“Heydər Əliyev və Azərbaycan

təhsili” adlı konfrans keçirilib

 

Dünən  Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində “05 oktyabr – Müəllimlər Günü” ilə əlaqədar “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev  və Azərbaycan təhsili” adlı konfrans keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayon icra hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Zümrüd Rzayeva, məktəb direktorları və müəllimlər iştirak edib.

Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, əziz xatirəsi yad edilib. Qaradağ rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Zümrüd Rzayeva qonaqları salamlayaraq tədbiri açıq elan edib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.  Vətən müharibəsində şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Ümummilli liderimiz Heydər Əliyevin müəllimlərlə görüşləri haqqında hazırlanmış videoçarx nümayiş edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb. Onun sözlərinə görə, ölkəmizdə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Bundan əlavə Qaradağ rayonunun əldə etdiyi nəticəni xüsusi vurğulayaraq bildirdi ki, 2022-2023-cü tədris ilində 1731 nəfər tam orta təhsil almış, 1138 nəfər ali təhsil müəssisəsinə imtahan vermiş, onlardan 710 nəfər ali məktəbə daxil olmuşdur. Nəticə olaraq, ümumi məzunların 41 %, ali məktəbə sənəd verənlərin isə 62,4% tələbə adını qazanmışdır. Qaradağ rayonu üzrə 22 məzun 600 baldan yuxarı nəticə əldə edərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşlar.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxışını  “Bizim tərbiyə etdiyimiz şagirdlər Vətən Müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad etdilər. Vətən Müharibəsinə könüllü gedən onlarla müəllimlərimiz şəhid, qazi oldular” cümlələri ilə tamamladı.

Milli Məclisin deputatı Səbinə Xasayeva Azərbaycan gənclərinin vətənpərvər ruhda böyümələrində müəllimlərin əməyinin danılmaz olduğunu qeyd etdi. Onların sayəsində işğalda olan torpaqlarımız qaytarılıb. Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev çıxış edərək Azərbaycanda müəllim əməyinə, şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirdi və müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd  edib.

Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.  

V.Əsədov adına körpələr evi-uşaq bağçasının uşaqları müəllimə həsr olunmuş şeirlər səsləndirdilər. Daha sonra çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibəti ilə əməkdə fərqlənmiş müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif edilib. 

 

Bilman İsaq

 

Azad Azərbaycan.- 2023.- 5 oktyabr, ¹32.- S.3.