Moskva Dövlət Açıq
Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın
(lisenziyanın) ləğv olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində dövlət qeydiyyatına alınmış,
2002-ci ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən
lisenziyalaşdırılmış (2007-ci ildə təkrar
lisenziyalaşdırılmışdır) Moskva Dövlət
Açıq Universitetinin Bakı filialının fəaliyyətinə
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
19.11.2007-ci il tarixli, 031973 N-li xüsusi razılıq (lisenziya)
verilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli, 782 N-li fərmanı
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi
fəaliyyət növlərinə xüsusi razılıq
(lisenziya) verilməsi haqqında Qaydalar"ın IV bəndinə
və Təhsil Nazirliyinin 30.12.2002-ci il tarixli 1226 N-li əmrinə
uyğun olaraq təhsil müəssisələrində mütəmadi
olaraq lisenziya tələblərinə və şərtlərinə
riayət olunması vəziyyəti
araşdırılmalıdır. Buna uyğun olaraq Təhsil
Nazirliyinin 08.04.2010-cu il tarixli 398 N-li əmri ilə Moskva
Dövlət Açıq Universitetinin Bakı filialında
lisenziya tələblərinə və şərtlərinə
riayət olunması, eləcə də filialda tədris
prosesinin təşkili vəziyyətini araşdırmaq məqsədi
ilə İşçi qrupu yaradılmışdır.
İşçi qrupu tərəfindən
aparılan araşdırmalar zamanı lisenziya verilən vaxtdan
sonra MDAU-nun Bakı filialının maddi-texniki bazasının
və tədris-metodiki təminatının inkişaf etdirilmədiyi,
əksinə, daha da zəiflədiyi, filialda tədris prosesinin
təşkili, o cümlədən fənlərin proqramlara və
dərs cədvəlinə uyğun tədrisi, kafedraların
işinin təşkili, elmi-pedaqoji kadrların seçilib yerləşdirilməsi
və dərs yükünün planlaşdırılması,
sənədləşmə işinin aparılması, tədris
qrupları və birləşmələrin komplektləşdirilməsi
və s. tədris-təşkilati məsələlərdə
ciddi pozuntulara yol verildiyi, mövcud normativ sənədlərin
tələblərinə əməl edilmədiyi aşkar
olunmuşdur. Qeyd olunan pozuntu və
çatışmazlıqlar İşçi qrupunun
arayışında geniş şəkildə əks olunmuşdur.
İşçi qrupunun
arayışı Təhsil Nazirliyi Lisenziya Komissiyasının
24.04.2010-cu il tarixli iclasında filial rəhbərliyinin
iştirakı ilə müzakirə olunmuşdur. Lisenziya
Komissiyasının yekdil qərarı ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən Moskva
Dövlət Açıq Universitetinin Bakı
filialının fəaliyyətinə verilmiş 19.11.2007-ci il
tarixli, 031973 N-li xüsusi razılığın (lisenziya) ləğv
olunması barədə qərar qəbul olunmuşdur. Qeyd
olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1.
Təhsil Nazirliyinin 08.04.2010-cu il tarixli 398 N-li əmri ilə
yaradılmış İşçi
qrupunun arayışı və Lisenziya
Komissiyasının 24.04.2010-cu il tarixli iclasının qərarı
nəzərə alınsın.
2. Cari
tədris ilinin başa çatmasına az müddət qaldığını
nəzərə alaraq, tələbələrin təhsil hüquqlarını,
imtahan-məqbul sessiyaları və buraxılış yekun
attestasiyasının başa çatdırılmasını,
cari ildə filialı bitirəcək məzunlara Rusiya
Federasiyası Elm və Təhsil
Nazirliyi tərəfindən diplomların verilməsini təmin
etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Moskva Dövlət Açıq Universitetinin Bakı
filialının fəaliyyətinə verdiyi 19.11.2007-ci il
tarixli, 031973 N-li lisenziya 01.09.2010-cu il tarixdən ləğv
olunsun.
3.
MDAU-nun Bakı filialına (M.Salahov) tapşırılsın:
3.1. 01.09.2010-cu il tarixə qədər tələbə qəbulunun aparılması, tələbələrin bərpa və köçürülməsi halları istisna olmaqla qanunvericiliyə uyğun tədrisin təşkilini (imtahan-məqbul sessiyasının, buraxılış yekun dövlət attestasiyasının təşkili, məzunlara diplomların verilməsi və s.) təmin etsin.
3.2. 01.09.2010-cu il tarixə qədər filialda təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı və onların qiymət kitabçalarından çıxarışları Təhsil Nazirliyinə təqdim etsin.
4. Akkreditasiya şöbəsi (H.Zərbəliyev) və Hüquq sektoru (E.Həsənov) "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.5 bəndinə uyğun olaraq 3 gün müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli, 031973 N-li lisenziyanın ləğv olunması barədə onun sahibinə, dövlət vergi xidməti orqanlarına, Ədliyyə Nazirliyinə, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin Elm və Təhsil Sahəsinə nəzarət üzrə Federal Xidmətə və Moskva Dövlət Açıq Universitetinin rəhbərliyinə məlumat hazırlasınlar.
5. Təhsil Nazirliyi Aparatı (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu filiala qəbul olunub hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlasınlar.
6. Nazirliyin müvafiq şöbələri bu əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
27 aprel 2010-cu il
Azərbaycan müəllimi.-2010.-30 aprel.-S.2.