə tutulur. Komediyalar faciələrlə yanaşı Qədim Yunanıstanın iki oyun növündən biri idi və tamaşaçılar bu janrda yazılan pyeslərə çox maraqla baxırdılar.

Faciə

Bu pyeslərdə ölüm və fəlakət kimi qaranlıq mövzular daha çox olur. Çox vaxt baş qəhrəmanda faciəvi bir qüsur, onun ölümünə səbəb olan bir xüsusiyyət olur. Faciələr əsər boyu bütün emosiyaları çatdırır və çox dramatik, kəskin konfliktlərə malikdir. Faciə Qədim Yunanıstanda iki oyun növündən biri idi. Tamaşaçılar vəziyyətlərinin, güzəranının ağır olmasından bu janra da maraqla baxırdılar. Ulyam Şekspirin yazdığı faciələr bütün dövrlər üçün müasirdir.

 

Dram

Dram-komediya və faciəni birlikdə özündə əks etdirən və birləşdirən bir maraqlı janr növüdür.

Tarixi pyeslər

Bu pyeslər vacib tarixi hadisələrə diqqət yetirir. Bunlar faciə, dram və ya komediya ola bilər, olmaya da bilər. Ayrı bir janr kimi tarixi pyeslər məşhur ingilis dramatuqu Uilyam Şekspir tərəfindən populyarlaşdırılıb. Onun bu janrda yazdığı ilk pyeslərdən biri- “Kral Con”dur.

Bütün janrlardan fərqli olaraq pyes hökmən dərin, koklü konfliktlər, dramatik hadislərdən, lakonik dialoqlardan ibarət olmalıdır. Bütün hadisələrlə, mövzularla bağlı pyeslər yazmaq olar. Amma dramaturq yazdığı hər mövzunu çox mükəmməl bilməlidir. Pyes yazanlar insan düşüncəsinin əsl mühəndisi olmalıdırlar.

Yuxarıda vurğuladığım kimi dramaturq hökmən teatrı və səhnəni, insan psixalogiyasını yaxşı bilməlidir. Ən əsası çox dərin savada, zəkaya malik olmalıdır. Əgər Exsil, Sofokl, Evripid, Menandır, Ulyam Şekspir, Jan Batist Molyer, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyüv, Hüseyn Cavid, Cəfər Cabbarlı teatrı, səhnəni, insan psixalogiyasını mükəmməl bilməsəydilər belə maraqlı əsərlər yaza bilməzdilər. Onların hər biri də çox dərin savada malik olmaqla, həyatı da dərindən bilib, yaxşı dərk ediblər. Ona görə də bu həyatı öz əsərlərində yaxşı və inandırıcı formada təcəssüm etdiriblər. Məhz buna görə də onların əsərləri hər dövr üçün müasirsir.

 

Ağalar İDRİSOĞLU

Azad Azərbaycan.- 2023- 1 iyun.- S.5.