İxtisasartırma günün tələbidir
Hərtərəfli inkişaf etmiş şəxsiyyətin
formalaşmasını təmin etmək üçün
təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq naminə hər bir müəllimin professional
səviyyəsini, peşə ustalığını
artırmaq ixtisasartırma müəssisələrinin əsas
vəzifəsidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
24 oktyabr 2009-cu il tarixli kollegiya iclasında
"Pedaqoji kadrların ixtisasartırma təhsili:
mövcud vəziyyət, problemlər və
təklif olunan yeni model" mövzusunda
hörmətli nazir Misir
Mərdanovun məruzəsi AMİ-nin rəhbərliyi
tərəfindən hərtərəfli təhlil edilmiş, yol verilən
nöqsanların aradan
qaldırılması üçün tədbirlər
müəyyənləşdirilmişdir.
Bu vacib vəzifəni Azərbaycan Müəllimlər
İnstitutu, onun 11 filialı və digər müəssisələr
həyata keçirirlər.
Bu gün Azərbaycan Müəllimlər İnstitutunda bir neçə formada ixtisasartırma təhsili həyata keçirilir. Ali məktəbin professor-müəllim heyətinin üçaylıq, orta ixtisas təhsili müəssisələrinin ixtisas fənn müəllimlərinin 2 ay müddətinə olmaqla hər iki kateqoriyanın ixtisasartırma təhsili 2 mərhələdən ibarətdir. Birinci mərhələ elmi-nəzəri biliklər mərhələsidir. Hər iki kateqoriya bu mərhələni Azərbaycan Müəllimlər İnstitutunda başa vurur. İkinci mərhələ peşə-ixtisas hazırlığı mərhələsidir ki, bu mərhələ ayrı-ayrı universitetlərin baza kafedralarında, elmi-tədqiqat institutlarında həyata keçirilir. Peşə məktəbləri və peşə liseylərinin, ümumtəhsil, məktəbəqədər tərbiyə müəssisələrinin bütün əməkdaşlarının ixtisasartırma təhsilinin müddəti 12-24 gündür. İxtisasartırma təhsilini həyata keçirmək üçün institutun müvafiq kafedraları ilə birlikdə hazırlanmış 63 adda tədris-tematik plan elmi-metodiki şurada müzakirə olunaraq təsdiq edilmişdir. Bu tədris-tematik planlarda ilk dəfə olaraq dinləyicilərin arzu və istəklərini nəzərə almaq üçün 6 saat sərbəst vaxt ayrılmışdır.
İxtisasartırma təhsilində
demokratik prinsiplərə əməl olunmadan onu təkmilləşdirmək olmaz.
Odur ki,
ixtisasartırma təhsilinə gələn dinləyicilərin
arzu və istəkləri bir
neçə üsulla öyrənilir, həyata
keçirilir. İlk
növbədə dinləyicilər tədris-tematik planla tanış olurlar. Orada nəzərdə tutulan
mövzulardan əlavə nəyi öyrənmək
istədiklərini müəyyənləşdirmək üçün kurs başlayandan 3 gün sonra giriş anket sorğusu keçirilir. Sorğuya əsasən
müəllimlərin tələbatlarına uyğun
çevik proqramlar tətbiq
edilir.
Beləliklə, dinləyicilərin tələbatı
öyrənilir və
onlara tədris-tematik planda nəzərdə tutulan mövzularla yanaşı, arzu etdikləri mövzular da müəyyənləşdirilir
və tədris olunur. İxtisasartırma təhsilinin yekununda
arzu olunan mövzular və təhsildəki yeniliklər
üzrə mənimsəmə
səviyyələrini müəyyənləşdirmək
məqsədilə çıxış
anket sorğusu keçirilir. Bununla yanaşı,
kursun sonunda məqbul və test vasitəsilə dinləyicilərin
biliyi qiymətləndirilir.
İxtisasartırma təhsili
dövründə institutun rəhbərliyi mütəmadi
olaraq dinləyicilərlə görüşərək onlara
mühazirə oxuyan müəllimlərin təlim keyfiyyətinin
effektliyi, məzmunca müasirliyi və təcrübə
saatlarının Bakı şəhərində yerləşən
ən müasir və qabaqcıl məktəblərdə təcrübə
mübadiləsi aparılması məsələlərini
öyrənir. Bu məqsədlə 2009-2010-cu dərs ilində
institut rəhbərliyi Təhsil Nazirliyinin 19 aprel 2010-cu il
tarixli 445 nömrəli əmrinə uyğun olaraq 23 təhsil
müəssisəsində ilkin müəllim
hazırlığı, ixtisasartırma, təkmilləşdirmə
və yenidənhazırlanma təhsilinin
həyata keçirilməsi və bu təhsil ocaqlarında təcrübə
mübadilələrinin aparılmasına nail olmuşdur. Hətta
böyük pedaqoji təcrübəsi olan dinləyicilərin
özlərinə də mühazirə oxumaq üçün
müraciət olunur. Bütün bunlar ixtisasartırma təhsilinin
keyfiyyətinin yüksəlməsinə və dinləyicilərin
razılığına müsbət təsir edir.
Azərbaycan Müəllimlər İnstitutunda və
onun filiallarında təkcə 2007-2008-ci tədris ilində 11 min təhsil işçisi ixtisasını artırmışdır. Təlimata uyğun olaraq təhsil
işçiləri 5 ildən bir
ixtisasartırma təhsilindən keçməlidirlər. Təhsil
sahəsində isə durmadan yeniliklər
meydana çıxır.
Son vaxtlar
təhsil sistemində
Boloniya prosesi, Kurikulum, Fəal/interaktiv təlim üsulları, İnkluziv
təhsil, Klinik müşahidə, İKT-nin
tədrisə tətbiqi
və s. kimi yeniliklər meydana gəlmişdir. Onları vaxtında müəllimlərə
öyrətmək müasir
təhsilimizin keyfiyyətini
yüksəltmək üçün
vacibdir.
Ümummilli liderimiz
Heydər Əliyev demişdir: "Müəllim
10-15-20 il bundan öncəki səviyyəsi
ilə bizim bugünkü yüksək
təhsilimizi təmin
edə bilməz. Gərək müəllim öz üzərində daim işləsin, dünyanın
texniki, elmi-tərəqqi
nailiyyətlərindən xəbərdar
olsun və onları tələbələrə,
gənclərə, uşaqlara
çatdırsın".
Əlbəttə, bütün bu yenilikləri təkcə Azərbaycan Müəllimlər
İnstitutu və onun filiallarının vasitəsilə vaxtında
yerlərə çatdırmaq
çox çətindir. Odur ki, yerlərdə dayaq məntəqələri vasitəsilə
və "Kaskad" üsulu ilə xüsusi seminarlar təşkiletmə metodlarından
istifadə olunur.
Yerlərdə seminarları aparmaq üçün dayaq məntəqə rəhbərləri ilə "Öyrədənlərin öyrədəni", "Kaskad" üsulu ilə seminar aparmaq üçün mühazirələrin hazırlanması məqsədilə xüsusi kurslar təşkil olunur.
"Kaskad" üsulu ilə yerli seminarlar aparan mühazirəçilər üçün 6 günlük, dayaq məntəqə rəhbərləri üçün isə 3 mərhələdən (modul, hərəsi 36 saat) ibarət seminarlar təşkil olunur. Birinci və ikinci mərhələnin iştirakçılarına arayış, üçüncü mərhələni bitirənlərə isə sertifikat verilir.
Müxtəlif kateqoriyalar üzrə sertifikat alan müəllimlər dayaq məntəqələrinə rəhbərlik edir, yerlərdə seminarların, treninqlərin təşkilatçısı, əsas iştirakçıları olurlar. Qeyd edək ki, təkcə 2009-2010-cu dərs ilində 423 nəfərin iştirakı ilə "Öyrədənlərin öyrədəni" proqramı üzrə 3 mərhələdə həftəlik seminarlar təşkil edilmişdir. Onlardan 187 nəfəri birinci mərhələnin, 161 nəfəri ikinci mərhələnin, 75 nəfəri isə üçüncü mərhələnin iştirakçısı olmuşdur. Ümumilikdə götürəndə təhsildə olan yeniliklərin pedaqoji kollektivlərə çatdırılması üçün bu rəqəmlər o qədər də yetərli deyil. "Öyrədənlərin öyrədəni" təlimində əsas birinci mərhələdir ki, bu təlimə göndərilən müəllimləri yerli təhsil orqanları müəyyənləşdirir və həmin tərkib sonrakı üç mərhələni də keçir. Təəssüflə qeyd edək ki, birinci mərhələyə göndərilənlərin bir çoxu əsasən yaşlı, təcrübəsiz və təlimdə o qədər də yüksək fəaliyyəti olmayan müəllimlər olurlar. Eyni zamanda göndərilən müəllimlərin ezamiyyə haqqının ödənilməsi məsələsi də xeyli çətinlik törədir. Yaxşı olar ki, yerli təhsil orqanları ilə maliyyə orqanları bu məsələni vaxtında müsbət həll etsinlər.
"Kaskad" üsulu ilə seminarlar da 6 günlük proqram əsasında həyata keçirilir. Müxtəlif kateqoriyadan olan müəllimlər bu seminarları keçərək yerli mühazirəçi statusu alırlar. Onlardan nə dərəcədə istifadə olunması məsuliyyəti isə yerli təhsil orqanlarının və məktəb rəhbərlərinin üzərinə düşür.
Məlum olduğu kimi, Azərbaycan hökuməti və Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış II kredit sazişinə əsasən ölkəmizdə 5 komponent üzrə 2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişaf Layihəsi həyata keçirilir. Təhsil Sektorunun İnkişaf Layihəsinin əsas istiqamətlərindən biri kimi "Ümumi təhsilin keyfiyyətinə real tələbatlar uyğunluğu" komponentinin tərkib hissəsi olan "Kurikulum islahatı" alt-komponenti bilavasitə ümumi təhsilin məzmununun yeniləşməsi sahəsində aparılan islahatyönümlü tədbirləri əhatə edir. Həmin layihə çərçivəsində "Milli Kurikulum" üzrə məşqçilərin hazırlanmasına ehtiyac duyulurdu. Odur ki, Təhsil Nazirliyi ilk növbədə məşqçilərin hazırlanmasına dair seminar keçirdi. Həmin məşqçilərin əksəriyyəti Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarıdır. İndi demək olar ki, Azərbaycan Müəllimlər İnstitutunda "Fəal/interaktiv təlim üsulları" və "Milli Kurikulum" üzrə seminarlardan keçən milli məşqçi statusu alan Emiliya Kərimova, Zöhrə Əliyeva, Xuraman Nağıyeva, Solmayə Əmrəliyeva, Mətanət Abbasova, Arzu Kərimova və bu sətirlərin müəllifindən ibarət işçi qrupu yaradılmışdır. Yeri gəlmişkən, qeyd edək ki, belə öyrədici seminarların keçirilməsi və məşqçilər hazırlanması prosesi davam etdirilir. Təhsil Nazirliyinin təşkil etdiyi seminarlarda məşqçi kimi fəal iştirak etmək üçün yeni tərkib hazırlanır. Eyni zamanda onların köməyilə Azərbaycan Müəllimlər İnstitutunda çalışan bütün professor-müəllim heyəti üçün ardıcıl olaraq "Fəal/interaktiv təlim üsulları" və "Milli Kurikulum"a dair seminarlar keçirilir.
İnstitut bu kurslardan təkcə öz əməkdaşları üçün deyil, institutun filiallarında və onların dislokasiyalarına daxil olan R(Ş)TŞ-ların metodistlərinin iştirakı ilə də seminarlar təşkil edir. 2009-cu ilin aprel-may aylarında 11 filialın hamısının bazasında belə seminarlar təşkil edilmiş və dinləyicilərə sertifikatlar verilmişdir.
2008-2009-cu dərs ilindən başlayaraq respublikamızın bütün məktəblərində I sinifdə dərs deyən müəllimlər üçün "Kurikulum" təlimi üzrə seminar təşkil edilir. İnstitutumuzun 8 nəfər əməkdaşı respublikamızın müxtəlif rayon və şəhərlərində belə seminarların təşkilində fəal iştirak edirlər. Ölkəmizin təhsil siyasətinə uyğun olaraq institutumuzda təxirəsalınmaz məqsədyönlü işlər aparılır.
Bunu nəzərə alaraq, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı çox mühüm təklif irəli sürüb. Bakalavr pilləsinin IV kurslarında "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə təhsil alan tələbələrə "Kurikulum" öyrədilərək onlara diplomla yanaşı "Kurikulum"a dair sertifikat da verilir. Bu, gənc müəllimlərin hazırlıq səviyyəsinə müsbət təsir göstərir və onların yenidən kurs keçmələrinə ehtiyac qalmır. Artıq ikinci ildir ki, bakalavr pilləsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə IV kurs tələbələri təcrübədən sonra "Yeni fənn kurikulumların öyrədilməsi" üzrə seminarlarda fəal iştirak edərək bu təlimi öyrənməklə istehsalata göndərilmişlər. 2008-2009-cu dərs ilində 142 nəfər, 2009-2010-cu dərs ilində 65 nəfər sertifikat almışdır. Bütün bu seminarları aparanlar institutumuzun "Kurikulum" təlimini bilən və tətbiq edən öz əməkdaşlarımızdır.
Hər iki dərs ilində kurikulumların tətbiqi üzrə yekun məşğələsində Təhsil naziri Misir Mərdanov iştirak etmiş və tələbələrə Təhsil Nazirliyinin sertifikatını təqdim edərkən bu təlimə görə institut rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Kurikulum təliminin daha effektli öyrədilməsi üçün institut rektorluğu respublikada fəaliyyət göstərən pedaqoji institutların bakalavr pilləsində "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə təhsil alan tələbələrin digər fənlər kimi Kurikulumun öyrənilməsi üçün tədris planına "Milli Kurikulum"un bir fənn kimi daxil olunmasını təklif edir. Bu da məzunların bu sahədə lazımi biliklərə yiyələnməsinə və onların işlə təmin olunmasına kömək göstərir.
Hər il AMİ və onun filiallarında 11-12 mindən çox müəllim ixtisasartırma təhsilindən keçir. Artıq həmin təhsilə cəlb edilən rəhbər və digər kateqoriyadan olan pedaqoji işçilərə kurikulum təlimi öyrətmək üçün yeni tədris-tematik planlar hazırlanır və 10-12 saatlıq kurikulum təlimi keçməsi planlaşdırılır.
Aparılmış araşdırmalar göstərir ki, bütün kateqoriyadan olan pedaqoji işçilərin kurikulum təlimini öyrənməyə böyük ehtiyacı vardır.
Belə qənaətə gəlmək olar ki, indiki mərhələdə pedaqoji kadrları yeni təlim üsulları ilə silahlandırmaq, təhsil sahəsində baş verən yenilikləri müasir tələbatlara uyğun olaraq onlara öyrətmək üçün ixtisasartırma kurslarının imkanları çox genişdir. Belə ki, AMİ-nin rəhbərliyi əlavə təhsil sahəsində müasirliyi təmin etmək məqsədi ilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi sahəsində də araşdırmalar aparır və yeniliyi tətbiq etmək üçün bir sıra inkişaf etmiş ölkələrin təcrübəsini öyrənir. Son iki ildə institut əməkdaşları Rusiya Federasiyası, Böyük Britaniya, Avstraliya, Türkiyə və Fransa respublikalarında təcrübə mübadilələri aparmışlar.
Rahim ƏZİZOV
Azərbaycan müəllimi.- 2010.- 6 avqust.- S.3.