Bristol Universiteti

 

Yerləşir:                           Böyük Britaniya, İngiltərə, Bristol şəhəri   

Yaranma tarixi:               1909-cu il 

Tipi:                                 Dövlət   

İşçi heyəti:                       5038 nəfər

Tələbələrin sayı:             18144 nəfər

İllik gəlirləri:                   373 milyon funt-sterlinq

İllik xərcləri:                    375 milyon funt-sterlinq

Rəsmi saytı:                     www.bristol.ac.uk  

 

Bristol Universiteti (University of Bristol) Böyük Britaniyada, İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Bristol Universiteti 100 ən yaxşı ali məktəb arasında 34-cü yerdədir.

Bristol Universiteti Rassel, Koimbra Ümumavropa qruplarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. Universitetin vitse-kansleri Erik Tomas hazırda Beynəlxalq Universitetlər Şəbəkəsinin sədridir.

 

Tarixi

 

1595-ci ildə Bristol şəhərində Ticarət Avantüristləri Texniki Kolleci (sonradan Bristol Universitetinin mühəndislik fakültəsinə çevrilir), 1833-cü ildə Tibb Məktəbi, 1876-cı ildə isə Universitet Kolleci yaradılıb. Universitet Kolleci ölkədə qızlarla oğlanlara birgə təhsil almaq hüququ verən ilk  ali məktəb olub. Lakin 1906-cı ilədək burada qızlara tibbi təhsil almağa icazə verilməyib.

Universitet Kollecinin universitetə çevrilməsində Uills və Fray ailəsinin böyük rolu olub. Hər iki ailə tütün və kakao plantasiyalarından əldə etdikləri gəlirləri universitet yaradılması üçün şəhər rəhbərliyinə verirlər. 1909-cu ilin 24 mayında Kral nizamnaməsinə əsasən, Universitet Kolleci Bristol Universiteti adlandırılır. Universitetin ilk kansleri Henri Overton III Uills, vitse-kansleri isə Konvi Lloyd Morqan təyin edilirlər. 1911-ci ildə Uills vəfat edir. Onun oğulları Corc və Harri atalarının şərəfinə Uills Memorial qülləsi ucaldırlar. Qüllənin tikintisinə 1913-cü ildən başlanılır və 1925-ci ildə başa çatır. Hazırda qüllənin böyük zalında təntənəli tədbirlər, buraxılış  mərasimləri keçirilir, bir sıra akademik sahələr burada yerləşir. 1920-ci ildə Corc Uills Viktoriya otaqları binasını alır və universitetə bağışlayır. Hazırda binada Musiqi Departamenti yerləşir.

1929-cu ildən 1965-ci ilədək Uinston Çörçill  Bristol Universitetinin kansleri olur. II Dünya müharibəsi zamanı Uills Memorial qülləsi bombardmana məruz qalır və binanın bir hissəsi uçur.

1946-cı ildə müharibədən qayıdan hərbçilərin məskunlaşması məqsədi ilə Bristol Universiteti xüsusi qrant və imtahanlar təşkil edir. Getdikcə universitetin tələbələrinin sayı artır, xüsusilə də mühəndislik fakültəsində. Bundan irəli gələrək 1955-ci ildə universitetin Kraliça binası tikilir. Hazırda bu binada "ağır" texniki fənlər (maşınqayırma, aeronaviqasiya və s.) tədris edilir.

2003-cü ildə universitetə qəbulun şəffaf aparılmaması ilə bağlı qalmaqal yaşanır. Universitet ittihamlarla razılaşmır və 2005-ci ildə aparılmış genişmiqyaslı təhqiqatdan sonra heç bir qanunsuzluq aşkarlanmır. 

 

Büdcə və təhsil haqqı

 

2009-2010-cu ildə Bristol Universitetinin illik gəlirləri ümumilikdə 373 milyon funt-sterlinqə bərabər olub. Həmin məbləğin 70 milyonu təhsil haqqı,  137 milyonu maliyyə qrantları, 100 milyonu tədqiqat və sazişlər, 5,7 milyonu ianə fondu, 59 milyonu isə digər vasitələr hesabına əldə olunan gəlirlərdir.

Ötən il universitetin ümumi xərcləri təxminən 375 milyon funt-sterlinq olub. Belə ki, bu vəsaitin 228 milyonunu əməkhaqqı, 101 milyonunu müxtəlif əməliyyat xərcləri, 31 milyonunu amortizasiya xərcləri (avadanlığın işlənməsi nəticəsində get-gedə onun qiymətinin azalması, borcun tədriclə ödənilməsi), qalanlarını isə digər xərclər təşkil edib.

Bristol Universitetində təhsil haqqı, dünyanın digər universitetlərində olduğu kimi, fakültə və proqramdan asılı olaraq fərqlənir. Burada bakalavr pilləsində təhsil haqqı 2009-2010-cu tədris ilində Böyük Britaniya və Avropa İttifaqından olan tələbələr üçün orta hesabla 3290 funt-sterlinq, magistratura pilləsində isə təxminən 4200 funt-sterlinq təşkil edib. Əcnəbi tələbələrin təhsil haqqı 11900, 14950, 27600 funt-sterlinq arasında dəyişir.

Bristol Universitetində tələbələrin ailə büdcəsindən asılı olaraq onlara təqaüd (maddi yardım) verilir. Əgər tələbənin ailə gəlirləri 25000 funt və ya daha aşağıdırsa, tələbəyə 1200 funt-sterlinq məbləğində təqaüd verilir. 25001-40000 funt-sterlinq ailə büdcəsinə malik tələbə 770, 40001-50020 funt-sterlinq ailə büdcəsinə malik  tələbə isə 310 funt-sterlinq dəyərində təqaüd alır.

 

Universitet bu gün

 

Bristol şəhəri çox maraqlı və gözəl liman şəhəridir. Burada insanlarla dolu, hay-küylü, qaynar şəhər həyatına malik və sakit kəndi xatırladan küçələr, qədim və müasir tikililər bir-birini əvəz edir. Teatrlar, kinolar, komediya klubları, muzeylər, qalereyalar, gözəl parklardan başqa, burada təşkil olunan müxtəlif festivallar, yarmarkalar, yarışlar şəhəri daha cəlbedici edir. Bristolu parkların, bağların, otluqların çoxluğuna görə "yaşıl şəhər" adlandırırlar. Şəhər sakinləri nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verirlər. Buna görə də bu şəhər ekoloji cəhətdən çox təmizdir.

Bristol Universitetinin yataqxanaları universitetin Klifton və Stok Bishop ərazilərində yerləşir. 2005-ci ilin sentyabrından yataqxanalar "A2Dominion Mənzil Qrupu" tərəfindən idarə olunur. Yataqxanalarda orta hesabla 3500-dən çox tələbə yerləşdirilə bilər. Stok Bishopda yerləşən Uills yataqxanası 1929-cu ildə universitetin kansleri olmuş Uinston Çörçill tərəfindən tikdirilib. Universitetin məşhur yataqxanalarından Çörçill, Bedok, Hiatt Beyker, Durdhem, Qoldni, Manor və s. qeyd etmək olar. Yataqxanalar kabel televiziyası, İnternet, camaşırxana, yeməkxana, idman zalları, tennis kortları, mağazalar, kafelər və digər xidmətlərlə təmin olunub. Müxtəlif millətləri və mədəniyyətləri təmsil edən tələbələrin bir yerdə yaşamalarına baxmayaraq, burada dostluq və mehribançılıq hökm sürür. 

2009-2010-cu ildə yataqxanalarda bir otağın 38 həftəlik qiyməti 4400-5030 funt-sterlinq, bir otaq və hamam 5500 funt-sterlinq, ümumi otaq isə 3600 funt-sterlinq olub. Yataqxanalarda ailəli, uşaqlı tələbələr üçün də şərait yaradılıb.

Sağlamlığı məhdud tələbələrə  universitetdə xüsusi xidmətlər göstərilir. Universitet şəhərciyində tələbələrin sərbəst hərəkətini təmin etmək üçün xüsusi avtobuslar mövcuddur, lakin tələbələr daha çox velosipedlərə üstünlük verirlər.

Universitetdə özəl yataqxanalar da mövcuddur. Özəl sektorda bir otağın 52 həftəlik qiyməti 3800 funt-sterlinqdir. Bundan əlavə, tələbə hər ay istilik sistemi, isti və soyuq su, elektrik enerjisi ilə təminat üçün 40 funt-sterlinq ödəməlidir. Demək olar ki, bütün tələbələr birinci kursdan sonra özəl yataqxanalarda qalırlar. Tələbələrin özəl yataqxanalarda məskunlaşmaları ilə Yerləşmə ofisi məşğul olur.

Bristol Universitetinin nəzdində 6 fakültəyə bölünmüş 34 departament fəaliyyət göstərir. Bunlar incəsənət, mühəndislik, tibb və stomatologiya, tibb və baytarlıq, sosial elmlər və hüquq, elmlər fakültələridir. Hər fakültəyə dörd ildən bir dəyişən  dekan rəhbərlik edir. İncəsənət fakültəsinə arxeologiya və antropologiya; teatr, kino, televiziya; incəsənət tarixi; musiqi; fəlsəfə; klassika və qədim dünya tarixi; ingilis dili; tarixi tədqiqatlar; ilahiyyat və dinşünaslıq; fransız dili; alman dili; İspaniya, Portuqaliya və Latın Amerikası tədqiqatları; italyan dili; rus dili  bölmələri daxildir. Mühəndislik fakültəsi aerokosmik sənaye; vətəndaş quruculuğu; kompüter elmləri; elektrik və elektron mühəndislik; riyaziyyat mühəndisliyi; maşınqayırma; dizayn mühəndisliyi bölmələrindən ibarətdir. Tibb və stomatologiya fakültəsinə Şimali, Cənubi Bristolda kliniki elmlər; tibb cəmiyyəti; stomatoloji elmlər; səhiyyə departamentləri daxildir. Tibb və baytarlıq fakültəsinə anatomiya; biokimya; hüceyrə və molekulyar tibb; kliniki baytarlıq elmi; fiziologiya və formakologiya bölmələri daxildir. Sosial elmlər və hüquq fakültəsi audiologiya; siyasət; ictimai fəaliyyət; sosiologiya; ali məktəb pedaqogikası; coğrafiya elmləri; siyasi tədqiqatlar; balans tədqiqatları; fiziki tərbiyə, qidalanma və sağlamlıq elmləri; mühasibatlıq və maliyyə; iqtisadiyyat; idarəetmə; hüquq; Şərqi-Asiya tədqiqatları  bölmələrindən ibarətdir. Elmlər fakültəsinə bioloji; coğrafi; yer haqqında elmlər; kimya; eksperimental psixologiya; riyaziyyat; fizika bölmələri daxildir.

Bristol Universiteti tələbələrə bakalavr, magistr, kiçik və böyük doktorluq dərəcələri təklif edir. Britaniya universitetlərində postnominal dərəcəsi də verilir.

Universitetin kitabxana sistemi 13 bölmədən ibarətdir. Bunlar Uills Memorial (hüquq, yer elmləri üzrə kitablar, Avropa Sənədləşmə Mərkəzi yerləşir), Mariya Merser Fizika, Baytarlıq, İctimai Səhiyyə, Kraliça Binası (mühəndislik, riyaziyyat və kompüter elmlərinə aid kitablar toplanıb), Tibb, Stomatologiya, Biologiya Elmləri, Uorsli Kimya, Təhsil, Humanitar və Sosial Elmlər, Coğrafiya, Fasiləsiz Təhsil kitabxanalarıdır. Kitabxana sisteminə  ümumilikdə 1446766 kitab, 9285 jurnal, 1196 elektron kitab, verilənlər bazası və s. daxildir. Hər il kitabxanaya 20000-dən çox kitab, jurnal, dövri nəşr daxil olur. Kitabxanalar nadir kitab və əlyazmalarla zəngindir. Kitabxanada 120 nəfər işçi çalışır. 

Bristol Universitetində Botanika bağı, Geologiya muzeyi və teatr fəaliyyət göstərir. Geologiya muzeyində 100000-dən çox onurğalı və onurğasız qazıntı halında tapılan canlılar, dağ süxurları, minerallar, qiymətli daşlar saxlanılır. Bütün bu əşyalar foye və koridorlarda düzülmüş xüsusi şkaflarda sərgilənir. Bir çox kolleksiyalar isə muzeyin zirzəmilərində qorunur. Geologiya muzeyi ona yaxın yerləşən Bristol Siti muzeyi və Rəssamlıq qalereyasından ayrı, Bristol Universitetinin nəzdində fəaliyyət göstərir.

Botanika bağı Stok Bishopda 1,77 hektar ərazidə yerləşir. Bağ 2005-ci ildən salınmağa başlayıb və bu layihə məzunların yüksək maddi yardımı sayəsində həyata keçirilib. Burada 4 mövzuda bitkilər becərilir: Təkamül, Aralıq dənizi iqlimi regionları, faydalı, yerli flora və nadir bitkilər. Botanika bağında Bağ Dizaynı Məktəbi mövcuddur. Məktəbdə müxtəlif kurs və proqramlar təşkil olunur. Uğurlu bağban olmaq istəyən şəxslər bura müraciət edə bilərlər.

Bristol Universitetinin kansleri Universitet Şurası tərəfindən 10 il müddətinə seçilir. Kansler ali məktəbə rəhbərlik edir, elmi dərəcələr verir və s. 12 mart 2004-cü ildən Bristol Universitetinin kansleri xanım Heyl Riçmonddur. O, bu ali məktəbin ilk qadın rəhbəridir. Kanslerin 4 köməkçisi (rqo-kanslerlər) var. Universitetin vitse-kansleri isə professor Erik Tomasdır. Hazırda Bristol Universitetində ümumilikdə 5038 nəfər işçi çalışır. Onların 2271 nəfərini professor-müəllim heyəti, 524 nəfərini texniki, 2243 nəfərini isə inzibati heyət təşkil edir.

Bristol Universitetinin tələbələrinin ümumi sayı 18144 nəfərdir. Onların 12963 nəfərini bakalavrlar, 5181 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Bakalavr pilləsində təhsil alan əcnəbi tələbələr 1129, magistr və doktorantura pilləsində təhsil alan  əcnəbilər isə 1286 nəfərdir.

Ali məktəbin Bristol Universiteti Təşkilatı ölkənin ən böyük tələbə təşkilatıdır. Təşkilatın hazırkı sədri Piçi Ouendir. Təşkilat daxilində doktorantlar birliyi və idman cəmiyyəti var. Tələbələr dərsdən sonra musiqi ilə, idmanla məşğul olur, muzeylərə, sərgilərə, teatrlara gedir, təbiət qoynuna, şəhərin mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil edir, müxtəlif festivallar, konsertlər keçirir, bir sözlə, vaxtlarını səmərəli keçirməyə çalışırlar.

Bristol Universiteti beynəlxalq şöhrətə malik olan təhsil ocağıdır. Burada dünyanın bütün ölkələrindən olan tələbələrə rast gəlmək olar. Ali məktəb tələbələrə Britaniya akademik mədəniyyəti ilə yanaşı, dünya təcrübəsini də öyrədir. Universitetin vitse-kansleri Erik Tomas rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında yazır: "Bristol Universiteti gözəl Bristol şəhərinin mərkəzində yerləşən valehedici akademik reputasiyaya malik bir elm mərkəzidir. Tələbələrimiz cəmiyyətin müxtəlif təbəqəsini təmsil edirlər, bu isə universitetimizi daha da zənginləşdirir. Biz bütün insanların bərabərliyinə inanırıq və bəşəriyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdiririk".

 

 

Universitetin məşhur məzunları

 

Nkosazana Dlamini-Zuma       Cənubi Afrika Respublikasının xarici işlər naziri  

Manuel Esquivel                      Belizin sabiq Baş naziri  

Alastair Sammerli                    Guellph Universitetinin prezidenti   

Bill MakMillan                        Şərqi İngiltərə Universitetinin  vitse-kansleri  

Devid Uilyam                           Rind  Siti Universitetinin vitse-kansleri  

         Jan-Mari Qüstav                     Le Klezio  yazıçı, Nobel mükafatı laureatı  

Harold Pinter                           yazıçı, Nobel mükafatı laureatı  

Maks Delbruk                         tibb üzrə Nobel mükafatı laureatı  

Paul Dirak                                fizika üzrə Nobel mükafatı laureatı  

Nevill Mott                               fizika üzrə Nobel mükafatı laureatı  

Sesil Frank                               Pauell fizika üzrə Nobel mükafatı laureatı  

Doroti Hodkin                          kimya üzrə Nobel mükafatı laureatı  

Ser Uilyam Ramsey                 kimya üzrə Nobel mükafatı laureatı  

Herxard Hersberq                   kimya üzrə Nobel mükafatı laureatı  

 

 

Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- 14-15.