Büllur külqabı

 

(Əvvəli ötən sayımızda)

 

İş vaxtının çoxdan qurtarmasına baxmayaraq Ramiz hələ kabinetində idi. O, bu gün görülən işlərin sənədlərini gözdən keçirir gələn həftə görüləcək işlərin planını tuturdu. Həmişə olduğu kimi, cümə günlərində işdən gec çıxırdı. Yorğun olsa belə cümə günlərində əhvalı həmişə yaxşı olurdu. Çünki şənbə-bazar günlərini həyat yoldaşı Xalidə ilə birgə keçirəcəkdi. Xalidə, onunla birgə internatda oxumuşdu. Bir-birilərini səkkizinci sinifdən sevməyə başlamışdılar. Həmin vaxtlardan şənbə-bazar günlərini birlikdə keçirməyə adət etmişdilər deyə, bu gün beləcə davam edirdi. Adətən, istirahət günlərində gedəcəkləri tədbirlərin siyahısını çox vaxt Xalidə əvvəlcədən tuturdu. Onlar həftədə bir dəfə teatra gedib, yeni tamaşaya baxar, ya filarmoniyada keçirilən konsertlərə qulaq asar yaxud da saatlarla qol-qola Dənizkənarı bulvarda gəzişməyi xoşlayardılar. Sonra da bulvardakı kafelərin birində yüngül şam yeməyi yeyib, evlərinə qayıdardılar. Xalidə, musiqi məktəbində fortopiano müəlliməsi işləyirdi. Hər ikisi aldıqları məvacibdən razıydılar, dolanışıqları da pis deyildi. Ən başlıcası, iki otaqlı mənzilləri var idi. Üç il bundan qabaq Xalidə, bu evə gəlin köçmüşdü. Onlar evə lazımdırsa alıb mənzillərini birlikdə bəzəmişdilər. İndi evlərində yaşayış üçün hər şey vardı, tək bir şeydən başqa. Çatışmayan o şey körpə səsi idi. Ramiz, bir neçə dəfə xanımı ilə birgə həkim müayinəsindən keçsə , hələ heç bir həkim onlara ürəkaçan bir xəbər demirdi. Həmişə həkimlərin son sözü belə olurdu: “Şükür Allahın məsləhətinə, ümüdinizi üzməyin”. Artıq üç il idi ki, ümidlə yaşayırdılar. Ən çox da narahat olan Xalidə idi

Kabinetin divarından asılmış zəngli saatın səsi onu qalxmağa məcbur etdi. Saat axşam səkkizi göstərirdi. İki həftədən sonra məzuniyyətə çıxacaqdı deyə, bütün işlərini qaydasına salmağa çalışırdı. Evləndikləri vaxtdan məzuniyyətə Xalidə ilə eyni gündə çıxırdı. Bu da onların harasa gedib, birlikdə dincəlmələrinə imkan verirdi. Xalidənin işlədiyi məktəbin direktoru ona Kislovodskidə dincəlmək üçün iki nəfərlik putyovka düzəldəcəyinə söz vermişdi. Məzuniyyətə hələ on gün var, – deyib, əlindəki sənədləri səliqə ilə masanın kənarına qoydu, kondisioneri televizoru şəbəkədən ayırıb, kabinetdən çıxdı.

Məhəllələrinin yanındakı mağazadan evə lazım olan ərzaqları alıb, elə təzəcə küçəyə çıxmışdı ki, kimsə onun qoluna toxundu:

-Salam, Ramiz, xoş gördük.

Çoxdan görüşmədiyi tələbə yoldaşını görən Ramiz əlindəki ərzaq torbalarını yerə qoyub, mehribancasına Hüseynlə qucaqlaşdı:

-Hüseyn, xoş gördük. Necəsən, var, yox? Haralardasan?

Hüseyn, yarızarafat, yarıciddi şəkildə cavab verdi:

-Düz bir saatdır buralardayam, sənin yaşadığın binanı axtarıram, hələ dəqiqləşdirə bilməmişəm, yaxşı ki, özün qabağıma çıxdın.

-Niyə, tanımırsan ki? Sən axı bizim evdə iki dəfə olmusan.

-Əvvəla, şəhərdə evlər elə sürətlə tikilir ki, dünən gəzdiyin küçə, bu gün sənə yad gəlir. İkincisi , mən sənin evində vaxt olmuşam, ehdüzü, heç yadıma da gəlmir. , birinci dəfə sən bu evi alanda, tələbə dostlarımızla yığışıb orda yeyib-içdik. İkinci dəfə sənin toyundan bir ay qabaq yığışıb mənzilə yüngülvari əl gəzdirdik,divarlara oboy çəkdik. Gör o vaxtdan qədər keçib?

Ramiz əlini Hüseynin çiyninə vurub, gülümsəyərək dedi:

-Yaxşı, burda niyə durmuşuq, gəl gedək evə, həm bizim evin yolunu tanıyarsan, həm səni xanımımla tanış edərəm.

Hüseyn, cibindən çıxartdığı dəvətnaməni Ramizə uzadaraq, – Tələsmə. Qardaş, axır ki, mənim saqqızımı oğurlayan tapıldı. Sabah sizi toyuma dəvət edirəm. Şadlıq sarayının ünvanı dəvətnamədə qeyd olunub. Bax, gecikməyin hasizi gözləyəcəm. Sizə getmək isə qalsın toydan sonraya, inşallah, xanımımla gələrəm.

-Allah mübarək eləsin! , yaxşı oldu. Sən çoxdan evlənməliydin, ay Hüseyn.

-Yaxşı da Ramiz, heç olmasa sən məni danlama. Tez evlənsəydim, o boyda şirkəti qura bilərdim? Bir ki, qismətdən qaçmaq olmaz. Hərə öz qismətini yaşayır. Di, salamat qal, səhər toyda görüşərik.

Ramiz dəvətnaməni cibinə qoyub, -Xoşbəxt ol! –deyərək, Hüseynlə xudafisləşdi. Hüsein, onu gözləyən qara rəngli xidməti maşınına əyləşib uzaqlaşdı. Ramiz isə ərzaq torbalarını götürüb, aramla binalarına tərəf addımladı.

Ramizin qapının zəngini basmağıyla, Xalidənin qapını açması bir oldu. Sanki bayaqdan qapının arxasında durub, ərinin gəlməsini gözləyirmiş. Ramiz, üzündən sevinc yağan arvadını maraqla süzdükdən sonra salamlaşıb, ayaqqabılarını soyunaraq birbaşa mətbəxə keçdi. Əlindəki ərzaq torbalarını masanın üzərinə qoydu, sonra kətili çəkib oturaraq,- Deyəsən, putyovka məsələsi düzəlib axı, ?- deyə soruşdu. Sonra ondan cavab gözləmədən sözünə davam etdi:

-Mənim şad xəbərim var.

Xalidə, çay süzüb ərinin qabağına qoydu, sonra kətili çəkərək onunla üzbəüz əyləşdi, – Yox, putyovkadan hələ bir xəbər yoxdur, düzəlməsi qalıb gələn həftəyə. Putyovka əsas deyil, onu boş ver, mənim sevincim ayrıdır. Bəs səndə şad xəbər var, de görüm? – söyləyərək, maraqla soruşdu.

Ramiz çayından bir qurtum içərək bic-bic gülümsədi:

-Yox, birinci sən de, sonra mən.

-Yox, sən de, mənim xəbərim çox vaxt aparacaq.

Ramiz tələsmədən çayını içib, stəkanı kənara qoyaraq dedi:

-Sabah, nənim tələbə yoldaşım Hüseynin toyudur, ikimizi dəvət edib, hazırlaş.

Xalidə bu xəbəri çox adi qarşıladı. Diqqətlə Ramizin gözünün içinə baxıb, ayağa qalxdı, sonra onun qarşısına gəlib, ərinin dizlərinin üstündə oturdu. Ramizin boynunu qucaqladı, hər iki yanağından öpərək, dodaqlarını onun qulağına yaxınlaşdırıb pıçıldadı:

-Mən ana olacam, Ramiz!

 

                                                                                (Ardı var)

 

Arif Ərşad,

Yazıçı- publisist, Azərbaycan Yazıçılar və Avrasiya Yazar Birliklərinin üzvü, Prezident mükafatçısı

 

Azad Azərbaycan.- 2023- cü il.- 30 noyabr.- ¹ 39.- S. 7.