Qul bazarının qulları
(Novella)
Mənim təhsil almağımda, bir şəxsiyyət kimi yetişməyimdə,
formalaşmağımda böyük
xidmətləri olan, valideyinlərim qədər
sevdiyim müəllimlərimə ithaf eləyirəm.
Müəllif
Yalan olmasın, qul bazarında iynə atsaydın, yerə düşməzdi. Ayrı-ayrı boy-biçimdə kişilər, qadınlar bəziləri divara söykənib, bəziləri səkidə, bəziləri çömbəltmə oturub, bəziləri də iş alətləri olan torbaları qoltuqlarında tutub, ümidlə müştəri gözləyirdilər. Bu bazarda səs-küydən çox sakitlik hökm sürürdü. Bu insanların sifətlərdə gülüş, sevinc əvəzinə qəm-kədər daha çox idi. Qul bazarındakı “qullar”ın elə bil çiyinləri də dərdin, kədərin yükündən bükülmüş, yumağa dönmüşdü... Hamını bir fikir, bir arzu özünə daha çox cəlb eləmişdi: “Görəsən bu gün müştəri olacaqmı? Görəsən bu gün evə çörək pulu apara biləcəyikmi? Görəsən çiynimizə yığılan borclardan heç olmasa bir qismini verə biləcəyikmi?...”
Elə bu vaxt bir təzə xarici, son markalı “Cip” maşını adamların yanında dayandı. Qul bazarındakı qulların çoxu həmin maşının yanına qaçdı. Hər kəs öz xidmətini təklif elədi. Amma maşından düşən, əynində bahalı xarici idman geyimi, ayağında bahalı krossovka, gözündə qara, bahalı gün eynəyi olan balacaboy, idmançı cüssəli cavan oğlan gözlərilə kimisə axtarırdı. Tapdı. Gözündəki eynəyi düzəldib, barmağı ilə hasara söykənib dayanan dörd kişini çağırdı. Bayaqdan yazıq görkəmdə dayanan o dörd nəfər tez özlərini düzəldib, həmin oğlana yaxınlaşdılar.
- Nə bacarırsız? - deyə oğlan onlara müraciət elədi.
- Hər şey, - deyə onlardan ən yaşlısı tez dilləndi. Palçıq qarışdırmaqdan tutmuş, daş hörməyə, metlax qoymağa, divar suvamağa qədər. Əlimizdən hər iş gəlir.
- Evi özülündən başlayıb, tavanına qədər tikib, üstünü örtüb təhvil veririk. Özü də ucuz, sərfəli qiymətə və tez bir vaxta, - deyə yaşlı kişidən bir az cavan onun sözünə qüvvət verdi.
- Lazım olsa, lap nisyə də tikirik, - deyə orta yaşlı kişi dilləndi.
- Özümüz də rayondan gəlmişik. Oğul-uşaq da yanımızda yoxdu ki, ayağımıza dəyib-dolaşa. Bütün günü işləyəcəyik, - deyə onlardan cavanı, bığlı kişi dördünün də fikrini tamamladı.
- Onda minin maşına.
Bu dörd kişi oğlanın birdən fıkrini dəyişəcəyindən qorxub, tez maşına mindilər.
Bu vaxt maşın yerdən nə təhər götürüldüsə, dördü də birdən qorxu ilə qışqırdı.
- Yavaş!..
- Nədən qorxursuz? Bir candı Allaha borcluyuq, onsuz da gec-tez hamımız öləcəyik... Lap yüz il yaşa, - deyə oğlan ucadan güldü. Bir də, heç nədən qorxmayın. Mən köhnə qonşikəm...
- Qonşik olanda nə olar, ay bala? Cavan oğlansan. Sən hələ yaşamalı, yaşatmalısan. Biz də kənddə oğul-uşaq, nəvələr qoyub gəlmişik, - deyə hamıdan yaşlı kişi dilləndi.
- Özü də bu şəhərdə az qala adamdan çox maşın var. Heç kim də yol hərəkətinə əməl eləmir. Gör gündə nə qədər hadisələr baş verir, - deyə həmin yaşlıdan bir az cavan kişi onun sözünə qüvvət verdi.
- Tarix boyu yaranışından, maşınlar adamlara qənim kəsilib, - deyə orta yaşlı kişi də o birilərinin sözünə qüvvət verdi. Ona görə də bu maşını icad eləyənlər sonradan peşiman olublar...
- Odu ey, dünən deyirlər on dənə maşın bir-birinə dəyib. Neçə nəfər yaralanıb. Ölənlər də var. Çoxu da varlı adamların uşaqlarıdı. Gecələr maşınlarla bu şəhərdə bir oyunlar çıxarırlar ki, Allah göstərməsin... Özləri almayıb ha maşını. Dədələri haram pulla alıb. Haram pulun da axırı belə olur, - deyə kişilərdən ən cavanı da onların sözünə qüvvət verdi.
- Arxayın ola bilərsiz. Maşını mən özüm almışam. Öz pulumla. Özü də istəsəm, bu maşından dördünü, beşini birdən ala bilərəm. Nə puldu ki, qırx-əlli min dollar? Semiçka pulu... Bir də yadınızda saxlayın. Qorxan gözə çöp düşər. Kişi ona görə kişidi ki, gərək heç nədən qorxmasın. Pul qazanmağı, vurub-yıxmağı gərək bu zəmanədə kişi yaxşı bacarsın. Gərək zəmanə adamı olasan e, zəmanə adamı, - deyə oğlan lovğa-lovğa bir də bu dörd kişiyə baxıb ucadan güldü. Sonra bardaçokdan xarici siqaret çıxartdı. Çəkəniz var?
- Yox, çəkmirik. Biz müəllimik. Sənə də məsləhət bilmirəm bu nikotinlə özünü zəhərləyəsən. Sən bilirsən bu siqaretdə nə qədər zəhərli maddə var, - deyə yaşlı kişi dilləndi.
- Nə qədər,- deyə cavan oğlan ona baxdı.
-Qırx min zəhərli maddə var.
-Yox, ha. Mən heç bilmirdim...
Sonra oğlan çox maraqla yaşlı kişiyə baxıb, siqareti yandırdı. Maqnitafonu işə saldı. Əcaib-qəraib
xarici musiqi salonu bürüdü.
- Yox əşşi...
İndi sən heç
vaxt siqaret çəkməyibsən?
- Əvvəllər bir az çəkmişəm...
- Ancaq elə dedin ki, fıkirləşdim,
vay dədə, bu kişi nə
mömin adamdı. Yəqin heç siqaretin, arağın ləzzətini bilmir.
- O vaxtlar mənə bunların zərərini heç kim deməmişdi. Amma mən
həmişə öz
şagirdlərimə bunu
deyirəm.
- Deyirsən müəllimsiz?
- deyə oğlan söhbəti dəyişdi.
- Bəli.
- Bəs nə əcəb gəlib qul bazarında dayanıbsız?
- İndi
müəllimlikdə heç
nə yoxdur. Aldığımız qəpik-quruş
heç on günlük
yeməyə də çatmır.
- Bir də yaydı. Tətildi. Rayondan şəhərə
gəlmişik ki, beş-üç
manat pul qazanaq...
- Əlimizin zəhmətilə,
- deyə lap cavan müəllim özündən
yaşlısının sözünə
yenə də qüvvət verdi.
- Ay bərəkallah, - deyə
oğlan yenə də ucadan güldü. İndi öz
zəhmətilə pul
qazananları qəzetçilər
gündüz çıraqla
axtarırlar ki, şəklini
çəkib sensasiya
səhifəsinə yapışdırsınlar...
Bu sözdən sonra oğlan bir az da ucadan güldü.
- Allah zəmanənin və pis adamların evini yıxsın. Yaxşı gün-güzəranımız
vardı. Hər kəs öz işini bilirdi. Hamı da yaxşı yaşayırdı. Heç
kim də belə ləley-giryan qalmırdı. Acından ölmürdü - bu sözləri yaşlı
kişi yana-yana dedi. Hətta gözləri doldu. Köksünü ötürdü.
- Day demə, day demə.
İndi hər qotur-motur
ortaya çıxıb
ki, məndən başqa
kişi yoxdu, - deyə orta yaşlı kişi də yana-yana onun sözünə qüvvət verdi. Hardasan ay Sovet hökuməti?.. Ax, ax...
Sonra oğlanın ona baxdığını görüb,
tez sözünü başqa səmtə yönəltdi.
- Allah sənin atanın da canını sağ eləsin. Belə görürəm sənin
üçün yaxşı gün-güzəran düzəldib.
- Mən hər şeyi, pulu da, adı-sanı da, şan-şöhrəti
də özüm qazanmışam. Cavan olmağıma baxmayın.
Ağsaqqal sayılıram.
Ərəseydən tutmuş
ta bu yana kimi hamı məni eşidir... Atam isə çoxdan
ölüb. On il olar...
Necə deyirlər o mahnıda... “Nə atam var, nə anam...”.
- Allah rəhmət eləsin. Qəbirləri nurla dolsun.
- Rayonda qəbirlərinin üstündə böyük
türbə tikdirmişəm...
- Hansı rayondansan, ay bala?
- Hansı rayondan olmağımı neynirsiz?
Mənim yerlibazlıqdan
zəhləm gedir. Böyük Azərbaycandanam...
- Allah canını sağ eləsin. Elə bizim də yerlibazlıq,
tayfabazlıq sözündən
zəhləmiz gedir. Axır vaxtlar da bu ölkəni yerlibazlar, tayfabazlar ölkəsinə çeviriblər…
- Bu zəmanədə hər kişi, hər şeyi özü qazanmalıdı. Hansı
yolla olursa-olsun... İndiki zəmanədən baş
çıxarmağı bacarasan
gərək. Əgər
bacarmasan, səni basıb yeyəcəklər...
- Orası düzdür...
- Mən həmişə hər şeyi düz deyirəm. On addım qabağı görməyi də bacarıram. Af-uf eləyən kişidən
də zəhləm gedir. Pul qazanmaq
isə indiki zamanda kişi üçün problem olmamalıdı.
Qorxusu yox, hürküsü yox, gəlib yoxlayan da yox. Nə yapışmısız
Sovet hökumətindən?
Evə bir dənə artıq daş gətirirdin, o dəqiqə gəlib alırdılar başının
üstünü ki, bunu
hardan alıbsan. Bəlkə elə deyil? Bəlkə yadınızdan çıxıb?
- Bunu da düz deyirsən...
- Bə nə yapışmısız, ay o hökumət
belə idi, elə idi... Bir də məsəl var deyirlər “Adama puluna görə qiymət verərlər, elminə görə yox”. Bu zəmanədə pulun varsa, kişisən. Yoxsa heç kimsən. Lap alim ol. Əgər pulun yoxdursa, kimə lazımdı sənin elmin? Kimə lazımdı sənin savadın? Bir də yadınızda saxlayın.
Onun-bunun dalınca danışan kişidən
zəhləm gedir. Kişi deyingən, demaqoq olmaz. Deyingənlik arvad işidi!
Oğlan
bu sözləri necə əsəbi dedisə, elə bil qurbağa gölünə daş atdılar. Daha heç kim danışmadı. Daha doğrusu, danışmağa
cürət eləmədi.
Müəllimlər fıkirləşdilər
ki, yenə də artıq-əskik danışsalar,
oğlan onları maşından düşürər.
Ara yerdə belə “yağlı tikəni” əldən çıxararlar.
Bir də mübahisə
eləməyə onların
onsuz da heyi yox idi. Çünki
dünəndən bəri
fərli-başlı çörək
də yeməmişdilər.
Oğlan isə özündən razı adamlar kimi siqaretdən
bir neçə qullab da vurub, gülümsündü və
şəstlə yenə
də müəllimlərə
baxdı.
- Birdən inciyib eləyərsiz ha? Mən açıq danışmağı
xoşlayanam. Siz hələ məni sonra yaxşı tanıyacaqsız, - deyə
o, bir də müəllimlərə baxıb
ucadan güldü.
Söhbət tamam kəsildi.
Oğlan musiqinin səsini artırdı. Və maşının da
sürətini çoxaltdı.
Hərdən də eynəyinin altından bic-bic müəllimlərə
baxırdı ki, görsün
onlar nə fıkirləşirlər.
... O, maşını bir dəmir darvazanın yanında saxladı. Bu, hündür hasarlı və bər-bəzəkli
darvaza idi. Bu vaxt maşından əcaib-qəraib bir səs çıxdı. Elə həmin anda qapılar özü-özünə taybatay
açıldı. Oğlan
maşını həyətə
sürdü. Gözəl
memar zövqü və bər-bəzəyilə
düzəldilmiş həyətdə
üç mərtəbəli
ev ucalırdı. Amma
bu, evdən çox qəsrə oxşayırdı. Orta əsrlərin memarlıq üslubunda tikilmiş bər-bəzəkli qəsrə.
- Hə. Çatdıq. Düşün.
Oğlan
maşını söndürdü.
Hamı maşından
düşdü. Maraqla
həyətə, evə
tamaşa eləməyə
başladılar.
- Sağlığınıza qismət,
ay bala, - deyə yaşlı müəllim
gözlərini evdən
çəkmədən dilləndi.
- Sağ olun. Görürsüz kişi
öz puluna, öz gücünə necə hündür, yaraşıqlı ev tikdirir? - deyə oğlan qürrələndi.
Sonra o bağın bir
küncündə dayanan
saqqallı kişini əl işarəsilə yanına çağırdı.
Saqqallı kişi tez ona yaxınlaşıb
baş əydi. Bu donqar və həbəş sifətli,
balacaboy bir adam idi. Yaltaqcasına
dilləndi:
- Eşidirəm sizi...
- Həyətin bər-bəzəyinin
və bu evin layihəsinin müəllifi, bax, bu kişidi. Yəqin eşidibsiz. Rəssam Möhsün Mübarizli. Fəxri adı da var. İndi rəssamlığı
mənim bağımda
eləyir. Möhsün
kişinin yaxşı
bir peşəsi də var. Siçan tutur. Bu işdə lap mahirdi. Bağı siçan, siçovul basmışdı. Hamısını
Möhsün kişi tutub. Özü də hər tutduğu siçana görə ona yaxşı pul verirəm. Elədi Möhsün kişi?
- Bəli. Düz deyirsiz, cənab, - deyə Möhsün kişi oğlanın üzünə hırıldadı.
Güləndə sifəti
daha eybəcər vəziyyətə düşdü.
Sonra başını aşağı
saldı və ağlı-qaralı saqqalını
tumarladı.
- Rəsm əsərlərini
satsaydı, heç mənim verdiyim pulların yarısını
qazanmazdı. Elədi,
kişi?
- Bəli, elədi...
- Bu gün neçəsini tutubsan?
- Beş dənə. Dörd dənə siçan. Bir dənə də böyük mış.
Oğlan
pulları Möhsün
kişiyə sarı atdı. Möhsün kişi pulları tuta bilmədi. Pullar yerə düşdü. O, tez pulları yerdən götürdü.
- Allah sizi başımızın
üstündən əskik
eləməsin. Sağ
olun, - deyə Möhsün kişi pulları tez cibinə qoydu və yenə də oğlanın üzünə hırıldadı.
- Axşama qədər də beş siçan tutmaq normandır. Get işinlə
məşğul ol.
- Baş üstə.
(Ardı var)
Ağalar İDRİSOĞLU,
Sumqayıt şəhəri, noyabr,
1999-cu il.
Azad Azərbaycan.- 2023.- 23 noyabr.- ¹ 38.- S. 7.