Filologiyada yaşanmış
ömür
Bəkir Nəbiyev böyük ədəbiyyat
dünyasına novator kimi gəldi. Həmişə bədii ədəbiyyat
tarixi tələbata görə, cəmiyyətin zövqünə
görə formalaşıb. İctimai sifariş olaraq, əsl
ədəbiyyat, bəşəri ədəbiyyat həmişə
ömrünü belə yaşayıb və bu gün də
elə yaşayır. Bir vaxt özünün zamanının
aynası sayılan ədəbiyyat faktı olmasını Nəsimi
belə ifadə elədi: Ərşilə fərşü
kafü nun məndə bulundu cümlə çün... Zərrə
mənəm, günəş mənəm, çar ilə pəncü
şeş mənəm...
İki əsr sonra Nəsiminin
çiynində yüksələn Füzuli özünü,
sənət yolunu bu şəkildə elan etdi:
Qəzəldir
səfabəxşi-əhli-nəzər...
...Qəzəl de ki, məşhuri-dövran
ola.
Daha iki əsr sonra Vidadi
ilə Vaqif dedilər ki, Külli Qarabağın abi-həyatı,
Nərmi-nazik bayatıdır, bayatı.
Bu böyük sələflərindən
mükəmməllik öyrənib, öz üslubunu öz zəmanəsinin
estetik tələbləri üstündə quran Sabir daha iki əsr
keçdikdən sonra ustadlarına arxa çevirdi və onlara
güldü:
Ey alnın ay,
üzün günəş, ey qaşların kəman...
...Qah, qah!.. Qəribə
gülməlisən xaniman xərab!..
Bu dövrün şeiri
də bu idi.
Və beləcə Azərbaycan
sovet ədəbiyyatını, yeni dövrün ədəbiyyatını
yaradan böyük sənətkarların ədəbi tənqidi
yetişdi. C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, R.Rza,
M.Rahim, Mir Cəlal, M.İbrahimov... ədəbiyyatının
təhlilini verən Ə.Nazim, M.Quliyev, M.Rəfili, M.Arif, M.Cəfər
kimi tənqidçilər nəsli fəaliyyət göstərdi.
Hər dövrün bədii
yaradıcılığını o nəslin
yaşıdı olan ədəbi tənqid daha dürüst dəyərləndirir.
Çünki eyni nəsildən olan yazıçı və
tənqidçi eyni ictimai və estetik zövqün yetirmələri
olurlar və bir-birlərini daha rahat duyurlar. Keçən əsrin
50-ci illərində yeni üslubi istiqamətdə, ətraf
mühiti daha həssaslıqla qavrayan və əks etdirən,
müasir dünya ədəbiyyatına aldıqları filoloji
biliklə, öz ağsaqqal nəsil
yazıçılarımızdan öyrəndikləri sənətkarlıq
təcrübəsi ilə daha yaxından təmas edən təzə,
gənc ədəbiyyat nəsli yaranırdı. Bu
yazıçı və şairlərin işlətdikləri
dil-ifadə nümunələri də əvvəlkilərdən
fərqlənirdi. İ.Səfərli, B.Vahabzadə,
İ.Şıxlı, İ.Hüseynov, S.Əhmədov, Ə.Kərim
nəsli ədəbiyyatımıza yeni nəfəs gətirir,
müasirləri olan gənc oxuculara yeni zövq
aşılayırdılar.
Universitetin filoloji
fakültəsinin tələbəsi Bəkir Nəbiyev bu cavan
ədəbiyyatın tənqidçisi oldu. Gənc Bəkir gənc
ədəbiyyatı təcrübəli tənqidçilərdən
daha artıq həssaslıqla duyurdu. Bir növ atalar-oğullar
qarşıdurmasına bənzər ədəbi fikir
haçalanması meydana çıxırdı. Atalar
keçmişə daha rəğbətlə baxar, müəyyən
dərəcəyə qədər mühafizəkar olar,
yeniliyə bir qədər tərəddüdlə
yanaşarlar. Oğullar heç bir tərəddüd göstərmədən
yenilikdən dörd əllə yapışar, yeniliyi dərhal
duyar və onu qoruyarlar. Təbii ki, söhbət istedadlı
oğullardan gedir, tutuquşu oğullardan yox. Bəkir Nəbiyevin
yenilikçi zövqü ilə ədəbi prosesə gəlişini
ədəbi prosesin özü hiss etdi və onu qəbul etdi.
Mən filologiya
fakültəsinin birinci kursunda olanda o, dördüncü, ya
beşinci kursda idi. Onda biz onu tələbə həmkarımız
kimi yox, üslublu bir tənqidçi kimi tanıyırdıq.
Onun ədəbi tənqiddəki yenilikçiliyini, məsələn,
həmin onillikdə Əli Kərimin şeirdəki
novatorluğu kimi qəbul edirdik. Mən həmin illərdə
Natəvan klubunda S.Vurğunun, M.Hüseynin iştirak etdikləri
məclislərdə rəğbətlə qarşılanan
çıxışları ilə Bəkirin
özünü, dərin biliyini göstərməsinin
şahidi olmuşam. Hələ o zamanlar, mətbuatdakı
yazıları ilə yanaşı, bu gün müxtəlif
kürsülərdən, televiziyalardan eşitdiyimiz aydın,
rəvan çıxışları ilə də Bəkir
diqqəti cəlb edirdi.
Təbii ki, oxuduğu Azərbaycan
Dövlət Universiteti Bəkir Nəbiyevin bu istedadına
laqeyd qala bilməzdi. Aspirant Bəkir Nəbiyev dissertasiya
mövzusu seçməkdə də bir orijinal addım
atdı. O vaxta qədər bizdə ya ayrı-ayrı
yazıçı və şairlərin bədii
yaradıcılığı, ya da müəyyən dövrlər
üzrə bir janrın konkret materialı tədqiqat
mövzusu kimi götürülürdü. Bəkir ədəbiyyatşünaslığı
- bədii ədəbiyyatı öyrənən elm sahəsinin
özünü tədqiq etməyə başladı. Azərbaycanın
ilk professional ədəbiyyatşünas və tənqidçisi
Firidun bəy Köçərlinin elmi
yaradıcılığını özünə dissertasiya
mövzusu seçdi. Firidun bəyi bilmək
bütövlükdə Azərbaycan ədəbiyyatı
tarixini, Şərq ədəbiyyatını, Şərqin fəlsəfi
fikir tarixini bilmək demək
idi. Beləliklə, Bəkir Nəbiyev iki universitet təhsili
almış oldu.
Biri 50-ci illərdə
mükəmməl proqramla tədris aparan Azərbaycan
universitetinin təhsili idi. Böyük ədəbiyyat biliciləri,
nəzəriyyəçiləri M.Rəfili, Ə.Sultanlı,
M.Arif, Mir Cəlal, H.Araslı, C.Xəndan, M.Cəfər,
F.Qasımzadə kimi ustad müəllimlərin kamil mühazirələrindən
istiqamətlənərək Azərbaycan ədəbiyyatı
ilə yanaşı, rus və dünya ədəbiyyatını
oxuyan B.Nəbiyev öz fərdi mütaliəsi sayəsində
Belinskini, Dobrolyubovu, Avropanın fılosoflarını dərindən
öyrənməklə hələ tələbəlik illərində,
sözün əsl mənasında, müasir ədəbi tənqidin
istedadlı nümayəndəsi kimi seçilməyə
başladı. O, ikinci universitet təhsilini məhz Firidun bəy
Köçərlidən aldı. Məhz Firidun
bəyin sayəsində B.Nəbiyev Azərbaycan ədəbiyyatını
ümumşərq kontekstində öyrəndi. Bəkirin
təhsil aldığı dövrdə ədəbi hadisələrin
şərhində adətən rus və Avropa nəzəri mənbələrinə
söykənirdilər. Firidun bəydə isə Şərqin
türk, fars, ərəb dillərində yazmış klassikləri
əsas götürülürdü. Azərbaycan klassik ədəbiyyatı
təsəvvüf fəlsəfəsinin üstündə
durur. Firidun bəy Azərbaycan ədəbiyyatının
təsvirində həmin fəlsəfi məzmunu
açırdı. Beləliklə, gənc B.Nəbiyev ədəbiyyatımızı
bütöv bir sistem kimi, bünövrəsindən, doğma
fəlsəfəsi ilə öyrənirdi.
Başqalarından fərqli olaraq, Bəkir üzərində
sovet ideoloji yasaqları olan məqamları Firidun bəyin vasitəsilə,
Firidun bəyi tədqiq yolu ilə mənimsəyirdi. Beləcə, dinin, İslamın qadağan edildiyi
dövrdə Bəkir Azərbaycan və Şərqin klassik dünyəvi
ədəbiyyatının fəlsəfi açarı
sayılan təsəvvüfə yiyələnirdi, XIX əsrin
təriqət ədəbiyyatının məzmununa və
estetikasına nüfuz edirdi. Məsələn,
Füzulinin "Hədiqətüs-süəda"sının
hər cür tədqiqatdan kənarda qaldığı, kimlərinsə
Füzuli dilinin çətinliyindən gileyləndiyi dövrdə
Bəkir Nəbiyev Firidun bəydə oxuyurdu: "...türk
dilinə rövnəq verən və onu xarü xaşakdən
təmizləyib bir göyçək və səfalı
çəmənə bənzədən Füzuli olubdur...
Əgərçi
"Hədiqətüs-şüəda" nəsr ilə təhrir
olunubdur, ...lakin bu nəsrdə Füzuli o qədər məharət
və fəsahət göstərmiş ki və əhvalinkeyfiyyəti-şühədanı
elə bir gözəl və şirin dil ilə yazmış
ki, əhli-zövq və ərbabi-mərifət indində onun
dərəcə və mənziləti çox nəzmlərdən
artıqraqdır". Sözümün canı odur ki, Bəkir
Nəbiyev müasir ədəbi prosesin nümayəndəsi və
sovet ədəbiyyatı mütəxəssisi
sayıldığı halda, klassik ədəbiyyatımızın
açılmamış qatlarına nüfuz edir, ən fəlsəfi
və ən zərif incəliklərinə yiyələnirdi. Beləliklə,
hələ ilk yaradıcılıq dövründəcə Bəkir,
bir tərəfdən klassik və müasir Azərbaycan ədəbiyyatı,
o biri tərəfdən rus-Avropa və Azərbaycan-Şərq
ədəbi düşüncə təcrübələrini
öz tədqiqlərində birləşdirdi. Onun sonrakı
bütün uğurları bu bilik təməlində
qazanıldı. Məhz bu köklü, əhatəli bilik onu
bu günün böyük ədəbiyyatşünası
etdi: aspirantlığında Firidun bəy Köçərli
universitetində qazandığı klassik ədəbiyyat
biliyi sayəsində 80 yaşında klassik əruz
poeziyamızın mövzusunda təzə, orijinal söz deyəcək.
Hələ Bəkir Nəbiyevdə Şərq intellektinə
həvəs, milli ədəbiyyat tarixinə həssaslıq
Firidun bəylə bağlı məsələnin bir tərəfidir.
Məsələnin o biri tərəfi siyasi məzmun
daşıyır. Bəkir böyük siyasi cəsarət
işləyirdi. Firidun bəyi sovet dövləti qətl eləmişdi
və sonrakı dövrlərdə, tam qadağan edilməsə
də, onun yaradıcılığı üzərində
yarım yasaq vardı. 1960-cı ildə üçcildlik
"Azərbaycan ədəbiyyatı tarixi"ndə
K.Talıbzadənin "Firidun bəy Köçərli"
oçerkindən və B.Nəbiyevin namizədlik
dissertasiyasından sonra ədəbiyyatşünaslığımızın
qapıları Firidun bəyin üzünə taybatay
açılır. Həm də üstündən otuz yeddi
rüzgarı keçmiş bir ailənin övladı bu
işi görürdü. Deməli, bu cəsarət Bəkirin
zatından gəlirdi: Hər kimin var isə zatında şərarət
küfrü, istilahati-ülum ilə müsəlman olmaz. Bəli,
quyuya su tökməklə dolmur: Bəkirin əhatəli
mütaliə və istedadlı işgüzarlıqla qazandığı
filoloji mükəmməllik onun nəsil şəcərəsinin
kökləri üstündə göyərirdi.
Bəkir Nəbiyevin
mükəmməl elmi bilik üzərində duran ədəbi-tənqidi
fəaliyyəti dərhal ictimaiyyətin diqqətini çəkdi.
Birinci növbədə, dövrün mətbuat orqanları,
necə deyərlər, Bəkirin üstündə "dava
saldılar". O, "Azərbaycan gəncləri" qəzetində
işə başladı. O zaman bu qəzetin cəsarətli
yazıları və aşkarlıq fəaliyyəti ilə
geniş oxucu kütləsinin rəğbətini
qazanmasında Bəkir Nəbiyevin də payı vardı. Bu böyük qələm sahibini
"yuxarıdan" səviyyəsini yüksəltmək
üçün Mərkəzi Komitənin mətbuat orqanı
olan "Kommunist" qəzetinə şöbə müdiri
apardılar. Əlbəttə, hara getsə, Bəkirin
istedadı özünü göstərirdi. Ancaq
onun elm istedadını başına buraxmaq, onu respublikanın
fılologiya elminin inkişafına cəlb etməkdə ləngimək
ictimaiyyətimiz üçün çox şey itirmək demək
olardı. Azərbaycan sovet ədəbiyyatşünaslığının
patriarxı akademik Məmməd Arif Bəkir Nəbiyevi əsl
yerinə - Azərbaycan Elmlər Akademiyasına gətirdi.
Bəkir öz həmişəlik yerini tapdı, öz
böyük müəlliminin elmini və elm təşkilatçılığını
ləyaqətlə davam etdirdi. Bu gün AMEA Ədəbiyyat
İnstitutunun rəhbəri kimi akademik Bəkir Nəbiyev
bütün enerjisini sərf edir. Enerji də ki, maşallah,
var. Ədəbiyyat tariximizin altıcildliyi sıra ilə
çıxır. "Molla Nəsrəddin" cildləri
öz tarixi gülüşlərini evlərimizə
daşıyır və s. Sevindirici odur ki, bu böyük təşkilatçılıq
işləri ilə yanaşı, akademik B.Nəbiyev elmi
yaradıcılığını da gənclik
gümrahlığı ilə davam etdirir. O, böyük
problemlərdən də yazır, ayrı-ayrı söz ustalarının
fərdi portretlərini də canlandırır. Onun bu portret
yaradıcılığı məqalələr halında
fasiləsiz olaraq, gündəlik mətbuat səhifələrində
çap olunur, həm də televiziya kanallarında söhbətlər
şəklində təqdim olunur. Onun bir neçə il əvvəl
yazdığı Hüseyn Kürdoğlunun
yaradıcılığı haqqında məqaləsi
böyük filoloji mətləblərin yığcam ifadəsinə
gözəl nümunədir. Məqalədə hər abzas bir
bitkin mətləbdir. Ayrı-ayrı şeirlərin şərhində
günümüzün ictimai məzmunu ifadə olunur. Akademik
B.Nəbiyevin bu məqaləsində onun 50-60-cı illərdəki
yazılarının gənclik enerjisini gördüm. Yəni
"Əlimdədir hələ qələm", - deyir. Təki
qələmi işləsin, bu qələm həmişə
elm deyib, həmişə yeni sözü deyib, həmişə
problem qaldırıb, həmişə ədəbi prosesi
yönəldib. Yaxud onun Əliağa Kürçaylı
haqqında televiziya söhbəti bir ciddi tədqiqat idi. Gətirdiyi
dil faktları ilə Əliağanın şeirindəki rəngləri,
mənzərəni film kimi tamaşaçıların
gözündə canlandırırdı. Yazıda bu işi
görmək olar, ancaq söhbətdə bu əyanilik bir
möcüzədir. Yəni B.Nəbiyev yazılarında da,
söhbətlərində də eyni dərəcədə tədqiqatçıdır.
Dərin, mükəmməl fikrin olması bir istedaddır, onu
danışdıqda bütün incəlikləri ilə
aydın çatdırmaq ayrıca bir istedaddır. Bilmirəm,
Bəkir müəllim həmin söhbətini yazıya
aldı, məqaləyə çevirdi, yoxsa yazmadı, ancaq
beş ay bundan əvvəlki həmin söhbət bu gün də
gözlərimin qabağındadır. Yeri gəlmişkən,
şairlərin, müğənnilərin, ümumiyyətlə,
sənət adamlarının fitri qabiliyyəti, Allah vergisi
deyilən bir keyfiyyəti olur. Bizim Bəkir müəllimin də
belə bir Allah vergisi var: natiqliyi - rəvan, aydın, bəlağətli,
dolğun nitqi. Bəkir müəllim gözəl nitq mədəniyyəti
ilə, bir qiraətçi səriştəsi ilə həmişə
auditoriyaların sevgisini görüb. Bu
istedadı sayəsində o, hələ 40 il bundan əvvəl
Aşıq Ələsgərin yubileyindəki məruzəsi ilə
Mərkəzi Komitənin I katibi Heydər ƏIiyevin rəğbətini
qazandı. Məruzəsinin kamil məzmunu ilə onun aydın
nitqi üzvi şəkildə birləşib bütün dinləyənlərin
diqqətini özünə çəkirdi. Məzmunlu
sözlərə böyük həssaslıq göstərən
dövlət başçısının məruzədən
duyduğu məmnunluğu hamı kimi mən də seyr edirdim.
Bunu da əlavə edim
ki, Bəkir müəllim rusca da eyni dərəcədə
dürüst və rəvan nitq sahibidir. O, sovetlər
zamanı dəfələrlə Moskvada məruzə və
çıxışları ilə Azərbaycan ədəbiyyatşünaslığının
başını uca eləyib.
Bu istedadına görə
Azərbaycan yazıçılarının bir qurultayında
ağsaqqal Məmməd Arif müəllim öz məruzəsini
oxumağı gənc Bəkir Nəbiyevdən xahiş etdi. Mənzərə
gözümün qabağındadır: aydın tələffüzü,
yerli-yerində məntiqi vurğuları ilə məruzənin
məzmununu, incəliklərini böyük salona
çatdıran Bəkirin oxusunu Arif müəllim özü
təbəssümlə izləyirdi. Bəkir müəllim Hələb
Dövlət Universitetindəki məruzəsi haqqında belə
bir qeyd verir: "... birdən heç kəsin gözləmədiyi
bir hadisə baş verdi: mən Nəsiminin:
"Yanaram eşqində,
axar gözlərimdən yaşlar,
Firqətin dərdi
çıxardı ürəyimdə başlar",
mətləli qəzəlini oxuyub
bitirən kimi onun sətri tərcüməsinin səslənməsinə
səbri çatmayan dinləyicilər həyəcanla əl
çalmağa başladılar və bu alqışlar o qədər
də tez kəsilmədi. Mən elə o gün də, sonralar
da bir götür-qoy edib bu qəribə hadisənin səbəbini
özüm aydınlaşdırmağa
çalışdım. Salondakılar məna və məzmununu
bilmədikləri bu qəzələ nə üçün
belə fəal reaksiya vermişdilər? Bu reaksiyanın səbəbini
mən bilirəm. Nəsimi şeirinin ahəngi, ritmi Bəkir
müəllimin qiraətçi oxusu ilə daha da
dolğunlaşaraq dinləyicilərin beyninə,
duyğularına bir musiqi kimi hopub, bu musiqi semantikasının
dinləyicilər üçün əlavə sözlə
şərhinə ehtiyac qalmayıb. Mən bunun
analogiyasını şəxsən yaşamışam: dəfələrlə
olub ki, aşığın gözəl bir saz havası ilə
oxumağını dinləyərkən istəmişəm:
kaş oxumayaydı, elə çalaydı, elə bil söz
saz melodiyasının iIiyimə işləməsinə mane
olur. Hesab edirəm ki, Bəkir müəllim Nəsimi
şeirini öz tələffüz bəlağətilə
dinləyicilərə musiqi kimi içirib və dinləyicilər
bu musiqi sərməstliyini sözlə dağıtmaq istəməyiblər.
Yəni "Öylə sərməstəm ki, idrak etməzəm
dünya nədir" hadisəsi baş verib. Bu, Bəkir
müəllimin həmin Allah vergisi istedadının hikmətidir
(mən tələbə olarkən eşitmişdim ki, M.Qorki
Bakıya gələrkən ona Sabirin fəhlə mövzusunda
satiralarını oxumuşlar. O, şeirlərə qulaq
asıb deyib: "Mənasını anlamadım, ancaq
melodiyasından gördüm ki, əsl şeir belə
olar". Və deməli, Bəkir müəllim Nəsimi
şeirinin bədii semantikasını salona qəzəlin ritmi
və özünün intonasiyasıyla yetiribmiş).
Adətən
yaradıcı insanlar əgər, necə deyərlər,
qablarında bir şey varsa, yaradıcılıqlarının
başlanğıcında novatorluq edərlər. Dedik ki, Bəkir
ədəbi-elmi mühitə novator kimi gəldi - bu
yaşın yenilikçiliyi dünya təcrübəsində
təbii haldır. Ancaq qeyri-adi olan odur ki, akademik Bəkir Nəbiyev
80 yaşında da ikinci dəfə özünü novator kimi
göstərdi, özü də məhz 80 yaş ərəfəsindəki
bir tədqiqatı ilə: "Nəsimi qəzəlindəki
bir qədim qafiyə yuvasının izi ilə". Akademik B.Nəbiyev
bu məqaləsini Nəsiminin bir qəzəlinə həsr
etmişdir. Məqalədə Nəsiminin bir qəzəlinin
Azərbaycan şeir tarixindəki yerindən söhbət
gedir. Adətən bir şairin (yazıçının) və
ya məsələn, Füzulinin "Leyli və Məcnun"
poeması həcmində bir əsərin ədəbiyyat
tarixindəki yerindən danışarlar. Biz belə görməyə
vərdiş etmişik. Ancaq B.Nəbiyev doqquz beytlik bir qəzəli
götürüb, onun bələdçiliyi ilə qədim
tarixə malik olan Azərbaycan şeirinin səkkiz yüz illik
dövrünü izləyir. İyirmi iki səhifəlik məqalədə
müəllif bir kitabın sözünü deyib. Burada bədii
söz tariximiz bir zəncir kimi alınır; müxtəlif əsrlərdə
yaşamış şairlərimizdən hər biri bu uzun
silsilənin bir bəndi, bağı olur. Bu silsilə hələlik
XIII əsrdən XX əsrə qədər gəlir, "hələlik"
deyirəm, ona görə ki, bəlkə müəllif
özü, ya gələcəyin başqa bir gənc tədqiqatçısı
buraya yeni faktnhalqalar qoşacaq: Qazi Bürhanəddin - Nəsimi
- Xətai- Təbrizi - M.Ə.Sabir. Bu, az qala, bütöv Azərbaycan
ədəbiyyatının, Azərbaycan şeirinin tarixidir. Hər
fərd bir bənd kimi bu zəncirə bağlanır. Bu zənciri
qırmaq olmaz. Bu, bir xalqın yazılı
yaradıcılığının səkkiz yüz ilidir. Bir
zamanlar bəzi-para adlı-sanlı Azərbaycan tarixçiləri
mənim türkcəmin, deməli, Azərbaycan ədəbiyyatının
tarixini XVIII əsrdən başlayırdılar. Əgər Bəkir
müəllimin bu zəncirini qırmaq mümkündürsə,
onda həmin tarixçilərin də sözü bir söz
ola bilərdi. Deməli, akademik B.Nəbiyevin bu tədqiqatı
sadəcə bir ədəbiyyat işi olaraq qalmır,
sözün əsl mənasında, azərbaycanşünaslığa
xidmət göstərən bir araşdırmadır,
böyük azərbaycanşünaslıq binasının
tutumlu bir kərpicidir. Tədqiqatın elmi dərinliyi olanda
fikir bir mətləb dairəsindən çıxıb,
geniş əhatə dairəsinə düşür və
onun məzmunu bu məqalədəki kimi ümumxalq əhəmiyyəti
kəsb edir, milli dəyərə çevrilir. Bəkir müəllimin
bu tədqiqatı bir detalın əsasında
yazılmış, bir qafiyənin üstündə
qurulmuşdur. Arxada böyük yaradıcılıq yolu
qoymuş nəhəng alimin, muğam termini ilə desək,
belə xırdalıqlar - incəliklər etməsi elə-belə
yeni bir məqalə yazmaq deyil. Bu, fılologiyanı təzə
yaradıcılıq yoluna yönəltməkdir. Ədəbiyyat
tariximizin mahiyyətini detallarla da açmağa diqqət verməliyik.
Klassiklərimizi məhz belə, şeir-şeir, misra-misra,
qafiyə-qafiyə öyrənməliyik. Ancaq onda deyə biləcəyik
ki, ədəbiyyatımızı mənimsəmişik, onu
özümüzün etmişik. Əlbəttə, ədəbiyyat
tariximizi öyrənən monumental tədqiqatlarımız
var. Ancaq incəliklərə çox diqqət etməmişik.
Ən çox ictimai-ideya məzmununa baxmışıq, sənətkarlığa
nisbətən az yer vermişik. Biz klassiklərimizi ümumən
dərslik səviyyəsində öyrənmişik, incəliklərə
çox varmamışıq. B.Nəbiyevin tədqiqatındakı
kimi uzaq tarixi məsafələri əhatə etməsə də,
epizodik şəkildə dilçilərin tədqiqlərində
belə detalçılıqlara təsadüf olunur (məhz təsadüf
olunur). Ancaq Bəkir müəllim bir tədqiqat istiqaməti
kimi bu məsələyə diqqəti cəlb edir. O, deyilən
istiqaməti müasir ədəbiyyatşünaslığa
tövsiyə edir və özü də örnək verir, əyani
şəkildə nümunə göstərir. Orta əsrlərlə
yeni dövr Azərbaycan şeiri arasındakı əlaqənin
məntiq kələfinin ucunu aça-aça gəlir, yəni
"belə işləyin", - deyir. Və deyim ki,
bugünkü ədəbiyyat elmimizin ağsaqqalı kimi Bəkır
müəllimin buna həm mənəvi, həm də
hüquqi haqqı var, hətta bu, onun bilavasitə elm təşkilatçısı
kimi borcudur.
Bu məqalə
köklü bir tədqiqatdır. Ciddi axtarışın nəticəsidir
- hər fakt aylarla, həftələrlə, günlərlə
aparılmış zəhmətli bir axtarışın bəhrəsidir.
Bu yığcam tədqiqat bu yöndə gələcək
monumental araşdırmaların proqramıdır. Gələcəkdə
bu yöndə iş M.Füzulinin, M.P.Vaqifin, M.Ə.Sabirin,
M.Hadinin və başqa şairlərimizin
yaradıcılığı (qafiyələri) üzrə də
aparılmalıdır. Təfərrüatına varmasa da,
özü, məsələn, Ə.Vahiddə bir qafiyəyə
işarə edir. Yaxud Anadolu şairi Nicatidən verdiyi
nümunənin timsalında B.Nəbiyev bu istiqamətdə tədqiqatların
geniş mənada türk ədəbiyyatları kontekstində
aparılmasının da böyük fıloloji əhəmiyyət
kəsb etdiyinə işarə etmiş olur. Buna bənzər
tədqiqatlar həm bizdə, həm də qohum türk ədəbiyyatlarında
nəzirə şeirləri üzrə
aparılmışdır. Ancaq Bəkir müəllimin tədqiqatı
ondan köklü surətdə fərqlənir. Onlarda tədqiqlər
formaya görə tutuşdurmadır. Bu, gözlə
görünən nümunələrdir, ancaq B.Nəbiyevdəki
faktlar zərrəbinlə aşkar edilmişdir. Bu, iç
faktıdır, sənətkarlıq təhlilidir.
Bu məqalənin dəyəri
təkcə onda deyil ki, Nəsiminin bir qafiyəsinin izinə
düşüb də, Azərbaycan klassik şeir sənətində
bir sənətkarlıq sirrinin üstünü açıb.
Füzuli deyirdi:
Hər riştə ki Həqq
əyan edibdir,
Sərriştəsini
nihan edibdir.
Bu məqalədə Bəkir
müəllim bu gizli yaradıcılıq iplərinin ucunu
tapmağın sirlərini təlim edir.
Nəsimi deyir:
Əridi iligim,
sındı sümügüm,
Tənimdən can gedər,
yarım, səninçün.
Xətai deyir:
Əridi iligim, qaldı
sümügüm,
Bu təni tərk
edər canım, nə dersən?
Nəsimi deyir:
Hökm
anın, buyruq anın, ol sahibi-əmri xitab.
Füzuli deyir:
Hökm
anın hökmüdürür, fərman anın fərmanıdır.
Nəsimi deyir:
Aşiq oldur,
canını qıldı fəda cananına.
Füzuli deyir:
Aşiq oldur kim,
qılır canın fəda cananına.
Nəsimi deyir:
Fəraqi
çəkməyən aşiq vüsalin qədrini bilməz.
Füzuli deyir:
Şəfayi-vəsl qədrin
hicr ilə bimar olandan sor
və s. Müxtəlif əsrlərdəki
bu misra-misra eyniyyətlər nədir? Köçürmədirmi,
mənimsəmədirmi? Bəs onda bu nədir - xalqda:
İldə qurban bir olar,
Sənə
qurban gündə mən.
Nəsimidə:
Əhli-aləm ildə bir
qurban edərlər eyd içün,
Hər zaman
qurbaninəm, ey cümlə qurban sizlərə.
Bütün
bunlar bu bədii düşüncələrin eyni etnik kökdən,
bir milli düşüncədən qaynaqlanması deməkdir. Bu, xalq ədəbiyyatı
ilə yazılının, sələflə xələfin
yaradıcılıq əlaqələrinin iç sirləridir.
Bəkir müəllim bu məqaləsində bu
sirlərdən birini açıb, indi gənc fıloloji
ictimaiyyətimizi bu sirlər xəzinəsinə girməyə
şövqləndirir. Əlbəttə, məqalənin
baş qayəsi budur. Ancaq tədqiqatçı
replikalarla çox mətləblərə işarə edir,
klassik şeirin yeri gəldikcə bəzi-bəzi janr əlamətləri
haqqında da sözünü deyir ki, bunlar bugünkü
halında klassik ədəbiyyatın təlimində və tədqiqində
öz faydasını verəcəkdir. Məsələn,
həqiqətən, qəzəlin beytlərində məzmun
müstəqilliyi var. Bu mənada hər qəzəl bir fikir
almanaxıdır. Süjet qəzəl
üçün janr mahiyyəti deyil. Deyək
ki, Füzulinin "Qıldı ol sərv səhər naz ilə
həmmamə xüram" misrası ilə başlanan qəzəlində
hər sonrakı beyt əvvəlkinin davamıdır, qəzəlin
süjeti var. Bəkir müəllim göstərir ki, bu,
bütövlükdə Şərqin qəzəl şeirində
nadir hadisədir. Bəkir müəllimin təhlil
üçün seçdiyi qəzəl də şeir
tariximiz üçün qeyri-adi poetik hadisələrdəndir,
məsələn, "Məni candan usandırdı..." qəzəli
kimi məşhur nümunələrdəndir. Qəzəl lüğət tərkibinə görə
də Nəsimi dilini tipik şəkildə təmsil edir.
Mənim hesablamama görə, Nəsimi
lüğətinin təxminən 60-65 faizi türkcədir, əksinə,
türkcə leksika Füzuli dilinin 35-40 faizi qədərdir.
Qəzəlin dili həmin nisbəti təsdiqləyir.
Məqalə müəllifinin də şəxsən diqqət
yetirdiyi kimi, qəzəlin təkcə qafiyə sistemində
on sözdən (yaş, baş, daş, qaş...) ancaq biri (nəqqaş)
əcnəbi sözdür və qəribədir ki, qəzəlin
dilindəki yeganə izafət də (dərdi-fəraq) məhz
bu beytdədir:
Olmuşam dərdi-fərağından
zəif ol həddə kim,
Gətirməzlər
xəyalə nəqşimi nəqqaşlar.
(Füzulidə müq.et:
Öylə zəif qıl tənimi
firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni).
Qəzəl Nəsimi
dili üçün səciyyəvi olan xalq danışıq
türkcəsini olduğu kimi əks etdirir. Elə bil
akademik B.Nəbiyev, Hacıbəyovların təşbehi ilə
desək, 80 yaşlı yaradıcılığında gənclik
enerjisini göstərmək üçün bu məqaləni
qəsdən yazıb - "80 yaşlı gənc"
ünvanı ona yaraşır.
B.Nəbiyev 80
illik ömrünün bütün tərəfləri ilə
nümunəvidir. O, böyük vətəndaşdır. Vətəndaşlığın
həm məlum böyük mənasında, Vətənə,
millətə qulluq mənasında, həm də fərdi,
kiçik mənasında, yəni ayrı-ayrı şəxslərə,
ehtiyacı olan insanlara kömək əli uzatmaq mənasında
vətəndaşdır. Elmi qabiliyyəti
olan qaçqın-köçkün kəslərin AMEA
institutlarında işə düzəlmələrində
göstərdiyi qayğıkeşliyi görmüşəm.
O, gözəl ailə
başçısıdır. Adı keçən
məqalədə "Ədalət naminə demək
lazımdır ki..." sözlərilə başladığı
obrazda birinci kəlməni görəndə bir anlığa
fikrə getdim. Düşündüm ki,
görəsən, bu sözü işlədəndə Bəkir
müəllim ürəyindən nə isə keçiribmi?
Onun evində fiziki-cismani mənada bir ədalət
(əlbəttə, Ədalət xanım) var ki, Bəkirin
özündə mənəvi və hüquqi mənadakı ədalətin
biçimlənməsində, şübhəsiz, bu
xanımın böyük rolu olub. O, yoldaşlarla
söhbətlərində xanımının adını
çəkəndə həmişə "Ədalət
müəllimə" deyir. Bu müraciət mənim
xoşuma gəlib. Mən də evimizdə
hərdən xanımıma bir söz deyəndə "Bəkir
müəllim demişkən, müəllimə, filan şey
filandır" formasından istifadə etmişəm. Mən hesab edirəm ki, bu ailədə böyüyən
övladların tərbiyəsində atalarının
analarına "müəllimə" deməsi bir didaktik
şeirin işini görüb.
Mən bu yazımda gah "Bəkir",
gah "Bəkir müəllim", gah "akademik Bəkir Nəbiyev"
dedim. İkinci, üçüncü
ünvanları o, həyatda şərəflə qazanıb,
hamı ona bu sözləri işlədir. Birincini mən
ona bir tay-tuş, bir dost kimi deyirəm. Mənim
Bəkirlə çöl yoldaşlığım olub,
sanatoriyada gözəl günlər keçirmişik. Onun evində bir süfrə başında
oturmuşuq. O, məniın bağımda qumun
üstündə çəkdiyi maraqlı fiqurlarla
kiçikyaşlı oğlanlarımı əyləndirib...
Bu yaxınlarda televiziya çıxışında jurnalistin
ona "Özünüzdə hansı keyfiyyətinizdən
daha çox razısınız?" sualına "Ünsiyyətçilliyimdən"
- cavabını verdi. Həqiqətən,
insanlarla ünsiyyət saxlamaq, mehriban davranmaq onun
istedadının bir parçasıdır. Bu keyfiyyətinə görə, o, uşaqla da,
böyüklə də, dostla da, birinci dəfə
gördüyü bir insanla da çox asanlıqla dil tapa bilir.
Buna görə də o, hamını sevir.
Ancaq könlünün üç sevgili məhbubu var: Vətəni
(milləti ilə birlikdə), Ədalət müəllimə
(övladları ilə birlikdə) və bir də filologiya
(bütün qolları ilə bir yerdə).
Tofiq HACIYEV
P.S. 80 illik ömrünün 60 ilini elmi
yaradıcılığa sərf etmiş böyük alimin hər
biri ədəbiyyatşünaslığımızda hadisə
sayılan cildlərlə kitablarını, minə yaxın məqaləsini
bir yana qoyub, ancaq bir sonuncu məqaləsi haqqında iki kəlmə
ilə kifayətlənmək, əlbəttə, qəribə
görünə bilər. Bəkir müəllimin
yaradıcılığı haqqında dəyərli tədqiqatlar
aparılıb. Mənim məqsədim Bəkir müəllimin
25 və 80 yaşlarında eyni enerji ilə, eyni novatorluqla qələm
işlətməsi haqqında iki kəlmə dost sözü
demək idi və dedim.
Azərbaycan
müəllimi.-2010.-30 aprel.-S.12-13.