Canlı orqanizm olan teatr

 

Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 150 illiyinə həsr olunur

 

(Milli dramaturgiyamız, rejissor, aktyor sənəti və teatrlarımızın sabahı haqqında qeydlərim, düşüncələrim)

 

əvvəli ötən saylarımızda

 

Rejissor hər gün mütaliə etməli, gördüyü hadisələri özü üçün təhlil etməli və onların düzgün nəticələrini çıxarmağı bacarmalıdır. O, hər gün gördüyü hadisələri, maraqlı insanları, tipləri özünün gündəliyinə yazmalı və onlardan quruluş verdiyi tamaşada, kinoda istifadə etməlidir. Bax, ona görə də aktyorluq əsasən fitri istedaddırsa, rejissorluq sənətidir. Həkimlik, müəllimlik, mühəndislik, memarlıq və başqa sənətləri oxuyub təhsil alan kimi, rejissorluq sənətinin də dərsini mükəmməl oxumaq, öyrənmək lazımdır. Yəni bu sahədə hökmən təhsil almaq lazımdır. Bir daha deyirəm. Bu sənəti elə-belə yox, tam, kamil öyrənmək vacibdir. Hər yaxşı futbolçu, hər yaxşı idmançı, yaxşı məşqçi olmadığın kimi, hər yaxşı aktyor da yaxşı rejissor ola bilmir. Çünki bunlar ayrı-ayrı sənətlərdir. Ola bilər ki, hansısa fitri istedadlı aktyor bir-iki maraqlı tamaşa hazırlasın. Amma onun quruluş verdiyi bütün tamaşalar heç də yüksək səviyyədə peşəkar ola bilməz, əgər o, rejissorluq sənətini yaxşı öyrənməsə, onun dərsini tam keçməsə. Çünki mən əlli il peşəkar teatrda işlədiyim və əlli ildən çox ədəbiyyatla məşğul olduğum bu zaman çərçivəsində çoxlu istedalı aktyorlar görmüşəm ki, rejissor sənətinə, teatr təşkilatçılığı sənətinə meyl ediblər. Amma bu sahələrdə uğurlar qazana bilməyiblər.

Nəticədə aktyor sənətindən uzaqlaşdıqlarına görə, oynaya biləcəyi çoxlu maraqlı rollar da onların daxilində ölüb. Çünki onlar başa düşməyiblər ki, rejissura özünün daxilində siyasət, aktyorluq, ədəbiyyat, tarix, psixologiya, fəlsəfə, tibb, incəsənətin bütün növlərini, memarlıq və başqa çoxlu sənəti birləşdirən bir universitetdir. O universitet ki, tamaşaçılara həyatın bütün dərinliklərindən, çətinliklərindən çıxmaq bacarığını və ən əsası isə daxilində paklıq, təmizlik kimi ən ülvi hissləri öyrədir. İnsana həyatda yaşamaq və həyatın bütün sirrlərini öyrənməkdə köməklik edir. Əgər teatr məbəddirsə, rejissor həmin məbədin aparıcı şeyxi, zahidi, üləması, rahibi, krişnasıdır. Məhz buna görə də qədim, antik teatrda rejissorluq edən insanları, hökmdarlarla eyni səviyyədə qiymətləndirir və onlara eyni səviyyədə hörmət edirdilər. Deməli, rejissor həqiqətən canlı orqanizm olan teatrın ürək-qan damar sistemidir. Onu yaşadan əsas üzvdür. Bu ürək-qan damar sistemi də ilk öncə aktyorları, yəni qanyaradıcı orqanları, sümük iliyini hərəkətə gətirir.

Aktyor sənəti Allah vergisi olsa da, ona Ulu Tanrı tərəfindən verilən bu vergini cilalamaq üçün hər gün idmançı kimi öz üzərində işləməli, özünə aludəçilikdən, özünə vurğunluqdan uzaq olmalıdır. Aktyorda çox böyük yaradıcı, müşahidə qabiliyyəti olmalıdı. O, özü üçün gündəlik yazmalı və hər gün gördüyünü həmin gündəliyə qeyd etməlidi. O, daim mütaliə etməli, insan psixologiyasının ən kiçik detallarına qədər öyrənməlidir. Öz diksiyasını, səs tembrini, nəfəs üzvlərini və bütövlükdə danışıq aparatını dəqiq qurmağı bacarmalıdır. Hər gün də bunlarla və onun səhnə aləti olan bədəni ilə mütəmadi məşq etdirməlidir. Yaxşı idmançı kimi həmişə özünün peşəkarlığını qoruyub saxlamalıdır. Yaxşı aktyor, pyesi təhlil etməyi bacarmalıdır və öz rolunun rejissoru olmalıdır. Heç təsadüfi deyil ki, Antik teatr dövründə Yunanstanda və Romada çox vaxt aktyorları başqa ölkələrə diplomat göndərirdilər. Yəni indiki Fövqəladə və Səlahiyyətli səfir. Deməli, aktyor sənəti çox böyük sənətdir. Axı başqa bir insanın cilidinə girmək, başqa bir insanın obrazını yaratmaq yalnız ilahi qüvvəsi olan insanlara məxsus olur. Doğrudur, həyatda hər bir insanda aktyorluq qabiliyyəti var. Çünki insanlar həyatda düşdükləri situasiyalarda, vəziyyətlərdə rol oynayır, valideynlə, müəllimlə, hakimlə, rəhbərlə, sevdiyi adamla, uşaqla və sairə insanlarla ayrı-ayrı formalarda, ayrı-ayrı biçimdə danışır, fikir mübadiləsi aparır, mübahisələr edir, öz fikirlərini, məntiqlərini yürütməyə çalışırlar. Hətta çox vaxt müəllimləri də aktyorlara bənzədirlər. Amma səhnədə, kinoda rol yaratmaq isə bu istedadın daha pik nöqtəsi olduğuna görə, çox vaxt yenə də Antik teatr dövründə aktyorları yerdə Ulu Tanrının elçiləri, onun arzularının, istəklərinin daşıyıcıları hesab ediblər. Deməli, bu gün aktyor olan şəxs bunu başa düşməli və bu məqəddəsliyi qorumalıdır. Onlar da bu müqəddəs məbədin, rejissor tərəfindən verdiyi ideyanın əsas ötürücüləridirlər. Bu ötürücülük nə qədər inandırıcı, nə qədər ustalıqla, peşəkarlıqla olsa o qədər də maraqlı olur. Ona görə də hər bir aktyordan ilk öncə böyük cavabdehlik, öz sənətinə məhəbbət, bu sənətə dərvişlər kimi müqəddəs varlıq kimi baxmaq, sidq ürəklə sənətinə xidmət etmək və sadiq olmaq tələb olunur.

Yuxarıda yazdığım kimi bədii şura teatrda ən böyük cavabdehli funksiyalardan, işlərdən birinin aparıcısıdır. Və mən onu insan orqanizmindəki qara ciyərə bənzətmişdim. Necə ki, qara ciyər orqanizmə düşən bütün fəsadların qarşısını almağa çalışır və orqanizmdə qoruyucu rolunu oynayırsa, bədii şura da teatrın yaradıcılıq cəhətindən inkişaf etməsinə, hazırlanan tamaşaların daha professional, peşəkar olmasına, aktyorların ustalığının artırılmasına və teatrın repertuar planının tutulmasına özlərinin ağıllı məsləhətləri və təklifləri ilə köməklik edirlər. Çox vaxt teatr rəhbərləri özlərinə yaxın, onların sözlərini deyən, özünün şəxsi düşüncəsi zəif olan, savadları kasad adamları bədii şuraya daxil edirlər. Əslində isə çox savadlı, özlərinin sərbəst düşüncə tərzi olan, ədəbiyyatı, dramaturgiyanı, teatr sənətini, insan psixologiyasını, siyasəti, dövlət qanunlarını çox mükəmməl bilən insanları bədii şuraya qəbul etmək lazımdır. Bu heç də o demək deyil ki, həmin adamlar hökmən teatrda işləməlidir. Xeyr. Belə insanlar yaxşı olar ki, ayrı-ayrı sənət sahibləri olsun, başqa-başqa yerlərdə işləsinlər, amma teatr sənətini yaxşı təhlil eləsinlər və cəmiyyətdə sayılıb-seçilən insanlar olsunlar. Bədii şura teatrın mayakı, yolgöstərəni olmalıdır. Bunu teatrın rəhbərləri də belə başa düşməlidirlər.

Teatrda baş rejissor, direktor, quruluşçu rejissor, quruluşçu rəssam və aktyor ən aparıcı qüvvələrdir. Bunların arasındakı yaradıcılıq dostluğu, yaradıcılıq mühiti, hamısının bir-birini başa düşməsi, bir ali məqsədə xidmət etməsinin də başında yenə də baş rejissor və direktor durur. Ona görə də hikkəli, təşkilatçılığı zəif olan, kollektiv arasında ayrı-seçkilik yaradan adamdan, yalnız öz “mən”in zorla hamının beyninə yetirtmək istəyəndən, eqoist, şər-şəbədə adamdan heç vaxt baş rejissor və direktor olmaz. Onların rəhbərlik etdiyi, kapitan olduğu teatr gec-tez məhvə məhkumdur. Ola bilər ki, baş rejissor işləyən həmin adam maraqlı rejissordur. Belə ki, rejissor sənətdirsə, baş rejissor isə daha böyük fitri istedad və vəzifədır. Baş rejissor insandan böyük təşkilatçılıq, geniş ürək, böyük filosofluq, heç kim arasında ayrı-seçkilik qoymamaq, ögey-doğmalıq yaratmamaq, hegemonluq etməmək, yüksək siyasət, dərin psixoloji bilik, hər bir insanın xasiyyətini, nəbzini dəqiq tutmaq, diplomatiya bacarığı tələb edir. Belə baş rejissorlar əsl generallardır. Bu isə hər rejissora nəsib olmur. Ona görə də hər rejissor baş rejissor ola bilmir. Yuxarıda sadaladığım müsbət cəhətləri olmayan baş rejissorlar isə uzun müddət bu vəzifəyə rəhbərlik edə bilmirlər…

Məni teatrlarımızın sabahı isə hər şeydən daha çox düşündürür. Bu gün Azərbaycan teatrlarını durğunluq içində saxlayan, onları tamaşaçılardan uzaq salan ən əsas məsələlər yuxarıda yazdıqlarım olmaqla, həm də reklamın zəif olmasıdır. Nə qədər ki, məmləkətimizdə teatrların reklamı yüksək dövlət səviyyəsində təşkil olunmayacaq, televiziyalar bu işdə teatrlara kömək etməyəcəklər, o vaxta qədər də teatrlara tamaşaçılar az gələcəklər.

Yadımızı salaq Antik teatr dövrünü. Periklın hakimiyyəti dövründə Antik mədəniyyət, ədəbiyyat və incəsənət özünün qızıl dövrünü yaşayaraq dünya tarixinə çoxlu dahi bəxş etdi. Çünki həmin dövrdə bu sahədə çalışanlara hər cürə şərait yaradılmışdı. Amma bu gün məmləkətimizdə teatrların ən böyük problemlərindən biri də, onlara dövlət səviyyəsində qayğının az olması, quruluş xərclərinin verilməməsi və teatrların kommunal xərclərdən azad olmamasıdır. Tamaşaların yüksək peşəkar səviyyədə və baxımlı hazırlanması üçün səhnə tərtibatı, səhnə geyimi, musiqi, obrazların paltarları çox böyük rol oynayır. Belə ki, bunlar tamaşanın peşəkar, baxımlı alınmasında əsas atributlardan sayılır. Bütün bunlar da böyük maliyyə xərcləri tələb edir. Teatr bu gün bizim məmləkətdə bilet satmaqla nə səhnə tərtibatını yüksək formada həll eləyə bilər, nə də teatrın işıq, kommunal xərclərini verə bilər. Çünki insanların güzəranı hələ də ağır olduğuna görə, hər tamaşaya zalın heç əlli faizi həcmində tamaşaçı gəlmirsə, reklam yoxdursa və biletlərin də qiyməti simvolikdirsə, yuxarıda dediyim problemləri teatr, dövlətin qayğısı olmasa heç cürə həll eləyə bilməz. Ona görə də teatrda hazırlanan bütün tamaşalara hökmən dövlət səviyyəsində quruluş xərcləri ayrılmalıdır. Bu pullar teatrların öz büdcələrinə keçirilməlidir. Bu pulları hansı tamaşaya nə qədər xərcləməyi də onun özünə imkan vermək lazımdır. Teatrın ən böyük problemlərindən biri də əmək haqqıdır. Bu gün teatr işçilərinə verilən əmək haqqı heç onların on beş günlük yemək xərclərini ödəmirsə, onda onlardan yüksək, peşəkar səviyyəli tamaşalar hazırlamağı tələb etmək absurddur. Teatr işçisi yüksək məvacib almalıdır. Onlar yaxşı yaşamalıdırlar ki, yaxşı tamaşalar da hazırlayıb, oynaya bilsinlər. Məmləkətimizdə böyük problemlər içərisində yaşayan teatrlardan və onun işçilərindən dünya teatrları səviyyəsinə çıxa bilən yüksək səviyyəli tamaşalar gözləmək absurddur.

Bütün bu problemlər təkcə mədəniyyətdə, teatrda, kinoda yox, həm də səhiyyədə, təhsildə, elmdə də var. Bunlar da millətin dünyada tanınması və onun mənəvi qidası üçün ən vacib işlərdən, sahələrindən sayılır. Bütün bu sahələrə də dövlət səviyyəsində çox ciddi baxılmalı və onların bütün problemləri tezliklə həll olunmalıdır. Yoxsa sabah gec ola bilər. Tarixlər boyu cəmiyyətdə orta təbəqə ziyalı olub. Amma bu gün bizim məmləkətdə ziyalı ən kasıb təbəqə sayılır. Belə olduqda heç kim təhsilin inkişafına fikir verməyəcək. Ona görə də savadsızlıq baş alıb gedəcək. Necə ki, baş alıb gedir…

İnanıram ki, bütün bu problemlər həll olunandan sonra Nazirlik və teatrlar arasında münasibət dəyişəcək və işlər yaxşı gedəcək. Ən əsası isə canlı orqanizm və həyatın kiçildilmiş modeli olan teatrlarda da baş rejissorlar, direktorlar bundan sonra kollektiv arasında ayrı-seçkilik, ögey-doğmalıq toxumu səpməzlər, özləri üçün bu insanlardan düşmən obrazı yaratmazlar və hamıya eyni gözlə baxıb, məbəd olan teatra müqəddəs fikirlərlə, müqəddəs əməllərlə xidmət edərlər. Çünki teatrda çalışan insanların taleyi onların əlindədir. Ən kiçik səhv, ən kiçik düzgün atılmamış addım, böyük fəsadlar verə bilər. İtirən isə kollektiv yox, onlar özləri ola bilər. Çünki tarixlər boyu teatrlarda mütəmadi dəyişən rəhbərlər olur, kollektiv yox. Kollektiv həmişə yerində qalır. Kollektiv orkestrdır. Onu layiqincə səsləndirmək isə fitri isdedadlı baş rejissordan və direkordan asılıdır. Yaxşı drijor olmaq isə hər adama müyəssər olmur. Eləcə də yaxşı baş rejissor və direktor olmaq da hər insana nəsib olmur.

Bu fikir təkrar olsa da burada yenidən yazmaq istəyirəm. Çünki yüksək rütbəli məmurlarçün teatr işçilərini qiymətləndirməyə və onların rifah halının yaxşılaşdırılmasına kömək etməyə bu fikir tutarlı bir fakt olar.

Cami altı ay teatra rəhbərlik etmiş böyük fransız filosofu, yazıçısı, tənqidçisi, “Qeyri qanuni oğlu”, “Ailənin atası” kimi maraqlı pyeslərin və məşhur “Rahibə” povestinin müəllifi Deni Didronun teatr rəhbəri olmaq istəyən adamlar haqqında söylədiyi bu maraqlı fikirləri ilə bu yazımı tamamlamaq istəyirəm. O, belə deyib:

“Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi, təşkilatçılığı gücləndirmək və əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı artırmaq, özlərinə inam yaratmaq kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca da aparmaq, onların inandıqları, sevdikləri hökmdar da olmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, cəhənnəm əzabıdr, bu, daha doğru olar. Çünki teatra rəhbərlik etməkçün yuxarıda qeyd olunan böyük işlərdən başqa, anadangəlmə fitri istedad və Allah vergisi də olmalıdır. Bu da həyatda hər adama verilmir”. Bax, bu sözləri Azərbaycan teatrlarına rəhbərlik edən baş rejissorlar və direktorlar yazıb, öz masalarının üstünə qoymalı və bu sözlərin mənasını dərindən dərk etməlidirlər. Yoxsa başqa cürə teatra rəhbərlik eləmək və həmin teatrı dünya teatrları səviyyəsinə yüksəltmək, dünyada öz dəsti-xətti olan teatr kimi tanıtmaq mümkün deyil.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Azad Azərbaycan.- 2023.- 30 mart.- S.3.