Analoqu olmayan xəyanət
(Dramatik hekayə)
Onlar avtobusla
yaşadıqları ailəvi
yataqxanaya gəlirdilər. Artıq günəş
qüruba enmiş, hava qaralırdı. İstirahət günü
olduğundan avtobusda adam az idi.
Birinci qadın-
Mən yataqxananın yanındakı dayanacaqda düşəcəm. Sən iki dayanacaq gedərsən,
sonra düşərsən
ki, bizi bir yerdə görməsinlər və
heç nədən şübhələnməsinlər..
Birinci kişi-
Yaxşı. Amma deyəsən mənim
arvadım nə isə başa düşüb və şübhələnib. Son
vaxtlar çox əsəbi olurdu. İndi axırıncı
bir həftədir ki, köpü yatıb...
Birinci qadın-
Mənim ərim də deyəsən nədənsə şübhələnmişdi. Mənimlə çox əsəbi danışırdı. Amma son vaxtlar
o da sakitləşib.
Birinci kişi-
(gülümsündü) – Bizim arvad da
tam sakitləşib.
Birinci qadın-
Biz gərək belə
işi tutmayaydıq. Mən sənin
arvadına “bacı” deyirdim. Sənin şirin dilinə aldandım... İndi bilmirəm ona nə deyim...
Birinci kişi- ( gülümsündü)-
Nə istəyirsən
de də... Elə yenə də
“bacı” de ki, şübhələnməsin. Mən də sənin ərinə “qardaş” deyirəm... İndi bu “qardaş”
sözünü daha şəstlə deyirəm...
Onlar susdular. Bir-birinə
baxıb, gülümsündülər...
Hər ikisi yorğun görünürdü...
Bu kişi ilə
qadının gəldiyi
avtobusun əks tərəfindən ailəvi
yataqxanaya doğru bir avtobus da
gəlirdi. Bu avtobusda da iki cavan
qadın və kişi yan-yana
əyləşmişdilər. Onlar da yorğun idilər. Amma elə bil bir-birindən doymamış
kimi həsrətlə
bir-birinə baxır və xısın-xısın
danışırdılar.
İkinci qadın- Yəqin indi onlar artıq
qayıdıb gəliblər. Ərim şübhələnməsin
deyə mən ona demişəm ki, rəfiqəmgildəyəm,
indi bir azdan gələcəm.
Telefonu da söndürmüşəm
ki, zəng edə bilməsin. Soruşsa deyəcəm ki, telefonun zaryatkası qurtarmışdı.
İkinci kişi- Yaxşı eləmisən. Sənin ağlına heyranam.
Bu işi də çox ustalıqla düzüb-qoşdun...
İkinci qadın- Mən yataqxananın yanında düşəcəm. Sən gedib iki dayanacaq
sonra düşərsən
ki, bizi it-qurd görməsin,- deyə qadın
kişinin əlini sıxdı.
İkinci kişi-Hə, düz deyirsən. Birdən gəlmiş olarlar,
bizi bir yerdə görməsinlər.
Yataqxanadakı qadınlar
da yəqin həyətdə oturublar...
Gəlib- gedənə
bir şəbədə
qoşurlar...
İkinci qadın- Yaxşı ki, biz səninlə bu işi gördük. Yoxsa ürəyim
partlayardı. Sənin arvadını
və ərimi boğub öldürərdim.
İndi artıq rahatam... İndi kim nə
deyir-desin, heç vecimə də deyil...
İkinci kişi- Hə. Mən də hər ikisini öldürə bilərdim. Sənin
bu təklifin yaxşı oldu... İndi rahatam. Gec-tez də o qancığı boşayacam...
İkinci qadın- Dəlisən. Niyə boşayırsan.
Qoy onlar öz kefini çəksin, biz də öz kefimizi çəkək... Bu həyatda
bir dəfə yaşayırıq...
İkinci
kişi ona baxıb gülümsündu və
razılıqla başını
yellədi.
... Yataqxanada yaşayan bu ailələr qonşu idilər. Bir mətbəxdə yemək bişirirdilər
və hətta bəzən bir yerdə də çörək yeyirdilər.
Bir-birinə də “bacı-qardaş”,
-deyə müraciət
edirdilər. Hər birinin
də iki məktəbli övladları
vardı. Onlar da bir-birilə çox mehriban idilər...
Başları macəralı “sevgi oyununa” qarışan, tərbiyəsiz hərəkət
edən bu ailələrin gələcək
taleyinin necə olacağını heç
fələk də bilmirdi. Ulu Tanrı belə
şeyləri gördükcə,
bəlkə də Adəm və Həvvanı Yer kürəsinə göndərməkdə
peşiman idi. O,
heyvan xislətində
yaşayan bu adamların murdar əməlinə mat qalmışdı...
Mat qalmışdı...
Ulu Tanrının çaldığı
həyəcan təbilindən,
yaratdığı sunamilərdən,
dəhşətli zəlzələlərdən,
çarəsi tapılmayan
xəstəliklərdən, qanlı müharibələrdən
Yer kürəsində
yaşayan və heyvani xislətlə ömür sürən belə adamlar hələ də heç nə başa düşmək istəmirlər... Təkcə
başa düşmək
yox, hətta heç nəyi dərk eləmək belə istəmirlər...
Deməli, dünyanın
sonu artıq yaxınlaşır...
AĞALAR İDRİSOĞLU
Azad Azərbaycan.- 2023.- 10 mart.- S.8.