.

GÖNDƏRİM, GÖNDƏRMƏYİM?...

 

(Hekayə)

 

Səhər evdən çıxanda, arvad barıt çəlləyi kimi partladı:

- Sən necə dünya şöhrətli alimsən, necə kişisən ki, pul da tapa bilmirsən?! Pul tapa bilmirsən ki, biz də Novruz bayramını adam balası kimi keçirək.

- Görüm bu gün neynirəm də...

- Elə neçə gündü belə deyirsən. Heç olmasa halalca maaşını al. Üç aydı müdiriniz sizi dolayıb...

- Müdir neynəsin? Bankdan vermirlər.

- Saxla görüm, sən Allah. Kimin nə ağzı var ona pul verməsin... Bu şəhərdə hamı bilir ki, onun əli böyüklərin ətəyindədi. Özü istəmir. O, sizi aldada bilər, məni yox. Baxmayaraq siz alimsiz mən isə orta məktəbi qutarmışam. Alimlərə bax sən Allah. Mən sizin hamınızı...

Arvad deyinə-deyinə qaldı. Mən də yaşadığımız beş mərtəbəli evin beşinci mərtəbəsindən fıkirli-fikirli düşüb “marşrutkaya” minib işə gəldim.

Budur səhərdən oturub, gözləyirəm müdirimizi. Səhərdən gözüm də qapıda qalıb. Bu zalım balası da gəlmir ki, gəlmir. Yəqin yenə də hardasa kef məclisindədi. Allahdan bir şeyi arzu eləyirəm ki, müdir işə sərxoş gəlməsin. Belə götürəndə xasiyyəti pis deyil. Ancaq ağzına araq dəyən kimi üzünü görmə. Dönüb olur donuz. Quduz it...

Eh... Nə isə... Bütün günü oturub fıkirləşirəm. Yüz fıkir də bir borcu ödəmir... Gör kim idin, Sovetin dövründə, indi gəlib kim olmusan... Dünyada tanınan, böyük elmi kəşflər eləmiş Şahin Alovlu adla deyilirdi. Burda oturma, orda otur. Orda durma, burda dur... İndi isə borcun-xərcin içində itib-batmışam... Heç olmasa bir maaş həcmində borc pul da tapa bilmirəm ki, bu əziz bayramı biz də adam balası kimi keçirə bilək... Uşaqlarımın gözü onun-bunun əlində, ağzında qalmasın. Uşaq dedim yadıma düşdü. Uşaqlar da artıq böyüyüb. Gündə bir şey istəyirlər... Bu dərd-ələmin içərisində olduğum, dağı arana endirdiyim, aranı dağa qaldırdığım vaxt müdirin səsini eşitdim. Söyə-söyə pilləkənləri qalxmasından başa düşdüm ki, yenə də keflidi... Tez qapını örtüb, içəridən açarla bağladım. Mənim kabinetim düz pilləkənin üstündə, birinci qapıdı. Başa düşdüm ki, pilləkəni qalxan kimi də, elə zəhərini birinci mənə tökəcək. Mənim də kefimin yox vaxtında dözməyib cavab qaytaracam. O dəqiqə də mitilimi atacaq bayıra. O qədər bu üsulla “dağdan ağır” alimləri işdən çıxarıb ki... Hamısına da müxalifət damğası vurub. Onların də əlləri heç yana çatmayıb. Çünki arvad deyən kimi müdirimizin əlləri yuxarıdakıların ətəyindədi. Onlar, yəni yuxarıda əyləşənlər də müdirimizə inanırlar, həmin alimlərə yox. Kimin ağzı nədir ona söz desin, ya da kişidən giley eləsin. Bir də ki, adam indiki zəmanəyə çaşıb qalır. Kimin kimdən xoşu gəlmirsə, kim kimi iqtidarın yanında gözdən salmaq istəyirsə, elə o dəqiqə də həmin adama bir müxalifət damğası yapışdırır. Özü də elə-belə müxalifət yox, qatı, radikal müxalifət. Çünki onlar çox yaxşı bilir ki, indiki hökumətin radikal müxalifətçiləri görən gözü yoxdur. Onlardan zəndeyi-zəhləsi gedir... Onları görəndə ya da adlarını eşidəndə elə bil qutuda ilan görürlər. Əslində belə götürəndə bu ölkədə heç müxalifətçi də yoxdur. Çünki müxalifətdə olanların da çoxu elə iqtidarın oz adamlarıdı. Sadəcə onların adını müxalifətçi qoyublar ki, dünya ölkələri fikirləşsin və başa düşsünlər ki, bizdə də demokratiya, söz azadlığı var… Əslində elə dünya ölkələrinin çoxunda belədi.

Müdir pilləkəni qalxan kimi, birinci mənim qapımı itələdi. Gördü ki, qapı bağlidı. Sonra o biri qapıları itələdi. Gördü ki, onlar da bağlıdı və başladı söyə-söyə öz otağına sarı getməyə. Hiss elədim ki, katibə olan qapını aşdı. Ona da bir biədəb söz dedi. Katibənin də gülüş səsini eşitdim. Sonra səs kəsildi. Deməli, müdir oz otağına girdi. Kefli olanda öz kabinetində götürür xidməti telefonlarını və yadına kim düşürsə ona zəng vurub, başlayır mərtəbəli-mərtəbəli söyüşlərlə onlarla danışmağa...

Çox fikirləşdim. Çox götür-qoy elədim. Gedib müdirdən pul istəyim ya yox. Belə qərara gəldim ki, yox. Birdən hirslənər üstümə. Çıxarıb atar işdən bayıra. Sonra kişisən öz sənətin üzrə rüşvət vermədən iş tap bu məmləkətdə, görüm necə tapırsan... Bu yaşımda, elmlər doktoru, gedib fəhlə kimi işləməyi də özümə sığışdırmırdım. İndi bəs neynəyim, ay Allah? Kimdən pul tapım? Bəlkə həmkarlarımdan kimdənsə pul istəyim? Sonra fikirləşdim ki, o biçarələr də hamısı elə mənim günümdədilər də...

Suyu süzülə-süzülə gəldim evə. Qapını on bir yaşlı qızım açdı. Sual dolu baxışla zənbilsiz əllərimə və üzümə baxdı. Baxışından nə demək istədiyini başa düşdüm.

- Pul tapa bilməmişəm, Məstan qızım. Müdirimiz...

Sözüm ağzımda qaldı. Qızım dönüb mətbəxə sarı getdi.

- Bəs anan hanı,-deyə ardınca səsləndim.

- Yatıb.

- Niyə?

- Ürəyi ağrıyır...

Birdən-birə qorxu hissi məni bürüdü. Arvada bir şey olsa, onda mən tamam bataram. Onsuz da evimiz kiçik aptek dükanıdı. Maaşım çörəkdən çox, dərmana gedir...

Paltarımı dəyişib əl-üzümü yudum. Tərs kimi suyumuz da neçə gündür gəlmir. İşığımız da yoxdur. Allah xasiyyətini kəssin bu işığa, suya baxan rəhbərlərin. Zalım uşaqları qənaət eləməyə vaxt tapıblar də... Heç olmasa bu əziz günlərdə işığı, suyu, qazı versinlər. Nə isə... Səhərdən dəmlənmiş çaydan bir stəkan süzüb, mətbəxdə oturdum. Qızım kağıza nə isə yazırdı. Maraqlanıb dəftərinə baxmaq istədim. Dəftəri tərsinə çevirdi.

- Nə yazırsan, ay qızım?

Cavab vermədi. Üzümə baxdı. Bir də soruşdum. Heç nə deməyib, dəftəri mənə uzatdı.

- Yenə nə yazıbsan?

- Məktub.

- Mənə?

- Yox.

- Kimə?

- Babaya.

- Babaya zəng edib, sözlərini deyə bilmirsən?

- O babaya yox. O birsinə, - deyə əli ilə yuxarını göstərdi. Sonra heç nə deməyib, anası yatan otağa getdi.

 

Ardı var

 

Masallı, Digah kəndi – Sumqayıt

 

Ağalar İDRİSOĞLU

 

Azad Azərbaycan.- 2023.- 13 oktyabr, ¹33.- S.5.