MƏN GECİKMİŞDİM,
SƏNSƏ...
(Etüd-Hekayə)
... Ezamiyyətdən yenicə qayıtmışdım.
Portretimi masanın üstünə qoyub, bir daha əyər-əskiyini
yoxlamaq istəyirdim, qonşu qızı. Bu portreti ezamiyyətdə
olduğum iki ay müddətində çəkmişdim. Sabah
milli bayram günündə sənə
hədiyyə verəcəkdim.
Axı, sabah həm də sənin ad günün
idi...
... Bu vaxt
sənin səsini eşitdim, qonşu qızı. Həmin mahnını oxuyurdun. Bizim mahnımızı. Həmişə məni görüşə çağırdığın
mahnını. Nə sizdə, nə də bizdə, heç kim başa düşməsin
deyə, bizim "parolumuz" olan mahnını. Təəccübləndim.
Axı, mənim gəldiyimi sən hardan bilirdin?.. Bəlkə pəncərədən
görmüşdün? Bəlkə
qardaşın, bacın
deyib? Bəlkə...
Bu bəlkələr
içərisində kostyumumu
geyinə-geyinə düşünürdüm:
"Bəs deyirlər,
qızların qəlbini
sındıranda, onlar
bunu bağışlamır?".. Sən isə həmin mahnınla bu sualı alt-üst eləmişdin, qonşu qızı. İndi özümü danlayırdım.
Yaman danlayırdım.
Çünki əziz
bayram günü - 8 martda səni başqasına qısqanıb,
qəlbini qırıb,
təhqir eləmişdim.
Gözləri yaşlı
məndən küsüb
getmişdin... Yalandan hələ "səni daha sevmirəm", - deyib, ürəyinə köz də basmışdım. Bir neçə gün sonra isə məni ezamiyyətə göndərmişdilər. Yaradıcılıq
ezamiyyətinə. Uzağa,
lap uzağa... Yurmalaya, Baltik dənizinin sahilinə. Orda olduğum müddətdə dəfələrlə
sənə məktub yazmaq istəmişdim. Ancaq bacarmamışdım
özümlə. Öz
tərsliyimlə. Allah
heç kimə belə tərsliyi qismət eləməsin. Axı, sən mənim bu axmaq
tərsliyimi bilirsən...
Evdən çıxanda
çəkdiyim portretini
götürdüm. Bunu
sənə sürpriz
eləmək istəyirdim.
Qeydiyyat dəftərçəmdən
də həmin mahnının sözləri
yazılmış vərəqi
cırıb cibimə
qoydum. Sənə verəcəkdim. Yəqin ki, bu müddətdə
mahnını oxumadığınçün
sözlərin bəzilərini
yaddan çıxarmışdın.
Həmişə durub məni gözlədiyin pəncərənizin
yanına gəldim. Axı, mahnını eşidəndə mən həmişə ora gələrdim. Sən də yuxarıdan məni görən kimi bir bəhanə
ilə evdən çıxardın.
Bu dəfə
pəncərə qabağına
gələndə gözlərimə
inana bilmədim. Yanında həmin oğlan dayanmışdı.
Səni ona qısqandığım oğlan.
Mahnını sən demə, onunçün oxuyurdun. Pəncərəyə qoyduğun
sol əlinin orta barmağında isə nişan üzüyü parıldayırdı...
Tamam ağ geyinmişdin. Ağ göyərçinə oxşayırdın
bu geyimdə sən. Başındakı
ağ örpək isə, elə bil ağ göyərçinin
kəkili idi. Oğlan sənə nə isə deyib uzaqlaşdı pəncərədən. Bu
vaxt sən mahnının axırıncı
bəndini oxuya-oxuya həyətə baxdın.
Rəngin ağardı
məni görən kimi. Dilin tutuldu.
Axırıncı sözlər,
elə bil dilində ilişib qaldı. Susdun. Mənə təəccüblə,
heyrətlə baxdın.
Deməli, gəldiyimi
bilmirdin. Gözlərin
birdən elə parıldadı ki, sanki aydan işıq
borc aldı əlimdə portretini görəndə... Sonra təqsirkar uşaq atasına baxan kimi gözlərini süzdürüb barmağındakı
üzüyə, sonra
da mənə baxdın. Sağ əlin yavaş-yavaş sol barmağındakı üzüyə doğru hərəkət elədi.
Gözlərində yaş
parıldadı...
Bu vaxt həmin oğlan yenə sənə yaxınlaşdı. Qolundan
tutdu. Gözünün
yaşını sildi.
Əlindəki uzun, qızıl boyunbağını
sənin boynuna keçirdi... Pəncərəyə
bir neçə qadın yaxınlaşdı.
Yəqin oğlan evinin adamları idi. Axı, mən onları sizdə ilk dəfə idi ki, görürdüm. Sən dönüb onlara baxdın. Gülümsəməyə çalışdın.
Bacarmadın. Bir daha dönüb mənim arxasında gizləndiyim ağaca sarı və əlimdə tutduğum portretə baxdın. Aman... Gözlərin necə kədərli idi. Ürəyimi yandırdı o gözlər...
Əbədilik gözlərimdə
qaldı o gözlər.
Bir cüt xal olub ürəyimə
köz basdı o gözlər. Əbədilik
bir cüt yara açdı ürəyimdə. Sağalmaz
yara. İlk məhəbbət yarası...
İlk istək və puç olmuş arzular, nisgillər yarası. Niyə belə elədin, qonşu qızı? Niyə?..
... Pəncərənizin yanından uzaqlaşdım.
Hara getdiyimi
özüm də bilmirdim... Qulaqlarımda yalnız bizim mahnının bu sətirləri elə bil cızılmış qrammofon valı kimi ilişib dönə-dönə təkrar
olunurdu.
Səni
yanasan, səni
Aldatdın məni, məni...
...Gəlib həmişə səninlə birlikdə oturduğumuz palıd kötüyünün üstündə
oturdum. İllər
kino lenti kimi bir-bir çözələndi
beynimdə... Həyatımızın
ayrı-ayrı anları
donub qaldı qırılmış lent kimi
xəyallarımda... Sənin
şıltaqlığın, mənim tərsliyim ucbatından dəfələrlə
küsüşdüyümüz anlar, barışdığımız
dəqiqələr, şəhvətli
öpüşlər, gözlərində
tez-tez bulaq suyu kimi parıldayan
göz yaşları,
mənim onları dodaqlarımla silməyim...
Nələr, nələr
düşmədi yada...
Bu vaxt şən musiqi sədaları altında siz həyətə qoşa düşdünüz. Ardınızca
da o biri adamlar. Çalğı səsinə
çoxlu qonşular yığışdı həyətə.
Danışıqlardan başa
düşdüm ki, siz
ər-arvad olmaqçün
qeydiyyatdan keçməyə
gedirsiz nigah evinə… Gözlərin adamların içində
məni axtarırdı.
Mən isə görüş yerimiz olan kəsik palıdın üstünə
çıxıb, uzaqdan
tamaşa eləyirdim bu mənzərəyə...
Sənsə məni görmürdün...
Doğrusunu deyim ki, bir-birinizə
yaraşmırdız, qonşu
qızı. Nə etmək?..
Deməli, tale beləymiş...
Deməli, sən mənim qismətim deyilmişsən. "Yazmı
pozmaq olmaz", deyiblər. Sənə xoşbəxtlik arzu eləyirəm. Ancaq onu bil ki, bu
tərslik hər ikimizə çox baha başa gələcək, qonşu
qızı... Mən tərsliyimdən, kobud hərəkətimə görə
səndən üzr istəməmişdim. Sən
də tərsliyindən,
şıltaqlığından guya mənə nəyisə sübut eləməkçün istəmədiyin
oğlana ərə gedirdin... Yəqin mən də başqası ilə ailə quracam. Mənə elə gəlir ki, sən qurduğun ailə həyatında tam xoşbəxt
olmayacaqsan. Mənim qurduğum ev-eşik də məhəbbətsiz
həyatdan qızmayacaq.
Xoşbəxt olmayacağıq.
Bu həyatda biz həmişə
bir-birimizi axtaracağıq.
İlk məhəbbətdən söz düşəndə
hər ikimizin ürəyi qubar edəcək... Gözlərimiz
yol çəkəcək...
Bax, bunu indidən başa düşdüyümçün, həmin dərd məni yandırırdı.
Yaman yandırırdı.
Yəqin sən də öz səhvini sonradan başa düşəndə
mənim kimi belə yanacaqsan, qonşu qızı... Onda gec olacaq.
Çox gec...
... Kaş sən belə tələsməyəydin,
qonşu qızı. Mən də, mən də... nə yaradıcılıq
ezamiyyətinə gedəydim,
nə belə tərslik eləyəydim,
nə də gecikəydim... Bəlkə
Ulu Tanrı onda taleyimizi biz istədiyimiz kimi yazardı. Amma belə bir deyim də
var: "Alın yazısından qazmaq olmaz". Nə bilim... Nə bilim...
Yalnız bircə
onu bilirəm ki, həmin mahnı əbədilik mənim beynimdə səslənib, ürəyimin
sarı simini sızıldadacaq. Tez-tez məni həmin günlərə qaytarıb,
səni unutmağa qoymayacaq...
Səni yanasan,
səni
Aldatdın məni,
məni...
Bakı şəhəri
May,
1975-ci il
Ağalar
İDRİSOĞLU
Azad Azərbaycan.- 2023.- 15 iyun. S. 7.