Təhsil işçilərinin 2010-cu il sentyabr konfranslarının keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin  nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində geniş miqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir. Hazırda ümumi təhsilin məzmununun təfəkkür və düşüncə müstəvisi üzərində qurulması və bilavasitə yetkin şəxsiyyət formalaşdırılmasına yönəlmiş həyati bacarıqların prioritetliyi nəzərə alınmaqla müəyyən edilməsi, əsas mahiyyətini təhsilin keyfiyyətinin yüksəldilməsi və idarəolunması təşkil edən yeni qiymətləndirmə sisteminin yaradılması, müasir dərslik komplektlərinin nəşri, tədris prosesində müəllim yaradıcılığına geniş imkanlar açan çevik təlim texnologiyalarının tətbiqi, "müəllim-şagird" əməkdaşlığının təhsilin demokratikləşdirilməsində həlledici amilə çevrilməsi son onillikdə Azərbaycan təhsilinin qabaqcıl təhsil sistemlərinə inteqrasiyasının bariz nümunələridir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin Qanunun tətbiq edilməsi barədə 5 sentyabr 2009-cu il tarixli Fərmanı başa vurduğumuz 2009-2010-cu dərs ilinin ən mühüm hadisəsidir.

Mütərəqqi milli və ümumbəşəri pedaqoji ənənələr, müasir dünyada qəbul olunmuş inkişafyönümlü ideyalar, eləcə də ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsi, ölkə Prezidenti cənab İlham Əliyevin XXI əsr təhsilinin ən prioritet istiqamətlərini özündə ehtiva edən maarifçilik konsepsiyası əsasında formalaşmış yeni Qanun Azərbaycan təhsilinin gələcək inkişafı yolunda geniş üfüqlər açmışdır.

Qanunun tətbiqi ilə bağlı dövlət başçısının imzaladığı Fərmanın icrası istiqamətində hazırlanmış hüquqi-normativ sənədlər mütərəqqi dünya təcrübəsində tətbiq olunan inkişafyönümlü model və mexanizmləri, müasir yanaşmaları əks etdirir. Bilavasitə bütün təhsil pillələrində, eləcə də ümumi təhsil pilləsində indiki tələblərə cavab verən infrastrukturun qurulmasına, təhsilalanların və təhsilverənlərin keyfiyyət göstəricilərinin yüksəlməsinə, şagird və müəllim əməyinin stimullaşdırılmasına, təhsilin məzmununun və təlim nəticələrinin qiymətləndirilməsi meyarlarının yeniləşdirilməsinə yönəlmiş konseptual xarakterli həmin sənədlər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Ötən dərs ilində ölkədə üçüncü dəfə keçirilənn yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələri ümumi təhsil sistemində pedaqoji innovasiyaların, beynəlxalq təcrübədə sınaqdan çıxmış müasir metodikaların geniş yayıldığını və uğurla tətbiq olunduğunu bir daha sübut etmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilmiş məktəblilərin ümumrespublika inşa yazı müsabiqəsi, Bakı şəhərində ikinci dəfə təşkil edilən kimya üzrə Beynəlxalq Mendeleyev Olimpiadası, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası, istedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramına əsasən, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən Bakıda keçirilmiş istedadlı şagirdlərin yekun seçim turu da 2009-2010-cu dərs ilinin ən mühüm hadisələrindəndir.

2010-cu ildə respublikada 12380 yerlik 34 yeni məktəb inşa olunmuş, 25 məktəbin tikintisinə başlanmışdır. 6 məktəb əsaslı təmir edilmiş, 356 məktəbdə ehtiyaca görə təmir işləri aparılmışdır. 64 rayona 27.414 parta, 2315 yazı lövhəsi, 4313 yazı masası və 7662 müəllim stulu göndərilmişdir. 115 məktəbdə müasir kimyafizika laboratoriyası quraşdırılmış, 66 məktəbin kitabxanası zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bunlardan əlavə, 73 məktəbə 200 noutbuk, 200 proyektor, "Elektron məktəb" pilot layihəsində iştirak edən 20 məktəbə 300 kompüter, 336 netbuk verilmiş, 20 min müəllim, 4 min inzibati və 600 texniki heyət işçisi İKT üzrə öyrədici treninqlərdən keçirilmişdir.

2010-2011-ci dərs ili üçün 111 adda 4 milyon 506 min 650 nüsxə dərslik və metodik vəsait çap olunaraq yerlərə çatdırılmışdır. Bunlardan 40 adda 1 milyon 888 min 250 dərslik və metodik vəsait yeni fənn kurikulumları ilə işləyəcək III siniflər üçün nəzərdə tutulmuşdur.

Həmçinin qeyd olunmalıdır ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) "Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək" alt-komponenti üzrə də bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, V-XI sinifləri əhatə edən əksər fənlərdən kurikulum layihələri artıq hazırlanıb pedaqoji mətbuatda dərc edilmiş və Azərbaycan, rus, ingilis dillərində kurikulum portalında (www/kurikulum.az) yerləşdirilmişdir. Eyni zamanda 2009-cu ildən etibarən yeni fənn kurikulumlarının tətbiqi vəziyyətini öyrənmək üçün müxtəlif rayon və şəhərlərdə tədqiqatlar aparılaraq nəticələri geniş işıqlandırılmışdır. Hazırda təhsil işçilərinə kurikulumlarla sahəsində elmi-metodiki köməkliyi gücləndirmək məqsədilə xüsusi təlimçilər qruplarının formalaşdırılması istiqamətində ardıcıl öyrədici kurslar təşkil olunur.

Bütün bunlarla bərabər, həmçinin etiraf olunmalıdır ki, ümumtəhsil məktəblərinin heç də hamısında qarşıya qoyulmuş vəzifələrin tələb edilən səviyyədə həyata keçirilməsinə tam məsuliyyətlə yanaşılmır. Belə ki, müasir idarəetmə prinsiplərinin pozulmasına yol verilir, pedaqoji kollektivlərdə səmərəli mühitinin yaradılmasına lazımi diqqət yetirilmir. Bir sıra orta məktəb məzunlarının müstəqil həyata, cəmiyyətdə əmək fəaliyyətinə hazır olmaması, habelə ali təhsil müəssisələrinə qəbul prosesində uğursuzluqla üzləşməsi, heç şübhəsiz, bu məktəblərin rəhbərliyinin, müəllim kollektivinin, eləcə də yerli təhsil orqanlarının fəaliyyətsizliyi və vəzifə funksiyalarına yarıtmaz münasibətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Bəzi məktəblərdə, xüsusilə də ucqar kənd məktəblərində yuxarı sinif şagirdlərinin dərsə davamiyyətinin zəif olması, şagird heyətinin uçotunun aparılmasında, icbari təhsilin yerinə yetirilməsində, fəaliyyətin planlaşdırılmasında nöqsanlara yol verilməsi də ciddi narahatlıq doğurur.

Bir çox rayonlarda məktəb şəbəkəsinin optimallaşdırılması diqqətdən kənarda qaldığı üçün mövcud tələbatdan artıq məktəb və  sinif komplektlərinin saxlanmasına yol verilir ki, bunun da nəticəsində xeyli dövlət vəsaiti lüzumsuz sərf olunur. Öz işinin öhdəsindən gələ bilməyən, vəzifə funksiyalarını yerinə yetirməyən məktəb rəhbərləri və müəllimlərə qarşı göstərilən loyal münasibət də yerli təhsil orqanlarının fəaliyyətindəki ən başlıca qüsurlu cəhətlərdən biridir.

Qeyd olunanları nəzərə alaraq, yerli təhsil orqanlarının rəhbərləri öz işlərini ətraflı təhlil etməli,  yeni dərs ilində mövcud problemlərin, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində düşünülmüş və məqsədyönlü fəaliyyət sistemi müəyyənləşdirməlidirlər.

Göstərilənlərlə əlaqədar 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və inkişafyönümlü əməli təkliflər hazırlamaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2010-cu il 6-14 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon  (şəhər) konfransları keçirilsin.

2. Konfransların keçiriləcəyi günlərin qrafiki təsdiq edilsinlavə olunur).

3. Konfranslar plenar və bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin.

4. Konfransların plenar iclasında "2009-2010-cu dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə  olunsun.

5. Plenar və metodik bölmə iclaslarının təşkilində "Təhsil işçilərinin 2009-cu il sentyabr konfranslarının keçirilməsi haqqında" Təhsil Nazirliyinin 10 avqust 2009-cu il tarixli, 993 nömrəli əmrinin 4-cü, alt-bəndlərlə birlikdə 5 və 6-cı bəndləri əsas tutulsun.

6. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri plenar və bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın  sonunadək Təhsil Problemləri İnstitutuna göndərsinlər.

7. Təhsil Problemləri İnstitutu (A.Mehrabov):

7.1. Bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsil orqanlarına köməklik məqsədilə metodik tövsiyələr hazırlayıb avqustun 20-dək pedaqoji mətbuatda dərc etdirsin.

7.2. Yerlərdən alınmış təkliflərin təhlilini aparsın ümumiləşdirilmiş material hazırlayıb nazirliyə təqdim etsin.

8. Aparatın rəhbəri İ.Pirməmmədov konfranslarda nazirliyin nümayəndələrinin iştirakı barədə təkliflərini 2 həftə müddətinə rəhbərliyə təqdim etsin.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

12 avqust 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 13 avqust.- S.3.