Canlı orqanizm olan teatr
Azərbaycan Milli Peşəkar
Teatrının yaranmasının 150 illiyinə həsr olunur
(Milli dramaturgiyamız, rejissor, aktyor sənəti
və teatrlarımızın sabahı haqqında qeydlərim,
düşüncələrim)
“Teatr, cəmiyyətin kiçildilmiş modeli və canlı
orqanizmdir”. Bu fikir və deyim bilmirəm hansı dahi şəxsiyyətə
məxsusdur, amma artıq bütün dünyada qəbul
olunmuş maraqlı bir misal- aforizmdir. Çünki
bu “kiçildilmiş model və orqanizm” həqiqətən
neçə min illərdir ki, həyatın güzgüsü
olmaqla, insanlara böyük mənəvi qida verir. İnsanların tərbiyəsində, həyata
baxışında, həyatı dərk etməsində
böyük bir məktəb və məbəd rolunu
oynayır. Ona görə də
yaranışından mütərəqqi insanlar, hətta
başda böyük məmurlar, krallar, padşahlar,
hökmdarlar, diktatorlar olmaqla teatrı qoruyub, onun
qayğısını çəkib və zaman-zaman
dağılmasının qarşısını alıblar.
Mənə elə gəlir ki, teatrın
dağılması, elə cəmiyyətin
dağılması və insanlığın məhv
olması deməkdir. Yəqin elə buna
görə də teatrı cəmiyyətin kiçildilmiş
modeli adlandırıblar. Bəs teatrın
daxilində çalışanlar, bu müqəddəs məbədə
xidmət edənlər nə etməlidir ki, belə
böyük incəsənət növü həmişə
yaşasın və onların işlədiyi teatr
tamaşaçıların sevimlisi, mütəmadi gəldikləri
müqəddəs ocaq olsun? Teatra cəmiyyətin
kiçildilmiş modeli və canlı orqanizm yəqin ona
görə deyirlər ki, həqiqətən bu müqəddəs
məbəddə cəmiyyəti idarə edən bütün
sahələr və insan orqanizmində olan bütün
üzvlər var. İnsan orqanizmi hələ də dünya
alimlərinin bütövlükdə baş aça bilmədikləri
mükəmməl, yüksək quruluşa malik və ən
kiçik detalları belə tam yerində olan bir cəmiyyətdir.
İndi gəlin, teatrla insan orqanizminin
oxşarlığını təhlil edək. İnsan
orqanizmi olan cəmiyyət, teatrın daxilində olan sahələrdən
(üzv və sistemlərdən) təşkil olunmaqla, ədalətli
qanunlarla idarə olunur. Belə ki, onun idarəedici sistemi
baş rejissor və direktor (mərkəzi sinir sistemi), dramaturq
(qanyaradıcı orqanlar, sümük iliyi), başda
quruluşçu rejissor olmaqla, tamaşanı ərsəyə
gətirən yaradıcı heyət və rolların
ifaçıları olan aktyorlar (ürək, leykasitlər və
qan damar sistemi), tamaşanın təşkili ilə məşğul
olan inzibati heyət (dəri və epitet hüceyrələri),
səhnə quruluşu sahəsində çalışanlar
(ağ ciyər və limfalar sistemi), direktorun ətrafında
toplaşan insibati qrup (böyrəklər), tamaşanın ərsəyə
gəlməsində köməklik edən bütün sexlər
( dalaq), teatrın bədii şurası- orqanizmi fəsadlardan
qoruyan qara ciyər rolunu oynayır. Çox
maraqlıdır ki, insan orqanizmi, öz daxilində olan
milyonlarla hüceyrələrə, ümumiyyətlə
bütün orqan üzvülərinə eyni gözlə
baxır. Hər birinə eyni diqqət və
qayğı yetirilir. Orqanizmin əldə
etdiyi gəlir - qida, hava, su bütün hüceyrələr
arasında bərabər bölünür. Əgər bu ədalət prinsipinə əməl
olunmasa, orqanizm yaşaya bilməz və məhv olar. Əgər biz orqan və sistemləri təşkil
edən hər bir hüceyrəyə sosial baxımdan nəzər
salsaq, onların heç biri digərindən fərqlənmir.
Ən əsası isə heç birinə
ögey və doğma münasibət bəslənilmir. Hamısı müxtəlif vəzifələri və
funksiyaları yerinə yetirmələrinə baxmayaraq, bərabər
hüquqludurlar və ədalətli bölgü prinsipi əsasında
yaşayırlar. Hətta insanın daxilində
dünyaya yeni gələn orqanizmdə heç bir hüceyrə
bu və digər xüsusiyyətlərinə, doğma və əzizliyinə
görə, digərindən fərqlənmir. Hamısı eyni tipli olur. Necə
ki, teatrda heç kəs anadan baş rejissor, direktor, rejissor,
aktyor, rəssam və başqa sahələrdə
çalışanlar kimi doğulmur. Onları
həyat yetişdirdiyi kimi, insan orqanizmi də böyük
qayğı nəticəsində öz
sağlamlığını qoruyur. Yox əgər
beyin, orqanizmi idarə etmək gücünə malik deyilsə,
onda insan orqanizmində ayrı-ayrı fəsadlar yaranır və
hətta ən sağalmaz xəstəlik olan, el arasında
qubar dediyimiz infarkt, xərçəng xəstəliyi də
ayrı-ayrı fəsadların, sresslərin nəticəsində
yaranır. Bax, teatrda da belədir. Əgər teatrı idarə edən baş rejissor və
direktor öz işlərinin öhdəsindən layiqincə gələ
bilmirlərsə, teatrda ögey-doğmalıq yaradırlarsa,
kollektiv arasında ayrı-seçkilik qoyurlarsa, orada
çalışanlar arasında konfliktlər yaradırlarsa,
deməli, onlar da canlı orqanizm olan teatrın daxilinə xəstəliklər
yaradırlar. Bu xəstəlik infarkt, xərçəng
xəstəliyinə çevriləndə isə artıq onu
sağaltmaq mümkün olmur və həmin teatr çox zaman
ölür, dağılır. Bax, beləcə
tarixlər boyu çoxlu teatrların daxilinə xərçəng
xəstəliyi düşdüyünə görə və
bu xəstəliyi sağaltmaq mümkün
olmadığından onlar dağılıb, məhv olublar.
Bir daha deyirəm. İnsanı
idarə edən onun beyni, ağlı, düşüncəsi,
uzaqgörənliyi, səbri, böyük
diplomatiyasıdırsa, teatra da bu xəstəliyin düşməməsinin
ən böyük cavabdehliyini baş rejissor və direktor
daşıyır. Yəni onlar canlı orqanizm olan
teatrı yalnız özlərinin böyük ağlı,
böyük düşüncəsi, yüksək təşkilatçılığı,
özlərinin təmizliyi, heç bir işçi
arasında ayrı-seçkilik qoymamaları, hamıya eyni
gözlə baxmaq, konfliktlər yaratmamaqla, teatrda böyük
yaradıcılıq mühiti yaratmaqla, yüksək diplomatiyi
ilə qoruya bilərlər. Gəlin, görək
Azərbaycandakı teatrların hamısında bu prinsiplərə
əməl olunurmu? Əlbəttə, yox.
Teatrların çoxunda baş rejissor və direktor
hegemonluğu, öz işlərinin dəqiq sahələrini
bilməmələri, cılız hisslərlə
yaşamaları, dünya mədəniyyətindən,
dünya teatrlarından xəbərsiz olmaları, təşkilati
cəhətdən çox zəif olmaları, daxillərindən
olan hikkə, özlərini hamıdan ağıllı bilmələri
nəticəsində bu gün teatrlarımız hələ də
dünya səviyyəsində tanına bilmir. Dünyanın
aparıcı teatrları ailəsinə inteqrasiya eləyə
bilmir. Baxmayaraq ki, teatrlarımıza
axır vaxtlar dövlət qayğısı çox yüksəkdir
və onların maddi texniki bazasına ölkə
başçısı tərəfindən yaxşı fikir
verilir.
Əgər
bir teatrda baş rejissor özünü kapitan
adlandırıb, yalnız hegemonluq edirsə, kollektiv
arasında böyük ayrı-seçkilik yaradırsa,
daxilində olan hikkədən azad ola
bilmirsə, quruluşçu rejissorlara hər şeyi diqtə
eləmək istəyirsə, onların arzu və istəklərini
eşitmək belə istəmirsə, əlbəttə, həmin
kapitan çox qısa bir vaxtda gəmini aparıb ya
qayalıqlara çırpacaq, ya da burulğana salacaq. Eləcə də əgər direktor da bütün
bu işlərə loyal qalacaqsa, yalnız özünün
stolunu, stulunu qorumağa çalışacaqsa, teatrda gedən
bütün bu konfliktlərə seyirçi kimi baxacaqsa, onda həmin
teatrın taleyi necə olacaq? Eləcə də orada
çalışanların taleyini kim həll
edəcək? Axı, yuxarıda
yazdığım kimi, teatr insan orqanizmi formasında
qurulmuş bir mexanizmdir. Çünki insan
orqanizmində olan milyonlarla hüceyrələrin hər biri
canlıdır. Onlar diqqət və
qayğı tələb edirlər. Bəzən
biz həmin orqanizmlərə qarşı ədalətsiz
mövqe tutur, onlara biganəlik göstəririk. Axırda isə həmin biganəlik göstərdiyimiz,
ədalətsiz mövqe tutduğumuz orqanizm fəsadlar törədir
və bunlar da bizim ölümümüzə səbəb
olur. Deməli, teatrı idarə edən
baş rejissor və direktor da teatrda çalışan
canlı orqanizm olan işçilərin bir qrupuna qarşı
ədalətsiz mövqe tutanda və biganəlik edəndə,
onlar da var qüvvələrini sərf edəcək ki, həmin
baş rejissordan və direktordan canlarını qurtarsınlar.
Bəs bütün bunların baş verməməsi
üçün nə etmək lazımdır? Yalnız ədalət prinsipini əsas
götürüb, hamıya eyni gözlə baxmaq,
hamının arzularını eşitmək, hamıya eyni
formada yanaşmaq lazımdır. Əgər baş
rejissor tamaşaları yalnız özü hazırlayacaqsa,
quruluşçu rejissorlara heç bir şərait
yaratmayacaqsa, onlara heç bir sərbəstlik verməyəcəksə,
yalnız öz sevimli akytorları ilə işləmək istəyəcəksə,
tezliklə həmin teatr bayağı bir orqanizmə
çevrilib, distrofik ola bilər. Necə
ki, beyin insan orqanizmini idarə etməyi bacarmırsa, spirtili
içkilər içməklə, çoxlu yeməklər qəbul
etməklə, siqaret və başqa nikotinli maddələr
çəkməklə həzm sistemi olan üzvləri- mədə,
qara ciyər, ağ ciyər, nəfəs boruları,
bağırsaqlar və başqa üzvləri daim
qıcıqlandırır, onların dincliyini,
rahatlığını pozur və bu proses uzun sürərsə,
onları zədələyirlər. Nəticədə
həmin hüceyrələr də bu cür yaşamaqdan bezir,
eqoistləşməyə, qəddarlığa
başlayırlar. Bununla da onlar
küskünləşir, tənbəlləşir və digər
hüceyrələr kimi öz funksiyalarını, vəzifə
borclarını layiqincə yerinə yetirmirlər. Beləliklə, onların normal qidalanma prosesi pozulur
və biganə münasibət nəticəsində onlar
orqanizmin kamikadzelərinə, terrorçularına
çevrilirlər. Çünki onlar bu qədər
əzaba dözdüklərindən heç nədən
qorxmur və orqanizmdə hər cürə hoqqalar
yaradırlar. Onların yaratdıqları həmin
fəsadlar da orqanizmi zədələyirlər. Yalnız ürəkdən başqa. Çünki ürək başqa orqanizmlərdən
fərqli olaraq, daim fəaliyyətdədir. Bütün orqanizmlər istirahət etdiyi vaxtlarda
belə ürək həmişə işləyir. Teatr adlı məfhum da başda recissor və aktyor
heyyəti olmaqla ürəkdir. Ürək,
teatrın daxilində gedən bütün konfliktlərə
baxmayaraq, həmişə işləyir. Bəzən
sağlam və bəzən də xəstə vəziyyətdə.
Ürəyi xəstələnməməyə
qoymamaq isə, teatrın beyni, düşüncəsi, fikri,
diləyi olan baş rejissordan və direktordan
asılıdır. Daha doğrusu, onlar bir
növ öz işlərini vicdanla yerinə yetirməklə,
heç bir işçi arasında ayrı-seçkilik
qoymamaqla, bir-birilə mehriban olmaqla teatrın ürəyinə
çevrilməlidirlər. Bax, belə
olanda teatrın işçiləri də öz işlərinə
böyük maraqla yanaşaraq, öz işlərini sevərlər
və teatrın inkişafı, məşhurlaşması
üçün əllərindən gələni edərlər.
Tarixlər boyu hegemonluq, eqoistlik edən, daxilində hikkələrlə
yaşayan baş rejissorlar dünyalarını dəyişəndə
özlərindən sonra davamçı, onun işlərini
davam etdirənlər hazırlamadıqlarından yerləri
çox vaxt boş qalır. Daha doğrusu, onun
rejissorluq məktəbi dayanır. Buna misal
olaraq, Sankt-Peterburq Böyük Akademik Dram
Teatrınının baş rejissoru, məşhur rejissor,
dünya teatr tarixinə düşən bir neçə
maraqlı tamaşaların müəllifi Georgi Tovstonoqovu
göstərə bilərəm. O, çoxlu maraqlı
rejissorlar yetişdirsə də, özünün rəhbərlik
etdiyi teatrda tələbələri üçün lazım
olan heç bir şərait yaratmadı. Hətta
oğlu, Aleksandr Tovstonoqov maraqlı rejissor idi. Bir müddət Gürcüstanda və Moskvada
işlədi. Mən Aleksandrı Moskvada
işləyən vaxtdan tanıyırdım. Stanislavski adına Dövlət Dram Teatrın baş
rejissoru işləyirdi. Onun quruluşunda bir
neçə maraqlı tamaşalara da baxmışdım.
Quruluş verdiyi tamaşalarla bağlı
söhbətlərimiz də olmuşdu. Georgi
Tovstonoqov mərkəbinin yaxşı davamçısı
idi. Hətta Georgi Aleksandroviç onu da
öz yanına aparmadı. Nəticədə Georgi
Aleksandroviç, dünyasını dəyişəndə məcbur
olub, onun yerinə Gürcüstandan Keto Mərcanaşvili adına Akademik Dram Teatrının baş
rejissoru Timur Çixeidzeni aparıb baş rejissor qoydular. O da
teatrı özünün dəsti-xəttinə uyğun
formaya çevirdi. Deməli, bu teatrda Georgi
Tovstonoqovun üslub və metodu başqa bir formaya çevrildi.
Başqa bir məcra aldu. Eləcə də
Azərbaycanın məşhur rejissorları Adil İsgəndərov,
Mehdi Məmmədov və Tofiq Kazımov da öz məktəblərini
yaratsalar da, rəhbərlik etdikləri Milli Akademik Dram
Teatrında özlərindən sonra davamçı qoyub getmədilər…
Hətta belə demək mümkünsə onlar
özlərindən sonra, Azərbayan teatrında məktəb
yarada bilən layiqli rejissorlar yetişdirmədilər. Amma Gürcüstanda təkcə Mixail Tumanişvili
başda Robert Srurua, Timur Çixeidze və onlarca çox
maraqlı, öz dəsti-xətləri olan rejissorlar
yetişdirdi. Hansılar ki, bu gün
Gürcüstan teatrlarının aparıcı
rejissorlarıdırlar. Deməli,
teatrın sükanı arxasında dayanan baş rejissor eqoist,
yalnız özünü düşünən olsa, həmin
teatrın taleyi də acınacaqlı olar. Bu da həqiqətdir ki, aktyor sənətinin
inkişafı, onların püxtələşməsi, sənətkar
kimi yetişməsi də bilavasitə rejissorlarla
bağlıdır. Rejissor həqiqətən
özünün savadı, dünya görüşü,
oturuşu-duruşu, mədəniyyəti, insanlıq mücəssəməsi
ilə bir universitet olmalıdır. O, qüdrətli
orduya rəhbərlik edən bir generaldan da bütün cəhətlərinə
görə qüvvətli, iradəli, savadlı, səbrli,
müdrik olmalıdır. Məşhur rejissor Qeorqi Tovstonoqov
rejissorla bağlı bu sözləri deyib:
“Başqasının əsərinə heç kimi təkralamadan
öz doğma əsərin kimi, orijinal həyat vermək və
onu tamaşaçılara sevdirmək rejissordan böyük
savad, peşəkarlıq, cavabdehlik tələb edir. Ona görə də rejissor teatrda əsas fiqur, şəxsiyyət
sayılır”.
Teatrın yüksək peşəkarlıqla fəaliyyət
göstərməsində isə üç komponent əsasdır. Dramaturgiya,
teatr və tamaşaçı. Bəs bu
gün bizdə dramaturgiya nə vəziyyətdədir? Bu səhədə problemlərimiz əlbəttə
ki, çoxdur. İlk öncə onu deyim ki, dramaturq-
yaşadığı dövrün, zamanın nəbzini dəqiq
tutmaqla, problemlərini aydın görməklə,
dövrünün mayakı olmaqla, insanları
düşdüyü problemlərdən çıxartmaq
üçün yol göstərməyi bacaran, Ulu
Tanrının yerdə elçisi olan müqəddəs
varlıqdır. O, ədəbiyyat elminin bütün incəliklərini
bilməklə, psixologiyanı, məntiq elmini, tibbin, incəsənətin
bütün növlərini, siyasəti, dövlətçilik
qanunlarını, təbiət elmlərini, tarixi,
biologiyanı, rejissor və aktyor sənətlərini, səhnə
qanunlarını da çox mükəmməl bilməlidir. Ən əsası isə dramaturq fitri istedadlı
olmalı və anadan dramaturq doğulmalıdır. Bax, dramaturqların çoxu yuxarıda
yazdıqlarımı yaxşı bilmədiklərindən bu
gün maraqlı, zamanın tələbinə cavab verən, səhnə
üçün yararlı pyeslər azdır.
Ardı var
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət
xadimi
Azad Azərbaycan.- 2023.- 10 mart.- S.4.