Ədəbiyyatımızda öz yeri

və dəsti-xətti olan şair

 

ƏŞRƏF VEYSƏLLİ – 85

 

Hərdən dünyamızı bir anlıq ağsaqqallarsız, böyüklərsiz təsvir edəndə ruhuma qaranlıq çökür. Bu qoca dediyimiz dünya nadan uşağa bənzəyir... Qəribə bir hiss bürüyür duyğularımı... Dünyadan yaşlı insanlar köçdükcə elə bilirəm dünya yiyəsiz qalır, kimsəsiz qalır, başsız qalır. Son illərin COVİD- 19 bəlası həyatımıza girib həyatımızı cəhənnəmə çevirəndə anlayanlar Ulu Tanrının mətləblərindən az da olsa hali oldu. Olmayanlar özləri bilər. Dünya ağsaqqalların, ağbirçəklərin çiyni üstə qərar tutur. Gəlin, onları əziz tutaq! Onlarsız bu dünyanın nə dadı olar, nə də duzu...

O, əsl ağsaqqaldı, müdrik məsləhətləriylə, gözəl davranışıyla... Gözəl şairdi, gözəl insandı.Üzündə həmişə xoş bir təbəssüm olur. Kimsənin qəlbinə dəymir. Könül Kəbədir, Allah evidir... Heç kəsin könlünə dəyib, ruhunu incitmir. Özü kimi şeirləri də o qədər kövrək, o qədər durudu ki... Bu dünyayla xeyli vaxtdı yoldaşlıq edir... Sözün özündən başqa kimsədən umacağı yoxdur... Hər kəsə bir ilıq sözlə də olsa kömək eləməyə çalışır. Bilir bu dünyanın duracaq yer olmadığını bilir. Bir uşağın göz yaşına qoşulub hönkür-hönkür ağlaya bilər, bir nadanın sözündən cilik-cilik sına bilər. Çünki mayası sözlə yoğrulub. Ən vəfalı yarı sözdü, ən böyük sərvəti yenə də sözdü. Çünki ŞAİRDİR.

Mart ayında bu dəyərli ağsaqqalımız, ustad şairimiz, sözüylə, şeiriylə sözün məkanında ŞAHLIQ edən Əşrəf Veysəllinin 85-yaşı tamam oldu. Mübarəkdi, ədəbi camiəmizin sevimlisi, əzizi Əşrəf müəllim. Allah sizə uzun, up-uzun ömür versin. Dünya sizinlə çox gözəldir!

 

Gülnarə CƏMALƏDDİN,

Azərbaycan Yazıçılar Birliyi

Sumqayıt təşkilatının sədri

 

Azad Azərbaycan.- 2023.- 16 mart.- S.6.