Canlı orqanizm olan
teatr
Azərbaycan Milli Peşəkar
Teatrının yaranmasının 150 illiyinə həsr olunur
(Milli dramaturgiyamız, rejissor,
aktyor sənəti və teatrlarımızın sabahı
haqqında qeydlərim, düşüncələrim)
Biz, ədəbiyyat
tarixindən bilirik ki, dramaturgiya əsasən bu mövzular
üzərində qurulur.
Müharibələr
və onların gətirdiyi bəlalar.
Hakimiyyət
uğurda vuruşlar və onun törətdiyi fəsadlar.
Qısqanclıq
və onun fəsadları.
Nakam
məhəbbət və onun faciələri.
Xəyanət
və ondan törənən fəsadlar, qəddarlıq.
Xəsislik,
hərislik və bu yolda qurulan kəskin, maraqlı, gözlənilməz,
komik konfliktli oyunlar, dramatik vəziyyətli səhnələr
və sairə.
Şikəst
adamlar, şikəst beyinlər, şikəst düşüncələr
və onların qurduğu məkirli hadisələr, hiylələr.
İnsanın
yaşaması, həyatla mübarizə aparması
üçün onun sərt təbiətlə, törədilən
fəsadlarla vuruşları, qələbə
çalmaqçün ağlı, düşünəsilə
qurduğu maraqlı, kəskin oyunlar, gözlənilməz
hadisələr.
Valideynlər,
övladlar, onların arasındakı
anlaşılmamazlıqlar və ailə-məişət zəminində
törədilən cinayətlər, dramatik, komik vəziyyətlər.
Uca
Tanrı və onun tərəfindən məhkum olunmuş,
talesiz insanlar və onların başına gələn, gətirilən
gözlənilməz müsibətlər.
Nağıllar,
dastanlar, əsatirlər, mifologiyalar, dini əsatirlər əsasında
və bu mövzulardan götürülən dramatik, komik
süjetlər və sairə.
Beləliklə,
dramaturgiya təxminən iyirmi beş-otuz əsas mövzu
üzərində, daha doğrusu, bu mövzulardan biri əsas
götürməklə, kəskin konfliktli süjet xətti ilə
qurulur. Və o peys maraqlı olur ki, dramaturq gözlənilməz
vəziyyətlər, kəskin konfliklər qurmaqla, hər bir
rolu başqasına oxşamamaqla obraz səviyyəsinə
qaldıra bilir. Həm də pyesin gedişini rəngarəng,
baxımlı etmək üçün yeri gələndə
yumordan, satiradan, tamaşaçını
düşündürən fikirlərdən, onu həyacanlandıran,
sevindirən, gözlənilməz məqamlardan ustalıqla
istifadə etməyi bacarmalıdır. Bax, bütün bu cəhətlər
dramaturq tərəfindən lazım olan peşəkar səviyyədə,
az söz deyib, çoxlu fikir, dərin mənalar, fəlsəfi
yozumlar tapmaqla qurulsa, rollar bir-birinə oxşamamaqla, obraz səviyyəsinə
yüksələ bilsə, onda həmin pyes rejissoru daha tez cəlb
edər və onun tərəfindən də pyesə
düzgün açar tapılar. Pyes isə rejissor tərəfindən
düzgün açar tapılmaqla, peşəkar qurulsa,
mizanlar səhnədə baxımlı olsa, mizanlar səhnədə
danışa bilsə, obrazların özəyi düzgün
tapılsa, aktyorlarla lazım olan səviyyədə işlənilsə,
hər bir sözün, cümlənin sətiraltı mənası
dəqiq tapılsa, onda həmin tamaşa çox
baxımlı olar. Tamaşaçılar tərəfindən
sevilər.
Dava,
müharibə vaxtı ordunun taleyi generalın əlində
olduğu kimi, tamaşa hazırlanan vaxt da pyesin və
yaradıcı kollektivin, hətta teatrın taleyi də
rejissorun əlində olur. Deməli, rejissor da tamaşanın,
teatrın generalı deməkdir. Bax, bunu baş rejissor və
direktor hökmən başa düşməli, əllərindən
gələn bütün köməkliyi tamaşanı
hazırlayan quruluşçu rejissora həvalə etməlidirlər.
Onların kiçik biganəliyi, etinasızlıqları,
inamsızlıqları, nəyə isə mane olmaları
quruluşçu rejissora təsir edə bilər. Onun
yaradıcı təxəyyülünə mane ola bilər. Məşhur
rejissor, teatr islahatçısı, Moskva Bədaye
Teatrının yradıcılarından biri Vladimir
İvanoviç Nemiroviç-Dançenkonun təbirincə
desək: “rejissor yaradıcı heyyətin ideya, ilham vericisi,
rejissor güzgü və rejissor tamaşanın ən
böyük təşkilatçısı deməkdir”. O rejissorların
qurduğu tamaşa, çəkdiyi kinofilm tarixdə
yaşayır ki, onlar dövrün, zamanın nəbzini dəqiq
tuta bilir və bütövlükdə yaradıcı heyyəti
də özünün ardınca, onlarla yaxşı
yaradıcılıq əməkdaşlığı qurmaqla,
özünün ali məqsədinə doğru apara bilir.
Rejissor quruluş verdiyi tamaşada və kinofilmdə
yaxşı aktyor ansamblı seçməklə,
hamının yaxşı oynamasına nail ola bilir.
Daha
doğrusu, bu, onun əsas vəzifəsi olmalıdır.
Rejissor ilk növbədə ona çalışmalıdır
ki, quruluş verdiyi səhnə əsərində və kinoda
aktyorlar müəllifin yazdığı sözləri elə-belə
deklamasiya etməsin, hər sözün, fikirin sözaltı mənasını
tapıb, onları özününkü etməklə, həmin
sözləri düşünərək, fikirləşərək
deməyi bacarsınlar. Rejissor ilk öncə pyesi çox dəqiq
təhlil etmək bacarığına, savada malik olmalıdır.
Ona görə də yaxşı, savadlı, istedadlı
rejissorlar haqqında mən hələ iyirmi beş il bundan
qabaq belə bir fikir yazmışdım: “Rejissor sənəti
özlüyündə böyük bir institut, universitetdir. Bu
institutda, iniversitetdə bütün fənlərin həm
professoru, həm də dərs deyən müəllimi
yalnız rejissordur. O, dərs dediyi və rəhbərlik etdiyi
bu təhsil ocağında ilk öncə zamanın nəbzini
dəqiq tutmağı bacarmalı, insanların problemlərini
dəqiq bilməli və bu problemləri quruluş verdiyi
tamaşada qabartmalıdır. Onun quruluş verdiyi tamaşadan
isə hər bir tamaşaçı özünə lazım
olanı götürməlidir. Mənə elə gəlir ki,
rejissor, həm də ilan oynadan sehirkar ovsunçu kimi
olmalıdır. Çünki o, tamaşaya, kinoya quruluş
verəndə, bütün yaradıcı heyəti elə
ovsunlayıb öz ali məqsədi, ideyası ətrafında
birləşdirməlidir ki, onlar bütövlükdə
ovsunlanaraq, hamısı eyni məqsədə, yəni
rejissorun ali məqsədinə cani-dillə xidmət etməlidirlər.
Əgər belə olsa onda tamaşada, kinoda maraqlı bir
ansambl yaranar və əsl sənət əsəri meydana
çıxar”.
Çox
əfsus ki, bu gün rejissorların çoxu qurpuluş verdiyi
pyesin dəqiq təhlilini də apara bilmirlər. Rejissor pyesə
quruluş verməmişdən əvvəl onu ilk dəfə
oxuyanda, aşağadakı yeddi suala həmin pyesdə dəqiq
cavab tapmalıdır. Yəni həmin pyesi bu suallarla dəqiq
təhlil eləməlidir ki, həmin pyesi tamaşaya
hazırlamaqla o, nə qazana bilər.
1.
Pyesin qısa məzmunu. Yəni süjet xətti ilə təhlili.
2.
Pyesdə baş verən hadisələr silsiləsi.
3. Pyesin ali məqsədi
və ideyası.
4. Rejissor pyesə quruluş verəndə özünün əsas ali məqsədi
və ideyası nə olmalıdır.
5. Pyesin janrının rejissor tərəfindən
dəqiq tapılması.
6. Obrazların özəklərinin
rejissor tərəfindən
dəqiq müəyyənləşdirilməsi.
7. Pyesin rejissor tərəfindən ümumi
kompozisiyası və struktur forması.
Rejissor bu suallara dəqiq cavab tapandan sonra, artıq müəyyənləşdirməlidir ki, o, bu peyeslə
yeni söz deyə bilər ya yox. Bu pyesə quruluş verməklə, tamaşaçılarda
hansı maraqları yarada bilər. Tamaşaçının hansı
probleminin həll olunmasında ona köməkçi olub, ideya verici ola bilər. Zamanın hansı problemlərinin həll olunmasına, insanların maariflənməsinə,
tərbiyəsinə, əxlaqının
formalaşmasına, onlara
qarşı aparılan
haqsızlıqları kəskin
tənqid etməklə,
onlara yardımçı
olmaqla onun quruluş verdiyi tamaşa nə köməklik eləyə
bilər. Məhz buna
görə də rejissor zamanın güzgüsü və ideya vericisi, universiteti olmalıdır.
Əgər aktyor sənətində Allah vergisi,
fitri isdedad və zəhmət nə qədər çox tələb olunursa, rejissor sənətində savad, dərin düşüncə
tərzi, həyatı
çox incəliyi ilə bilmək, hər şeyə həyatda yaradıcı münasibət bildirmək,
fitri zəka, təxəyyül, məntiq
və fəlsəfi düşüncə, zəhmətkeşlik,
ən əsası isə mütaliə çox yüksək olmalıdır. Rejissor, dramaturq kimi
və hətta ondan da çox
ədəbiyyatı, tarixi,
psixologiyanı, incəsənətin
bütün növlərini,
təbabəti, həkimlik,
mühəndislik, memarlıq
sənətlərini və
ən əsası isə siyasəti çox dərindən bilməlidir. Axı o, ordu
generalıdır. Rejissorun ən
böyük uğurlarından
biri də aşağıda yazdığım
bu vacib şeyləri özündə
möhkəm tərbiyə
etməyidir. İlk öncə
səbr, insanları çox dəqiqliklə dinləmək bacarığı,
daxili təmizlik, yüksək tərbiyə,
paxıllıqdan, kin-küdurətdən,
hikkədən, mənəm-mənəmlikdən
uzaq olmaq, lazımsız söz-söhbət
yaymamaq, konfliktlərə
qoşulmamaq və insanları da bu yoldan çəkindirmək.
O, işlədiyi teatrda
heç bir aktyor və teatr işçisi arasında fərq qoymamalıdır. Hamıya eyni
məhəbbət və
diqqətlə yanaşmalıdır.
Ardı
var
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Azad Azərbaycan.- 2023.- 16 mart.- S.3.