Musiqi mədəniyyətimizin inkişafında

keçən maraqlı ömür yolu

 

Rasim Quliyev- 75

 

(Portret cizgiləri)

 

Azərbaycan musiqisinin inkişafında çox böyük xidmətləri olanlardan biri də Rasim Quliyevdir. Onu bir daha çoxminli oxucularımızla daha yaxından tanış edirik.

 

Qısa arayış: Rasim Hüseynəli oğlu Quliyev 22 mart 1948-ci ildə ziyalı ailəsində anadan olub. 1960-cı ildə Bakı şəhər 10 saylı uşaq musiqi məktəbinin tar sinifinə daxil olub, 1965 – ci ildə həmin məktəbi bitirərək, Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə daxil olub və 1970-ci ildə təhsilini başa vurub. 1971-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və 1976-cı ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirib. Təhsil dövründə o, respublikanın məşhur, tanınmış pedaqoq – ifaçı tarzənləri – Əməkdar mədəniyyət işçisi Kamil Əhmədov, Xalq artisti Ramiz Quliyev, Əməkdar artist Baba Salahov, tarzən Kamil İbrahimov, Novruz Aydəmirov, bəstəkarlar Xalq artisti, professor Süleyman Ələsgərov, Xalq artisti, professor Hacı Xanməmmədov, Əməkdar İncəsənət xadimi, professor Vasif Adıgözəlov, bəstəkar Dadaş Dadaşov, Bayram Hüseynlidən dərs alıb.

Rasim Quliyev ilk əmək fəaliyyətinə 1967-1968-ci illərdə Bakı İcraiyyə Komitəsinin Mədəniyyət şöbəsinin Xanlarov adına Şıxov Mədəniyyət evinin bədii rəhbəri kimi başlayıb. 1969-1971-ci illərdə Azərbaycan Dövlət Flarmoniyasında musiqiçi-tarzən kimi çalışıb, 1971-1972-ci illərdə Bakı şəhər 8 saylı, 1972-1976-cı illərdə 6 saylı uşaq musiqi məktəblərində müəllim işləyib. 1976-cı ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində müəllim kimi fəaliyyətə başlayıb, həmin ildə də işləmək üçün təyinatla Lənkəran şəhərində yeni açılmış orta ixtisas musiqi məktəbinə göndərilib. 1979-cu ilədək həmin təhsil müəssisəsində şöbə müdiri vəzifəsində çalışıb. Təyinat müddətini bitirdikdən sonra o, yenidən Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə qayıdıb və müəllim kimi, sonralar isə şöbə müdiri kimi fəaliyyət göstərib. Rasim Quliyev 1992-ci ildən başlayaraq paralel olaraq əvəzçilik üzrə Azərbaycan Dövlət Konservatoriyasında (indi Azərbaycan Milli Konservatoriyası) dosent vəzifəsində çalışıb. 2002-ci il 20 noyabr tarixindən 2021-ci il 4 aprel tarixinədək Sumqayıt Musiqi Texnukumunda (indi Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci) direktor vəzifəsində çalışıb.

O, adı çəkilən müəssisələrdə səmərəli və uğurlu işlərinə görə kollektivdə özünə hüsnü-rəğbət qazanıb və dövlətimiz tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilib. Rasim Quliyev 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb, 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rasim Quliyevə dosent elmi adı verilib.

Hələ Lənkəran şəhər orta ixtisas musiqi məktəbində çalışdığı illər ərzində , şöbə müdiri kimi xalq çalğı alətləri ixtisası üzrə onlarla istedadlı gənclərin yetişməsində onun xüsusi rolu olmuşdur. Hazırda onun yetirmələri respublikamızın müxtəlif musiqi təhsili müəssisələrində çalışaraq öz müəllimlərinin pedaqoji ənənələrini layiqincə davam etdirirlər. Rasim müəllim yüksək ixtisaslı və istedadlı kadr olduğuna görə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin direktoru bəstəkar, professor Vasif Adıgözəlov 1979 – cu ildə onu məktəbə dəvət edərək “Xalq çalğı alətləri” ixtisası üzrə tar sinifinə müəllim təyin edib. Uzun illər bu vəzifədə çalışdıqdan sonra 1990-cı illərdə məktəbdə direktor işləmiş, sənətşünaslıq doktoru Əvəz Rəhmətov Rasim müəllimə etimad göstərərək onu xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə şöbə müdiri vəzifəsinə təyin edib.

Yüksək yaradıcılıq fəaliyyəti ilə çalışdığı məktəbdə uzun illər yüzlərlə xalq çalğı alətləri ifaçıları və xanəndəlik ixtisasları üzrə gənc mütəxəssislərin yetişməsində, məşhurlaşmasında, fəxri adlarla təltif edilmələrində, həmçinin tələbələrin saysız-hesabsız beynəlxalq və respublika müsabiqələrində qalib yerlərə layiq görmələrində Rasim müəllimin çox böyük xidmətləri olub. Həmin illərdə məktəbin direktoru vəzifəsində işləmiş bəstəkar, professor Vasif Adıgözəlov, Əməkdar artist Bayandur Mehdiyev, sənətşünaslıq doktoru Əvəz Rəhmətov, professor, Əməkdar incəsənət xadimi Nazim Kazımov Rasim müəllimin yüksək ixtisaslı mütəxəssisliyindən, sənətkarlığından və əxlaqı-mənəvi keyfiyyətlərindən həmişə razılıq ediblər. Məhz bu keyfiyyətlərinə görə 1992-ci ildə bəstəkar, professor və kafedra müdiri Süleyman Ələsgərov Rasim müəllimi Azərbaycan Dövlət Konservatoriyasına işləməyə dəvət edib.

Sumqayıt Musiqi Kollecində direktor vəifəsində çalışdığı 19 il ərzində o, kollecin maddi-texniki bazasının inkişafına və möhkəmləndirilməsinə, kollektivin əmək şəraitinin yaxşılaşdırılmasına, tədrisin dövlət satandartlarının tələblərinə uyğun olaraq təşkilinə, kollektivdə ideya-siyasi tərbiyə işinin daha da yüksəldilməsinə çox böyük töhfələr verilmişdir. Dövlət tələbə qəbulu planınınn yerinə yetirilməsi, yekun dövlət attestasiyasında tələbələrin yüksək nəticələri, həmçinin respublikadan kənarda - Türkiyə, Rusiya, İtaliya, Macarıstan, Polşa kimi ölkələrdə beynəlxalq və respublika miqyaslı müsabiqə, festival və olimpiadalarda tələbələrin qalib yerlərə layiq görülmələri əldə edilən nəaliyyətlərdən olmuşdur.

Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Sumqayıt Musiqi Kollecinin fortepiano şöbəsinin II kurs tələbəsi Fuad Telman oğlu Əlizadə musiqi sahəsində xüsusi istedadına görə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” na adı yazılmaqla xüsusi Prezident təqaüdünə layiq görülmüşdür.

Rasim müəllimin fəaliyyəti dövründə kollecin tarixində ilk dəfə olaraq 3 müəllim Əməkdar müəllim fəxri adı ilə təltif edilmişdir. Kollecin bədii kollektivləri Sumqayıt şəhərinin və respublikanın ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində konsert proqramları ilə fəal iştirak edirdilər. Kollecdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün respublikanın məşhur pedaqoq və sənətkarları - Xalq artistləri, professorlar Arif Babayev, Canəli Əkbərov, Zabit Nəbizadə, bəstəkarlardan, professor, Xalq artisti Vasif Allahverdiyev və Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov, Əməkdar artistlər Eytiram Hüseynov, Babək Niftəliyev, xanəndə Sabir Abdullayev və digərləri çalışmaq üçün kollecə dəvət edilmişlər. Bundan əlavə musiqi kolleci Sumqayıt şəhərinin uşaq musiqi və incəsənət məktəbləri ilə sıx yaradıcılıq əlaqələri yaradaraq, onlara hər cür metodiki köməklik göstərib.

Bir ifaçı tarzən kimi Rasim Quliyev 1978-ci ilin sentyabrında Polşa Xalq Respublikasında beynəlxalq festivalda, 1994-cü ilin sentyabrında İraqda “Babil folklor festivalinda” iştirak etmişdir. Bundan əlavə müxtəlif vaxtlarda o, Xalq artisti Əlibaba Məmmədovun rəhbərliyi ilə Azərbaycan Dövlət Filormoniyasında “Hümayun”, Əməkdar artist Baba Salahovun və Xalq artisti Əhməd Bakıxanovun rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyasının Xalq çalğı alətləri ansambllarında və Nəriman Əzimovun rəhbərliyi ilə Xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyət göstərib.

Rasim Quliyev 1998-ci ilin mart ayında Həcc ziyarətində olub.

Azərbaycan incəsənəti və mədəniyyəti, musiqisi üçün bu qədər böyük işlər görən Rasim Quliyevi 75 illik yubileyi münasibətilə respublikanın bir qrup tanınmış sənətkarları təbrik edir. Belə qərara gəldik ki, onların təbriklərini də bura yazaq. Qoy oxucular da Rasim müəllimin necə böyük sənətkar və insan olduğunu görsünlər.

 

***

- Respublikamızın musiqi ictimaiyyətində Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının dosenti Rasim Quliyevin adı fəxarətlə çəkilir. Çox az musiqiçi tapılar ki, Rasim müəllimin insanpərvərliyindən, səmimiyyətindən bəhrələnməsin. O, həm gözəl pedaqoq, səriştəli təşkilatçı, nümunəvi ailə başçısıdır. 55 illik əmək fəaliyyəti dövründə çalışdığı bütün kollektivlərdə çox böyük hörmətə və diqqətə malik olmuşdur. Dostluğa sadiq bir şəxsiyyət kimi o, öz nümunəvi davranışı, əxlaqi keyfiyyətləri ilə həmişə diqqət mərkəzində olmuşdur.

Əziz dostum və qardaşım Rasim müəllim, Sizin 75 illik yubileyinizi təbrik edir, uzun ömür və can sağlığı azulayıram.

 

Nazim Kazımov,

 

Əməkdar İncəsənət Xadimi, professor

Azərbaycan Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru

 

***

-Rasim müəllimlə bir-birimizi yeniyetməlik çağlarından tanıyırıq, həmçinin qohumluq münasibətlərimiz də var. 1971-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına eyni vaxtda qəbul olub, eyni vaxtda da – 1976-cı ildə ali təhsilimizi başa vurmuşuq. O, həm gözəl tarzən-musiqiçi, həm yüksək insani keyfiyyətlərə malik bir insan, həm də dost kimi hər cür tərifə layiqdir. Bizim əmək fəaliyyətimiz də Rasim müəllim ilə bir dövrə təsadüf edir. Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında uzun illər bir yerdə çalışmışıq. Rəhbər işlərdə çalışanda da Rasim müəllim, pedaqoq və tələbələrə qarşı səmimi münasibəti, işgüzarlığı və təşkilatçılığı ilə həmişə rəğbət qazanmışdır.

Əziz dostum və qardaşım Rasim müəllim. Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, can sağlığı, xoş günlər arzulayıram.

 

Ağasəlim Abdullayev,

Xalq artisti, tarzən, Azərbaycan

Milli Konservatoriyasının professoru

 

***

-Əziz dostum Rasim müəllimlə 1964 – cü ildən – Maştağa Uşaq Musiqi Məktəbində oxuyarkən tanış olmuşuq və dostuluq münasibətlərimiz indiyədək davam edir. Daha sonralar Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində təhsil aldığımız dövrdə, həmçinin ali təhsil dövründə, daha sonralar isə sənət aləmində birgə ifaçılıq və pedaqoji fəaliyyətimiz bizi daha da mehribanlaşdırmışdır. Bu günə kimi mən onunla sıx dostluq əlaqələri saxlayıram. Respublikamızın məşhur sənətkarları olan tar – kamança ifaçıları, xanəndələr Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində təhsil alarkən Rasim Quliyevin rəhbərlik etdiyi şöbənin yetirmələri olublar. Onlar bu gün də Rasim müəllimin qayğıkeşliyi, insanpərvərliyi haqqında xoş sözlər söyləyirlər.

Əziz və hörmətli dostum Rasim müəllimi 75 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir və ona ən xoş arzularımı bildirirəm.

 

Mirnazim Əsədullayev,

Əməkdar artisti,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru

 

***

- Rasim Quliyevin bir Əməkdar müəllim kimi respublikamızın musiqi mədəniyyətinin inkişafında çox böyük xidmətləri olub. O, 75 illik ömrünün 55 ilini gənc musiqiçilərin və mütəxəssislərin hazırlanmasına həsr dib. Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində Rasim müəllimin rəhbərlik etdiyi şöbənin xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə bitirən tələbələr arasında dövlətimiz tərəfindən fəxri adlara layiq görülənlər kifayət qədərdir. 1991 – ci ildə həmin məktəbə qəbul zamanı və sonralar müəllim kimi orada saxlanılmaqda Rasim müəllimin mənə köməyini heç vaxt unuda bilmərəm. Rasim müəllimin çox gözəl yol yoldaşlığı da var. 1994-cü ilin sentyabr ayında, Asəf Zeynallı adına Bakı orta ixtisas məktəbində tələbə ikən Rasim müəllimin rəhbərliyi ilə mən və bir qrup musiqiçi İraqda keçirilən “Babil folklor festivalında” iştirak etmişik. Bu səfərdə mən Rasim müəllimin bir daha geniş ürəkli, qrup üzvlərinə qarşı diqqətəlayiq insanlığının şahidi oldum.

2002-ci ildən 2021-ci ilədək Sumqayıt Musiqi Kollecinə rəhbərlik etdiyi dövrdə də o, özünü yüksək səriştəli və əxlaqi keyfiyyətlərə malik bir müəssisə rəhbəri kimi göstərmişdir. Əziz dostumu 75 illik yubileyi münasibəti ilə təbrik edir, bütün diləklərinin həyata keçməsini arzulayıram.

 

Zabit Nəbizadə,

Xalq artisti, xanəndə, Azərbaycan Milli

Konservatoriyasının baş müəllimi

 

***

- Həyatını gənc musiqiçilər nəslinin hazırlanmasına həsr etmiş Əməkdar müəllim Rasim Quliyev respublikamızın musiqi ictimaiyyəti arasında çox böyük nüfuza malikdir. Tanınmış və fəxri adlar daşıyan sənət adamları Rasim müəllimin haqqında söz düşəndə onun pedaqoji fəaliyyəti ilə yanaşı insani keyfiyyətləri haqqında da yüksək və dəyərli fikirlər söyləyirlər. Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecində müəllim, həmçinin Azərbaycan Milli Konservatoriyasında dosent kimi çalışdığı dövrdə Rasim müəllimin sinifini bitirən tələbələr indi respublikanın fəxri adlarını daşıyırlar və müxtəlif musiqi təhsili müəssisələrində, habelə musiqi kollektivlərində onun ifaçılıq sənəti və pedaqoji ənənələrini layiqincə davam etdirirlər. O, 19 il Sumqayıt Musiqi Kollecində direktor vəzifəsində çalışıb. Bu dövrdə o, özünü yüksək səviyyədə işgüzar bir rəhbər kimi göstərib, kollecin onlarla tələbəsi beynəlxalq və respublika müsabiqələrində qalib yerlərə layiq görülüb, bir nəfər tələbə Prezident təqaüdü ilə mükafatlandırılıb, 3 nəfər müəllim isə Əməkdar müəllim fəxri adı ilə təltif edilmişdir.

Əziz dostumu 75 illiyi münasibəti ilə təbrik edir, can sağlığı və gələcək işlərində uğurlar arulayıram.

 

Ceyhun Allahverdiyev,

bəstəkar, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru

 

***

 

- 2004 cü illərdə Bakı Musiqi Akademiyasında tar ixtisası üzrə tələbə ikən mən muğam fənnindən Rasim müəllimin sinifində təhsil almışam. Münasibətlərimizdə müəllim tələbəlikdən başqa ata, bala mehribançılığı və səmimiyyəti var idi. Cəsarətlə deyirəm Rasim müəllim həqiqətən böyük şəxsiyyətdir. Mən ondan nəinki sənət, həmçinin insanlıq, alicənablıq və xeyirxahlıq kimi insani keyfiyyətləri öyrənmişəm. Bu gün də mən Rasim müəllimi tanıyanlardan onun haqqında o qədər xoş sözlər və xatirələr eşidərək həqiqətən də fəxarət hissləri keçirirəm.

Əziz Rasim müəllim, hər şeyə görə Sizə dərin təşəkkürümü bildirir və 75 illiyinizi təbrik edərək, uzun ömür, can sağlığı arzulayıram. Həqiqətən də düz deyiblər ki, “Müəllim qaranlığı yaran işıqdır”. Bu işığı mən həmişə Rasim müəllimdə görmüşəm.

 

Ruslan Əliyev,

tələbəsi, Respublika orta ixtisas

musiqi məktəbləri tələbələrinin VIII

Respublika müsabiqəsinin laureatı,

AMK-nın nəzdində Sumqayıt Musiqi

Kollecinin müəllimi

 

P. S. Bu qədər böyük sənətkarların Rasim Quliyev haqqında dediyi xoş sözlərdən sonra biz yalnız bu sözləri deyə bilərik. Rasim Quliyev musiqi sahəsində xalqımızın ən böyük sənətkarlarından biridir. İnanırıq ki, gələcək nəsillər də bunu təsdiq edəcək.

 

Telman QƏNİYEV, Afaq QƏNİYEVA,

Sumqayıt Dövlət Universitetinin dosentləri

 

Azad Azərbaycan.- 2023.- 16 mart.- S.6.