Ömrünü ədəbiyyata,
jurnalistikaya,
teatra həsr edən
insan
(Portret cizgiləri)
Ömrünü ədəbiyyata,
jurnalistikaya və teatra həsr edən Əməkdar incəsənət
xadimi Ağalar İdrisoğlu ilə doğum günü ərəfəsində
həmsöhbət olduq. Öncə onun haqqında oxuculara qısa
məlumat vermək istəyirəm:
1950-ci
ilin mart ayının 16-da anadan olan Ağalar İdrisoğlu
(Mehdiyev) Digah kənd 8 illik və Nəriman Nərimanov
adına Masallı şəhər 2 nömrəli orta məktəbi
bitirib. 1975-ci ildə Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti) dram və kino aktyorluğu fakültəsini və
1986-cı ildə isə MoskvadaAnatoli Vasilyeviç
Lunaçarski adına Dövlət Teatr Sənəti
İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq
fakültəsini bitirib.Həm də vaxtaşırı Maksim
Qorki adına Ədəbiyyat İnstitutun da dinləyicisi olub.
16
yaşından bədii yaradıcılıqla, jurnalistika ilə
məşğul olur. 50 ildən çoxdur ki, peşəkar
teatr sənətində çalışır. 40-dan artıq
tamaşada rollar oynayıb. 140-dan çox tamaşaya bir-birindən
maraqlı quruluşlar verib. 26 il ayrı-ayrı teatrların
baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində
çox uğurla işləyib. Azərbaycan Teatr Xadimləri
İttifaqının katibi, idarə heyyətinin üzvü və
Sumqayıt bölgə şöbəsinin sədri olub.
Nasir,
dramaturq, publisist, jurnalist kimi 7 romanın, 10 povestin, 16 pyesin,
30-dan çox teatrlaşdırılmış tamaşalar
üçün ssenarilərin, 150-dən artıq hekayənin,
novellalanın, essenin, elegiyanın, pritçanın, 1500-dən
çox məqalənin, müsahibənin, pulisist
yazıların, oçerklərin, ressenziyaların, elmi, tarixi
məqalələrin müəllifidir. Dünya
xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Bu
pyeslər də Azərbaycanın peşəkar teatrlarında
həm onun öz quruluşunda və həm də başqa
rejissorların quruluşunda tamaşaya qoyulub.
“İnan
mənə” pyesi 1985-ci ildə Ümumittifaq gənc dramatruqlar
müsabiqəsində 48 pyesin içərsinidən qalib olub.
“Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə
34 pyesin arasında ikinci dərəcəli mükafata layiq
görülüb. (Birinci yer isə heç bir pyesə verilməyib.)
Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun
“Yanmış evin nağılı” Osman Mirzəyev adına
mükafata və özünün yazdığı “Şah
İsmayıl” tarixi faciəsi “Qızıl Dərviş”
mükafatına layiq görülüb. Quruluş verdiyi ondan
çox tamaşa Mədəniyyət Nazirliyinin və
başqa təşkilatların pul mükafatına, diplomlara
layiq görülüb.
2013-cü
ildə ona yazıçı kimi Prezident mükafatı
verilib. 2013-cü ilin iyun ayının 25- də isə ədəbiyyat
və incəsənət sahəsindəki xidmətlərinə
görə, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə Ağalar
İdrisoğlu (Mehdiyev) Əməkdar İncəsənət
Xadimi fəxri adına layiq görülüb.
O, Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliklərinin, Azərbaycan
Teatr Xadimləri İttifaqının üzvüdür.
Ağalar
İdrisoğlunun bədii, sənədli və publisist
yazılarından ibarət 20 kitabı çap olunub.
-
Ağalar müəllim, teatrın dünəni, bu günü
və sabahına baxışınız necədir?
- Mən
artıq əlli beş ildən çoxdur ki, ədəbiyyat
və jurnalistika ilə məşğul oluram. 1971-ci ildə
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunda dram və kino aktyorluğu fakültəsinə,
SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfinə daxil
olmuşam. 1972-ci ildən Mehdi müəllim məni və kurs
yoldaşlarımı özünün Milli Akademik Dram
Teatrında hazırladğı Hüseyn Cavidin “Xəyyam”
tamaşasında kütləvi səhnələrdə,
kiçik epizodik rollarda oynamağa apardı. Beləliklə,
1972-ci ildən artıq peşəkar teatr səhnəsində
çıxış etməyə başaldım. Məşhur
aktyorlarla tərəfmüqabili oldum. Bu tamaşadan sonra Mehdi Məmmədov
Səməd Vurğunun “İnsan” pyesinə quruluş verdi.
Biz, onun kursunda təhsil alan tələbələr bu
tamaşada da oynadıq. Hətta mən orada oğul Şahbaz
rolunu da oynadım. Mehdi müəllim bu pyesin ayrı-ayrı
epizodlarını institutda əvvəlcə bizimlə
hazırlamışdı. Mən orada da filosof Şahbazı
oynayırdım. Deməli, 150 yaşlı teatr aləmindən,
artıq mənim də əlli illik həyat yolum keçir. Bu
heç də az illər deyil. Çünki əlli ildir ki,
Azərbaycan teatrı mənim gözlərim
qarşısında inkişaf edib və bilavasitə fəaliyyətim
də bu çətin, məşəqqətli illərlə
bağlıdır. Açığı, həmin dövrlər
Azərbaycan teatrı bir intibah dövrü
yaşayırdı. 1970-90-cı illərdə Azərbaycan
teatr aləmində çox maraqlı rejissorlar, aktyorlar
çalışırdı. Demək olar ki, hər bir
tamaşa sensassiya yaradırdı. Xalqın teatra marağı
çox böyük idi. Sovetlər quruluşu
dağılandan sonra bu, bütün sahələr kimi teatr aləmi
də çox böyük tənəzzülə
uğradı. Həmin vaxtlar mən Sumqayıt Dövlət
Musiqili-Dram Teatrının bədii rəhbəri və
direktoru işləyirdim. Dövlət tərəfindən
maliyyə xərclərimizin bir hissəsi kəsilmişdi.
Tamaşalara quruluş xərcləri verilmirdi. Deməli,
başqa teatrların rəhbərləri kimi, mən də məcbur
oldum ki, əmək haqqının 35 faizini və quruluş xərclərinin
pulunu hardan olursa-olsun özüm qazanım. O vaxtlar
tamaşalara bilet pulu simvolik idi, gələn də az idi.
Çünki hamı çörək qazanmaq,
övladlarını bir təhər dolandırmaq haqqında
fikirləşirdi. Həmin illər rəhbər vəzifədə
çalşanlar üçün də ağır illər
idi. Teatrı çox çətinliklə saxlayırdıq.
1994-cü ildən ulu öndər Heydər Əliyev hakimiyyətə
gələndən sonra teatrlara şərait yaradıldı.
Sonralar yenə də tamaşaları hazırlamaq
üçün quruluş xərcləri azaldı. Gələn
gəlirlə tamaşalar hazırlamaq çox çətin
oldu. Ona görə də teatrlar iştirakçısı az
və maliyyə xərci cüzi tələb olunan tamaşalar
qurmağa başladılar. Klassik əsərlər
hazırlamağa imkan olmadı. Rejissor və aktyor da əsasən
klassik əsərlərdə yetişir. Ona görə də
həmin illər çox böyük durğunluq dövrü
oldu. Teatrda əmək haqqı çox az olduğundan bir qrup
istedadlı aktor ailələrini dolandırmaq
üçün teatrlardan getdi. Əsasən də əyalət
teatrlarında. Bax, bunun əziyyətini bu gün də çəkirik.
Amma onu da vurğulayım ki, hazırda teatrlarda bir dirçəliş
var. Respublikanın bütün teatrlarında çoxlu
maraqlı tamaşalar hazırlanır. Elə mənim
quruluşçu rejissoru olduğum Azərbaycan Dövlət Gənc
Tamaşaçılar teatrında son on ildə çox
yüksək peşəkar tamaşalar hazırlanıb. Elə
bunlardan birini misal çəkmək istəyirəm. Keçən
ilin sonunda teatrımızın baş rejissoru Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadənin
quruluş verdiyi və özünün də müəllifi
olduğu, “kod adı VXA” ( Vətən Xainlərinin
Arvadları) tamaşası Azərbaycan teatr aləmində
çox böyük senssasiyadır. Bu tamaşanı dünya
səviyyəsinə çıxarmaq olar. İnanıram ki, hər
yerdə çox yaxşı qarşılanar. Mən əlli
illik teatr təcrübəmdən və uzun illər bu sahəyə
rəhbərlik edən adan kimi belə fikirləşirəm
ki, Azərbaycan teatrlarının gələcək taleyinin
daha uğurlu olması üçün dövlət tərəfindən
Sovetlərin vaxtında olduğu kimi, tamaşalara quruluş xərcləri
ayrılsa, bu, yalnız və yalnız böyük köməklik
olar. Həm də tearlar inkişaf edər.
- Ən
böyük peşəkar nailiyyətiniz nə olmuşdur?
- Mən əmək
fəaliyyətimə əsasən 1976-cı ilin fevral
ayından aktyor kimi Sumqayıt Dövlət Dram Teatrında
başlamışam. Sağ olsun həmin vaxtı teatrın
rejissorlar mənə maraqlı rollar vermişlər.
Çalışmışam ki, onların ümidlərini
doğruldum. Amma rejissuraya həvəsim çox olduğundan,
1977-ci ildə Sumqayıtda ilk dəfə “Ümid” adlı
Teatr-Studiya yaratmışam. On iki il bu kollektiv mənim rəhbərliyim
dövründə burada 300 nəfərdən çox
sumqayıtlı məktəbli və gənclər teatr sənətindən,
tarixindən, ədəbiyyatdan, jurnalistikadan, musiqidən,
plastik hərəkətlərdən təhsil alıblar.
Onların əlli nəfərindən çoxu indi peşəkar
teatrlarda işləyirlər. Əksəriyyəti də
başqa ali məktəblərdə təhsil alsalarda teatr sənətini
çox yaxşı başa düşürlər.
Tamaşaları düzgün təhlil edirlər. Bu kollektiv
1979-cu ildə Mədəniyyət Nazirliyin əmri ilə Xalq
Teatrı olub. Bu kollektivdə mənon iki il müddətində
otuz tamaşa hazırlamşam. Həmin vaxtlar əsas iş
yerim Sumqayıt Dövlət Dram Teatrı olduğundan burada
hazırlanan tamaşaların da çoxunda rejissor assistenti və
ikinci rejissor olurdum. Əsasən də Xalq artisti Mərahim Fərzəlibəyovun
tamaşalarında. Bu teatrda həmin vaxtı dörd
tamaşaya quruluş vermişdim. Moskvada ali rejissorluq təhsili
alandan sonra 1985-ci ildə Mədəniyyət Nazirliyinin təyinatı
ilə Ağdam Dövlət Dram Teatrına quruluşçu
rejissor vəzifəsinə göndərildim. Bir-birini
ardınca altı tamaşaya- Məhərrəm Əlizadənin
“İlk qurban”, Edurad Bobrovun “Vicdanla üz-üzə” ( tərcümə
edəini Zakir Abbas), Nobel mükafatı laureatı Alber Kamyunun
“Qismət” (tərcümə edəni Vaqif Əlixanlı),
Loğman Rəşidzadənin “Toya bir gün qalmış”,
Xalq şairi Zəlimxan Yaqubun “Aşıq Ələsgər”,
Əli Səmədlinin “Analar və
oğullar”tamaşalarına qurluş verdim. Kollektivin təkidi
və Ağdam rayon partiya komitəsinin birinci katibi, rəhmətlik
Sadıq Murtuzayevin məktubu ilə və Mədəniyyət
Naziri, rəhmətlik Zakir Bağırovun əmri ilə
teatrın baş rejissorunu və direktorunu işdən
çıxarıb, məni teatrın baş rejissoru və
direktoru təyin etdilər. Bu teatra rəhbərlik elədiyim
1988-ci ilin sonuna kimi on altı tamaşaya quruluş verdim.
1989-cu ilin yanvar ayından Sumqayıt Dövlət Dram
Teatrına rəhbərlik etməyə başladım. 1991-ci
ildə mənim ideyam və böyük təşkilatçılığımla
bu teatr Musiqili-Dram Teatrı oldu. Teatra əlavə 90 ştat
verildi. Bu teatra rəhbərlik etdiyim on il müddətində
iyirmidən çox tamaşaya quruluş vermişəm. Bu səhnə
əsərlərindən hansı daha yaxşıdır, onu
deyə bilmərəm. Çünki oynadığım
qırxdan çox rolum, quruluş verdiyim 140-dan çox
tamaşam və bütün bədii əsərlərim mənim
övladlarımdır. Övlad arasında fərq qoymağa
valideynin ixtiyarı yoxdur. Amma quruluş verdiyim elə
tamaşalarım və oynadığım rollar var ki,
tamaşaçılar tərəfindən daha maraqla
qarşılanıb. Mükafatlara layiq görülüb.
-
Ömrünüzün zirvə nöqtəsindən arxaya
boylananda hansı xatirələr yada düşür?
-
Açığı mən hələ zirvə nöqtəsinə
gəlib çatmamışam. Mənə elə gəlir ki,
sənətkar hiss eləsə ki, artıq zirvə nöqtəsinə
gəlib çatıb, o, artıq yaradıcılıqla məşğul
ola bilməz. Dahi Lev Tolstoy deyirdi ki, “mən yeni əsərimi
yazmağa başlayanda fikirləşirəm ki, bu əsər
mənim birinci və son əsərimdir. Ona görə də
bu işə çox ciddi yanaşıram”. Mən də ən
kiçik hekayəmi, povestimi, pyesimi yazanda və hansısa
tamaşaya quruluş verəndə fikirləşirəm ki,
bu, mənim birinci və son işimdir. Ona görə də hər
işimə çox ciddi yanaşıram.
- Keşməkeşli
həyatınız və yaradıclığınız sizə
nələri verib və sizdən nələri alıb?
-
Çox maraqlı sualdır. Mənə bir az ad-san və
şöhrət verdi. Amma öncə sağlamlığımı
və demək olar ki, həyatımı zədələdi. Mən
başqa adamlar kimi günlərlə, hətta saatlarla boş
vaxt keçirə bilmirəm. Çünki bədii əsərlər
yazmaq, tamaşalara quruluş vermək, “Azad Azərbaycan” kimi
tanınmış, oxunaqlı qəzetə rəhbərlik etmək,
qəzetin hər nömrəsində də ən azı
iki-üç yazı yerləşdirmək, tədbirlərdə
iştirak etmək mənim vaxtımı çox aparır.
Uzun illərdir ki, Allahdan həmişə boş vaxt arzu
etmişəm, amma qismət olmayıb. Bir ondan razıyam ki, məni
başa düşən ailəm və övladlarım var.
Onlar da mənə bu qədər işləri görməkdə
böyük ilham verirlər. Həyat yoldaşım Elmira
xanım yeni yazılan əsərimin ilk oxucusu, təzə
hazırladığım tamaşanın ilk
tamaşaçısı olur və çoxlu maraqlı məsləhətlər
verir.
-
Ağır əməliyyatdan uğurla çıxaraq bu
yaşda məhsuldar çalışmanız heyrətamizdir.
Buna necə nail olursunuz?
- Mən
sizə bir maraqlı məsələni deyim. 1975-ci ildə ali
məktəbi bitirib, tələbə yoldaşlarımla Şəki
Dövlət Dram Teatrını yaratmağa gedəndən həyatımda
böyük problemlər yaranıb. 1976-cı ilin fevral
ayından Sumqayıt Dövlət Dram Teatrında işə
başladığım zamanda bu problemlər mənimlə
olub. Bütün gücümü sərf edib, həmin problemləri
dəf etməyə və öz ali məqsədimə
doğru irəliləmişəm. Amma 1995-ci ildən artıq
mən altı ildir ki, Sumqayıt Dövlət Musiqili-Dram
Teatrına böyük uğurla rəhbərlik edirdim və
bu teatr respublikanın ən aparıcı teatrı idi, mən
də Azərbaycan Teatr Xadimləri İttifaqının katibi
idim, həmin vaxtı Mədəniyyət Nazirliyinin İncəsənət
idarəsinin rəisi Əliqismət Lalayevi gətirdilər.
Ondan əvvəl bu vəzifədə işləyənlər
Vaqif Əlixanlı və Elmira xanım Əliyeva ilə
çox yaxşı münasibətlərimiz vardı. Onlar əllərindən
gələni edirdilər ki, Azərbaycan teatrlarının
heç bir problemi olmasın. Amma onlardan sonra bu vəzifəyə
gələn adam sonra bütün teatrlara böyük problemlər
yaratdı. Teatr, konsert müəssisə rəhbərlərinin
çoxu ərizə verib işdən çıxdı. Mən
də üç il onunla vuruşandan sonra gördüm ki,
xeyri yoxdur və ərizə verib, teatr rəhbərliyindən
çıxıb, Dağıstana getdim və orada teatr
yaratdım. Sonra bir qrup dağıstanlı azərbaycanlılarla-
Seyid Qurbanov, Məhəmməd Qurbanov, Hüseynbala
Hüseynovla 1950-ci ildə bağlanan Dağıstan Azərbaycan
Dövlət Dram Teatrını bərpa etdik. Həmin teatra da
mən rəhbərlik etməliydim. Azərbaycanda Mədəniyyət
idarəsinə həmin vaxtı rəhbərlik edən adam məndən
Mədəniyyət nazirinin gözündə böyük
düşmən yaratdığına görə Azərbaycan
Mədəniyyət nazirinin əli uzun oldu və
Dağıstan Mədəniyyət naziri Həmidə xanım
Abdulhəmidovna ilə danışıb, mənim həmin
teatra rəhbərlik etməyimin qarısını aldı...
Beş
illik ağır, çətin mübarizədən və mənə
qarşı haqsızlıqlardan sonra ürəyim
bütün bunlara dözmədi və may ayının 8-də
infarkt oldum. Üç il sağalmaq üçün
böyük mübarizə apardım. Sonra daha başqa dəhşətli
hadisələr oldu... Keçən ilin dekabr ayının 20-də
Mərkəzi Ürək Cərrahiyyə Klinikasının baş
həkimi, gözəl mütəxəssis, dəyərli
insan, professor Kamran Musayevin cərrahiyyə əməliyyatı
ilə dörd damarım dəyişildi. Artıq üç
aydır ki, müalicəm gedir. Özümü yaxşı
hiss edirəm. Hər gün yaradıcılıqla məşğul
oluram. Bədii əsərlərimi, məqalələrimi
yazıram. Hazırlayacağım pyeslər üzərində
ciddi işləyirəm.
-
Yaradıcılıq yolunuz maraqlı, dolğun və təzadlıdır.
Bu haqda nə deyərdiniz?
- Onu
vurğulayım ki, ədəbiyyat və incəsənət
sahəsi çox çətin və mürəkkəbdir.
Lev Tolstoy deyən kimi,“bunlar qul əməyidir”. Mən bu sahənin
hər ikisində çalışdığımdan, ikiqat
qul əməyilə məşğulam. Belə ki, oxucular
yaxşı bilir ki, mən həyatda iki nəfəri
yaşadıram. 1944-cü ildə atam müharibədə
olduğu vaxtı anamın qucağında acından ölən
dörd yaşlı qardaşım Ağanın və öz
ömrümü. Bu haqda “Anamın müqəddəs
nağılı”, “Qardaş” və “İki qardaşın
hekayəti” adlı hekayələrim də var. Çox
maraqlıdır ki, Ağa adlı qardaşım 1940-cı ildə
mart ayının 15-də, mən 1950-ci ilin mart ayının
16-da anadan olmuşam. Ona görə də mənə
Ağalar adını qoyublar. Atamın və anamın vəsiyyətilə
bədii əsərlərimi və jurnalistika sahəsindəki
yazılarımı qardaşım Ağanın adı ilə
yazıram. Öz adımdan isə aktyor və rejissoram. Mən
iki ali məktəb qurtarmışam. Həmişə iki
paralel işdə işləmişəm.Ona görə də
hər bir bədii əsəri, məqaləni yazanda və
rollar oynayanda, tamaşalara quruluş verəndə daxilimdə
iki Ağa bir-birilə böyük mübarizə aparır.
- Həyatda
çoxlu dost qazanmısınız. Bu sizə nə verib?
Yanlışıqlıq, yoxsa çətinliyiniz zamanı
maddi və mənəvi dayaqlıq?
-
Əslində bu 73 ildə mən çox dostlarımı
itirmişəm. Belə ki, uzun illər vəzifədə
işləyəndə mənə dost deyən çox olub,
amma işdən çıxandan sonra həmin “dostlarım”
ayrı-ayrı bəhanələrlə məndən
uzaqlaşıblar. Mənim əsas dostularım öz ailəmdi
və mənə bu günə kimi sadiq olan çoxlu tələbələrimdi.
Bir də beş il bundan əvvəl yaratdığımız
Sumqayıt Dostlar Klubunda olan dostlarımdı. Bax, bu dostlar ən
çətin məqamda, ən xoş gündə həmişə
bir-birinin yanında olur. Çünki onlar bir-birindən
asılı deyillər. Bu ilin yanvar ayının 14-də,
Əməkdar jurnalist, Sumqayıtın salnaməsini yaradan,
tanınmış yazıçı, dostumuz Eyruz Məmmədovun
70 illik və mart ayının 12-də dostumuz,
tanınmış mühəndis-ixtiraçı, gözəl
şair, Əməkdar mühəndis, “Tərəqqi”
medallı Əli Ələminin 75 illik yubileyini keçirməyimiz
təkcə onların özlərinə yox, bizim
özümüzə də çox xoş oldu.Biz, rəhmətlik
Sadıq Murtuzayev və Əməkdar hüquqşünas
Müzəffər Ağazadə ilə birlikdə “Sözdən
yaranan incilər” adlı dünya dahilərinin, səmavi
insanların altı mindən çox kəlamları və
aforizmlərdən ibarət kitabı yaxın günlərdə
tamamlayıb, çap etdirəcəyik. Oradan dostluqla
bağlı bu aforizmləri demək istəyirəm. Yəqin
bu, oxucular üçün də maraqlı olar. “Dostluğun
birinci şərti etibardır” (Jan Labrüer. Fransız
yazıçısı və filosofu), “Mənfəət
xatirinə qurulan dostluğa "alver" deyilir” (Harold Laski,
İngilis siyasətşünası), “Müharibə igidi,qəzəb
müdriki,ehtiyac isə dostu sınağa çəkir” (Atalar
sözü), “Dostunun sağ ayağı axsayırsa,sən sol
ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə
olsun (Jül Renar, Fransız yazıçısı), “Dostlar
müxtəlif bədəndə bir ruhdurlar” (Həzəti
Əli ə.s.)
- Sinniniz
və zehniniz artıq bir çox mətləbləri ayırd
etmə məqamındadır. Bu barədə fikriniz?
- Tibetlilərin
belə bir deyimi var.Onlar deyir ki, bir yaşından iyirmi
yaşına qədər insanın uşaqlıq dövrü
sayılır. İyirmi yaşından altmış
yaşına qədər insanın gənclik
dövrüdür. Altımız yaşından yüz
yaşına qədər müdriklik
dövrüdür.Onların təbirincə desək, mən də
artıq səkkizinci onluğu xırdalayıram. Deməli, mən
də artıq müdriklik dövrümdə yaşayıram.
Ona görə də indi bir işi görməmişdən əvvəl
daha çox düşünürəm.
Çalışıram ki, səbrli olum. Çünki səbrlə
gedən yol, daha uğurlu və möhkəm olur.
-
Yaradıcı insanlar kövrək olduqları qədər də
möhkəm iradəyə sahibdirlər. Bu mənada
özünü ifadə yaşa dolduqca daha çətin olur,
yoxsa asan?
-
Tanınmış rejissorlar Anatoli Efrosun, Mixail
Tumanaşvilinin, Litvanın Panevejes şəhərində
dünya şöhrətli teatr yaradan Miltinesin belə bir
maraqlı fikirləri var: “Teatr rəhbəri və
quruluşçu rejissor möhkəm iradəyə malik olmaqla
və böyük provokator-təxribatçı olmasa, işləri
yaxşı getməz”. Bu, fikir həqiqətən də
düzdür. Yaşa dolduqca görürsən ki, daha
böyük diplomat olmalısan.
- Gələcək
planlarınızdan nə deyərdiniz? Arzu və istəkləriniz?
- Planlarım çoxdur. Hazırlamaq istədiyim bir neçə tamaşa var. Bu il iki yarımçıq povestimi, iki yarımçıq pyesimi, otuz hekayəmi və “Canlı orqanizm olan teatr” kitabımı qismət olsa,tamamlamalıyam. Bir vaxtlar Sumqayıtda yaratdığım Sumqayıt Gənclərinin Xalq Teatrının 45 illiyini keçən il keçirmək istəyirdik, amma mən xəstə olduğuma görə bu ilə qalıb. Təki sağlıq olsun. Bir şeyə sevinirəm ki, mənə kimsə pislik edəndə daha yaxşı işləyirəm və həmin adamlara nəyə qadir olduğumu öz işimlə sübut edirəm. Bircə arzum var: Uzun illərdir on nəfər ailə üzvümlə iki otaqlı mənzildə yaşayıram. Bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Milli Teatrının 150 illik yubileyidir. Təki bu yubileylərdə mənə mənzil versinlər və ailə üzvlərim də sevinsin ki, mən həyatımın 55 ilini ədəbiyyata, jurnalistikaya və 50 ilini teatr sənətinə boş yerə sərf etməmişəm. İnanıram ki, arzum bu il reallaşacaq. Sənətkar üçün arzusunun reallaşması ona daha böyük ilham və inam verir.
İlhamə
MƏHƏMMƏDQIZI,
Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliklərinin
üzvü
Azad Azərbaycan.- 2023.- 16 mart.-S.7.