Sənət dünyasında layiqli

qiymətini ala bilməyən aktrisa

 

(Portret cizgiləri-Esse)

 

 Mən onu ilk dəfə səhnədə 1986-cı ildə Xalq şairi  Vaqif  Səmədoğlunun məşhur “Bəxt üzüyü” tamaşasında  Seda rolunda  Sumqayıt Dövlət Dram Teatrının səhnəsində, mərhum rejissor Yusif  Əkbərovun çox peşəkar  quruluşda qoyduğu tamaşada görmüşdüm. Səhnəyə ilk çıxışından tamaşaçıları çox asanlıqla ələ alırdı. Səhnədə çox sərbəst və həddindən artıq baxımlı idi. Onun səhnəyə hər gəlişi və çıxışı gür alqışlarla qarşılanırdı. Belə ki, həmin tamaşada o, əsas rolları  oynayan Xalq artistləri Valeh Kərimovdan ( Moşu), Afaq Bəşirqızından  (Söylü) heç də az alqış qazanmırdı. Teatr aləmindən xəbəri olan insan kimi,  tam inandım ki, bu aktrisa  az  bir vaxtda böyük uğurlar  qazanacaq.

Həmin vaxtı  mən  artıq  Moskvada  A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda ( indiki Rusiya Dövlət Sənət  Akademiyasında)  rejissorluq  fakültəsinin son kursunda  qiyabi  oxuyurdum. Azərbaycan Mədəniyyət naziri, böyük ziyalı,  mərhum Zakir Bağırovun əmrilə, təyinatla Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə göndərilmişdim. Amma Sumqayıt teatrı mənə doğma olduğuna görə, orada səkkiz il aktyor işlədiyim üçün  və ailəm də hələ ki, Sumqayıt şəhərində  yaşadığından imkan düşdükcə bu teatrın tamaşalarına gəlib baxırdım. Və tamaşalar haqqında  öz ürək sözlərimi, fikirlərimi deyirdim.  Həmin vaxtı mən onu Sumqayıt Dövlət Dram Teatrının səhnəsində  Süleyman Sani Axundovun “Tamahkar”  tamaşasında - Gülzar və Nabat,  Hüseyn  Cavidinin  “Afət” tamaşasında-– Müğənni  qız,  Cəfər  Cabbarlının  “Oktay Eloğlu”  tamaşasında  -Nərgiz,  Sara  Nəzirovanın  “Dədə  Qorqud” tamaşasında - Ana,  Mövlud  Süleymanlının “Dəyirman”ında - Temirin arvadı,  Çingiz  Aytmatovun  “Əsrə  bərabər gün” əsərində - Ermek,  Vasili Şukşinin  “Diribaş adamlar” ında- Vera rollarında da gördüm. O, bu rolları da böyük coşqu və peşəkarlıqla oynayırdı.

1989-cu ilin yanvar ayında məni Ağdam Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru vəzifələrindən Sumqayıt Dövlət  Dram Teatrına elə bu vəzifələrə dəyişdilər. Teatrda işə başladığım ilk gündən eşitdim ki, həmin aktrisa  analıq məzuniyyətinə çıxandan sonra geri qayıtmayıb, öz ərizəsilə işdən çıxıb  və Sumqayıtdakı Pionerlər Evində dram dərnəyinə rəhbərlik edir. Mən təcili onu teatra dəvət elədim. Söhbət etdik və yenidən teatra qayıtmağa razılıq verdi. Və az bir vaxtda teatrın ən aparıcı aktrisalarından  biri oldu.  Elə həmin vaxtlar bu teatrda quruluş verdiyim  Aleksandr  İvaşenkonun  “Uşağa bir üç yazın!”  tamaşasında- Direktor    özüm yazdığım Sabir  Rüstəmxanlının  “Portret cizgilər” tamaşasında- Aparıcı rollarını yüksək peşəkarlıqla oynadı. Beləliklə, teatrın reperturarında olan  Mirzə Fətəli  Axundovun  “Lənkəran  xanının  vəziri”  tamaşasında- Nisəxanım,  “Alıy Lotos”da- Lena,  Nikolay  Qoqolun  “Müfəttiş”  tamaşasında- Mariya  Antonovna    unter  zabitinin  arvadı,  Geor  Xuqayevin “Ər və arvad” əsərində- Zəritə,  Nazim Hikmətin  “Bayramın birinci günü” tamaşasında - Aytən,  Cahangir  Məmmədovun “Cinbalalar”  uşaq  tamaşasında- Nənə,  Mirzə Fətəli  Axundovun  “Müsyö Jordan və  Dərviş  Məstəli şah” tamaşasında - Şəhrəbanuxanım, İsi  Məlikzadənin “Subaylarınızdan görəsiniz”  musiqili tamaşasında- Səməni,  Əyyub  Qiyasın “Qarışqa  yuvası” əsərində- Naza,  Cəlil  Məmmədquluzadənin  “Danabaşlılar”  tamaşasında- Zeynəb,  Aqşin Babayevin  “Kim nə deyər  bizdə olan qeyrətə” müzikılında- Nazlı,  Firudun  Məhərrəmov  “Oğuzlar” əsərində- Burla Xatun, Əvəz Mahmud  Lələdağın  “Batmanla gələn dərd” tamaşasında- Qaçqın Ana,  Çingiz  Məmmədovun  “Kişi” əsərində- Müəllimə,  Tamara  Vəliyevanın  “Mənim    göyərçinim” tamaşasında- Sara,  Aqşin  Babayevin  “Xilaskar” əsərində- Aparıcı, Marat  Haqverdiyevin  “Məhəbbət, şeytan, ağ ölüm”  əsərində- Raqifə xanım, Famil  Süleymanovun  “Qisas” tamaşasında- Leyla və başqaları. Heç biri, bir-birinə oxşamayan, yüksək xarakterli, maraqlı  rollar. Və bu rolların hər birini obraz səviyyəsinə qədər qaldırmaq, aktrisadan böyük peşəkarlıq tələb eləyrdi. O, bunu  yaxşı  bacarırdı. Həmin vaxtlar onun haqqında çoxlu ressenziyalar yazıldı. Tamaşaçılar  ünvanına xoş sözlər dedilər.

. Yazımın bu yerinə qədər əziz oxucu, yəqin bir neçə dəfə özünüz-özünüzə sual veribsiniz ki, axı  Allah vergisi olan bu aktrisa kimdir? Niyə müəllif onun adını, soy adını yazmır? Sizin bu naharahatçılığınıza son qoymaq üçün indi sizi həmin aktrisa ilə daha yaxından tanış etmək istəyirəm əziz  oxucu.

Bu aktrisa, Ulu Tanrının ona verdiyi böyük istedadı ilə və hər bir rolu ilə tamaşaçıların sevimlisinə çevrilən  Yasəmən Yəhya  qızı  Məmmədovadır. Özünə çox cavan yaşlarında haqq dünyasına qovuşan, arzularının çiçək açmasını sona qədər görməyən Malik adlı qardaşının adını təxəllüs kimi götürən Yasəmən Malik.

O, 1961- ci ilin fevral ayının  4-də  Masallı şəhərində anadan olub.

1984-cü ildə Mirzağa  Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun        ( indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)  dram və kino aktyoru fakültəsini bitirib və təyinatla Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına işləməyə göndərilib. Sonra Sumqayıt Dövlət Dram Teatrına  işləməyə gəlib. 1986-cı ildən 2008-ci ilədək Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili- Dram Teatrında    paralel olaraq  (2002-2005-ci illərdə) Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili KomediyaTeatrında aktrisa işləyib. 2008-ci ildə Dövlət  Gənclər Teatrına işə  qəbul olub, amma altı ay sonra  Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı ilə, Dövlət Gənclər Teatrı birləşdiyinə görə, 1 May, 2009-cu ildən etibarən bu günədək Azərbaycan Dövlət GəncTamaşaçılarTeatrında aktrisa vəzifəsində işləyir. Eyni zamanda müxtəlif teatrlarda- İrəvan və Şəki teatrlarından  da  dəvət alaraq, həmin teatrların  tamaşalarda rollar oynayıb. Yasəmən Malik təkcə teatr aktrisası deyil. Onun həm də çox melodik, ürəyə yatımlı səsi, səs tembiri olduğuna görə, dövlət səviyyəli tədbirlərdə  müğənni kimi də çıxış eləyir. Onun, millətimizin baş tacı olan  müqəddəs  torpağımız Şuşaya  həsr  olunan 1999-cu ildə çəkilmişHəsrətadında çox maraqlı, dərin məzmunlu bir klipi   var. Eləcə oynadığı çoxlu rollarda maraqlı mahnılar ifa eləyib. O, Sumqayıt şəhər İcra Hakimiyyətinin  keçirdiyi  bütün tədbirlərdə - 28 May, 8 Mart, ulu öndərimiz Heydər Əliyevə,  akademiklər Həsən  Əliyevə, Əziz Əliyevə  başqa görkəmli şəxsiyyətlərin həyat    yaradıcılığına həsr olunmuş bütün tədbirlərin əsas Aparıcısı olub. Bu işi çox peşəkarlıqla yerinə yetirib  Yasəmən  Malik.

Onu da vurğulayım ki,  ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Sumqayıt zəhmətkeşlərilə görüşdüyü vaxt  onun şəninə hazırladığımız teatrlaşdırılmış tamaşada Aparıcı kimi Yasəmən Malik yüksək peşəkarlıqla çıxış elədi. Hətta həmin tədbirdə onun dörd  yaşlı qızı Cahan da Ulu Öndərə həsr olunan şeiri elə maraqla, məharətlə söylədi  ki, bu şeir dahi rəhbərin  xoşuna  gəldi.

O,  2002-ci ildən bu günə kimi dublyaj sahəsində yüksək səviyyədə fəaliyyət göstərir. AZTV, İTV, ATV, Xəzər, Lider telekanallarında minlərcə xarici film, serial, sənədli çizgi filmlərinin Azərbaycan dilində səsləndirilməsini yüksək peşəkarlıqla  reallaşdırıb.  Dublyaj sənəti çox çətin sahədir. Buna görə aktyordan, aktrisadan  böyük peşəkarlıq bir andaca səs tembirində, daxilində  yüksək səviyyədə  başqalaşma tələb olunur. Bunu da hər sənətçi  lazım olan səviyyədə  bacarmır. Amma  Yasəmən Malik bu sahədə yüksək peşəkardır.

Yasəmən Malik  Sumqayıt Dövlət Musiqili-Dram Teatrından  öz ərizəsilə  işdən çıxandan sonra, bəziləri  elə fikirləşirdilər  ki, bununla da onun yaradıcılığı dayanacaq aktrisalıq  həyatına son qoyulacaq. Amma elə olmadı. O, Dövlət Gənclər Teatrında işə başlayandan bu teatr Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndə  sonra, onu başqa teatrlar da tamaşalarda oynamağa dəvət etdilər.

Yasəmən xanım hələ  Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Xalq şairi, gözəl dramaturqumuz  Nəriman HəsənzadəninAtabəylərəsərində- Gülaçar rolu ilə gələcəkdə necə yaxşı aktrisa olacağını sübut etmişdi. O, bu sübutu   Şıxəli  Qurbanov adına Dövlət Musiqili Komediya Teatrında oynadığı,  Rauf  Hacıyevin  Talelər qovuşandaoperettasında- Sona, Aqşin  Babayevin  Əlin cibin olsunmusiqili tamaşasında oynadığı- Əsmər, Əli Əmirlinin  İtkin ərmüzikılında- Bikəxanım, Cahangir  MəmmədovunMəsməxala dayımdırmusiqili tamaşasında  - Katibə, Rüfət Əhmədzadənin  musiqili komediyası  Gülmək qadağandır”da- Aparıcı İfaçı, Cahangir  Məmmədovun  Baş tutmayan hiyləmusiqili tamaşasında- Tülkü rollarını oynamaqla sübut elədi ki, onun istedadının qarşısını heç cür  almaq olmaz. O, həqiqətən  Allah vergisidir. Yasəmən  Malik   Sabit  Rəhman adına Şəki Dövlət Dram Teatrında oynadığı Nobel mükafatı laureatı Slovomir MrojekinXoşbəxt hadisəəsərində- Qadın   Əb dürrəh bəy Haqverdiyevin   Pəri Cadu  əsərində  Pəri Cadu rolunu oynamaqla doğrudan  da  Allah vergisi olduğunu tam sübut elədi.

2009-cu ildə  Azərbaycan Dövlət GəncTamaşaçılar Teatrında aktrisa kimi işə başlaması ilə onun yaradıcılığının yeni çalarları da üzə çıxdı. Belə ki, bu teatrda oynadığı  Hofmanın  Şelkunçikəsərində- Baş Dayə,  Əli  Əmirlinin  Mən  səni  sevirəm”də- Mələk, Vaqif  Əlixanlının  Əcəl atıtamaşasında-  Zema, Kəndli qadın,  Vera  Suqrayevanın  Qohumlarəsərində- Saqana,  Firuz  Mustafanın  Pələng ilitamaşasında- Türfə,  Vilyam  Şekspirin  “Romeo   Culyettafaciəsində- Ledi Montekki,  E. Uspenskinin  Çeburaşka  nağıl  tamaşasında- Şapoklyak,  İlgiz  Zeyniyevin  Varislərəsərində- Zeynəb,  Əli  Əmirlinin  Ünvansız  qatar  tamaşasında- Telli, İ. İmanın  Balaca, yaramaz məxluqəsərində-  Direktor  Solmaz xanım, Mehriban ƏləkbərzadəninKod adı VXA” faciəsində  Vətən xaininin arvadı Yelizavetta Qorbunova  sairə obrazları səhnədə  yüksək peşəkarlıqla canlandırıb Yasəmən Malik.

O, təkcə teatr tamaşalarında deyil, Azərbaycan televiziyalarının da  sevimli aktrisalarından  biridir. Məhz buna görə tez-tez seriallara dəvət olunur  bir-birindən maraqlı rollar oynayır. Bu seriallardan  Yanmış Körpülər  (Azərbaycan televiziyasında ilk seriallardan biridir), “Şans” ( bədii film), “Muradına Çatan Günəş”, “2-ci bahar”, “Ağabəyovlar”, “İmtahan”, “Uçurum”, “Kölgə”,  Həyat varsa”, “Sayrışan  işıqlar”, “Yalan həqiqət başqa  serialların  adını çəkə bilərəm.

Bax, bu qədər teatr kino aləmində xidmətləri olan belə bir  istedadlı, maraqlı aktrisaya hansı sirdisə  bu vaxta qədər fəxri ad verilməyib. Özü Yasəmən Malik  həmişə  səhnəni hər şeydən üstün, uca, ülvi  tutub. Buna çox misallar çəkə bilərəm. Mənə elə gəlir ikisini desəm kifayətdir.

Yadıma  gəlir.  1996-cı ildə Sumqayıt Dövlət Musiqili-Dram Teatrda  Xalq şairi Sabir Rüstəmxanlının 50 illik yubileyinə öz ssenarim əsasında  hazırladığım “Sabir Rüstəmxanlının portret cizgiləritamaşasında Yasəmən xanım dörd aparıcıdan biri idi. Amma onlar təkcə aparıcı yox, həm tamaşanı dirijor kimi idarə edir, rəqslər oynayır, mahnılar  ifa  edirdilər. Beləliklə, tamaşanın əsas iştirakçısı idilər. Həmin vaxtı bizi  bu tamaşa ilə  Azərbaycanın Cənub bölgəsinə qastrol səfərinə  dəvət etdilər. Orada  yeddi tamaşa oynamalı idik. Bir gündən sonra qastrola gedəcəydik, teatra xəbər gəldi ki, Yasəmən xanımın qardaşı Malik çox cavan yaşında - 37 yaşında  haqq dünyasına qovuşub. Yasəmən xanım da təcili Masallıya, qardaşının dəfninə  gedib. Artıq  çıxılmaz bir  vəziyyətdə qalmışdıq. Yasəmən xanımın bu tamaşada dublyoru yox idi yuxarıda yazdığım kimi onun rolu çox çətin, çoxlu sözü mizanları, mahnıları, rəqsləri olan bir obraz idi. Qastrolu da saxlamaq olmazdı. Çünki Cənub bölgəsinin beş rayonunda artıq biletlər satılmışdı. Onun roluna isə bir günə dublyor hazırlamaq da olmazdı. Həmin vaxtı teatra mənim adıma belə  bir teleqaram gəlmişdi: “Salam Ağalar müəllim! Mənim qardaşım Malik haqq dünyasına qovuşduğuna görə Masallıdayam. Qastrolu saxlamayın. Mən sizi Masallıda gözləyirəm. Rolumu özüm oynayacam. Bu, aktrisa kimi mənim müqəddəs borcumdur”. Açığı onun bu teleqramına  görə Yasəmən Malikə hörmətim daha da artdı. qastrolda da elə yaxşı oynadı ki, heç elə bil çiynində belə ağır qardaş  dərdi, yükü  yoxdur.

İkinci bir misal. Mehriban xanım Ələkbərzadənin Azərbaycan Dövlət  Gənc Tamaşaçılar Teatrında özünün yazdığı   hazırladığıKod adı VXA” tamaşası çox ağır dörd saat davam edən  maraqlı  bir tamaşadır. Tamaşada həddindən artıq çətin mizanlar hərəkətlər var. Bu tamaşadaVətən xainləri  adlanan insanların həyat yoldaşlarına, qız övladlarına Sovet rejiminin faşistləri tərəfindən dəhşətli işgəncələr verilir.  İsmətlərinə toxunulur, alçaldıcı səviyyədə  təhqir olunurlar. Tamaşanın son  proqon məşqində Yasəmən  xanımın  elədiyi  ağır, çətin mizanlar nəticəsində  burnu  sınıb. Huşunu itirib teatra Təcili Tibbi  Yarım heyyəti  gəlib. Ona ilkin yardım olunub   vəziyyəti yaxşı olmadığına görə Neftçilər xəstəxanasına aparılıb. Ona orada rentgenlə burnunda  sınıq diaqnozu qoyulub həkim bildirib ki, bu vəziyyətdə  hələ ki, səhnəyə çıxmaq olmaz.  Hətta həkim həmin vaxtı Yasəmən xanımla xəstəxanaya gedən  Əməkdar artist, teatrın Həmkarlar Təşkilatının sədri İlham Əsədova da dönə-dönə tapşırılıb ki, “Yasəmən xanım bu vəziyyətdə səhnəyə çıxa bilməz”.  Amma Yasəmən xanım tibbi yara bantı burnunda, həkimlərin köməkliyi vurduqları ağrıkəsici iynələrlə, iki gün dalbadal həmin ağır tamaşada yüksək peşəkarlıqla oynayıb. Onun belə ağır xəstə vəziyyətdə  olduğunu heç bir tamaşaçı başa düşməyib.

Bax, budur Yasəmən Malikin bir aktrisa kimi fədakarlığı teatra sevgisi, məhəbbəti. Amma çox acınacaqlıdır ki, ona qarşı həmişə haqsızlıqlar olub. Bir aktrisa kimi bütün bu xidmətlərinə görə Əməkdar artist fəxri adını, Prezident mükafatını ona hələ verməyiblər. Yasəmən Malik  bəzi  yollarla bunları ala bilərdi. Çünki keçmiş Mədəniyyət nazirlərinin vaxtında belə şeylər çox olurdu. Heç bir xidməti olmayanlar Əməkdar artist hətta Xalq artisti olurdular.  Amma  o, bunu heç vaxt özünə şəxsiyyətinə  sığışdırmayıb. fikirləşib ki, “axı mən bunlara çoxdan layiqəm. Bəs onda niyə mənə fəxri ad Prezident mükafatı verilmir?”

Mən, ömrümün 50 ilini teatr sənətinə həsr edən bir mütəxəssis kimi inanıram ki, yeni Mədəniyyət nazirimiz cənab Adil Kərimli tərəfindən Yasəmən Malikin (Məmmədovanın) layiq olduğu Əməkdar artist  fəxri adı elə bu il, ulu öndər Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Milli Teatrının 150 illik yubileyində  yəqin ki, ona veriləcək.

Beləliklə , haqq öz  yerini tapacaq.

Dahi rəhbər Heydər Əliyev deyirdi ki, “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”. Ona görə gəlin ədaləti, ədalətlə bərpa edək hər kəsin layiq olduğu qiyməti ona vaxtında  verək. Onda həyatda, yaşamaq da, yaratmaq da  gözəl  olar. Axı hər bir insan layiq olduğu qiyməti vaxtında alanda, onda işləməyə həvəs, istək daha çox olur. Həmin vaxtı  o, xalq üçün daha çox işlər görür. Bəs onda niyə biz,  bir millət olaraq, hər kəsin qiymətini vaxtında vermirik?!..

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi, yazıçı-rejissor

 

Azad Azərbaycan.- 2023.- 2 noyabr, ¹36.- S.7.