Azərbaycanın Milli
Qəhrəmanları
Əliyev Nadir Alış oğlu
1962-ci il iyulun 30-da Ağdam rayonunun Əliağalı kəndində anadan olmuşdu. 1981-ci ildə Bakı Politexnik Texnikumunu, 1991-ci ildə DTK-nin F.E.Dzerjinsk adına ali məktəbi, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. 1991-ci ildən Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan Nadir 1992-ci ildən etibarən MTN-nin Qarabağ üzrə İdarəsinin Ağdərə rayon bölməsində baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdı. 1993-cü ilin yanvarından MTN Ağdam rayon şöbəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdi. N.Əliyev MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəxsi rəşadət göstərmişdi.
N.Əliyev Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 nömrəli Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Suraxanı rayonundakı 282 nömrəli orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Əliyev Rövşən Nəriman
oğlu
1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olmuşdu. 1989-cu ildə paytaxtın Xətai rayonundakı 254 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdu. 1990-cı ildə baş vermiş 20 Yanvar hadisələri Rövşəndə düşmənə qarşı nifrət hissi yaratmışdı. O, 1991-ci ildə könüllü olaraq ordu sıralarına getmişdi. Ağdamın Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində igidlik göstərmişdi. 1992-ci ildə Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutaraq düşmənin canlı və texniki qüvvələrini məhv etmişdi. Elə həmin il mayın 13-də erməniləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal kəndinə hücuma keçmişdilər. Kənd Rövşən kimi qəhrəman oğullarımızın mübarizəsi nəticəsində düşməndən azad edilmişdi.
R.Əliyev 1992-ci il iyunun 14-də ağır döyüşlər zamanı yaralı yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Əliyev Rövşən Nəriman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 254 nömrəli orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə onun adı verilib.
Əmirov Faiq
İsfəndiyar oğlu
1975-ci il iyunun 22-də Zaqatala rayonunun Bəhmədli kəndində anadan olmuşdu. 1992-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirmişdi. Hələ orta məktəbdə oxuyarkən, 1988-ci ildən başlayaraq baş vermiş hadisələr onun psixoloji durumuna hədsiz təsir etmiş, onu vətənpərvər övlad kimi yetişdirmişdi. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdı. O, həmin dövrdə erməni təcavüzkarlarına qarşı doğma Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın Füzuli, Tərtər, Ağdərə bölgələri uğrunda gedən ağır döyüşlərdə böyük fədakarlıqla iştirak etmişdi.
1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon da iştirak etmişdi.
F.Əmirov 17 mart 1995-ci ildə Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bəhmədli kənd qəbiristanlığında dəfn olunub. Zaqatala şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Əsədov Əsəd Soltan oğlu
1956-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində anadan olmuşdu. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına xidmətə çağırılmışdı. O, hərbi xidmətini başa çatdırdıqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki təyyarəçilik məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdu.
Əsəd 1991-ci il oktyabrın 29-da doqquz nəfər döyüşçü ilə birlikdə Qarabağ istiqamətində səmaya qalxmışdı. Xocalı aeroportunu erməni işğalçılarından müdafiə etməyə can atan döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfindən güclü atəşə tutulmuşdu. Azərbaycanın mərd, mübariz oğlu, cəsur komandir Ə.Əsədov elə həmin uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak olub.
Ailəli idi. Dörd övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Zəngilan rayonunda dəfn olunub. Təhsil aldığı Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.
Əsədov Malik
Hamil oğlu
1962-ci il iyunun 27-də Yevlax rayonunun Havarlı kəndində anadan olmuşdu. 1979-cu ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdı. Hərbi xidmətini Qazaxıstanda başa çatdırmışdı. O, Mingəçevir şəhər 45 nömrəli Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə hissəsində əmək fəaliyyətinə başlamışdı. Erməni işgalçılarına qarşı Xocalı, Əsgəran, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Malik 1992-ci il yanvarın 12-də silahlı döyüşçülərlə birlikdə Şuşanın müdafiəsinə yollanmışdı. Yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Azərbaycanın bu cəsur oğlu həmin hücum zamanı ağır yaralanmasına baxmayaraq, işğalçı düşmənin bir neçə canlı qüvvəsini məhv etmişdi.
M.Əsədov elə həmin döyüşdə qəhrəmancasına həlak olub.
Ailəli idi. Üç övladı
var.
Azərbaycan Respublikası
Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 nömrəli Fərmanı
ilə Əsədov Malik Hamil oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Doğulduğu
Havarlı kəndində dəfn olunub. Təhsil
aldığı kənd orta məktəb onun adını
daşıyır. Həmin məktəbdə və Mingəçevir
şəhərində- işlədiyi idarənin önündə
büstü qoyulub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin
materialları əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-
2010.- 6 avqust.- S.4.