Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə məlumatı diqqətinizə çatdıracağam.

Qeyd etmək lazımdır ki, Azərbaycan ABŞ qeyri-hökumət təşkilatlarının "Azadlığın dəstəklənməsi aktı" çərçivəsində həyata keçirdiyi müxtəlif təhsil proqramlarında fəal iştirak edir. Birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən təhsil və mübadilə proqramları ABŞ-ın 3 nüfuzlu qeyri-hökumət təşkilatı tərəfindən idarə olunur:

1. ACTR/ACCELS (Təhsil və Dillər Öyrənilməsi üzrə Amerika Əməkdaşlıq Şurası/Beynəlxalq Təhsil üzrə Amerika Şuraları).

2. İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr üzrə Şura).

3. Project Harmony (Harmoniya Proyekti).

ACCELS-in həyata keçirdiyi proqramlar ABŞ hökuməti, bəzi beynəlxalq təşkilatlar, ABŞ İnformasiya Agentliyi, ABŞ Dövlət Departamenti, ABŞ Konqresinin kitabxanası, Nobel fondu, SOROS fondu, habelə digər ictimai və özəl donor qurumlar tərəfindən maliyyələşdirilir. 2001-ci ildə ACCELS-in prezidenti, professor Den Devidsonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda olmuşdur. Təhsil Nazirliyində nümayəndə heyəti ilə keçirilən görüşlərdə ACCELS-in Azərbaycanda fəaliyyəti və gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunmuşdur. Bu səfərin və görüşlərin uğurlu nəticəsi kimi, 9 iyun 2001-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Beynəlxalq Təhsil üzrə Amerika Şuraları (ACCELS) arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bununla da Azərbaycanla ABŞ arasında təhsil əlaqələrinin yeni mərhələsi başlanmışdır. Bu sənəd ingilis dilini müəyyən tələblər səviyyəsində bilən şagird, tələbə, magistr və aspirantlara, eləcə də elmi tədqiqatla məşğul olan alimlərə müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil almaq, yaxud elmi araşdırmalar aparmaq üçün geniş imkanlar açmışdır.

ABŞ-ın Azərbaycanla təhsil əlaqələrində müxtəlif təlim, mübadilə və tədqiqat proqramlarını reallaşdıran ikinci təşkilat Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasıdır (İREX). Bu qurum MDB, Mərkəzi və Şərqi Avropa ölkələri ilə ABŞ-ın elmi-tədqiqat mərkəzləri və alimləri arasında əlaqələrin qurulmasına və inkişafına yardım edən tanınmış təşkilatlardan biridir. 1968-ci ildən başlayaraq humanitar və ictimai elmlər sahəsində tədqiqatlar üçün təqaüdlər ayıran İREX müxtəlif tədqiqatlar üçün ekspert rəylərinin alınmasına və politoloji təkliflərin hazırlanmasına yardım edir. Təşkilatın həyata keçirdiyi proqramlar ictimai, fərdi və dövlət fondlarından maliyyələşdirilir.

"Project Harmony" təşkilatı Azərbaycanda 1 avqust 2001-ci il tarixdən fəaliyyətə başlamışdır. Bu təşkilatın həyata keçirdiyi proqramlar da ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət işləri üzrə bürosu tərəfindən lAzadlığın dəstəklənməsi aktı» çərçivəsində maliyyələşdirilir. Təşkilat tərəfindən aşağıdakı proqramlar həyata keçirilir.

ABŞ-ın qeyd edilən təşkilatları tərəfindən Azərbaycanda təhsil sahəsində aşağıdakı təlim, mübadilə və tədqiqat proqramları həyata keçirilir:

1. Gələcək Liderlərin Mübadiləsi proqramı (FLEX) ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Bu proqram çərçivəsində MDB ölkələrindən hər il yüzlərlə X və XI sinif şagirdləri ABŞ-ın orta məktəblərində təhsil alır və yaşayır. Seçilmə prosesi ingilis dilini bilmə, şəxsi keyfiyyətlər, akademik nailiyyətlər və rəhbərlik potensialı kimi keyfiyyətlərə əsaslanır. Seçilmiş şagirdlər Amerika haqqında kurslar keçir və bir il müddətində Amerikanın orta məktəblərində tam kursu bitirirlər.

1998-ci ildən başlayaraq FLEX proqramı üzrə hər il 55 azərbaycanlı şagird ABŞ-da təhsil alır. İndiyədək 800-dən artıq şagirdimiz bu proqramda iştirak etmişdir. FLEX proqramı çərçivəsində ABŞ-da bir il təhsil almaq hüququ qazanan məktəblilər arasında təkcə Bakı şəhərinin deyil, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir, Quba, Şəki, Lənkəran məktəblərinin də şagirdləri vardır.

2. Tələbə proqramı (UGRAD) ali məktəblərin I - III kurs tələbələri üçün nəzərdə tutulur. Bu proqram çərçivəsində tələbələr bir il müddətində ABŞ universitetlərində təhsil alırlar. 1995-ci ildən bu proqramda 200-dən çox azərbaycanlı tələbə iştirak etmişdir.

3. Edmund Maski Magistr proqramı ABŞ-ın bir neçə senatoru və konqres üzvü tərəfindən irəli sürülmüş təşəbbüs nəticəsində meydana çıxmış və konqresdə öz təsdiqini tapmışdır. Proqram ABŞ-ın ictimai, siyasi xadimlərindən biri olan Edmund Maskinin şərəfinə adlandırılmışdır. E.Maski 1955-1959-cu illərdə Meyn ştatının qubernatoru, 1959-1980-cı illərdə həmin ştatdan seçilmiş senator, 1980-1981-ci illərdə ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin kabinetində dövlət katibi vəzifəsini tutmuşdur.

Digər mübadilə proqramlarında olduğu kimi, Edmund Maski proqramının iştirakçılarının bütün xərcləri, o cümlədən yol, yaşayış və təhsil xərcləri ödənilir. Hər proqram iştirakçısının bir təhsil ili üçün xərcləri təqribən 60 min ABŞ dolları məbləğindədir.

Proqram 11 istiqamətdə, o cümlədən iqtisadiyyat, biznes, idarəetmə, ictimai idarəetmə, beynəlxalq münasibətlər, ictimai siyasət, hüquq, səhiyyə, ətraf mühit, kitabxanaçılıq, təhsil və jurnalistika üzrə ali məktəblərin məzunları üçün magistraturanın tam kursunu Amerika universitetlərində keçməsini nəzərdə tutur. Bu proqram adətən, 2 illik müddəti əhatə edir. Lakin bir sıra sahələr üzrə magistratura kursu bir ildir. 1998-2008-ci illər ərzində təqribən 280-ə yaxın azərbaycanlı gənc bu proqramda iştirak etmişdir. Proqram iştirakçıları magistr dərəcəsi almaqla yanaşı, bitirdikləri universitetdə ixtisasları üzrə 12 həftəlik təcrübə keçmək imkanı da qazana bilərlər.

4. Gənc Müəllimlərin İnkişafı proqramı (JFDP) gənc ali məktəb müəllimləri üçün nəzərdə tutulur. Bu layihə tədris proqramlarının hazırlanması və tədris metodikasının təkmilləşdirilməsi sahələrini əhatə edir. Həmin proqram çərçivəsində müəllimlər ABŞ və Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri yaradırlar. Belə akademik proqram bir il müddəti əhatə edir və bu müddət ərzində 2 aylıq stajkeçmə də nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, bu proqram elmi dərəcə alınmasını nəzərdə tutmur. 1999-2007-ci illərdə 35 nəfər proqramda iştirak etmişdir.

5. İxtisaslı müəllimlər üçün mükafat proqramı (TEA) 3 mərhələdən ibarətdir. Birinci mərhələdə Azərbaycanın bütün regionlarından orta məktəblərin ən yaxşı ingilis dili müəllimlərindən müvafiq müraciətlər qəbul olunur. İkinci mərhələdə namizədlərin sənədlərinə ABŞ-da baxılır və seçim komissiyası 35 qalibi müəyyən edir. Qaliblər 200 ABŞ dolları məbləğində tədris materialları ilə təmin olunur, onların işlədikləri məktəb isə tədris avadanlığı və materialları əldə etmək üçün 2000 ABŞ dolları məbləğində vəsait alır. Üçüncü mərhələdə seçilmiş 6 qalib müxtəlif seminar, görüş və digər tədbirlərdə iştirak etmək üçün 7 həftə müddətində ABŞ-a səfər edir. 2002-ci ildən etibarən bu proqramda 24 müəllim iştirak etmişdir.

6. Təhsildə partnyorlar proqramı (PİE) 2001-2004-cü illəri əhatə etmişdir. Proqram vətəndaşşünaslıq və sosial elmlər üzrə orta məktəb müəllimləri və məktəb direktorları üçün nəzərdə tutulmuşdur. Proqram çərçivəsində seçilmiş orta məktəb direktorları və müəllimləri müvafiq olaraq 4 ay müddətində ABŞ-da olmuşlar. Səfər zamanı onlar tədris proqramlarının hazırlanması ilə bağlı tədbirlərdə iştirak etmiş, eyni zamanda məktəblərdə dərs prosesini öyrənmişlər. Proqrama əsasən, ABŞ-dan da müəllimlər  eyni  məqsədlə  Azərbaycanda  olmuşlar.  2002-2004-  illərdə  24  məktəb direktoru ABŞ-da təcrübə  mübadiləsində  olmuşdur.

7. Qardaşlaşmış Məktəblər proqramı 1998-2003-cü illərdə həyata keçirilmişdir. Proqrama uyğun olaraq hər il Bakı şəhərindəki ümumtəhsil məktəblərinin bir qrup şagird və müəllimi ABŞ-ın Florida ştatına gedərək, bir ay ərzində ailələrdə yaşamaqla həmin ştatdakı ümumtəhsil məktəblərində dərs məşğələlərində iştirak etmiş, amerikalıların həyat tərzi, təhsil sistemi ilə tanış olmuşlar. Bu proqramın məqsədləri, həmçinin iştirakçıların kompüter vərdişləri və ingilis dili sahəsində biliklərini təkmilləşdirmək, sağlam həyat tərzinə dair bukletlər hazırlamaq, Azərbaycanda dövlət quruculuğu, təhsil sistemi, ölkəmizin reallıqları barədə həqiqətləri amerikalı dostları arasında və yaşadıqları ailələrdə yaymaq kimi fəaliyyətləri də əhatə etmişdir.

Layihənin şərtlərinə görə, eyni zamanda amerikalı şagird və müəllimlər də qarşılıqlı olaraq Azərbaycana gəlib, ailələrdə yaşamaqla Bakı şəhərindəki ümumtəhsil məktəblərində dərs məşğələlərində və müvafiq tədbirlərdə iştirak etmişlər. Mübadilə proqramında Bakı məktəblərinin aşağıdakı sayda müəllim və şagirdləri iştirak etmişlər:

- 1998-ci ildə 27 nömrəli orta məktəbdən 4 şagird, 1 müəllim;

- 1999-cu ildə 7, 20, 27, 134 nömrəli orta məktəblərdən 21 şagird, 4 müəllim;

- 2000-ci ildə 7, 20, 27, 134 nömrəli orta məktəblərdən 20 şagird, 4 müəllim;

- 2001-ci ildə 7, 16, 20, 23, 134 nömrəli orta məktəblərdən 24 şagird, 10 müəllim;

- 2003-cü ildə 6, 16, 23, 41, 214, 283, 291 nömrəli orta məktəblər və Avropa liseyindən 40 şagird, 8 müəllim.

Proqram çərçivəsində Azərbaycandan 100-dən artıq şagird və 30 müəllim ABŞ-da partnyor məktəblərdə olmuş, təqribən bir o qədər də şagird və müəllim həmin məktəblərdən Azərbaycana gəlmişlər.

8. Müasir Problemlər üzrə Tədqiqat proqramı (CI) mütəxəssislərin, o cümlədən dövlət məmurları, qeyri-hökumət təşkilatları rəhbərləri və özəl sektor ekspertlərinin 4 aylıq tədqiqatını nəzərdə tutur. Bu proqram 1995-ci ildən respublikamızda həyata keçirilməyə başlanmışdır. Hər il təxminən 7 azərbaycanlı təqaüdçü bu proqramda iştirak etmişdir. İndiyədək 50-yə yaxın Azərbaycan vətəndaşı bu proqramdan bəhrələnmişdir.

9. Kiçik Qrantlar proqramı Müasir Problemlər üzrə Tədqiqat proqramı çərçivəsində ABŞ-da olmuş vətəndaşlar üçün ixtisasartırma kurslarında iştirak etmək məqsədilə kiçik qrantlar verilməsini nəzərdə tutur.

10. Mütəxəssislərin Regional Mübadilə proqramı (RSEP). Proqram yeni müstəqil dövlətlərin tədqiqatçıları, təqaüdçüləri və ali məktəblərin qabiliyyətli tələbələrinin 4 ay müddətində ABŞ-da və öz ölkələrində tədqiqatlar aparmalarına imkan yaradır. 1993-2003-cü illər ərzində proqramda 40-dan artıq Azərbaycan vətəndaşı iştirak etmişdir.

11. Azərbaycan Məktəbləri Əlaqələndirmə proqramı (ASCP). 2004-cü ildən proqram Azərbaycan Əlaqələr və Mübadilə proqramı (AzƏM) adlanır. Azərbaycan Əlaqələr və Mübadilə proqramı (AzƏM) İnternet texnologiyalarından istifadə vasitəsilə tələbə və müəllimlərin vətəndaş təhsili və qarşılıqlı mədəniyyətlərarası dialoq təcrübəsini zənginləşdirir. Proqram məktəblərin kompüter avadanlığı ilə təchizinə, məktəblərarası əməkdaşlığın yaradılmasına, İnternet resurslarının təlim prosesinə inteqrasiyasına kömək edir.

Proqram ölkənin 18 regionu üzrə 71 məktəbi əhatə etmişdir. Həmin məktəblərdə yaradılmış kompüter mərkəzləri ümumilikdə 700-dək kompüterlə və digər İKT avadanlığı ilə təmin olunmuşdur. Bu proqram barədə ötən məqalələrdə daha geniş məlumat verildiyindən qısa məlumatla kifayətlənirik.

12. Azərbaycan Qadınlarının Liderliyi proqramı. Bu proqram 2004-cü ilin sentyabrından həyata keçirilməyə başlanıb. Proqramın məqsədi qadınların ictimai dialoqlarda iştirakını fəallaşdırmaq, onların ictimai aktivliyini artırmaq və qadın məsələləri ilə məşğul olan müxtəlif qurumlarla əməkdaşlığı inkişaf etdirməkdir. Bunun üçün silsilə təlimlər, onlayn tədbirlər, müvəkkillik kampaniyaları, konfranslar və mübadilə səfərləri təşkil edilir.

Proqram çərçivəsində keçirilən təlimlərdə 100-dək qadın müəllim iştirak etmişdir.

13."Azərbaycanın orta məktəblərində sosial fənlər üzrə müəllim hazırlığı sahəsində tədris proqramının inkişafı layihəsi". Təhsil Nazirliyinin ABŞ-ın təhsil mübadilə təşkilatları ilə əməkdaşlığındakı uğurlu layihələrdən biri də müəllim hazırlığı ilə bağlıdır. 2004-cü ilin iyulunda aparılan danışıqlar və əldə olunan razılaşmalar nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi  ilə  İREX  arasında  layihəyə dair Memorandum imzalanmışdır.

Layihə pedaqojiprofilli ali təhsil müəssisələrinin müəllim hazırlığı kurikulumlarının təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr hazırlamışdır. Eyni zamanda qeyd edilən ali məktəblərin sosial fənləri tədris edən müəllimləri üçün treninqlər təşkil edilmişdir. Bu treninqlərdən ümumilikdə 47 ali məktəb müəllimi keçirilmişdir. 

Təhsillə bağlı daha üç proqram Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən idarə olunur. Bunlar dünyada tanınmış aşağıdakı proqramlardır:

- Hampfrey (humphrey) proqramı.

- Fulbrayt (Fulbright) proqramı.

- İngilis dili təqaüd proqramı.

Humphrey proqramı ABŞ-da birillik akademik və professional inkişaf üçün imkanları artırmağı nəzərdə tutur. Təqaüd proqramı istər dövlət, istərsə də özəl sektorda rəhbər vəzifələrdə çalışan peşəkar işçilər üçün nəzərdə tutulur. Bu proqramı bitirdikdən sonra hər hansı akademik dərəcə verilmir. Ona görə də Humphrey proqramının təqaüdünü almaq üçün müraciət edənlər ali təhsilli olmaq və ingilis dilini bilməklə yanaşı, liderlik qabiliyyətinə, həmçinin ən azı 5 il iş təcrübəsinə malik olmalıdırlar. Humphrey proqramı Azərbaycanda 2001-ci ildən həyata keçirilir. Proqram aşağıdakı sahələri əhatə edir:

- Təbii sərvətlər və ətraf mühitin idarə olunması.

- İctimai - siyasi təhlillər və ictimai idarəetmə.

- İqtisadi inkişaf.

- Kənd təsərrüfatının inkişafı/kənd təsərrüfatının iqtisadiyyatı.

- Maliyyə və bank işi.

- İnsan resurslarının idarəolunması.

- Şəhər və bölgə planlaşdırılması.

- Narkotiklərdən istifadənin qarşısının alınması və müalicəsi sahəsində təhsil.

- Səhiyyənin təşkili və idarəolunması.

- Texnologiya siyasəti və idarəetmə.

- Təhsilin planlaşdırılması və idarəedilməsi.

- Hüquq və insan hüquqları.

- İctimaiyyətlə əlaqələr və jurnalistika.

- İngilis dilinin xarici dil kimi tədrisi.

- İnsan alveri, onun qarşısının alınması siyasəti.

- QİÇS və onun qarşısının alınması siyasəti.

Proqram həyata keçirildiyi müddətdə dövlət və özəl sektorlarda çalışan 150-dən çox  rəhbər vəzifəli şəxs təqdim edilən təqaüddən faydalanmışdır.

Fulbright proqramı alimlər, tədqiqatçılar və ali məktəb müəllimləri üçün nəzərdə tutulmuş qarşılıqlı mübadilə proqramıdır. Proqram təqaüdçüləri olan azərbaycanlı mütəxəssislər ABŞ-da, amerikalı mütəxəssislər isə Azərbaycanda 3 aydan 10 aya qədər müddət ərzində tədqiqat aparmaq üçün qarşı tərəfin ali məktəblərinə göndərilirlər. Proqram biznes və maliyyə, iqtisadiyyat, kitabxanaçılıq, siyasi elmlər, biznesin idarəolunması, kompüter sistemləri, təhsilin idarəolunması, biologiya və ətraf mühit elmləri, ictimai idarəetmə, sosiologiya, antropologiya, kimya, riyaziyyat, o cümlədən incəsənətin müxtəlif sahələrini əhatə edən 48 istiqamət üzrə ixtisaslaşmış mütəxəssislərə qarşı tərəfin ali məktəblərində tədqiqat aparmaq üçün geniş imkanlar açır. Hər il 3-5 Azərbaycan tədqiqatçısı bu proqram çərçivəsində ABŞ-a gedir və eyni sayda amerikalı fulbraytçılar Azərbaycana gəlir. Proqram fəaliyyətə başlayandan Azərbaycandan  45-dək  təqaüdçü  müxtəlif  müddətlər ərzində ABŞ-ın  müxtəlif  universitetlərində  qonaq-alim  statusunda  tədqiqat  aparmışdır.

ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilən daha bir proqram "İngilis dili təqaüd proqramı"dır. Bu proqram çərçivəsində ingilis dilini xarici dil kimi tədris edən mütəxəssislər ABŞ-dan Azərbaycana gəlir və müxtəlif universitetlərdə ingilis dilinin tədrisi metodları, yaxud ingilis dili bacarıqlarından dərs deyir, müəllimlər üçün təlim kursları və seminarlar aparırlar. Hər il bu proqram çərçivəsində 1-3 ingilis dili mütəxəssisi Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən bölgələrdə yerləşən universitetlərdə ingilis dilini tədris etməyə gəlirlər. İndiyədək bu proqram çərçivəsində 25 ABŞ mütəxəssisi Azərbaycanın universitetlərində təcrübə mübadiləsində olmuşlar.

Amerika Birləşmiş Ştatlarının Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən daha bir təşkilatı Sülh Korpusudur (Peace Corp). Bu qurum 1961-ci ildə Amerika gənclərinin çağırışına cavab olaraq prezident Con Kennedi tərəfindən yaradılmışdır. Fəaliyyət göstərdiyi 50 il ərizində 182 mindən artıq amerikalı dünyanın 138 ölkəsində xidmət göstərmişdir. Hazırda Sülh Korpusunun 7 min könüllüsü Azərbaycan da daxil olmaqla 80-ə yaxın ölkədə fəaliyyət göstərir.

ABŞ-ın hökumət agentliyi olan bu təşkilat Azərbaycan hökuməti ilə 2003-cü ildə imzalanmış müvafiq sazişə əsasən respublikamızda fəaliyyətə başlamışdır. 8 dekabr 2003-cü il tarixində Azərbaycan Respublikasının təhsil naziri və təşkilatın Azərbaycan üzrə rəhbəri Uilyam Levayn tərəfindən əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Belə bir razılığın əldə olunması "ABŞ və Azərbaycan hökumətləri arasında Azərbaycan Respublikasında Sülh Korpusunun proqramı" haqqında imzalanmış 8 oktyabr 2003-cü il tarixli Sazişin nəticələrindən biridir.

Sülh Korpusunun missiyası fərdlər və təşkilatlara bilik və təcrübənin səmərəli mübadiləsinə kömək göstərməkdən ibarətdir. Təşkilatın fəaliyyətinə cəlb olunan könüllülər digər ölkələrə, yaxud onların vətəndaşlarına mal, avadanlıq və ya pul şəklində yardım göstərmirlər. Təşkilatın məqsədi ölkələr və mədəniyyətlər arasında sülh və dostluq əlaqələri yaratmaqdır. Bu şərəfli missiyanı həyata keçirmək üçün Amerika könüllüləri digər ölkələrə gedib orada yaşayırlar. Həmin ölkələrin dil və mədəniyyətlərini öyrənir və yerli icmalara texniki yardım göstərirlər. Sülh Korpusu üç fundamental məqsədi yerinə yetirərək dünyada sülh və dostluğa yardım göstərməyə çalışır. Təşkilatın Azərbaycandakı fəaliyyəti də məhz bu istiqamətləri əhatə edir.

- Azərbaycanın sosial-iqtisadi inkişafına kömək göstərmək üçün təlim keçmiş mütəxəssisləri göndərmək.

- Azərbaycanlıların Amerika xalqını daha yaxşı tanımalarına kömək etmək.

- Amerikalıların Azərbaycan xalqını daha yaxşı tanımalarına kömək etmək.

Göründüyü kimi, təşkilatın Azərbaycandakı fəaliyyəti təhsillə yanaşı, sosial-iqtisadi fəaliyyətlə bağlı sahələri də əhatə edir. Lakin Sülh Korpusunun Azərbaycandakı fəaliyyətinin ən uğurlu sahəsi məhz təhsillə bağlıdır. Belə ki, ABŞ-dan gələn könüllülər Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də ingilis dilinin tədrisində daha böyük tələbat olan ümumtəhsil, orta ixtisas məktəblərində müəllim kimi çalışırlar. Proqramın məqsədi Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasına yardım göstərmək üçün respublikamızda ingilis dilinin tədrisini yaxşılaşdırmaq və Azərbaycanın bütün bölgələrində ingilis dilinin tədrisi imkanlarını genişləndirməkdir. Təhsil Nazirliyi ilə Sülh Korpusu arasında imzalanmış Memorandum çərçivəsində 2003-cü ildə təşkilatın 25 könüllüsü Biləsuvar, Cəlilabad, Lənkəran, Şəki, Oğuz, Masallı, İsmayıllı, Qəbələ, Ağdaş rayonlarındakı, habelə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində 24 orta məktəbdə fəaliyyətə başlamış və onların fəaliyyəti 2005-ci ilə kimi davam etmişdir. 2004-cü ilin oktyabrında isə daha 27 könüllü and içərək 2006-cı ilin payızına qədər Azərbaycanın 14 rayonunun 22 ümumtəhsil məktəbində çalışmışdır. 2006-cı ilin sentyabrında isə daha 42 Sülh Korpusu könüllüsünün andiçmə mərasimi keçirilmiş, onlar növbəti iki il müddətində Azərbaycanın 19 rayonunun 24 tədris müəssisəsində ingilis dilinin tədrisinə başlamışlar. Bütövlükdə proqram Azərbaycanda fəaliyyət  göstərdiyi  müddətdə Azərbaycanın  45  rayonunda 130 məktəbdə  170-dən  artıq  Sülh Korpusu  könüllüsü  fəaliyyət göstərmişlər.

Bu proqramın maraqlı cəhətlərindən biri odur ki, ingilis dilini tədris etməyə gəlmiş könüllü çalışdıqları yerlərdəki ailələrdən birində yaşayır. Sülh Korpusu könüllülərinin təhsil müəssisəsindəki fəaliyyətini əsasən üç istiqamətdə qruplaşdırmaq olar:

- Şagirdlərlə iş.

- İngilis dili müəllimləri ilə iş.

- Tədris resurslarının inkişafı ilə əlaqədar iş.

Məktəblərdə ingilis dilinin tədrisi layihəsi üzrə çalışan könüllülərin hər biri 7-16 yaş arasında olan şagirdlərə orta hesabla həftəlik 15-18 saat dərs deyir. Layihə şagirdlərin ingilis dili daşıyıcılarından faydalanaraq oxu, yazı, danışıq və dinləmə qabiliyyətlərinin təkmilləşdirməsinə yardım edir. Könüllülər, eyni zamanda dərslərdən sonra ingilis dili kursları təşkil edirlər. Bu kurslar şagirdlərin ingilis dili danışıq və dinləmə bacarıqlarının, dünyaya baxışlarının, yaradıcı təfəkkürünün və qərarvermə bacarıqlarının inkişafına xidmət edir. Bu müəllimlərin fəaliyyəti məktəblərdə ingilis dili kitabxanalarının yaradılması, inşa müsabiqələrinin təşkili, şagirdləri respublikamızda həyata keçirilən təqaüd proqramlarının müsabiqələrinə hazırlanması kimi işlərlə də bağlıdır.

Könüllülərin ingilis dili müəllimləri ilə apardıqları iş daha böyük əhəmiyyətə malikdir. Belə ki, məktəblərdə çalışan Sülh Korpusu könüllüləri bir və ya iki tərəfdaş müəllimlə birgə ingilis dilini tədris edirlər. Bu dərslərdə ingilis dilinin tədrisində yeni interaktiv metodlardan istifadə olunur. Könüllülərin çalışdıqları məktəblərdəki müəllimlərin işi dərslərlə məhdudlaşmır. Onlar tərəfdaş müəllimlərlə birgə işləyir, dərslərdən sonra müəllimlərin evlərində birgə müzakirələr aparırlar. Proqram iştirakçılarının məktəb müəllimləri ilə əməkdaşlığı nəticəsində azərbaycanlı tərəfdaş müəllimlərin ingilis dili bacarıqları əhəmiyyəti dərəcədə artır. Bir-biri ilə gündəlik ünsiyyətdə olmaq, sinifdaxili birgə iş və ingilis dilinin praktik səviyyədə istifadəsi müəllimlərin bacarıqlarının inkişafına zəmin yaradır. Təcrübə göstərir ki, ana dili ingilis dili olan şəxsləri əvvəllər tam anlamayan məktəb müəllimlərinin ingilis dilində səlisliyi daha yüksək səviyyəyə çatır. Belə birgə fəaliyyət tərəfdaş müəllimlərin peşə hazırlığını artırmaqla yanaşı, müasir tədris praktikasına uyğun yeni vəsaitlərin hazırlanmasını təmin edir.

Proqram iştirakçılarının tədris resurslarının inkişafı ilə əlaqədar işi nəticəsində ingilis dilinin tədrisi üzrə əyani tədris vəsaitləri hazırlanır, müəllimlərin və şagirdlərin istifadəsinə verilir. Həmçinin könüllülər səmərəli sistemlər tətbiq etməklə şagirdlərə asanlıqla materiallardan istifadə etmək bacarıqları aşılayır, onların oxuya marağını artırırlar.

Təhsil Nazirliyinin ABŞ-la təhsil sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də ABŞ-ın Montana Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində icra olunan "Demokratik vətəndaşlıq üzrə təhsil" qrant layihəsidir.

Layihənin əsas məqsədi orta məktəblərin VIII-XI sinifləri üçün insan və cəmiyyət fənni üzrə beynəlxalq standartlara cavab verən və müasir interaktiv metodikalara əsaslanan müəllimlər üzrə dərs vəsaitinin hazırlanmasıdır. Layihə 2006-cı ildən həyata keçirilməyə başlanmışdır.

Azərbaycan tərəfindən layihədə iştirak etmək üçün müsabiqə əsasında dörd orta məktəb müəllimi seçilmiş və Təhsil Nazirliyindən layihə koordinatoru daxil olmaqla işçi qrupu yaradılmışdır. Amerika tərəfindən bu layihədə ABŞ-ın Harvard, İndiana, Montana universitetlərinin qabaqcıl professor və müəllimləri, məsləhətçi və akademik koordinator iştirak etmişlər.

Layihənin birinci mərhələsində işçi qrupunun üzvləri ABŞ-ın Montana Universitetində intensiv treninqlərdən keçmiş, Demokratiya, Konstitusiya, İnsan hüquqları, Vətəndaşlıq üzrə tədris proqramları, eksperimental dərslərin metodikası və dərs vəsaiti hazırlamışlar.

2003-cü ilin mayında amerikalı ekspertlər layihə çərçivəsində görülən işlərin qiymətləndirilməsi məqsədilə Bakıya gəlmiş, İşçi qrupunun fəaliyyətinə yüksək qiymət verilmiş, ABŞ Dövlət Departamentinə layihənin davam etdirilməsi tövsiyə edilmişdir.  Dövlət  Departamenti  insan    cəmiyyət  fənninin  tədris  proqramı    dərsliyinin tamamlanması, həmçinin onların nəşri   üçün  növbəti  qrant  ayırmışdır.

Həmin layihədə yalnız tədris proqramı və dərs vəsaitinin hazırlanması deyil, eyni zamanda Bakı şəhəri və respublikanın rayonlarının orta məktəb müəllimləri üçün təkmilləşdirmə kurslarının keçirilməsi də nəzərdə tutulmuşdu. Kurslar həm yerli müəllimlər, həm də ABŞ-ın ekspertləri tərəfindən aparılmışdır. 2002-2004-cü illərdə Bakı şəhəri və 4 rayonun orta məktəblərinin 250-dən artıq müəllimi insan və cəmiyyət fənni üzrə kurslarda iştirak etmişdir. Kurslarda müəllimlər vətəndaşsünaslıq üzrə yeni interaktiv tədris metodları, eyni zamanda yeni proqram və dərs vəsaiti ilə tanış olmuşlar.

Layihənin nəticəsi kimi, 2005-ci ildə ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün insan və cəmiyyət fənni üzrə beynəlxalq tələblərə cavab verən müəllimlər üçün dərs vəsaiti hazırlanıb nəşr olunmuşdur.

Qeyd edilənlər göstərir ki, ABŞ tərəfindən maliyyələşdirilən və ölkəmizdə həyata keçirilən çoxprofilli təqaüd proqramları və layihələr təhsil və tədqiqatlarla bağlı müxtəlif sahələri əhatə edir. Bu proqramlar ABŞ-ın qeyri-hökumət təşkilatları və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən idarə olunmaqla Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Belə ki, hər ilin payızında ABŞ tərəfindən proqramlar üzrə müsabiqənin elan olunması Təhsil Nazirliyi və ABŞ səfirliyi tərəfindən birgə həyata keçirilir. Bununla əlaqədar Təhsil Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyi ilə birgə mətbuat konfransı ənənə halını almışdır. Bu konfransda ABŞ tərəfindən maliyyələşdirilən təqaüd proqramlarının nəticələri barədə məlumat verilir və növbəti proqramlar haqqında lazımi informasiya ictimaiyyətə çatdırılır.

ABŞ-ın beynəlxalq təhsil mübadilə proqramları barədə təhsil müəssisələrində təqdimatların keçirilməsi və digər təbliğat işlərinin aparılmasına da Təhsil Nazirliyi lazımi dəstək göstərir. Eyni zamanda keçirilmiş çoxmərhələli müsabiqə nəticəsində seçilmiş namizədlər, habelə təqaüd proqramını başa vuraraq Azərbaycana qayıtmış iştirakçılarla Təhsil Nazirliyində mütəmadi görüşlər keçirilir.

Qeyd olunan mübadilə proqramları çərçivəsində Azərbaycan təhsil müəssisələrinin yüzlərlə şagird, tələbə, magistr, müəllim və tədqiqatçısı ABŞ-da müxtəlif müddətli proqramları tamamlayaraq məzun kimi vətənə qayıtmışlar. Bu məzunlar təşkilatlanaraq Azərbaycan Məzunlar Assosiasiyasını (AAA-Azerbaijani Alumni Assosiation) təsis etmişlər. Hazırda bu qurum ABŞ-da təhsil almış 2000-dən artıq məzunu öz ətrafında birləşdirir. Bu təşkilatla Təhsil Nazirliyi arasında işgüzar əlaqələr mövcuddur. Hazırda onlardan iki nəfər Təhsil Nazirliyinin mərkəzi aparatında çalışır. Amerika təhsilli məzunlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən dövlət strukturlarında uğurla fəaliyyət göstərirlər. Lakin aparılan təhlillər göstərir ki, Amerikada təhsil alıb qayıtmış vətəndaşlarımız daha çox özəl sektorda, xüsusilə də beynəlxalq və xarici təşkilatların Azərbaycandakı nümayəndəliklərində və müəssisələrində çalışmağa daha çox üstünlük verirlər.

Eyni zamanda 19 iyun 2008-ci il tarixində ABŞ Dövlət katibinin müavini xanım Qoli Amerinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına təkan vermişdir.

 

 

(Ardı var)

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.- 2010.- 9 aprel.- S.3.