Müəllim məsuliyyəti
Müəllimlik sənəti, peşəsi cəmiyyətdə
ən yüksək
qiymətə layiq olan bir peşədir. Müəllim
olmaq kimi şərəfli bir iş yoxdur.
Heydər ƏLİYEV
Keçən dərs ilinin sonu, buraxılış imtahanları ərəfəsində Bakı şəhərinin orta ümumtəhsil məktəblərindən birinin təlim Azərbaycan dilində aparılan bölməsinin XI sinfinin bir şagirdinin bütün fənlərdən "yaxşı" və "əla" qiymətlər almasına baxmayaraq, ədalətsiz olaraq rus dilindən ona illik "qeyri-kafi" qiymət verildiyi və buraxılış imtahanlarına buraxılmadığı barədə Təhsil Nazirliyinə ərizəsi daxil olmuşdur. Araşdırma nəticəsində müəyyənləşdirildi ki, həqiqətən şagird yaxşı oxumuş, illikdə iki fəndən "3", qalanlarından "4" və "5", yalnız rus dilindən "2" qiymət almış, ona görə də məktəbin pedaqoji şurasının qərarı ilə imtahanlara buraxılmamışdır. Şagirdin IX və X siniflərdə necə oxuması ilə maraqlananda aydın oldu ki, o, hər iki sinifdə bütün fənlərdən, o cümlədən rus dilindən də "yaxşı" və "əla" qiymətlər almışdır. Görülən tədbirlər nəticəsində şagird imtahanlara buraxıldı və imtahanları müvəffəqiyyətlə verərək ali məktəbə də daxil oldu.
Belə bir vəziyyətin yaranmasına səbəb nə olmuşdur?
Müəllimin etinasızlığı, sinif rəhbərinin səhlənkarlığı, məktəb müdiriyyətinin laqeydliyi, valideynlərin biganəliyi.
Keçən dərs ilinin nəticələrinə nəzər salsaq görərik ki, ölkə üzrə buraxılış imtahanlarında səkkiz minə yaxın şagird bir fəndən "qeyri-kafi" qiymət aldığı üçün məktəbi bitirməmiş, təxminən o rəqəmin 50 faizi qədər şagird isə yalnız bir fəndən "qeyri-kafi" qiymət aldığı üçün imtahanlara buraxılmamışdır. Bu nəticələr nə dərəcədə obyektivdir?
Görəsən, yalnız bir fəndən müsbət qiymət almadığına görə imtahanlara buraxılmayan və ya imtahanlarda yalnız bir fəndən "qeyri-kafi" qiymət alaraq məktəbi bitirməyənlərin taleyi müəllimlərimizi, məktəb və rayon (şəhər) təhsil şöbələri rəhbərlərini düşündürürmü?
X-XI siniflərdə tədris olunan 16-17 fəndən ancaq birindən yetirməyən şagirdlərin gələcəyi üçün kim məsuliyyət daşımalıdır?
Əlbəttə, ilk növbədə, müəllim.
Müəllim kimdir?
Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs keçən, tədris edən" deməkdir (Ərəb və fars sözləri lüğəti, Bakı, 1966.səh. 409), geniş mənada Azərbaycan dilinin izahlı lüğətində "Müəllim - 1. məktəbdə hər hansı bir fəndən dərs deyən adam. Nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən.
2. Hörmət üçün adlara qoşularaq deyilir.
3. Hər hansı sahədə
nüfuz sahibi olan, başqalarına təsir edən, nümunə
ola bilən adam, ustad".
"Müəllimlik
- müəllim vəzifəsi, müəllim sənəti,
işi" kimi şərh edilir. (Azərbaycan dilinin izahlı
lüğəti, III c.səh.408, Bakı-2006).
"Müəllim - geniş
ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların
dünyagörüşünü və inamını formalaşdıran,
onlara həyatda öz yolunu tapmaqda kömək edən" insandır.
(Pedaqoqiçeskiy slovar, II c. səh. 546, Moskva, 1960).
"Müəllim - ərəbcə öyrədən, bilmək, başa düşmək sözündəndir. Ümumtəhsil, texniki peşə, orta ixtisas məktəblərində və ya ali məktəbdə hər hansı fənni tədris edən pedaqoji işçi"dir. (ASE, VII c. səh. 120, Bakı-1983).
"Müəllim - özünün mənimsədiyi, yiyələndiyi bilikləri, bacarıqları, əldə etdiyi, qazandığı təcrübəni, həyatı dərk etməsi və ona münasibətini digərlərinə verən, ötürən şəxsdir" (V.Q.Onuşkin, Y.İ.Oqaryov "Obrazovaniye vzroslıx: mejdistiplinarnıy slovar terminologii" səh. 189, Sankt - Peterburq - Voronej - 1995).
"Müəllim - sistemləşdirilmiş bilikləri, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq yolu ilə cəmiyyətin sonrakı inkişafına güclü təkan verən pedaqoji təhsilli mütəxəssis"dir. (Azərbaycan Milli İzahlı Ensiklopedik Pedaqoji lüğət. səh, 157, Bakı - 2005).
"Müəllim" anlayışı müxtəlif mənbələrdə müxtəlif ifadələrlə şərh edilməsinə baxmayaraq, nəticə etibarı ilə mahiyyətcə eyni mənanı bildirir.
Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...
Müəllim
gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin
etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz,
ən qiymətli sərvətini - uşaqları, öz
ümidini, öz gələcəyini müəllimə etibar
edir. Bununla sanki məktəbin, müəllimin məqsədi,
vəzifəsi müəyyənləşdirilir - xalqın,
dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil
Haqqında " qanunda təsbit olunduğu kimi, "Azərbaycan
dövləti qarşısında öz məsuliyyətini dərk
edən, xalqın milli ənənələrinə və
demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına
hörmət edən, vətənpərvərlik və azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət
yetişdirməkdir".
Bu baxımdan
dahi mütəfəkkir N.Tusinin fikirləri daha maraqlıdır.
"Hər sənətin
şərəfi onun məqsədində, hər varlığın
islahı onun zatındakı şərəfindədir...
Deməli, bu dünyadakı mövcudatın
ən şərəflisi olan insanı kamilliyə çatdırmaq
məqsədini güdən sənət dünya sənətlərinin
ən şərəflisi olmalıdır...
Varlıqları ən
aşağı dərəcədən kainatın ən şərəfli
mərtəbəsinə qaldıran sənətdən daha
şərəflisi nə ola bilər?!"
(Əxlaqi-Nasiri, səh.81).
Bəli, müəllimlik
çox şərəfli peşədir - vəzifədir,
şərəfli olduğu qədər də mürəkkəb,
məsuliyyətli vəzifədir.
Ona görə
də hər bir müəllim bilməlidir ki, hər bir
uşaq - fikirləri, görüşləri, hissləri,
duyğuları, maraqları, sevincləri, həyəcanları,
kədərləri və qayğıları ilə
özünəməxsus xüsusi bir dünyadır. Müəllim
şagirdlərin bu mənəvi dünyasını görməli
və bilməlidir. Hər bir müəllim
məktəbin mənəvi həyatına
hissiyyatlılıq, qayğıkeşlik, dostluq, mehribanlıq
xüsusiyyətlərini gətirməlidir. "Təlim və təhsilin çətin məqamlarında
müəllim şagirdlərini hədələməklə, əsəbi
hərəkətlərlə, imtahan qiymətləri ilə
qorxutmamalı, əksinə onlarda gözəl arzu və
ümid qığılcımları oyatmalıdır"
(A.Mirzəcanzadə. İxtisasa giriş,
Bakı -1990. səh 228).
Özünün uşaqlığını
xatırlamayan, uşaq aləminin ecazkar xüsusiyyətlərini
bilməyən adam yaxşı müəllim
ola bilməz.
"Yaxşı müəllim
nə deməkdir" sualına V.A.Suxomlinski belə cavab
verirdi: "O, ilk növbədə, uşaqları sevən
insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır
ki, hər bir uşaq yaxşı adam ola
bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların
sevincini və kədərini ürəyinə sala bilir, uşağın
qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə
uşaq olub.
İkincisi,
yaxşı müəllim tədris etdiyi fənnin elmini
yaxşı bilir, ona vurğunluqla onun inkişaf üfüqlərini-yeni
kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir,
o elmin problemlərindən də xəbərdardır. Yaxşı
müəllim orta məktəbin tədris proqramında nəzərdə
tutulanlardan daha çox bilir. Dərin bilik,
geniş dünyagörüş şagirdlər
qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici
qüvvəsini aça bilmək üçün vacibdir.
Şagirdlər müəllimin simasında ağıllı,
bilikli, düşüncəli, sənətinə vurğun bir
insan görməlidirlər...
Üçüncüsü,
yaxşı müəllim psixologiya və pedaqogika elmlərini
bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla
işləməyin mümkünsüzlüyünü hiss və
dərk edən insan olmalıdır.
Dördüncüsü,
yaxşı müəllim öz peşəsinin ustası
olmalıdır". (V.A.Suxomlinski, İzbrannıye
pedaqoqiçeskiye soçineniya, 3-cü cild, səh. 43, Moskva
- 1980).
Böyük
rus yazıçısı L.N.Tolstoy yazırdı ki, "Əgər
müəllim ancaq işini sevirsə, o yaxşı müəllim
olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi
sevirsə, o bütün kitabları oxuyan, lakin nə
işini, nə də şagirdləri sevməyən müəllimdən
yaxşı müəllim olacaq.
Əgər
müəllim işinə və şagirdlərə olan məhəbbətini
özündə birləşdirirsə, o kamil müəllimdir"
(Pedaqoqiçeskiye soçineniya, Moskva - Leninqrad - 1948. səh.
300).
Görkəmli
alman pedaqoqu A.Disterveq deyirdi ki, pis müəllim şagirdlərə
həqiqəti təqdim edir, yaxşı müəllim onu
tapmağı öyrədir.
Pedaqoji proses insan fəaliyyəti
növlərindən biridir, onsuz nəsillərin varisliyi, cəmiyyətin
mövcudluğu və inkişafı qeyri-mümkündür.
Məlumdur ki,
peşə ilə, o cümlədən müəllim peşəsi
ilə bağlı bu və ya digər vəzifələrin
yerinə yetirilməsi insandan müəyyən mənəvi -
psixoloji keyfiyyətlər, hərəkətlər və mənəvi
münasibətlər tələb edir.
Hər bir peşə və
ya ixtisaslaşdırılmış fəaliyyət növünün təkrarolunmaz
situasiyaları, çətinlikləri və ziddiyyətləri
mövcuddur. Onları işin gedişində
operativ şəkildə həll etmək və aradan
qaldırmaq lazımdır. Çünki
bu prosesdə insanların əxlaqi keyfiyyətləri
formalaşır.
Pedaqoji işdə
mənəviyyatın rolu daha böyükdür, ona görə
ki, burda əxlaqın özü pedaqoji funksiyaları yerinə
yetirir. Müəllim əhəmiyyətli dərəcədə
şagirdlərin daxili aləmini, mənəvi simasını
formalaşdırır. Müəllimin zəhməti
və diqqətindən bütün uşaqlar keçir.
Bu mənada müəllim təlim - tərbiyə prosesində
nəinki həlledici fiqur, o cümlədən xalqın gələcəyini
formalaşdırmaqda ən vacib faktordur. Bu
missiyanı yerinə yetirmək üçün müəllimdən
gərgin əmək sərf etmək tələb olunur.
Bu baxımdan özbək mütəfəkkiri
və şairi Ə.Nəvainin fikirləri diqqətəlayiqdir:
"Müəllimin
etdiyini heç bir insanın etməyə gücü
çatmaz, bunu nəinki Adəm, hətta cəhənnəmin
hakimi belə bacarmaz. Hətta bir uşağın tərbiyə
edilməsi qüvvətli əri belə əldən salar, eyni
zamanda bir çox uşağı tərbiyə edən və
onlara dərs verən müəllim hünər, fədakarlıq
göstərir. Bu, çox ağır və
üzücü əməkdir. Malik
olduğu hər şeyə görə tələbə
müəlliminə borcludur, hətta hökmdarın belə
müəllimə qulluq, kömək, iltifat etməsi gərəkdir.
Əgər hakimin özü tələbə
olsa belə, müəllimi ondan razıdırsa, Allah da ondan
razı olar.
O, (müəllim) ilahiyyat
elmlərini bilməli, insanlara isə dünyəvi elmləri
öyrətməlidir. Haramdan kənarda
durmalı, pis işlərdən qaçmalıdır.
O, təcrübəsiz, xəbərsiz
adamların - şagirdlərin, tələbələrin mənəviyyatını
pozmamalı və yolverilməz işlər görməməlidir.
Əks təqdirdə
o, müəllim deyil, əxlaqsız, pis, yaramaz insandır və
mömin, dindar insanlar onunla ünsiyyət
saxlamamalıdırlar. Alimlər mömin, pak və
baxəbər, səriştəli olmalıdırlar, onlar
Allahın nə buyurduğunu, Onun rəsulunun nə dediyini
bilməlidirlər" (E.Əliyev. Məktəbli
fəlsəfəsi. Bakı - 2008. səh.166,168)
Müəllimlik peşəsinin
şərəfli olduğu qədər də məsuliyyətli,
çətin və mürəkkəb olması barədə
dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik
vəzifəsi çox çətin və ən məsuliyyətli
bir vəzifədir. Hər adam onun öhdəsindən
gələ bilməz və hər bir adama müəllim deyib,
uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın
tərbiyəsi dəxi müəllimin öhdəsindədir.
Uşaq dəxi qabili - tərbiyə bir şey olduğuna
görə, onu nə tövr tərbiyə etsən, o cür
də adam çıxar. Tərbiyə
işində cüzi bir səhlənkarlıq
uşağın gələcəyini pozub, evini yıxar.
Bu ağır
sənətə qədəm qoyan müəllim əfəndi
bunların hamısını əvvəlcə mülahizəyə
almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı
bilən müəllim, yaxşıdır özünü bu sənətdən
kənar etməklə, zəhmətdən və cavabdehlikdən
qurtarsın, qəlbində tərbiyə və təlimə
bir şövq və həvəs yoxsa, heç bu işə
girməsin və bu sənəti əhl adamlara tərk ilə
özünə başqa bir kəşhi - ruzi vasitəsi
axtarsın". (Ü.Hacıbəyov.
Seçilmiş əsərləri, Bakı - 1985. səh.128-129).
Müəllim müəllimlik
peşəsinin sirlərini və tədris etdiyi fənnin elmi - nəzəri və
praktik əsaslarını, ölkəmizdə təhsilin dövlət
tərəfindən müəyyən edilmiş məqsədini,
özünün "Təhsil qanunu" ilə müəyyənləşdirilmiş
hüquq və vəzifələrini yaxşı bilməli və
əməldə həyata keçirməlidir.
Müəllim elə bir insan
- mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər
ondan öyrənməyə can atsınlar. Təsadüfü
deyildir ki, xalq belə bir deyim formalaşdırıb,
"müəllim o kəs deyil ki, öyrədir, o kəsdir
ki, ondan öyrənirlər". Əlbəttə,
o müəllimdən öyrənirlər ki, o yaxşı
öyrədilib, yaxşı hazırlanıb. Macar bəstəkarı Z.Koday deyirdi ki, "O kəs
yaxşı öyrədə bilər ki, onu yaxşı
öyrədiblər".
Bu məsələyə
İ.Hötenin münasibəti belə idi: "Kimlərdən
biz öyrəniriksə düzgün olaraq bizim müəllimlərimiz
adlandırılırlar, lakin hər öyrədən bu ada
layiq deyil". Bu ada layiq olmaq üçün
"...təhsildə kamilliyə çatmaq
lazımdır" (Konfusi).
Çox təəssüf
ki, ölkəmizin ümumtəhsil müəssisələrində
işləyən
170 mindən artıq müəllimin xeyli hissəsi
bu tələblərə cavab vermir.
Səriştəli,
peşəkar müəllim olmaq üçün müntəzəm
axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız Qurani
- Kərimin buyurduğu kimi, "insan beşikdən qəbir
evinə qədər öyrənməlidir". Hər bir müəllim yadda saxlamalıdır ki,
insana xas olan qüsurların ən pisi qeyri - peşəkarlıqdır.
Müəllimlik
sənəti yaradıcı işdir. Akademik A.Mirzəcanzadənin
təbirincə desək, "Yaradıcılığın
bütün sahələrində öz-özünə
öyrənmə və şəxsi təhsil böyük əhəmiyyətə
malikdir. Belə deyirlər ki,
yaradıcılıq işlərində ən əsası və
başlıcası öyrətmək olmaz - bunu ancaq öyrənmək
olar". (İxtisasa giriş. Bakı-1990. səh. 232)
İngilis
filosofu H.Spenserə görə, "Bəşəriyyət həmişə
ancaq şəxsi təhsil yolu ilə müvəffəqiyyətlə
inkişaf etmişdir". O.Süleymenov deyir ki,
"ancaq şəxsi təhsil yolu ilə mütəxəssis
olmaq olur". "Müəllimlərin
müstəqil təhsili... onların elmi-siyasi cəhətdən
inkişafına kömək edir" (M.Mehdizadə). Bu
baxımdan rus musiqişünası və pedaqoqu Anton
Rubinşteynin fikirləri çox maraqlıdır: "Əgər
bircə gün öyrənmirəmsə - bunu özüm hiss
edirəm, əgər iki gün öyrənmirəmsə, bunu
mənə yaxın olanlar hiss edirlər, əgər
üç gün öyrənmirəmsə - bunu hamı hiss
edir". "Müəllim nə qədər
ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı
dayandırdıqda ondakı müəllimlik ölür"
(K.D.Uşinski).
Müəllim
sənəti humanist sənətdir, insan mənəviyyatını
formalaşdıran sənətdir. Uşaqlara olan sevgi
müəllim fəaliyyətinin humanist istiqamətinin əsasıdır.
Müəllim bütün
hallarda, xüsusən "müəllim-şagird",
"müəllim-pedaqoji kollektiv", "müəllim-məktəb
rəhbərliyi", "müəllim-valideyn" münasibətlərinin
qurulmasında pedaqoji taktı-nəzakəti, onun
davranışına verilən etik tələbləri gözləməli,
şagirdlərin şərəf və ləyaqətinə
hörmət bəsləməli, onlara münasibətdə ədəblə
davranmalıdır.
Təəssüf ki, bir
sıra müəllimlərimiz tərəfindən bu etik tələblər
gözlənilmədiyi üçün hər il
şagirdlər və valideynlər tərəfindən Təhsil
Nazirliyinə, digər dövlət orqanlarına, kütləvi
informasiya vasitələrinə və s. minlərlə
şikayət ərizəsi daxil olur. Bu ərizələrin
araşdırılmasına xeyli əməkdaş cəlb
edilir, külli miqdarda vaxt, enerji, əsəb itirilir, vəsait
sərf olunur. Son nəticədə təhsilimizə
həm maddi, həm də mənəvi zərbə vurulur.
O şəxslər bilməlidirlər ki, "Heç bir millət
əxlaq qaydalarına əməl etmədən yüksələ
bilməz". (M.K.Atatürk).
Müəllim
vicdanlı, insaflı, ədalətli olmalıdır. Bunları o
sözdə yox, əməldə həyata keçirməlidir,
şəxsi nümunə göstərməlidir. İnsanlara, faktlara, hadisələrə obyektiv qiymət
verməyi bacarmalı, düzlüyü təlqin etməlidir.
Atası
Hüseyni-Əbu Əli ibn-Sinanı Buxaraya Quran müəllimi
xətib Übeydin yanına gətirir və Hüseynə
Quranı öyrətməyi xahiş edir. İlk məşğələlərdən
müəllim görür ki, hansı ayədən, surədən
söhbət gedirsə, Hüseyn dərhal ayələri, surələri
əzbər deyir və geniş şərh verir. Bir
müddətdən sonra müəllim hiss edir ki, Hüseynə
əlavə bir şey verə bilmir. Müəllim Hüseynə
deyir: "Mənə bax, atana deyərsən ki, daha səni
bura gətirməsin. Sən həqiqətən
də hafizsən, Quranı əzbər bilirsən". Müəllim Hüseynin atasına məsləhət
görür ki, onu daha yüksək səviyyəli alimin
(müəllimin) yanına aparsın. (V.Voskoboynikov
- "Böyük loğman").
Musiqi məktəbində
oxuyan Aybəniz VIII sinifdə I rübü başa vurarkən
belə qənaətə gəlir ki, o musiqiçi yox, filoloq
olmalıdır. O, ədəbiyyata olan marağını və arzusunu
atasına bildirir və onu Bakının 132 nömrəli məktəbinə
köçürürlər.
Təbiət-riyaziyyat fənləri
tədris edən müəllimlər hiss edirlər ki, Aybəniz
bu fənləri çətin mənimsəyir. Riyaziyyat müəllimi
Sadiq müəllim Aybənizə deyir: "... qızım, sən
riyaziyyatdan, həndəsədən, fizikadan özün də
bilirsən ki, çox zəifsən, belə getsə, biz səni
sinifdə saxlamalı olacağıq. Başa
düşürəm ki, çalışırsan, lakin əvvəlcədən
bünövrə olmadığından heç nə
alınmır. Atana de ki, məktəbə gəlsin...".
Səhərisi gün
böyük şairimiz Səməd Vurğun məktəbə
gəlir, müəllimlər otağına daxil olur, müəllimlərlə
mehribanlıqla görüşür, hal-əhval tutur, sonra
Sadiq müəllim və fizikadan dərs deyən Bəhram
müəllimlə söhbət edir. Nəhayət,
eyni zamanda APİ-də də dərs deyən Bəhram müəllimin
təklifi ilə belə qərara gəlirlər ki, APİ-nin
tələbəsi Şəfiqə Aybənizlə məşğul
olsun. İllər keçir Aybəniz məktəbi
bitirir, digər fənlərdən "5", riyaziyyat, fizika
və kimyadan "3" qiymətlərlə attestat alır.
Hesab edirəm ki, əlavə şərhə
ehtiyac yoxdur. ("Azərbaycan müəllimi"
qəzeti, 19.03.2010).
Təəssüflə qeyd
etməliyik ki, öz ixtisası üzrə belə səthi
hazırlığa malik olan bir sıra müəllimlərimiz
repetitorluqla "məşğul olur", hətta
yaxşı oxuyan uşaqlardan da onun yanına gəlmələrini
təkidlə tələb edirlər. Nəticədə
"müəllim-şagird", "müəllim-valideyn"
münasibətləri pozulur, müəllim, şagird, valideyn
arasında münaqişə yaranır. Bu
hal uşaqların təlim-tərbiyəsinə ciddi ziyan
vurur.
Müəllimlər
və valideynlər, təhsili idarə edənlər və ictimaiyyətin
nümayəndələri bu həqiqətləri, bu dəyərləri
qoruyub saxlamağa borcludurlar.
Pedaqoji əmək
ictimai fəaliyyətin xüsusi sahəsidir. Burada bilik,
bacarıq, peşəkarlıqla yanaşı etik normalara riayət
edilməsi nəticəsində formalaşan müəllim
nüfuzunun da böyük rolu vardır. Çünki
başqa mütəxəssislərdən fərqli olaraq müəllim
canlı, şüurlu, faktlara və hadisələrə
öz fərdi münasibəti olan insanlarla işləyir.
Müəllim şagirdlər, öz həmkarları
və valideynlər arasında yüksək nüfuza malik
olduqda onun pedaqoji fəaliyyətinin uğurlu olduğunu
söyləmək olar. Müəllimin
nüfuzu onun mənəvi statusudur. Nüfuz
insanın ictimai proseslərin gedişi təcrübəsində
əldə etdiyi mənəvi ləyaqətə söykənən
digərlərinə təsir etmək qüvvəsidir. Pedaqoji nüfuz müəllimin mənəvi-etik və
psixoloji-pedaqoji hazırlığından çox
asılıdır. Onun səviyyəsi müəllimin
biliyinin dərinliyi, erudisiyası, ustalığı, işə
və iş yoldaşlarına münasibəti, ümumi
hazırlığı, ictimai fəallığı, valideynlərlə
işləmək metodu, məişətdə
davranışı və s. ilə müəyyən edilir. Onlara
təlim-tərbiyəsi etibar edilən uşaqların gələcək
taleyi üçün yüksək mənəvi məsuliyyət
nümayiş etdirən müəllimlərimiz çoxdur,
lakin müəllim adına, nüfuzuna xələl
gətirən müəllimlər də az deyil.
Məktəbi
bu təsadüfi adamlardan təmizləmək
üçün müəllimlərin ciddi, qərəzsiz, ədalətli,
obyektiv, sistemli şəkildə attestasiyasının
keçirilməsi zəruridir. Bu, zamanın, təhsil
sahəsində aparılan islahatların tələbidir.
Bununla bağlı dövlət və hökumət
tərəfindən müvafiq hüquqi baza
yaradılmışdır. Əsas məsələ
qanunvericilik aktlarının tələblərinin
icrasını təmin etməkdən ibarət
olmalıdır.
Müəllim
nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə
qaldırmaq qeyri-mümkündür. Müəllimlik peşəsinin
nüfuzunu hər bir müəllim öz iş və mənəvi
keyfiyyətləri ilə, məktəbin rəhbərliyi, təhsili
idarəetmə orqanları, dövlət və ictimaiyyət,
kütləvi informasiya vasitələri isə müəllim
peşəsinə obyektiv münasibəti, maddi və mənəvi
dəstəyi ilə onun hörmətini yüksəltməyə
borcludurlar.
Dövlət
başçısının müvafiq sərəncamına əsasən
üçüncü ildir ki, "Ən yaxşı müəllim",
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqələri keçirilir ki, bu da müəllimlərin
maddi və mənəvi həvəsləndirilməsinə, məktəblərin
tədris - maddi bazasının möhkəmləndirilməsinə
güclü təsir göstərir.
Müəllimlik-vətənpərvərlik
peşəsidir. Məhz müəllim uşaqları, gəncləri
vətənə məhəbbət ruhunda tərbiyə edir,
onları vətənin müdafiəsinə hazırlayır.
Almaniya kansleri O.Bismark Almaniyanın möhtəşəmliyini alman xalq
müəllimi ilə bağlayırdı. Fransa-Prussiya
müharibəsində Prussiyanın qələbəsini alman
müəlliminin qələbəsi hesab edirdi: "Biz qələbə
çaldıq ona görə ki, alman müəllimi fransız
müəlliminə üstün gəldi".
Əsrlər
boyu belə olub, indi də belədir. 1990-cı ilin
yanvarında rus ordusunun tanklarına sinə gərən,
Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla
şəhid olan minlərlə gəncimiz məhz Azərbaycan
məktəbinin, Azərbaycan müəlliminin yetişdirmələri
idi.
Müəllimlik
peşəsi bəşəri peşədir, əbədi
peşədir.
100, 300, 500 və s. ildən sonra hansı peşələrin
sıradan çıxacağını, yeni hansı peşələrin
yaranacağını demək çətindir. Lakin
bir həqiqəti inamla demək olar, nə qədər ki,
insanlıq mövcuddur, o qədər də müəllimlik
peşəsi mövcud olacaqdır.
Əsrimiz elmi-texniki
tərəqqi əsri, informasiya və kommunikasiya texnologiyaları
əsridir.
Lakin canlı müəllim sözünü,
nəfəsini, ünsiyyətini, şagirdlərlə qarşılıqlı
münasibətlərini, mənəvi keyfiyyətlərin
formalaşmasındakı təsirini və s. heç bir maşın,
mexanizm, İKT əvəz edə bilməz.
Ölkəmizin,
xalqımızın gələcəyi naminə müəllimlik
peşəsinə və bu peşə sahiblərinə
dövlət səviyyəsində daimi layiqli qayğı
göstərilir.
Arif
MURADOV
Azərbaycan müəllim.- 2010.- 30 aprel.- S.22-23.