"Atam həmişə təhlükəsizlik orqanları
tərəfindən təqib edilib"
Cəfər
Cabbarlının qızı Gülarə Cabbarlı ilə
söhbət
O insan xoşbəxtdir ki, ona böyük şəxsiyyət
kimi baxılır, o, öz tarixini yarada bilir. Şübhəsiz
ki, o, bu tarixi yaşı ilə yox, əməlləri ilə
yaradır. Belə insanlardan biri də otuz beş
il ömür sürmüş (1899-1934), XX əsr Azərbaycan
ədəbiyyatının klassik sənətkarlarından biri
olan Cəfər Cabbarlıdır.
Bu böyük və unudulmaz sənətkarın
keçdiyi ömür yoluna bir daha nəzər salmaq
üçün qızı, Cəfər Cabbarlı
ev-muzeyinin direktoru Gülarə Cabbarlı ilə
görüşdük. O,
bizi mehribanlıqla qarşılayıb, iri bir masanın
arxasında əyləşmək üçün yer göstərərək
dedi:
- Heç bilirsən o vaxtlar bu masanın arxasında kimlər
əyləşiblər, - Cəfər Cabbarlı, Abbas Mirzə
Şərifzadə, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə,
A.Tuqanov, Mərziyyə Davudova, Sona Hacıyeva və
başqaları... Səksənə yaxın yaşı olan Gülarə
xanım bu sözlərdən sonra ani xəyala daldı.
Söhbətə lap əvvəldən başladı...
"Mən bir susmaz duyğuyam ki..."
...Atam belə bir adda şərqi
yazmışdı. Həmin şərqini sanki özünə
həsr etmişdi:
Mən bir solmaz yarpağam ki,
çiçəkləri bəzərəm,
Mən bir susmaz duyğuyam ki, ürəklərdə gəzərəm.
Doğrudan
da, o, bu gün ürəklərdə yaşayır, sevilir. Bu
da təsadüfi deyil. Onun şeirdə, nəsrdə, eləcə
də milli dramaturgiyamızın inkişafında böyük
xidmətləri olmuşdur.
- Qısaca olaraq deyim ki,
atam Bakının Xızı kəndində (indiki Xızı
rayonunda) kömürçü ailəsində dünyaya gəlmişdi.
Cəfərin 2-3 yaşı olanda ailəsi Bakı şəhərinə
köçmüşdü. O, ilk təhsilini mollaxanada
almış, sonra 7 nömrəli rus-tatar məktəbində
(Azərbaycan - red.)
oxumuşdur. S.S.Axundov, A.Şaiq onun müəllimləri
olmuşdur. 1924-1925-ci illərdə o, teatr məktəbində
oxumuşlar. "Kommunist" qəzeti redaksiyasında,
Dövlət Dram Teatrında
çalışmışdır.
C.Cabbarlı
1934-cü ildə Azərbaycan yazıçılarının
qurultayında iştirak etmişdir. O, həmin il
sovet yazıçılarının I qurultayında
çıxış etmiş və Yazıçılar
İttifaqı İdarə Heyətinin üzvü
seçilmişdir. Atam 1934-cü il
dekabrın 31-də Bakıda vəfat etmişdir.
O, yaradıcılığa
"Məktəb" jurnalında çap olunan
"Bahar" adlı lirik şeiri ilə
başlamışdır. Daha sonra lirik-romantik və
satirik şeirlər yazmışdır. Onun
ən məşhur lirik şeiri "Ana"dır. Ən məşhur dram əsərlərindən biri
"Aydın" faciəsidir.
20-30-cu illərdə
yazdığı dram əsərlərinin çoxunun
mövzusunu müasiri olduğu həyatdan
götürmüşdür. "Oqtay Eloğlu",
"Sevil", "Almaz", "1905-ci ildə",
"Yaşar", "Dönüş" və sair əsərləri
bu gün də orta və ali məktəblərdə tədris
olunur.
Bütün
bunlar bir övlad kimi məni çox sevindirir.
"Cəfər Cabbarlının ev-muzeyi ulu öndər
Heydər Əliyevin göstərişi ilə yaranıb"
Atamın bu
ev-muzeyi 1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin
göstərişi ilə yaradılıb. Elə o vaxtdan da bu muzeyə mən
rəhbərlik edirəm. Onu da deyim ki, muzeyin
açılışında Heydər Əliyev şəxsən
iştirak edib. Ulu öndər atamın
yaradıcılığına, şəxsiyyətinə həmişə
böyük hörmətlə yanaşıb. Dəmiryolu vağzalının qarşısında
atamın heykəlinin ucaldılması da ümummilli lider Heydər
Əliyevin böyük səyi sayəsində olub. Bütün bunlara görə həmişə ona
Allahdan rəhmət diləyirəm.
"Atam həmişə təhlükəsizlik
orqanları tərəfindən təqib edilib"
Atamı həmişə
pantürkizmdə günahlandıraraq onu həbs etmək
üçün məqam axtarmışlar.
1923-cü ildə
onu bir neçə dəfə təhlükəsizlik
orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər
vermişlər. Atamın "Ədirnə
fəthi" və "Ulduz" ("Trablis müharibəsi")
əsərlərində Türkiyə gənclərinin
azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr
vermişlər. Bütün bu və digər məsələlərlə
bağlı təqiblərdən, əzab-əziyyətlərdən
qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməmişdir.
Tutarlı faktlar tapmasalar da, atamı daim
incitmişlər. Bəlkə də onun az
yaşamasına səbəb elə bu təqiblər
olmuşdur.
"Bu, mənim şeytan qızım Gülarənin
darağıdır"
Anam Sona
xanım danışırdı ki, mənim 2-3 yaşım
olanda darağımla atamın saçını
daramışam. Necə olubsa o da papağını başına qoyub
iş yerinə gedib. O, papağını çıxaranda
aktyorlar görüblər ki, Cəfərin başında
qadın darağı var. Hamı gülüşüb. Atam özü də gülərək dostlarına
deyib ki, bu, mənim şeytan qızım Gülarənin
darağıdır.
"O, zarafatı çox xoşlayardı"
Bir dəfə atam maaş alıbmış. Onunla
teatrda işləyən köməkçisi Məmməd Əlili
ilə (Qorxmaz Əlilinin atası) nahar edirlər. Atam pullarını çıxarıb stolun üstünə
qoyur. Bir qədər keçmiş
pulları götürür. Sonra da
başlayır stolun üstünü axtarmağa. Əlili soruşur ki, ay Cəfər, nə
axtarırsan? Atam cavab verir ki, pulumu stolun
üstünə qoymuşdum, indi yoxdur. Əlili
deyir ki, nə demək istəyirsən, belə
çıxır ki, pullarını mən
götürmüşəm? Atamın bu
sözündən sonra Əlili əsəbi halda
çıxıb gedir. Bu iş ona elə pis təsir
edir ki, hətta istəyir özünü tramvayın
altına atsın. Bir qədər sonra atam
qardaşı oğlu Əlbəndəni Əlilinin dalınca
göndərir ki, o, buradan çox əsəbi gedib, özünə
bir xətər-zad yetirər, ona de ki, səni əmim
çağırır. Əlili geri
qayıdanda atam ondan dönə-dönə üzr istəyir.
"Məni bağışla, - deyir: Əlimdə bir əsər
yazıram, istəyirdim görəm ki, adama böhtan atanda o adam özünü necə hiss edir". Əlili də deyir ki, bəs mən özümü
tramvayın altına atsaydım, necə olacaqdı?
Atam yenə
ondan üzr istəyir.
"Atam mərcdə uduzduğuna görə anama mirvari
boyunbağı alıb"
Anam
danışırdı ki, bir dəfə Cəfərlə mərcləşdik. Mən dedim ki, əgər mən
aparsam, bir düzüm mirvari boyunbağı alarsan. Cəfər
də dedi ki, sən uduzsan, mənə bir cüt corab alarsan. Aradan heç yarım saat keçmədi ki, telefon zəng
çaldı. Mən yaxınlaşıb
divardan asılmış telefonun dəstəyini
qaldırdım. Cəfəri istəyirdilər.
Onu çağırıb dəstəyi ona verəndə dedim
ki, Cəfər, apardım. O bilmədi nə etsin,
danışıb qurtarandan sonra dedi ki, yox, bu düz deyil, sən
aparmadın. Axı telefonun məftilinin bir ucu
divardadır. Bir xeyli mübahisədən sonra Cəfər
dedi ki, yaxşı, Sonası, zarafat edirdim. Sənə
bəlkə mirvari əvəzinə qızıl
boyunbağı alım. Axı mirvari
boyunbağını əzəndə o torpağa
dönür. Qızıl isə əzilsə
də qızıldır. Dedim ki, mən mirvari
boyunbağı istəyirəm.
Atam mərcdə
uduzduğuna görə anama mirvari boyunbağı alıb.
"O, "Almaz" əsərini dizinin üstündə
yazıb"
Şurabad
bağlarında bizim də bağımız varmış. Anam deyirdi ki,
biz tez-tez ora dincəlməyə gedirdik. Cəfər
isə burada lap çox işləyirdi. Özü
də bağda şəraitimiz pis idi. Alaçıqda
yaşayırdıq. Cəfər
"Almaz" əsərini burada lampa işığında,
dizinin üstünə bir taxta parçası qoyub
yazırdı. Əsəri elə dizinin
üstündə yazıb qurtardı.
Mən onun bu vəziyyətini
görüb dedim ki, ay Cəfər, gəlsənə bu
bağda bir ev tikdirəsən. Cavab verdi ki, tikdirməyinə tikdirərəm, amma
bu ev də şəhərdəki ev kimi olacaq. Daha
bağ evi ilə şəhər evinin nə fərqi olacaq.
O bu sözdən sonra dedi ki, mənə bir fincan çay gətir.
Ona çay gətirəndə mənə bir kağız
parçası uzatdı. Dörd bəndlik bir şeir
yazmışdı:
Ay Sonası, çay gətir
mənimçün,
Qələndərəm,
pay gətir mənimçün.
Bağ yeridir, qəndi
çox işlətmərəm,
İstəyirsən say
gətir mənimçün.
Bəli, həmin gün
ölməz sənətkar Cəfər Cabbarlının
qızı Gülarə xanımla çox söhbət etdik.
Atası barədə yada
düşən xatirələrini dinlədik. Təhsil
ocaqlarında onunla olan görüşlər barədə,
atasına olan xalq sevgisindən, xalq məhəbbətindən
danışdıq.
Sonda Gülarə
xanımdan qəzet üçün ailəvi şəkillərini
istədik. Əvvəlcə şəkli vermək istəmədi.
Sonra birtəhər razılaşdı. Mən onu yaxşı
başa düşürdüm. Bu, Gülarə xanımın
atasına olan istəyindən, məhəbbətindən irəli
gəlirdi. O istəmir ki, Cəfər Cabbarlının
ev-muzeyində toplanmış heç bir eksponat, heç bir sənəd
itsin. O istəyir ki, Cəfər Cabbarlı haqqında olan hər
bir şey gələcək nəsillərə
çatdırılsın. Axı bütün bunlar
hamısı xalqını, Vətənini canından artıq
sevən Cəfər Cabbarlıya, Cəfər Cabbarlı da
xalqına məxsusdur.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-2010.-30 aprel.-S.11.