Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli
oxucular, bu məqalədə təhsilin idarəolunması, bu
sahədə mövcud olan bəzi problemlər və perspektivlər
barədə mülahizələrimi diqqətinizə təqdim
etmək istəyirəm.
İnkar etmək
olmaz ki, idarəetmə bütün səviyyələrdə
effektiv olduqda fəaliyyət uğurlu olur. Bu gün təhsilin
idarə olunması sahəsində mövcud olan bir sıra
problemlər bütün təhsil ictimaiyyətini narahat edir.
"Təhsil haqqında" Qanuna və nazirliyin Əsasnaməsinə
görə, ölkədə təhsilin keyfiyyətinə
görə birbaşa Təhsil Nazirliyi məsuliyyət
daşıdığı halda, təəssüf ki, bu işlə
birbaşa məşğul olmayan, heç bir cavabdehlik
daşımayan, bu sahədə təcrübəsi və səriştəsi
olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları
idarəetməyə əsassız müdaxilələr edirlər
ki, bu da nəticədə təhsilin keyfiyyətinə öz
mənfi təsirini göstərir. Yerli təhsil
orqanları rəhbərləri və əməkdaşlarının,
məktəb direktorlarının tez-tez işdən azad edilməsi
və yeni şəxslərin təyin edilməsi də idarəetmə
sahəsində problemlər yaradır. Nəzərə
alınmır ki, təhsil orqanlarında çalışan əməkdaşların,
məktəb rəhbərlərinin peşəkar kadrlar kimi
formalaşması üçün illərlə vaxt tələb
olunur.
Onu da qeyd etmək lazımdır ki, heç də həmişə yeni təyinatlar zamanı peşəkarlıq amilləri ön plana çəkilmir. Şübhəsiz, ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyəti, təhsilin keyfiyyəti, fəaliyyətin düzgün qurulması, təlim prosesinin səmərə və keyfiyyətinin təmin olunması, sağlam iş şəraitinin yaradılması məktəb rəhbərlərindən birbaşa asılıdır. Ölkəmizdə adı hörmətlə çəkilən, cəmiyyətdə nüfuz qazanan direktorlar az deyildir. Məhz səriştəli direktorların səyləri nəticəsində təhsilin keyfiyyəti və şagirdlərin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur.
Təəssüf ki, yüksək uğurları ilə fərqlənən məktəblərimizin sayı arzu olunandan xeyli azdır. Əlbəttə, məktəbin nəticələrinə təsir edən amillər müxtəlifdir. Burada maddi-texniki baza da, kadrlar da, dərslik və metodik təminat da müəyyən rol oynayır. Lakin, fikrimcə, məktəbə kimin rəhbərlik etməsi, direktor amili daha həlledicidir. Elə direktorlar var ki, təhsilin müasir problemlərini lazımınca dərk etmir, yenilikləri qəbul etmək istəmir, köhnə təsəvvürlərdən və təfəkkür tərzindən yaxa qurtara bilmir, vəzifə məsuliyyəti, təşkilatçılıq qabiliyyəti, kollektivi vahid məqsəd ətrafında səfərbər etmək baxımından müasir tələbləri ödəmir, yaradıcılıq və təşəbbüskarlıqları ilə fərqlənmirlər. Belə direktorların rəhbərlik etdikləri məktəblərdə təlim keyfiyyəti daim aşağı olur və təbii ki, onlarla müasir inkişafı şərtləndirən təhsil ideyalarını həyata keçirmək qeyri-mümkündür.
Eyni zamanda hazırda məktəb direktorlarının seçilib yerləşdirilməsinə yerli icra hakimiyyəti orqanlarının müdaxilələri, ehtiyat kadrların hazırlanması sisteminin olmaması, məktəbin və direktorların fəaliyyətinin qiymətləndirilməsi mexanizminin, o cümlədən müvafiq peşə standartlarının işlənməməsi, direktorların peşəkarlığının artırılması üzrə sistemli treninq təcrübəsinin tətbiq edilməməsi, məktəb direktorlarının 15 %-nin pensiya yaşını ötməsi də məktəb səviyyəsində idarəetmənin lazımi şəkildə qurulmasına imkan vermir. Bütün bunlarla əlaqədar direktorların attestasiyası və təyinatı ilə bağlı yeni mexanizmlərin işlənib hazırlanması yaxın gələcəkdə ən vacib vəzifələrimizdəndir.
Bəs müasir dövrdə məktəb direktorları hansı tələblərə cavab verməlidirlər? Bu tələbləri
aşağıdakı kimi ümumiləşdirmək olar:
* Məktəb direktoru
mütləq pedaqoji təhsilli və ən azı 5 il pedaqoji staja malik olmalıdır.
*
İxtisası üzrə yüksək biliyə və peşəkarlığa
malik olmalıdır.
* İdarəetmə
sahəsində lazımi səviyyədə peşə
hazırlığı, bilik, bacarıq və vərdişləri
olmalıdır.
* Məsələlərin təkbaşına
və kollegial həllinin əlaqələndirilməsində
yüksək şəxsi məsuliyyətlilik nümayiş
etdirməlidir.
* Kollektivdə işgüzar
və kollegiallıq əsasında düzgün
qarşılıqlı münasibətlər
formalaşdırmağı bacarmalıdır.
* Ünsiyyət mədəniyyətinə
malik olmalı, kollektivdə sağlam mənəvi-psixoloji
iqlim formalaşdırmalıdır.
* Tabeliyində olan
işçilərin hər birini şəxsi keyfiyyətlərinə
uyğun və vəzifələrinə münasib işlərlə
təmin etməlidir.
* Müəssisənin fəaliyyətinin
müntəzəm monitorinqinin aparılması əsasında
onun perspektiv inkişaf strategiyasını müəyyənləşdirməlidir.
* Kadrları şəxsi,
işgüzar keyfiyyətlərinə görə seçməli,
onların peşəkarlıq keyfiyyətlərini obyektiv qiymətləndirməlidir.
* Qarşıya çıxa
biləcək problemlərin düzgün, optimal və operativ
həllinə səy göstərməli, qəbul olunmuş qərarların
icrasını müntəzəm nəzarətdə
saxlamalıdır.
* Məktəbin fəaliyyətinin
strateji planlaşdırılmasını və icrasını
təmin etməlidir.
* Ətrafda
baş verən hadisələrin analitik təhlilini
aparmağı və bunun əsasında məntiqi nəticələr
çıxarmağı bacarmalıdır.
* Təhsildə aparılan
islahatlar və təhsilin inkişaf perspektivləri barədə
geniş məlumata malik olmalıdır.
* Məzmun islahatları,
Milli Kurikulum sənədi ilə yaxından
* Təhsili şəxsiyyətyönümlü,
nəticəyönümlü və tələbyönümlü
prinsiplər əsasında qurmaqla, şagirdlərin pedaqoji
prosesin mərkəzində olmasını, onlara zəruri həyati
bacarıqların aşılanmasını təmin etməlidir.
* Təlimin səmərəli
təşkilini və onun qiymətləndirilməsinin
müasir texnologiyalarını bilməli, yeni qiymətləndirmə
sistemi, xüsusilə məktəbdaxili qiymətləndirmə
haqqında biliklərə malik olmalıdır.
* Təlim prosesində və
idarəetmədə müasir informasiya və kommunikasiya
texnologiyalarından mükəmməl istifadəni təmin etməlidir.
* Normativ-hüquqi qaydaları,
əmək qanunvericiliyinin əsaslarını bilməlidir və
bunlara gündəlik fəaliyyətində riayət etməlidir.
* Fəaliyyəti
planlaşdırmağı, təhlil etməyi, ümumiləşdirməyi
və müasir hesabatverməni bacarmalıdır.
* Məktəbdə
sağlam və təhlükəsiz mühitin, hüquqi məkanın
yaradılmasını təmin etməlidir.
* Daim təhsilin, məktəbin,
müəllimin nüfuzunun yüksəlməsinə səy
göstərməli, müsbət ictimai rəyin
formalaşdırılmasına nail olmalıdır.
* İctimaiyyətdə
məktəbə və kollektivə inam
formalaşdırmalı, fəaliyyətin bütün sahələri
üzrə şəffaflığı təmin etməlidir.
* Müəllimlərin hər
biri haqqında ətraflı və dəqiq informasiyaya malik
olmalıdır.
* Hər bir müəllimin fəaliyyətini
dərs ilinin yekununda qiymətləndirməli və nəticəsini
müəllimə bildirməlidir.
* Səmərəli fəaliyyəti
ilə fərqlənən işçilərin mütəmadi
rəğbətləndirilməsi üzrə tədbirlər
görməlidir.
* Hər bir müəllimin
peşəkar inkişafı, təkmilləşdirilməsi və
ixtisasının artırılması üzrə proqram
hazırlayıb həyata keçirməlidir.
* Hər bir şagird barədə
məlumatlı olmalı, onlarla sıx münasibətlər
yaratmalı, məktəbin fəaliyyətinin təşkilində
onların rəy və təkliflərini nəzərə
almalıdır.
* Maliyyələşmə
sahəsində bacarıqlara, iqtisadi biliklərə malik
olmalı, dövlət tərəfindən ayrılan və
digər mənbələrdən daxil olan vəsaitlərdən
səmərəli istifadəni təmin etməlidir.
* Dərsliklərin təhlilini
təşkil etməli, onların təkmilləşdirilməsi
və dərslik siyasətinə dair təkliflərin
hazırlanmasını, dərslik fondundan düzgün istifadəni
təmin etməlidir.
*
İstedadlı uşaqların aşkar edilməsi və
onların inkişafı sahəsində proqramlar
hazırlayıb həyata keçirməlidir.
* Məktəbdə təhsilin
inklüzivliyinə maksimum şərait yaratmalıdır.
* Məktəb idarəetmə
orqanlarının fəaliyyətini təşkil etməli və
təhsil siyasətinə uyğun düzgün istiqamətləndirməlidir.
* Valideynlərlə işləməyi
bacarmalı, onların idarəetmə prosesinə cəlb
olunmasını təmin etməli, onlarla fərdi və
kütləvi müzakirə və görüşlər
keçirməli, valideyn birlikləri, assosiasiyaları ilə
işgüzar əlaqələr yaratmalıdır.
* Digər dövlət
müəssisələri və ictimai təşkilatlarla birgə
iş təşkil etməlidir.
* Ölkədə və
dünyada təhsil sahəsindəki tendensiyalarla, tətbiq
edilən innovasiyalarla
* Məktəbin, müəllimlərin
və şagirdlərin beynəlxalq layihə və proqramlarda
iştirakını təmin etməlidir.
* Yüksək etik
davranış mədəniyyətinə malik olmalı, mədəniyyəti,
davranışı, xarici görünüşü ilə
başqalarına nümunə olmalıdır.
* Saf mənəviyyata və
nümunəvi əxlaqa malik olmalıdır.
* Liderlik keyfiyyətlərinə
malik olmalı, kollektivi ümumi missiya ətrafında birləşdirməyi
bacarmalı, komanda formalaşdırmalı, onları öz
arxasınca apara bilməlidir.
* Özünə və
tabeliyində olanlara yüksək tələbkarlıqla
yanaşmalı, tənqid və özünütənqidi
düzgün qarşılamalı, öz hüquqlarını
qorumağı bacarmalı, başqalarının
hüquqlarına hörmət etməlidir.
* Şəxsi
intizam və icra mədəniyyətinə malik
olmalıdır.
* Mətbuatı, o cümlədən
pedaqoji mətbuatı müntəzəm izləməli,
ümumi erudisiyaya, müasir dünyagörüşə və
intellektual səviyyəyə malik olmalıdır.
* Milli - mənəvi keyfiyyətlərə
malik olmalı və onu qiymətləndirməyi bacarmalıdır.
* Düşündüklərini
şifahi nitqdə və yazıda məntiqli, dəqiq və
düzgün ifadə etməyi bacarmalıdır.
* Təmkinli, ədalətli,
diqqətli və nəzakətli olmalı, işçilərlə
münasibətdə tolerantlığa, həssaslığa və
tələbkarlığa riayət etməlidir.
Təhsil
Nazirliyi bu tələbləri nəzərə alaraq, son illərdə
məktəb direktorlarının təyinatı ilə
bağlı yeni qaydalar tətbiq etmişdir. Belə ki, vakant məktəb
direktoru vəzifəsinə R(Ş)TŞ-lər
tərəfindən təqdim edilən namizədlərin ilkin
mərhələdə sənədləri
araşdırılır, təlimati sənədlərə
uyğunluğu müəyyənləşdirilir. Bu mərhələdən keçənlər
İKT üzrə treninqlərə cəlb edilirlər. Bu mərhələdən də uğurla keçənlər
idarəetmə və təhsil qanunvericiliyi üzrə imtahan
verirlər. Bütün mərhələlərdən
uğurla keçən namizədlər müsahibədən
sonra Təhsil Nazirliyinin rəsmi razılığı əsasında
R(Ş)TŞ-lər tərəfindən
direktor təyin edilirlər. Etiraf edim ki, belə
bir mexanizmin tətbiqi daha səriştəli və
bacarıqlı kadrların məktəblərə rəhbər
təyin edilməsinə zəmin yaratmışdır.
Eyni zamanda rəhbər vəzifələrə peşəkar ehtiyat kadrların hazırlanması da hamımızı daim düşündürməlidir. Hazırkı dövrdə təhsil menecerlərinin hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Düşünürük ki, ali məktəblərin magistratura pilləsində təhsilin idarəolunması sahəsində kadrların hazırlanması, hazırda işləyən kadrların bacarıqlarının artırılması sahəsində ciddi tədbirlərin görülməsinin vaxtı artıq çatmışdır.
Bütün bunlarla yanaşı, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
* İdarəetmə üzrə mütəxəssis hazırlığının konsepsiya və strategiyasının hazırlanması.
* Təhsil meneceri hazırlığı üzrə kurikulumun işlənməsi və seçilmiş pilot ali məktəblərdə eksperimentdən keçirilməsi.
* Səriştəli direktor müavinləri arasından ehtiyat kadrların formalaşdırılması sisteminin yaradılması.
* Perspektivli müəllimlərin idarəetmə təlimlərinə cəlb edilməklə direktor müavini vəzifəsinə irəli çəkilməsi.
* Məktəblərin fəaliyyətinin qiymətləndirilməsi və reytinq cədvəlinin tərtib olunması üzrə mexanizmlərin işlənməsi.
* Məktəb direktorlarının fəaliyyətinin qiymətləndirilməsi üçün peşə standartlarının işlənməsi, qiymətləndirmənin həyata keçirilməsi, peşəkar inkişaf üçün təkliflərin hazırlanması.
* Məktəb direktorları üçün idarəetmə mövzuları üzrə treninq proqram və materiallarının hazırlanması, treninqlərin təşkili və keçirilməsi.
* Məktəb direktorlarının əlavə təhsili üzrə müasir proqramların işlənməsi, akkreditasiyadan keçirilərək tətbiq edilməsi.
Azərbaycan Respublikası Prezidentinin 31 mart 2006-cı il tarixli 1399 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 28 iyun 2006-cı il tarixli 189 nömrəli qərarı ilə Təhsil Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Həmin qərarla Bakı şəhərində təhsili idarəetmənin təkmilləşdirilməsi məqsədilə rayon təhsil şöbələri ləğv edilmiş və Təhsil Nazirliyinin birbaşa tabeliyində vahid idarəetmə orqanı - Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılmışdır. İlkin təhlil göstərir ki, yeni qurumun yaradılması şəhər təhsilinə ayrılan büdcə vəsaitindən daha səmərəli istifadə etməyə şərait yaratmış, yeni qurum birbaşa Təhsil Nazirliyinin tabeliyində olduğuna görə təhsil müəssisələrinə əsassız müdaxilələr azalmış, çevik idarəetmə nəticəsində son illər ərzində Bakı şəhərinin ümumtəhsil məktəblərinin keyfiyyət göstəriciləri xeyli artmışdır. 2008-ci ildə ali məktəblərə qəbul faizi 2006-cı ildəki 34,79 faizdən 39,22 faizə, 300-dən çox bal toplayanlar 32,40 faizdən 40,12 faizə, əlaçı məzunlardan 500-700 bal toplayanlar 41,70 faizdən 72,0 faizə, 600-dən yuxarı bal toplayanların sayı isə 452-dən 702-yə yüksəlmişdir.
Hesab edirəm ki, bu müsbət təcrübə ölkənin digər şəhər və rayonlarına da şamil edilməli, təhsil sistemində vahid idarəetmə həyata keçirilməlidir. Onu da qeyd edim ki, "Təhsil haqqında" Qanunda təsbit edilmişdir: "Təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir".
Əhəmiyyətli
məsələlərdən biri də məktəbin kollegial
idarə edilməsidir. Dünya təcrübəsi göstərir ki, məktəblər
yalnız direktor tərəfindən deyil, şuralar tərəfindən
idarə olunur. Eyni zamanda, məktəbin direktoru şura
qarşısında hesabat verir, məktəbin büdcəsinin
idarə olunması da daxil olmaqla, bütün qərarlar
şuranın iştirakı ilə çıxarılır.
Bizim təcrübədə də bütün ümumi təhsil müəssisələrində Məktəb şuraları yaradılmışdır, hətta onun sənədləşmə işləri də qaydasındadır. Lakin Şuralar formal fəaliyyət göstərdiyinə görə məktəb direktorları təkbaşına qərarlar qəbul edir, avtoritar idarəetməyə üstünlük verir, qərarların qəbul edilməsində kollektivin rəylərini nəzərə almırlar. Qeyd edim ki, 2007-ci ildən başlayaraq Ucar, İsmayıllı rayonları və Şirvan şəhərində 59 pilot məktəbində məktəb şuralarının yeni normativ baza əsasında təşkili, şuraların tərkibinə ictimaiyyətin nümayəndələrinin cəlb edilməsi həmin məktəblərdə idarəetmənin səmərəli təşkilinə və daha uğurlu nəticələrin əldə edilməsinə gətirib çıxardı. Düşünürəm ki, bu təcrübənin ölkə səviyyəsində tətbiqi qarşımızda duran ən ciddi məsələlərdəndir.
Məktəb səviyyəsində idarəetmənin səmərəli təşkilində valideynlərin iştirakı vacib məsələlərdəndir. Son illərdə apardığımız islahatyönümlü tədbirlərdən biri də məktəbin fəaliyyətinin təşkili, idarə olunması prosesinə valideynlərin daha fəal cəlb olunmasıdır. Məqsədimiz müasir dünya təcrübəsinə əsasən idarəetmənin ictimai yönümünü gücləndirmək, bu sahədə demokratik prinsiplərin tətbiqinə nail olmaqdır. Bu məsələlərin həllində valideyn komitələri, məktəb-valideyn assosiasiyaları mühüm rol oynaya bilərlər. Son zamanlar Təhsil Nazirliyi belə qurumların yaradılması, onların səmərəli fəaliyyətinin təmin olunması üçün az iş görməyib. Belə ki, YUNİSEF-in yaxından dəstəyi ilə valideyn-müəllim assosiasiyası yaradılıb və hazırda bu birliyə daxil olan məktəblərin sayı artmaqdadır.
Bütün ümumtəhsil məktəblərində valideyn komitələri fəaliyyət göstərsə də, təəssüflə qeyd etməliyəm ki, hələlik "valideyn-məktəb", "valideyn-müəllim" münasibətləri müəssisənin inkişafından daha çox, fərdi qayğı və problemlərin həllinə yönəlmişdir. Halbuki ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və digər ölkələrdə valideyn birlikləri böyük nüfuza malik olmaqla, nəinki məktəblərin sosial-iqtisadi problemlərinin həllində, habelə təlimin məzmununun təkmilləşdirilməsində, pedaqoji kadrların tərkibinin yaxşılaşdırılmasında, məktəblərin idarəolunmasında fəal iştirak edir. Göründüyü kimi, ictimai qurumlarla, valideyn birlikləri ilə səmərəli fəaliyyət mexanizmlərinin tətbiqi məktəblərin fəaliyyətinin qiymətləndirilməsində əsas göstəricilərdən biri kimi qəbul edilməlidir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təhsil ictimai dəstəksiz inkişaf edə bilməz. Beynəlxalq təcrübədə ictimaiyyətin rəyi təhsilin keyfiyyəti barədə etibarlı qiymət kimi özünü büruzə verir. Eyni zamanda ictimaiyyət təhsil prosesinin təşkili və idarəolunmasında fəal iştirak edir. Bu iştirak təhsil müəssisələrinin maliyyələşməsindən tutmuş, ümumilikdə fəaliyyətin təşkili məsələlərini də əhatə edir. Ölkəmizdə son vaxtlaradək müəyyən səbəblərdən ictimaiyyətin təhsil prosesində iştirakı yalnız tənqidi rəylərin irəli sürülməsi, təhsildə neqativ hallar və problemlərin qabardılması, irəliləyişlərin və nailiyyətlərin arxa plana keçirilməsi üstünlük təşkil edirdi. Gələcəyimiz olan təhsilə dəstək, problemlərin həllində iştirak, obyektiv ictimai rəy formalaşdırmaq isə yaddan çıxırdı. Təqdirəlayiq haldır ki, son vaxtlar ictimai rəydə müsbət dəyişikliklər baş verməkdədir. Bunun əsas səbəblərindən biri təhsilin dövlətin siyasətində prioritet təşkil etməsidir. Digər səbəb isə ictimai qurumlarla, təşkilatlarla işin səmərəli təşkilidir. Bunlarla yanaşı, təhsilə ictimai dəstəyin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir:
* təhsilin əhəmiyyəti, ölkədə təhsilin prioritet rolu barədə məlumatların ictimaiyyətə çatdırılması;
* təhsil sahəsində atılan müsbət və uğurlu addımlar, müvafiq inkişaf proqramları, əldə edilən nailiyyətlər barədə ictimaiyyətə ətraflı məlumatın çatdırılması;
* digər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində həyata keçirilən tədbirlər barədə maarifləndirmə işinin aparılması;
* təhsil sahəsindəki mövcud problemlər barədə məlumatların verilməsi, həmin problemlərə həsr olunmuş diskussiyaların təşkili;
* yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq sisteminin yaradılması, ictimai rəyin formalaşdırılması prosesində onların imkanlarından istifadə;
* KİV-lərin, müasir informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə edilməsi;
* nazirliyin İnternet səhifəsinin mütəmadi olaraq yeniləşdirilməsi, informasiyaların digər dillərdə də təqdim edilməsi;
* yerlərdə media nümayəndələri və valideynlərin iştirakı ilə maarifləndirici seminarların təşkili;
* təhsil sahəsində görülmüş işlərə dair KİV nümayəndələri üçün maarifləndirici xarakter daşıyan kitabçanın hazırlanması;
* pedaqoji mətbuatın yalnız təhsil işçiləri üçün deyil, valideynlər və təhsilalanlar üçün maraqlı formalarda nəşrinin təmin edilməsi;
* KİV nümayəndələrini ölkəmizin müxtəlif bölgələrində təhsil sahəsi üzrə görülən işlər, yeni tikilmiş və müasir avadanlıqlarla təchiz edilmiş təhsil müəssisələri ilə yaxından tanış etmək məqsədilə həmin rayonlara səfərlərin təşkili;
* KİV-lə qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi;
* operativ
brifinqlərin, müxtəlif məsələlərə həsr
olunmuş mətbuat konfranslarının təşkili;
* təhsildən
yazan jurnalistlərlə müvafiq sahə üzrə
seminarların təşkili.
***
Hörmətli oxucular, təxminən
bir ildən çox müddətdə hər həftə Azərbaycan
təhsilinin dünəni, bu günü və gələcəyi
ilə bağlı məsələləri Sizin mühakimənizə
təqdim etdim. Bu yazılarda, demək olar ki, təhsilin elə
bir sahəsi olmadı ki, toxunulmasın. Problemlərimiz,
uğurlarımız və gələcək planlarımız
barədə səmimi fikirlərimizi təqdim etməklə,
hər bir rəyə də hörmətlə yanaşdıq.
Düşünürəm ki, davamlı olaraq verilən bu məqalələr
ictimaiyyətin təhsilə münasibətinin müsbət mənada
dəyişilməsinə də öz təsirini göstərdi.
Eyni zamanda ictimaiyyət bu gün ölkə təhsilinin
inkişaf mərhələləri, aparılan islahatlar və əldə
olunan uğurlar barədə daha geniş məlumatlar əldə
etdilər. İlk məqaləni hazırlayarkən,
düşünməzdim ki, bu iş belə davamlı olacaq.
Müşahidələr göstərir ki, təhsilimiz
haqqında gedən yazılara müraciət edənlər həddən
artıqdır və bu hal bizi sevindirməyə bilməz.
Oxucularla ünsiyyət imkanı yaratdığına
görə "525-ci qəzet"in rəhbərliyinə və
kollektivinə dərin minnətdarlığımı bildirirəm.
Hesab edirəm ki, ölkəmizin və xalqımızın həyatında
ən mühüm amil olan təhsil haqqında davamlı
yazılara öz səhifələrində yer ayırmaqla
"525-ci qəzet" də özünə yeni və daimi
oxucu auditoriyası qazandı, təhsilin inkişafına
özünəməxsus töhfələr verdi.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor
Azərbaycan
müəllimi.- 2010.- 13 avqust.- S.3.