Əli Sultanlı yaddaşlarda necə qalıb
Dəqiqələr saata,
günlər həftələrə, həftələr aylara
dönür, fəsillər dəyişir, illər bir-birini əvəz
edir. Yaşayırıq. Özümüz də bilmədən
hər gün bir addım son mənzilimizə
yaxınlaşırıq.
Və bu gəldi-gedər dünyaya göz açan hər bir insan İlahi tərəfindən ona bəxş edilmiş ömür payını özünəməxsus tərzdə, bacardığı kimi yaşayır. Dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra Vətəni və xalqı üçün gördüyü işlərlə, özündən sonrakı nəsillər üçün miras qoyduğu xeyirxah əməlləri ilə onu tanıyanlar tərəfindən hörmət və ehtiramla xatırlanır, yad edilirlər.
Belə insanlardan biri, uzun müddət Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) fəaliyyət göstərən, görkəmli ədəbiyyatşünas, Azərbaycan dramaturgiyasının tədqiqatçısı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğatçısı olmuş, filologiya elmləri doktoru, professor Əli Sultanlı haqqında söz açmaq istəyirik. Alimin bizə məlum olmayan keşməkeşli ömür yoluna nəzər salmaq üçün onun keçmiş həmkarı, yaxınları və tələbələri ilə görüşməyi qərara aldıq.
Əli Abdulla oğlu
Sultanlı 1906-cı ildə Naxçıvanda anadan olub.
İlk təhsilini doğma Naxçıvanda alan Əli
1923-cü ildə Bakıya gəlib, burada oğlanlar
seminariyasını və sonra Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu bitirib. 1929-cu ildə o, APİ-nin Xarici
ölkələr ədəbiyyatı kafedrasında müəllim
kimi ilk əmək fəaliyyətinə başlayıb, bir
müddət sonra filologiya fakültəsinin dekanı vəzifəsinə
təyin edilib.
Əli Sultanlı 1940-cı
ildə "Axundov və Molyer" mövzusunda elmlər namizədi
və 1946-cı ildə isə "Azərbaycan
dramaturgiyasının tarixi" mövzusunda elmlər doktoru
dissertasiyalarını müdafiə edib. Sonralar taleyini Azərbaycan
Dövlət Universitetinə bağlayıb və
ömrünün sonuna kimi bu təhsil ocağında işləməklə
misilsiz, yaddaqalan əməllərilə ömür salnaməsini
yazıb.
"O, vətənpərvər alim, əvəzsiz müəllim
idi"
Yusif Seyidov, BDU-nun kafedra müdiri, filologiya elmləri
doktoru, professor:
- Əli Sultanlı uzun illər
Azərbaycanın ali məktəblərində Qərbi Avropa
ölkələrinin çoxəsrlik ədəbiyyatını,
fəlsəfə, ictimai-siyasi fikir tarixini, çoxəsrlik
rus, hind, türk, İran və bütün Şərq ədəbiyyatının
mədəniyyət tarixini dərin bilən bir alim kimi yadda
qalıb.
Respublikamızda xarici ölkə
ədəbiyyatının müntəzəm öyrənilməsi
və bu sahədəki ilk müvəffəqiyyətlər
professor Əli Sultanlının adı ilə
bağlıdır. Ə.Sultanlı tədris etdiyi fənnə
aid "Antik ədəbiyyatı müntəxəbatı",
"Roma ədəbiyyatı müntəxəbatı",
"Xarici ölkələr ədəbiyyatı",
"Antik ədəbiyyat tarixi" və s. başqa qiymətli
dərs vəsaitləri hazırlayaraq çap etdirib. Aristotel,
Bokkaçio, Şekspir, Molyer, Russo, Höte, Şiller, Bayron,
Hüqo, Heyne, Balzak, İbeen, R.Rollan və başqa sənətkarların
yaradıcılığı haqqında jurnal və qəzetlərdə
müntəzəm olaraq məqalələr nəşr etdirib,
Azərbaycan xalqını dünya mədəniyyətinin
inciləri ilə tanış edib.
Qədim Azərbaycan ədəbiyyatı
tarixini işıqlandırmaq həmişə Ə.Sultanlını
düşündürüb. Onun "Dədə Qorqud"
dastanı haqqında bir çox məqalələr yazması
məhz bunun nəticəsidir. O, həmçinin
respublikanın ali məktəbləri üçün xarici
ölkələr ədəbiyyatı üzrə sanballı
mütəxəssislər hazırlayıb.
Əli Sultanlı o zaman
universitetimizdə Avropa ədəbiyyatı adlanan kafedranın
müdiri idi və bu ədəbiyyatdan mühazirələr
oxuyurdu. Onun qeyri-adi diksiyası var idi, dərs prosesində tədris
materialına uyğun olaraq, səsinin tonu dəyişir, bəzən
adama elə gəlirdi ki, elmliyi azaltmadan, monoloq deyir. Dərslik
olmadığı üçün mühazirəni yazmalı
idik, lakin Əli müəllimin mühazirəsinin şirinliyi
məcbur edirdi ki, biz tələbələr, necə deyərlər,
ağzımızı açıb onu dinləyək. Ə.Sultanlının
dərsləri həmişə kütləvi xarakter
alırdı, yəni onun mühazirələrində təkcə
qrupun tələbələri deyil, başqa fakültələrin
tələbələri də iştirak edirdi. Mən tələbə,
aspirant olanda da, universitetdə işləyəndə də
bunların şahidi olmuşam.
Əli müəllim həqiqəti
müdafiə etmək üçün heç nədən
çəkinməzdi. Yaxşı yadımdadı, 50-ci illərdə
erməni təcavüzünün əleyhinə
çıxış etdiyinə görə universitetin müəllimi
Abbas Zamanovun partiya sıralarından
çıxarılması məsələsi qoyulmuşdu.
Zamanına görə bu ən ağır cəza idi. Mərkəzi
Komitənin tələbi ilə universitet rəhbərliyi bunu
həyata keçirməli idi. Məsələnin müzakirəyə
qoyulduğu ümumi partiya iclasında Əli Sultanlı belə
bir qərarın çıxarılmasını qəti şəkildə
pisləyib, Abbas Zamanovu müdafiə etdi.
Biz tələbə ikən
fakültənin dekanı olan Həbibulla Səmədzadə
1948-ci ildə dünyasını dəyişdi. Əli müəllim
fakültəyə dekan qoyulması təklifinə qəti
etiraz etdi: - "Mən onun yerində otura bilmərəm",
- dedi. Onlar dost olmuşdular, bu münasibət, bu insanlıq
duyğusu ona imkan vermirdi ki, həmin hissi - psixoloji maneəni
aşsın.
Əli müəllimin
adı bu gün də şərəflə çəkilir.
Ölümündən 50 il keçməsinə baxmayaraq,
hazırda da Avropa ədəbiyyatı (indi dünya ədəbiyyatı)
kafedrası Əli Sultanlının adı ilə
çağırılır.
"Əli dayım tanınmış alim olmaqla
yanaşı, dostluğa da sadiq insan olub"
Kamal Abdulla, yazıçı-dramaturq, dilçi-alim,
professor:
- Əli dayım rəhmətə
gedəndə mənim 9 yaşım vardı. Onun bizim evimizdə
olan "Antik ədəbiyyat tarixi" kitabını hələ
o zaman dəfələrlə oxumuşam. Həmin kitabda miflərin
təsvirinə həsr edilmiş böyük hissələr
vardı. O vaxtlar həmin yunan mifləri Azərbaycan
oxucularına yaxşı
Əli dayım
tanınmış alim olmaqla yanaşı, dostluğa da sadiq
insan olub. Anam Bətulə xanım danışardı ki,
onların Naxçıvandakı ata evini Hüseyn Cavidin evindən
bir çəpər ayırdığı üçün
yaxın qonşu olublar. Anam H.Cavidin həyat yoldaşı
Müşkünaz xanımla çox mehriban rəfiqə
olublar. Babam Abdulla kişi də qızı Bətuləni
ancaq H.Cavidin ailəsinə etibar edib. Dayılarım da bunun
müqabilində anamın onlara getməsinə,
Müşkünaz xanımla dostluq etməsinə mane
olmayıb. Cavid Əfəndiyə də yaxşı qonşu,
ağsaqqal dost kimi hörmət ediblər.
O zaman Cavid
Müşkünaz xanımla birlikdə anamı da Bakıya gətirir,
onları oxumaq üçün darülfünə düzəldir
və onlara dərs deyir. 1937-ci ilin məlum hadisələri ilə
əlaqədar H.Cavid həbs olunaraq Sibirə sürgün
edilir. Müşkünaz xanım uşaqları ilə birlikdə
yaşadıqları evdən bayıra atılır. Onlar
Dağlı məhəlləsində pəncərəsiz,
döşəməsi torpaq, qapısı bir baş
küçəyə açılan balaca bir daxma tapıb ora
yığışıblar. Müşkünaz xanım ehtiyac
üzündən acından ölməsin deyə, oğlunu
Naxçıvana göndərir. Dost-tanışlar, hətta
qohumlar da onlarla əlaqəni tamam kəsir,
qapılarını açan belə olmur. Ağır məqamlarında
onu yad edən yalnız naxçıvanlı rəfiqələri
Hüsniyə xanım və anam Bətulə olur. Onları
acından ölməyə qoymurlar. Dayılarımın, o
cümlədən Əli dayımın məsləhəti ilə
anam zənbilə yemək yığıb üstünə
hamam boğçası qoyar, hava qaralanda zənbili
başına örtdüyü enli çadranın altında
gizlədib Müşkünazgilin yaşadığı evə
tərəf gedərdi. Evə çatanda qapını astaca
döyüb zənbili qapının ağzında yerə
qoyub oradan təcili uzaqlaşardı. Zamanına görə,
bu, böyük risk və təhlükə idi. Müşkünaz xanım bunu bildiyi
üçün həmin an qapını açıb zənbili
götürərdi. Hər dəfə onların ailəsinə
edilən belə köməkliklərdən sonra Əli
dayım rahatlıq tapar, anamın üzünə minnətdarlıqla
baxardı.
"Dünya ədəbiyyatı kafedrasını Əli
Sultanlı yaradıb"
Cəmil Nağıyev, filologiya elmləri doktoru,
professor:
- 1964-cü ildə mən
ADU-ya qəbul olanda artıq bir neçə il idi ki, Əli
Sultanlı dünyasını dəyişmişdi. Buna
baxmayaraq, yaxşı bir müəllim kimi onun haqqında əfsanəyəbənzər
söhbətlər eşidirdim. Sonralar onun yaradıcılığı
ilə
Onun elmi-pedaqoji fəaliyyətinin
əsas istiqamətlərindən biri də qədim yunan və
qədim Roma ədəbiyyatlarını əhatə edən,
bu gün də öz elmi dəyərini itirməyən, Azərbaycan
ziyalılarının və universitet tələbələrinin
əsas tədris vəsaiti kimi mənbələrdən biri
olan "Antik ədəbiyyatı tarixi" kitabıdır.
1958-ci ildə çap olunan həmin kitab bu gün də tələbələrin
istifadə etdiyi dəyərli dərs vəsaitidir. Əli
müəllim bu gün də dəyərini itirməyən
bir sıra kitabların və dərsliklərin müəllifidir.
O, ilk dəfə olaraq Azərbaycanda "Orta əsrlər və
intibah dövrü ədəbiyyatı müntəxəbatı"nı
da çap etdirib. Əli Sultanlı 1939-cu ildə universitetdə
Dünya ədəbiyyatı kafedrasını yaradıb və
ömrünün sonuna kimi həmin kafedraya rəhbərlik
edib.
"Atamı az qala tanımayacaqdım"
Nərmin Sultanlı, BDU-nun Şərqşünaslıq
fakültəsinin dosenti (Əli Sultanlının qızı):
- Atamın bir müəllim,
pedaqoq kimi ustalığından, ömrünün
böyük hissəsini xalq maarifinə həsr etməsindən,
tələbələrinə qarşı
qayğıkeşliyindən çox yazılıb. Bu haqda Əli
müəllimin sevimli tələbəsi İsmayıl
Şıxlının "Mənim rəqibim" və
"Onun səsi qulağımdadır" adlı hekayələri
var. Əli müəllim mahir lektor kimi 150 nəfərlik
auditoriyanı öz mühazirələriylə sehrləndirərdi.
Yaxşı
yadımdadır, 6 yaşım vardı. Atam məni
özü ilə universitetə aparmışdı. Elə
oldu ki, mən onun mühazirəsində oturmalı oldum.
Mühazirə başlandı və birdən qarşımda
tanımadığım bir adam gördüm, hətta bu dəyişiklik
məni bir az qorxutdu da! Atam isə Troya müharibəsindən
danışır, gah Axilles olurdu, gah da Patrokl və s.
Atam dostluqda səmimi və hətta
fədakar idi. Müharibə vaxtı və 50-ci illərdə
məlum səbəblərə görə dara düşən
dostlarına və tələbələrinə çox incə
davranışla, onlara hiss etdirmədən kömək edərdi.
Sürgündən təzə qayıtmış bir
ziyalını (adını çəkmək istəmirəm)
atam hər gün nahar vaxtı evə dəvət edir, onu
yaxşıca yedirdəndən sonra ingilis dilini öyrətməsini
ondan xahiş edərdi. Və bir gün bundan şübhələnən
həmin insan atama - "Əli, ingilis dilini öyrənmək
sənin nəyinə lazımdır, özü də həmişə
nahar vaxtı?" - deyə soruşur. Atam özünü
itirmədən - "Qardaş, dili öyrənməyin xeyri
var ki, ziyanı yoxdur, bir də tək olanda iştaham
küsür, heç nə yeyə bilmirəm. Səninlə
bir olanda həvəslə yeyirəm və söhbətlərin
də mənə başqa cür ləzzət verir", - deyərək
əlüstü cavab verməklə qonağını
azdırır, duyuq düşməsinə imkan verməməyə
çalışır. Ancaq atalar demiş, "Cidanı
çuvalda gizlətmək olmur".
Atamın sovet quruluşuna
münasibəti çox mənfi idi. Kommunist partiyasının
üzvü olmadığına görə Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü seçilmədi.
Bir insan kimi formalaşmağımda
atamın böyük rolu olub. O zamanlar çoxları
uşaqlarını rus bölməsində oxumağa göndərərdi.
Atam bunun qəti əleyhinə idi və mən təhsilimi Azərbaycan
məktəbində aldım. Sonra isə Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb
dili şöbəsinin Azərbaycan bölməsində
oxuduğuma görə mənim mütaliəmə də
çox diqqət verirdi.
Atam yaddaşımda təmkinli,
heç vaxt səsini yüksəltməyən, ürəyiyumşaq
bir şəxs kimi qalıb. Cavanlıqdan heç bir
heyvanın ətini yemədiyini çox adamlar uzun müddət
bilməyib. Səyahəti çox sevərdi. Bizi o vaxtkı
Sovet İttifaqının bütün gəzməli yerlərinə
aparmışdı.
Atam deyərdi: "Müəllimlik
peşəsini seçən adam bir şeyi yaddan çıxarmamalıdır:
müəllim tələbə üçün ilahi
varlıq, bir örnək olmalıdır".
Uşaqlıqda ata-ananın
himayəsindən tez qurtarıb, böyüməyə can
atırıq. Yaşlaşanda isə atalı-analı günlərimiz
üçün darıxırıq. Mən də atamla
keçirdiyim xoşbəxt uşaqlığım
üçün çox darıxıram.
Atam həyat eşqi ilə
qaynayan, tükənməz arzularla yaşayan nikbin bir insan idi.
Lakin vəfasız ömür ona yaşamağa imkan vermədi.
1960-cı ildə, ömrünün çiçəkləndiyi
54-cü ilində dünyasını dəyişib əbədiyyətə
qovuşdu.
Qələmə aldı: Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.10.