Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi və Avropa Şurası arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi diqqətinizə çatdırmağa çalışacağam.

Məlumdur ki, Azərbaycan təhsil sisteminin beynəlxalq, o cümlədən Avropa təhsil məkanına inteqrasiyası beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində mümkündür. Bununla əlaqədar Təhsil Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz beynəlxalq təşkilatlarla əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən ibarətdir. Bu əlaqələr içərisində Avropa Şurası ilə əməkdaşlığın inkişafı, həmin təşkilat tərəfindən həyata keçirilən beynəlxalq və regional təhsil proqramlarında iştirak xüsusi yer tutur.

Avropa Şurası 1949-cu ildə yaradılmışdır. Hazırda dünyanın 47 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycan Avropa Şurasına 2001-ci il yanvarın 25-də üzv olmuşdur. Təşkilatın məqsədi insan hüquqlarının müdafiəsi, demokratiyanın inkişafı və qanunun aliliyinin təmin edilməsi, üzv ölkələrin sosial və hüquqi təcrübəsinin uyğunlaşdırılması sahəsində Ümumavropa dəyərlərinin yaradılması olmuşdur.

Avropa Şurası ölkəmizdə təhsil sahəsində aparılan islahatlara ekspert yardımı göstərən ən fəal beynəlxalq partnyorlardan biridir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa Şurası arasında təhsil sahəsində səmərəli əməkdaşlıq Azərbaycanın Avropa Şurasına rəsmi daxil olmasından xeyli əvvəl yaranmışdır. Avropa Şurasının himayəsi altında ilk birgə layihələr 1996-cı ildən həyata keçirilməyə başlanılmışdır. Avropa Şurası ilə təhsil sahəsində həyata keçirdiyimiz birgə layihələr barədə məlumatı diqqətə çatdırmaq istərdim.

Təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik layihəsi. Bu layihə Avropa Şurasına üzv olan bütün ölkələri əhatə etmişdir. Layihənin məqsədi üzv ölkələrin təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən mütəxəssislərin səriştələrinin artırılmasıdır. Azərbaycan bu layihəyə 1996-cı ildə qoşulmuşdur və həmin il ərzində nəzərdə tutulan tədbirlər başa çatdırılmışdır. Layihə çərçivəsində seminarlar, konfranslar və digər təlim xarakterli tədbirlər keçirilmişdir. Təlim seminarlarında 60 nəfər təhsil işçisi iştirak etmişdir.

Tbilisi təşəbbüsü layihəsi. Təhsil Nazirliyi bu layihəyə 1998-ci ildə qoşulmuşdur. Layihə Avropa ümumtəhsil məktəblərinin 15-16 yaşlı şagirdləri üçün "Qafqaz xalqlarının tarixi" dərs vəsaitinin hazırlanmasını nəzərdə tuturdu. Avropa Şurası tərəfindən təqdim olunmuş və region ölkələri tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanan bu vəsaitin yazılmasında regionun 4 dövlətindən (Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya Federasiyası) müəlliflər qrupu və Avropa Şurasının Böyük Britaniya, Polşa, Almaniya və Hollandiyadan dəvət edilmiş ekspertləri və naşirləri iştirak edirdilər.

Layihənin əsas məqsədi Qərbi Avropa ölkələrinin orta məktəb şagirdlərini Azərbaycan və digər Qafqaz ölkələri xalqlarının tarixi, ənənələri və mədəniyyəti ilə tanış etmək idi. Vəsaitin ingilis dilində çap olunması nəzərdə tutulurdu.

2004-cü ildə dərs vəsaitinin son variantı Avropa Şurasına təqdim olunmuş, siqnal nəşri 2005-ci ildə çap edilib təsdiq üçün layihədə iştirak edən ölkələrə göndərilmişdi. Vəsaitin nəşri 2007-ci ilə planlaşdırılmışdı. Lakin nəzərdə tutulan vəsaitin nəşri Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə mümkün olmamışdır. Bununla belə, layihə çərçivəsində Azərbaycanın dərslik hazırlığı sahəsində mütəxəssisləri və naşirləri Avropa təcrübəsi ilə yaxından tanış olmuş, bu sahədə müvafiq bacarıqlara yiyələnmişlər.

Layihə 2007-ci ildə başa çatmış, Azərbaycandan 540 nəfər tarix müəllimi təlim seminarlarında öz bacarıqlarını inkişaf etdirmişdir.

Ermənistanda, Azərbaycanda və Gürcüstanda təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində qanunvericilik layihəsi. Təhsil Nazirliyi Avropa Şurasının bu regional layihəsinə 2000-ci ildə qoşulmuşdur. Həmin layihə Azərbaycana təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində beynəlxalq standartlara uyğun mexanizmlərin (akkreditasiya, lisenziya verilməsi, diplomların tanınması) yaradılmasına yardım göstərməyi nəzərdə tutur. Eyni zamanda bu layihə göstərilən sahələrdə beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar da açmışdır.

Layihə çərçivəsində 2000-2003-cü illərdə Azərbaycanda işçi qrupları yaradılmış, Avropa Şurası ekspertləri ilə birgə işçi qruplarının iclasları keçirilmiş, Azərbaycanda akkreditasiya, lisenziya verilməsi və təhsilin keyfiyyətinə nəzarət sahəsində effektiv hüquqi-normativ sənədlərin işlənməsi və təsdiq olunması məsələləri ilə bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır. Layihə çərçivəsində 2001-ci ilin may ayında Bakıda üç Qafqaz ölkəsi təhsil nazirlərinin regional konfransı keçirilmişdir. Tədbirdə Avropa Şurası Baş katibinin siyasi məsələlər üzrə müşaviri Klaus Şuman, Avropa Şurasının digər nümayəndələri və Avropanın bir sıra nüfuzlu ekspertləri iştirak etmişlər.

Konfransda Azərbaycan, Gürcüstan və Ermənistanın təhsil nazirləri tərəfindən imzalanmış birgə Bəyannamə qəbul edilmişdir. Bu layihə çərçivəsində əldə olunmuş səmərəli təcrübədən ali təhsil müəssisələrinin akkreditasiyası (2003-cü il) və ali təhsil sahəsində xarici diplomların tanınması (2004-cü il) üzrə yeni normativ sənədlərin hazırlanmasında geniş istifadə olunmuşdur. Layihənin uğurla həyata keçirilməsi Cənubi Qafqaz ölkələri təhsil nazirlərinin 2004-cü ildə Strasburq şəhərində keçirilmiş konfransında vurğulanmış və birgə Bəyannamə qəbul edilmişdir.

Azərbaycana səfər zamanı Kuman Azərbaycan Respublikası Təhsil Nazirliyində rəsmi görüş keçirmişdir. Görüş zamanı Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Qəbul olunmuş qərarlara əsasən Avropa Şurası ilə Təhsil Nazirliyi arasında aşağıdakı istiqamətlər üzrə əməkdaşlığın əsası qoyulmuş və sonrakı illərdə müvəffəqiyyətlə həyata keçirilmişdir:

-xarici diplomların və kvalifikasiyaların qarşılıqlı tanınması üzrə milli informasiya mərkəzlərinin yaradılması;

-təhsilin keyfiyyətinin təmin edilməsi üzrə mexanizmlərin yaradılması;

-orta məktəblərdə tarix fənninin tədrisi üzrə yeni standartların və tədris proqramlarının hazırlanması;

-orta məktəblərdə tarixin tədrisi üzrə yeni metodik vəsaitlərin hazırlanması;

-tarixin tədrisi metodikası vəsaitinin hazırlanması üzrə regional şəbəkələrin yaradılması;

-Avropa dillərinin tədrisi üzrə proqramların hazırlanması;

-Qafqaz ölkələrində ümumi təhsil, texniki peşə və ali təhsil üzrə qanunvericilik sənədlərinin qəbul edilməsi;

-Avropada ibtidai və orta ümumi təhsil sahəsində siyasətin və islahatların əsas istiqamətləri;

-vətəndaşlıq və demokratiyanın tədrisi sahəsində milli standartların işlənməsi və tədris proqramlarının hazırlanması;

-təhsilin keyfiyyətinin təmin edilməsi üzrə regional əməkdaşlıq əlaqələrinin yaradılması;

-vətəndaşlıq və demokratiyanın tədrisi sahəsində müəllimlərin ixtisasının artırılması proqramlarının, tədris vəsaitlərinin və metodik ədəbiyyatın hazırlanması;

-Avropada ali təhsil sahəsində siyasətin və islahatların əsas istiqamətləri mövzusunda seminarların keçirilməsi;

-ali təhsil sahəsində elmi dərəcələrin strukturunda islahatlar;

-milli azlıqların təhsili sahəsində siyasət.

Layihə çərçivəsində Azərbaycanda "Təhsil haqqında" yeni Qanun layihəsinin Avropa Şurasında müzakirəsindən sonra bu təşkilatın ekspertləri ilə layihənin hazırlanmasında iştirak etmiş mütəxəssislər və Milli Məclisin müvafiq Komitəsinin üzvləri ilə məsləhətləşmələr aparılmış, Avropa Şurasının ekspertləri müzakirələrin nəticələrinə dair təkliflərini 2001-ci ilin yanvar ayında Milli Məclisə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmişlər. Qeyd etmək lazımdır ki, 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Qanunda həmin təkliflər nəzərə alınmışdır. Layihə çərçivəsində 600-dən çox müəllim və təhsil işçisi seminarlarda iştirak etmişdir. "Avropa ölkələrinin ali təhsil şəbəkəsində keyfiyyət qaydaları", "Avropada kredit transferi və kredit toplanması sistemi", "İrland ali ixtisas dərəcələrinin müəyyənləşdirilməsi strukturu ilə Avropada ali təhsil strukturlarının uzlaşması", "Avropada Ali Təhsil Sahəsində İxtisas Dərəcələrinin Strukturu", "Avropa təhsil məkanında keyfiyyətə nəzarət üzrə standartlar və əsas prinsiplər" kitabları Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur.

Demokratik vətəndaşlıq üzrə təhsil. Bu layihə 2002-ci ildən həyata keçirilməyə başlanmışdır. Layihə Avropa Şurasının bütün üzv ölkələrini əhatə edir. Əsas məqsəd Avropa Şurası tərəfindən vətəndaşlıq təhsili sahəsində (insan və cəmiyyət fənni) beynəlxalq standartlara cavab verən yeni tədris proqramlarının, dərslik, dərs vəsaitləri və digər materialların hazırlanmasında ölkələrə, o cümlədən Azərbaycana yardım göstərməkdir.

Layihənin əsas məqsədi Azərbaycanda vətəndaşlıq və demokratiyanın tədrisi sahəsində ümumi vəziyyətlə tanış olmaq, mövcud problemlərin həllini, həmçinin bu sahədə Avropa Şurası ilə əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirməkdir. Layihə çərçivəsində Bakıda Avropa Şurasının ekspertlərinin iştirakı ilə seminar və iclaslar keçirilmiş, təklif olunan tövsiyələr və təcrübə nəzərə alınmaqla Azərbaycanın ümumtəhsil məktəbləri üçün insan və cəmiyyət fənni üzrə yeni tədris proqramının, müəllimlər üçün müasir təlim texnologiyalarına əsaslanan vəsaitin hazırlanmasında istifadə olunmuşdur.

Avropa Şurası 2005-ci ili "Təhsil vasitəsilə demokratik vətəndaşlıq" ili elan etmişdi. Bununla bağlı Təhsil Nazirliyi ümumi və ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla birlikdə insan hüquqları və demokratik vətəndaşlıq mövzuları üzrə konfranslar, seminarlar, "dəyirmi masa"lar və digər tədbirlər həyata keçirmişdir. Layihə çərçivəsində 240 nəfər müəllim müxtəlif mövzularda təlimlərə cəlb olunmuş, "Demokratik vətəndaşlıq üçün təhsil: həyat boyu öyrənmə perspektivi", "Demokratik vətəndaşlıq üzrə təhsil üçün əsas konsepsiyalar və biliklər" adlı kitablar, "Məktəblərdə demokratik vətəndaşlıq üçün təhsilin keyfiyyəti üzrə vəsait", "Demokratik vətəndaşlıq və insan hüquqları təhsili üzrə müəllimlər üçün tədris vəsaiti" Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmuşdur.

Təhsil siyasəti və milli azlıqlar layihəsi. 2003-cü ildən Avropa Şurası Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə bu regional layihəni həyata keçirir. Layihənin əsas məqsədi iştirakçı ölkələrə milli azlıqların təhsili ilə bağlı qanunvericilik sənədlərinin hazırlanmasında yardım göstərilməsi və milli azlıqların təhsil siyasəti sahəsində tövsiyələrin təqdim edilməsidir.

Bu layihənin səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan - Avropa Şurası birgə işçi qrupu yaradılmışdır. Azərbaycan tərəfindən işçi qrupu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi, Təhsil Nazirliyinin üç əməkdaşı və Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə təmsil olunmuşdur. Avropa Şurası tərəfindən işçi qrupunun tərkibinə bu təşkilatın məsul əməkdaşı və Qərbi Avropa ölkələrindən dörd ekspert daxil edilmişdir.

Layihə çərçivəsində 2003-cü ilin may ayında Bakıda "Təhsil siyasəti və milli azlıqlar" mövzusunda milli seminar keçirilmişdir. Seminarda Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri, o cümlədən məktəb direktorları, rus, yəhudi, gürcü və digər milli azlıqların icma rəhbərləri iştirak etmişlər. Seminarda Azərbaycanda milli azlıqlar üçün təhsil siyasətinin istiqamətlərini müəyyənləşdirmək, eyni zamanda ölkəmizdə milli azlıqlar üçün effektiv və bərabər imkanlar prinsiplərinə əsaslanan təhsil siyasətinin işlənib hazırlanması məsələləri müzakirə olunmuşdur.

2003-cü ilin 9-13 noyabr tarixlərində Afinada Avropa ölkələri təhsil nazirləri konfransının 21-ci sessiyası keçirilmişdir. Təhsil Nazirliyinin nümayəndə heyəti Yunanıstanda olmuş və sessiyanın işində iştirak etmişdir. Sessiyada müzakirələrin əsas mövzusu mədəniyyətlərarası təhsil, fərqlərin aradan qaldırılması və demokratiyanın möhkəmləndirilməsi olmuşdur.

Sessiyada Avropa ölkələrinin təhsil nazirləri və təhsil sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatların (Avropa Şurası, Avropa Komissiyası, YUNESKO) rəhbərləri iştirak etmişlər. Avropa Şurası Baş katibinin müavini xanım Muad de Boyer-Buqunçiyo, Avropa Şurasının Baş direktoru Bendik Ruqas və Yunanıstanın təhsil və din məsələləri üzrə naziri Petros Eftimou sessiyadakı çıxışlarında qeyd etmişlər ki, Avropadaxili inteqrasiya prosesləri bu ölkələrdə daha geniş miqrasiyaya gətirib çıxardığına görə mədəniyyətlərarası təhsil məsələsi bütün Avropa ölkələri üçün çox aktualdır və təhsil sistemləri qarşısında gənclərin qarşılıqlı anlaşma, dözümlülük ruhunda tərbiyə edilməsi, eyni zamanda milli azlıqların təhsil hüquqlarının təmin edilməsi kimi yeni vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycanda bu istiqamətdə görülən işlər haqqında məlumat vermiş və bildirmişdir ki, layihə çərçivəsində beynəlxalq işçi qrupu yaradılmış, onun tərkibinə 4 beynəlxalq, 5 azərbaycanlı ekspert və Avropa Şurasının nümayəndəsi daxil edilmişdir

Avropa Şurasının Baş direktoru Bendik Ruqas görüş zamanı Avropa Şurasının Azərbaycanla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və mədəniyyətlərarası təhsil və demokratiyanın tədrisi mövzusunda Azərbaycana xüsusi layihənin təqdim olunacağını qeyd etmişdir.

 Sessiyada Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti işçi qruplarla "Tədris proqramları (kurikulum)", "Təhsil müəssisələrinin idarə olunması", "Müəllimlərin təkmilləşdirilməsi" mövzuları üzrə müzakirələr aparmışdır. Müzakirələr zamanı vurğulanmışdır ki, Ümumavropa təhsil məkanının formalaşdırılması prosesində şagird və tələbələrin Avropa ölkələri xalqlarının mədəniyyətləri və ənənələri ilə daha yaxından tanış olması əhəmiyyətli rol oynayır, tədris proqramlarında mədəniyyətlərarası təhsilə və demokratiyanın tədrisinə daha geniş yer ayrılması zəruridir. Həmin tövsiyələr sessiyanın sonunda qəbul olunmuş Bəyannamədə öz əksini tapmışdır.

Sessiyanın sonunda iştirakçılar Avropa ölkələrinin təhsil sistemlərindəki informasiya və kommunikasiya texnologiyalarının daha geniş tətbiqi ilə bağlı məsələləri də müzakirə etmişdir. Keçirilən müzakirələrin nəticəsi kimi nümayəndə heyətləri tərəfindən iki Bəyannamə qəbul olunmuşdur: 1.Yeni Avropa kontekstində mədəniyyətlərarası təhsil. 2.Avropa ölkələrinin təhsil sistemlərində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması.

Sessiya zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi nümayəndə heyətinin bir sıra ölkələrin təhsil nazirləri və nümayəndə heyətlərinin başçıları ilə (o cümlədən Türkiyə, Rusiya Federasiyası, Polşa, Estoniya, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan və Moldova) qeyri-rəsmi görüşləri də olmuşdur. Danışıqlar zamanı Azərbaycanla bu ölkələr arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. YUNESKO-nun MDB üzrə koordinatoru Aleksandr Sannikovla görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin YUNESKO-nun layihələrinə daha geniş cəlb olunması məsələləri də müzakirə edilmişdir.

2005-ci ildə "Azərbaycanda milli azlıqlar üzrə təhsil siyasəti" mövzusunda Avropa Şurası və Azərbaycanın birgə yekun hesabatı dərc olunmuşdur. Hesabatda Azərbaycanda milli azlıqlara öz dillərində təhsil almaları üçün bütün lazımi şəraitin yaradılması xüsusi qeyd edilmişdir. Eyni zamanda milli azlıqların təhsili sahəsində siyasətinin təkmilləşdirilməsi məqsədilə hesabata konkret tövsiyələr daxil olunmuşdur.

Layihə 2007-ci ildə başa çatmış, 150 nəfər müəllim və təhsil işçisi təlim seminarlarında iştirak etmişdir.

Ali təhsilin idarə edilməsində tələbələrin iştirakı layihəsi. MDB ölkələrində, o cümlədən Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatlara dəstək məqsədilə Avropa Şurası və Azərbaycan Respublikası Təhsil Nazirliyi ölkəmizdə bu xüsusi layihəni həyata keçirirlər.

Layihənin həyata keçirilməsi şərtlərinə uyğun olaraq Təhsil Nazirliyi Avropa Şurasına milli hesabat təqdim etmişdir. Eyni zamanda layihəni effektiv şəkildə həyata keçirmək məqsədilə 5 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupuna Təhsil Nazirliyinin, tələbə təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri daxil edilmişdir. Ali təhsil müəssisələrinin idarə edilməsində tələbələrin fəal iştirakının ali təhsilin keyfiyyətinin təmin edilməsi prosesinin tərkib hissələrindən və 1999-cu ildə qəbul olunmuş Boloniya Deklarasiyasının şərtlərindən biri olması bu layihənin aktuallığını bir daha sübut edir.

Cənubi Qafqaz ölkələrində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə tədris layihəsi. Bu layihə Avropa Şurası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 2007-2009-cu illər üzrə Əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın təhsil müəssisələrində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi prosesinin təkmilləşdirilməsi, bu sahə üzrə kurikulumların və müəllimlər üçün tədris vəsaitinin hazırlanmasıdır.

Layihə çərçivəsində Təhsil Nazirliyinin nümayəndə heyəti 2008-ci ilin 18-19 fevral tarixlərində Strasburqda keçirilmiş regional konfransda iştirak etmişdir. Konfransda layihənin İşçi Proqramı qəbul edilmiş, eyni zamanda qərara alınmışdır ki, ilkin mərhələdə layihənin mahiyyətinin təhsil işçilərinə və ictimaiyyətə çatdırılması məqsədilə region ölkələrində Avropa Şurası ekspertlərinin iştirakı ilə milli konfranslar keçirilsin və müəllimlər üçün treninqlər təşkil edilsin. İşçi Proqrama uyğun olaraq Azərbaycanda milli konfrans 2008-ci ilin 24-25 aprel tarixlərində Bakıda keçirilmişdir. Konfransda Avropa Şurasının 5 eksperti, Azərbaycanın dövlət qurumlarının, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat və müəllimləri təkmilləşdirmə institutlarının, qeyri - hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Bu layihə çərçivəsində 2008-ci ilin 19-20-iyun tarixlərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri üçün mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı mövzuların tədrisinə həsr olunmuş treninqlər keçirilmişdir. Layihənin növbəti mərhələsində müəllimlər üçün işçi seminarları keçirilmiş və mədəniyyətlərarası təhsil üzrə müəllimlər üçün dərs vəsaiti - "Tarixin tədrisində çoxtərəfli yanaşma" adlı vəsait hazırlanmış və nəşr edilmişdir.

Layihə çərçivəsində 240 nəfər müəllim, metodist, məktəb rəhbəri treninqlərdə iştirak etmişdir.

Onu da qeyd etmək lazımdır ki, Avropa Şurası ilə əməkdaşlıq əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin və müzakirələrin böyük əhəmiyyəti olmuşdur. Belə ki, Avropa Şurasının Baş katibi Valter Şvimmerin dəvəti ilə Təhsil Nazirliyinin nümayəndə heyəti 14-15 aprel 2003-cü il tarixlərində Strasburq şəhərində rəsmi səfərdə olmuşdur. Səfərin əsas məqsədi ikitərəfli əməkdaşlığın vəziyyəti haqqında fikir mübadiləsi aparmaq, gələcək əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək, Avropa Şurasının rəhbərliyini Azərbaycanda son illər təhsil sahəsində aparılan islahatlarla tanış etmək və Avropa Şurasının rəhbərliyinə ikitərəfli əməkdaşlığın daha səmərəli qurulması məqsədilə Azərbaycan tərəfinin təklif və tövsiyələrini təqdim etmək idi. Səfər çərçivəsində Avropa Şurasının Baş katibi V.Şvimmer ilə görüş keçirilmiş və təhsil sahəsində həyata keçirilən islahatlar haqqında qısa məlumat verilmişdir. Əsas diqqət ikitərəfli əməkdaşlığın inkişafına və 2000-2002-ci illərdə həyata keçirilmiş layihələrin nəticələrinin müzakirəsinə yönəldilmişdir. "Qafqaz xalqlarının tarixi" dərs vəsaitinin hazırlanmasının böyük nailiyyət hesab olunduğu qeyd olunmuş, bu istiqamətdə hətta keçmiş Sovet İttifaqında müxtəlif sərəncamların verilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmadığı halda, Avropa Şurasının köməyi ilə qısa müddətdə bu mühüm işin başa çatmaqda olması yüksək dəyərləndirilmişdir. Qeyd edilmişdir ki, bu vəsaitin hazırlanması Azərbaycan haqqında obyektiv məlumatların Qərbi Avropa məktəblilərinə və geniş oxucu auditoriyasına ingilis dilində təqdim olunması imkanları yaratmışdır.

Azərbaycanın milli azlıqların təhsili sahəsində yeni layihəyə qoşulması ilə əlaqədar müzakirələrdə Təhsil Nazirliyinin nümayəndə heyəti qeyd etmişdir ki, ölkəmizdə bu sahədə heç bir problem olmasa da, Azərbaycan tərəfi milli azlıqların təhsilinin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün Avropa Şurası ilə bu istiqamətdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bu səfərdə başlıca məqsədlərdən biri də ölkəmizin Ermənistanın iştirak etdiyi regional layihələrdə iştirakda maraqlı olmadığını Avropa Şurası rəhbərliyinə çatdırmaq olmuşdur. Bu məsələ ilə bağlı V.Şvimmerin diqqətinə çatdırılmışdır ki, Azərbaycan təhsil sahəsində bütün ölkələrlə əməkdaşlığa hazırdır, lakin Ermənistanın Azərbaycana təcavüzünə son qoyulanadək bu ölkə ilə Azərbaycanın əməkdaşlığı mümkün hesab edilmir. Bunu nəzərə alaraq, gələcək əməkdaşlıq proqramlarının bəzi aspektlərinə yenidən baxılması və təhsilin konkret sahələrində Azərbaycana yardım göstərilməsinə yönəlmiş ikitərəfli əməkdaşlığa daha çox diqqət yetirilməsinin zəruriliyi vurğulanmışdır.

Vvimmer Avropa Şurası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığı yüksək qiymətləndirmiş, eyni zamanda Avropa Şurasının əməkdaşlıq və yardım proqramlarının davam etdirilməsinin vacibliyini bildirmişdir.

Səfər çərçivəsində Təhsil Nazirliyi nümayəndə heyətinin Avropa Şurasının siyasi məsələlər üzrə direktoru Klaus Şumanla görüşü keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə Avropa Şurası arasında münasibətlərin dərinləşməsinin siyasi əhəmiyyəti vurğulanmış, Avropa Şurasının təhsil sahəsində həyata keçirilən bir sıra layihələri vasitəsilə bu təşkilatın dəyərlərinin Cənubi Qafqaz bölgəsində tətbiq edilməsinin və bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsinin zəruriliyi qeyd olunmuşdur. Təhsil Nazirliyinin nümayəndə heyəti K.Şumana məcburi köçkünlərin təhsili ilə əlaqədar mövcud çətinliklər, çadır şəhərciklərində fəaliyyət göstərən məktəblərin problemləri və Azərbaycan Respublikasının Prezidenti və hökumətinin bu problemin həlli istiqamətində atdığı konkret addımlar haqqında ətraflı məlumat vermişdir.

Avropa Şurası Orta Təhsil Departamentinin direktoru Qabriel Mazza ilə keçirilən görüşdə 2003-cü il üçün əməkdaşlıq proqramı ətraflı müzakirə olunmuş, eyni zamanda Avropa Şurası tərəfindən idarə olunan müxtəlif təhsil layihələrini (Demokratik vətəndaşlıq üzrə təhsil, Milli azlıqlar üzrə təhsil siyasəti, Qafqaz xalqlarının tarixi, Orta məktəblər üçün yeni tarix dərsliklərinin hazırlanması layihələri) əlaqələndirən departamentlərin rəhbərləri ilə görüşlər keçirilmişdir.

Avropa Şurasının Parlament Assambleyasının məsul əməkdaşları ilə sonrakı görüşlər zamanı əməkdaşlıq və yardım proqramlarına dair konkret təkliflər və Avropa Şurasının ekspertləri tərəfindən təqdim edilən müxtəlif təşəbbüslər ətraflı müzakirə olunmuşdur. Parlament Assambleyasının nümayəndələri ilə görüş zamanı Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyətinin gördüyü işlər haqqında fikir mübadiləsi aparıldı, onun fəaliyyəti yüksək qiymətləndirildi.

Avropa Şurasının Baş katibi Valter Şvimmerin təşəbbüsü ilə 7-18 may 2005-ci il tarixlərində Strasburqda Cənubi Qafqaz ölkələrinin təhsil nazirlərinin konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti də iştirak etmişdir. Konfransın əsas məqsədi iştirakçıları və Avropa Şurası ekspertlərini Cənubi Qafqaz ölkələrində ali təhsil sahəsində keçirilən islahatların gedişi və təhsilin inkişafının prioritet istiqamətləri ilə tanış etmək, eyni zamanda Avropa Şurası ilə birgə həyata keçirilmiş layihə və proqramların nəticələrinin və 2004-2006-cı illər üçün əməkdaşlıq proqramlarının müzakirəsi olmuşdur. Nazirliyin nümayəndə heyəti konfrans iştirakçılarını Azərbaycanda həyata keçirilən islahatlar haqqında, o cümlədən təhsilin keyfiyyətinin təmin edilməsi, ali təhsil sahəsində xaricdə qazanılmış ixtisasların tanınması, ali təhsil müəssisələrinin attestasiyası və akkreditasiya proseduru haqqında ətraflı məlumatlarla tanış etmişdir. Eyni zamanda Azərbaycanın Boloniya prosesinə qoşulması haqqında niyyətini Avropa Şurasına çatdırmışdır.

Avropa Şurasının rəhbərliyi tərəfindən qeyd olunmuşdur ki, təşkilat Azərbaycana Boloniya prosesinin şərtlərini yerinə yetirmək üçün konkret ekspert və konsultativ yardım göstərməyə hazırdır. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri 2005-2006-cı illər üçün Avropa Şurası ilə əməkdaşlıq proqramına daxil olunmuşdur.

Konfrans zamanı nazirliyin nümayəndə heyəti Avropa Şurasının məsul nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri və konkret layihələri, o cümlədən məcburi köçkün uşaqlar üçün təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sahəsində ixtisasların tanınmasında ekspert yardımının göstərilməsi ilə bağlı müzakirələr aparmışdır. Eyni zamanda Avropa Şurası Orta Təhsil Departamentinin direktoru Qabriel Mazza, Avropa Şurası Ali Təhsil və Tədqiqatlar Departamentinin direktoru Şur Berqanla görüşlər keçirmişdir. Konfrans zamanı üç Cənubi Qafqaz ölkəsinin nümayəndə heyəti başçılarının Avropa Şurasının Baş katibi Valter Şvimmerlə birgə görüşü olmuşdur. Konfransın sonunda müvafiq Bəyannamə, 2006-cı il üçün əməkdaşlıq üzrə çərçivə proqramı və digər sənədlər qəbul edilmişdir.

Avropa Şurası ilə təhsil sahəsində əməkdaşlığın istiqamətlərindən biri də Azərbaycanın Boloniya prosesinə inteqrasiyası çərçivəsində müxtəlif layihələrin icrasıdır. Avropa Şurasının Ali Təhsil və Tədqiqatlar üzrə Rəhbər Komitəsi Avropa Vahid Ali Təhsil Məkanının formalaşması üçün kifayət qədər əhəmiyyətli tədbirlər həyata keçirir. Bir çox hallarda bu tədbirlər Avropa İttifaqının təhsil üzrə müvafiq qurumları ilə əlaqəli şəkildə təşkil olunur. Bu tədbirlər sırasında Boloniya prosesinə yeni qoşulmuş ölkələrdə ali təhsil sahəsində islahatlara yardım göstərmək məqsədilə təşkil olunan seminar və konfranslar xüsusilə qeyd olunmalıdır.

2005-ci ilin 20-21 aprel tarixlərində Bakıda Avropa Şurasının texniki və ekspert yardımı ilə "Boloniya prosesi: Ali təhsil sahəsində Avropa siyasəti və islahatların həyata keçirilməsi" mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Avropa Şurası Ali Təhsil və Tədqiqatlar Departamentinin rəhbəri Şur Berqan və Qərbi Avropa ölkələrindən bir sıra nüfuzlu ekspertlər iştirak etmişlər.

Konfransda Avropa Şurasının ekspertləri ilə birlikdə Azərbaycanda ali təhsil sahəsində islahatların həyata keçirilməsi, ali təhsilin inkişafında tələbələrin rolu, ali təhsildə sosial amil, Şərqi Avropa ölkələrində Boloniya prosesinin həyata keçirilməsi, ali təhsil müəssisələrinin idarə edilməsində tələbələrin rolu, təhsilin keyfiyyətinin təmin edilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Avropa Şurası ilə səmərəli əməkdaşlıq nəticəsində Azərbaycan 19 may 2005-ci ildə Boloniya prosesinə qoşulmuş və bununla əlaqədar xüsusi fəaliyyət planı qəbul edilmişdir. 2006-cı ildən başlayaraq Avropa Şurası Azərbaycanda Boloniya prosesinin şərtlərinin həyata keçirilməsi üzrə layihələrin icrasına başlamışdır.

Azərbaycanın Avropa Şurası ilə təhsil sahəsində uğurlu əməkdaşlığı hazırda davam edir. Təşkilatın təhsil siyasətini formalaşdıran və icra edən iki qurum - Təhsil üzrə Rəhbər Komitə, Ali Təhsil və Tədqiqatlar üzrə Rəhbər Komitə ilə yaranmış işgüzar əlaqələr bu istiqamətdə gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına əsas verir. 

 

 

(Ardı var)

 

Misir MƏRDANOV

 

Azərbaycan müəllimi.-2010.-30 aprel.-S.4-5.