"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi
damır"
Korifey sənətkarımız
Niyazidən otuz il əvvəl alınmış müsahibə
Çağdaş
dövrümüzün böyük sənətkarı,
klassik musiqimizin əvəzsiz ifaçısı, dirijor və
bəstəkar, hamımızın Niyazi kimi
tanıdığımız Knyaz Zülfüqar oğlu
Hacıbəyov-Tağızadənin xalqımız, onun musiqi
mədəniyyəti qarşısındakı xidmətləri
misilsizdir. Maestro çoxdan dünyasını dəyişsə
də, onun əziz xatirəsi qəlblərdə yaşamaqda,
təkrarsız ifası,
musiqimizin inkişafı və təbliği
yönündəki böyük xidmətləri indi də xatırlanmaqdadır. Bir vaxtlar bu
böyük dirijorla görüşmək, ondan müsahibə
almaq səadəti mənə də nəsib olub. O vaxtdan 30 il
keçir. Orta və yaşlı nəslin xatirində olar. Ötən
əsrin 70-80-cı illərində ölkəmizdə
böyük intibah yaşanırdı. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında bütün sahələrdə
güclü inkişaf gedirdi. Musiqimiz də özünün
dirçəliş, tərəqqi dövrünü
yaşayırdı. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov
və onlarca digər sənətkarımızın
yaradıcılığının çiçəklənən
vaxtları idi. Musiqi ilə bağlı keçirilən elə
bir tədbir, elə bir konsert, müsabiqə olmazdı ki,
özünə çoxlu sayda tamaşaçı,
iştirakçı toplamasın.
O illərdə Azərbaycan
klassik musiqisinin təbliğinə dövlət səviyyəsində
böyük diqqət yetirilirdi.
Məktəbli uşaq,
yeniyetmə və gənclərin musiqi-estetik tərbiyəsi o
dövrdə çalışdığım "Azərbaycan
məktəbi" jurnalının da daimi mövzularından
idi. Bu mövzuda, xüsusən də müasir musiqi mədəniyyəti,
sənətkar və gənc nəslin estetik tərbiyəsi
problemləri ilə bağlı jurnalda elmi-nəzəri,
metodik məqalələr, görkəmli sənətkarlarla,
müsahibələr dərc olunurdu.
1980-cı ilin sonlarında həmin
silsilədən növbəti müsahibəni təbliğatyönümlü
konsertlərin bilavasitə təşkilatçısı və
ifaçısı olan maestro Niyazidən götürməyi qərarlaşdırdıq.
Dörd saatlıq səmimi söhbətimizin
nəticəsi olaraq hazırladığım müsahibə
"Azərbaycan məktəbi" jurnalının 1981-ci il
2-ci sayında "Estetik tərbiyə: yeniyetmə və
inkişaf" adı altında dərc olundu.
Həmin müsahibəni
qısa ixtisarlarla "Azərbaycan müəllimi"nin
oxucularına təqdim edirik.
- Maestro, oxucularımız sizi böyük sənətkar
- dirijor və bəstəkar kimi tanıyır və sevirlər.
Özünüz haqqında bir qədər ətraflı məlumat
vermənizi xahiş edirik.
- Özüm haqqında onu
deyə bilərəm ki, 1912-ci ildə bəstəkar ailəsində
anadan olmuşam. İlk tərbiyəçim nənəm
Şirin xanım Hacıbəyova olub. Dilimizə məhəbbəti,
onun şirinliyini, səlisliyini, təmizliyini mənə nənəm
aşılayıb. O, gəncliyini Qarabağda, Şuşada
Xan qızı Natəvanın sarayında keçirib. Xan
qızının başçılıq etdiyi ədəbi məclislərdə
yaxından iştirak edib. Ona görə də ailəmizdə
hamının şeirə və musiqiyə olan sevgisi nənəmin
və həmin ədəbi məclislərin xidmətidir. Biz
məclislərdə ev uşaqları kimi iştirak edərdik.
Nənəm bizi ətrafına
yığıb nağıl danışardı. Nağıllarımız
qəhrəmanlıq, təmizlik, əməksevərlik kimi
yüksək əxlaqi keyfiyyətlərlə zəngindir. Yeri
gəlmişkən qeyd edim ki, məhz buna görə də
filarmoniyada nağıllarımızı geniş təbliğ
etməyi qarşımıza məqsəd qoymuşuq. Bununla əlaqədar
müntəzəm olaraq nağıl gecələri keçirməyi
nəzərdə tutmuşuq. Mənə belə gəlir ki,
dastan və nağıllarımız vasitəsilə uşaq
və gənclərimizə qəhrəmanlıq dolu
keçmişimiz, hansı yurdun övladı olması, nəyi
müqəddəs tutması barədə çox şeyi
öyrədə bilərik.
Dediyim kimi, ana dilimizə məhəbbəti mənə nənəm aşılayıb. Musiqi sahəsindəki qabiliyyətlərimə
gəlincə isə bunu hərə bir cür qiymətləndirir.
Türklər deyirlər ki, Niyazinin xəmiri musiqi ilə
yoğrulub. Atam Zülfüqar isə deyirdi ki, oğlumun
barmaqlarından musiqi damır. Niyazinin sinirləri musiqi tellərindən
quraşdırılıb. Lakin bunlara baxmayaraq, bizim musiqi tərbiyəmizlə
məşğul olan olmayıb. Biz ancaq ümumi tərbiyə
almışıq. Ailə mühiti özü bizi
musiqiçi kimi yetişdirib. Atam Zülfüqar Hacıbəyov
çox təmiz, nəcib, qədirbilən, əliaçıq,
üzügülər, zarafatcıl, lazım olanda sərt adam
idi. Üzeyir əmimlə aralarında çox oxşarlıq
vardı. Bəzi cəhətlərdə isə bir-birindən
fərqlənirdilər. Atam çox şən, əmim isə
təmkinli idi.
1921-ci ildə
qardaşım Çingizlə birlikdə Bakıdakı
Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə daxil
olmuşuq. 1926-cı ildən Qnesinlər adına Moskva Musiqi
Pedaqoji Texnikumunda oxumuşam. 1929-1931-ci illərdə Leninqrad Mərkəzi
Musiqi Texnikumunda kompozisiya üzrə məşğələlərə
davam etmişəm. 30-cu illərin əvvəllərində
Azərbaycan Dövlət Konservatoriyasının
aspiranturasında oxumuşam.
Ömrümdə
davranışdan "1"-dən artıq, başqa fənlərdən
isə "5"-dən aşağı qiymət
almamışam. Bir sözlə, çox nadinc olmuşam. Anam
ağlayıb deyərmiş: - Mən nə edim ay Allah, yerə
qoyuram yer yanır, göyə qoyuram göy yanır. Lakin buna
baxmayaraq quşlara, heyvanlara rəhm etmişəm. Qorxaqlardan zəhləm
gedib, söz gəzdirən adamlardan uzaq qaçmışam. Açıq
adamları, sözü üzə deyənləri çox
sevirəm. Öz əməyinin bəhrəsi ilə dolanan
adamlara xüsusi hörmətim var. 49 ildir ki, Həcər
xanımla ailə həyatı qurmuşuq. Həmişə
bir-birimizi gözəl başa düşürük. Heç
vaxt ailə həyatında narazılığımız
olmayıb.
- Kimi özünüzün müəlliminiz hesab
edirsiniz?
- Çoxları elə bilir
ki, bəstəkar ailəsində anadan olduğum
üçün mənim ilk müəllimim ya atam, ya da əmim
olub. Lakin belə deyil. Mənim musiqiçi kimi
formalaşmağımda nəğmə müəllimim Əliağa
Zeynalovun rolu daha çox olub. Onun üçsimli skripkası
vardı. Bu skripkanı elə həvəslə, vurğunluqla
çalardı ki, biz hamımız ona valeh olardıq. Xüsusən
onun müşayiəti ilə "Uşaq və buz",
"Quşlar, quşlar, a quşlar" mahnılarını sevə-sevə
oxuyardıq.
Sonralar isə əmim Üzeyir bəy və Mixail Fabinoviç Qnesin mənim müəllimlərim olublar. Lakin mən bütün sənət yoldaşlarımı özümə müəllim bilirəm. Ömrüm boyu kimlə oturub durmuşamsa, ondan nəsə bir şey öyrənməyə, görüb-götürməyə çalışmışam. Ən böyük müəllimim isə həyatdır.
- Maestro, Azərbaycan musiqisinin inkişafı barədə nə deyə bilərsiniz?
- Sualınıza bir qədər ətraflı cavab verərək deyə bilərəm ki, xalqımızın şirin dili, ağbirçək ədəbiyyatı kimi rövnəqli musiqisi də bir neçə minillik tarixə malikdir. Azərbaycan xalqı illər boyu mübarizələrdə, çarpışmalarda, xeyirdə, şərdə bu üç amili mənəvi bayraq kimi əlində tutub. Vaxtilə makedoniyalı İsgəndərin döyüşçüləri, ərəblərin orduları, monqollar, farslar dəfələrlə bizim ana torpağımıza, vətənimizə od-alov saçaraq, ölüm gətiriblər. Bütün bu mübarizələrdə dil, ədəbiyyat və musiqi öz varlığını qoruyub saxlayıb, xalqa mənəvi ruh, qol-qanad verib. XVII-XIX əsrlərdə Azərbaycanın xanlıqlara parçalanması, dağınıqlıq, vahid dövlətin olmaması və s. bizim ədəbiyyatımıza, musiqimizə də pis təsir edib. Ona görə də XX əsrin əvvəllərində musiqimiz parçalanmış vəziyyətdə idi. Bunun səbəblərindən biri də çarizmin yeritdiyi mənfur müstəmləkəçilik siyasəti idi. Teatrların, musiqi ocaqlarının olmaması, bu işə dövlətin vəsait ayırmaması xalqımızı böyük bir mənəvi aləmdən məhrum etmişdi.
Odur ki, Üzeyir bəyin xalqın zülmətli gecəsində dan ulduzu kimi parlaması, peşəkar musiqi teatrı, opera, xor, simli orkestr yaratması musiqimizdə yeni bir səhifə açdı. 1907-ci ildə "Leyli və Məcnun" yazıldı (1908-ci ilin 12 yanvarında ilk tamaşası olub). Opera Azərbaycan mədəniyyətində yeni eranın başlanğıcı oldu. Düzdür, bu zamanadək Azərbaycanın musiqi aləmində maraqlı hadisələr də baş vermişdi. Məsələn, nəğmələr şəhəri Şuşada XIX əsrin sonlarında Sadıqcan qədim yeddisimli tarı təkmilləşdirib ikiçanaqlı etmiş, dəri örtük çəkmiş, simlərin sayını isə 11-ə çatdırmış, beləliklə, onun rezenatorunu və diapazonunu artırmışdı. Ona görə də milli musiqi alətimiz olan tar səs boyu, səs gücü və tembri ilə bir çox Avropa musiqi alətlərindən üstündür.
XIX əsrdə Azərbaycanda böyük musiqiçilər dəstəsinin çalışması, Cabbar Qaryağdı, Keçəçi oğlu Məmməd, Seyid Şuşinski, Əbülbağı Zülalov və başqaları ifaçılıq sənətinin yeni bir mərhələsinə təkan verdilər.
O vaxta qədər milli musiqimiz olan muğam və dəstgahlarda Hafiz, Sədi və digər Şərq şairlərinin farsca qəzəlləri oxunurdu. Adları
çəkilən xanəndələr isə Azərbaycan
şairlərinə müraciət etməyə
başladılar. Məclislərdə Füzulinin, Seyid Əzimin
qəzəlləri getdikcə daha çox oxunurdu.
Bütün bunlar milli özünüdərkin nəticəsi
idi.
XIX əsrin sonları -
XX əsrin əvvəllərində Bakı şəhəri
neft hasilatının artması ilə əlaqədar
böyük sənaye mərkəzinə çevrilir. Dünyanın
hər yerindən Rotşildlər, Mantaşevlər və s.
kimi kapitalistlər "Sarı iblis" həvəsinə
Bakıya yığışırlar.
Təbiidir ki, burada proletariat
da formalaşır. Volqaboyundan, İrandan axın-axın
Bakıya gələn fəhlələr getdikcə mütəşəkkil
bir qüvvəyə çevrilən proletar sinfini
yaradırlar. 1885-ci ildən başlayaraq Bakıda simfonik
konsertlər təşkil olunur. 1895-ci ildən isə şəhərə
İtaliya opera truppası gəlir. M.F.Axundovun, C.Məmmədquluzadənin,
H.B.Zərdabinin, M.Ə.Sabirin vətənpərvər ruhlu əsərləri
bu dövrdə mədəni həyatda əsl intibaha səbəb
olur. Üzeyir Hacıbəyov dühası da belə bir
dövrdə parlayıb, meydana çıxmışdır.
Azərbaycan musiqisinin əsas
çiçəklənmə dövrü XX əsrin əvvəllərindən
başlanmışdır. Həmin əsrin 20-ci illərində
isə musiqi sənətinin inkişafında böyük
sıçrayış olmuşdur. Təkcə bir faktı
göstərim ki, əgər Avropada ilk operadan müasir
operanın yaranmasına qədər 300 il vaxt
keçmişdirsə, bizdə bu, "Leyli və Məcnun"dan
"Koroğlu"yadək 30 il ərzində baş
vermişdir. Həmin illərdən başlayaraq
respublikamızda muzeylər, opera və konservatoriya, digər
musiqi müəssisələri yaradılır və təkmilləşdirilir.
1922-ci ildə azərbaycanlılardan
ötrü musiqi məktəbi təşkil edilir. Azərbaycan
Dövlət Opera Teatrı, Azərbaycan Dövlət Dram
Teatrı fəaliyyətə başlayır. Bakıda teatr
texnikumu açılır.
Hazırda bizdə yüksək
sənət qüdrətinə malik
incəsənət ustaları-ifaçılar
çoxdur. Məsələn, beynəlxalq müsabiqələr
laureatı olmaq çox çətindir. Buna baxmayaraq, mahir
pianoçu Fərhad Bədəlbəyli iki dəfə beynəlxalq
müsabiqə laureatı adını qazanıb. Ülvi
Zeynalov İtaliyada, Validə Rəsulova Parisdə müxtəlif
müsabiqələrin qalibləri olublar. Fidan Qasımova da
beynəlxalq müsabiqə laureatıdır. Biz
ifaçılıq sənətində çox sahədən
irəlidəyik. İfaçılarımızdan iki nəfəri
- Bülbül və müsahibiniz SSRİ Dövlət
mükafatına layiq görülüblər. Bizdə yüksək
istedadlı bəstəkarlar nəsli yetişib. Q.Qarayev, F.Əmirov,
S.Rüstəmov, S.Hacıbəyov, T.Quliyev, R.Hacıyev, A.Məlikov,
C.Cahangirov, V.Adıgözəlov və digər bəstəkarlarımızla
biz həqiqətən fəxr edirik. Çox xalqlar bu sahədə
bizə qibtə edə bilərlər.
Musiqimizin inkişaf yolundan
söhbət açarkən son on ildəki nailiyyətlər
xüsusilə qeyd edilməlidir. Bu illər ərzində
respublikamızda yeni-yeni musiqi kollektivlərinin təşkil
edilməsi, incəsənət həyatımızda
mühüm hadisə olan ev-muzeylərin açılması,
yubileylərin keçirilməsi incəsənətimizin
kütləviləşməsinə və xalqa daha da
yaxınlaşmasına əlverişli şərait
yaratmışdır. Dövlətimizin ədəbiyyat və
incəsənətimizin inkişafına göstərdiyi
qayğı, yaradıcı ziyalılara verilən yüksək
qiymət bizi daim yeni-yeni əsərlər yaratmağa
ruhlandırır.
- Gənc nəslin mənəvi-estetik tərbiyəsində
musiqinin rolunu necə qiymətləndirirsiniz?
- İnsanda estetika onun mənəvi
gözəlliyidir. Mənəvi gözəlliyi yaradan isə
musiqi, ədəbiyyat və dildir. Bunlar bizim mənəvi həyatımızdır. Musiqinin
açdığı gözəllik aləmi insan ruhuna, psixologiyasına
dərindən təsir edir, onu nəcibləşdirir,
ülviləşdirir, həyatdan zövq almağa,
yaşamağa, yaratmağa ruhlandırır. Məhz buna
görə də indi parta arxasında oturan vətənimizin gələcək
qurucularına əsaslı musiqi tərbiyəsi verilməsi,
onlarda musiqini duymaq və ondan zövq almaq qabiliyyəti
formalaşdırılması pedaqoji kollektivlərin əsas
işi olmalıdır. Müəllimlərimiz istər dərs
prosesində, istərsə də sinifdənxaric və məktəbdənkənar
tədbirlər vasitəsi ilə musiqinin
açdığı gözəllik aləmi ilə
şagirdləri daha yaxından
Musiqi insana estetik zövq verməklə
bərabər, onun mənəvi cəhətdən zənginləşməsində
də böyük rol oynayır. Mənəvi zənginlik isə
hərtərəfli inkişaf etmiş şəxsiyyətin
ayrılmaz xassəsidir, həm də bunun üçün təkcə
musiqini sevmək kifayət deyil. Onu dərindən bilmək,
musiqini qiymətləndirmək qabiliyyətinə malik olmaq da
lazımdır. Müasir insan xalq mahnılarından tutmuş
mürəkkəb simfonik əsərlərə qədər
bütün musiqi janrlarına dərindən bələd
olmalıdır. Musiqinin şəxsiyyətin hərtərəfli
inkişafındakı roluna dair çoxlu sübut gətirə
bilərik. Məsələn, marşal Tuxaçevski gözəl
skripka çalırdı, həm də o buna əyləncə
vasitəsi kimi deyil, həyatının ayrılmaz bir
parçası kimi baxırdı.
Borodin kimyaçı olub.
Lakin həm də gözəl bəstəkar idi. Kapitan Rimski-Korsakov
məşhur bəstəkar olmuşdur... "Leyli və Məcnun"un
birinci dirijoru yazıçı Əbdürrəhim bəy
Haqverdiyev olmuşdur.
- Bəs məktəblərdə musiqi tərbiyəsinin
inkişafı üçün nəyi tövsiyə edərdiniz?
- Bütün məktəblərdə
musiqi tərbiyəsinin birtərəfli inkişaf etməsini.
Məsələn, məktəbdə
estrada kollektivi varsa, onunla yanaşı xor dəstəsi, xalq
çalğı alətləri ansamblı, nəfəs alətləri
orkestri və s. də olsun. Ən ümdəsi musiqiyə
ayrılan saatlar musiqiyə həsr olunsun. Musiqi müəllimlərimiz
peşəkar olsunlar. Məktəblərimizin pedaqoji və
şagird kollektivləri musiqi kollektivləri və bəstəkarlarımızla
geniş əlaqə saxlasınlar, onları məktəbdə
aparılan estetik tərbiyə işinə daha yaxından cəlb
etsinlər.
- Maestro, məktəblilər arasında musiqinin təbliği
sahəsindəki işlər barədə nə deyə bilərsiniz?
- Bu sahədəki işləri
də qənaətbəxş hesab etmirəm. Məktəblilər
üçün xüsusi konsertlər vermək, məktəblərdə
musiqi mövzusunda viktorinalar, bəstəkar və
ifaçılarla görüşlər təşkil etmək
musiqinin təbliğində mühüm rol oynayır. Məktəblərimiz
qabaqcıl sənət adamları ilə görüşləri
az-az, həm də zəif təşkil edirlər. Mənə
belə gəlir ki, məktəblər öz məzunları
ilə çox pis əlaqə saxlayırlar. Əlbəttə,
mən bunu musiqi incəsənəti ilə bağlı məzunlarla
əlaqə barədə deyirəm. Hər bir bəstəkar
və ifaçı müəyyən bir məktəbin yetirməsidir.
Bu mənada onların şəxsi nümunəsindən tərbiyə
prosesində geniş istifadə edilə bilər.
Şagirdlərin kütləvi
şəkildə konsertlərə aparılması,
ayrı-ayrı musiqi kollektivlərinin məktəbdə
şagirdlər qarşısındakı
çıxışları da musiqinin məktəblilər
arasında geniş təbliğ olunmasına imkan yaradır.
Ona görə də uşaqlar üçün musiqinin təbliği
sahəsində filarmoniyada planlı və məqsədyönlü
iş aparılır. Biz ümumtəhsil məktəbləri
şagirdlərinin hər yaş qrupu üçün abonentlər
hazırlamışıq. Həmin abonementlərdə musiqinin
müxtəlif janrlarına aid konsertlər, bəstəkar və
ifaçılarla görüşlər nəzərdə
tutulmuşdur. Hazırda bu cür 9 abonementimiz məktəblərə
çatdırılmışdır və biz bu abonementlər
üzrə konsertlərə başlamışıq.
Bütün bunlar, zənn edirəm ki, musiqinin məktəblilər
arasında təbliğ olunmasına xeyli kömək edə
biləcəkdir.
- Gələcək planlarınız barədə
oxucularımıza məlumat vermənizi xahiş edərdik.
- Yorulmadan
çalışmaq, əlimdən gələni etmək.
Yaradıcılıq imkanlarımı səfərbər edib
xalqıma bacardığım qədər xidmət etmək,
özü də hər sahədə - yaradıcılıqda
da, dirijorluqda da, ictimai işlərdə də. Çünki
hər bir sənətkar xalqın səadəti uğrunda daim
mübarizə aparmalıdır. Sülh uğrunda
ardıcıl mübariz olmalıdır. İndiki dövrdə
müharibələrə qarşı sənətkar
sözü xüsusilə lazımdır.
Mən indi memuarlarımı
yazıram. Qeyd edim ki, memuar yazmaq çox çətindir. Əvvəla,
gərək o qədər pak olasan ki, gördüyün
şeyləri olduğu kimi, artırıb əskiltmədən
yaza biləsən. İkincisi, ömür boyu qəlbindən,
ürəyindən keçən sənət hadisələrini
arayasan və mindən birini seçib yazasan. Bu işdə bitərəf
olmaq çətindir . Memuar başqaları üçün həm
maraqlı, həm də örnək olmalıdır, heyif ki, nə
atam, nə də əmim memuar yazmayıblar. Əgər
yazsaydılar, nə qədər gözəl sənət əsərləri
qoyub gedərdilər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010 .- 30 aprel.- S.9.