Azərbaycan təhsili: yaxın keçmişə, bu
günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli
oxucular, bu məqalədə təhsilin idarəolunması, bu
sahədə mövcud problemlər və onların həlli
yolları barədə mülahizələrimi diqqətinizə
təqdim etmək istəyirəm.
Məlumdur ki,
müasir dövrdə menecment, başqa sözlə, fəaliyyətin
təşkili və idarə olunması müstəsna əhəmiyyət
kəsb edən amillərdən biridir. Səmərəli
idarəetmə isə planlaşdırma, təşkil etmə,
rəhbərlik və nəzarət funksiyalarının necə
yerinə yetirilməsindən daha çox asılıdır.
Qeyd edim ki, son
illərdə ölkəmizdə təhsilin idarəolunması
sahəsində bir sıra əhəmiyyətli addımlar
atılmış, nazirliyin mərkəzi aparatının idarəetmə
potensialı xeyli gücləndirilmişdir. Bununla əlaqədar
dünyanın 50-dək ölkəsində təhsilin idarəolunması
təcrübəsi öyrənilmiş, beynəlxalq məsləhətçilərin
iştirakı ilə geniş təhlil olunmuş, müvafiq
struktur dəyişiklikləri ilə bağlı tədbirlər
planı hazırlanmışdır. Son 5
ildə nazirliyin mərkəzi aparatının strukturunda əhəmiyyətli
dəyişikliklər edilmiş, bir sıra yeni şöbələr
və sektorlar yaradılmışdır. Nəticədə
1999-cu ildən başlayaraq Dünya Bankının yaxından
dəstəyi ilə həyata keçirilən layihələr
çərçivəsində Strateji təhlil və
planlaşdırma, Monitorinq və qiymətləndirmə, Təhsilin
idarəolunmasının məlumat sistemləri, Akkreditasiya
şöbələri, Təhsil sənədlərinin
tanınması, Məktəbəqədər təhsil, Əlavə
təhsil sektorları yaradılmışdır. Bu yeni strukturların yaradılması müvafiq sahələrdə
təhsil siyasəti və strategiyasının daha məqsədyönlü
hazırlanması və çevik həyata keçirilməsinə
zəmin yaratmışdır.
Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi təhsil siyasəti və strategiyasını müəyyənləşdirir, prioritetləri nəzərə almaqla inkişaf proqramları hazırlayır, təhsil sistemi ilə bağlı məlumatları təhlil edir və müvafiq təkliflər hazırlayır, təhsil sistemində strateji planlaşdırmanı və hesabatverməni həyata keçirir, vahid inkişaf strategiyasının və kadr siyasətinin formalaşdırılmasında iştirak edir, təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən mövcud qanunvericiliyin yerinə yetirilməsinə təşkilati-metodik rəhbərliyi həyata keçirir.
Monitorinq və qiymətləndirmə şöbəsi dəqiq qiymətləndirmə standartları əsasında hazırlanmış beynəlxalq (ölkədə təhsilin səviyyəsinin müxtəlif aspektlərdə ölçülməsi və digər ölkələrlə müqayisəli təhlilinə imkan verən və beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmə), milli (təhsildə proqnozlaşdırma və perspektivləri, təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək məqsədilə 4-5 ildən bir təhsilin bir pilləsindən digərinə keçid zamanı aparılan qiymətləndirmə) və məktəbdaxili (diaqnostik, formativ, summativ) qiymətləndirmə sisteminin ümumtəhsil məktəblərində həyata keçirilməsi, müasir qiymətləndirmə metodlarından istifadə edilərək şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi, qiymətləndirmə nəticələrinin təhlili, təhsil müəssisələrinin fəaliyyətinin monitorinqi, təhsilin bütün pillələri və səviyyələrində keyfiyyətin idarəedilməsi və digər bu kimi funksiyaları yerinə yetirir.
Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi təhsil sistemində bütün pillələr və səviyyələr üzrə məlumat bazasını formalaşdırır və daim yeniləşməsini təmin edir, müvafiq hesabatlar hazırlayır, təhsil müəssisələrinə TİMS-lə bağlı təşkilati-pedaqoji və metodik köməklik göstərilməsini, təhsilin inkişafı sahəsində proqnozlaşdırmanın aparılmasını, milli təhsil resurslarının formalaşdırılmasını və inkişaf etdirilməsini təmin edir.
Akkreditasiya şöbəsi təhsil prosesinin təşkilinin, təhsil infrastrukturunun və maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının qəbul olunmuş dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə təhsil müəssisələrini akkreditə edir və onun statusunun müəyyən edilməsi üzrə, eləcə də yeni yaradılan təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi ilə bağlı təhlillər aparır və təkliflər hazırlayır.
Məlumdur ki,
idarəetmənin səmərəli təşkili bir sıra
şərtlərdən asılıdır, əsas şərt
isə, əlbəttə, etibarlı məlumatların
olmasıdır. Etiraf etmək lazımdır ki, əvvəllər
nazirlik belə məlumatlara malik deyildi, yaxud da əldə olunan
məlumatlar subyektiv yoxlamalar əsasında
formalaşmış mülahizələrə əsaslanırdı.
Hazırda isə Təhsil Nazirliyində
çevik idarəetmə sistemi yaradılmışdır.
Belə ki, idarəetmə üçün zəruri
olan məlumatlar, əsasən, iki mənbədən daxil olur.
İlk növbədə, təhsilin idarəolunmasının məlumat sistemləri bazasından. Qeyd etmək lazımdır ki, müasir İKT avadanlığının köməyi ilə təhsil tariximizdə ilk dəfə olaraq yaradılmış bu bazada 4500-dən çox ümumtəhsil məktəbi, 1,4 milyon şagird, 170 min müəllim haqqında ətraflı məlumatlar toplanmışdır. Bu məlumat bazası təhlillərin aparılmasına, çevik qərarların qəbul edilməsinə geniş imkan yaratmışdır. Hazırda digər təhsil pillələri üzrə məlumatlar da həmin bazada toplanmaqdadır. Nəzərdə tutulur ki, yaxın gələcəkdə baza interaktiv olsun və onlayn rejimdə daim yeniləşdirilə bilsin.
Digər məlumat mənbəyi isə monitorinq və qiymətləndirmə nəticəsində əldə olunur. Milli və beynəlxalq qiymətləndirmənin, IX və XI siniflərdə mərkəzləşdirilmiş yoxlama və buraxılış imtahanlarının nəticələri nəinki şagirdlərin nailiyyətləri, eləcə də fənlərin tədrisi, təlim strategiyalarının tətbiqi, müəllimlərin fəaliyyəti, kurikulumun, dərsliklərin səviyyəsi barədə etibarlı mənbə rolunu oynamaqla bilavasitə keyfiyyətin idarə olunmasına zəmin yaradır.
Bunlarla yanaşı, nazirliyin nəzdində Əsaslı tikinti, Təhsilin informasiyalaşdırılması, De-institutlaşdırma və uşaq müdafiə sistemi idarələrinin yaradılması ölkə səviyyəsində adıçəkilən istiqamətlərdə proqramların daha səmərəli idarəolunması imkanlarını genişləndirmişdir.
Təhlil göstərir ki, təxminən 10 il bundan əvvəl nazirliyin strukturu, fəaliyyətinin təşkili və təhsil sisteminin idarəolunması ilə bugünkü idarəetmə sistemi arasında ciddi dəyişikliklər baş vermişdir. Bu dəyişiklikləri aşağıdakı kimi
ümumiləşdirmək olar:
1.Nazirliyin strukturu əhəmiyyətli
dərəcədə təkmilləşdirilmiş, strateji təhlil
və planlaşdırma, monitorinq və qiymətləndirmə,
məlumat sistemləri, akkreditasiya, əlavə təhsil kimi
vacib sahələrlə bağlı funksional strukturlar
yaradılmışdır. Belə strukturların
yaradılması təhsil sahəsində aparılan
islahatların səmərə və keyfiyyətinə əsaslı
təsir göstərməklə yanaşı, vahid təhsil
siyasətinin işlənməsi və həyata keçirilməsinə
öz töhfəsini vermişdir.
2.Nazirliyin mərkəzi aparatında
kadr tərkibinin keyfiyyətcə yeniləşdirilməsi
istiqamətində ciddi addımlar atılmış, Dövlət
Qulluğu Məsələləri Komissiyası tərəfindən
böyük rəqabət şəraitində keçirilən
müsabiqə nəticəsində nazirliyə gənc,
perspektivli və xarici dilləri bilən mütəxəssislər
işə götürülmüşlər.
3.Nazirliyin mərkəzi aparatında
çalışan əməkdaşların 90 faizi ölkədə
və xaricdə təşkil olunan treninqlərdə,
seminarlarda, stajkeçmə tədbirlərində iştirak
etmiş, xaricdə magistratura təhsili almış və
öz bacarıqlarını təkmilləşdirmişdir.
4.Nazirlik tərəfindən strateji
təhlillər əsasında 20-dək dövlət
proqramı hazırlanmış, ölkə Prezidenti və
hökumət tərəfindən təsdiq edilmiş və həyata
keçirilməkdədir. Proqramlarla idarəetmə
Təhsil Nazirliyinin fəaliyyətinə əhəmiyyətli
dərəcədə təsir etmiş, yeni yanaşmaların
tətbiqinə şərait yaratmışdır. Tarixən Təhsil Nazirliyi heç bir proqram
reallaşdırmadığı halda, qısa müddət ərzində
təhlillərin aparılması, proqramların
hazırlanması və həyata keçirilməsi sahəsində
zəngin təcrübə toplanmış, bu təcrübə
sonradan ölkəmizin digər dövlət strukturları,
nazirlikləri üçün nümunə rolunu
oynamışdır.
5.Əvvəllər Təhsil
Nazirliyinin fəaliyyəti, əsasən yuxarı təşkilatlardan
daxil olan direktiv sənədlərin icrası, yoxlama xarakterli tədbirlərin
həyata keçirilməsi, vətəndaşların
müraciətlərinə baxılması məsələləri
ilə məhdudlaşırdısa, hazırda bu qurumun fəaliyyəti
daha çox təhsil sektorunun bütün sahələri
üzrə vahid dövlət siyasətinin həyata
keçirilməsi, məqsədli proqramların
hazırlanması və reallaşdırılması, keyfiyyətə
nəzarətin müasir modellərinin tətbiqi, davamlı
inkişaf və insan kapitalının
formalaşdırılması və digər bu kimi əhəmiyyətli
məsələlərə yönəlmişdir.
6.Əvvəllər Təhsil
Nazirliyi yalnız birbaşa onun tabeliyində olan müəssisələr
üçün nəzərdə tutulan maliyyəni idarə
edirdisə, hazırda bütün ölkəni əhatə edən
irimiqyaslı investisiya layihələrini, dövlət
proqramlarını, əvvəlkindən yüz dəfələrlə
artıq maliyyə vəsaitini idarə edir ki, bu da nazirlik
üçün tamamilə yeni funksiyalar, təcrübə və
məsuliyyət deməkdir.
7.Əvvəlki dövrlərdə
nazirliyin fəaliyyətində əsas yerlərdən birini
tutan yoxlamalar əvəzinə, keyfiyyətə nəzarətin
müasir mexanizmi
olan monitorinq sistemi tətbiq edilməyə başlanmışdır. Monitorinq müasir
idarəetmə sistemində ən mühüm sahələrdən
biridir. Təhsil sahəsində monitorinqin məqsədi təlimin məzmununun təkmilləşdirilməsi, təhsilalanlara nəyin
və necə, hansı təlim metodlarından
istifadə etməklə öyrədilməsinin müəyyənləşdirilməsi,
dövlət standartlarının mənimsənilməsi səviyyəsinin
aşkara çıxarılması, nəticələrin qiymətləndirilməsi və
onlara uyğun olaraq müvafiq
tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Monitorinq vasitəsilə
təhsil müəssisəsinin fəaliyyətinin səmərəlilik
səviyyəsi aşkar olunur və qiymətləndirilir. Bu zaman müəssisənin
fəaliyyətinin faktiki nəticələri və onların
son məqsədlərə uyğunluğu təhlil olunur.
Ənənəvi təcrübədə son nəticələrin
qarşıya qoyulmuş məqsədlərə bu və ya
digər dərəcədə uyğun gəlməməsi
praktik təhsil işçiləri tərəfindən
heç də həmişə nəzərə
alınmır. Həmin səbəbdən
də monitorinqin vəzifəsi məhz fəaliyyət prosesində
yol verilmiş kənaraçıxmaların dərəcəsini,
istiqamətini və səbəbini düzgün müəyyənləşdirməkdən
ibarətdir.
İdarəetmənin hər bir funksiyası monitorinqin əsas təhlil obyekti kimi çıxış edir, yəni monitorinq fəaliyyətin məqsədlərinə, planlaşdırılmasına, təşkilinə və icrasına, habelə kommunikasiya və korreksiya proseslərinə sirayət edir. Başqa sözlə, monitorinq məqsədlərin və planların həyata keçirilməsinin qiymətləndirilməsi vasitəsidir. Monitorinqin vəzifələrindən biri də məqsəd və planlaşdırma arasındakı fərqi azaltmaqdan ibarətdir.
Bu baxımdan, müasir dövrdə aşağıda göstərilən istiqamətlərdə monitorinqin keçirilməsi xüsusi əhəmiyyət daşıyır: "təhsil alan - təhsil verən" sistemində, "təhsil müəssisəsi - müəllim" sistemində, "təhsili idarəetmə orqanı - təhsil müəssisəsi" sistemində və sair.
Düşünürəm ki, gələcəkdə monitorinqlərin aparılmasında tamlıq, relevantlıq, adekvatlıq, obyektivlik, dəqiqlik, fasiləsizlik, sadəlik, anlaşıqlılıq, müntəzəmlik prinsiplərinə xüsusi diqqət yetirilməli, müvafiq şöbənin fəaliyyət dairəsi genişləndirilməli, kadr potensialı gücləndirilməlidir.
İnkişaf etmiş ölkələrin təcrübəsində monitorinqin aşağıdakı növləri mövcuddur: təhsil məqsədlərinin miqyası üzrə (strateji, taktiki, operativ); təlimin mərhələləri üzrə (başlanğıc, yaxud qəbulolunma dövrü üzrə, təhsilalma, yaxud aralıq dövrü üzrə, çıxış, yaxud yekunlaşma dövrü üzrə); vaxt şəraiti üzrə (retrospektiv, xəbərdaredici yaxud qabaqlayıcı, cari yaxud planauyğun); təkrarlanma şəraiti üzrə (birdəfəlik, dövri, müntəzəm); müşahidə obyektinin əhatəliliyi üzrə (lokal, seçmə, kompleks); təşkilati formalar üzrə (fərdi, qrup, frontal); obyekt-subyekt münasibətlərinin forması üzrə (xarici, yaxud sosial, qarşılıqlı nəzarət, daxili, yaxud özünüqiymətləndirmə); istifadə edilən vasitələr üzrə (standartlaşdırılmış, qeyri-standart və s.).
Keyfiyyətin idarə olunması təhsil prosesinin nəticələrinin mərhələlərlə müşahidə edilməsi (monitorinqi), bununla da hər bir mərhələdə qarşıya qoyulmuş vəzifələrin optimal yerinə yetirilməsi səviyyəsinin aşkarlanması vasitəsilə həyata keçirilir. Bu baxımdan təhsilin keyfiyyətinin monitorinqi təhsilin keyfiyyətinin idarə olunması ilə nəticələnir, çünki hər iki proses respublika, rayon və təhsil müəssisəsi səviyyələrində sistemli və müntəzəm şəkildə müvafiq məlumatların toplanmasını nəzərdə tutur.
Müasir idarəetmə şəraitində keyfiyyət mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Keyfiyyət mədəniyyəti o deməkdir ki, təhsilin keyfiyyətinə həlledici qiymət istehlakçı tərəfindən verilir. Təhsil sistemində istehlakçı şəxsində ilk növbədə təhsilalanlar və onların valideynləri, işəgötürənlər, həmçinin dövlətin özü çıxış edir. Təcrübə göstərir ki, təhsilin istehsal sahəsi kimi deyil, xidmət kimi qəbul olunması ona münasibətdə əsaslı dönüş yaradır və səmərəsini xeyli artırır. Belə olan halda xidmətin keyfiyyətinə verilən tələblər həm onu göstərən, həm də ondan istifadə edən tərəfindən müəyyən olunur.
Strateji planlaşdırma təhsilin keyfiyyətinin idarə olunması sistemində ən başlıca tələblərdən biridir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmizdə ilk dəfə olaraq strateji planlaşdırma təhsil sistemində həyata keçirilməyə başlanmışdır. Beynəlxalq ekspertlərin iştirakı ilə ilk dəfə olaraq 2004-2006-cı illəri əhatə edən üçillik strateji plan hazırlanmış və həyata keçirilmişdir. Sonradan 2007-2009-cu və 2010-2012-ci illəri əhatə edən strateji planlar hazırlanmışdır. Strateji planlaşdırma ənənəvi planlaşdırmadan bir sıra üstünlükləri ilə fərqlənir. Belə ki, ənənəvi planlaşdırma tədbirləri, onların icra vaxtı və icraya məsul şəxsləri əhatə edir. Əksər hallarda müəyyənləşdirilən tədbirlər abstrakt xarakter daşıyır, onların icra vəziyyətinin yoxlanılması mümkün olmur, beləliklə, tədbirlər ildən-ilə planlarda təkrarlanır. Strateji planda isə hər bir tədbir ötən ilin hesabatlarının və nəticələrinin təhlili əsasında müəyyənləşdirilir, hər bir tədbirin icrasını yoxlamaq üçün dəqiq indikatorlar işlənir, əvvəlcədən gözlənilən nəticələr dəqiqləşdirilir. Belə planlaşdırma hesabatverməni və icraya nəzarəti də xeyli asanlaşdırır. Onu da qeyd edim ki, hər ildə iki dəfə strateji planın icra vəziyyəti barədə hesabatlar hazırlanır, plan təhlil edilir, lazımi korreksiyalar olunur. Bununla yanaşı, planlaşdırılmış məqsədlərə nail olma səviyyəsi müntəzəm ölçülür, onların nəticələrinin qiymətləndirilməsinə diqqət yetirilir.
Təhsilin keyfiyyətinin planlaşdırılması təhsil müəssisələrinin fəaliyyətinin ümumi planlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda təhsil müəssisələrinin fəaliyyətinin perspektiv planlaşdırılmasında əsas nöqsanlar ondan ibarətdir ki, gələcəkdə əldə olunacaq nəticələrə verilən tələblər perspektiv nöqteyi-nəzərindən deyil, bugünkü mövqedən müəyyənləşdirilir və bu səbəbdən planlarda arzu olunan nəticələr öz dəqiq əksini tapmır. Həmin planlarda tədbirlərin uzlaşdırılması və əlaqələndirilməsinə ciddi əhəmiyyət verilmir, onlar əlaqəsiz, əsasən müstəqil tədbirlər kimi nəzərdə tutulur. Bu da onunla bağlıdır ki, mövcud təhsil müəssisəsinin başlıca məqsədi uzun müddətdən bəri yuxarıdan dəqiq müəyyənləşdirilmiş qaydalara uyğun fəaliyyət göstərmək və həmin sahədə funksiyalarını sabit şəkildə həyata keçirməkdir. Müasir təhsilin innovasiya mühitində idarə olunmasında ən vacib məsələ təhsil müəssisəsinin funksional rejimdən inkişaf və inkişafetdirici rejimə keçirilməsidir.
Təhsil
müəssisəsinin inkişafı - onun məqsədlərinin,
idarəetmə sisteminin, pedaqoji prosesin məzmunu, təlim
metodları və üsullarının qanunauyğun, məqsədyönlü,
idarəolunan şəkildə, bir qayda olaraq təkamül
yolu ilə pozitiv dəyişilməsi deməkdir. Nəticə
etibarı ilə həmin dəyişikliklər təhsilalanların
təlimində, tərbiyəsində və inkişafında
keyfiyyətcə yeni nailiyyətlərin əldə
olunmasına gətirib çıxarır. Habelə bu
proses əvvəlki keyfiyyət vəziyyətindən
innovasiyaların tətbiqi yolu ilə yeni keyfiyyət vəziyyətinə
keçidi şərtləndirir.
Təhsil sistemində idarəetmə sahəsində fəaliyyət göstərənlər təhsilin keyfiyyətinin idarə olunması prosesinin liderləri olmalıdırlar. Belə ki, təlimatlandırma və nəzərdə tutulan, planlaşdırılan tədbirlərin mərhələlər üzrə səmərəli həyata keçirilməsi məhz onlardan asılıdır. Bu o deməkdir ki, dünən "mənə tapşırıldığı kimi" sxemi üzrə düşünən rəhbər bu gün mütərəqqi ideyaların təşəbbüskarına çevrilməlidir.
Onu da qeyd etmək vacibdir ki, lider dedikdə, yalnız təhsil orqanının, təhsil müəssisəsinin rəhbərliyi nəzərdə tutulmur. Keyfiyyətin idarə olunması sistemi ənənəvi idarəetməni və iyerarxiyalar funksiyasını kökündən dəyişir. Bu zaman nəinki idarəedənlərin, eyni zamanda müəllimlərin rolu xeyli artır və təşəbbüskarlıq, yaradıcılıq üçün onlara geniş imkanlar açılır. Müəllimlər qərarların qəbul olunmasında iştirak edir və bu sahədə böyük məsuliyyət daşıyırlar. Onlara daha çox fəaliyyət hüquqları və müstəqillik verilir, habelə innovasiyaları həyata keçirən yaradıcı qrupların işinə rəhbərlik etmək üçün buna qabil müəllimlər cəlb olunurlar.
Düşünürəm ki, təhsil sahəsində fəaliyyət göstərən liderin əsas funksiyalarına aşağıdakılar daxil olmalıdır:
-müəssisədə təhsil keyfiyyətinin gözlənilən ümumi səviyyəsini proqnozlaşdırmaq;
-keyfiyyətin yüksəlməsi prosesinin həyata keçirilməsinə görə məsuliyyət daşımaq;
-keyfiyyətlə bağlı görülən işlər barədə müntəzəm məlumat vermək;
-təhsil xidmətlərindən istifadə edənlərin tələbatlarını nəzərə almaq;
-müəssisə əməkdaşlarının ixtisasının artırılması prosesinə rəhbərlik etmək;
-innovasiyaların tətbiqinə rəhbərlik etmək;
-təşkilati strukturlar arasında vəzifə funksiyalarının maksimum dərəcədə dəqiq bölüşdürülməsini təmin etmək;
-səmərəli fəaliyyət göstərən komanda yaratmaq;
-müşahidə
etməyə və proseslərin nəticələrinin qiymətləndirilməsinə
imkan verən daxili monitorinq mexanizmi yaratmaq və onları
inkişaf etdirmək.
Təqdirəlayiq
haldır ki, hazırda bir sıra təhsil müəssisələri
inkişaf planlarının hazırlanmasına daha çox
üstünlük verirlər. İnkişaf planlarında müəyyən
müddət ərzində (3-5 il) təhsil
müəssisəsinin əsas hədəfləri, bu hədəflərə
nail olmanın yolları və gözlənilən nəticələr
müəyyənləşdirilir. Bu təcrübə
isə fəaliyyətin strateji planlaşdırılmasına
zəmin yaradır. Düşünürəm
ki, təhsil orqanları və təhsil müəssisələri
səviyyəsində strateji planlaşdırmanın tətbiqi
hazırda qarşıda duran əsas vəzifələrdəndir.
Təhsil müəssisələrinin innovasiya rejiminə keçirilməsi, təhsilin keyfiyyətinin idarə olunması sisteminin tətbiqi müəssisənin idarəolunmasına yeni yanaşmanı aktuallaşdırır. Bu gün dərindən dərk olunmalıdır ki, müəllimlər və təhsil prosesinin digər iştirakçıları daha öz funksiyalarına şəxsi nöqteyi-nəzərdən yanaşmamalı ("mən və mənim ixtisasım", "mən və mənim uşağım", "mən və mənim sinfim" və s.), öz rollarını birgə məsuliyyət və əməkdaşlıq kimi ("biz və bizim müəssisə") qəbul etməlidirlər.
Müəssisənin
idarə olunmasında birgə fəaliyyət, orada təhsilin
təşkili məhz təhsil prosesinin müxtəlif
iştirakçılarını öz tərkibində birləşdirən
vahid "təhsil komandası" şəklində həyata
keçirilməlidir. Təhsil komandası xarici mühitə, təhsil
ictimaiyyətinə (ailə, təhsili idarəetmə
orqanları, icra hakimiyyəti orqanları, biznes aləmi və
s.) açıq olmalıdır. Problemə
belə yanaşmanın bir üstünlüyü də
ondadır ki, təhsil komandasının hər bir
üzvü, hər bir şəxs ümumi işin xeyrinə
öz bacardığını sərf edir.
Təhsil müəssisəsinin keyfiyyətli fəaliyyəti, tədris prosesi səmərəliliyinin məqbul və qaneedici olması bir sıra vacib amillərdən asılıdır. Bunlara aşağıdakıları daxil etmək olar:
-təhsil müəssisəsinin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi;
-təhsilalanların öz vaxtlarını maksimum dərəcədə konkret təlim məsələlərinin həllinə sərf etməsi;
-idarəetmənin vahid və əlaqəli şəkildə təşkili;
-müəllimlərin daim təkmilləşdirilməsi;
-onların komanda şəklində işləməsi;
-müəssisə daxilində qayda-qanunun hökm sürməsi;
-valideynlər
və ictimaiyyətlə sıx qarşılıqlı əlaqənin
yaradılması və sair.
Beləliklə, təhsil
müəssisəsinin keyfiyyətinin qiymətləndirilməsində
bir-biri ilə qarşılıqlı əlaqədə olan
üç amil mühüm rol oynayır: müəllim, təhsil
müəssisəsi, müəssisənin əhatəsi. Eyni
zamanda fəaliyyətin qiymətləndirilməsində bir
sıra meyarlara istinad edilir: təhsilalanların və məzunların
göstəriciləri, təhsil verən - təhsil alan münasibətləri; təhsil verən/təhsil
alan nisbəti; müəssisənin mövcud maliyyə mənbələri;
ictimai mühit; sosial-iqtisadi kontekst və sair. Təhsil
müəssisəsinin qiymətləndirilməsi həm daxili
qiymətləndirməni (özünüqiymətləndirmə),
həm də xarici qiymətləndirməni özündə cəmləşdirməlidir.
Ümumtəhsil məktəblərində keyfiyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən keyfiyyət standartları hazırlanmışdır. Bu standartlar ölçülə bilən göstəricilər nəzərə alınmaqla aşağıdakı 5 əsas fəaliyyət sahəsi üzrə qruplaşdırılmışdır:
I.Məktəbin
idarə olunması.
II.Pedaqoji heyətin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi.
III.Təlim-tərbiyə
prosesinin təşkili və idarə olunması.
IV.Şagird
şəxsiyyətinin formalaşdırılması.
V.Məktəbin
valideynlər və ictimaiyyətlə birgə fəaliyyəti.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor
Azərbaycan
müəllimi.- 2010.- 6 avqust.- S.1, 2.