Əl boyda
ürəyin min dərdi
(Portret cizgiləri)
Sağlam deyilsənsə,
yediyin bal da zəhər dadacaq.
Artur Şopenhauer
Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxana
mənə çox əziz və doğmadır. Çünki
2001-ci ildə mən
ilk dəfə infarkt olanda həyata qayıtmağımda bu xəstəxananın kardiologiya
şöbəsinin həkimlərinin,
şöbə müdiri
Cabir Məcidov və aparıcı həkim Sevinc Əliyeva başda olmaqla başqa həkimlərin də böyük köməkliyi
oldu. Bütün bu illərdə də mən həmişə onların
nəzarətində olmuşam.
Keçən ilin noyabr ayında yenə də ürəyimdə böyük
problemlər yarandı.
Yenə də bir müddət həmin xəstəxananın
kardiologiya şöbəsində
müalicə olundum. Artıq həmin vaxtı hər işə və mənim sağlamlıq durumuma xəstəxananın
baş həkimi Mətləb Musayev rəhbərlik edirdi.
2022-ci ilin dekabrın ortalarına qədər orada müalicə olundum və sonra ürəyimdə əməliyyat olunmaq üçün Mərkəzi
Klinikaya göndərildim
və dekabr ayının 22-də klinikanın
baş həkimi,
professor, Azərbaycan səhiyyəsində
ürəklə bağlı
çox böyük işlər görən
Kamran Musayevin rəhbərliyi
ilə cərrahi əməliyyat olundum. Ürəyimdə dörd
damar dəyişildi. Allaha
şükür ki, artıq
özümü yaxşı
hiss edirəm. Amma yenə
də Sumqayıt şəhərindəki 1 nömrəli
xəstəxana ilə
əlaqələrim olur
və yeri gələndə onlardan
da məsləhətlər alıram.
Keçən ilin noyabr və dekabr aylarında 1 nömrəli
xəstəxananın kardiologiya
şöbəsində müalicə
olunanda, müalicə
həkimim Sevinc Əliyeva və şöbə müdiri Cabir Məcidovla yanaşı, kardioloq Aidə xanım Məmmədova və başqa həkimlər də əlindən gələni edirdi ki, mən sağalım. Ümumiyyətlə, mən
orada müalicə olunanda görürdüm
ki, xəstələrin çoxu
Aidə həkimə müraciət eləyir və o da əlindən gələni edirdi ki, xəstələr razı
qalsın. Elə həmin vaxtdan onun haqqında yazı yazmaq və Aidə həkimi çoxminli oxucularla daha yaxından tanış etmək istəyirdim. Axır ki, həmin imkan yarandı. Budur. Biz Aidə həkimlə qarşı-qarşıya
əyləşib söhbət
edirik.
Qısa
arayış: Aidə
Şərif qızı
Məmmədova 1975-ci ildə
ziyalı ailəsində
anadan olub. Orta məktəbi bitirən ili 1992-ci ildə ilk test imtahanı ilə yüksək balla Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsinə
qəbul olub. Ali məktəbi yüksək
qiymətlərlə bitirib
və internaturanı Sumqayıt şəhərindəki
1 nömrəli xəstəxanada
keçib. 1999-cu ildən
də Sumqayıt şəhər 1 nömrəli
xəstəxanada həkim-kardioloq
kimi əmək fəaliyyətinə başlayıb.
Artıq 24 ildir ki, bu şöbədə həkim-kardioloq kimi fəaliyyət göstərir.
İki övladı
var. Qızı Bakı
Ali Neft Məktəbində
tələbədir. Oğlu
isə Macarıstanda kompüter elmləri üzrə təhsil alır.
- Aidə həkim, kardioloji xəstəliklər
son vaxtlar çox cavanlaşıb. Əvvəllər
60-70 yaşlarından sonra
insanlar kardioloji xəstəliklərə tutulurdular.
Amma indi artıq 25-30 yaşlarında cavanlarda bu xəstəliklər yaranır. Kardioloji xəstəliklərin belə
cavanlaşmasının səbəbi
nədir?
- Birinci növbədə cavanlar az hərəkət
edirlər, müasir gənclərin bir çoxu vaxtlarını ya kompüter, ya da mobil telefondan
saatlarla istifadə etməklə hərəkətsiz
keçirirlər. Həmçinin
onlar tərkibi yüksək konsentrasiyada yağlar olan fast-food yeməklərindən, çipsilərdən,
energetik, qazlı, şirəli, spirtli içkilərdən, hazır
və qızardılmış
yeməklərdən, konservlərdən,
kolbasalardan istifadə
edirlər. Bax, bütün bunlar da ürək damarlarında atrerosklerotik proseslərin güclənməsinə səbəb
olur və ürək xəstəliklərini
yaradır.
Beləliklə, ürək xəstəlikləri
belə cavanlaşır.
Bunlardan əlavə
stress, əsəbilik, psixi
xəstəliklər də
çoxalıb. Bu da əsrin
ən böyük problemlərindən biridir.
Bunlar da bir tərəfdən ürək
problemlərinin yaranmasına
səbəb olur. Eləcə də ekoloji şəraitin də pisləşməsi
ürək xəstəliklərinin
artmasına yol açır.
- Kardioloji xəstəliklərə
tutulmamaq üçün
insanlar ilk öncə
nə etməlidirlər?
- Birinici növbədə pəhriz saxlamalıdırlar.
Süd məhsulları, meyvə
-tərəvəz, balıq
və quş əti məhsullarından
çox istifadə etmək lazımdır. Bütün bunlarla birlikdə fiziki hərəkəti artırmaq
lazımdır. Yaşlı
insanlar isə qan təzyiqlərini ölçüb, bunu normada saxlamaq üçün ciddi nəzarət etməlidirlər.
Yaşlı insanlar həm də tez-tez, yəni 6 aydan bir checkup müayinələrdən keçməlidirlər.
Yəni qanın ümumi müayinəsindən
tutmuş, xolesterin spektrinin yoxlanılması,
sidik analizi, elektro və exokardioqrafiya müayinələrindən,
şəkər müayinəsindən
və başqalarından
hökmən keçməlidirlər.
Hazırda dövlətimiz
tərəfindən həyata
keçirilən İcbari
Tibbi Siğorta vasitəsilə bunlar ödənişsiz həyata
keçirilir. Təəssüf
ki, bizim insanlar bir çox hallarda profilaktik müayinələrdən yayınırlar,
yalnız ağır xəstələnəndə həkimə
müraciət edirlər.
Bu zaman isə onları
sağaltmaq çox vaxt gec olur.
İnsanda şəkərin
və qan təzyiqinin yüksək olması ürək damarlarının tutulması
riskini çox artırır. Bu gün gizli olan şəkər
xəstəlikləri daha
çoxalıb. Belə
ki, bizə cavan insanlar müraciət edir və biz onları müayinə edərkən yüksək
təzyiq və gizli şəkər xəstəliyi aşkar edirik.
- Doktor, bu gün hipertoniya xəstəliyi həddindən
artıq çox yayılıb. Qan təzyiqinin yüksəlməsi
nədən və necə baş verir?
- Qan təzyiqinin yüksəlməsinin səbəbləri
çoxdur. Onlardan əsasən irsi meyillik, genetikanın rolu böyükdür. Bundan əlavə, yuxarıda dediyimiz kimi, passiv həyat
tərzi və qeyri-sağlam qidalanma - yəni duzlu və yağlı yeməklərdən çox
istifadə etmək
arterial təzyiqi artırır.
Həmçinin çox
əsəb gərginliyi,
stress də təzyiqin
yüksəlməsinə səbəb
olur. Axı əl boyda ürək
bu qədər problemlərə necə dözsün? Əgər hər bir insan
öz həkimi olsa və tibbi
maariflənmədən istifadə
etsə həmişə
sağlam olar. Amerikanın böyük sənayeçisi və iş adamı, məşhur Henri Ford deyir
ki, “Zamanın, vaxtın
qədrini bilən həm sərvət, həm də sağlamlıq qazanır”.
- Siz artıq iyirmi dörd ildir ki, burada işləyirsiniz. Bu vaxta qədər görün nə qədər insanları müalicə eləyibsiniz? Kimlərin həyata qayıtmasına
çox köməkilik
etmisiniz? Elə insanlar varmı ki, yaddaşınızda əbədi
qalıb?
- Bəli. Elə xəstələr çox
olub. Yadıma gəlir ki, bir xəstəyə elektrik defibrilyasiya verdik, lakin nəticə olmurdu. Xəstədən az qala ümidimizi
üzmüşdük. Fikirləşdik
ki, son dəfə də
defibrilyasiya edək. Bunu etdikdən sonra xəstənin ürəyi döyünməyə
başladı və
o, həyata qayıtdı.
Biz də çox sevindik. Artıq həmin hadisədən 3
il keçib. Həmin
xəstə bu yaxınlarda şöbəmizə
gəlib öz təşəkkürünü bildirdi və dedi ki: “bu günə
qədər yaşayıramsa,
həyata qayıtmağımda
sizə minnətdaram”.
Belə hadisələri
çox saya bilərəm. Xəstələri
həyata qaytaranda doğrudan da biz uşaq kimi sevinirik. Xəstə dünyasını
dəyişəndə çox
stresslənirik. Cavanlar
dünyasını dəyişəndə
isə daha pis oluruq, uzun
müddət özümüzə
gələ bilmirik. Məşhur yazıçı
Mixail Bulqakovun belə bir kəlamı
var: “Xoşbəxtlik də
sağlamlıq kimidir.
Göz önündə
olanda ona fikir vermirsən”.
- Bu kardioloji şöbə haqqında nə deyə bilərsiniz?
- Bizim kardiologiya şöbəsi xəstəxananın
döyünən ürəyidir.
Burada qırxdan çox tibb bacısı və texniki işçilərimiz
çalışır. İşimiz
həddindən artıq
çətin və məsuliyyətlidir.
- Xahiş edirəm şöbə müdiriniz
Cabir həkim və həkimləriniz haqqında ürək sözlərinizi deyin.
- Şöbə müdirimiz
Cabir Məcidov hərtərəfli savadlı,
təcrübəli həkim,
o cümlədən vicdanlı
və bütün işçilərin əməyini
yüksək qiymətləndirən
bir insandır. Həkimlərimiz Sevinc Əliyeva, Lətafət Orucova, Vəfa Əliyeva, Ayaz Əliyev, Səltənət Camalova və Şahverdi Verdiyev xəstəxanamızda
böyük çalışqanlıqla
işləyirlər. Xəstələr
onlardan çox razıdır. Burada işləmək hər bir işçidən böyük hünər, cavabdehlik və zəhmət tələb eləyir. Hamı da bütün bu işlərin öhdəsindən
yaxşı gəlir.
- Çox maraqlı fikirə toxundunuz. Artıq iyirmi dörd ildir ki, burada həkim işləyirsiniz və çoxlu baş həkimlərlə bir yerdə işləyibsiniz.
Artıq ikinci ildir ki, sizin xəstəxananın baş
həkimi, dəyərli
ziyalı Mətləb
Musayevdir. Onun haqqında nə deyə bilərsiniz?
- Biz, əlbəttə, ondan çox razıyıq. O, çox savadlı uroloqdur. Öz işinin yüksək bilicisidir. Həm də baş həkim kimi çox təşkilatçı
insandır. Çalışır
ki, hamıya əlindən
gələn köməkliyi
eləsin . Belə rəhbərlə
işləmək çox
xoşdur. O, Covid pandemiyası
vaxtı bizə baş həkim təyin olundu və əlindən gələni elədi ki, xəstə itkiləri az olsun. İndi də hər gün şöbələrə
baxış keçirir
və xəstələrin
vəziyyəti ilə
maraqlanır. Bu da bizdə
öz işimizə qarşı cavabdehlik yaradır. Məşhur sərkərdə Napaleon Bonapart deyib ki, “İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə”.
-Doktor Pandemiyanı
yada saldınız. Bu xəstəlik
əsrin, dünyanın
bəlalarından biri
idi. Azərbaycan xalqı da bu xəstəlikdən böyük
əziyyət çəkdi,
itkilərimiz oldu. Amma
şükür ki, başqa
ölklərə nisbətən
bizdə itki az oldu. Bu da həkimlərimizin savadı
və yüksək təşkilatçılığı sayəsində, həm də ölkə başçısının xəstəxanaların
dərman təchizatına,
yeni tibbi avadanlıqların
gətiriləsinə çox
ciddi fikir verməsi və nəzarəti nəticəsində
oldu. Həmin vaxtı siz də burada Pandemiya ilə vuruşan həkimlərdən
biri olmusunuz. O ili, zamanı necə xatırlayırsınız?
-Deməli, 2020-ci ilin iyun ayından Sumqayıt şəhərində
1 nömrəli xəstəxana
kovidli xəstələrin
müalicəsinə ayrıldı
və 2021-ci ilə qədər biz xəstəxanamızda
kovidli xəstələri
qəbul edib, onların müalicəsi ilə məşğul olurduq. Bəli. Çox dəhşətli
günlər idi. Xəstələrimizdən sağalanı
da olurdu, dünyasını
dəyişən də
olurdu. Amma biz var qüvvəmizi
sərf edirdik ki, xəstələri sağaldaq
və itkilərimiz az olsun. Demək
olar ki, bütün kollektivimiz, baş həkim Mətləb Musayev başda olmaqla bu işdə
hamımız var qüvvəmizlə
çalışmışıq. İstirahət nə olduğunu bilmirdik. Bizim tibb işçilərimizdən
bu xəstəliyə
tutulanlar çox oldu. Bir həkimimiz Şaiq Əliyev və tibb bacımız
da həmin xəstəlikdən
dünyasını dəyişdilər.
Allah hamısına rəhmət
eləsin. Bu, həqiqətən
də biz həkimlər
və tibb bacıları tərəfindən
kovidlə böyük
mübarizə idi. Bir
daha vurğulayıram.
Şükür ki, çox
az itki ilə
biz qalib gəldik. Həmin vaxtı biz evdən kənarda qalırdıq ki, ailə üzvlərimizi yoluxdurmayaq.
Hətta on beş günlərlə biz evdə
olmurduq. Ad günlərimizi
də xəstəxanada
keçirirdik.Şükür
ki, o dəhşətli günləri
geridə qoyub, bu günlərə gəlib çıxdıq.
Hətta həmin vaxtı anam, atam və qardaşım
da kovid xəstəliyinə
tutulmuşdular və xəstəxanada müalicə
alırdılar.
- Bu zamanlarda siz hansı hissləri keçirirdiniz?
- Onların müalicəsinə
mən də nəzarət edirdim. Onlarla birlikdə çoxlu xəstələrin
də sağalmasına
çalışırdım. O vaxtlar çox ağır və stresli günlər keçirirdim. Atamın vəziyyəti daha ağır idi və həmçinin 1 il
öncə ürəyindən
əməliyyat olunmuşdu
və şəkər
xəstəliyi vardı.
Şükür ki, onlar
sağaldılar. Fikirləşirəm
bu, övlad kimi mənim qürurumdur və çox sevinirəm ki, mən, nə yaxşı ki, həyatda müqəddəs həkimlik
sənətini seçmişəm.
- Doktor, bu gün
Azərbaycan səhiyyəsində
olan problemlər haqqında çoxlu ayrı-ayrı fikirlər
yazırlar və deyirlər. Bu haqda sizin hansı fikirləriniz var?
- Bu gün Azərbaycan Səhiyyəsinin hər sahəsində irəliləmələr
gedir. Kardiologiya sahəsində də həddindən artıq çox inkişaf var. Xəstəxanalar hər cür dərmanlarla təchiz olunur. Xəstələrə hər
gün üç dəfə yemək verilir. Tibbi avadanlıqlar da yenilənir.
Hamısı Avropa standartlarına uyğun qurulur. Bizim xəstəxanada da yaxşı
təmir işləri
görülüb. Çox
istərdik ki, biz də
dövlət xətti
ilə Türkiyədə
və digər xarici ölkələrdə
ixtisasartırma kurslarında
iştirak edərək,
öz bilik və bacarıqlarımızı
artıraq, müasir səhiyyədə olan yenilikləri öyrənək.
Həkim öz işində həm səhiyyənin və həm də zamanın nəbzini tutmağı bacarmalıdır.
Axı dünya gör-götür dünyasıdır.
- Bir təcrübəli həkim
kimi insanlarımıza
nə tövsiyə edərdiniz? Ümumiyyətlə,
insan xəstələnməmək
üçün nə
etməlidir?
- Öncə insanlarımız
fiziki aktivliyi artırmalıdırlar. İkinci
sağlam qidalanmağa
çalışmalı, zərərli
energetik və spirtli içkilərdən,
siqaret və başqa tütün məhsullarından uzaq durmalıdırlar, yuxu rejiminə əməl etməlidilər. Duzlu, yağlı yeməklərin
və un məmulatlarının
qəbulunu məhdudlaşdırmalı,
stresdən uzaq olmalıdırlar. Tez-tez
checkup müayinələrdən keçməlidirlər. Bax,
onda insanlar həqiqətən yüz
il yaşaya bilər. Corc Herbertin belə bir maraqlı
kəlamı var: “Ağıl
sağlamlıqdan öndə
gedir, ağıllı
olanda sağlamlığımızı
da qorumağı bacarırıq”.
Ona görə də insan hər şeyi ağılla həll etməlidir. Onda yaşamaq da, yaratmaq da həm asan və həm
də gözəl olur. İnsanlarımıza
hər şeyin yalnız və yalnız gözəlini arzu edirəm. Axı biz Ali Baş Komandanımız cənab
İlham Əliyevin rəhbərliyi
və rəşadətli
ordumuzun sayəsində
Qarabağ kimi cənnətməkan bir yurdumuzu erməni gavurlarından tam azad etmişik. Biz artıq qalib bir ölkənin
vətəndaşlarıyıq. İndi hamımız sağlam olmalıyıq ki, gedib həmin müqəddəs
yerləri ziyarət edib və orada
yaşaya bilək.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Azad Azərbaycan.-
2023.- 5 oktyabr, ¹32.- S.6.