Allahın məsləhəti belə imiş yəqin...

 

(Hekayə)

 

Bir həkim kim həyatım boyu bir çox hadisələrlə rastlaşmışam. Amma bir hadisəni indiyə qədər heş cürə unuda bilmirəm. Bu hadisə çoxdan olub, lap çoxdan. Bəlkə də heç olmayıb...

Tibb Universitetinin göz müalicəsi fakultəsini cərrah kimi bitirib respublikamızın hüdudlarından uzaqlarda da yaxşı tanınan və o vaxtlar hətta ölkəmizdə yeganə olan ən böyük göz klinikasında həkim-cərrah kimi işə başlayanda mənim cəmi 28 yaşım var idi. Gənc olmağıma baxmayaraq həkim-cərrah adını uğurla təsdiq edə bilmiş, əməliyyat apardığım xəstələrin və onların yaxınlarının inamını qazanmışdım. Əməliyyat üçün yanıma nəinki yaşadığım şəhərdən, respublikamızın yaxın-uzaq əyalətlərindən, hətta xarici ölkələrdən də gələn və inanaraq gözlərinin əməliyyatlarını mənə ehtibar edən xəstələr də az deyildi. Bir neçə gün əvvəl yaxınlarının köməyi ilə klinikamıza gələn xəstələrin, əməliyyatdan sonra evlərinə heç kimin köməyi olmadan gedərkən onların gözlərindəki qığılcımların parlaqlığına baxmaq məndə sevinc hissi yaradırdı. Dünənə kimi dünya işığına həsrət qalan insanların sevincini gördükcə, onların sayının daha da çox olmasını arzulayırdım. Vaxt baxımından bəzən arzularımla imkanlarım tərs mütanasib olurdu, lakin ruhdan düşmürdüm, ehtiyacı olan xəstələrə dünya işığını əta etməyə çalışırdım. Elə bu səbəbdən gün ərzində qəbuluma gələnlərin sayı günbəgün çoxalır və bəzən təsdiqlənmiş qrafikdən kənara çıxaraq hətta bir neçə əlavə əməliyyatlar aparmalı olurdum. Uğurlu əməliyyatlarımın sayı artdıqca özümə inamım da artırdı. Xəstələrimin mənə güvənməsi, bir cərrah kimi məni sevindirirdi. Klinikada işim həddindən çox olduğundan, istirahət üçün təkcə bazar günlərində imkan tapırdım. Mən dənizi çox sevdiyimdən, istirahət günümü hər zaman dəniz kənarından başlayır, istənilən hava şəraitində saatlarla dənizə baxmaqdan doymurdum. Havalar isti olan zamanlarda suya baş vurur, dalğaların qoynunda özümü balıq kimi hiss etməyimdən həzz alırdım...

Bu gün də istirahət günü olduğundan səhər saat onda evdən çıxıb birbaşa dəniz kənarına yollandım. İsti yay gecəsinin bürküsündən qaçıb özünü dənizin hələ qızmayan sakit dalğalarının qoynuna atan insanların sayı heç də az deyildi. Mən də ilk olaraq çimmək qərarına gəldim. Boş olan taxta oturacağın bir kənarında əyləşib dənizə tamaşa etməyə başladım. Yaxınlığımda anası ilə qumun üzərinə sərilmiş nimdaş mələfənin üstündə əyləşən balaca oğlana tutub, - Dostum, bəlkə gedək birlikdə çimək? – deyə, səsləndim. Səkkiz yaşı ancaq olan bu oğlan qapqara gün eynəyinin altından qıyılmış gözlərini daha da sıx qıyaraq başını buladı. Mən yenə balaca oğlana yaxınlaşıb soruşdum:

-Sən bəlkə dənizdən qorxursan? Yəqin üzə bilmirsən:? Dostum, qorxma, mən sənə üzməyi öyrədərəm.

Oğlan yenə dinmədi, gülümsəyərək əlində tutduğu uzun çubuqla ətrafdakı qumun üzərində qarışıq xətlər cızmağa başladı.

Onun yerinə cavan olmasına baxmayaraq, saçları vaxtından qabaq ağarmış qadın dilləndi:

- Siz narahat olmayın, qardaş. Gedin özünüz çimin, sərinləyin. Mənim oğlum dənizin uğultusuna qulaq asmağı, ləpələrin və qağayıların səslərini dinləməyi sevir.

Mən bu dəfə üzümü balaca oğlanın anasına tutub səmimi bir səslə dedim:

- Bacı, siz narahat olmayın, mən onu özümlə dəniz suyuna salsam, inanıram ki, o, nəinki dənizin səsinə qulaq asmağı, hətta üzməyi də sevəcək. Axı, kimsə dənizin qoynunda üzməyi ona əvvəl-axır sevdirməlidir, elə deyilmi?!

Qadın dərin bir köks ötürərək, əli ilə yanında oturan oğlunun başını sığalladı, sonra diqqətlə üzümə baxaraq, pıçıltılı bir səsslə dilləndi:

- Mənim oğlum heç bir zaman dənizin qoynunda üzə bilməyəcək. O, dənizi qulaqları ilə sevir və yəqin ki, bundan sonra da belə olacaq.

Mən heyrətlə qadının üzünə baxdım:

- Niyə axı, nədən?

Qadın oğlunun başını tumarlayıb üzündən öpdü və ayağa qalxaraq xələtinin ətəklərinə bulaşmış dəniz qumunu çırpıb, oğluna dedi:

- Oğlum, sən otur, mən yaxınlıqdakı köşkdən dondurma alıb gəlirəm. Sənə hansı dondurmadan alım, şokoladlı, ya eskimo?

Oğlan çiyinlərini atdı:

- Yox, mən meyvəli dondurma istəyirəm, özü də çiyələkli plombir.

- Yaxşı oğlum, indi alıb qayıdıram.

Qadın köşkə tərəf addımlayanda mənə başı ilə ardınca gəlməyi işarə etdi. Mən qadının sözlü adama oxşadığını və mənə oğlu barədə nəsə vacib bir söz deyəcəyini hiss edib, onun arxasınca addımlamağa başladım. Yaxınlıqda olan köşkə qədər heç birimiz danışmadıq. Mən üç ədəd dondurma alıb, ikisini qadına uzatdım.

-Buyurun xanım, oğlunuz meyvəli dondurmanı görüb sevinəcək.

Qadın dondurmanı alıb təşəkkür etdi və köşkdən bir neçə metr aralanıb dayandı və qüssəli səslə dilləndi:

-Yox qardaş, oğlum dondurmanı görəndə yox, yeyəndə sevinəcək. Mənim oğlum anadan olanda kor doğulub. Elə bu səbəbdən də dənizə girməkdən qorxur.

Mən qadına peşəkar göz həkimi olduğumu, şəhərin ən böyük göz klinikasında cərrah işlədiyimi söylədim və müayinə etmək üçün uşağı yanıma gətirmələrini təklif etdim. Sonra cibimdən öz vizit kartımı çıxardıb qadına uzatdım. O, klinikanın adını oxuyub gülümsədi:

-Biz həmin klinikanın baş həkimi professor Gültəkin Qafarovanın qəbulunda olmuşuq. O, oğlumun gözlərinin müayinəsindən sonra bizə, Allahın işinə qarışmaq mümkün olmadığını söyləyib.

Oğlanın gözlərini müayinə etmək üçün yanıma gətirməsini qadına söyləmək istədiyim anda, yaxınlıqda futbol oynayan balaca oğlanların vurduqları topun mənə tərəf diyirləndiyini görüb dinmədim və topu ayağımla uşaqlara tərəf ötürüb oturduğumuz yerə qayıtdıqda, qadın artıq dondurmanın kağızını açıb oğluna vermişdi. Sonra öz dondurmasını kağızdan çıxartmağa başladı. Mən də oğlanın yaxınlığında qumun üstində oturaraq dondurmamı yeyir və eyni zamanda dənizdə çimənlərə tamaşa edirdim.

Oğlan da həvəslə əlində tutduğu dondurmanı yalayır və arda aldığı ləzzətdən ağzını marçıldadaraq başını bulayırdı. Anası oğlunun barmaqlarının arasından ərimiş südün axdığını görüb dilləndi:

-Oğlum, dondurman əriyir, sən onu dişləyərək ye.

-Yox, mən belə yemək istəyirəm.

Bu vaxt yaxınlığımızda futbol oynayan uşaqların vurduqları top düz balaca dostumun dirsəyinə dəydi və onun əlində tutduğu dondurma qumun üstünə düşdü. Mən oğlanın ləzzətlə yediyi dondurmanın quma düşməsindən çox pərişan oldum, yanımıza düşən topu yenidən uşaqlara tərəf atıb, üzümü balaca dostuma tutaraq dedim:

-Dostum, sən heç narahat olma, mən indi sənə yenisini alıb gələcəm.

Mən dondurma almaq üçün köşkə tərəf addımladım, oğlanın sevdiyi dondurmanı alıb yerimə qayıtdım. Kağızını açmaq üçün aldığım dondurmanı anasına uzatdım. Oğlan dondurmanı yeməyəcəyini söylədi və pərt halda çubuqla qumlarda cızıqlar çəkməyə başladı. Mən oğlanın könlünü almaq üçün dilləndim:

-Dostum, dondurmanı yemək istəmirsənsə, bəlkə sənə qarğıdalı alım?

-Yox, istəmirəm!

Mən oğlanın başını tumarlayaraq səmimiyyətlə soruşdum:

-Yaxşı, qarğıdalı istəmirsənsə, bəlkə sənə sərin su alım? Ya da başqa bir istəyin varmı?

Oğlan əlini arxada futbol oynayan uşaqların səsləri gələn səmtə tərəf uzadıb dedi:

-Mənim istəyim?! Gözlərim görsəydi futbol oynayan uşaqların toplarını deşərdim.

Mən uşağın dediklərini eşitdikdə, özlüyümdə “körpə şıltaqlığından doğan istəkdir” deyə, fikirləşdim:

-Onlar bunu bilərəkdən etmədilər. Sən onları bağışla.

-Yox, bağışlamayacağam. Professor Gültəkin xanım mənim gözlərimi açmağa söz verib. Mənim gözlərim açılandan sonra mən onların toplarını mütləq bıçaqla deşəcəm.

Balaca oğlanın söylədikləri nə vaxtsa oxuduğum bir rəvayəti yadıma saldı...

İsi yay günlərində kənd uşaqları çayda balıq tuturmuşlar. Həmin kənddə yaşayan bir qadın da anadan kor doğulan on yaşlı oğlunun əlindən tutub balıq ovlayan uşaqların yanında gəzdirərmiş. Balıq tutan balacaların ovladıqları hər balıqdan sonra onların necə səs-küylə sevindiklərinə tamaşa etdikcə, ananın qəlbindən qara qanlar axar, için-için ağlayaraq Allahdan onun da balasının gözlərinin açılması üçün yalvarar, dua edərmiş. Rəvayətə görə bir gün Allah qadının dualarını eşidir və uşağın gözlərini açır. Artıq uşaq çay qırağına başqa uşaqlar kimi tək gəlir və balıq tutmağa başlayır. İki-üç gün dalbadal balıq tutmağa gəlsə də, hamının tilovuna balıq düşür, təkcə bizim qəhrəmanımız axşam evə əliboş dönür. Oğlan necə balıq tutmağın yollarını yoldaşlarından öyrənmək əvəzinə, axşam evə aparmaq üçün balıqları necə əldə etmək haqqında düşünür. O, ətrafda bitən qamışları gördükdə heç bir zəhmət çəkmədən balıqları əldə etməyin yolunu tapdığına sevinir. Qamışlığa girib bir necə nazik çubuqları çıxardaraq onları xırda-xırda doğrayır. Sonra xırda qamış çubuqların bir tərəfini daşa sürtüb bıçaq kimi itiləyir. Xırda nizə şəklində hazırladığı çubuqları çaydan kəndə gedən cığır boyu basdırır və yenidən qamışlıqda gizlənərək uşaqların evlərinə qayıtmaqlarını gözləyir. Hava qaralana yaxın balaca uşaqlar ovladıqları balıqları götürüb sevinə-sevinə kəndə getmək üçün cığırla addımlamağa başlayırlar. Cığırla addımlayan uşaqların hamısının ayaqlarına basdırılan iti qamış çubuqları batır və qan açılır. Uşaqlar balıqlarını yerə atıb, kəsilmiş ayaqlarının qanını yumaq üçün çaya qaçışırlar. Bu vaxt qamışlıqda gizlənən oğlan oradan çıxır, dostlarının balıqlarından üç-dördünü götürüb evlərinə qaçır. Bir neçə dəfə bu əməlləri etməklə o, evlərinə balıq daşıyır. Bir gün yenə qamışlıqda oturb axşamın düşməsini gözləyən zaman, qəfildən hava dəyişir, göyün üzünü qara buludlar alır və güclü şimşək çaxır. Oğlan başını qaldırıb göyə baxdığı anda daha bir güclü şimşək çaxır və şimşəyin parlaq şüasından oğlanın gözləri yenidən kor olur.

Düşüncələrimdən məni qumun üzərinə sərdiyi mələfəni çırpıb, səliqə ilə qatlayaraq çantasına yerləşdirən qadının səsi ayırdı:

-Qardaş, biz gedirik, sizə xoş istirahətlər. Sağ olun, salamat qalın.

Mən anasının əlindən tutan balaca oğlanın başını tumarlayıb onlara sağ-salamat getmələrini arzuladım. Qadın oğlunu arxasınca ehmalca dartaraq qum üstündə uzanıb günəş vannası qəbul edən insanların arası ilə keçib dayanacağa tərəf addımladılar. Mən bir az əvvəl qadına verdiyim və o, mələfəni çırparkən yerə saldığı vizit kartımı qumun üstündən götürüb cibimə qoydum. Paltarlarımı soyunub səliqə ilə oturacağın bir tərəfinə düzdüm və tələsmədən dənizə tərəf addımladım. Hələ də yadıma düşən rəvayətin təsirindəydim. Qurşağa qədər suya girib balaca dostumu görmək üçün yenidən onların getdiyi istiqamətə tərəf baxdım. Onlar artıq gözə dəymirdilər. Tanrının işinə qarışmaq olmaz, Allahın məsləhəti beləymiş yəqin, deyib, sahildən bir qədər aralıda üzərini mamır örtmüş qayalığa tərəf üzməyə başladım.

 

Sumqayıt şəhəri

Mart- 2023-cü il

 

Arif ƏRŞAD

 

Azad Azərbaycan.- 2023.- 30 mart.- S.7.