Seyid
Əzim Şirvani yaradıcılığının orta
məktəblərdə öyrənilməsi
XIX əsr ədəbiyyatından danışarkən, ilk növbədə, maarifçilik ideyalarının yayılması kimi böyük bir hərəkat yada düşür. Bu hərəkatın təkanverici qüvvələri ayrı-ayrı növ və janrlarda yazıb-yaradan sənətkarlar olsalar da, onları bir ideya - maarifçilik ideyası birləşdirirdi. Belə maarifçilərdən bəziləri məktəblər açmasalar da, xalqın maariflənməsi yolunda əllərindən gələni əsirgəmirdilər. Hələ o dövrlərdə M.F.Axundzadə H.B.Zərdabiyə yazdığı məktubların birində belə deyirdi: "Bir kampaniya təşkil edin və onlar da Azərbaycanın şəhər və kəndlərində məktəbxanalar açmaq işi ilə məşğul olsunlar".
Belə məktəb yaradan şəxslərdən biri də S.Ə.Şirvani olmuşdur. S.Ə.Şirvani şair olmaqla bərabər, işgüzar və istedadlı müəllim idi. Tədris prosesində müəllim S.Əzimin həyatı haqqında danışarkən onun pedaqoji fəaliyyətinə, Azərbaycan pedaqoji elmi tarixindəki roluna xüsusi diqqət yetirilməlidir. Bu məqam tədrisin həm keyfiyyətinin yüksəlməsinə, həm də şagirdlərin şair-pedaqoq haqqında məlumatlarının artmasına kömək edər.
Ömrünün 18 ilini məktəbdarlığa bağlayan şair elmin bir çıraq olub qaranlıq beyinləri işıqlandıracağını bilirdi. Hələ məktəb yaratmazdan əvvəl Şamaxı mühitində tədrisin köhnə qayda-qanunlarla, mollaxana
üsulu ilə
keçirilməsini tənqid edərək yazırdı:
Hər vilayətdə var
beş-on məktəb,
Edirik kəsb
onda elmü ədəb.
Məktəbin fərşi
altı köhnə həsir,
Neçə ətfali-müflis
onda əsir.
Şairin təsvirindən
məktəbdəki dərs prosesinin hansı vəziyyətdə
olması oxucuya tam aydın olur. Var gücü ilə
yeni tipli məktəb yaratmaq üçün
çalışan şair çox keçmir ki,
Şamaxıda yeni üsullu məktəb açır. Onun bu məktəbində 36 şagird təhsil
alırdı. Maddi ehtiyac içində
yaşayan şair bu məktəbdən heç bir gəlir əldə
etmirdi. Tədris prosesində müəllim şairin məktəb
açandan sonra Şamaxı qaraguruhçular mühitində ona edilən təzyiq və
hücumlardan danışmalı, eyni zamanda bütün bu
halların şairi qorxutmadığını, əksinə,
onun öz işini daha da inkişaf etdirməyə
çalışmasını xüsusi qeyd etməlidir. S.Əzim
tərbiyə işinin kəmsavad, köhnəpərəst,
dünyagörüşü kasad olan müəllimlərin əlinə
verilməsini istəmirdi.
Belə adamların müəllimlik kimi şərəfli
bir ada zərər gətirəcəyini deyirdi. Şair
öz dövründə olan məktəb və dərsliklərin
vəziyyəti haqqında şeirlərinin birində belə
yazırdı:
Əvvəla, bizdə yox o məktəblər
Ki, verə kəsbi-elmi xalqa
səmər,
Nə o günə kitablar əlan
Ki ola
öz lisanında bəyan.
Bizə hasil nə şey
olur yoxdan,
Ki ibtidadır
kitabımız çoxdan.
Maarifpərvər
şair gənc nəslin təlim-tərbiyəsi
üçün yeni tipli dərsliklərin olmasını da
böyük zərurət hesab edirdi. Açdığı məktəbində
yeni tipli dərsliklərlə gənc nəslin təlim-tərbiyəsinə
başlamaq üçün özü dərslik yaratmaq qərarına
gəlir və buna tez bir zamanda nail olur. Şair
ilk dərsliyini "Rəbiül-ətfar" ("Uşaqların
baharı") 1878-ci ildə tamamlayır. Bu
dərslikdən sonra şairin şöhrəti daha da
artır. Mürtəce qüvvələrin
hücumu isə səngimək bilmirdi.
S.Əzimin
ikinci dərsliyi isə "Tacül-kitab"
("Kitabların tacı") adlanır. Şair bu dərsliyi
1883-cü ildə tamamlayır. Müəllif
əsərini Aleksandrın taxta çıxdığı
gün bitirdiyinə görə bu adı verir. "Müntəxəbat"ın müqəddiməsində
şair hələ o zaman dilimizi Azərbaycan dili
adlandırmışdır.
S.Ə.Şirvani
dillərin öyrənilməsinə hələ öz
dövründə böyük önəm verirdi. Belə ki, Şamaxıda təhsil alan və orada məktəb müəllimi işləyən
A.Zaxarov S.Əzimi şəxsən görmüş və onun
haqqında belə yazmışdır: "Hacı S.Ə.Şirvani
18 ildir ki, məktəb idarə edir.
S.Əzimin həyat və
yaradıcılığı VIII sinif dərsliyində (müəllifi
- N.Cəfərov, N.Araslı, S.Hüseynoğlu. Bakı, 2005)
tezisvari xarakter daşıyır. Burada müəllim şairin
həyat və yaradıcılığı haqqında biliklərini
sistemli şəkildə şagirdlərə
çatdırmalı, şairin
yaradıcılığının əsasını lirik
şeirlərin təşkil etdiyinə önəm verməlidir.
Sonra müəllim şairin maarifçi şeirlərinin əsas
ideyasını məktəb, təlim, tərbiyə təşkil
etməsinə diqqəti artırmalıdır.
Bu zaman müəllim bir məsələyə
xüsusi olaraq önəm verməlidir. Şair
- nəsihət verən müəllim, real olaraq atadır, onun
oğlunun simasında yetişməkdə olan gəncliyə
öyüd-nəsihət verməyə mənəvi haqqı
var. Müraciət forması kimi xitabdan istifadə edən
şair gəncliyi elmə, təhsilə səsləyir, nicat
yolunu ancaq elmdə görür.
Demirəm rus, ya müsəlman
ol,
Hər nə olsan, get əhli-ürfan
ol!
Demə bu kafər, ol müsəlmandır,
Hər kəsin
elmi var, o, insandır.
Tədris
prosesində təbii ki, "Əkinçi" qəzetinin fəaliyyəti
ön plana çəkilməli və Seyid Əzimin oradakı
fəaliyyəti xüsusi vurğulanmalıdır. "Əkinçi" qəzetində
ən çox şeirləri çap olunan şair bu qəzeti
paslı beyinləri işıqlandıran məşələ
bənzədirdi. Hələ öz dövründə
"Xalqın bircə nicat yolu varsa, o da maarifdədir," -
deyən şair başqa ölkələrin tərəqqi
etdiyini gördükdə, öz xalqını qəflət
yuxusundan oyatmağa, köhnə cəhalət məngənəsindən
azad etməyə çalışırdı. "Azadəlik
səfasını bidar olan bilər", - deyən şair, yəqin
etmişdi ki, yalnız bilikli, elmli və mədəni insanlar
azadlıq əldə edə bilərlər.
Günü-gündən zəlibü
xar oluruq,
Möhnəti qüssəyə
düçar oluruq.
Bu qədər dərd kim
olur hadis
Ona bielmlik olur bais.
Bir bəladır bu dərdi-nadani
Ki, onun elm
olubdur dərmanı.
Tədris prosesində müəllim
şairin didaktik-tərbiyəvi şeirləri, mənzum hekayə
və satiraları haqqında məlumat verdikdə də
onları maarifçiliklə əlaqələndirməlidir. Dərsin
belə şəkildə qurulması şagirdə aşağı
sinifdən S.Ə.Şirvani haqqında aldığı bilikləri
genişləndirməyə imkan yaradır.
X sinfin dərsliyində
(müəlliflər - N.Cəfərov, T.Kərimli, Z.Əsgərli,
A.Bakıxanova. Bakı, 2005) şairin həyat və
yaradıcılığı haqqında qısa məlumat
verilib. Bu dərs prosesində müəllim şairin həyatı
haqqında əvvəlki bilikləri möhkəmləndirdikdən
sonra onun pedaqoji fəaliyyətində "siyasi cəhətdən
şübhəli müəllim" kimi ittiham
olunmasının səbəblərini şagirdlərə
açıqlamalı və şair-pedaqoqun öz
hüquqlarını bərpa etmək üçün
apardığı mübarizələr şagirdlərə
aşılanmalıdır.
Hər şeydən öncə S.Əzim lirik şairdir.
Böyük Füzulidən sonra ədəbiyyatımızda ən böyük qəzəl
ustasıdır. Aşiqanə qəzəllərində
şair həqiqi aşiqin simasında yüksək insani məhəbbət,
nəcib insani duyğular, mətanət və sədaqət, vəfa,
əhdinə sadiqlik, çətinliklərə dözüm
kimi sifətləri tərənnüm edirdi. Lirik qəzəllərində
iki obraz var. Bunlardan biri, eşq şərabı içib məhəbbətə
giriftar olan aşiq, digəri isə romantik bir xəyalla sevən
məşuqədir.
Yüz sərvi-xuraman ola,
könlüm səni istər,
Yüz
baği-gülüstan ola, könlüm səni istər.
Şair həqiqi məhəbbəti
və gözəli dünya nemətlərinin ən yüksəyi
sayır və sevgilisini canından üstün tutduğunu
söyləyir. Müəllimlərə kömək məqsədi
isə şairin "Necə həmtay tutum hər
büti-zibaya səni" qəzəlinin təhlilini verməyi
məqsədəuyğun sayırıq. X sinif dərsliyində
şairin "Necə həmtay tutum hər büti-zibayə səni"
misrası ilə başlayan lirik qəzəli verilir. Əruz vəzninin
rəməl bəhrində olan qəzəl 7 beytdən ibarətdir...
Qəzəlin birinci misrası bədii sual üzərində
qurulub:
Necə həmtay
tutum hər büti-zibayə səni?
Vermərəm, tanrı bilir
cümlə bu dünyayə səni.
Qəzəl Aşiqin dilindən
söylənilir. Birinci beytdə dərin bir məhəbbətlə
sevən aşiq gözəli əfsanəvi bütlərdən
də yüksəyə qaldırır, onu bu dünyada
heç nə ilə dəyişməyəcəyini
Tanrının da bildiyini söyləyir.
Qorxuram ki, nəzər əhli
deyə naqisdi bu söz,
Oxşadam
hüsndə hərçənd tamam ayə səni.
Aşiq
sevgilisinin gözəlliyini ayla müqayisə etmək belə
istəmir, çünki belə müqayisə sevgili
üçün azdır. Aşiq onların
eşqinə göz qoyanların bu sözün yalan-naqis
olmasını deyəcəklərindən qorxur.
Arizin gün əvəzi, aləmi
nurani edən,
Gər mələklər
çəkələr ərzi-müəllayə səni.
Sevgilisinin
yanağının parlaqlığı o qədər
çoxdur ki, o, gün əvəzində Aləmi
işıqlandırdığı üçün göydəki
mələklərin onu göyün ən uca qatına - 9-cu göyə çəkəcəklərindən
qorxan aşiq çox narahatdır.
İstəməz abi-bəqa
Xızrı-Məsiha xurşid
Göstərə
bir kəs əgər Xızri Məsihayə səni.
Sənin üzünün
gözəlliyini görən Xızır peyğəmbər
daha əbədi həyat axtarmaz, İsa Məsih səni
görsə günəşi istəməz:
Şaxi gül qoyma sala sayə
səni bağ içrə,
Bu nəzakətlə,
gülüm incidər ol sayə səni.
Gözəl olduğu qədər
də zərif və incə olan məşuqənin hətta
gül budağının ona kölgə salmasını istəməyən
aşiq, gülün budaqlarına da qısqanır,
çünki gülün budaqları ona kölgə qədər
yaxındır, bu yaxınlıq, bu kölgə məşuqəni
incidə bilər. Aşiq isə ona yaxın ola
bilmədiyi üçün bu kölgəni də
qısqanır.
Ey pəriçöhrə,
gəlir billəhi, heyfim özümün
Ki, desin yar, xəyaliq, məni-rüsvayə
səni.
Cəfa çəkən aşiq həm də təvazökardır, o özünü belə gözələ layiq bilmir. Ey pəriüzlü gözəl, vallah mənim özümün də heyfim gəlir ki, xalq mənim kimi rüsvay olmuşu, adı dillərə düşən birisini sənə tay tutsun.
Nə edir arizuyi-hur, nə
gülzari-behişt,
Versələr
gərçi ki, bu Seyyidi-şeydayə səni.
Qəzəlin
məqtə beytində bu gözəli əgər Seyyidə
versələr, şair dini əfsanəyə görə cənnətdə
ona vəd edilən cənnət pərilərindən imtina edəcəyini
vurğulayır.
Qəzəlin dili çox
aydın və şagirdlərin başa düşəcəkləri
anlamdadır. Ərəb-fars izafətlərinə, dili
ağırlaşdıran tərkiblərə rast gəlmirik.
S.Ə.Şirvani yaradıcılığının orta məktəblərdə
ətraflı tədrisi günümüzün aktual problemlərindən
biridir.
Xuraman HÜMMƏTOVA
Azərbaycan müəllimi.-2010.-30 aprel.-S.19.