Nəsibənin sənət dünyası

 

O, böyük zövq və təxəyyüllə, mürəkkəb, qeyri-adi texnika ilə yaddaqalan, rəngarəng sənət əsərləri yaradır. Deyir ki, qədim abidələrimizdə olan kaş bəzəklərinə böyük heyranlıqla baxırdım və öz-özümə sual verirdim ki, bunlar nədi, nədən yaranıb. Gil və su ilk baxışdan hər kəsə adi gələ bilər. Amma bilməliyik ki, gil su ilə qarışanda və sənətkar əli dəyəndə əsl sənət əsərinə cevrilir. Onun bu işə sevgisi öz peşəsinin mükəmməl bilicisi etməyə imkan verib.

Əslən İsmayıllıdan olanbir zaman dulusçuluq materiallarına baxanda heyrətlənən Nəsibə Şükürova həqiqətən özünün sənət dünyasını yaşayır. O, sözün əsl mənasında gilə can verən keramika ustasıdı. Yaradıcılığında daha cox şamot materiallarından istifadə etdiyini deyir. Keramikanın beşiyi sayılan dulusçuluq tənəzzül etsə də bunun yerini müasir tendensiyaya uyğun bədii keramika tuturinkişaf edir. Bədii keramika nümunələri isə oda davamlı və elastik gili olan şamotdan hazırlanır. Sonra isə xüsusi sobalarda yüksək temperaturda bişirilir. Daha cox alov texniksından istifadə edən Nəsibə xanımın yaradıcılığında əsasən sönmüş vulkan torpağının bişmiş gilindən hazırlanan şamotdanQobustan”, “İkinci həyat”, “Xurcun”, “Xalça vaza”, “Bədii vaza” və digər əsərləri mühüm yer tutur. Rəssam-keramistin bir çox yaradıcılıq nümunələrinin əsas mövzu mənbəyi isə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Vətən müharibəsində qazandığımız tarixi Qələbə və digər tarixi hadisələrdən qaynaqlanır.

Emal texnikası ilə hazırlanmış işində rəngli emallardan istifadə olunub. Digərləri isə tam başqa bir texnologiyadı. Fayansdan ibarət materialdan da yararlanır. Buta ailəsi kompozisiyam üç butadan ibarətdir. Bu bədii kompozisiyanın üzərində qrafik şəkildə mis-oksidlə işlənmiş ornamentlər vardır.

Sənətkarın vətənpərvərlik mövzusunda dörd kompozisiyası mövcuddur. Onlar Rəssamlar İttifaqında Şuşa ili çərçivəsində təskil edilən sərgidə nümayiş olunub. Kompozisiya Azərbaycan adlanır və tarixi milli-mənəvi dəyəri köklərində əks etdirən ay, ulduzlu bayraq formasındadı. İkincisi, əbədi məşəl, üçüncüsü isə Xarı bülbül kopozisiyalarıdı. Hər ikisi şəhidlərimizin xatirəsinə həsr olunub. Dördüncü kompozisiya panodu. Bu, əslində tam şəkildə qəhrəmanlığı təcəssüm edən qılınc formasındadı.

Bəli, bir vaxtlar gördüklərinə təəccüblənən Nəsibə xanım hazırda keramika sənətinin vurğunudur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının keramika fakültəsinin məzunu olan sənətkar indi özü tələbələr yetisdirir. Əhməd Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində dərs deyir. Bədii keramika ilə yanaşı, rəngkarlıq qrafika, dekorativ tətbiqi sənətlə də məşğul olur. Bu sahəyə verdiyi töhfələrə görə ona Fəxri mədəniyyət işçisi adı verilib.

Nəsibə xanım vurğulayır ki, mərhum rəssam, Azərbaycanda yeganə monumental keramist Zahid Hüseynovun sinfini bitirməyim yaradıcılığımda mühüm rol oynayıb. Ölkəmizi bir çox sərgilərdə təbliğ etməkdən böyük qürur duyuram. Bütün həyat və yaradıcılığım boyu valideynlərimin əvəzsiz təkanı və dayağına görə onlara hədsiz borcluyam.

Tamaşaçısını sevindirməyə, onun diqqətini cəlb etməyə, sadəcə olaraq, gözəlliyi paylaşmağa çalışan Nəsibə xanıma daha böyük yaradıcılıq zirvəsi arzulayırıq!

 

İlhamə MƏHƏMMƏDQIZI,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

 

Azad Azərbaycan.- 2023.- 10 mart.- S.8.