Kurikulum islahatı və müasir
dərs
Əsası 1998-ci ildə ümummilli liderimiz Heydər
Əliyev tərəfindən qoyulan təhsil islahatları
ölkəmizdə uğurla həyata keçirilməkdədir.
İslahat proqramı ölkəmizin inkişafının yeni
dövründə təhsil siyasətinin əsas istiqamətlərini
müəyyən etməklə bu sistemin
inkişafının, keyfiyyətinin və rəqabət
qabiliyyətinin yüksəldilməsini təmin edir.
2006-cı ildən
ölkəmizdə mütərəqqi dünya təcrübəsini
özündə əks etdirən yeni bir sənəd - "Azərbaycan
Respublikasında ümumi təhsil Konsepsiyası (Milli
Kurikulum)" qəbul olunmuşdur.
Milli Kurikulum demokratizm,
humanizm kimi prinsiplərdən çıxış etməklə,
şagirdlərin maraq və ehtiyaclarına cavab verən,
mütəxəssislərin elmi yanaşmalarına söykənən,
dövlətin təhsil siyasətini əks etdirən bir sənəddir.
Əlbəttə, məqsəd
təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin
gələcək inkişaf və tərəqqisini təmin edəcək
yüksək intellektual səviyyəli, elmi
dünyagörüşlü, müstəqil düşünmək
və yaradıcı fəaliyyət göstərmək
qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən
ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü
təhsil sferasına daxil olmaq, tələbatlara uyğun
interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə
mexanizmləri, demokratik idarəetmə sistemi işləyib
hazırlamaq üçün ənənəvi və mütərəqqi
dünya texnologiyalarından istifadə edilməlidir.
Təhsil sistemində
aparılan islahatlar müasir dərsin məzmununun təkmilləşdirilməsi,
yeni təlim texnologiyalarının tətbiqini tələb
edir. İnteraktiv təlim metodlarından istifadə təhsilin
keyfiyyətinə öz müsbət təsirini göstərir.
Bu gün təlim-tərbiyə prosesində şagirdlərə
daha çox müstəqillik verilməli, öz fikirlərini
sərbəst, çəkinmədən söyləməyə,
arzu və istəklərinə müvafiq məşğuliyyətlər
seçməyə şərait yaradılmalıdır.
Kurikulum islahatları tədris
prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə
yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin
tamamilə dəyişdirilməsini, onlar arasında əməkdaşlığa,
qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə,
hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan
yeni münasibətlərin yaradılmasını tələb
edir. Belə olduqda şagird dinləyici deyil, fəal
icraçı, bilikləri sərbəst və şüurlu
şəkildə qəbul edən subyektə çevrilir.
Kurikulum islahatlarında əsas
prinsiplər aşağıdakılardır:
- Təhsilin məzmununun
və təlim strategiyalarının zamanın və cəmiyyətin
tələblərinə uyğunluğu. Başqa sözlə,
tələbyönümlülük;
- Təlimin nəticələrinin,
standartlarının əvvəlcədən müəyyənləşdirilməsi
və təlimin nailiyyətlərinin onlara istiqamətləndirilməsi.
Başqa sözlə, nəticəyönümlülük;
- Şagirdlərin inkişafı,
tələbatları, maraq və meyillərinin daim diqqət mərkəzində
saxlanılması. Başqa sözlə,
şagirdyönümlülük;
- Bütün şagirdlərə
öz idrak potensialından istifadə etmək, şəxsi
qabiliyyətlərini inkişaf etdirmək. Başqa
sözlə, inkişafetdiricilik.
Təhsildə yeni təlim
metod və texnologiyalarından istifadə daha yüksək nəticələrin
əldə edilməsinə gətirib çıxarır,
şagirdlərdə müstəqillik, işgüzarlıq, təfəkkür
fəallığı, məsuliyyət kimi keyfiyyətlər
formalaşdırır.
Yeni təlim
texnologiyalarının tətbiqi ilə keçilən
müasir dərslər ənənəvi dərslərdən
bir çox üstün cəhətləri ilə fərqlənir.
1.Ənənəvi dərsdə
təlim müəllim-dərslik-şagird paradinamikası ilə
qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim
paradinamikası üstünlük təşkil edir və
şagirdlərin hərtərəfli inkişafı təmin
edilir.
2.Müasir dərsdə
gözlənilən nəticə əsasən alınır.
3.Müasir dərs
şəxsiyyətyönümlü olur.
4.Müasir dərsdə
inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur və
s.
Müasir dərsin əsas
cəhətlərirndən biri şagirdlərin fəallığıdır
ki, buna da interaktiv (fəal) təlim metodlarından istifadə
etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən
iş forması müəyyən edilir: fərdi, cütlərlə,
böyük və kiçik qruplarla iş daha əlverişlidir.
Şagird ünsiyyət prosesində özünü daha
yaxşı dərk etdiyinə görə istər qrup, istərsə
də cütlərlə işdə fəallıq, şagirdlərin
fəaliyyətində bir-biri ilə əməkdaşlıq,
yaradıcılıq, qarşılıqlı münasibətlər
formalaşır. Müəllim dərs formasını
seçərkən şagirdlərin marağını nəzərə
almalıdır. Bu gün məktəbdənkənar mühitdə
mövcud informasiya vasitələrindən fəal istifadə
edən şagird dərsdə onlar üçün maraqlı
olanları görmək istəyir. Bunun üçün
müəllimin İKT-dən yüksək istifadə etmək
bacarığı olmalıdır. Həm də bu texniki təminatı
lazımi materiallarla zənginləşdirməyi
bacarmalıdır. Başqa sözlə desək, mövzuya
uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi
dərsin maraqlı keçməsinə, qarşıya qoyulan
məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə
həmçinin digər texniki təminatların olması dərsin
səmərəliliyini artırır.
Müəllim dərsə
yaradıcı yanaşmalıdır, məzmun standartlarına
əsasən dərsin məqsədini müəyyənləşdirməlidir.
Bu zaman öyrədici, inkişafetdirici, tətbiqedici funksiyalar
nəzərə alınmalıdır.
Beləliklə, müasir dərsdə haqqında bəhs etdiyimiz bu məsələlər bir-biri ilə sıx əlaqədə olub, biri digərini tamamlayır. Bunların əsasında isə təlim nəticələri, məzmun standartları, təlim strategiyaları dayanır.
Zakir BAYRAMOV
Azərbaycan müəllimi.- 2010.- 30 aprel.- S.21.