Yaddan çıxan
çox istedadlı aktrisa aktrisa
(Portret cizgiləri)
Minayə xanım İbrahimova: ” Bakı qastrolu bizim teatr üçün bir
imtahan idi. Biz də bu imtahandan çox yaxşı
çıxdıq. Bakıdan çox böyük sevinc və
fərəhlə qayitdiq”
Müstəqilliyimizin
ilk illərində bölgə teatrlarımız demək olar
ki, yaddan çıxmışdı. Bəlkə də bu
ondan irəli gəlib ki, məmləkətimizdə müharibə
gedirdi. Başımız Qarabağ müharibəsinə
qarışmışdı və teatr sənəti yaddan
çıxmışdı. Bəlkə də ağır
güzəran, millətimizin ağır durumda olması,
güzəranın ağırlığı
insanlarımızı teatrdan uzaq salmışdı. Bəlkə
də...
Əlbəttə, belə bəlkələr
çox gətirə bilərik. Amma teatr
hər bir millətin parlaq güzgüsü və onu
dünyada tanıdan əsas atributardan biri olduğuna görə
incəsənətin bu növünü heç vaxt unutmaq
olmaz. Əsasən də bölgələrdə olan teatrlara
daha çox fikir vermək lazımdır. Axı onlar həmin
bölgələrdə dövlətin ideologiyası sahəsində
daha böyük işlər görürlər və yeni nəslimizin
tərbiyəsində böyük rol oynayırlar.
Bu bölgə teatrlarından
biri də Qazax Dövlət Dram
Teatrıdır. Burada baş rejissor Musa Eyyubov başda olmaqla
çox istedadlı aktyorlar və aktrisalar işləyir. Elə
onların 2023-cü ilin sentyabr ayının 25-də Azərbaycan
Teatr Xadimləri İttifaqının “Qonaq teatrlar” layihəsi
və dəvətilə Bakıda, Abbas Mirzə Şərfzadə
adına Aktyorlar evinin səhnəsində Əməkdar incəsənət
xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun
“İnan mənə” tamaşasını, Əməkdar artist , sənətşünaslıq üzrə
fəlsəfə doktoru Xəzər Gəncəlinin
quruluşunda oynaması, paytaxt tamaşaçılarının
böyük marağına səbəb oldu. Respublika mətbuatında
bununla bağlı çoxlu yazılar, ressenziyalar
yazıldı. Bir incəsənət işçisi, rəssam
kimi bu tamaşa mənim də xoşuma gəldi. Məlum oldu
ki, Qazax Dövlət Dram Teatrında çox istedadlı
aktyorlar, aktrisalar çalışır. Amma onlar gözdən-könüldən
uzaq olduqlarına görə haqqlarında çox az
yazılır. Belə qərara gəldim ki, bu teatrın
aparıcı aktrisası və həmin tamaşada Yasəmən
rolunun ifaçısı Minayə xanım İbrahimova
haqqında bir portret yazısı işləyim. İlk öncə
onun haqqında oxuculara qısa məlumat verim.
Qısa arayış: Minayə xanım İbrahim qızı İbrahova
1967-ci ilin aprel ayının 29-da Ağstafa rayonunun Vurğun qəsəbəsində
anadan olub. 1974 -cu ildə Ali Mustafayev adına Həsənsu kənd
orta məktəbinin 1- ci sinifinə gedib. Elə ilk gündən
müəllimlərin sevimli şagirdi olub. 1984- ci ildə orta
məktəbi bitirib. Atası İbrahim kişinin istəyi ilə
əvvəlcə dərzilik kursuna gedib. Amma bu peşəyə
marağı olmadığına görə bu sənətlə
məşğul olmayıb. Sonra Ağstafa rayon Vurğun qəsəbəsində
Texniki peşə məktəbində 2 il 6 ay muhasibatlıq
kursunda oxuyub. Sonra 5-6 il mühasib işləyib. Həmin
dövrdə, yəni hərc-mərclik, xaos dövründə
maliyyə qazanmaq, müəssisə saxlamaq çətin
olduğuna görə idarələri bağlanıb. O, bir
neçə il işsiz qalıb. Uşaqlıqdan arzusu aktrisa
olmaq olsa da, valideynləri icazə verməyib. Minayə
xanım hər dəfə teatr tamaşalarına baxanda
çox pis olurmuş ki, axı niyə o, bu sənətlə
məşğul olmur. O, axır ki, Qazax Dövlət Dram
Teatrına işə girməyə qərar verib və bu fikri
atasına deyib. Əvvəlcə atası və evdəkilər
razı olmasalar da onun israrlı olduğunu görüb,
razılıq veriblər. 2000- ci ilin sentyabrında teatra gəlib.
O vaxt teatrın direktoru Pəri xanım Məmmədova idi. Onu
aktyor sənətindən imtahan eləyib, aktyorluğa
yaxşı bacarığı olduğunu görüb, teatra
işə götürüblər. Beləliklə, həmin
vaxtdan onun teatr taleyi başlayıb. Böyük sevinclə, həyəcanla
evə gəlib və bu xəbəri atasına deyib. Fikirləşib
ki, atası bu xəbəri çox pis qarşılayacaq. Amma
atası İbrahim kişi deyib: “ Allah xeyr
versin. Təki bu sənətdə bütün arzuların
çin olsun” Minayə xanım da atasının bu sözlərindən
sonra, sevincindən atasına zarafatla “Əhməd hardadı?”
kinofilmindən Nergiz xalanın əri Şirinə dediyi
sözü stat gətirib: “ Vaxtında
qoysaydın indi Xalq artisti idim”. Atası isə gülüb və
belə deyib: “Lap yaxşı. Təki sən Xalq artisti ol və
biz də səninlə fəxr edək”. Beləliklə, Minayə
xanım orta məktəbi bitirəndən on altı il sonra
arzusunda olduğu işə- teatra gedib. Hal-hazirda 23 ildir ki,
teatrda aktrisa işləyir. Bu illlər ərzində çox
tamaşalarda rol alib. Ona ilk sualım belə oldu.
- Siz iyirmi üç
ildir ki, bu müqəddəs sənətlə məşğul
olursunuz. Bu illər ərzində nə qədər rollar
oynamısınız?
- Əllidən artıq
rollarda oynamışam. Onlardan baş rollar da olub, epizodik rollar
da olub. Amma çalışmışam ki,
oynadığım rolu yüksək səviyyədə
oynayım. Çünki teatr aləmində belə bir deyim
var: ” Rolun böyüyü-kiçiyi
yoxdur. Aktyorun böyüyü-kiçiyi, istedadlısı,
istedadsızı var”. Oynadığım və daha çox
özümün xoşuma gələn rolları saymaq istəyirəm.
Xalq yazıçısı Elçinin “Mənim ərim dəlidi”
əsərində - Xanım, Əbdürrəhim bəy
Haqverdiyevin “Pəri cadu” əsərində - Pəri, Mar
Bayciyevin “Duel” tamaşasında- Qız, Xalq
yazıçısı Elçinin “Qatil”ində - Qonşu,
Süleyman Sani Axundovun “Tamahkar” əsərində
-Gülüzar, Əhməd Orucoglunun “Sonuncu seriya” sında –
Xeyransa, Xalq şairi Bəxtiyar Vahabzadənin “ Kimdir haqli” əsərində
-Həyat, Əhməd Orucoğunun “Qulluqçu
axtarıram”ında -Aytac və Səma, Orxan Kamalın “ Yad
qızı” əsərində - Həyat, Anatoli Safronovun
“Kişilərə inanmayn” əsərində - Nina və
başqaları. Bu siyahını artırmaq da olar. 2000-ci və
ondan sonrakı illədə ölkəmizdə olan vəziyyətlə
bağlı olaraq şəraitsiz bir vəziyyətdə məşqlər
edirdik. Bizim rayon cəhbə bölgəsinə yaxın
olduğuna görə vəziyyət daha pis idi. Belə ki, işiqlar
tez-tez sönürdü. İstilik yox idi. Amma buna baxmayaraq,
biz, lampa işiğinda, soyuq zalda məşqlər edirdik.
Lampa işığı yetərli olmayanda soyuqda qapını
da açırdıq ki, bayırdan da işıq
düşsün. Biz bax, belə illər
yaşamışıq. Mən ən çox mərhum rejissorumuz
Əhməd Əliyevlə işləmişəm. Allah ona rəhmət
eləsin. Eləcə də Vidadi Əliyev, Vaqif Şərifov,
Zülfüqar Abbasov, teatrmızın baş rejissoru Əməkdar
artist Musa Eyubov və genc rejissorumuz Allahverdi Musayevlə işləmişəm.
Çox sağ olsunlar ki, mənə maraqlı rollar veriblər
və hər bir rolumun obraz səviyyəsinə qalxması
üçün mənimlə çox işləyiblər.
Son işlədiyimiz tamaşa isə, Əməkdar artist, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin
quruluşunda, Əməkdar incəsənət xadimi,
yazıçı-rejissor Ağalar İdrisoğlunun “İnan
mənə” tamaşası olub. Bu tamaşanı da biz sentyarbr
ayının 25-də Bakıdı, Aktyorlar evinin səhnəsində
çox yüksək səviyyədə oynamışıq.
Bu tamaşada mən Yasəmən rolunda çıxış
etmişəm. Bu tamaşa isə artıq
teatrımızın tarixinə qızıl həriflərlə
yazılıb.
- Minayə
xanım. Siz artıq iyirmi üç ildir ki, teatr səhnəsində
çıxış edirsiniz. Bu illərdə teatrda əllidən
artıq rollarda çıxış edibsiniz.
Oynadığınız rollar da həm mütəxəssislər
və həm də tamaşaçılar tərəfindən
həmişə maraqla qarşılanıb. Bəs bu xidmətlərinizə
görə niyə sizə bu vaxta qədər fəxri ad verməyiblər?
-
Çox maraqlı sualdır. Bizim teatrda cəmi bir aktyor,
Hacı Hacıyev Əməkdar artistdir. Baxmayaraq ki,
teatrımızda on beşdən çox aktyor fəxri adlara
layiqdir, amma onların da heç birinə fəxri ad verməyiblər.
Bizim teatr həmişə Mədəniyyət Nazirliyinin
gözündən-könlündən uzaqda olub. “Niyə fəxri
ad verilməyib?” sualınıza açığı mən
heç bir cavab tapa bilmirəm, Özü də bu iyirmi
üç ildə nəinki fəxri ad, heç mənə
adicə Fəxri Fərman və Təşəkkürnamə
də verməyiblər. Yəqin inanmayaqacsınız. Amma bu,
acı da olsa bir həqiqətdir. Necə ki, Əməkdar incəsənət
xadimi Ağalar İdrisoğlunun “İnan mənə”
tamaşasindaki oynadığım Yasəmən xalanın
dediyi kimi: “İndi pulsuz, hədiyyəsiz ,
tanışsiz iş görmək çox çətindir.
Əgər arxan, dayağın, pulun yoxdusa, heç kimə
lazim deyilsən. Pulun varsa cümlə- cahan qulundu, pulun yoxsa
dar küçələr yolundu”.
- Sizin
kollektivin ifasında sentyabr ayının 25-də Bakıda,
Aktyorlar evində oynadığınız, Əməkdar incəsənət
xadimi Ağalar İdrisoğlunun “İnan mənə”
tamaşası həqiqətən də, həm pyesin yüksək
peşəkar yazılışına, həm aktyor oyununa və
həm də quruluşuna görə çox mükəmməl
bir tamaşa idi. Bu tamaşa haqqında öz ürək
sözlərinizi deyin.
- Bu tamaşanı Əməkdar
artist, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, çox istadadlı rejissor-pedaqoq Xəzər Gəncəli
bizim teatrda tamaşaya qoyub. Bu tamaşa onun bizim teatrda ilk
quruluş verdiyi əsərdir. İlk oxunuşda pyes
hamımızın xoşuna gəldi. Çünki müasir
dövrümüzün neqativ halları bu pyesdə çox
yüksək səviyyədə verilib. Buradakı məslələr
hamımızın ürəyincə olduğuna görə
hamımız böyük həvəslə məşqlərdə
iştirak elədik. Teatrın bütün kollektivi, hətta
tamaşada oynamayanlar belə əllərindən gələn
köməklikləri eləyirdilər ki, biz yaxşı məşq
eləyək. Teatrımızın baş rejissoru, Əməkdar
artist Musa Eyyubovun, quruluşçu rejissor Allahverdi Musayevin də
bu tamaşanın ərsəyə gəlməsində
böyük xidmətləri oldu. Beləliklə, bütün
kollektiv istəyirdi ki, ulu öndər Heydər Əliyevin 100
illik yubileyinə biz çox peşəkar və layiqli bir
tamaşa hazırlayaq. Xəzər müəllimin rəhbərliyilə
biz, buna nail olduq. Bunu tamaşaçı alqışları
da təsdiq elədi. Yuxarıda dediyim kimi, bu tamaşanı
bizim teatr ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə
ithaf edib. Sevinirəm ki, dahi rəhbərin yubileyinə bizim
teatr bu tamaşa ilə çox layiqli iş görüb.
Beləliklə, sentyabın 25 də
Bakıda Aktyorlar evində Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş rejissor Xəzər Gəncəlinin quruluşunda,
Ağalar Idrisoğlunun “İnan mənə “
tamaşasını böyük sənətkarlar və
qonaqlar qarşısinda nümayiş etdirdik. Bakı qastrolu
bizim teatr üçün bir imtahan idi. Biz də bu imtahandan
çox yaxşı çıxdıq.
Bakıdan çox böyük
sevinc və fərəhlə qayitdiq.
Bakida. “Qonaq teatrlar” lahiyəsi, ideyası çərçivəsində
və bu cür səmimi mûnasibət bizə ruh yüksəkliyi
verdi. Ona görə də Azərbaycan Teatr Xadimləri
İttifaqı sədrinin səlahiyyətlərini yerinə
yetirən, Xalq artisti, “Şöhtər” ordenli məhz Hacı
İsmayılov başda olmaqla, Teatr Xadimləri
İttifaqının bütün kollektivinə öz dərin
təşəkkürümüzü bildiririk. Onların bizi
belə çox yüksək səviyyədə
qarşılaması bizə çox böyük ümid verdi
ki, bölgədə yaşasaq da, deməli, yaddan
çıxmamışıq. Çünki təkcə
insanın yox, teatrın da yaddan çıxması çox
böyük faciədir.
Bu tamaşa bizim teatrın 85 illik yubileyi və Azərbaycan
Milli Teatrının 150 illik yubileyinə də bir tarixi
töhfəmiz oldu.
Əməkdar incəsənət xadimi,
yazıçı, rejissor, jurnalist
Ağalar İdrisoğluna isə bizə göstərdiyi bu
böyük qayğıya və tamaşaçıların təşkilində
böyük əməyini görə kollektivimiz adında dərin
təşəkkürümüzü bildiririk. Bax, bu əsl
ziyalıqlıq deməkdir. Təki belə
ziyalılarımız çox olsun. Həm də çox istərdik
ki, yazıçı-dramaturq Ağalar İdrisoğlunun
başqa pyesləri də bizim teatrın səhnəsində
oynanılsın. İnanıram ki, kollektivimiz həmin
tamaşalarda da böyük həvəslə oynayacaqlar.
Mən fürsətdən istifadə
eləyib, burada bir məsələni də
vurğulamaq istəyirəm. Qazax rayon İcra Hakimiyyətinin
başçısı cənab Rəcəb Babaşov bu rayona
rəhbərlik elədiyi ilk gündən bütün rayon
camaatına və bizim teatra əlindən gələn köməklikləri
eləyir. Teatrımıza lazım olan bütün şəraiti
yaradıb. Tez-tez tamaşalarımızın təşkilinə
də lazım olan kimi köməklik edir. Elə bizim
Bakıya qastrola getməyimizdə də onun böyük
köməkliyi olub. Belə rəhbərlə fəxr eləmək
olar. Rəcəb müəllimdən bütün Qazax
camaatı da çox razıdır. Rəcəb müəllim
cənab prezidentimiz, Ali Baş Komandan, Qarabağın
xilaskarı İlham Əliyevin ideyalarının yüksək
təbliğatçısı və rayonumuzda əsas təşkilatçısıdır.
Qoy Ulu Tanrı Ali Baş Komandanımızı və Rəcəb
müəllimi qorusun. Mən ona da inanıram ki, Azərbaycan
Milli Teatreının 150, ulu öndər Heydər Əliyevin
100 illiyi və Qazax Dövlət Dram Teatrının 85 illiyilə
bizim teatrın da bir qrup aktyorlarına, aktrisalarına fəxri
adlar veriləcək.
Kəmalə
QÜRBƏTQIZI
P.S.
Əziz Minya xanım. Biz də redaksiya olaraq inanırıq ki,
Azərbaycan Milli Teatrının 150 illik və Ulu Öndərin
100 illik yubileyində Qazax Dövlət Dram Teatrının da
bir neçə aktyoruna, aktrisasına fəxri adlar veriləcək.
Həmin sihyahıda yəqin ki, sizin də adınız olacaq.
Axı belə istedadlı aktrisanı yaddan çıxarmaq
olmaz. Tezliklə, haqq öz yerini tapacaq. Məşhur
Fransız filosofu Şarl Lui Monteskyo deyib ki, “Bir insan barəsində
yol verilmiş ədalətsizlik hamı üçün hədədir”.
Azad Azərbaycan.-
2023.- 5 oktyabr, ¹32.- S.8.