Malayziya, Tailand Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları

 

Təxminən üç həftə öncə ölkəmizin paytaxtında Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası (İNEPO-EUROASİA) keçirildi. Olimpiadada dünyanın 33 ölkəsindən 300-ə yaxın şagird iştirak edirdi. 4 gün davam edən olimpiadanın proqramına qaliblərin müəyyənləşdirilib mükafatlandırılması ilə yanaşı müxtəlif görüşlərin, mədəni-kütləvi tədbirlərin, gəzintilərin təşkili daxil edilmişdi. Proqram çərçivəsində belə görüşlərdən biri aprelin 7-də Təhsil Nazirliyində oldu. Təhsil naziri cənab Misir Mərdanovun olimpiadanın bir qrup iştirakçısı ilə keçirilən həmin görüşündə Türkiyə, Gürcüstan, Polşa, Tailand, Malayziya b. ölkələrdən olan müəllim şagirdlər iştirak edirdilər. Fürsətdən istifadə edib görüşdən sonra olimpiada iştirakçısı olan şagirdlərin bir neçəsindən qəzetimiz üçün qısa müsahibələr aldıq.

Özümüzə müsahib seçərkən Azərbaycandan uzaqda yerləşən və təhsil sistemi haqqında nisbətən az məlumatımız olan ölkələrin təmsilçilərinə üstünlük verdik. Beləliklə, müsahiblərimiz Malayziya məktəblisi Muhamad Akmal Asmadi, tailandlı Navapan Tanloh və polşalı şagird Alisya Ruszczakdır. Hər üç şagirdə eyni sualları ünvanladıq: hansı məktəblərdə, neçənci sinifdə oxuyurlar, öz ölkələrində analoji olimpiadada iştirak ediblərmi, hazırkı olimpiadaya hansı layihələrlə gəliblər, təmsil etdikləri ölkələrdə repetitorluq varmı, müəllimlərə hədiyyə verilirmi, gələcəkdə hansı ixtisas üzrə ali təhsil almaq fikrindədirlər, ölkəmiz haqqında təəssüratları necədir və s.

 

Malayziyada müəllimlərə ancaq müəllim günündə hədiyyə verirlər

 

Malayziyadan olan məktəbli Muhamad Akmal Asmadi suallarımıza cavab olaraq söylədi ki, Qafar Baba adına Mara kiçikyaşlılar üçün Elmlər Kollecində ("Mara Yunior sciense Collegetun Chafar Baba") V sinifdə oxuyur. 17 yaşı var. Kolleci bu il bitirəcək. Malayziyada müxtəlif olimpiadalar, bilik yarışları keçirilsə hazırda iştirakçısı olduğu olimpiada tipli yarışlar təşkil edilmir. Təbiət elmlərinə böyük həvəs göstərir, buna görə ətraf mühitin mühafizəsi problemləri onu yaxından maraqlandırır. Bu mövzuda olimpiadada ilk dəfə iştirak edir. Ölkəmizdə keçirilən Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası haqqında məlumatı İnternet vasitəsi ilə əldə edib onda iştirak etmək qərarına gəlib. "Elektrik enerjisi - "Piozo"nun yeni mənbəyi kimi - Düyü qabığı" mövzusunda layihə hazırlayaraq olimpiadanın təşkilat komitəsinə göndərib.

Muhamad Akmal Asmadi  bildirdi ki, onların ölkəsində, o cümlədən oxuduğu məktəbdə də müəllimlərə hədiyyələr verilir. Ancaq bu ildə bir dəfə - yalnız müəllim günündə olur.

Malayziyalı məktəblinin dediklərindən aydın oldu ki, onların ölkəsində ayrı-ayrı fənləri dərindən öyrənmək üçün fərdi şəkildə müəllimlə məşğul olmaq təcrübəsi, yəni repetitorluq yoxdur. Bu məqsəd üçün birillik xüsusi kurslar mövcuddur. Belə kursları təhsil müəssisələri təşkil edir. Orta məktəbi bitirdikdən sonra və universitetlərə girməzdən əvvəl kim istəsə həmin kurslarda bir il əlavə hazırlıq keçə bilər. Hər kəs seçimi özü edir. O, özü həkim-nevroloq olmağı qarşısına məqsəd qoysa da belə kurslara gedib-getməyəcəyini hələ bilmir.

Ölkəmizə ilk dəfə gəldiyini deyən malayziyalı məktəbli paytaxtımızdan çox xoşu gəldiyini, şəhərimizin artıq bir sıra görməli yerlərində olduğunu söylədi. Bildirdi ki, insanlarımız ona xüsusilə xoş təsir bağışlayır. Onlar çox diqqətli və mehribandırlar. Küçələrdə rast gəldiyi adamlardan onunla birlikdə şəkil çəkdirmək istəyənlər çox olub.

 

Tailandda repetitorluq yoxdur

 

İkinci müsahibimiz Tailand məktəblisi Navapan Tanlohun 15 yaşı var. O, Kentalalak məktəbində ("Kentalalak school") X sinifdə oxuyur. Məktəbi gələn il bitirəcək. Arzusu alim olmaqdır. Bunun üçün dəqiq fənləri təbiət elmlərini daha yaxşı öyrənməyə çalışır. O da bildirdi ki, indiyədək heç bir olimpiadada iştirak etməyib. Layihə olimpiadası qatıldığı ilk böyük beynəlxalq bilik yarışmasıdır. Ölkəmizdə belə bir olimpiadanın keçiriləcəyindən xəbər tutan kimi ona ciddi hazırlaşıb bu hazırlığın nəticəsi olaraq "Penoplast ərzaq qutusundan hazırlanmış tavan layihəsi" adlı layihəsi ilə olimpiadada iştirak edir. Əmindir ki, tullantılardan səmərəli istifadə olunması iqtisadi mənfəət gətirdiyi kimi təbiətin mühafizəsinə, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına da böyük töhfə verə bilər.

Tərcüməçimiz ingilis dilində danışan Tailand məktəblisinə "onların məktəblərində müəllimə hədiyyə verilirmi" sualımızı nə qədər başa salmağa çalışsa da Navapan Tanloh bunu başa düşə bilmədi. Dedi ki, bu haqda anlayışı yoxdur. Ümumiyyətlə oxuduğu müddətdə belə bir hadisə ilə qarşılaşmayıb, nə özü hansısa müəllimə hədiyyə verib, nə də kiminsə verdiyini görüb. O habelə ölkələrində repetitorluğun da olmadığını söylədi. Bildirdi ki, orta məktəblərdə alınmış bilik ali məktəblərə qəbul üçün kifayət edir.

Navapan Tanloh da paytaxtımıza valeh olduğunu söylədi. Bildirdi ki, burada hündürmərtəbəli binalar çoxdur. Bizdə isə belə binalar azdır, indi-indi tikilir.

 

Polşa məktəbliləri yalnız xüsusi qabiliyyət tələb edən universitetlərə əlavə hazırlaşırlar

 

Polşadan olan müsahibimiz Alisya Ruszczak da suallarımızı həvəslə cavablandırdı. Söylədi ki, 16 yaşı var. Meridian beynəlmiləl məktəbində ("Meridian İnternational School") 9-cu sinifdə təhsil alır. Ötən il öz ölkələrində coğrafiya biologiyadan keçirilən olimpiadada iştirak edib. Məktəbli qızın dediyindən məlum oldu ki, bu olimpiadalar onlarda sınaq imtahanları kimi təşkil olunur. Hər iki fənnə böyük həvəs göstərir. Beynəlxalq layihə olimpiadasında həmin fənlər üzrə bilik bacarıqlar daha çox lazım gəldiyindən onda iki layihə ilə iştirak etmək qərarına gəlib. Seçdiyi layihələrin mövzuları coğrafiyadandır: "Biz mikroiqlimi necə dəyişə bilərik?", "Şəhərləri necə salmaq olar?". Əmindir ki, hər iki layihəsinin mövzusu çox aktualdır. Çünki hazırda dünya iqlim dəyişikliyindən çox əziyyət çəkir. Şəhərlərin salınmasında isə çox vaxt ekologiya nəzərə alınmır. Buna görə o, layihələrinin heç olmazsa birinin bəyəniləcəyinə mükafatlandırılacağına ümid edir.

Polşa məktəblisi bildirdi ki, onun ölkəsində müəllimlərə hədiyyə vermək qaydası mövcuddur. Hədiyyə kimi müəllimlərə adətən gül təqdim olunur. Bəzən isə bu hədiyyələr suvenir, kitab şəklində olur. Müəllimlərə hədiyyə ildə iki dəfə - Beynəlxalq Müəllim Günündə Yeni il bayramında verilir.

Gələcəkdə hansı ixtisas üzrə ali məktəbə gedəcəyini  hələ müəyyənləşdirmədiyini deyən Alisya onlarda da məktəb təhsilindən əlavə hazırlığın olduğunu, lakin onun repetitorluq şəklində deyil, xüsusi kurslar  vasitəsilə həyata keçirildiyini söylədi. Qeyd etdi ki, ölkəsinin məktəblilərinə daha çox xüsusi qabiliyyət tələb edən universitetlərə hazırlaşmaq lazım gəlir onlar bu hazırlığı xüsusi kurslarda alırlar. Digər ali məktəblərə qəbul üçünsə məktəblərdə aldıqları biliklər kifayət edir.

O da ölkəmiz, paytaxtımız barədə öz təəssüratlarını "Azərbaycan çox gözəldir" sözləri ilə ifadə etdi. Bildirdi ki, insanlar çox qonaqpərvərdir. Şəhərimizlə hələ yaxşı tanış olmadığını deyən Varşava məktəblisi buna baxmayaraq doğma şəhərləri ilə Bakı arasında bəzi müqayisələr apardı. Bildirdi ki, Polşada, o cümlədən Varşavada çoxmərtəbəli evlər daha çoxdur.

Hər üç müsahibimiz ölkəmizdə olmaqdan, beynəlxalq layihə olimpiadasında iştirak etməkdən dərin məmnunluq hissi duyduğunu bildirdi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.8.