Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları ilə təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramları barədə fikirlərimi davam etdirəcəyəm.
Dünyaya
Baxış (World Vision) beynəlxalq humanitar təşkilatı. Təşkilat
1994-cü ildən Azərbaycanda fəaliyyətə
başlamışdır. İlk dövrlərdə
onun fəaliyyəti "Ümumdünya Ərzaq
Proqramı" çərçivəsində məcburi
köçkünlərə ərzaq yardımı layihəsi
ilə bağlı olmuşdur. Ərzaq
yardımları respublikanın 32 rayonunda məskunlaşmış
təqribən 200 min məcburi köçkün uşaqlara
paylanmışdır.
Bundan əlavə,
Dünyaya Baxış təşkilatının maliyyə dəstəyi
ilə ölkədə 30-a yaxın təhsil və tibb müəssisəsi
inşa və ya təmir edilmişdir. Buna misal olaraq Bakı,
Mingəçevir, Goranboy, Ağcabədi və digər yerlərdə
tikilmiş və avadanlıqlarla təmin edilmiş orta məktəb
və uşaq bağçaları binalarını göstərmək
olar.
2004-2005-ci tədris ilindən
başlayaraq Dünyaya Baxış təşkilatı
"Xüsusi qayğıya ehtiyacı olan uşaqlar:
mövqelər, təcrübələr və siyasət"
pilot layihəsini həyata keçirir. Qeyd etmək
lazımdır ki, bu, Azərbaycanda həyata keçirilən
ilk inklüziv təhsil layihəsi olmuşdur. Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı
olan uşaqların öz həmyaşıdları ilə eyni
şəraitdə təhsil almaq hüququnu təmin etməkdir.
Layihə çərçivəsində
inklüziv təhsilə cəlb olunmuş təhsil
işçiləri üçün müxtəlif treninq və
seminarlar təşkil edilmiş və dünyada mövcud olan
yeni təhsil texnologiyaları Azərbaycanda sınaqdan
keçirilmişdir. Hazırda Dünyaya
Baxış təşkilatının bu layihəsi çərçivəsində
164 xüsusi qayğıya ehtiyacı olan uşaq inklüziv təhsilə
cəlb edilib və təhsilini müvəffəqiyyətlə
davam etdirir.
Pilot layihə çərçivəsində
2004-2009-cu illər ərzində 500 nəfər ibtidai sinif
müəllimi, məktəbəqədər təhsil müəssisələrinin
tərbiyəçiləri, 20 nəfər məktəb
direktoru və digər heyət üçün treninq, mini
seminarlar və digər tədbirlər keçirilmişdir.
Pilot layihənin icrası zamanı, həmçinin valideynlər,
inzibatçılar, universitet müəllimləri, sosial sahədə
işləyən mütəxəssislər, psixoloqlar, həkimlər,
defektoloq və loqopedlər üçün təlimlər də
təşkil edilmişdir.
Layihənin məqsədlərinə
uyğun olaraq müəllimlər, valideynlər, uşaqlar,
xüsusi təhsil mütəxəssisləri, ali
təhsil müəssisələrinin işçiləri,
ictimaiyyət və layihəni icra edən mütəxəssislər
üçün metodik vəsaitlər hazırlanmış,
bir sıra xarici ədəbiyyatlar tərcümə olunaraq
çap etdirilmişdir.
"Xüsusi
qayğıya ehtiyacı olan uşaqlar və dövlət
uşaq müəssisələrində yaşayan
uşaqlar" mövzusunda ictimaiyyəti məlumatlandırmaq
və onların cəmiyyətə daha yaxşı inteqrasiya
olunmasına yardım etmək məqsədilə bir sıra tədbirlər
həyata keçirilmişdir. Belə ki, təşkilatın maliyyə
dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan bir
qızın həyatından bəhs edən "Yuxuların
çin olduğu yerdə" kitabı nəşr edilmiş
və ibtidai siniflər üçün sinifdənxaric oxu
materialı kimi məktəblərə paylanmış, həmin
kitab haqqında məktəblilər arasında inşa
müsabiqəsi keçirilmiş, müxtəlif mövzularda
teledebatlar və digər verilişlər
hazırlanmış, qısa sosial reklamlar hazırlanaraq
ictimaiyyətə təqdim edilmişdir. Belə
məlumat kampaniyaları həm ictimaiyyətin, həm də qərar
qəbul edənlərin bu problemlərə diqqətini
artırmışdır.
Dünyaya Baxış təşkilatı
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı"nın icrasına dəstək
layihəsini də həyata keçirir. Burada məqsəd
dövlət uşaq müəssisələrində
yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların
cəmiyyətə inteqrasiyasının təmin olunması
üçün müvafiq hüquqi və sosial mühitin
yaradılmasına kömək etməkdir. Layihə
çərçivəsində aşağıdakı istiqamətlərdə
tədbirlər həyata keçirilir:
-De-institutlaşdırma və
uşaqların müdafiəsi üzrə qanunvericilik
bazasının nəzərdən keçirilməsi və təhlili,
Uşaq Müdafiə Sisteminin inkişafına yardım edilməsi.
-Proqram çərçivəsində
uşaq və ailələrlə işləyəcək
peşəkar sosial işçilərin hazırlanması məqsədilə
onların statusu, məsuliyyəti və vəzifələrinin
müəyyənləşdirilməsi, potensial sosial
işçilərin (müəssisələrin işçi
heyəti, uşaq və ailə məsələləri
üzrə işləmək istəyənlər) təlim
alması üçün kurikulumun işlənməsi.
-Ümumi təhsil müəssisələrində
inklüziv təhsil üzrə metodologiyanın işlənilib
hazırlanması.
-Dövlət
Proqramı barədə məlumatlandırma
kampaniyasının aparılması.
Gənclərin
inkişafı və məşğulluq şəbəkəsinin
yaradılması layihəsi. Layihənin məqsədi ölkə
Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı"nın icrasına yardım
göstərməkdir. Dünyaya Baxış təşkilatı
"Gənclərin məşğulluq şəbəkəsinin
yaradılması" vasitəsilə bu proqramın həyata
keçirilməsinə öz dəstəyini göstərmək
əzmindədir.
Layihə
çərçivəsində Bakının Qaradağ
rayonunda yerləşən iki texniki peşə təhsili
müəssisəsinin (14 və 16 nömrəli) maddi-texniki
bazasının gücləndirilməsinə və
standartların təkmilləşdirilməsinə dəstək
göstəriləcəkdir. Həmin məktəblərdə
tətbiq olunacaq yeni standartlar Qaradağ rayonu Ələt,
Sahil, Qobustan və Ümid qəsəbələrində gənclərin
məşğulluq imkanlarını nəzərəçarpacaq
dərəcədə artıracaq. Layihə
çərçivəsində qısamüddətli (2-3 ay)
peşə təlimlərinin keçilməsi də nəzərdə
tutulmuşdur.
Bu layihə gənclərin
texniki peşə təhsilinə geniş cəlb olunması
imkanının artırılması, işsizliyin aradan
qaldırılması və əmək bazarının tələblərinin
ödənilməsi məqsədilə texniki peşə təhsilinin
təkmilləşdirilməsini nəzərdə tutur.
Dünyaya Baxış təşkilatı
Azərbaycanda fəaliyyət göstərdiyi 16 il ərzində həyata keçirdiyi layihələrə
ümumilikdə 80 milyon ABŞ dolları vəsait sərf
etmişdir.
ABA/CEELİ təşkilatı. Amerika
Hüquqşünaslar Assosiasiyası (American Bar Association -
Hazırda Azərbaycanda
ABA hüquq təhsili islahatları, cinayət hüququ, qanunun
aliliyi istiqamətlərində fəaliyyət göstərir. ABA-nin nəzdində
Hüquqi Yardım Mərkəzi də fəaliyyət göstərir.
Hüquq təhsili
islahatları proqramı çərçivəsində
Canlı
Hüquq Proqramı hüquqi təhsil layihələri
arasında həyata keçirilən unikal proqramdır. Proqram çərçivəsində
hüquqşünas tələbələr
qeyri-hüquqşünasları maarifləndirir. Bu o deməkdir ki, Canlı Hüquq Proqramı vasitəsilə,
bir tərəfdən, hüquq və beynəlxalq hüquq
fakültələri tələbələrinin professional
inkişafına şərait yaradılır, digər tərəfdən
isə qeyri-hüquqşünasların hüquqi cəhətdən
maarifləndirilməsinə istiqamətləndirilmiş fəal
vətəndaş mövqeyi təbliğ edilir. Canlı Hüquq Proqramı dünyada 1972-ci ildən
həyata keçirilməyə başlanmış və
hazırda Amerika, Afrika, Avropa, Asiyanın qırxdan çox
ölkəsini əhatə etmişdir.
Azərbaycanda
Canlı Hüququ Proqramı Amerika Hüquqşünaslar
Assosiasiyasının Hüquqi Təhsil İslahatları
Proqramı tərəfindən 2004-2005-ci tədris ilindən
başlayaraq həyata keçirilir. Proqramın ilk ilində hüquq və
beynəlxalq hüquq fakültəsinin 18 tələbəsi
Bakı və Sumqayıtın doqquz məktəbində 150 nəfər
səkkizinci sinif şagirdinə Canlı Hüquq dərslərini
tədris etməyə başlamışdır.
Proqramın
ikinci ilində Canlı Hüquq Proqramının əhatə
dairəsi genişlənmişdir. 2005-2006-cı tədris ilində
Proqramda hüquq və beynəlxalq hüquq ixtisası üzrə
təhsil alan 46 tələbə iştirak
etmişdir. Onlar altı və yeddinci sinif
şagirdlərinə Canlı Hüquq dərslərini tədris
etmişlər. Qeyd olunan tədris ilində
proqramda ümumilikdə 18 məktəbin 455 şagirdi
iştirak etmişdir. Qeyd olunmalıdır
ki, 2005-2006-cı tədris ilində Canlı Hüquq
Proqramı onlayn olaraq Gəncə və Mingəçevir məktəblərində
də tədris edilməyə başlanmışdır.
Proqram
2006-2007-ci tədris ilində də davam etdirilmiş,
üçüncü sinif şagirdləri üçün
Canlı Hüquq dərsləri hazırlanmış və
Bakı şəhərinin daha 5 məktəbində tədris
edilməyə başlanmışdır. Bundan əlavə,
tələbələr altı, yeddi və səkkizinci sinif
şagirdlərinə Canlı Hüquq dərslərini
auditoriya şəraitində, doqquz və onuncu sinif şagirdlərinə
isə İnternet vasitəsilə tədris etmişlər.
Beləliklə, həmin ildə proqramda
hüquq və beynəlxalq hüquq fakültəsinin 45 tələbəsi
iştirak etmişdir. Qeyd olunmalıdır
ki, həmin tədris ilində Canlı Hüquq Proqramı Azərbaycan
və Qafqaz Universitetlərində ayrıca bir proqram kimi fəaliyyət
göstərmişdir. Bu tədris ilində proqramda 22
orta məktəb iştirak etmiş (12-si Bakı, 3-ü
Sumqayıt, 3-ü Gəncə, 2-si Mingəçevir və
2-si Lənkəran məktəbi olmaqla), 654 şagird Canlı
Hüquq dərslərini dinləmiş və məzun
olmuşlar.
2007-2008-ci dərs
ilində Canlı Hüquq Proqramında 33 məktəb
iştirak etmişdir. Onlardan 18-i Bakı, 3-ü Sumqayıt, 5-i Lənkəran,
4-ü Gəncə, 1-i Mingəçevir və 2-si Xaçmaz
məktəbləri olmuşdur. Həmin məktəblərin
1295 şagirdi Canlı Hüquq dərslərində iştirak
etmiş və məzun olmuşlar. Həmin tədris ilində
Proqramın davamlılığının təmin edilməsi
məqsədi ilə Bakı şəhəri 177 və 16
nömrəli məktəblər seçilmiş və burada
altıncı və yeddinci siniflərdə Canlı Hüquq dərsləri
bir məktəb müəllimi və bir tələbə
komandası tərəfindən tədris edilmişdir. 177 nömrəli məktəbdən bu prosesə
üç, 16 nömrəli məktəbdən isə bir
müəllim cəlb olunmuşdur. Təlimçilər
üçün təlim başlayandan sonra 63 nömrəli məktəbin
bir müəllimi də təlimlərdə iştirak
etmişdir. Beləliklə, proqramın
ikinci fazasında 3 Bakı məktəbində Canlı
Hüquq dərsləri müəllim və tələbə
komandaları şəklində tədris edilmişdir.
Canlı
Hüquq Proqramı beynəlxalq ictimaiyyətin də diqqətini
cəlb etmişdir. Məhz bu marağın nəticəsi olaraq Proqramın
sonunda ABŞ-ın Azərbaycandakı səfiri Anne Dersi 177
nömrəli məktəbin üçüncü siniflərinin
Canlı Hüquq Proqramından məzun olma mərasimində
iştirak etmişdir.
Layihə
çərçivəsində Canlı Hüquq Onlayn
Proqramı da uğurla həyata keçirilmişdir. Belə ki, layihədə 4
regiondan - Lənkəran, Gəncə, Mingəçevir və
Xaçmazdan 12 məktəb iştirak etmişdir. Lənkəran şəhər 10 nömrəli məktəbi
əlaqələndirici qismində çıxış edərək
uğurlu göstəricilər əldə etmişdir.
Aparılan
işlərin nəticəsində 2007-2008-ci tədris ilində
Canlı Hüquq Proqramının statistik göstəriciləri
ötən üç ilin göstəricilərinə bərabər
olmuşdur.
Belə ki, Proqramda 81 tələbə 6 regionda 33 məktəbin
1295 şagirdinə Canlı Hüquq dərsləri
keçmişlər.
2008-2009-cu tədris
ilində Canlı Hüquq Məzunlar Birliyi
yaradılmışdır. Həmin dərs ilində Canlı
Hüquq Proqramı Bakı şəhərinin 177 və 250
nömrəli məktəblərinin üçüncü,
altıncı və yeddinci siniflərində davam
etdirilmişdir. 177 nömrəli məktəbdən beş, 250 nömrəli məktəbdən bir
müəllim layihənin bu hissəsinə cəlb
edilmişdir. Eyni zamanda Canlı Hüquq Online Proqramına
Zaqatalanın Humanitar Fənlər Gimnaziyası da qoşulmuş
və Proqram Gəncə, Mingəçevir şəhərləri,
Lənkəran və Zaqatala rayonları olmaqla daha 4 regionu da əhatə
etmişdir.
Ümumilikdə 2008-2009-cu tədris
ilində 20 hüquq fakültəsi tələbəsi və 6
müəllim Bakı, Gəncə, Mingəçevir, Lənkəran
və Zaqatalanın 20 məktəbində 462 şagirdə
Canlı Hüquq dərslərini tədris etmişlər. Canlı Hüquq Proqramı 2009-2010-cu tədris ilində
davam etdirilir.
Layihə çərçivəsində
2008-ci il avqust ayının 3-8-də Qubada
Canlı Hüquq Yay Məktəbi təşkil edilmişdir. Yay məktəbində 30 məktəbli iştirak
etmişdir. Məktəbin təşkili
hüquqşünas tələbələrin hüquqi biliklərini
təkmilləşdirir, onlara hüquqi qaydaları uyğun
şəkildə bir qrupda müxtəlif yaşda uşaqlara
interaktiv üsullarla tədris etmək bacarıqları
aşılanmışdır. Eyni zamanda regionda
uşaqları yeni hüquqi anlayışlarla
Qeyd etmək
lazımdır ki, fəaliyyətə başladığı
vaxtdan Proqram davamlı olaraq inkişaf etmişdir. Ümumilikdə 2004-2009-cu
illərdə Canlı Hüquq Proqramı vasitəsilə 8
universitetin hüquq və beynəlxalq hüquq fakültələrindən
235 tələbə Azərbaycanın 8 regionu üzrə 100 məktəbində
həm siniflərdə, həm də İnternet vasitəsilə
3054 şagirdə hüquq dərsləri keçmişlər.
Canlı
Hüquq Proqramını davamlı etmək üçün
onun universitet və məktəblərin fəaliyyətinin tərkib
hissəsinə çevrilməsi layihə
qarşısında duran vəzifələrdən idi. Məhz universitetin tərkib
hissəsinə çevrilən Canlı Hüquq Proqramı
öz sıralarına hər il daha
çox hüquq və beynəlxalq hüquq fakültəsi tələbələrini
cəlb edərək, Proqramda iştirak edən tələbələrin
sayını artırar və bu kurs universitetin tədris
proqramına daxil olardı. Daha sonra isə bu proqram seçmə
fənn kimi universitetin tədris planına salına bilərdi.
Məktəblərin tərkib
hissəsi olaraq isə bu proqram hər il daha
çox şagirdin hüquqi cəhətdən maarifləndirilməsinə,
müəyyən mərhələdə müəllimlərin
də bu prosesə cəlb edilməsinə səbəb olar, nəticədə
ictimaiyyətin hüquqi maarifləndirilməsi durmadan
inkişaf edər. Məktəblərdə
Canlı Hüquq Proqramı fakültativ fənn olaraq reallaşa
bilər. Bu fənni tədris edən
müəllimlə hüquq fakültəsi tələbəsi
birlikdə Canlı Hüquq fənnini tədris edə bilər.
Bu isə, öz növbəsində, həmin
proqramda istifadə edilən metodların müəllimlər tərəfindən
mənimsənilməsinə şərait yaratmış
olardı. Bundan əlavə, layihə
çərçivəsində Canlı Hüquq Proqramı
üzrə dərs vəsaitləri, tədris
materiallarının çapı mütəşəkkil hala
çevrilərdi.
Gənclərin
nailiyyəti (Junior Achievement) təşkilati. Gənclərin
nailiyyəti təşkilatı 1998-ci ildən Azərbaycanda fəaliyyət
göstərir, məktəblərdə iqtisadiyyat və biznes
təhsilinin inkişafı ilə bağlı layihələr
həyata keçirir. 2003-cü ildən
etibarən təşkilat ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə məktəblərdə
İqtisadiyyatın tədrisi proqramını həyata
keçirir.
Proqram
iqtisadiyyat fənninin inkişaf etmiş ölkələrdə
qəbul edilmiş metodlarla tədrisi, qlobal biznes etikası,
biznesin idarəolunması və təşkili, iqtisadi problemlərin
həlli yollarının yuxarı sinif şagirdlərinə
aşılanması məqsədini daşıyır. Təşkilatın əsas
məqsədlərindən biri iqtisadiyyatın tədrisi
üçün iş adamlarını təhsil prosesinə cəlb
etməkdir. Hazırda Statoil, Exon Mobil, Chevron, Pricewaterhouse
Coopers, Baker and McKenzie, McDermott Caspian, Garadagh Cement, KCA Deutag,
Bank Nikoil kimi şirkətlər təşkilatın layihələrini
maliyyələşdirir və könüllü trenerlər
qismində iştirak edirlər.
Azərbaycan Gənclərinin
Nailiyyəti təşkilatının müraciəti əsasında
2000-2001-ci dərs ilindən etibarən eksperiment qaydasında
Bakı şəhərinin 10 ümumtəhsil məktəbinin
X siniflərində "İqtisadiyyata giriş" fənninin
tədrisinə başlanmışdır. Sonradan
bu məktəblərin X və XI siniflərində
"İqtisadiyyata giriş" fənninin tədrisi davam
etdirilməklə yanaşı, eksperimentlə əhatə
olunmuş məktəblərin sayı ilbəil
artırılmışdır. Təşkilat
bu məktəblərə tədris-metodiki və texniki köməklik
göstərmiş, müəllimlər üçün
treninqlər keçirmiş, fənnin tədris olunduğu məktəblərdə
kompüterlər quraşdırmışdır.
2005-ci ildə Azərbaycan məktəblərində
İqtisadiyyatın tədrisi proqramına 14 bölgədən
130 məktəb cəlb olunmuş, 50 məktəbdən 100
müəllim təlimlərdə iştirak etmişdir. Həmçinin məktəblərə 7000 nüsxə
"İqtisadiyyat" dərsliyi paylanmışdır.
2006-cı ildə proqram 20 bölgədən 180 məktəbi
əhatə etmiş, proqrama yeni 45 orta məktəb və 5
kollec cəlb edilmişdir. Həmin məktəblərdən
100 müəllim üçün təlimlər
keçirilmiş, məktəblərə 6000 nüsxə
"İqtisadiyyat" dərsliyi paylanmışdır.
Təhsil Nazirliyi tərəfindən
aparılan müşahidələr və müzakirələr
və eksperimentin 7 illik müsbət təcrübəsi onun əhatə
dairəsinin genişləndirilməsinə əsas vermiş,
2007-2008-ci dərs ilində həmin fənnin respublikanın
daha 50 təhsil müəssisəsində tədrisinə
başlanması qərarlaşdırılmışdır.
2008-2009-cu dərs ilində "İqtisadiyyata giriş" fənninin
respublikanın daha 15 təhsil müəssisəsində
(Ağdaş rayonu Yuxarı Ləki və Güvə kənd,
Ucar rayonu Qaradağlı kənd, Kürdəmir rayonu Karrar,
Atakişi, Ərşəli və Çöhranlı kənd,
Yevlax rayonu 8 nömrəli, 4 nömrəli şəhər, Səmədabad
və Nərimanabad kənd, Goranboy rayonu Borsunlu kənd 1
nömrəli, Eyvazlılar, Cinli-Boluslu və Nadirkənd kənd
orta məktəblərinin X siniflərində) tədrisinə
başlanılmışdır.
Həmin dərs ilində Gənclərin
Nailiyyəti təşkilatı öz fəaliyyətini
respublikanın 20 bölgəsinin 175 orta məktəbində və
5 kollecində davam etdirmişdir. Həyata keçirilən
proqramlara yeni qoşulmuş 50 orta məktəbin 10-11-ci sinif
şagirdləri təşkilat tərəfindən çap
olunmuş "İqtisadiyyat" dərslikləri ilə təmin
olunmuş, hər bir məktəbə ən azı 1
kompüter verilmişdir.
Təşkilat 2009-cu ildə
yüzə yaxın müəllim üçün yay tətili
zamanı iqtisadiyyatın tədrisi kursları, 14 müəllim
və 660 şagird üçün qlobal biznes etikası
kursları təşkil etmiş, 170 şagird təşkilatla
əməkdaşlıq edən iş adamlarının təlimatı
ilə biznesin idarəolunmasını öyrənmiş, 200
amerikalı və azərbaycanlı şagird İnternet vasitəsilə
reklam strategiyalarına yiyələnmişdir.
Gənclərin Nailiyyəti
ildən-ilə proqramın əhatə dairəsini genişləndirmiş,
hazırda İqtisadiyyat fənninin tədrisi ölkə
üzrə 26 rayonun 245 məktəbini, o cümlədən 4
peşə liseyi və 1 kolleci təmsil edən 94500
şagirdi, 360 müəllimi əhatə edir.
Həyata keçirilmiş tədbirlər
nəticəsində Azərbaycan şagirdləri hər il Hewlett Packard korporasiyasının və Junior
Achievement Ümumdünya təşkilatının
keçirdiyi beynəlxalq iqtisadiyyat və biznes
yarışında böyük uğurlar qazanmışlar. Proqram
çərçivəsində ölkəmizin şagirdlərindən
ibarət 30 komanda biznes və iqtisadiyyat yarışına
qoşulmuş, beş ay ərzində davam edən bu bilik
mübarizəsi nəticəsində 21 komandamız
yarımfinala, bunlardan biri - Zəngi liseyinin komandası finala vəsiqə
qazanmışdır. 2008-ci ilin yayında
ABŞ-da keçirilən final mərhələsində Zəngi
liseyinin komandası 1000-dən artıq komandanı arxada
qoyaraq, III yeri tutmuşdur.
Bundan başqa,
Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı
2008-ci ilin may-avqust aylarında orta məktəblərdə
İqtisadiyyatın tədrisi proqramı çərçivəsində
fərqlənmiş doqquz fəal şagirdə peşə təcrübəsi
proqramında iştirak etmək imkanı
yaratmışdır. Hər il təşkilatın həyata
keçirdiyi layihələrin 20 qalibi əməkdaşlıq
edilən şirkətlərdə peşə təcrübəsi
keçmək imkanı əldə edirlər. Təcrübə
proqramı hər şagirdi qəbul edildiyi şirkətin əməkdaşı
olan karyera məsləhətçisi ilə təmin edir.
Həmin il Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı
Exon Mobil, Statoil Azərbaycan, McDermott Caspian Kontraktors, KCA Deutaq
və Bank Nikoil ilə səmərəli əməkdaşlıq
qurmuş, bu şirkətlərin təmsilçiləri iyirmi
şagirddən doqquzunu müsahibə vasitəsilə peşəkar
təcrübə proqramına seçmiş, həmin
şagirdlər bir həftədən iki aya qədər bu
şirkətlərdə çalışmışlar.
Hazırda
"İqtisadiyyata giriş" layihəsi uğurla davam
etdirilir. Fənnin
tədrisində Təhsil Nazirliyi tərəfindən təsdiq
olunmuş eksperimental tədris proqramı və Gənclərin
Nailiyyəti təşkilatı tərəfindən Azərbaycan
və rus dillərində nəşr edilmiş "Tətbiqi
iqtisadiyyat" adlı tədris vəsaitindən istifadə
edilir.
Gənclərin Nailiyyəti
təşkilatı 2008-ci il mart
ayının 2-də Məktəbli Biznes Günü tədbirini
keçirmişdir. Eyni vaxtda həyata keçirilən
üç fəaliyyət növündən - iqtisadiyyata dair
milli yarışmanın finalı, məktəblilərin
biznes plan təqdimatları və məktəbli məhsullarının
yarmarkasından ibarət olan tədbir Məktəblərdə
İqtisadiyyatın Tədrisi (SEE) proqramının bir hissəsi
kimi həyata keçirilmişdir. 2007-ci ilin oktyabr ayından
start götürmüş iqtisadiyyata dair milli yarışma
Bakı, Sumqayıt, Bərdə, Gəncə, Yevlax, Mingəçevir
və Lənkərandan 36 məktəbdən 58 məktəbli-komandanı
cəlb etmişdir. Final mərhələsində
səkkiz komanda iştirak etmiş, Bakı şəhərindən
olan komanda qalib elan olunmuşdur. Eyni zamanda Bakı,
Sumqayıt, Mingəçevir, və Göyçaydan olan
finalçılar biznes plan və məhsullarını
McDemott, Caspian Kontractors, Statoil Azərbaycan, USAİD, Avroasiya
fondu və AİG şirkətinin biznes mütəxəssislərindən
ibarət münsiflər heyətinə təqdim etmişlər.
2005-ci ildən
məktəblərdə İqtisadiyyatın Tədrisi
proqramı JA Worldwide-la əməkdaşlıq şəraitində
Qlobal Biznes Etikası (GBE) proqramını həyata
keçirir. Proqram Bakı və digər on rayondan 17702 şagirdi
və 60 müəllimi əhatə etmişdir. Kurs 12 həftə
ərzində konkret situasiyalara əsaslanan proqram əsasında
aparılaraq dünyada məktəbliləri bir-biri ilə əlaqələndirir,
onlara etik məsələlərlə bağlı debat və
müzakirələr aparmaq, biznes etikası məsələlərini
araşdırmaq imkanı verir. Proqram çərçivəsində
həm müəllimlər, həm də məktəblilər
bir sıra təlim sessiyalarında iştirak edirlər. Bu proqramda iştirak edən məktəblilərdən
ikisi 2006-cı ildə keçirilən Beynəlxalq Esse
Yarışmasının qalibi olmuş və esseləri ilə
bağlı təqdimatlar aparmaq üçün
Qırğızıstana səfər etmişlər. Şahin Qəhrəmanzadə və Ayaz Əfəndiyev
biznesmen olmağı qərara almışdılar, amma özləri
etiraf etdikləri kimi "uğurlu biznes təmsilçisinin
hansı keyfiyyət və bacarığa malik olmasını
bilmirdilər". Hazırda JAA
proqramlarını bitirdikdən sonra hər iki şagird
Almaniya və Rusiyadan olan tərəfdaşları ilə
birlikdə Newstyle adlı web-dizayn biznesi ilə məşğuldurlar.
Hər iki məktəbli JAA proqramının onların gələcək
biznesmenlər kimi hazırlanmasında böyük rol
oynadığını qeyd edir, çünki bu proqram onlara
"nəzəri" bilik verməklə yanaşı,
bacarıqları təcrübədə tətbiq etmək
imkanı vermişdir.
Şagirdlər
üçün biznes təlimləri 2005-ci ilin fevral
ayında (onlar Junior Achievement Azərbaycan proqramları
üçün vəsait toplanması tədbirinin təşkilatçıları
seçildikləri vaxtdan) başlamışdı. JAA-nın
apardığı Şagirdlərin Məktəbli Şirkətlər
yarışmasını və Yay Təcrübəsi
Proqramını uğurla başa çatdırdıqdan sonra
ABŞ Dövlət departamentinin xətti ilə keçirilən
Gələcək Liderlər mübadiləsi (FLEX)
proqramının imtahanını müvəffəqiyyətlə
verdilər. Geri qayıtdıqdan sonra
onların hər ikisi Bakıda biznesləri üçün
ofis kirayələyərək tamhüquqlu vergi ödəyiciləri
olmağı planlaşdırırlar.
Hər il
İqtisadiyyatın tədrisi proqramının ən uğurlu
iştirakçıları Gənclərin Nailiyyətinin tərəfdaş
şirkətlərində internatura proqramlarında iştirak
edirlər. 2007-ci ilin iyul-sentyabr aylarında 13 məktəbli
karyera məsləhətçiləri ilə birgə biznes
dünyasında hansı imkanların olduğunu ilk mənbədən
müşahidə etmək üçün Statoil Azərbaycan,
McDemott Caspian Kontractors, Exon Azərbaycan, AİG və KCA Deutag
şirkətlərində işləmişlər. Yay təcrübəsi proqramı birhəftəlik və
iki aylıq geniş internatura proqramlarından ibarət idi.
2005-ci ildən Məktəblərdə
İqtisadiyyatın Tədrisi 23 məktəbliyə yerli və
beynəlxalq biznes strukturlarında peşəkar təcrübə
qazanmaq imkanı vermişdir. Bu təşəbbüs
məktəblilərə karyera məqsədlərini
aydınlaşdırmağa və onlara iqtisadiyyat məktəblisindən
biznes peşəkarına doğru addım atmağa yardım
edir.
Gənclərin
Nailiyyəti məzunlarından ibarət Azərbaycan Dövlət
Neft Akademiyasının komandası 12-ci illik Hewlett Packard Qlobal
Yarışında dünya çempionu olmuşdur. Praqa şəhərində
keçirilən yarışma Kanada, Litva, Argentina, Rusiya,
Çin və Azərbaycanı təmsil edən ən
güclü məktəbli və tələbələrdən
ibarət iqtisadiyyat və biznes komandalarını bir araya gətirmişdir.
2003-cü ildən 750 şagirdin bu yarışmada
iştirakını dəstəkləmiş, nəticədə
Azərbaycanı təmsil edən komandalar iki il ardıcıl
olaraq finala çıxmış, 2006-cı ildə Bakı
şəhərindən olan məktəbli komandası 30-cu
yeri tutmuşdur. Junior Achievement Worldwide və
Hewlett-Packard korporasiyası tərəfindən təşkil
olunan bu yarışma minlərlə şagirdə hipotetik
şirkətləri idarə edərək onları uğura
aparmaq məqsədilə biznes liderlər rolunu ifa etmək
imkanı verir.
ABŞ Beynəlxalq
İnkişaf Agentliyi (USAİD). Amerika Birləşmiş
Ştatları ölkələrdə daha yaxşı həyat
sürməyə, fəlakətlərin nəticələrini
aradan qaldırmağa, azad, demokratik şəraitdə
yaşamağa can atan insanlara yardım məqsədilə
ABŞ-ın federal büdcəsindən maliyyələşən
USAİD təşkilatı yaratmışdır. 1961-ci ildə ABŞ Prezidenti Con F.Kennedi Xarici Ölkələrə
Yardım Aktını imzalayaraq bu aktı qanuna
çevirmiş və icraçı təşkilat kimi
USAİD donor agentliyini yaratmışdır. O vaxtdan
USAİD fəlakətlərin nəticələrini aradan
qaldıran, yoxsulluqdan qurtulan, demokratik islahatlara qatılan
ölkələrə köməyini əsirgəməyən
donor agentliyi kimi fəaliyyət göstərmişdir. Sonradan bu təşkilat daha çox iqtisadi
inkişafla bağlı layihələr həyata keçirməyə
başlamışdır. Azərbaycanda
bilavasitə USAİD tərəfindən maliyyələşdirilən
bir sıra layihələr həyata keçirilir.
Dövlət
investisiya siyasəti layihəsi. USAİD Azərbaycan
hökumətinin ehtiyaclarını nəzərə alaraq
2005-ci ilin mart ayından İqtisadi İnkişaf Nazirliyi ilə
birgə bu layihəni həyata keçirməyə
başlamışdır. Layihə çərçivəsində
2006-cı ildə seminar keçirilmiş, həmin seminarda
"Dövlət investisiya proqramının hazırlanması
və planlaşdırılması" mövzusunda təqdimat
edilmişdir.
Layihə çərçivəsində
"Dövlət investisiyalarında maraqlı tərəflərin
iştirakı"na dair hesabat
hazırlanmış və Təhsil Nazirliyinə təqdim
edilmişdir. Hesabatın müzakirəsindən
sonra USAİD tərəfindən "Dövlət sektorunda
investisiyaların təhlili və idarəedilməsi" təlim
proqramı hazırlanmış, bu proqramda digər nazirliklərlə
yanaşı, Təhsil Nazirliyi də iştirak etmişdir.
Təlim Proqramının məqsədi
Azərbaycanda makroiqtisadi və sektor səviyyəsində orta
və uzunmüddətli planlaşdırmanın, habelə
dövlət investisiya proqramının tərtibi və
icrasının təkmilləşdirilməsi, dövlət
büdcəsinin proqnozlarla əlaqələndirilməsi,
investisiya layihələrinin qiymətləndirilməsi və
monitorinqi proseslərinin keyfiyyətinin yüksəldilməsi
və son nəticədə dövlət büdcəsindən
bu məqsəd üçün ayrılmış vəsaitlərin
səmərəli istifadəsinə yardım göstərməkdən
ibarətdir.
Təlim proqramının
birinci mərhələsində 6-28 fevral 2006-cı il tarixlərdə rəhbər işçilər
üçün təlim kursları keçirilmiş və
bu təlimlərdə Təhsil Nazirliyinin 4 nəfər əməkdaşı
iştirak etmişdir. İkinci mərhələ 13 mart - 5
aprel 2006-cı il tarixlərdə
keçirilmiş, bu təlimlərdə də Təhsil
Nazirliyinin əməkdaşları iştirak etmişdir.
Dövlət xərcləri
islahatına dəstək layihəsi. Layihə 2008-ci ildən
həyata keçirilməyə başlanmışdır.
Bu layihə çərçivəsində təhsil
sahəsində büdcələrin tərtibi prosesinin və
ortamüddətli xərclər çərçivəsinin təkmilləşdirilməsi
istiqamətində Təhsil Nazirliyində işçi qrupu
yaradılmış, onlarla işləmək üçün
əlaqələndirici şəxs təyin edilmişdir.
Həmin layihə çərçivəsində Azərbaycanda
təhsil sistemi sahəsindəki carı vəziyyət, təklif
edilən prioritetlər, islahat tədbirləri haqqında
müzakirələri stimullaşdırmaq məqsədilə
2009-cu ilin mart ayında "Azərbaycan təhsil sahəsinin
təhlili" üzrə hesabat hazırlanmış və
müzakirə edilmişdir.
Layihə çərçivəsində
2009-cu ilin may ayında Azərbaycanda təhsilin ekspertizası
üçün xərc-gəlir təhlilinin icmalı, xərclərin
səmərəliliyi və faydalılığının təhlilləri,
dövlət sektoru üzrə faktiki təhsil layihələrinə
dair nümunələri və təhsil sektorunda layihələrin
ekspertizasında istifadə edilən metodlardan ibarət "Təhsil
sektoru üzrə layihələrin qiymətləndirilməsinə
dair təlimat" hazırlanmışdır.
İcma Əlaqələri Proqramı. Proqram 2006-cı ildə həyata keçirilmişdir. Əsas məqsəd proqramın iştrakçıları, ABŞ-dakı ailələr və yerli icmalar arasında əlaqələrin yaradılması və mədəni dəyərlərin mübadiləsi vasitəsilə ictimai diplomatiyanın yayılmasından ibarət olmuşdur.
Eyni zamanda Proqram dövlət və özəl təşkilatların əməkdaşları üçün fərdi qaydada təcrübə, seminar və məşğələlər təşkil etmək, peşəkar təlimlər keçirmək, müasir Amerika biznesi və peşəkar mühitini nümayiş etdirmək, Amerika və Azərbaycan arasında əlaqələr yaratmaq kimi məqsədləri də fəaliyyətində nəzərə almışdır.
Proqram çərçivəsində "Psixoloji travmaların qarşısının alınması və profilaktikası" mövzusunda Amerika Birləşmiş Ştatlarında üçhəftəlik seminar və təlimlərdə iştirak etmək üçün 2006-cı ilin fevral ayında Bakı və Gəncə şəhərləri, Yevlax rayonunda ümumtəhsil məktəb müəllimləri arasında müsabiqə keçirilmişdir. Müsabiqə iştirakçıları arasından 3 nəfər seçilərək 2006-cı il aprelin 19-dan mayın 10-dək ABŞ-da keçirilən seminarda iştirak etmək üçün göndərilmişdir.
2002-2007-ci illərdə USAİD-in maliyyə dəstəyi ilə "World Learning" təşkilatı tərəfindən Azərbaycanda "Nəticələr naminə strateji və texniki dəstək" layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində
"Biznesin idarəolunması" və "İctimai idarəetmə"
üzrə magistr pilləsində təhsil alan 21 tələbə
ABŞ-a təhsil almağa göndərilmişdir.
USAİD təşkilatı
bir sıra təlim seminarlarını da maliyyələşdirmişdir.
Belə ki, 2006-cı il 4-19 fevral tarixlərində Təhsil
Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının və universitetlərin nümayəndələrindən
ibarət 10 nəfərlik heyət ABŞ-da Təhsil üzrə
Test Xidməti (ETS) təşkilatının təcrübəsini
öyrənmişdir. Öyrənilmiş təcrübə
ümumtəhsil məktəblərində buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili
prosesində nəzərə alınmışdır.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 23 aprel.- S.1, 3.