GÖNDƏRİM, GÖNDƏRMƏYİM...
Əvvəli ötən sayımızda
(Hekayə)
Mənim qızımın çox
qəribə xasiyyəti
var. Çox zaman ürəyindən
keçən sözləri
dilinə gətirib demir. Lap birinci sinifdə oxuyandan öz ürəyindən keçənləri kağızlara
yazıb, mənə,
anasına, qardaşına
verir. Ya da elə yerə qoyur ki, tapıb oxuyuruq. Mənim pencəyimin cibinə. Qardaşının dərs
çantasına. Anasının
balışının altına...
Nə bilim, vallah bu da bir
qəribə xasiyyətdir
də. Nə başınızı ağrıdım,
dəftəri götürüb,
oxumağa başladım.
- Əziz və hörmətli babamız! Mənim adım Qumraldır. Bu yaxınlarda
on bir yaşım olacaq. Biz - atam, anam, qardaşım və mən bir otaqlı mənzildə yaşayırıq.
Evimiz də neçə illərdi ki,
təmir olunmur. Atam heç cürə pul tapa bilmir ki, bu təmiri
bütövlükdə qurtarsın.
Otağı təmir etdirir, amma hamamı
təmir etdirməyə
pul tapanda, artıq otağın təmiri köhnəlir...
Anam da deyir ki, “burada heç it də yaşamaz, amma biz yaşayırıq”... Atam məşhur
alimdi. Çoxlu kitabları var. Evimizdə
də mebel əvəzinə çoxlu
kitablar var. Anam deyir ki, “bu kitabların
tozundan asma xəstəliyi tapmışam”.
Atamın dediyinə görə, ona çoxdandı ki, söz
veriblər üç
otaqlı mənzil versinlər. Amma hələ
də vermirlər. Yəqin atamı aldadıblar. Anam deyir ki, “daha bundan sonra mənzil
verməyəcəklər. O, Sovet hökuməti idi, hərif olmuşdu. Ucdantutma hamıya ev verirdi. Oğruya da, doğruya da. İndi kimin pulu varsa alacaq,
kimin pulu yoxdursa, elə canı çıxıb,
bir otaqlı evdə də qalacaq”. Bu sözləri də anam deyir,
mən yox. Atamın adı Şahin Alovludur. Siz onu yəqin
tanıyırsız. Axı
o, məşhur alimdi.
Axır vaxtlar anam ona Alovlu
yox, Külovlu deyir. Ona görə ki, atam axırıncı dörd-beş ildə evə çox az pul gətirir.
Onun maaşı heç bizim on günlük yeməyimizə
də çatmır...
Eybi yox ey. Buna da dözmək olar. Onsuz da televizorda deyirlər ki, adam hər gün
çörək yeməz.
Yoxsa kökələr.
Əziz babamız, əsas məsələ odur ki, biz iki gündən sonra tətilə çıxacağıq.
Tətil vaxtı sinfimizdə oxuyan otuz nəfər uşaq sirkdə keçirilən bayram şənliyinə getmək
istəyirik. Biletin qiyməti hədiyyə ilə birlikdə elə də çox baha deyil. Ancaq bizim
heç birimizin pulu yoxdur. Ata-anamızın da pulu yoxdur ki, bizə versin. Bu gün doğma babam də bizə gəlmişdi. Ondan pul istədim, çıxarıb ciblərini
göstərdi. Gördüm
ki, boşdur. Dedi ki, pensiyasını alanda verəcək. O pensiyasını
alanda da sirkdə bayram şənliyi olmayacaq. Ona görə də bütün sinfimizin adından sizdən xahiş edirəm, bizə pul göndərin, gedib, sirkdə bayram şənliyinə baxaq. Sinif rəhbərimiz
Nuricət müəllimə
deyir ki, siz də öz doğma nəvələrinizlə
sirkdə bayram şənliyinə gedəcəksiz.
Siz nəvələrinizlə
parklara gəzməyə,
konsertlərə baxmağa
gedəndə, televizorda
həsrətlə sizə
baxıram. Öz nəvələrinizə hər
şey alıb verirsiz. Bir dəfə siz yetimlər evinə getmişdiz. Orada uşaqlara çoxlu hədiyyələr
verdiz. Nə olar bizə də o hədiyyələrdən
göndərin də.
Elə bizim sinfin uşaqları da analı-atalı yetimlərdi.
Axı, bizim ata-analarımızın da pulu
yoxdur bizə verməyə. Bax neçə gündür
ki, bizim evdə pul üstündə atamla anam dalaşır.
Anam, atamdan pul istəyir ki, biz də Novruz bayramını adam balası kimi keçirək. Atam da üç aydır maaş almır. Müdirləri vermir. Deyir pul yoxdur.
Axır çərşənbə
bayramında da evimizdə
heç nə yox idi. Nə
şəkərbura, nə
paxlava, nə qoz, nə fındıq...
Heç nə. Həmin gün anam bazara getmişdi.
Heç nə ala bilməyib gəlmişdi.
Dedi ki, “bazar od tutub yanır”. Hamını söydü. Hətta sizi də... Axı, siz həmişə
televizorda çıxış
eləyəndə deyirsiz:
“Bizdə hamı yaxşı yaşayır.
Hamı varlı-dövlətlidi.
Hamının xarici maşınları, villaları
var. Dünyanın ən
varlı ölkələrindən
də bizim camaat çox yaxşı yaşayır.
Ona sevinin ki, mən sizə heç cürə şərait taratmışam. Demokratiya
vermişəm. Kim nəyi
fikirləşirsə onu
da deyir. Bizdə söz azadlığıdır.
Məni tənqid eləyəni heç vaxt incitmirəm”. Həm də deyirsiniz ki, “siz, bizim də babamızsız”.
Siz bütün bunları da yalnız bizim gələcəyimizçün
eləyirsiniz ki, biz uşaqlar
böyüyəndə daha
fıravan və varlı yaşayaq. Bu sözləri də müəlliməmiz Nuricət
deyir. Deyir ki, ölkəmizdə olan bütün uşaqları
siz çox sevirsiz. Əgər elədirsə nə olar onda bizə
də pul göndərin də. Qoy evdə atalarımızla
analarımız pula görə
dalaşmasınlar. Heç
olmasa hər birimiz doyun qarnına
çörək yeyək.
Qoy biz də sirkdə keçirilən
bayram şənliyinə
gedə bilək. Axı...
Artıq
ardını oxuya bilmədim. Qəhərləndim.
Başımdan, kürəyimdən
bir ağrı tutdu ki, az qaldı
nəfəsim kəsilə.
Durub, bir təhər eyvana çıxdım:
- İlahi, bu nə gündür biz düşmüşük? Axı
bizim günahımız
nədir sənin yanında? Niyə sən cəhənnəmi
bizə bu dünyada göstərirsən?
Bəlkə özümü
balkondan atıb öldürüm?.. Gorun çartlasın
Lenin. Deyirdin ki, “oxumaq,
oxumaq yenə də oxumaq”. Oxudum, oldum alim. Bu da axırı... Bu da mənim
günüm, güzaranım...
Eyvanda durub, çorta getmişəm. Siqareti də bir-birinə calayıram. Deyirəm bir dəli şeytan
deyir, göndər uşağın bu məktubunu kişinin özünə... Amma vallah
qorxuram. Qorxuram ki, bu məktub heç gedib onun özünə çatmasın. Bilirəm
ki, qulbeçələri verməyəcək.
Kimin şikayət məktubunu ona verirlər ki, mənim məktubumu da versinlər...
Göndərəcək bizim
müdirimizə. O da bu
məktubu oxuyan kimi mənim mitilimi atacaq bayıra. O biri alimlər kimi küçədə “it döyəcəyəm”.
İndi heç olmasa
işim var. Öz sənətimlə məşğul
oluram. Maaşım az da olsa birtəhər
başımı girələyirəm.
Siz bilən indi mən neynəyim? Göndərim bu məktubu kişinin özünə, göndərməyim?.. Əgər göndərsəm?.. Əgər göndərməsəm?.. Nə bilim
vallah... Bu suallar da deyəsən məni infarkt eləyəcək. Görəcəkli günlərimiz
varmış, ay Allah... Axı
bizim günahımız
nədi?..
Masallı, Digah kəndi –
Sumqayıt
Ağalar İDRİSOĞLU
Azad
Azərbaycan.- 2023.- 19 oktyabr, ¹34.- S.6.